İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
24-06-2023, 11:34
Bitməyən dərs..

Bitməyən dərs...
(...Məzunların müəllimlərlə görüşü)

65 illik ömrümüzün yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birimizdən ayrı keçirdik. Uşaq vaxtı nə qədər çox dalaşırdıqsa, böyüdükcə bir-birimiz üçün o qədər çox darıxdıq. Qarı düşmən bizə burnumuzu göynədən qəriblikdən xilas yolu saxlamadı. 1988-ci ildən sonra ümumilikdə ellərimiz pərən-pərən salındı. Bu dərd yükün şələlənib hərəmiz dünyanın bir ucuna üz tutduq. İllərlə bir-birimizdən xəbər tuta bilmədik. Sən demə sıralarımız yavaş-yavaş seyrəlirmiş. Bəzilərinin heç ölümündən xəbərimiz olmayıb. Ömrümüzün ahıl çağlarında -Gığı kənd orta məktəbindən məzunluğumuzun 48-ci ildönümü münasibətilə görüşmək istədik. Təəssüf ki, bu görüşə əzizlərimizdən Söhbət Mətiyev, Zahid Kərimov, Əyyub Balakişiyev, İmamverdi Orucov, Adil Azadəliyev, Xavər Həmzəyeva, Zahid Quliyev, Elenora Mahmudova, İslah Mahmudov, Mirim Əsədov, Südabə və Tamella Niftalıyeva əmiqızları gələ bilmədilər. Çünki ruhları göylərə çəkilib, xaraba kəndlərimizin viranələrini dolaşırdı. Yeniyetməlik illərimizin yadigarlarından bizə acılı-şirinli xatirələr qaldı:
Əzizim, dərdə sarı,
Dərd çəkər dərdə sarı.
Qürbətdə dərd əlindən,
Sinəm oldu dərd hasarı... (T.Z)


Bu görüş üçün özəl bir gün seçilmişdi- 28 may Azərbaycan Dövlətinin Müstəqilliyi günü. Zəngəzur mahalının Qafan bölgəsindəki Gığı kənd orta məktəbinin 1975-ci il məzunlarının 2023-cü ilə təsadüf edən görüşünün qonaqları da özəl idi. Əslində biz sinif yoldaşlarımızın bir qismi ilə martın 26-da Masazır qəsəbəsindəki “Qədim Naxçıvan” Ailəvi İstirahət Mərkəzində görüşmüşdük. Elə orda da növbəti dəfə müəllimlərimizin işığına yığışmağı qərara almışdıq.
Qəribədir ki, həmişə müəllimlərin sinif otağına geç girməsini arzulayan qoca “məktəbli”lər bu dəfə müəllimlərin gəlişini həsrətlə gözləyirdilər. Kimisi yola baxır, kimisi yaxınlaşan maşının qabağına qaçır, kimisi də bu duyğulu anları kameranın lent yaddaşına alırdı. Sucəddin müəllim məkana hamıdan qabaq gəlmişdi. Ürəyi çox yuxalmışdı. Heç kimdən dərs soruşmadı, heç gecikənləri tənbehləmədi də. Hər kəsi illərlə həsrətini çəkdiyi balası kimi bağrına basdı. Müəllimimiz 48 illik ayrılıqdan sonra bizi öpdü, biz də elə 48 il əvvəlki kimi uşaqlaşdıq...
Beləcə ömrümüzün ən yaddaqalan bir gününü yaşadıq... Yuxarıda adları qeyd olunan mərhum sinif yoldaşlarımızın xatirəsini sayğı duruşu ilə yad elədik. Dünyasını dəyişən müəllimlərimizin ruhları qarşısında, görüşümüzə gələn müəllimlərimizin- Sucəddin Məmmədovun, Mübariz Vəliyevin və Tofiq Hüseynovun şəxsiyyətləri qarşısında baş əydik.
Beləcə görüşün təşkilatçısı Sərvər Azadəliyev hər kəsə xoş gəldin deyib, Sucəddin müəllimdən məclisimizi axara salmağı xahiş etdi.

