Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
9-02-2022, 12:48
Şərqi Zəngəzur ellərinə qayıdış mənəvi borcumuzdur

Şərqi Zəngəzur ellərinə qayıdış mənəvi borcumuzdur

2010-cu ildən fəaliyyət göstərən zengezur.com saytı yenilənib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsinə uyğun olaraq saytda Şərqi Zəngəzur bölməsi yaradılıb, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları ilə birlikdə Qərbi Zəngəzurun Sisian, Gorus, Qafan, Meğri bölgələrinin tarixi haqqında da məlumatlar yerləşdirilib.
Saytın baş redaktoru Hacı Nərimanoğlu qəzetimizə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, 1933-cü ildə xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpası xalqımızın, dövlətimizin ictimai-siyasi, mənəvi həyatında mühüm hadisədir. Bu sənəd həm də bizi tarixi ədalətin bərpasına aparır, minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsini, birləşib bir-birinə və Azərbaycana qovuşmasını, bu mənəvi borcumuzun gerçəkləşməsini hədəf olaraq müəyyən edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri artıq strateji yol xəritəsidir: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.”

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
7-02-2022, 12:16
Ermənistanda əsgərlər mövqelərdən yoxa çıxıb

Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb.
Bu barədə Ordum.az Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır.
Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Yerli KİV vurğulayıb ki, hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hərbi polis əməkdaşlarının ailəyə hansı əsasla Vahenin fərari kimi qaçması barədə məlumat verməsi məlum deyil, çünki bununla bağlı şahid və müvafiq ifadə yoxdur.
Üstəlik, Vahenin yoxa çıxma şəraiti xüsusən Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması, habelə digər iddialar fonunda şübhəlidir.
Qeyd edilir ki, eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.
5-02-2022, 22:05
Daşnaklar türklərə qarşı çağırış etdi.


Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...

Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...
"Alman faşizminin liderləri Berlində məhv edildiyi kimi, erməni neofaşizminin ideoloq və başçıları da İrəvanda yaxalanıb Haqq məhkəməsi qarşısına çıxarılmayınca bunları susdurmaq mümkün olmayacaq..."
Terrorçu "Daşnaksütyun" partiyasının bu gün İrəvanda keçirilmiş illik toplantısında Ermənistanın və Qarabağdakı separatçı rejimin terrorçu eks-prezidentləri Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan və Arkadi Qukasyan, müxalifət partiyalarının liderləri, habelə bütün ermənilərin katolikosu II Qaregin Azərbaycan və Türkiyəyə qarşı kəskin çağırışlar ediblər.
Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
""Daşnaksütyun” ümummilli hərəkata başlamağı və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dayandırmağı təklif edir.
"Diaspordan, Ermənistandan və Qarabağdan olan ermənilər vətəni bərpa etmək hərəkatına qoşulmalıdırlar" - "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Sağatelyan partiyanın yaradılmasının 131-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Sağatelyan hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi dayandırılmalıdır. Eyni zamanda, o vurğulayıb ki, müxalifətlə indiki iqtidar arasında olan fikir ayrılıqları şəxsi deyil, ideoloji xarakter daşıyır və Ermənistanın və Dağlıq Qarabağın, eləcə də bütün erməni diasporunun gələcəyi ilə bağlıdır"- xəbərdə belə deyilir.
P.S. Alman faşizminin liderləri Berlində məhv edildiyi kimi, erməni neofaşizminin ideoloq və başçıları da İrəvanda yaxalanıb Haqq məhkəməsi qarşısına çıxarılmayınca bunları susdurmaq mümkün olmayacaq...
5-02-2022, 14:53
Azərbaycanlı jurnalistlər Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər


Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media" İctimai Birliyinin nəzdindəki "Aktual məktəb"in jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.
Görüşdə səfir Ukraynanın Gürcüstan və Azərbaycanla dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən söz açan diplomat Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal olunduğunu, müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.
İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.
“Aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun fəaliyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri Xətayi Əzizov və Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.
29-01-2022, 17:55
Bacılar, daha mənə bacın qurban deməyin!

Mənim beş bacım vardı. Amma indiyədək nə qədər zəngin bir xəzinəyə sahib olduğumun fərqində deyildim. Böyük bacım Bahar ailə ömrümüzün ilk baharı oldu. Ata ocağımıza uşaq səsi, övlad nəfəsi gətirdi. Beş bacı, iki qardaşın böyüyü oldu. Bizlər böyüdükcə də o müdrikləşdi, yolumuzu aydınlatdı, bəzən taleyimizə işıq tutdu.


Bəs sən neylədin, ikinci bacım-Elmira?! Ailə sarayımızdan bir “kərpic” saldın. Həm də elə saldın ki, onu nə yerinə qoymaq, nə də yerini doldurmaq olar. Ata ocağından pərən-pərən düşmüş qardaş bacıların qürbətlərdə həyatın hər cür ağrı-acısına sinə gərib duruş gətirdiyi bir vaxtda qəfil gedişinlə qəddimizi əydin, hərəmizin ürəyində bir yara açdın. Elə bir yara ki, nə qaysaq bağlayar, nə sarğı tutar.
Sənin ölümünü heç ağlıma belə, gətirmirdim. Gizlicə arzulayırdım ki, döğmalarımın arasından birinci mən gedim və bu bir bəxtəvər gediş olsun. Bacılarım-Bahar, Elmira, Zeynəb, Əzizə, Nəzifə cənazəmin başında halay çəksin. Qardaşım Neyman el-obanın, dost-tanışın başsağlığını qəbul eləsin. Bacım oğlanları-Şahin, Əleyman, Asif, Əşrəf, Aydın, Ayaz, Kamal, Elçin, Əfranla Əfqan tabutumu qaldırsın, qızlarım isə anaları ilə arxamca baxsın. Gəray gözümə torpaq atsın. Beləcə dünyamızla urvatlı vidalaşım…

