Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
28-03-2024, 09:21
"UNUTSAQ, UNUDULARIQ!.."


"UNUTSAQ, UNUDULARIQ!.."


Əziz və dəyərli dostlar...
Atam - Mədəd Çobanov haqqında "UNUTSAQ, UNUDULARIQ!.." adlı daha bir kitab işıqüzü gördü...
Kitabın araya-ərsəyə gəlməsində böyük əməyi və zəhməti olan hər kəsə, xüsusilə də kitabın tərtibçisi - dəyərli ziyalımız, tanınmış jurnalist, "Dostluq məşəli" qəzetinin baş redaktoru Fərman Borçaliya və kitabda çap olunmuş çoxsaylı və olduqca dəyərli elmi və elmi-publisistik məqalələrin, xatirələrin, esselərin, şeirlərin müəlliflərinə, dəyərli alimlərimizə, ustad müəllimlərimizə, təcrübəli diplomatlarımıza, istedadlı şair və yazıçılarımıza, tanınmış ictimai xadimlərimizə, bir sözlə, bütün qədirbilən və Mədədsevər insanlara, öz adımdan, ailəmiz adından, eləcə də bütün Mədədsevərlər adından öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirik.
Onu da nəzərinizə çatdırırıq ki, atam haqqında yazılanlardan ibarət daha iki kitab nəşr prosesindədir.
Odur ki, kimsə bu kitabda öz məqalə və ya şeirlərini görməsə, çox xahiş edirik ki, heç kəs narahat olmasın. Yazılanların bütün hamısı bizim üçün dəyərli və qiymətlidir.
Növbəti kitablarda həmin şeirlər və məqalələr də mütləq çap olunacaq.
Bir daha hamınıza təşəkkür edir, sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, eləcə də, elmi-pedaqoji, ədəbi-bədii və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!..
Var olun!..
Hörmətlə: Müşfiq Borçalı
12-02-2024, 20:57
BEŞ AVARA TOYDANSA...


BEŞ AVARA TOYDANSA...

Sizə xəbər verəcəm Borçalı mahalının, Başkeçid rayonunun Yaqublu kəndindən. Yaqublu kəndində kimdən – “zakupşik” Quludan. Qulu kişi kənddə sayılıb seçilən, arxasıza arxa duran, yetimə sahib çıxan, həm də saz-söz vurğunu olan bir kişi olur. Mal alıb-satmaqla məşğul olduğuna görə ona “zakupşik” Qulu deyərmişlər, yəni alverçi Qulu. Vaxt olur Qulu kişi qocalıb ölüm yatağına düşür. Kişi son nəfəsində oğlu İsmayılı yanına çağırıb, bir vəsiyyət edir. Görək nə vəsiyyət edir, tərəfindən ərz edək qulluğunuza. Xoşbəxt olun.

Bir az yaxına gəl, İsmayıl, oğlum,
Taleyim göndərir güzara məni.
Ömür yollarımı qanlı sel alır,
Ajalsız öldürür bu yara məni.

Gərək bundan belə torpaqda yatam,
Çoxdu bu səfərə karvanlar çatan.
Bir daha görünməz arxanda atan,
Dünyada yüz axtar, yüz ara məni.

Qulu ki, görmədi dostu gözünən,
Getdi qiyamətə yanar közünən.
“Yanıq Kərəmi”ynən, telli sazınan,
Saraçlı götürsün məzara məni!


Qulu kişi sözünü tamamladıqdan sonra haqq dünyasına qovuşur. İsmayıl isə atasının vəsiyyətini yerinə yetirmək üçün gejə ilə Saraçlı kəndinə gəlir və taqqırbaz Aşıq Hüseyn Saraçlının qapısını döyür. Aşıq Hüseyn qapını açır ay bala, buyurun, gejənin bu vaxtında xeyir olsun. İsmayıl isə özünü təqdim edərək deyir, – ay ustad, qadan alım, mən Yaqublu kəndindən Qulu kişinin oğluyam. Atam rəhmətə gedib, bizə çox böyük əməyi keçib. Vəsiyyət elədi ki, mənə ehsan-zad lazım deyil, Aşıq Hüseyn Saraçlının sazı mənə bəsdi. Ay ustad, bu dünyalığını verəjəm atamın vəsiyyətidi, nə olur olsun sabah gəl dəfnində bir "Yanıq Kərəm"i çal, – deyib, bir paçka pulu Aşıq Hüseynin cibinə basır. Aşıq Hüseyn Saraçlı isə öz-özünə fikirləşir ki, ayə, mən ömrümdə cənazə üstündə saz çalmamışam. Mən nətər eliyəjəm, bu, gejə yarı cibimə bir paçka pul basdı. Aşıq fikrindən keçirdi ki, yəqin bu dəmdi, içib keflənib, bir havaya bu qədər pul verməkmi olar?!
Nəysə, onlar bir az söhbət edəndən sonra aşıq görür ki, yox bu, ayıxdı.
İsmayıl ağlaya-ağlaya deyir:
– Ustad, ağrın ürəyimə gəlsin, yaman yaralı yerimdi, mən atamı çox istəyirdim. Sabah mütləq gəl, atamın vəsiyyəti yerinə yetsin.
Aşıq Hüseyn Saraçlı deyir:
– Yaxşı ay oğul, Allah atana rəhmət eləsin, narahat olma, savax işıqlaşmamışdan oradayam.
Səhər tezdən Aşıq Hüseyn Yaqublu kəndinə gəlir və görür ki, doğrudan da yas yeridi. Allah rəhmət eləsin dedikdən sonra Aşıq Hüseyn Saraçlı sazı götürüb "Yanıq Kərəm" havasında nə oxuyur, tərəfindən ərz edək qulluğunuza. Allah hər kəsi arzusuna çatdırsın.

Arzunu yerinə yetirdim, Qulu,
Qəmlərə bağladım eşqi, avazı.
Yayın istisində o zalım fələk,
Tutdu qar-borana çiçəkli yazı.

Kədərdən inlədi sazımın simi,
Ömür sarayımın söküldü himi.
Sinəmin üstündə ölənə kimi,
Ürəkdən çalaram sən deyən sazı.

İşıqlı dünyada neçə ki varam,
Yadıma düşdükcə göynəyər yaram.
Axirət günədək mən unutmaram,
Qəlbi yaralını, sinə çarpazı.