Sucəddin Məmmədov: Xoş gördük hamınızı! Aradan keçən illər ərzində çox şey dəyişib. Çöldə dayanmışdıq, gələnlərinizin bəzilərini çətinliklə tanıdım. Bunların hamısı deportasiyanın, ayrılığın yaddaşımızda buraxdığı izlərdir. Halbuki tanıya bilmədiyim “uşaq”ların hamısının adları mənim siyahımda var. Dediyim siyahıda ali məktəbə qəbul olan 1803 şagirdimin adı yazılıb. O cümlədən aranızda əyləşənlərin hamısının.
Mən arzu edirəm ki, belə görüşlər davamlı olsun. Çünki belə görüşlərin, ünsiyyətlərin davamlılığı insanlar arasında səmimiyyətin artmasına, mehribançılığın yaranmasına səbəb olur. Sizi görəndə mən 1973, 74, 75-ci illəri xatırladım. O vaxt sinif otaqlarına sığmayan, qanı qaynar yeniyetmələr idiniz. Amma indi hərəniz bir peşə sahibisiniz, bir süfrə arxasındayıq, artıq bəzilərinizlə iş yoldaşı olmuşuq. Yəni müəllim şagird münasibətləri fərqli çalar alıb. O vaxtkı mühit başqaydı, abu-hava isə bambaşqaydı. Bilirsiniz insanlar arasında səmimiyyətin azalması insanlığın yox olması ilə nəticələnir. Səmimiyyət varsa, demək hər şey var...
Bu arada Sucəddin müəllim öz müəllimlərini də xatırladı. Muxtar Baxşəliyevi rəhmətlə andı. Dedi ki, Muxtar Baxşəliyev həm mənim müəllimim olub, həm xeyirxahım olub, həm də ixtisas seçimimə vasitəçi olub. Beləki böyük qızı Nüşabə ailə həyatı quranda cəbr, həndəsə, fizika kitabları ata evində qalmışdı. Muxtar müəllimin mənə verdiyi həmin kitablar ali məktəbə qəbul olmağımda çox köməyimə çatdı. Gəlin fürsətdən istifadə edib aramızdakı tək bacımız, həm də Muxtar müəllimimin yadigarı İradə xanımı dinləyək:

İradə Baxşəliyeva: İnanın ki, bu görüşü çox həsrətlə gözləyirdim. Biz bu yaxınlarda bir WotshApp qrupu yaratmışıq. O qrupdakı sinif yoldaşlarımızın hamısının səsini eşitmək üçün ürəyim əsir. Uşaqlarımdan qabaq sinif yoldaşlarımın səsini dinləyirəm. Sinif yoldaşımız Muxtarın səsinə həmişə azı 3-4 dəfə qulaq asıram. Hər dəfə də gözlərim dolur. Çünki Muxtarın həm adı mənə doğmadır, atamın adını daşıyır, həm də elə danışıq forması mənə atamı xatırladır. Sizinlə hərəmiz bir kənddən gəlirdik, amma Sucəddin müəllimlə eyni kənddənik. Kartof əkini yerlərimiz yan-yana idi. Anası Əsmər xala həmişə kartof yığımı vaxtı bizi yanına çağırıb, böyük ağacın qanadları altında süfrə salardı, qonşuları qonaq edərdi. Bir də bizim çoxlu gilas ağacımız vardı. Atam ağacın birini Bakıda yaşayan əmilərim, birini də şagirdləri Sucəddin müəllim, Mübarək, Feruz, Oktay və Arif üçün ayırmışdı.
İradə xanım qonşuluq münasibətindən tutmuş kənd toylarına, müəllimlərimizin şagirdlərinə göstərdiyi diqqət və qayğıya qədər hamısını xatırladı...