Amma sən ömrümün xəzanın gətirdin. Əlimi işdən, dizimi təpərdən, gözümü nurdan saldın. Vallah, sənin qədər mənə zülm eləyən olmadı. Hər səhər çayıma göz yaşı qatdın. Ürəyimin yaşamaq eşqini söndürdün. Çünki son vaxtlar ürəyimdən çox keçirdi ki, sizi başıma yığım, o illərə qayıdaq. Od -ocaqlı, yurd-yuvalı günlərimizi xatırlayaq. Çimənyurda, Musuyurduna yaylağa köçdüyümüzü, Meşəbaşına, Kövşənə binə düşdüyümüzü yada salaq. Yığdığınız kəkotunun, çaşırın, əvəliyin, zərisin, yemliyin, cacığın, talalardan topladığınız çiçəklərin ətrindən danışaq. Əksimizi dəryalara daşıyan ayna bulaqlarımızın axarına düşək, Kurud kəndimizin min cür nemətinin həsrətindən köks ötürək. Qış günləri soba üstünə döşədiyiniz kartofdan, bir az da mən şuluq eləyəndə əlinizə keçəni alıb qovarağımı götürməyinizdən deyib, gülək. Bir sözlə, o bəxtəvər- bacılı günlərimə qayıtmaq istəyirdim. Sən məni qabaqladın. Bizi məzarının başına yığdın. Burda peşman-peşman ağlar qoyduğun bacılarımın, balalarının, gəlinlərinin üzünə baxıram. Bilmirəm hansını ovudum, hansının göz yaşın silim…
İndiyə qədər məndən bir şey istəməyən Səriyyə bu gün qarşıma dikilib dayı, anamı ver,- deyir,-mən anamı istəyirəm! Çarəsizlikdən ona qoşulub ağlamaq, hönkürüb ürəyimi boşaltmaq istəyirəm. Amma sənin taleyin o qədər keşməkeşli, dərdlərin o qədər dözülməz olub ki, səni rahatlıqla ağlamaq olmur. Ağlamaq tutanda ürəyim az qalır yerindən çıxa…

Belə məqamlarda adamı dərdin əlindən xatirələr alır. Bizim də acılı-şirinli xatirələrimiz var. Elə lap sənin uşaq vaxtlarından, yaşıdlarınla “Çatı-çatı”, “Axsaq qıçı”, “Top çəmən”, “Beşdaş” oynadığın, oyununuz pozulanda qardaşın ölsün deyən qızlarla saçyolduya çıxdığın günləri xatırlayıram. Yeni ildə Bahar bacımla, Zeynəblə birlikdə bizə “Yolka” bəzəyərdiniz. O vaxtlar indiki kimi zənginlik olmadığından Ardıc ağacına pambıq dolayıb, konfet, şokolad asmaqla gözəlləşdirərdiniz. Neymanla ikimiz xəlvətcə şokolatı soyub içini yeyər, kağızını olduğu kimi asılı saxlayardıq. Bu əməlimizdən “Yolka”nı sökəndə xəbər tutardınız. Növbəti bayramda-“Novruz” ərəfəsində isə bizə səməni cücərdər, yumurta boyayardınız. Beləcə xoşbəxt günlərimiz gəlib keçərdi…

Bir-birindən şirin, bir-birindən əziz olan o günlər geridə qaldı. Böyüdün. Ailə qurdun, ana oldun. Elə bir ana ki, övladların üçün kömür külünə dönəcək qədər yandın. Sovet dövründə bizim tərəflərdə görünməmişdi ki, hansısa valideyn neçə günlük yola çıxıb əsgər yanına getsin. Sən onu da etdin. İki illik ayrılığa dözə bilmədin. 1987-89-cu illər arasında bibimiz oğlu Əbülfəti bələdçi götürüb, Sverdlovsk vilayətinə-Asifin xidmət elədiyi hərbi hissəyə gedərək çəkdiyin bala həsrətinə son qoydun.
Qəribədir ki, ikimiz də martın 20-də doğulmuşuq. Sən ikinci bacı, mən ikinci qardaşam və sən nədənsə həmişə düşünürdün ki, bizi bir-birimizə bağlayan nəsə var. O qədər ibadətə bağlanıb, axirətə köklənmişdin fikirləşirdim ki, ya bacım məni bir qardaşı istəyəcəyindən çox istəyir, ya da bu bir fanatizmdir. Ona görə də hər şeyi İlahi mühakiməyə verir. Amma 2021-ci ilin dekabrında sənin haqlılığına əmin oldum. Belə əmin oldum ki, məni bir anın içində öldürücü həyəcan bürüdü. O cür dəhşətli həyəcanı heç zaman hiss etməmişdim. Nə müharibə bölgəsində, nə də 1988-ci ildə valideynlərimizi Qafandan gətirərkən erməni quldurları üstümə silah çəkəndə. Sən demə məni həyəcan basanda sən haqqa yürüyüb aramızdakı o İlahi bağı qoparırmışsan.
Bəli qopardın, həm də hamı ilə bütün bağları qopardın. İndi əzizlərin, səni sevənlər, tanıyanlar, xətrini əziz tutanlar xəyalınla danışır, səni xatirələrlə anırlar. Qayının oğlu Bəylər onu qollarının üstündə necə layla çalıb yuxuya verdiyindən, Vüqar isə onu oğlanlarından heç ayırmadığından ürək dolusu danışır. Övladların ana qayğını, şəfqətli əl işlərini, güzəranınızın ağır vaxtlarında uşaqlara şərf, əlcək, corab, papaq, palto toxuduğun günləri yada salırlar. Sonbeşiyin Ayazın dostu-Şahinin isə xatirələri qurtarmaq bilmir. Gah qızı Nərgizə, gah ailəsinə, gah da özünə olan analıq münasibətindən söz açır:

“Elmira xala bambaşqa idi,- deyir. Ayazla mənə heç fərq qoymazdı. Hətta bəzən mənə daha çox ərk edər, ona demədiklərini mənə deyər, mənə ürək qızdırardı. Mən də onun qulluğunda anam qədər sevə-sevə durardım, buyruqlarını can-başla yerinə yetirərdim. Əlinin duzunu, bişirdiyi yeməklərin ləzzətini də süfrəsinə qonaq olan hər kəs bilir. Onun bişirdiyi şirniyyatları, pirojkiləri xoşladığımı bildiyindən hər gələndə, iki daşın arasında olsa belə, mənim üçün bir şey bişirər, evə də pay göndərərdi. Həm də bizə üç pay qoyurdu. Birin yoldaşıma, birin anama, birini də qaynanama. Elə bizimkilər də onu o ki var əzizləyirdilər. Çox həssas olduğu üçün çalışırdıq ki, bütün hərəkətlərimiz ürəyincə olsun. Elmira xalanın yeri bizim ailədə hələ çox görünəcək”.
Bacı, xatirələrinlə bağlı söhbətimizi can bacım, sirrim, sirdaşım bacım, zəhmətkeş, cəfakeş bacım, hamının dərdini öz içindən keçirən bacım, tənhalara bacılıq edən mərd bacım, kişi tinətli bacım, süfrəsi boş analara süfrə açan bacım, -deyə- qulaqlarıma çığlayan bir səs pozdu. Uşaqların yerbəyerdən qalxıb qucaqlayanda öyrəndim ki, o səs 40 illik iş yoldaşın, 50 illik sirdaşın, dərddaşın olan Gəncə xanımın səsidir. O da qara xəbərin qanadında gəlib, səfi pozulan bacılarımıza qoşuldu və onu sənin yerinə qoydum. Qoydum ki, yenə 5 bacım olsun. Sənin üçün darıxanda ona zəng eləyim. Elədim də. Səsimi eşidib, adımı duyanda Tamxil, sənə qurban olum,- dedi. Ətim ürpəşdi. İstədim qışqıram, haray çəkəm ki, bacılarım, daha mənə bacın qurban deməyin! Bacı qurbanlığı çox acıymış…
Mənim bacım- Elmira Ziyəddin qızı Hacıyeva Zəngəzur mahalının Kurud kəndində doğulmuşdu. Kənddəki 8 illik məktəbi bitirdikdən sonra ailə qurmuş, bir müddət sonra Rabitə Texnikumunda təhsilini davam etdirmişdir. Bundan sonrasını onun hər sirrinə bələd olan Gəncə bacımdan dinləyək:

“40 ilimiz birgə keçdiyinə görə, aramızda sabahın xeyir, gecən xeyirə sözü olmayıb. Mən 1971-ci ildən Sumqayıt şəhərində Mərkəzi poçtda işləyirdim. Elmira bacım da 1975-ci ildə gəldi. Mən onda briqadir işləyirdim, o da poçtalyon işinə düzəlmişdi. Bildiklərimi ona da öyrətdim. 5-6 ay poçtdaşıma şöbəsində işlədi. Texnikumu bitirəndən sonra əməliyyatçı işlədi. Daha sonra işinə məsuliyyətini və diplomunu nəzərə alıb onu o vaxtlar Stansiya Sumqayıt adlanan qəsəbədəki poçt şöbəsinə müdir təyin elədilər. Orda bir neçə il işlədikdən sonra 9-cu mikrorayonda böyük bir poçtçatdırma şöbəsi yaradıldı. Demək olar ki, şəhərin bütün poçtlarını, poçtalyonlarını ora birləşdirdilər. Bir növü mərkəzləşdirilmiş poçt oldu. Hardasa 150-dən artıq işçisi vardı. Elmira bacımı həmin poçta rəis təyin elədilər. Eyni vaxtda həm oxumaq, həm işləmək, həm də 5 uşaq böyütmək hünər istəyirdi. Belə ağır şəraitinə baxmayaraq çox məsuliyyətli, tələbkar, işinin öhdəsindən gələn idi. Verilən bütün tapşırıqları, iş öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirirdi. Yoldaş olduğumuz illər ərzində kiminsə ona işinə görə irad tutduğunu görmədim. Çünki o qüsurlu iş görməzdi. Sonra həmin şöbə iş prinsipinə, plan tapşırıqlarını ödəməkdə fərqləndiyinə, bir sözlə öncüllüyünə görə onu 1 saylı şöbə elan elədilər. Elə bacımız da pensiyaya çıxana qədər orda işlədi. 25 ildən sonra mən də onun müavini oldum.
Hansı şöbəki geri qalırdı, işləri yaxşı getmirdi bacımı ora göndərirdilər. Gedib 2-3 aya işləri qaydasına qoyub, şöbəni qabaqcıllar sırasına çıxarıb geri dönürdü. Belə gördüm mən onu. İşcilər arasında həmişə birinci olub. Əmək veteranı idi. Dəfələrlə mükafat, fəxri fərman almışdı. Deyim ki, təkcə işin nəticəsini fikirləşirdi yox, işçilərin də qayğısına qalan, kimin nə problemi olsa həll etməyə çalışan gözəl insan, cəfakeş ana idi. Uşaqlarının hamısı gözümün qabağında böyüyüb. Ürəklə deyə bilərəm ki, nə yaxşı xasiyyət varsa Elmira bacımda cəmlənmişdi. Bizim münasibətimiz işçi-müdir münasibəti deyildi. Biz sirdaş idik. Mənim 3 bacım var, onlarla bir o qədər sirdaş olub dərdləşə bilməmişəm. Onunla bütün dərdimizi, sirrimizi bölüşürdük. Ona çox isnişmişdim. Pensiyaya çıxıb işdən ayrılsaq da, bir- birimizdən ayrıla bilmirdik.
O, məni həmişə qoruyurdu. Ayaz Bakıya köçəndə onu da apardı. Ondan sonra görüşə bilmirdik. Bir dəfə 9-cu mikrorayondan əşyaların aparmağa gəlmişdi, mənə zəng elədi. Tez taksi tutub gəldim. Görüşdük, dərdləşdik. Neçə dəfə qapının kandarına çıxıb geri qayıtdım. Heç ayrıla bilmirdik. Bir-birimizə sarılıb ağlaşıb ayrıldıq. Bu son görüşümüz oldu. “Korona” bəlası çıxandan bəri, ancaq telefonla danışırdıq. Mənə deyirdi, heç yana getmə. Vaksin də vurdurmamısan, özünü qoru!
Can bacım, o, məni qorudu, mən onu qoruya bilmədim, qardaş, 50 illik xatirə danışmaqla bitən deyil. Konturun qurtarır. Bircə onu da deyim ki, səndən çox danışırdı. Səninlə nəfəs alırdı, deyirdi ürəyim Tamxilnən döyünür.