Söz tamam olur Qulu kişini ədəb ərkanla, dəm dəstgahla dəfn edirlər. Aşıq Hüseyn kəndə qayıdanda, İsmayıl yenə onun cibinə əvvəlkindən də iri bir paçka pul qoyub yola salırl. Aşıq Hüseyn Saraçlı kəndə çatan kimi, cənazənin üstündə saz çaldığını eşidən dost-tanışları soruşur ki, Aşıq Hüseyn işin nətəri oldu? Aşıq Hüseyn cavab verir ki, nətəri olasıdı, beş dənə avara toydan, ildə bir belə qeyrətli yas yaxşıdı.

Əhvalatı Hüseyn Saraçlının sonbeşik şəyirdi, ustad aşıq-sazbənd Kövrək Muradın dilindən yazıya aldı:
Rəşad Əliyev Saraçlı.

21.04.2023
20-01-2024, 16:39
BİR ŞEİRİN TARİXÇƏSİ


BİR ŞEİRİN TARİXÇƏSİ

1967-ci ildə Aşıq Hüseyn Saraçlı Ağbaba mahalına səfər edir. Ustad Təpəköy kəndində konsert verərkən bir nəfər cavan oğlan ayağa durub, aşığa üz tutur:
- Ustad, olarmı sizə bir sual verim?
Aşıq Hüseyn Saraçlı:
- Buyur!
- Ustad, niyə bığınız qaradı, saçınız ağ.
Aşıq Hüseyn Saraçlı bığlarını eşib soruşur:
- Bala evlisənmi?
Oğlan:
Bəli, ustad ailəliyəm, iki uşağım var.
Aşıq Hüseyn Saraçlı:
- Onda de görüm, uşaq anadan olanda başında saç olurmu?
Oğlan:
- Bəli, ustad, olur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs bığı olurmu?
Oğlan:
- Xeyr, ustad, olmur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs neçə ildən sonra, insana bığ gəlir ?
Oğlan:
- Ustad, şübhəsiz ki, 18 ildən sonra.
Aşıq Hüseyn Saraçlı:
- Deməli, bığım saçımdan cavandı. Ona görə qaradır,18 ildən sonra da bığlarım ağaracaq.
Beləliklə, Hüseyn Saraçlı orada ikən “Bığlarım” şeirini qoşur.

Baş da, saç da bizə irsi-mirasdı,
Öz gücünü başdan alır bığlarım.
Başım kimi qeylü-qala düşməyib,
Ona görə cavan qalıb bığlarım.

Ərşi-gürşü, yeri-göyü baş bilər,
Bu dünyada hər bir şeyi baş bilər.
Qoca aşıq bığı saçdan baş bilər,
Çox bığsıza bir dərd olub bığlarım.

Dedilər ki, bel büküldü, ay haray,
Ay Saraçlı, diş töküldü, ay haray.
Elə bildim düşmən güldü, ay haray,
Sən deməynən, bir tük salıb bığlarım.

Alıntı Aşıq Nurəddin Qasımlının 2001-ci ildə lentə alınmış söyləməsindəndir.

Hazırladı: Rəşad SARAÇLI
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
3-06-2023, 08:58
ÇOBANOV MƏDƏD NAMAZ oğlu  haqqa qovuşdu


ÇOBANOV MƏDƏD NAMAZ OĞLU HAQQA QOVUŞDU

Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 2023-cü il iyunun 3-də 86 yaşında dünyasını dəyişmişdir.
1937-ci ildə Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin dillər kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.
Onlarla alimin yetişməsində böyük əməyi olub.
Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçiləri olub.
60-dan çox elmi kitabın müəllifidir.
Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.
Türkiyə Dil Kurumunun üzvü seçilib.
Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin
Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.
1997-ci, 2007-ci və 2017-ci illərdə alimin 60, 70 və 80 illik yubileyləri təntənəli surətdə qeyd olunub. Haqqında kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.
"Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub.
Mədəd Çobanov həm də gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdüb-boya başa çatdırıb.Hamısı da ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir. 9 nəvəsi, 15 nəticəsi var.
Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!
Dostumuz Müşfiq Borçalıya, mərhumun bütün dostlarına, doğmalarına, əzizlərinə kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk.
"Bütöv Azərbaycan" qəzetinin kollektivi adından:Təsisçi və baş redaktor Tamxil Ziyəddinoğlu
6-05-2022, 08:09
Elimizin baçucalığı, üzağlığı