Müəllimimiz Mübariz Vəliyev 28 May Respublika Günü münasibətilə müəllim yoldaşlarını və şagirdlərini təbrik etdi. Ünvanımıza bütün şagirdlərin öz müəllimindən eşitmək istədiyi ən xoş sözləri söylədi. Bizlərlə qürur duyduğunu bildirdi. Hamıya uzun ömür, sağlamlıq arzuladı. Bir də arzu etdi ki, bayrağımız həmişə yüksəklərdə dalğalansın. Onun şagirdləri olaraq dost, yoldaş və vətəndaş kimi bir-birimizin üzünə, gözünə dik baxa bilək.
Uşaq həkimi Ələmşah Əliyev, Şikarı müəllim Nəcəfov, Nəbi müəllim, mühəndis Ramiz Tahirov, Vahid həkim Umudov, Firudin, Kərəm Ağalarov və başqaları ayrı-ayrılıqda müəllimlərimizə olan sevgilərindən danışdılar. Məktəb illərinin xatirələri çözələndi...
Tamxil Ziyəddinoğlu bildirdi ki, insan həyatında 3 yaradılmış var ki, onlara münasibət ömür boyu dəyişmir. Birinci valideyndir ki, övlad onun qabağında 1 yaşında da uşaqdır, 100 yaşında da. İkincisi və daha müqəddəsi müəllimdir ki, şagirdi 7 yaşında da 77-sində də müəlliminin qarşısında şagirddir və hərtətəfli cavabdehdir. Müəllimlərim bağışlasın, ölüncə dəyişməyən üçüncü hiss isə valideynlik hissidir.
Tamxil Ziyəddinoğlu müəllimlərinin onun həyatında, ixtisas seçimində oynadığı rolu ibtidai sinifdən başlamış ali məktəbə qədər təhlil etdi. Müəllim sevgisi ilə fənn sevgisi arasında qırılmaz bağ olduğunu bildirdi. Qeyd etdi ki, ibtidai sinif müəllimim Əlayət Bayramov olub:
Yazmağı mənə Əlayət müəllim öyrətdi. Bizim sinfin bütün şagirdləri, necə oxumasından asılı olmayaraq, gözəl xətlə yazırdı. Çünki müəllimimiz fərq qoymadan hamımıza, özü kimi, yaxşı yazmağı öyrədirdi. İbtidai təhsil vaxtı mərhum Möhbalı Bəndəliyev hesab-riyaziyyat dərsi keçirdi. Bizi yarışdırır daha yaxşı oxumağa həvəsləndirirdi. Riyaziyyatı sevə-sevə öyrənib, yaxşı oxuyurdum. 1970-ci ildə sevimli müəllimim kənddən köçüb getdi. Sanki özü ilə bərabər riyaziyyata olan sevgimi də apardı. Texniki fənlərə marağım azaldı, həvəssiz oxumağa başladım. Kəndimizdə orta məktəb olmadığından 9-10-cu siniflərə Gığı kəndinə getdik. Orda məktəbə yenicə təyinat almış gənc, yaraşıqlı, ciddi görkəmi olan Sucəddin Məmmədovun şövqlə tədris etdiyi Fizika fənnini eyni şövqlə öyrənib, yaxşı hazırlaşırdım. Amma bu dəfə də bəxtim gətirmədi. Aradan üç ay keçmişdi, sevimli müəllimim Sovet Ordusu sıralarında xidmətə getdi. Fizikaya “qonan quşumu”da onun gedişi uçurdu.
Beləcə müəllimlərim dəyişdikcə ovqatım da, dünyaya baxışım da dəyişdi. Orta təhsil illərimin son ruhdaşı ədəbiyyat müəllimimiz mərhum İdris Piriyev bir gün mənə dedi ki, əgər yaxşı oxusan baban Əbdürrəhimin nağılını sənə danışacam...
Rüblük, illik 5 yazdı, amma nağılı danışmadı. İmtahandan 5 alarsan danışaram,-dedi. Beləcə məni ovuda-ovuda jurnalist elədi. Fəqət 1937-ci illərin repressiya qurbanı babamın nağılını danışmağa ömrü vəfa etmədi...

...O illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Gığı kənd orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.
Budur, 48 ildən sonra yollarımız yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Çayarasında haçalanan dağ yolları var, nə Həçətinin sıldırım qayaları, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Pəyhanda işıq yanır, nə Pürülüdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə hərə öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...
Xatirələrini bölüşən Xürrəm Bədəlov 28 may günü Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirildiyini xatırladaraq, Türk Dünyasının lideri Rəcəb Tayyib Ərdoğana müqəddəs Turan yolçuluğunda uğur dilədi. Bəlkə bu yol bizim də kəndlərimizdən keçər deyə,- öz şeirini oxudu:
Allah mənə qanad verə,
Göydə uçan quş olaydım.
Uçub gedib o yerlərə,
Bir anlığa tuş olaydım.