Bacı, mən daha çox dinləmək, ürəyinin döyüntülərini duymaq istəyirdim. Amma Gəncə bacım konturun bitər,- deyib ara verdi. Nə deyim? Bütün bacılar belədir. Hamınız qardaşların qəhrin çəkir, özünüzü qurban deyir, amma malına, puluna qıymırsınız.
Xatirələri dinləyə-dinləyə 45 il əvvələ getdim. Hərbi komissarlıqdan çağırış vərəqəsi gəlmişdi. Bir neçə gündən sonra əsgər gedəcəkdim. Anam hazırlıq görürdü, mən yatırdım. Elə təzə yuxuya getmişdim ki, üzümə damcı düşdü. Gözümü açanda gördüm Elmira başımın üstündə durub ağlayır. Onda bir az arıq, çəlimsiz idim. Həmin il məni xidmətə aparmadılar. Sən demə, Elmira atama yalvarıb ki, komissarlığa get, onu heç olmasa bircə il saxlat, bir az muğayat olaq, ətə-qana dolsun!
45 il sonra dumanlı, çiskinli havada bacımı torpağa tapşırıb evə gəlmişdim. Təsvir edə bilməyəcəyim duyğularla, əzgin vəziyyətdə çarpayıya uzandım. Gördüm yenə bacım başımın üstündədir, amma bu dəfə ağlamırdı. Gözlərimi sığallayırdı. Bir xeyli sığal çəkəndən sonra gözümü açdım. Ətrafa baxdım, kimsə gözə dəymirdi…
Elmira, o gündən xəyalın əlimdən tutub məni gəzdirir. Hara getsəm gözümün önündəsən. Baxdığım hər yer, gördüyüm hər şey səni xatırladır. Geyindiyin paltarın heç birinin rəngi yadımda deyil. Səni hər yerdə ağ geyimdə görürəm. Bəlkə havalanmışam, bəlkə dəli olmuşam, bilmirəm. Onu bilirəm ki, dekabrın 22-dən sonra ilk dəfə yanvarın 22-də başımı qaldırıb göy üzünə baxdım. Bircə ulduz görünürdü. O da səni xatırlatdı, sənin kimi ağ geyimdə bərq vurur, göy üzündə cilvələnirdi. Baxmaqdan doymadım. Gözlərimin dəryasında qərq olunca baxdım. Və uşaqlar nəvələrin Billurla Elmiranı inandırdıqları kimi, mən də özümü inandırdım. İnandırdım ki, o göy üzündə gördüyüm sənsən…

Bacı, hər bahar gələndə, hər torpaq oyananda, hər “Novruz” yaxınlaşanda qəbir ziyarətinə gedirdim. Nakam qardaşı ilə həddi buluğa çatmamış balalarını başına yığan atamın ziyarətinə. Baxırdım ki, məndən qabaq biri gəlib. Qarayaşlı Şərəfxanımın, 3 yaşına çatmamış haqqa qanadlanan Məshətimin qəbri üstünə bayram səmənisi qoyub, ətrafını qərənfillərlə bəzəyib. O, sən idin. Gəlişindən, gedişindən bilirdim. Nə mən deyirdim, nə də sən eşitdirirdin. Hər kəs bildiyini özündə saxlayırdı. Budur, yenə “Novruz” yaxınlaşır, yolunu gözləyirlər, yəqinki bu dəfə gələ bilməyəcəksən. Amma əminəm ki, ruhun gələcək, nə vaxt gəldiyini, necə gəlib getdiyini bilən olmayacaq. Mənimlə halallaşmağa gəldiyin kimi…
Son gəlişin çox həzin, çox hüznlü idi. Ağrıdığın üçün heç maskanı da çıxarmadın. Danışmaq da istəmirdin. Həmişə sənə pay qoyanda hay-həşir qoparırdın, bir çöpümüzü, belə, aparmağa qıymırdın. Amma bu dəfə Allah verəndən nə qoydularsa dillənmədin, götürdün. Gedəndə də Allah gözümü kəsməsin,- dedin. Qal dedim,- səhər səni həkimə aparım. Qalmadın. Həmişə səni darvazadan özüm yola salırdım. Bu dəfə getməyini istəmirdim, deyə-qüssə məni basmışdı. Dalınca çıxa bilmədim. Uşaqlar yola saldı və bu son gedişin oldu. Xəstəxanaya getdin. Nigaran olanlara deyirdim,- Elmira mənimlə halallaşmadan getməz, siz narahat olmayın! Amma sonradan anladım ki, sən o gün xəstə halınla elə mənimlə halallaşmağa gəlibmişsən. Payımız da axır payın olduğu üçün xətrimizə dəyməmisən…
Oturub şəkillərinə baxırdım. Həmidənin toyunda qoluma girib çəkdirdiyin son şəkildə o qədər bəxtəvər görünürsən ki. Kaş mən yanında olanda nə qədər bəxtəvər olduğunu sağlığında bilərdim. Bilsəydim səndən heç ayrılmazdım…

Bacı, mənsiz keçən ağır günlərində yanında ola bilmədiyim üçün məni bağışla! Onsuz da özüm bağışlaya bilməyəcəyəm, heç olmasa sən bağışla!
Sən məni bağışla, qurbanın olum,
Dar gündə yanında ola bilmədim.
Səndən əsirgədim, qırılsın qolum,
Qolumu boynuna sala bilmədim.