Elimizin baçucalığı, üzağlığı
Mayın 5-də ziyalımız, əsl insan Eldar Hüseynqulu oğlu Məmmədovun doğum günüdü. Mirvarid Dilbazi Məclisi adından ürəkdən təbrik edirik. Can sağlığı, yaradıcılıq uğurları diləyirik. Ədəb- ərkan, mərifət sahibi, elm adamı, elimizin baçucalığı, üzağlığı fəxrimiz Eldar müəllimə Dədə Ələsgər, Dünyamalı Kərəm, Şirəli baba ömrü arzulayırıq.
Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu il may ayının 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 – 1965-ci illərdə orta məktəbi bitirmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) qəbul olmuş, 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, bölmə və şöbə müdiri vəzifəsində işləmişdir. 1987-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün “Pedaqoji kadrların hazırlanmasının, planlaşdırılmasının və istifadəsinin təkmilləşdirilməsi məsələləri” mövzusunda dissertasiya müdafiə etmişdir. Eldar Məmmədov “2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” iki cildliyinin (Bakı 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin Kompleks Proqramı (regional bölmə)” (Moskva 1989) və s. Dövlət əhəmiyyətli fundamental elmi-tədqiqatların müəlliflərindən biri olmuşdur. Eldar Məmmədov Bakı, Moskva, Kiyev, Minsk, Alma-Ata, Tbilisi, Yerevan, Riqa şəhərlərində keçirilən simpozium və konfranslarda elmi mə’ruzələrlə çıxış etmişdir. Azərbaycan, rus, ingilis və erməni dillərində 80 elmi əsərin (o cümlədən bir kitab) müəllifidir.O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir.
ALİM XALQIN SƏSİ, ƏSRİN SƏSİDİR
İstedad, qabiliyyət çox adamda ola bilər. Amma istedadın, qabiliyyətin üzə çıxması üçün lazım olan şərtlərdən biri və birincisi mühitdir. Bizim hörmətli Eldar əmioğlu da həmin əlverişli mühitdə formalaşmış, püxtələşmiş, savadlı, səviyyəli bir ziyalıdır.
Haqqında söz açdığım şəxs 1949-cu ilin may ayının 5-də Borçalı mahalının ağır ellərindən Faxralı kəndində müəllim ailəsində anadan olan istedadlı iqtisadçı alim Eldar Hüseynqulu oğlu Məmmədovdur.O, 1955-ci ildə Faxralı orta məktəbinin 1-ci sinfinə gedib. 1962-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və təhsilini Bakı şəhərinin 208 saylı məktəbində davam etdirib. 1965-ci il­də ekstern yolu ilə Bakı şəhərinin 190 saylı məktəbini bitirib. Hə­min il M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İns­ti­tutuna daxil olub. 1966-cı ildə D.Bünyadzadə adına Azər­bay­can Xalq Təsərrüfatı İnstitutu təşkil edildikdən sonra II kursdan təhsilini həmin institutda davam etdirib və 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirib. İnstitutda oxuduğu dövrdə Xalq Təsər­rüfatının planlaşdırılması fakültəsinin tələbə elmi cəmiyyətinin sədri olub.
İnstitutu bitirdikdən sonra təyinatla Azərbaycan SSR DPK nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (ETTİ) işə gön­dərilib. 1991-ci ilin oktyabr ayına kimi həmin institutda ki­çik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, sektor və şöbə müdiri vəzifələrində işləyib.
1971-1972-ci illərdə ETİİ-nin Komsomol komitəsinin katibi olub. İnstitutda işlədiyi müddətdə İnstitutun “Ən yaxşı gənc elmi işçisi” adı uğrunda müsabiqədə 1979-cu ildə I yeri, 1980-ci ildə II-ci yeri tutduğuna görə mükafatlandırılıb və həmin illər Azərbaycan LKGİ-nin Oktyabr RK-nin Fərmanları ilə, 1981-ci ildə isə məhsuldar elmi-tətdiqat fəaliyyətinə və ictimai həyatda aktiv iştirak etməsinə görə Azərbaycan LKGİ-nin MK-nin Fəxri fərmanı ilə təltif edilmişdir.
1987-ci ildə “Pedaqoji kadrların hazırlanmasının planlaş­dı­rıl­masının və istifadəsinin təkmilləşdirilməsi məsələləri” möv­zusunda dissertasiya müdafiə edərək Azərbaycan SSR EA İq­ti­sa­diyyat İnstitutu Elmi Şurasının 22 aprel 1987-ci il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görül­müşdür. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komisiyasının 1991-ci il 2 oktyabr tarixli qərarı ilə ona “Əməyin iqtisadiyyatı və elmi təşkili” ixtisası üzrə baş elmi işçi elmi dərəcəsi verilmişdir.
1991-ci ilin oktyabr ayından 1993-cü ilin mart ayına kimi Azərbaycan Həmkarlar İttifaqının Mərkəzi Şurasında məsul vəzifədə çalışmışdır.
1993-1997-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, hal-hazırda isə həmin nazirlikdə şöbə müdirinin müavini vəzifəsində işləyir. Nazirlikdə işlədiyi müddətdə Res­publika NK tərəfindən təsdiq edilmiş 30-dan artıq dövlət əhə­miyyətli proqram, qərar və digər normativ səndələrin lahiyə­lərini hazırlamışdır.
Gəlin görək Eldar müəllimi savadlı, səviyyəli, ziyalı kimi yetişdirən o mühit hansı mühit idi: Eldar müəllimə ziyalılıq atasından gəlib. Atası Hüseynqulu müəllim uzun müddət Faxralı orta məktəbinin direktoru və Bakı şəhərinə köçdükdən sonra 1963–1980-ci illərdə Azərbaycan SSR Maarif Nazirli­yi­nin aparatında məsul vəzifədə işləyib. O, gözəl ziyalı, qorqud­şünas alim idi. Allah rəhmət eləsin! Qorqud Ataya həsr olunmuş bir neçə sanballı kitabın müəllifidir.
Eldar müəllim nəinki iqtisadiyyatı, elə ədəbiyyatı da gözəl bilir, mədəniyyətimizi də, folklorumuzu da, tariximizi də. Həm də sazımızın-sözümüzün vurğunudur. Ona ədəbiyyatımıza, folklorumuza məhəbbətin ulu nənəsi, el içərisində sözü mə­qamında deməyi bacaran, sinəsi sözlə dolu, dili bayatılı Səkinə xanım Alməmmədlidən və onun qızı, hamımızın nənəsi ağzı xeyir-dualı Yetər nənədən keçdiyini desək, yanılmarıq.
Onu da qeyd etməyi özümə borc bilirəm ki, Eldar müəllimin ədəbiyyatımıza, folklorumuza, tariximizə məhəbbəti bir də ondan irəli gəlir ki, o, gözəl ziyalı – alim Hüseynqulu müəl­limin, əmisi – şair Əli Səngərlinin və böyük qardaşı Respub­li­kanın Əməkdar Mədəniyyət işçisi, folklorşünas alim, sazımızın-sözümüzün keşiyində kişi kimi dayanan Elxan Məmmədlinin əhatəsində böyüyüb.
Eldar Məmmədovun bir iqtisadçı alim kimi fəaliyyəti barədə qeydlərimi axıra saxlamağıma səbəb bu yöndə sadalaya bilə­cəklərimin kifayət qədər geniş olmasıdır. Bu sırada ən əvvəl qeyd etmək istərdim ki, E.Məmmədov külli miqdarda (Azər­baycan, türk, rus, ingilis, erməni dillərində nəşr olunmuş 120-dən çox) elmi əsərlərin, hesabatların, məqalələrin müəllifidir. O, ETİİ-də işlədiyi dövrdə “2000-ci ilə qədər Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemin iki cildliyinin, “Azərbaycan SSR-in məhsuldar qüvvələrinin yerləşdirilməsinin inkişafının müasir vəziyyətinin təhlili (1971-1985)” (Bakı,1982), ”Azərbaycan SSR-in məhsuldar qüv­və­lə­rinin yerləşdirilməsi və prespektiv inkişafının əsas istiqa­mətləri və sosial-iqtisadi şəraitin kompleks qiymətləndirilməsi” (Bakı, 1982), ”1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin kompleks Proqramı” (Moskva, 1983) və “1991-2010-cu illərdə SSRİ-də elmi-texniki tərəqqinin kompleks Proqramı (Regional bölmə)” (Moskva, 1989) dövlət əhəmiy­yətli fundamental elmi tədqiqatların müəlliflərindən biri olmuş­dur. Doğrudur, alim üçün öz elmi əsərlərinin başqası tərə­findən əhəmiyyətinə görə birinci və ikinci dərəcəliyə bölün­məsi xoşagələn deyildir. Amma mən bu cəsarət tələb edən ad­dımı atıram, ona görə ki, əmioğlum tərəfindən nəhayətdə bağışlanacağımı qabaqcadan bilirəm. Üstəgəl, bu əsərlərin siyahısı bir kitab məqaləsinə sığışan deyildir. Bundan başqa, mən iqtisadçı alim deyiləm. Ən nəhayət, belə bir bölgünü tarix özü aparmışdır. Belə ki, ictimai-siyasi, sosial-iqtisadi forma­siya dəyişmiş, Sovet İttifaqı süqut edəndən sonra yeni iqtisadi münasibətlər yaranamışdır. Böyük könül sultanı M.Şəhriyar şerlərinin birində deyir:

Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçalı sərkərdəsidir.
Hökümüylə ordular ayağa qalxar,
Şerin nəhrində daşlar da axar.


Alimlər də şairlər kimidir. Elm və milli maraqlar naminə gecə-gündüz düşünür, yazıb-yaradır. Alim də xalqın səsi, əsrin səsidir. E.Məmmədovun yazılarına, çıxışlarına nəzər salanda adamın gözləri qaralır. Bütün bunlar xalqa, millətə, dövlətə, döv­lətçiliyə sədaqətlə xidmətin bariz nümunəsi, canlı göstə­ri­cisidir. Bir şeyi də qeyd etmək istəyirəm ki, Eldar Məmmədov elmi fəaliyyətlə məşğul olduğu və dövlət qulluğunda çalışdığı müddət ərzində Bakı, Ankara, Moskva, Minsk, Almata, Tbilisi, İrəvan, Riqa, Kiyev, Saratov, İtalyanın Turin, Almaniyanın Berlin və Şervin, Bolqarıstanın Borobes, Qırğızıstanın Çolpa-Ata, Kiprin Nikosya şəhərlərində 50-dən artıq Beynəlxalq elmi simpozium, konqres, konfrans və seminarlarda iştirak edərək mə­ruzə ilə çıxış etmişdir. Ona görə də Eldar Məmmədovun el­mi əsərləri sırasında indiki iqtisadi, sosial münasibətlər kon­tekstində də cazibədarlığın və əhəmiyyətini itirməyən az bir his­səsinin, eləcə də müstəqillik dövründə yazılanların altını cızmaq istəyirəm.
E.H.Məmmədovun iştirak etdiyi və məruzə ilə çıxış etdiyi konqres, simpozium, konfrans və seminarların göründüyü kimi, siyahısı böyükdür. Bu sıradan bəzilərini sadalayıram:
“Elmi-tətdiqatların və işlərin planlaşdırılması və idarə edil­məsi problemləri üzrə IV Ümumittifaq simpoziumu.” Moskva-Zveniqorod, 27-28 noyabr, 1977-ci il.“Xalq təhsilinin aktual sosial-iqtisadi problemləri” Ümum­ittifaq konfransı. Moskva,14-16 noyabr 1979-cu il.

“Qazaxıstan SSR-in regional inkişafı” respublika konfransı. Alma-Ata, 22-28 noyabr 1989-cu il.
“Qafqaz: tarix, müasirlik və geosiasi prespektivlər” Bey­nəlxalq konfransı, Bakı, 15 aprel, 1998-ci il.
“Əməyin mühafizəsi üzrə Beynəlxalq Konqres.” Moskva, mart 1997-ci il.
“Uluslararası İş Sağlığı və Güvənliyi Simpoziumu”. Ankara şəh., 5 may 2000-ci il.
“Əmək müfəttişliyinin funksiyasının inteqrasiyalaşdırıl­ması, təlimin effektivliyi” beynəlxalq konfransı. Bolqarıstan, Boro­vets şəhəri, 21-23 sentyabr 2003-cü il.
“Əməyin təhlükəsizliyi və mühafizəsi-2004” Beynəlxalq Konqresi. Moskva 3-4 noyabr 2004-cü il.
IV Uluslararası İş Sağlığı və Güvənliyi Bölgesel Konfrans. Ankara şəh., 15-17 noyabr 2005-ci il.
“Qarşılıqlı maraq doğuran sosial problemlərin həlli yönündə MDB iştirakçı dövlətlərinin əlaqələrinin aktivləşdirilməsi” elmi-texniki konfransı. Qırğızıstan Respublikası, Çolpon-Ata şəhəri 5-7 iyun 2008-ci il.
Beynəlxalq Əmək Təşkilatının “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində istehsalat zədəsindən sosial təminat sistem­ləri: islahatlar üçün meyllər, məsələlər və strategiyalar” mövzusunda üçtərəfli seminarı. İtaliya, Turin, 11-17 fevral 2008-ci il.
Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin koordinatorları üçün “NIV/AIDS və iş dünyası” mövzusunda seminar, Moskva, Bekasovo, 21-23 oktyabr 2008-ci il.
Beynəlxalq Əmək Təşkilatının “Mərkəzi Asiya və Qafqaz ölkələrində maliyyə və iqtisadi böhran şəraitində əmək haqqının müəyyən edilməsi” mövzusunda üçtərəfli seminarı. Kipr Respublikasının Nikosiya şəh. 2-3 noyabr 2009-cu il.

Almanyanın Berlin və Şevrin şəhərlərində Qafqaz Təraf­daşlıq Lahiyəsi çərçivəsində “Sosial dialoq” mövzusunda seminar. 17-23 yanvar 2010-cu il.

