20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 3-07-2017, 14:57
Yada düşən xatirələr

Bu günlərdə əlimə tələbəlik illərinin bir foto-şəkili düşdü. Şəkilə baxa-baxa xəyalən tələbəlik illərinə qayıtdım.
Hər gün, hər ay, hər il kino lenti kimi göz önündən keçdi. Mən belə düşünürəm ki, bizim üçün tələbəlik illərindən gözəl illər yox imiş. Ona görə ki, insan həyatın bütün qayğılarını, sevinclərini tələbəlik illərində yaşayır. O illər çox unudulmaz illərdi. Elə hey fikirləşirsən ki, kaş o illərə təzədən qayıdaydıq. Ancaq çox təəssüflər olsun ki, keçən günləri geri qaytarmaq mümkün olmur. Yalnız və yalnız o illəri bizə xatırlamaq qalır.

Bizim oxuduğumuz filologiya fakültəsində 4 qrup, 2 patok idik. 2012-ci ilin yay aylarının birində tələbə yoldaşlarımızdan birinin övladının toy məclisində iştirak edirdik. Toy məclisində tələbə yoldaşlarımızdan beş nəfər idik. Bu tələbə yoldaşlarımızdan biri dedi ki, bu uşaqları bir yerə yığmaq görəsən mümkündümü. Onda mən dedim ki, hər şey mümkündü. Bu işi öz üzərimə götürdüm və səhərisi bu işin qulpundan yapışdım. Arxivə getdim, tələbə yoldaşlarımızın ünvanlarını götürdüm. Onlara məktub yazıb məqsədimizi bildirdik və onların cavablarını gözlədim. Bəli, məktubu alan tələbə yoldaşlarımız telefon açıb razılıqlarını bildirdilər. Demək olar ki, tələbə yoldaşlarımız görüş gününün vaxtı, vədəsi üçün çox tələsirdilər. Hər şey öz axarı ilə gedirdi. Dörd qrupun nümayəndələrindən üçünü tapmışdım, yalnız bizim qrupun qrup nümayəndəsindən başqa. Bizim qrup nümayəndəmiz qonşu Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün bir qədər çətinlik çəkirdim. Tələbə yoldaşlarımızdan biri mənə telefon açıb bildirdi ki, sizin qrup nümayəndəniz Zərifə Mikayılova Bakı şəhərində Hövsan qəsəbəsində yaşayır və oradakı məktəblərin birində müəllim işləyir. Çox axtarışdan sonra Zərifə müəlliməni tapdıq. Zərifə müəllimə məqsədimizi bildirdik. Çox sevindi. Nə yaxşı, nə gözəl iş görürsünüz.

Yada düşən xatirələr


Nəhayət, vaxt, vədə yetişdi. 2013-cü ilin iyul ayının 18-də APİ-nin (indiki ADPU) filologiya fakültəsini bitirməyimizin 25 illik yubileyini qeyd etmək üçün ADPU-nin əsas binasına toplaşdıq. Bir anlıq gənclik illərimizin təəssüratını yaşadıq. Gözəl bir gün oldu. Ancaq bizim bu qrup nümayəndəmizin söylədiyi şeirlər hamını mat etmişdi. Axı biz tələbəlik illərində Zərifə müəlliməni şairə kimi tanımırdıq. Heç vaxt eşitməmişdik ki, Zərifə müəllimə şeir yazır.

Mikayılova Zərifə Dünyamalı qızı 1961-ci ildə sazlı-sözlü Gürcüstan Respublikasının Başkeçid (Dmanisi) rayonunun Qarabulaq kəndində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Qarabulaq kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1978-ci ildə orta məktəbi bitirib M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbinə daxil olub, 1981-ci ildə Qırmızı diplomla bitirib, doğma kəndi olan Qarabulaq kəndinə qayıtmışdı. Həmin

ildən Qarabulaq kənd orta məktəbində gənc müəllim kimi işə başlamışdı. 1983-cü ildə ali təhsil almaq üçün sənədlərini (V.İ.Lenin adına APİ) ADPU-nin filologiya fakültəsinə verir. 1988-ci ildə ADPU-nin filologiya fakültəsini qırmızı diplomla qurtarır və həmin il akademik Afat Qurbanovun elmi rəhbərliyi ilə “Azərbaycan dilçilik” kafedrasında üç il oxumuş, aspiranturanı qurtarandan sonra ADPU-də bir müddət baş müəllim kimi fəaliyyət göstərmişdir.
Yada düşən xatirələr

2003-cü ildə “Ümid” adlı ilk kitabı işıq üzü görüb. 2011-ci ildə isə “Qırxbulaq nağılı” adlı ikinci kitabı işıq üzü görür. Zərifə müəllimin bir neçə elmi məqaləsi “Bakı təhsili” qəzetində və “Azərbaycan dili və ədəbiyyatı” metodikası jurnalında dərc olunub.

Zərifə Mikayılova Bakı şəhəri, Hövsan qəsəbəsindəki 196 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Zərifə müəllimin indiyə qədər Azərbaycan dili və ədəbiyyata aid 15-ə qədər elmi əsərləri işıq üzü görüb. Bu işlərinin bəhrəsi olaraq 2011-ci ildə “Qızıl Qələm” mükafatı ilə təltif olunub və 2015-ci ildə “Əsrin ziyalıları ictimai birliyinin müəllimi” Diplomuna layiq görülüb. 2017-ci ildə isə Ombudsman təşkilatının Qadın İnkişaf Mərkəzinə fəxri üzv seçilib.

Zərifə Mikayılova eyni zamanda gözəl şairdir. Zərifə müəllimin şeirləri “Zərifə Sufi” təxəllüsü ilə nəşr olunur. Zərifə (Sufi) Mikayılovanın bir neçə şeirini sevənlərinə və tələbə yoldaşlarımıza ərməğan edirəm.