Qocalmamış tor ələndi gözümə,
Titrəyir əllərim, baxmır sözümə.
Sən gedəndən yer tapmıram özümə,
Bir yer elə gələcəyəm yanına.

Cismimdə canım yox, ruhum da uçub,
Gecələr yatmıram, yuxum da qaçıb.
Qırx günün içində dərdim dil açıb,
Fikir verən yoxdu ah-fəğanına.

Göz yaşımla xatirəni yazıram,
Misra-misra məzarımı qazıram.
Ağ kəfəndə görüşünə hazıram,
Qıyarsanmı Tamxil qıya canına?!

Bilirsən könlümə nə düşüb? İstəyirəm Kurutda-ata evimizdə olaq. Mən nadinclik eliyəm, sən də odun sobasının qırağından maşanı götürüb məni gözdən itənə qədər qovasan. Amma qayıdanda səni evimizdə görəm…
Bacı, bilirəm, ruhun da mənimlədir. Ona görə sənə bir sirr verəcəm. İlk rekviyemi Sumqayıtdakı “Uşaq məzarlığı”nda yazmışdım. Deyəsən mənə yazı qabiliyyəti verənə xoş getməmişdi. İki körpə balamı əlimdən aldı. Sonra əzizlərimi, dostlarımı aldı, mən yenə yazdım. Axırda məni cəzalandırmaq üçün səni əlimdən aldı. Budur, yenə Sumqayıt məzarlığındayam. Bu dəfə səninlə təkbətək, baş-başa. Elə burdaca sənə bir söz verirəm, daha rekviyem yazmayacağam…

Sonuncu sözümü də deyim biləsən ki, sənə görə yüzlərlə bəlkə də minlərlə dost-tanışım, əqidədaşım, el-oba adamı, Bütöv Azərbaycan sevdalısı dərdimə şərik olub. Üzbəüz, telefonla, qəzet, social şəbəkə vasitəsilə mənə başsağlığı verib, səbr diləyiblər. Onlardan bircəsinin adın şəkəcəm, Əntiqənin. Məni özünə qardaş sayan Əntiqə Rəşid bircə kəlmə dedi. Dedi qardaş, “keşkə” Allah sənə o dərdi verməyəydi.
Bacı, bu “keşkə”nin ifadə tərzi mənə madar qardaşını faciəli şəkildə itirmiş bir bacının fəryadı, naləsi kimi gəldi. Heç deyə bilmədim ki, bəli, kaş ki, Allah heç birimizə bu dərdi verməyəydi. Bu dərddən bitməyən həsrət doğur.

Həsrətlə: qardaşın
Tamxil Ziyəddinoğlu


P.S. Fürsətdən istifadə edib dərdimizə şərik olan, bizə başsağlığı verib, səbr diləyən hər kəsə ailəmiz adından minnətdarlığımızı bildiririk. Hər birinizə xeyir işlər arzulayırıq!

28-01-2022, 11:32
“Azərbaycanla Ermənistanın dəmir yoluna dair qarşılıqlı anlaşması var” - Qriqoryan

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan regional nəqliyyat kommunikasiyalarının açılmasından danışarkən deyib ki, Bakı və İrəvan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var.

Modern.az-ın məlumatına görə, “dəmir yolu ilə bağlı müsbət məqamlar var”, - deyən Qriqoryan hazırda ekspertiza işlərinin aparıldığını, nəticələrini daha sonra açıqlayacağını qeyd edib.

Bbaş nazir müavininin sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə konkret iş aparır - bu, Ermənistan ərazisində olan həmin hissələrdə dəmir yolunun tikintisidir.

Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Soçi və Brüsseldə keçirilən görüşlərdə dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə olunduğunu və təsdiqləndiyini təsdiqləyib. Bununla bağlı Ermənistanın baş naziri yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.

Bütöv.az
27-01-2022, 21:13
Göyçə-İrəvan yolunda onlarla maşın bir-birinə girdi – VİDEO

Ermənistanda hökm sürən hava şəraiti və yolların acınacaqlı vəziyyətdə olması zəncirvari qəzaya səbəb olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Göyçə-İrəvan yolunda 20 maşın qəzaya uğrayıb.

Avtomobillərdən bəziləri yolun hərəkət hissəsindən çıxaraq aşıb, bəziləri ağaca çırpılıb.




Bütöv.az
27-01-2022, 12:47
Zəngəzur dəhlizi gözlənildiyindən tez istifadəyə VERİLƏCƏK

Artıq Horadiz şəhərindən qatarlar işğaldan azad olunan Cəbrayıl rayonuna hərəkət edə bilirlər.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ümumi uzunluğu 110.4 km olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb:
"Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Bu arada Ermənistanın baş naziri Arazadəyən-Horadiz dəmir yolu xəttinin öz ölkəsindən keçən hissəsinin bərpası ilə bağlı işçi qrupu yaradıb. Bərpa olunacaq dəmiryolu xətti Zəngəzur Dəhlizinin Ermənistan hissəsini əhatə edəcək və Horadiz-Ağbənd xəttinə inteqrasiya olunacaq".
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinin intensiv həyata keçirilməsi Zəngəzur dəhlizinin gözlənildiyindən daha tez istifadəyə veriləcəyindən göstərir:
"Daha qısa zamanda Azərbaycan vətəndaşları Zəngəzurdan keçməklə quru yolu ilə ölkəmizin qərb hissəsindən Naxçıvana səfər edə biləcəklər. Bütün yollar Zəngəzura aparır!"