Getmə, dayan, a boz duman,
Dağlar yada düşüb yaman.
Əgər keçsəniz Qafandan,
Mən də sizə qoşulaydım.

Gəzəydim o dağ dərəni,
Görəydim bəndi, bərəni.
Toplayanda göy tərəni,
Toz torpağa bulaşaydım...


Muxtar İsmayılov əvvəlcə bütün sinuf yoldaşlarımız adından müəllimlərimizin qarşısında baş əydi. Sonra yaddaşına həkk elədiklərini bölüşdü, hətta bir az da irəli gedib müəllimlərimizi xarakterizə elədi. Dedi,- Tofiq müəllim xasiyyətcə bir az mülayim idi. Ancaq Sucəddin müəllim, sizin zəhminiz bu gün də mənim gözümün qabağındadır. Bizim heç birimiz sinifdə hansısa qeyri-normal hərəkət edə bilməzdik. Hər adamın həyatda bir idealı olur. Mənim idealım sizsiniz. Oturuşunuz, duruşunuz, bir müəllim kimi, şagirdləriniz qarşısında davranışınız, dediyiniz dərs, tələb elədiyiniz cavab və s. Gığı kənd klubunda Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını səhnələşdirmişdiniz. Tarda ifa edirdiniz, Kərəm də qəşəng zəngulə vururdu.
Muxtar o vaxtlar müəllimlərindən soruşa bilmədiklərini fürsət tapmışkən burda soruşdu. Amma deyim ki, soruşduqlarının fizikaya heç bir dəxli yox idi. Yəqinki elə o vaxtlarda bu emosianal gəncin fikri dərsdə yox, dağda-daşda, bir gözü müəllimlərdə, biri pəncərədən keçənlərdə, qulağı zəng səsində olub...
Görüşə yekun vuran Tofiq müəllim erməni faşizminin xalqımıza, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə vurduğu yaralardan, onların xisləti ucbatından sevimli şagirdlərindən ayrı düşməsindən təəssüflə söhbət açdı. Sucəddin müəllimlə deportasiyadan sonra da eyni kollektivdə çalışmasından danışdı...

...Arada yenə uşaq zarafatları, bir-birinə söz atmalar başladı. Müəllimlərimizin gözündən iraq düşən kimi qoca “uşaqlar” bir-birinin paxırın açdı. Bilmədiyimiz, unutduğumuz o qədər hadisələr yada düşdü ki, o illərə, o günlərə, elə o yerlərə qayıtmaq istədik.
Görüş təəssüratlarımı, 2004-cü ildə yazdığım və ilk dəfə sonradan quda olan sinif yoldaşlarım Əlisahiblə Tərgül xanımın övladlarının toyunda səsləndirdiyim “Özüm gələcəyəm, Qafanım mənim!” şeirilə yekunlaşdırıram:

Qafanım mənim!

Dözə bilməm sən yağıda qalınca,
Gözlə, ordum döyüş əmri alınca.
Azərbaycan əsgərinin dalınca,
Özüm gələcəyəm, Qafanım mənim!

İlanbaşlı yağıları əzməyə,
Əsir düşmüş oymaqları gəzməyə,
Lalələri, nərgizləri üzməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Köç gözləyir bir gün geri dönməyə,
Gədiklərdən bulaq üstə enməyə,
Yorğa köhlənləri yenə minməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Laçında düşmənin kəfənin biçib,
Mehridə atlanıb, Gorusdan keçib,
Orda qan içənin qanından içib,
Özüm gələcəyəm, Qafanım mənim!

Əl uzatdı qol boynuna salmağa,
Dədəm dözəmmədi sənsiz qalmağa,
Oğul böyüdürəm qisas almağa,
Özüm gələcəyəm, Qafanım mənim!