Anam qocalır

Saxlaya bilsəydim vaxtı, zamanı,
Anlaya bilsəydim yaxşı-yamanı.
Qoymazdım qocala əziz anamı,
Ömrümə-günümə canı yananı.
Düşündükcə indi qanım qaralır,
Gözümün önündə anam qocalır.

Ötdükcə fəsillər saçlar ağarır,
Lalətək yanaqlar solur-saralır.
Gözündə bu dünya bir zərrə qalır,
Niyə axı, niyə anam qocalır?
Düşündükcə buna səbrim daralır,
Gözümün önündə anam qocalır.

Anam bu dünyada başımın tacı,
O, mənə anadır, həm də ki, bacı.
Edərəm dərdinə bütün əlacı
Onsuz dolaşmaram yalı-yamacı.
Ürəyim qəhərdən dolur-boşalır,
Gözümün önündə anam qocalır.

Övlad sevincindən ana güc alar,
Analar qocalmaz, ana ucalar.
Analar qocalmaz, dünya qocalar,
Anasız bu həyat tamam boşalar.
Düşündükcə yenə qanım qaralar,
Gözümün önündə anam qocalır.

Vətən

Vətən uşaqlığım, vətən gəncliyim,
Vətən xoşbəxtliyim, vətən dincliyim,
İnsan vətənində ilk addım atır,
İnsan vətənində arzuya çatır.
İnsan vətənində inamlı olur,
İnsan vətənində rahatlıq tapır.

Mənim vətənimdə çiçəklər açar,
Meh əsər, çəmənlər dalğalanardı.
Xınalı daşlarda quşlar gəzişər,
Göylər köks ötürər, yağış yağardı.

Dağlara dumandan duvaq çəkilər,
Göydə göyqurşağı gülümsəyərdi.
Yayda bu məkana qonaq gələnlər,
Gedəndə nə qədər qəribsiyərdi.

Yasəmən ağacı, çiçəkli, bağça,
Gəlib gedənləri heyran qoyardı.
Ağsaqqal atamı, müdrik anamı,
El-oba həmişə böyük sayardı.

O günlər fikrimdən heç çıxmaz mənim,
Vətən körpəliyim, vətən gəncliyim.
Dağına, daşına qurbanam sənin,
Vətən tariximsən, vətən gəncliyim!

Tələsin insanlar, tələsin bir az


Xoş söz söyləməyə, xoş söz deməyə,
Babaya, nənəyə bir baş çəkməyə,
Bibiyə, xalaya hərdən dəyməyə,
Sevdiyim insana sevirəm deməyə,
Ustad qarşısında hey əyilməyə.
Tələsin, tələsin, yoxsa gec olar,
Qəlbiniz ağrıyla, acıyla dolar.
Tələsin insanlar, axı vaxt ötür…
Kimisə ovudub könlüm almağa.
Köməksiz birinə arxa olmağa,
Kiməsə yar olub həyat qurmağa.
Tələsin, tələsin, yoxsa gec olar,
Qəlbiniz ağrıyla, acıyla dolar…

Atam yadıma düşür
Vüqarlı görünüşüylə
Uca dağa bənzəyən,
Nurani baxışıyla,
Məclisləri bəzəyən,
Toylarda öyüd verən,
Bir ağsaqqal görəndə
Atam yadıma düşür…
Köklü bir palıd kimi,
Ətrafa kölgə salan,
Xeyir əməlləriylə
Dostlara həyan olan.
Haqq, ədalət yolunda
Çaytək kükrəyib daşan,
Sağlam düşüncəsiylə
Yaddaşlarda yaşayan.
Bir ağsaqqal görəndə
Atam yadıma düşür…

Uca, şux qamətiylə
Ürəklərdə yaşayan.
Əsl müəllim kimi
El-obada ad olan,
Hər bir övladı üçün
Zəhmət çəkən, yol açan.
Bir ağsaqqal görəndə,
Atam yadıma düşür…



Axtarın məni, dostlar

Bu dünyanın özündə,
Sevənlərin gözündə,
Bir həqiqət sözündə,
Axtarın məni, dostlar.

Yaxşılara köləyəm,
Yollarına şöləyəm,
Mən sizlərsiz heç nəyəm,
Axtarın məni, dostlar.

Dünyanın harasında?
Könlümün yarasında.
Xoşbəxtlər arasında
Axtarın məni, dostlar.

Var qismətim naxışda,
Arzu, kamım alqışda,
Sevgi dolu baxışda,
Axtarın məni, dostlar.

Qızılgülün ətrində,
Yasəmənin çətrində,
Şerimin hər sətrində,
Axtarın məni, dostlar.

Apar məni özünlə

Qafil gəldin mən üzləşdim səninlə,
Sənin ömrün xoş keçəcək mənimlə.
Bir dünyasan üzdə təbəssümünlə,
Xoşbəxtliyi qaytar bircə sözünlə,
Apar məni, apar məni özünlə.

Qoyma hədər keçə yenə bu illər,
Xumarlansın sevda dolu könüllər.
Çiçək açsın bahar kimi fəsillər,
Qoy bəxtiyar olaq birgə dözümlə,
Apar məni, apar məni özünlə.

Ürəklərdə qoy qalmasın həsrət, qəm,
Nəğmə ilə dolsun bütün bu aləm.
Xoşbəxt olsun sənin, mənim ailəm,
Lay-lay çalsın vüsal xoş zümzümənlə,
Apar məni, apar məni özünlə.

Hüseyn Məmmədov,

“Bütöv Azərbaycan” qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!