Bütöv.az
20-01-2022, 14:11
Ayaz Musayev yaradıcılığı - Çağdaş çağımızın çağlayan çayı

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

İsti yay günlərindən biri idi. Zamanın dostluq, aşinalıq süzgəcindən mərdliklə keçən Səyavuş Əlizadə ilə Mərdəkanı qarış-qarış gəzirdik. Xoş xatirəyə çevrilən, yaddaşımızda əbədilik qazanan bu gəzintiyə göy üzündə günəş çıxmazdan qabaq başladıq. Səyavuşun dünənə dayalı, sabaha inamlı sözündən-söhbətindən, sanki nur çilənirdi. Tariximizin, mədəniyyətimizin, incəsənətimizin sözün əsl mənasında keşikçisi olan kolleksiyaçı ilə görüşümüz Mərdəkan qalasında, günəşin batan tellərini izləməklə yekunlaşdı.
İllər bundan öncə, məhz həmin gün Səyavuş Əlizadə mənə böyük sevgilə ərsəyə gətirdiyi "Bakılı belə danışır" kitabını da hədiyyə etdi. Sonra da dostcasına, qardaşcasına: "Ədə, kitabı mütləq oxu, haaa!" - söylədi. Müəllifin bu fikirləri sevgidən doğan istək və tələb idi. Əlbəttə, tələb etməyə də mənəvi haqqı çatırdı, çünki müəllifin kitabının hasilə gəlməsində ömrünün altmış ilini ədəbiyyatımızın tərəqqisi yolunda şam kimi əridən xalq yazıçısı Qılman İlkinin böyük zəhməti, fədakar əməyi olmuşdur.
Səyavuş Əlizadənin o zamankı fikirləri indiki kimi yadımdadır: "Qılman müəllimlə hər görüşümüz yenilik idi, tapıntı idi. Bildiyini sevə-sevə öyrədir, köməyini əsirgəmirdi. İlk kitabımın da baş məsləhətçisi oldu, yorulmadan redaktə etdi". Daha sonra əlavə edərək: "Əsgər, Qılman müəllimin oğlu Ayaz Musayev böyük yazıçımızın şərəfli yolun davam etdirir." - dedi. Və çox keçmədi ki, "Tanıyırsanmı?" - sualını da mənə ünvanladı.
Tale elə gətirdi ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi oldum. Ayaz Musayevin timsalında fakültəmizin digər vicdanlı müəllimlərini yaxından tanıdım. Buna taleyin xoş qisməti, xoş niyyəti... və sadalanacaq yüzlərlə söz birləşməsi tapmaq olar. Odur ki, göydə taleyi yazan Tanrıya, yerdə isə taleyimizdə əvəzsiz rol oynayan müəllimlərimizə min kərəm şükür (!) və min kərəm təşəkkür (!) yetirir, fikirlərimə isə davam edirəm.
Fikir demişkən, Ayaz Musayevin "Dialoq" adlı kitabında xüsusi bir məqam diqqətimi çəkir. Fakültəmizin sadə və səmimi müəllimi Mahmud Mahmudov həmin kitabda "Müəllif haqqında söz" adlı sərlövhə altında yazır: " "Ata yolu" adlı gələcək kitabımın əlyazmasına "Ön söz"ü almaq üçün mərhum yazıçımız, görkəmli sənətkar Qılman İlkinin mənzilinə gəlmişdim". Mahmud müəllimin digər fikirləri də olduqca maraqlı və əhəmiyyətli çəkiyə malikdir: "Ayaz müəllim hər şeydən əvvəl olduqca sadə və təvazökar bir insandır. Hər hansı məsələ üzrə özünü öymək, döşünə döymək onun təbiətinə busbütün "müğayırdır".
Müəllimimiz Mahmud Mahmudovun fikirləri ilə yazının əvvəlində adını çəkdiyim gənc kolleksiyaçı, hələ o zaman ilk kitabı işıq üzü görən əziz dostum Səyavuş Əlizadə düşüncələri arasında yaxınlıq və ortaya çıxan nəticə ondan ibarətdir ki, xalq yazıçısı Qılman İlkin göstərdiyi mənəvi qayğı ilə (burada fiziki zəhmət də var) həm də xalqın övladı olmağı bacarmışdır. İndi bu yüksək keyfiyyətlər: kübarlıq, zadəganlıq, əsilzadəlik özünü Ayaz Musayevdə göstərir.
Jurnalistika fakültəsinə qədəm qoyduğum ilk dərs günü yadımdadır. Ayaz müəllim yuxarı kurslara dərs tədris edirdi. Auditoriyanın qapısı isə açıq idi. Demək olar çox dərslər yekunlaşmışdı. Fakültədə az adam var idi. Mən isə dəhlizdə var-gəl edirdim: kitabım auditoriyaların birində qalmışdı. Sabahkı dərsə hazır olmalıydım. Narahat və nigaran halıma Könül Niftəliyeva və Ayaz Musayev biganə qalmadılar. O zaman müəllimlərimin mənəvi böyüklüyünü gördüm. Ayaz müəllimin sadəliyi və istiqanlığı isə tələbə qəlbinə o vaxtdan yol tapdı... Böyük M.S.Ordubadi əbəs yerə deməyib ki, "qədəmlərini tanıdığın yerlərə qoy".
Ənənələrə sadiqlik, müasirliyə açıqlıq Ayaz müəllimin təbiətindədir. O, mütərəqqi insan, zamanla ayaqlaşan ziyalıdır. Bütün bunlar onun yaradıcılığında da özünü göstərir. Vaxtilə dəyərli yazıçımız Qılman İlkin "Bakı və bakılılar" əsərində paytaxt Bakı ilə bərabər onun kəndlərini, tarixini, camaatını, bir sözlə keçmişini və çağdaşlığını qələmə alır. Yazıçının "Sən Bakını tanıyırsanmı?" adlı kitabı isə tarixi qaynaq baxımından olduqca əhəmiyyətlidir. Burada Bakının bilinməyən tərəfləri, sirli məqamları yazıçı məharəti ilə oxucuya çatdırılır. Qılman İlkin yaradıcılığı, kitabları cəmiyyətimiz - biz gənclər üçün qoyub getdiyi mənəvi vəsiyyətdir, mənəvi qidadır.

Bu gün texnologiyanın yüksək inkişafının nəticəsi olaraq, hər birimiz həm də sosial şəbəkənin bir üzvünə çevrilmişik. Ənənəvi münasibətlər həm də onlayn məcraya "daşınıb". Beləliklə, ənənəvi dostluğun onlayn davamını yaşayırıq. Bu yaşam tərzi fərqli və maraqlıdır. Kübar insanlar burada da öz yüksək mədəniyyəti ilə seçilirlər.