Çevirib düşmənin taxtı-tacını,
Siləcəm köksündən ağrı-acını,
Ziyarət etməyə Acıbacını.
Özüm gələcəyəm, Qafanım mənim!

Tamxil deyər, ormanlara baxmağa,
Qartal kimi qayalara çıxmağa,
Al bayrağı başın üstə taxmağa,
Özüm gələcəyəm, Qafanım mənim!


Tamxil ZİYƏDDİNOĞLU
Gığı məktəbinin 1975-ci il məzunu

"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023
24-06-2023, 07:43
SAF QƏLBİN SAHİBİ...


SAF QƏLBİN SAHİBİ...

"Dostlara töhfəm" silsiləsindən...
Çox dəyərli şair dostum, eloğlum İdris Babayev üçün...



Heç kəs qınamasın qohum, qardaşı,
Şeirimdən qoyulsun mənə başdaşı,
Oxusun anam da, qarışsın başı,
İdrisəm, eşidim anamın səsin,
Mənim ölməyimi anam bilməsin...


Qəlbin təmizliyinə, saflığına bax ki...Kim özünə arzular vaxtsız ölümü. Ürək lazımdır bunu dilə gətirməyə. Olum, ölüm bu ki, Allahın insana bəxş etdiyi məqamdır, andır. Mən nahaq yerə yazımı bu şeirlə başlamadım ki... Haqqında danışdığım İdris Babayevin gözəl şeirlərindən olan "Anam bilməsin" şeirindəndir...Əlimdə bir şeir toplusu, kitab var. "Bəxtsiz qonağıyam mən bu cahanın"- şair dostum İdris Babayevin çap edilmiş ikinci kitabı. Kitabı oxuyuram, bir-birindən maraqlı şeirlər məni ovsunlayır. Kitaba ön söz yazan dəyərli şairə dostumuz Aynur Yasəmən Əliyevadan, şair dostum Seyyid Süleymandan, oxucu-müəllim Aprel Məmmədovdan sonra yazı yazmaq mənimçün məsuliyyətli bir işdir.
Poetik fikirlərin fərqli üslubda, müxtəlif formada oxucuya çatdırılması müəllifə yalnız uğur gətirir. Yardımlı ədəbi mühitində sözünü demiş onlarca qələm əhli var. Yəqin ki, onları tanımamış deyilsiz. Bu gün aramızda Sakit İlkin, İqbal Nəhmət, Fikrət Şahbazlı, Zöhrab Zövünlü, Ələsgər Cəfər, Mehralı Mustafa, Pənah Dumanoğlu və başqa şair dostlarım var. Hər birisinin öz dəsti-xətti olan dostlarım...Bu cərgəyə İdris müəllim desəm ki, təzə qoşulub bəlkə də yanılaram.
Uzun illər yazıb-yaradan, amma bunu gizlədən bir ürək sahibi İdris müəllim. El deyimi var "Gec olsun, güc olsun"...Artıq İdris müəllim rayonumuzun mühitindən kənara çıxa bilən qələm dostlarımızdandır. Şeirləri müntəzəm çap edilir. "Haqqın sədası", "Azad qələm", "Yardımlının səsi" qəzetlərində şairin şeirləri çap edilib. İdris müəllimin şeirləri bir çox almanaxlarda da işıq üzü görüb.
...İdris Babayev üçün mövzu qıtlığı demək olar ki yoxdur. Vətən, ana, təbiət, sevgi nə mövzu varsa ona müraciət var. Mən rayonumuzda yaşayan şairlər üçün çoxlu tədbirlər keçirmişəm, ədəbi birliyin sədri olaraq. Bu aylarda fikrimiz vardı ki, İdris müəllimin "Bəxtsiz qonağıyam mən bu cahanın" şeirlər kitabının təqdimatını keçirdək. Hər kəsə bəllidir ki, bu mümkün olmadı, məlum "Korona virus" ücbatından...Ümid edirəm ki, vəziyyət düzələr, tədbir keçirmək bizlər üçün çətin olmaz. Təki sağlıq olsun.! Xalqımızın xoş güzəranı bizim üçün yetər.!