Bütün bunlar Eldar müəllimin gördüyü işlərin canlı mənzə­rəsini yaradır. Eldar müəllimin gördüyü işlərin az bir qismidi bunlar. Bu yazılar, çıxışlar həm də Eldar müəllimin savadının və səviyyəsinin göstəricisidir. Müdriklərimizdən biri yazır:

“Həqiqi alimlərin ömür və zəkalarının, həyat təcrübələrinin və ağır sınaqlarının məhsulu olan kitablar əbədi olaraq bütün bə­şəriyyəyin ixtiyarına verilmişdir. Hər kəs bu süfrədən istə­diyini götürə bilər”. Biz inanırıq ki, Eldar müəllimim gərgin zəh­mətinin, yuxusuz gecələrinin hesabına yaratdığı süfrədən çox insanlar yararlanacaq. “Fikir dənizinnən incilər çıxaran” be­lə ziyalılar xalqımızın tarixində əbədi olaraq qalacaqdır. El­dar müəllim həm də əqidəli və vicdanlı ziyalıdır. Ona yol gös­tə­rən və rəhbərlik edən də təmiz vicdanıdır. Xalq heç vaxt pak­lıq zirvəsinə doğru gedənləri unutmur. Çünki Xalqın da dayağı di­­rilər və durulardır.
Eldar müəllim həm də gözəl yol yol­daşıdır. Dəfələrlə Bor­ça­lının əsrarəngiz, füsünkar guşələrində, bulaqlar başında əylən­mişik.
Bizim Faxralı kənd orta məktəbinin direktoru Söhbəddin Məmmədov, mən, bir də Eldar əmioğlu bir yerdə çoxlu tarixi səfərlərimiz olub. Onlardan bir neçəsi mənə unudulmaz təsir bağışlayıb. Faxralının Təhməzbulağı deyilən yerində, Qarasu, Qızılqaya, Qoşabulaq və digər bu kimi əsrarəngiz təbiət guşələrində sürdüyümüz səfa cənnətə bərabərdir.
Allah-Təala Eldar müəllimi yaradanda ona, maşallah olsun, gözəl boy-buxun, yeriş, duruş, baxış, ağıl-kamal verib. Eldar müəllim gözəl ailə başçısıdır. İki oğlu var. Eldar müəllimin həm elmi dünyagörüşünün genişlən­mə­sində, həm də cavan qalmasında onun ömür-gün yoldaşı Mirvari xanımın zəhməti ölçüyəgəlməzdir.

Böyük şairimiz Zəlimxan Yaqub yazır:

…Ümid ölür xeyir şərə dönəndə,
Könül gülür yanaq zərə dönəndə.
İnsan oğlu peyğəmbərə dönəndə
Yol cənnətə, yol meraca açılır.


Eldar müəllim! Sizə cansalığı, yaradıcılıq uğurları arzula­yıram. Və arzu edirəm yolunuz cənnətə və meraca açılsın.

Güllü Eldar TOMARLI
6-05-2022, 06:18
Qazi N.P.Saraclı MUTLUTÜRKÜN Brçalıdan gələn səsi

Qazi N.P.Saraclı MUTLUTÜRK

QİSMƏTİMDİ QIZIL ALMA...
Mən bir Türkəm Turan oğlu,
Yalağ itə yal olmaram;
Allahımdan başqasına
Qul olmaram, qul olmaram!..
Yox kimsəyə borcum mənim,
Başımdadır tacım mənim...
Çoxdur ağrım-acım mənim,
Haqsız yerə kül olmaram.
Mən Aylıyam,Yıldızlıyam,
Ağ atlı, qara sazlıyam...
Dədəm Qorqud avazlıyam,
Haqsız qili-qal olmaram...
Amerika, laf eyləmə,
Boşa zaman sərf eyləmə,
Körpüləri məhv eyləmə,
Mən yolsuza yol olmaram.
Get sən hələ Hayla oyna,
Əsilsiz bir soyla oyna...
Yasda sevin, toyda oyna,
Mən kor ata nal olmaram...
Mən almayam,-Qızıl alma,
Qızıl teştə düzül, alma.
Qısmətimə yazıl, alma,
Ölləm qara pul olmaram!.
.


YAXŞI OĞUL
Yaxşı oğul öz eviylə,
Ocağıyla fəxr eliyər,
Atasıyla, anasıyla,
Uşağıyla fəxr eliyər.
Çöp salmaz öz bulağına,
Su axıdar torpağına,
Girməmiş yar qucağına,
Çırağıyla fəxr eliyər.
Qohumlara köğrpü atar,
Qonşu adın əziz tutar,
Balaların atıb-tutar,
Qonağıyla fəxr eliyər.
Hər oğul, el oğlu olmaz,
Yurd-yuvaya bağlı olmaz...
Belə oğlun ağlı olmaz,
Alçaqlarla fəxr eliyər...
Oğul yerdən quş tək qalxar,
Gün doğmamış ova çıxar...
Ərənlərin əlin sıxar,
Ovlaqlarla fəxr eliyər.
Mənim oğlum özün öyməz,
Özgəsinin işin əyməz,
Tənbəllərə məhəl qoymaz,
Qoçağıyla fəxr eliyər.
Bu da bir sözdü, dedim,
Dərdlər məni üzdü, dedim...
Gərəksizsə, heç deməzdim,-
Haqqı-sayla fəxr edirəm.

DOĞUŞ TÜRKÜSÜ
Bizlər Türkün küllüyündəm,
Ocaq-ocaq doğulmuşuq.
Dağlar aşıb atlı-yayaq,
Bayraq -bayraq doğulmuşuq.
Hər millətə qucaq açdıq,
Oda qaçddıq,oddan qaçdıq...
Saz göynətdik,sözlər qoşduq,
Dərdə ortaq doğulmuşuq...
Rüzgarlarla varaqlandıq,
Düşmən üstə odaqlandıq,
Bir nəfər tək yaraqlandıq,-
Yurda dayaq doğulmuşuq.
Allahın şah əsəriyik,
Peyqəmbbərin zəfəriyik,
Giziroğlu hünəriyik,
Quşdan oyaq doğulmuşuq...
Üç qitənin barı bizik,
Göz yaşından duru bizik,
İnsanlığın yarı bizik,-
Biz qurdsayaq doğulmuşuq...
Türküm,qardaş,türküm,türküm,
Dillər gəzir mənim türküm,
Əkim-biçim,biçim-əkim;
Çanaq- çanaq doğulmuşuq.
Turanımın haq-sayı var,
Millətimin göz oyu var...
Hər quşun da öz payı var,
Bizsə ortaq doğulmuşuq!..
Saraçlıyam,türk oğluyam,
Diş-dırnağı bərk oğluyam,
Mən dövrümün həng oğluyam,
Xəncər-bıçaq doğulmuşq...
Qazi N.P.S.MUTLUTÜRK