Ən böyük sosial şəbəkə olan FB istifadəçi sayına görə də seçilir. Adi həyatda olduğu kimi, burada da müəllimlərimizlə dostluq edirik. Ayaz müəllim dövrün müasir tələbini ziyalı baxışı, maarifyönlü istiqamətdə davam etdirərək, burada da gənclərə müəllimlik etməyi bacarır. Onun sosial şəbəkə üzərindən Azərbaycan tarixini və Bakının müasirliyini əks etdirən fotoşəkilləri, müdrik deyimləri olduqca sevilir və rəğbətlə qarşılanır. Və bunun nəticəsi olaraq, "Fikirlərə Bürünmüş Sətirlər" kitabı ərsəyə gəlir. Hətta deyərdim ki, bu kitabın sətirləri ətirlidir. Bu kitab həm də bir tələbənin, yəni mənim stolüstü vəsaitimə çevrilib.
Ayaz Musayevin işıq üzü görən kitabına ön sözü Ustad Cahangir Məmmədli yazıb. Və bu kitabı "ağıllı kitab" adlandırıb. Redaktoru isə dosent Mahmud Mahmudovdur. Müəllimlərimdən sonra bu kitab haqqında fikir bildirmək isə bir tələbə üçün məsuliyyətli və şərəflidir. Onu da qeyd edim ki, kitabda dünənlə bu gün arasında sıx vəhdət halını almış, müasir qiyafə "geyinmiş" fikirlər də var. Qədim xalqın bəzi deyimləri müəllifin diliylə müasirlik qazanmış, çağdaş çağımızda çay kimi çağlayıb, oxucu qəlbinə yol tapa, cığır aça bilmişdir.
Bəşəriyyəti adını dilimizə gətirmək istəmədiyimiz məlum virus bürüyəndə və dünyaya "Evdə qal, sağlam qal" sos siqnalı veriləndə Ayaz Musayev sosial şəbəkə vasitəsilə maraqlı sətirlərə imza atdı. Fikirlərin bir çoxunu kitabda oxuyuruq: "İnternetsiz dünya adama dar görünür", "Ey distant rejimində keçən həyat, sən nə qəribəsən!"
El dilində belə bir deyim var: "Mart çıxdı, dərd çıxdı". Ümumbəşəri virus da ölkəmizə məhz mart ayında "gəldi". O zaman yuxarıda çəkdiyimiz el məsəlinə Ayaz müəllim maraqlı yanaşma sərgilədi: "Mart mərd çıxdı, amma dərd naxələf çıxdı". Görünən də odur ki, naxələf virus hələ də bəşəriyyət üzərindən sovuşmayıb.
Kitabda tərbiyəvi əhəmiyyətə malik çoxsaylı sətirləri görmək olar: "Fikriniz haradadırsa, özünüz də oradasınız. Odur ki, həmişə yaxşı yerlərdə olmağa çalışın". Yaxud: "Feysbukdakı dostları mənə göstər, sənin kim olduğunu deyim". Bu fikirlərdə əxlaq, mədəniyyət yükü vardır. "Heç kim bu dünyaya əbəs yerə gəlmir. Hər bir insanın öz missiyası var" - deyən Ayaz Musayev hər kəsi düzgün əməl sahibi olmağa, yaxşı işlər görməyə, qəlbində xeyirxahlıq toxumunu cücərtməyə çağırır. Bu deyim isə müəllifin dilindən bəşəri səslənir: "Xeyirxahlıq və mərhəmətə nə məhdudiyyət? Təki istək olsun!" Ayaz müəllimin bu qəbildən olan digər deyimlərinə də nəzər salaq: "Özgə bostanına daş atmayın. Həmin daş bumeranq kimi özünüzə qayıda bilər.", "Balta unudar, amma ağac yaddan çıxarmaz!", "Xoş o kəslərə ki, yaxşılıqdan başqa əllərindən bir iş gəlmir."
"Siz dünyada öz bacarığınızdan istifadə edə biləcək yeganə insansınız" - cümləsi isə bəşər insanını qəflət yuxusundan oyadır, onun yadına ən ali varlıq olduğunu salır. Həqiqətən də bacarıq saf əmələ, düzgün tərbiyəyə, vicdana söykənməlidir. Hələ o zaman Sədi Şirazi deyirdi:
Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər.