Gözləməkdən saraldı göz, titrədi əl, büküldü bel,
Qan ağlayır yad əllərdə yetm qalıb bu yurd, bu el,
Getdi əldən Xanın yurdu, Şuşa, Laçın həm Çənlibel,
Yatmış vulkan püskürmədi, de gecikir nə vaxtacan?!
Nə yatmısan qalx ayağa, odlar yurdu Azərbaycan!


...Bu həsrət sinəmizdə bir dağdır. Nə qədər torpaqlarımız işğal altında bizim üzümüz çətin ki, gülsün. İdris müəllimin bu şeirini oxuyanda ölməz Məmməd Araz yadıma düşdü. Onun da bu səpkidə olan məşhur şeirini bilməmiş deyilsiz! Vətən ağrısı, vətən nisgili bütün şeirlərin ana xəttində.!...
Şair dostum sözün qiymətini,çəkisini elə gözəl bilir ki...

Koma qurur İdris sözdən,
Yazır dağdan, yazır düzdən,
Söz götürür oddan, közdən,
Bərəkət ver sözə, Allah...

Bizim Yardımlı torpağı, təbiəti elə poeziyadır. Dağlar, düzlər ucu-bucağı bilinməyən meşələr, sərin çeşmələr, bulaqlar vadar edir ki, əlinə qələm alıb vəsf edəsən! Bu cəhətdən İdris müəllimin bəxti gətirib. Mən sözün düzü İdris müəllimə yaxşı mənada qibtə edirəm. Bu kişinin məhsuldar qələmi var. Ürəyi sözlə dolu, sözdən korluq çəkməyən qələm dostum gündən-günə gözəl şeirlər yazır. Təzadlı bir dünyada yaşayırıq. Şair dünyada gedən proseslərə belə bignə deyil. Lirik şeirlərlə yanaşı onun çoxlu satirik şeirləri də var...Bu şeirlərdən uzun uzadı yazmaq olsa da oxucunu yormaq istəmirəm.
İnsanın taleyi, bəxti güləndə,
Sən demə üzünə daş da gülərmiş.
Elin ağsaqqalı "başsız" olanda,
O elin başına daş tökülərmiş...

İnsanda bəxt gözəl şeymiş...Bəxtiniz gözəl olsun gözəl dostum.
...İndi sosial şəbəkənin dəbdə olmasından istifadə etmək də yaxşı imiş. Bunun sayəsində qələm sahiblərindən çoxlu dostlarımız var. Tam sərbəst şəkildə hər kəs öz yaradıcılıq işini burda nümayiş edə bilir. İdris müəllim bu günlərdə çox aktiv şəkildə gözəl şeirlərini paylaşır. Çoxsaylı oxucu kütləsini ələ ala bilibdir...
Mövzu bitmir ki...İdris dostum sadə bir insan olduğundan tərifi sevmir. Mən onun yaradıcılığı haqqında bu qədər yazdım. Düzünü desəm, mənim də ürəyim sözlə doludur. Bütün şeirləri həvəslə oxuyuram,..
Nə var ucuzlaşdı, hətta ölüm də,
Sevinci hər şeydən baha dünyada.
Tükəndi sinəmdə təbim, sözüm də,
Həvəsim yox qalam daha dünyada...

Həqiqətən beləymiş...Hər şey adiləşib vallah, baş gərəkdir dözsün buna...Dünya malında gözü olmayan gözütox adam!
...Qazandığım hörmət oldu,
Ehtiyacım yox sərvətə...