DƏRBƏND QALASI
Sənsiz darıxmışam,Dərbənd qalası,
Yanmazmısan dərdi-məndin halına?!
Yol kəsilib görünmür dağ lalası,
Yanmazmısan dərdi-məndin halına?!
Mazqalından bir baxsaydım Xəzərə,
Dədə yurdum bir çarpsaydı nəzərə,
AçılıncaTuran boyu mənzərə,
Yanmazmısan dərdi-məndin halına?!
Oğuz qəbri taptaq altda itibdi,
Yan-yördə qara tikan bitibdi...
Axmaq İvan əcəlinmi yetibdi
Yanmazmısan dərdi-məndin halına?!
Ləzgilər can qardaşımdı,biləsən,
Bineydən qan qardaşımdı,biləsən,
Bir müsəlman qardaşımdı,biləsən,
Yanmazmısan dərdi-məndin halına?!.
Biz Qafqazın qafdan gələn sədası,
Abşeronda qavaldaşın nidası...
Şahbuzumda qərib üzən adası,
Yanmazmısan dərdi-məndin halına?!.
Aşıq dostum,sən də susma,səsə gəl,
Turanda toy başlamamış,bizə gəl,
Oxu,oyna,Yar eşqinə dizə gəl,
Yanmazmısan dərdi-məndin halına?!..
Bakımız Qırx nərdivanı istəyir,
Göycəmizi,İrəvanı istəyir,
Dərbənddən də bir "Divani" istəyir,
Yanmazmısan dərdi-məndin halına?!..
Bu dünyaya gələn bizik,gedən biz;
Niyə olaq ayaq altda itən biz?!
Canım-gözüm,şirin sözüm Xan Təbriz,
Yanmazmısan dərdi-məndin halına?!.
A Saraçlı,bulannıqlar durulur,
Bir həmləyə çox boyunlar vurulur...
Qum saatımız Ankarada qurulur,
Yanmazmısan dərdi-məndin halına?!.

OĞLUMA NƏSİHƏT
Cəhənnəm oduyla oynama, oğul,
Bilməzsən, qəfildən, şeytan olarsan.
Qaynar qazanda da qaynama, oğul,
Tüstüyə dönərsən, duman olarsan.
Dərinə endikcə, lal daşdan çəkin,
Yuxarı qalxdıqca, kal başdan çəkin,
Çəkin hər dürlü bir daş-başdan çəkin,
Çəkinməzsən?!-Sonda viran olarsan...
Ümman genişliyi görmüşəm səndə,
Ad-san sahibiyəm pis- yaxşı mən də,
Qürurlu zabitsən mənimtək, sən də,
Çalış, məndən ötə insan olarsan.
Kökünə arxalan, soyuna tapın,
Dosta açıq olsun öz könül qapın,
Hər cür əyri yoldan saqın və sapın,
Sapınmazsan?-Pullu nadan olarsan...
Dinsiz-imansıza yaddır Nəbilər,
Nəbilər bildiyin, nadan nə bilər?!
Paşamın, sirrini Nəbilər bilər,
Sən də Nəbilərə heyran olarsan...


ZƏRNİŞAN GÖZƏL

On beş il sonra yaza biləcəyim, yazmağa çalışdığım ikinci şeir...
Bu dünya çıxmışdı öz məhvərindən,
Şükürlər olsun ki, qayıtdı, gözəl.
Mənəm bəxtəvərlər bəxtəvərindən,
Sən ey qanadlı qız, yel atdı, gözəl!..
Sən bir yıldızımsan,-Turan aşiqi,
Könül yaraşığı, gözüm işığı...
Bilməzdim, beləymiş, hər haqq aşığı,-
Pərvazı gözəlmiş, qanadı gözəl.
Sən Türk dünyasının Ayparasısan,
Könül aynasısan, göz qarasısan,
Bəlkə də bir Oğuz mağarasısan,
Sən rövşan etmisən həyatı gözəl!..
Biz çox ağrılardan keçib gəlmişiz,
Kövsər çeşməsindən içib gəlmişiz.
Yusufun gözyaşın Zəm-zəm bilmişiz,
Vüqarla keçmişiz Sıratı gözəl.
Gözəlim, gözələ qoşma qoşarlar,
Sevgiylə, umudla aşıb-daşarlar.. ,
Di gəl ipə-sapa yatmaz Avşarlar,
Ellikcən, olmasa ovqatı gözəl!..
Bu söz də Allahın bir lütfü imiş,
Ərənlər at vermiş, qoparaq gəlmiş...
Saraçlı, qocalıq üzünə gülmüş,
- Dostun sözü gözəl,söhbəti gözəl....

TUT AĞACI
Mənim tut ağacım bir saz çanağı,
Başında bülbüllər cəh-cəh eyləyər.
Mənim tut ağacım baxça çırağı,
Qonşu ağaclarla hənək eyləyər.
O yaxın dostudur cəmi quşların,
Cənubda ölümdən qurtulmuşların,
O ata Buşların, baba Buşların
Gördüklərin bizə izah eyləyər...
Mənim tut ağacım,-dostu yarımın,
Noğulu-kişmişi balalarımın,
Ortaq sevincidir arzularımın,
Onu sevməyənlər günah eyləyər.
O bir vaxt mənim də yavanlığımdı,
Əkməklə yediyim balım-yağımdı...
Məktəbli vaxtımdı, gözəl çağımdı,-
Keçmişi bilənlər agah eyləyər.
Torpağa tapındım mən də hamıtək,
Torpaq ətirlidir hər halal çörək.
Torpağa tapınıb xoş günlər görək,
Torpaq axşamları sabah eyləyər.
Mənim tut ağacım, bir saz sorağı,
Yəqin ki, arağın olmaz marağı!..
Təzanə dinərsə gilas sayağı,
Cevizlər səslənib "Laillah" eylər....

