Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 19-03-2014, 22:10

       

 

                         Zəngəzurda keçən “Novruz”

 

          ”Novruz” adı bütün Şərq aləmində bayram anlamında qavranılır. Bayram və yaxud Novruz adında kiminləsə rastlaşanda da adamda təbii təsəvvür yaranır ki, yeni tanışı mart ayında, “Novruz” bayramında doğulduğuna görə onlara belə adlar verilib. Novruz gecə ilə gündüzün bərabərləşdiyi, yazın başlandığı mart ayında keçirilir. Bu bayram hər iki Azərbaycanda, Əfqanıstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda və İranda yaşayan xalqların bayramı kimi həmişə coşqu ilə keçirilir.Təəssüf ki, min illərlə tarixi olan “Novruz” İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra bu ölkələrin xalqlarının adət-ənənələri, milli bayramları Ərəb xilafəti tərəfindən təqib edilməyə başlayıb. Din xadimləri, ayrı-ayrı təriqətlərin təmsilçiləri bu bayramı tarixi, milli köklərindən ayrı salmağa, ona dini, mövhümi don geyindirməyə çalışıblar. Bu təqiblər Sovet İmperiyası dövründə daha da kəskinləşib, hətta qadağalarla müşayiət olunub.

         Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün təqiblərə, qadağalara son qoyulub. Martın 20-si təqvimdə rəsmiləşərək dövlət səviyyəsində bayram edilir. Xalqımız bir həftə bayram edir, şənlənir. İranda, Əfqanıstanda isə martın 21-i bayramın ilk günü kimi təqvimə salınıb. Xatırlatmaq yerinə düşər ki, 2009-cu il sentyabrın 30-da “Novruz” YUNESKO tərəfindən qeyri-maddi irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sesiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.

           Bu yazıda məqsədim “Novruz” bayramının mənşəyini, yaranma tarixini, inkişaf tendensiyasını araşdırmaq deyil. Sadəcə 20 mart 1958-ci ildə doğulduğum İndi Ermənistan adlanan Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan Rayonunun Kirs və Kurud kəndlərində keçirilən “Novruz” bayramının özünəməxsus cəhətlərindən, şəxsən sınaqdan keçirdiyim inanc məqamlarının heyrətləndirici nüanslarından, uşaq yaddaşımda iz qoyan bəxtəvər günlərimizdən söhbət açmaq istəyirəm.

            Bəribaşdan deyim ki, kəndlərimiz Sovetlər dönəmində qayğıdan kənarda qaldığı kimi siyasi hakimiyyətin diqqətindən də kənarda idi. Elə ona görə də yerli əhali “Novruz” bayramını bütün dövrlərdə olduğu kimi, çox təmtəraqla, ürəkləri istəyən qaydada keçirirdilər.

         Uzun müddət ilaxır çərşənbəyə hazırlıq görülürdü. Ərgənlər bayramın gəlişini xüsusi canfəşanlıqla gözləyirdilər. 10-17 yaş arasında olan oğlan uşaqları Pirgüneyi, Alçalı,  Acıalmadərəsi, Pəhləvandərəsi, Çırçır, Rəcəbbağı, Qurudərə, Suludərə adlanan güneylərdən gəvən kolları eşib gətirirdilər. Gəvən kolunun kökünü qazıb çıxarandan sonra 20-30 dənəsini məftilə düzüb o baş- bu başın bəndləyər, təpədən üzü kəndə yomalayardılar. Bu ərəfədə sözün əsl mənasında gəvən yığımı yarışması gedirdi. Çünki bayram tonqalları yalnız gəvən kollarından çatılardı. Uşaqlardan hansı  çox gəvən yığardısa, onun tonqalı daha gur olardı, kəndin hər yerindən görünərdi. Evində oğlan uşağı olmayanların, qocaların, tənha yaşayan qadınların qapısında yaxın qonşuların, qohumların uşaqları tonqal qalayardı. Bir sözlə hər qapıda ayrıca tonqal catılardı. Bir böyük tonqal isə Kəndin mərkəzində, kişilərin, ağsaqqalların toplaşdığı yerdə yandırılardı. Sönənə qədər tonqalın ətrafından ayaq çəkilməzdi. Tonqal başına gələn hər kəs alovun üstündən üç dəfə tullanandan sonra camaata qarışardı.

            Oğlan uşaqları həm də bayramqabağı döyüşdürmək üçün yumurta tədarük edirdilər. Yumurta uduzmamaq üçün hərə bir fənd işlədərdi. Kimisi, güneybasarda otlayan, daşlı -kəsəkli ərazidə eşələnən toyuğun yumurtasına üstünlük verər, kimisi dişinə döyməklə seçər, kimisi də bərkisin deyə yumurtanı bayrama qırx gün qalmış sement kisəsinə qoyardı.  Gələcəkdə memar olacaq doqquzyaşlı Yavər Əhmədovun original variantı isə yaddaşlarda gülüşdolu iz qoyub: 1969-cu ilin “ Novruz”unu qarşılamağa hazırlaşan Yavər xəlvətcə özünə taxtadan yumurta düzəldirmiş.  Üçyaşlı  qardaşı Ələmdar  kəndin mərkəzinə- yumurta döyüşünə yığışanların yanına gələrək: “ Yavər lələm taxtadan yumurta düzəldib, hamınızın yumurtasını əzəcək”- demişdir.