Ayaz Musayevin bu fikirləri isə dediklərimizə ən tutarlı cavabdır: "İnsaniyyət olmayan yerdə heç nə yoxdur!"
Ayaz müəllimin "Fikirlərə Bürünmüş Sətirlər" kitabında diqqətimi çəkən ifadə belədir: "Mədəniyyət əncir yarpağı ilə başlayır. Əncir yarpağı götürüldükdə mədəniyyət məhv olub gedir." Bu deyimin fəlsəfi qatını açmaq olduqca çətindir. Odur ki, mənəvi tərəfinə toxunaq. Bütün ağacların çiçək açdığını görürük, amma əncir ağacında bu mənzərə elə də gözə çarpmır. Təbii ki, əncir ağacı da çiçək açır. Ancaq bu çiçəklər içi boş meyvələrin daxilində gizlənir. Bu da Tanrının bir möcüzəsidir. Narın dilimləri arasında olan pərdənin özü də Yaradanın möcüzəsidir. Bunu bədii şəkildə həm də mədəniyyət, əxlaq pərdəsi də adlandırmaq olar. Əncir yarpağı da ilk bəşər övladının abır-həya pərdəsi olub. Əncir çiçəyinin gizli açılması kimi, insan bədəninin də məhrəm qatlarının açılmaması, gizli qalması lazımdır.
Meyvə adı çəkmişkən yadıma ağ şanı, qara şanı, Kəhrəba üzümü, ənciri... ilə məşhur olan Bakı düşür. Və bir də əməlləri, gördüyü işlərilə xalqın qəlbində müqəddəslik qazanmış insanlar. Böyüklərdən eşitdiyim, bəlkə də oxuduğum bu olmuş hadisə isə düşünürəm ki, oxuculara, bunu bilməyənlərə də maraqlı olacaq. Azərbaycan milli burjuaziyasının ən parlaq simalarından olan, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ömrünün sonlarını Mərdəkandakı bağ evində keçirirdi. O zaman hələ uşaq olan Qılman İlkin və dostları hər kəs kimi dənizə çimməyə gedərdi. Onların yolu, məhz Tağıyevin evlərinin yanından keçərdi. Tağıyev dəfələrlə o uşaqları bağına meyvə yeməyə dəvət edibdir. Tağıyev hər amalı, əfkarı, məqamı ilə xalqına atalıq etməyi bacarıb. Ayaz Musayevin haqqında danışdığımız kitabında müəllifin Tağıyev haqqında olduqca müdrik kəlamı yer alır: "Hər varlanan hacı - Zeynalabdin olmaz!"
"Yubiley - çoxlu insan, gözəl nitqlər, gül dəstələri... Amma sən hələ sağsan." - müəllifin bu ifadəsində kinayə var: insana vaxtında dəyər verilməsinə hesablanıb. Sətirlərə qüvvət olaraq yada qüdrətli şairimiz Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri düşür:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Bu dəfə yamanın "ay aman" - diləməsi də onu məğlubiyyətdən, kapitulyasiya aktını imzalamaqdan qurtara bilmədi. Orta məktəbdə oxuyanda Qılman İlkinin "İntiqam" hekayəsini oxumuşdum. Sonralar həmin hekayənin filminə də baxdım. Qarabağ mövzusunda yazılan hekayədə namuslu Azərbaycan qadını erməni terrorçusundan intiqamını alır. Bu səhnə məni uşaq olmağıma baxmayaraq ruhlandırmışdır. Vətən torpaqlarının azadlığına inamımı artırmışdı. Tanrıya şükürlər olsun ki, zaman yetişdi. Haqq öz yerini tapdı. Ayaz Musayevin müdrik fikirləri kimi: "Qarabağ savaşı: 30 il duruş, bir gün vuruş!"

Bütöv.az
20-01-2022, 13:49
Ramiya İmranqızının ədəbi dünyası

Məryəm İmanova,
BDU Jurnalistika fakültəsinin II kurs tələbəsi

Ramiyə İmranqızı (İskəndərzadə Ramiyə İmran qızı) 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetini (BDU) bitirib. Elm və mədəniyyətə çox böyük dəyər verən Ramiyə İmranqızı 2003-cü ildə "Azərbaycanın qadın aşıqları" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ramiyə xanım bir tədqiqatçı kimi apardığı dəyərli elmi araşdırmaları qadın aşıqlarımıza verilən ən böyük dəyərdir. Digər tərəfdən, Ramiyə xanımın özünün də satirik istedadı bu elmi tədqiqat işinin yüksək səviyyədə ərsəyə gəlməsinə təkan vermişdir. "Ömür bir karvandır" seçilmiş şeirlər kitabı ədibin yaradıcılığının bir hissəsini təşkil edir. Oxuculara təqdim olunan bu kitabda müəllifin qəlbləri oxşayan gözəl şeirlərlə birlikdə, onun topladığı və dahilərin dediyi müdrik kəlamlara da yer verilir.
Filoloqun şeirlərinin böyük hissəsini bizi dünyaya gətirən müqəddəs varlığa- anaya həsr edib.

Onun "Ana" şeirindən:

"Gəl, öpüm mən sənin o ağ saçından,
Mənə pay vermisən sən öz yaşından.
Gecələr yatmayıb böyütdün məni,
Gözlərim rəng aldı qara saçından"
O, öz anasının timsalında digər anaların övladları uğrunda çəkdiyi əziyyəti vurğulayır. Saçlarını övladı yolunda ağardan, öz varlığı ilə ümid olan, ömrünü ona həsr edən analar...
Onun "Anamı düşünərkən" şeirindən:
"Yəqin, görüşərik səninlə bir gün,
Sənsizlik ürəyimi üzdü büsbütün!
Onda sarılarıq bir-birimizə,
Allah da son qoyar həsrəti bizə!"

Hər misrası ürək ağrıdır. Xanım bu şeirləri ilə oxucuları valideynlərinə elə sağ vaxtı hörmət bəsləməyə çağırır. Bizi onların qədrini dünyadan getmədən bilməyə səsləyir. Çünki bu zalım zaman onları bizdən alanda insanın lap canından can ayrılır.
Özü kimi yetişdirdiyi övladları da ziyalı, öz sözünü demiş insanlardır. O, bütün əsgər analarının səsi kimi çıxış edərək mükəmməl şeirlər ərsəyə gətirmişdir.
"Oğul" şeirinə nəzər salaq:

''Tökülsə də, qanın o yurd yerinə,
Qoyma, Vətən oğlu, qəddin əyilə!
Düşmən məğlub olub məhv olan günə,
Ağ qoçu qurbanlıq bağlaram, oğul!"
Ramiyə xanımın bu misralarından aydın olur ki, sonu ölüm belə olsa, düşmən məhv edilməlidir.
"Namusun, qeyrətin qoy coşsun sənin,
Düşmən əlindədir neçə qız, gəlin.
Qanını almasan, sən şəhidlərin,
Axirət evində yanaram, oğul!"

Yuxarıda gətirdiyimiz nümunələrdən yola çıxaraq deyə bilərik ki, Ramiyə xanım bu gün müasir Azərbaycan ədəbiyyatında özünün orijinal üslubu ilə fərqlənən ədiblərdəndir. Düşünmək olar ki, müəllif gələcəkdə Azərbaycanda ədəbiyyatına daha böyük töhfələr verəcək.
Vətənpərvərlik mövzulu şeirləri ilə ictimai şüuru formalaşdıracaq.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!