NƏVƏM EMİNƏ
Düşdün ana rəhnindən,
Əsgər nəvəm, xoş gəldin!
Düşmən öldü qərhrindən,
Əsgər nəvəm, xoş gəldin!
Cəbhə yaran oğuldun,
Hekayətdin, nağıldın,
Dikəlib bir dağ oldun,
Əsgər nəvəm, xoş gəldin!
Qalamsan, səngərimsən,
Bir sinə dəftərimsən,
Əlaçı əsgərimsən,
Əsgər nəvəm, xoş gəldin!
Boyun-buxunun uca,
Gəl bir baxım doyunca!..
Qismətin güllü xonça,
Əsgər nəvəm, xoş gəldin!..
Atana ev-eşiyin,
Anana ilk beşiyin,
Eldə böyük-kiçiyin,
Əsgər nəvəm, xoş gəldin!..
İnşallah işin olar,
Bir dolanışın olar,
Yarın-yoldaşın olar,
Əsgər nəvəm, xoş gəldin!
Gözaltın bir göz elər,
Qohum qonşu söz elər...
Toy işi də düzələr,
Əsgər nəvəm, xoş gəldin!
Nənən boyuna qurban,
Babam soyuna qurban,
Anan toyuna qurban,
Əsgər nəvəm, xoş gəldin!..

ÇOBANALDADAN
MƏSƏLDİ: əl gedər, ayaq gətirər,
Meşəni gəzən yox, dərən bitirər...
Ağlar gözdə qaynar sular,
Soyuqluğu buz gətirər.
Pinəçini iş başına
İynə ilə biz gtirər...
Ömür həyatın ipidi,
Dünya boyaqça küpüdü...
Bəlkə də çuğul tipidi,-
Söz aparıb söz gətirər.
Lələ, yollar dolanbacdı,
Gedən xərac, gələn bacdı,
Dəyirman dənə möhtacdı,
Topraq da hey duz gətirər.
Canımız çıxdı cirədə,
Varımız getdi kirədə,
Qoyma papağı hərmədə,
İl quraqdı,-toz gətirər...
Yürü, gəlirəm qaranca,
Yaram var, Lələ, yaranca...
Türk oğlu gedər qazanca,
Var yerinə qız gətirər...
Zalım fələk haqqı dandı,
Cavan ömrüm oda yandı.
Tale çobanaldadandı,
Uyma, yaran göz gətirər...

26-04-2022, 21:09
DOĞUŞ TÜRKÜSÜ


DOĞUŞ TÜRKÜSÜ

Bizlər Türkün küllüyündəm,
Ocaq-ocaq doğulmuşuq.
Dağlar aşıb atlı-yayaq,
Bayraq -bayraq doğulmuşuq.


Hər millətə qucaq açdıq,
Oda qaçddıq,oddan qaçdıq...
Saz göynətdik,sözlər qoşduq,
Dərdə ortaq doğulmuşuq...

Rüzgarlarla varaqlandıq,
Düşmən üstə odaqlandıq,
Bir nəfər tək yaraqlandıq,-
Yurda dayaq doğulmuşuq.

Allahın şah əsəriyik,
Peyqəmbbərin zəfəriyik,
Giziroğlu hünəriyik,
Quşdan oyaq doğulmuşuq...

Üç qitənin barı bizik,
Göz yaşından duru bizik,
İnsanlığın yarı bizik,-
Biz qurdsayaq doğulmuşuq...

Türküm,qardaş,türküm,türküm,
Dillər gəzir mənim türküm,
Əkim-biçim,biçim-əkim;
Çanaq- çanaq doğulmuşuq.

Turanımın haq-sayı var,
Millətimin göz oyu var...
Hər quşun da öz payı var,
Bizsə ortaq doğulmuşuq!..

Saraçlıyam,türk oğluyam,
Diş-dırnağı bərk oğluyam,
Mən dövrümün həng oğluyam,
Xəncər-bıçaq doğulmuşq...


Qazi N.P.S.MUTLUTÜRK
27-03-2022, 14:50
Gürcüstanda qaydalar dəyişir


Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.
Gürcüstan mediası xəbər verir ki, bu barədə qonşu ölkənin Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Digər bir qərara əsasən, “PCR” testindən keçmədən Gürcüstana qayıdan vətəndaşlar üçün özünütəcrid öhdəliyi də tətbiq edilməyəcək.
Qeyd edək ki, Gürcüstan bütün qonşu ölkələrlə quru sərhədlərini açıb. Türkiyə, Ermənistan və Rusiyaya müəyyən şərtlər əsasında getmək mümkündür, lakin Azərbaycana quru yolla getməyə hələlik icazə verilmir. Bu səbəbdən Gürcüstan və Azərbaycan vətəndaşları yalnız hava yolundan istifadə edirlər.
11-03-2022, 22:58
XƏYALLARIM  BORÇALIDA, YUXULARIM  GÖYÇƏDƏDİ.”


“XƏYALLARIM BORÇALIDA, YUXULARIM GÖYÇƏDƏDİ.”
(Rahilə Qaralovanın özü və sözü)