           Demək olar ki, kənd əhlinin hərəsi özünə, yaşına uyğun bayram hazırlığı görərdi. Kişilər evə, süfrəyə  lazım olan şeyləri, uşaqlara isə imkan daxilində təzə paltar alardı. Qadınlar  yorğan-döşək yükünü, xalça-palazı günəvar yerlərə sərib havasını dəyişər, evdə yır-yığış aparıb səliqə-səhman yaradar, süfrəni çeşidli nemətlərlə bəzəyərdi. O yerlərdə Bakı ətrafındakı kimi evlərə, qapılara papaq atmazdılar. Ayağı yer tutan bütün uşaqlar, dəstə-dəstə bölüşər, oğlanlı-qızlı, kəndin ayağından düşüb başına qədər evlərin hamısına gedər, hər evə baş çəkib- “Bayramınız mübarək!” deyərdi. Ev sahibləri də öz növbəsində “Siznən belə”-deyə cavab verər, uşaqları  içəri çağırıb öpər, çantalarına şirinlik, mer-meyvə  qoyardılar. Oğlanlar üçün ən urvatlı bayram şirinliyi yumurta sayılardı. Qapı-qapı gəzən uşaqların nənələri çalışardılar ki, nəvəsinin çantası hamınınkından yaraşıqlı olsun, bəzəyi, naxışı ilə  başqalarından seçilsin. 

            “Novruz” boxcasına hərə öz töhfəsini verməyə çalışardı. Nişanlı qızlar öz nişanlılarına, evində oğlan uşağı olanlar isə dədə-baba kirvələrinə naxışlı corab toxuyar, əyirdək, fəsəli bişirər, bir sözlə, bayram sovqatını zənginləşdirmək üçün minbir həvəslə çalışardlar. Buğda qovurğasının tamına təzə dad qatmaq üçün nənəm saca yağ atar, buğdanı yağda  qovurduqdan sonra üstünə bir az da şərbət töküb götürərdi ki, qovurğa həm şirin, həm də yumşaq olsun.       

Bütün evlərdə bayram aşı bişərdi. Hamının evində tədarük olunduğu bilinsə belə, qonşular bir –birinə gündüzdən bayram payı aparardı ki, axşam hərə öz evində olsun, niyyətə gələnin, qapını döyənin qabağına çıxsın. Belə bir inanc da vardı ki, bir son çərşənbəni öz evində olmayan kəs 7 il bayramı qürbətdə keçirər. Ona görə də hamı imkan daxilində “Novruz”u öz evində qarşılamağa çalışardı.

           Ərgən oğlanlar, subay qızlar, yeniyetmələr bayram axşamını xüsusi qaynarlıqla, özgə bir əhvalla gözləyərdilər. Oğlanlar klubda, kitabxanada, məktəbin sinif otaqlarında yer tutar, qızlar isə müxtəlif qruplara bölünərək  münasib evlər tapar,  oranı silib, süpürüb təmizləyər, bir az da pul toplayıb özlərinə ayrıca süfrə açardılar. Bütün hazırlıqlar görülüb başa çatdıqdan sonra hamı çobanların gəlməsini, qoyun sürüsünün örüşdən qayıtmasını gözləyərdi. Axşamüstü çoban sürünü kəndə buraxanda tonqallara od vurular, hər tonqalın yanında silahlardan havaya dalbadal atəşlər açılar, bununla da bayram mərasiminin başlanmasına  rəsmi start verilərdi. Amma o vaxta qədərin də öz əyləncələri vardı. Cavanlar at çapar, güləşər, uşaqları güləşdirər, uzununa, hündürlüyə tullanmaq yarışı keçirər, ağırlıq qaldırar, Dirədöymə, Molla-molla, Mətə-mətə, Çilik-ağac oynayar, bəzən də elliklə Yallı tutardılar. Küsülüləri barışdirmağın iki çəmi vardı. Ya dostlar, qohum-qonşular  onları bir süfrə arxasına gətirib barışdırar, ya da Yallı oyununda elə sıxışdırardılar ki, küsülülərin əl-ələ tutub Yallı getməkdən özgə yolları qalmazdı. Eləki əl-ələ tutdular onda barışmış hesab olunardılar.       

           Gündüzdən çantalarını çiyinlərinə salıb axşamı gözləyən balacalar atəşfəşanlıq başlayan kimi evləri gəzərdilər. Əgər hansı uşaqsa  bayram günü kənd evlərinin birinə  gəlməyibsə,  bayram səhəri həmin evin sahibi uşağın onlara gəlməməsinin səbəbini öyrənər və səbəbdən asılı olmayaraq uşağın bayram payını özünə çatdırardı. Niyyət axşamı hər kəs ürəyində bir arzu tutub qulaq falına çıxar, eşitdiyi ilk sözdən istəyinin hasil olub olmayacağına yozum verərdi.