Dəyərli oxucum! Daha bir sazlı, sözlü söhbətlə görüşünüzə gəlmişəm. Söz deyəndə Göyçəni, saz eşidəndə Borçalını xatırlamamaq, anmamaq mümkün deyil. Xoş baharın yurdumuza qədəm qoyduğu günlərdə ustadları rəhmətlə anır, sizi saz-söz ziyafətinə dəvət edirəm.
Bu dəfə söhbətimiz , “Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.” - deyərək, sinəsini eyni zamanda həm saza, həm də sözə yuva, yurd yeri etmək kimi müqəddəs bir işin öhdəsindən ləyaqətlə, bacarıqla gəlmiş Rahilə Qaralova haqqında olacaq. Kimdir Rahilə Qaralova?
QISA ARAYIŞ
Rahilə Seyfəddin qızı Qaralova - 1967-ci il noyabrın 28-də Ulu Borçalımızın Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub. İlk təhsilini Şahmarlı 8 illik məktəbində alıb. 1985-ci ildə Başkeçid (Dmanisi) 2 saylı Azərbaycan orta məktəbini, sonra Tbilisi şəhərində Maliyyə Texnikumunu bitirib. Bir müddət Başkeçiddəki 147 nömrəli texniki peşə məktəbində kadrlar şöbəsində çalışıb.
Orta məktəb illərindən poeziyaya xüsusi maraq göstərən Rahilə xanımın ilk şeirləri
o zamanlar Bakıda nəşr olunan "Azərbaycan Pioneri" qəzetində və Başkeçiddə nəşr olunan yerli "Trialeti" qəzetində işıq üzü görüb.Son dövrdə Azərbaycanda və Gürcüstanda nəşr olunan mətbuat orqanlarında müntəzəm olaraq dərc olunur. Şeirləri "Bütöv Azərbaycan", "Elm və Təhsil" qəzetlərində, "Xəzan jurnalı"nda və müxtəlif qurumlar tərəfindən tərtib olunaraq yayımlanmış çoxsaylı poeziya antologiyalarında, almanaxlarda dərc olunmuşdur.
Rahilə Qaralova "Qərib Həsrəti", "Məndən Nağıl Umma, Dünya", "Yaşamadım özüm üçün", "Ana laylası" və digər kitabların müəllifidir."Sazlı-sözlü Borçalı" Ədəbi Məclisinin yaradıcılarından olan Rahilə xanım həm də "Dirili Qurbani" Ədəbi Məclisinin üzvüdür.
Ailəlidir, iki övladı və iki nəvəsi var.
Sazla söz Rahilə xanımın simasında necə ayrılmaz tellərlə bağlanıbsa, hətta onun haqqında təqdim etdiyim qısa bioqrafik məlumatda da ruhumuzun qidasını təşkil edən bu iki məfhum yanaşı dayanaraq, hər ikisinin məbədgahı olan ulu Borçalıya söykəniblər. Rahilə xanımın bütün fəaliyyətində yurda bağlılıq, soya-kökə ehtiram açıq-aydın hiss olunur. Saz səsi gələn, şipşirin ana dilimdə mirvari kəlmələrin muncuq olub bulaq başında ipə düzüldüyü sərin kölgələri, qartalların qıy vurduğu uca zirvələri, gah haylı-küylü, gah da həzin nəğmələr oxuyan yamyaşıl çay vadilərini özünün doğma yurdu bilən Rahilə xanımın Vətən sevgisi sərhəd tanımır:
Bütün kainatın bəzəyi sənsən,
Sən mənim uğurlu anımsan, Vətən!
Ömrümün təməli, özəyi sənsən,
Parlayan üfüqüm, danımsan, Vətən!

Yuxarıda təqdim etdiyim misralar onun “Vətən” şeirindəndir. Sazının eşidildiyi, sözünün dinlənildiyi bütün kainatı Yurdu hesab edən Rahilə xanım “Borçalı” adlandırdığı digər bir şeirində hisslərini daha da cilalayaraq, fikrini aşağıdakı kimi ifadə etmişdir:
Nə qədər söz desəm yenə də azdı,
Sevənlər köksündə çaldığı sazdı,
Qışda da, yayda da havası yazdı,
Ozanlar, aşıqlar sözü Borçalı.

İndi tanış olduğunuz misralar həm bu qısa yazım üçün ana xətt kimi götürdüyüm “saz-söz” məfhumu ilə çuğlaşmaq baxımından, həm də Rahilə xanımın özünü ruhani və cismani tərəfdən təqdim etmək baxımından çox qiymətli nümunədir. O, qələmə aldığı nəzm nümunələrində özünü doğru olaraq “Rahilə” kimi təqdim edir. Biz bu nümunələrdə həm mənəvi, həm də fiziki olaraq onun bizi götürdüyü yolçuluqdan yorulmuruq, bezmirik. Onun saza eşlik edən söz aləmində səyahət etmək bizi darıxdırmır. Əksinə sarbanı Rahilə xanım olan söz karvanının keçdiyi hər çöl, hər çəmən, hər dağ, hər dərə, hər çay qırağı, hər bulaq başı, hər bağ, hər bağça öz xoş rayihəsi ilə bizi məst edir, ovsunlayır. Bu sazlı-sözlü səfərdən zövq alırıq.
Rahilə xanım öz sözünün yayıldığı ucsuz-bucaqsız geniş Yurdunun nə qədər intəhasız olduğunu anlayır, bunun üçün məbədgahı Borçalıya minnətdarlığını, sadiqliyini bildirir. Ancaq bütün bunlarla kifayətlənmir. Dünyaya göz açdığı, sözünün qorlandığı, niyətinin tumurcuq tutduğu “Şahmarlı”nı unutmur, bəzən dünyaya hakim hami kimi, bəzən isti yuvaya möhtac körpə bala kimi ona sığınır. Hər iki halda Rahilə sözü özəl, gözəl və səmimidir:
Təbiət veribdir bu əzəlliyi,
Əzəldən Rahilə, var özəlliyi.
Kaş hamı görəydi bu gözəlliyi -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı!

Rahilə xanımı sazla sözün vəhdət tapdığı “Sazım” şeirindən bir neçə bəndi sizə təqdim edirəm:
Dağı yerindən oynadıb,
Sinəm üstə duran sazım,
Meydanlarda at oynadıb,
Toy məclislər quran sazım.


Yandırıbdı“Kərəmiylə”
Qəm veribdi “Dilqəmiylə”,
“Koroğlunun cəngi”siylə,
Qılınc-qalxan vuran sazım.

Və ya,
Dədə Oorqud yadigarı,
Qoruyubsan düz ilqarı,
Yol alıbsan bizə sarı,
Əsrləri yoran sazım!

Saza, sözə sonsuz ehtiram göstərən, bunu hər kəlməsində, hər misrasında oxucusuna xüsusi hiss-həyəcanla anladan Rahilə xanım, tam səmimi olaraq sonda bir məsələni qeyd etmək istəyirəm;
“Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

misraları o qədər yaxın və doğmadır ki, sanki mənim öz ruhumun süzgəcindən keçərək həyat qazanıb. Təbrik edirəm. Uğurlarınız bol, yolunuz açıq olsun!

Zaur USTAC
5-02-2022, 14:53
Azərbaycanlı jurnalistlər Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər


Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media" İctimai Birliyinin nəzdindəki "Aktual məktəb"in jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.
Görüşdə səfir Ukraynanın Gürcüstan və Azərbaycanla dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən söz açan diplomat Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal olunduğunu, müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.
İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.
“Aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun fəaliyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri Xətayi Əzizov və Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!