            Haşiyə: Səkkiz il idi ki, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmaq arzuma çata bilmirdim. 1984-cü ilin yazında- Niyyət axşamı növbəti qəbulda bəxtimi sınamaq üçün niyyətə getdim. Tutu mamam bacısı qızı Qəndaba, 4 kilo şirinlik almışam, bəs edəcəkmi,- deyə sual verdi.- Bacısı qızı da suala sualla cavab verdi:-Uşaq belə çox gəlsə, hardan bəs edər? Həmin il qəbul imtahanlarının dördünü də müvəffəqiyyətlə verdim, ancaq abituriyent çox olduğundan konkursdan keçə bilmədim. Növbəti Çərşənbədə yenə eyni niyyətlə eyni qapıya üz tutdum. Bu dəfə Tutu mamam bayramlığa gələn uşağı  içəri çağırdı: “Gəl a bala,  içəri gəl, bircə almam qalıb, o da sənin qismətindir”. Əmin oldum ki, o bircə alma mənim tələbə biletimdir. Elə də oldu. Həmin il Universitetə girdim. Beləliklə min illərin sınağından çıxmış bu inancın nə qədər doğruluğuna bir daha şəxsi həyatımda şahid oldum.

            Qızlar qaş qaralanda ya cüt-cüt, ya da qrup halında niyyətə gedər, tonqallar öləziyincə niyyətlərini yoza-yoza məkanlarına qayıdar, qara damın bacasından küf asıb yellənər, yellənə-yellənə şərqi deyərdilər. Gediş-gəliş seyrələndən, əl-ayaq çəkiləndən sonra cüncülüm dəsgahı    başlardı: Mis qaba tökülən bulaq suyunu bir gözü bağlının qabağına qoyar, ürəyində arzu tutan qızların hərəsi həmin qaba düymə, sancaq, daraq, qəpik və yaxud  suda əriməyən digər bir əşya atardı.

 Sonra növbə ilə hərə bir cüncülüm nəğməsi oxuyardı:

                         Cüncülüm olacaqdır,

                  Çöllərə dolacaqdır.

                  Darıxma, dəli könlüm,

                  Dediyin olacaqdır.

 

                  Ağ at gəlir enişdən,

                  Sinəbəndi gümüşdən.

                  Sənə də qismət olsun

                  Tərkimdəki yemişdən.

 

                  Hop-hopun olsun qardaş,

                  Gül topun olsun qardaş.

                  Tut ağacı dibində

                  Toyun vurulsun qardaş!

Hər bənd oxunduqca gözübağlı qız uşağı mis qabdakı sudan bir əşya çıxarar, oxunan nəğmə həmin əşya sahibinin niyyətinə yozulardı. Cüncülümün digər forması iynə-sapla həyata keçirilərdi: “Biri oğlana, biri də onun sevdiyi qıza ad edilən iki iynəyə pambıq dolayıb yenə həmin mis qabdakı suya salardılar. Əgər iynələr bir-birinə tərəf üzüb qovuşarlarsa, deməli  cüncülüm gənclərin də qovuşacaqlarından xəbər verir. İynənin biri digərindən qaçarsa, deməkki bu sevda başa varmaz”. Daha bir niyyət hansı qızın neçə yaşda ərə gedəcəyini öyrənməyə görə edilərdi. Bunun üçün həmin qızın üzüyünə sap bağlayar, cüncülüm suyu üzərində bir dəfə yellədib dayanardılar. Üzük  neçə dəfə o yan-bu yana keçərdisə, deməli niyyət edənin nikah yaşı o qədər olacaqdı.

             Kişilər bayram törənini öz aralarından xan seçməklə keçirərdilər. Seçilmiş xanı bəzəyib taxta çıxrar, xan isə kəndi istədiyi kimi idarə edərdi. Kənd camaatı xanın bütün əmrlərini sözsüz yerinə yetirər, verdiyi cəzanı çəkərdilər.  Beləcə bayram səhərini açıq gözlə açardılar. İşıqlanar- içıqlanmaz hamı su üstünə qaçar, ağırlığı-uğurluğu su üstündən adlamaqla tökərdilər. Analar çalışardılar ki, bulaq başına hamıdan tez çatıb üstünə ağırlıq tökülməmiş sudan evdəki  balacalar üçün də gətirsinlər.

 Novruz Bayramı öz gəlişilə evlərə sevinc, süfrələrə bərəkət, təbiətə dirilik, yaraşıq, gözəllik gətirir. Bayramınız mübarək!

Tamxil Ziyəddinoğlu

 

 "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru,

"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədr müavini



Paylaş



Bölmə: Zəngəzur / Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!