İnsana elə ad-san hörmət qalır, təbii ki, etdiyin xoş əməllə! Sərvət, pul dünya malı, əsas o dünyanın bəhərini dadasan...
Mən özümə borc bildim ki, İdris əmi üçün nəsə yazım. Mən ona həmişə əmi deyirəm. Yaş fərqimiz çox olmasa da...
Gözəl xarakteri, şəxsiyyəti var. İnsanı sevdirən onun sadəliyidir. İmam Əli(ə) məşhur bir kəlamı var. "Xoş o kəsin halına ki, o sadədir, sadədildir, amma həddindən artıq sadəlik bəzən baş ağrısına çevrilər" Sadə dostum, şair qardaşım İdris müəllim sənə uğurlar diləyirəm. Bilirəm ki, o qədər yazılmamış qəşəng şeirlərin var ki. Təki Allah ömür versin, can sağlığı ilə onların hamısını yazasan.
...Yazımın əvvəlində demişdim axı, qələm dostlarımın dəyərli yazılarının yanında mənim yazım zəif olar...Amma yazdım, halalınız olsun. Qəlbimdən keçənləri tam əhatə edə bilmədim. Bu uzun vaxt aparardı....Allah səni var eləsin İdris əmi! Yeni görüşlərdə, tədbirlərdə iştirak etməyi Allah bizlərə nəsib etsin. Yenə əvvəlki günlərimizə qayıdar, bu kitabın "şirinliyini" qeyd edərik yaxşı-yaxşı...Ümidimiz Allahadır, hər şey yaxşı olacaq....

Səmimi dostun,
"Dağ çiçəkləri"ədəbi birliyinin sədri
şair-publisist Əlisəfa ƏHMƏDOĞLU

"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023
3-06-2023, 08:58
ÇOBANOV MƏDƏD NAMAZ oğlu  haqqa qovuşdu


ÇOBANOV MƏDƏD NAMAZ OĞLU HAQQA QOVUŞDU

Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 2023-cü il iyunun 3-də 86 yaşında dünyasını dəyişmişdir.
1937-ci ildə Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin dillər kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.
Onlarla alimin yetişməsində böyük əməyi olub.
Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçiləri olub.
60-dan çox elmi kitabın müəllifidir.
Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.
Türkiyə Dil Kurumunun üzvü seçilib.
Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin
Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.
1997-ci, 2007-ci və 2017-ci illərdə alimin 60, 70 və 80 illik yubileyləri təntənəli surətdə qeyd olunub. Haqqında kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.
"Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub.
Mədəd Çobanov həm də gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdüb-boya başa çatdırıb.Hamısı da ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir. 9 nəvəsi, 15 nəticəsi var.
Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!
Dostumuz Müşfiq Borçalıya, mərhumun bütün dostlarına, doğmalarına, əzizlərinə kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk.
"Bütöv Azərbaycan" qəzetinin kollektivi adından:Təsisçi və baş redaktor Tamxil Ziyəddinoğlu
2-06-2023, 07:45
Əbülfət Mədətoğlu yazır: -SÖZLƏ SİRDAŞ OLAN SONA ÇƏRKƏZ

Sabah-İyunun 3-də "Sona Çərkəz" sevgi dastanının qəhrəmanı Çərkəz müəllimin anım günüdür. O Çərkəz müəllimin ki, ömür-gün yoldaşı Sona xanım onun sevgisini dillərə salaraq bəlkə də soyadını unutdurub. Çərkəz müəllim dünyasını dəyişəndən bəri Sona xanım könlünə də, ruhuna da, qələminə də qara bağlayıb bir dastan yazır. Hələ bitməyən o dastanı qələm dostum Əbülfət Mədətoğlu "SÖZLƏ SİRDAŞ OLAN SONA ÇƏRKƏZ" yazısında çox ustalıqla, sevgiylə ifadə edib. Həmin yazını oxucularımıza çatdırmaqla bu sevdalıların sevdasına öz ehtiramımızı ifadə etmək istədik. Sona sədaqətinə sayğılarla:Tamxil Ziyəddinoğlu.

SÖZLƏ SİRDAŞ OLAN SONA ÇƏRKƏZ

Həyatda mənim üçün əl ilə toxunulmayan, gözlə görünməyən, ruhdan və ürəkdən süzülən, eyni zamanda ruhu və ürəyi ifadə edən və nəhayət, canının canı olanlara münasibətini sərgiləyən SÖZ-dü! Mənə görə SÖZ canlı varlıqdı... Ən kamil həmsöhbətdi... Ən anlayışlı sirdaşdı... Ən həzin xatirədi... Ən etibarlı güvəncdi...
Söz həm də adamı nəfəs alanda da tək buraxmayan dostdu! Bütün bunların işığında söz həm də adamın iç dünyasıdı... ona him etməsən bütün günü susacaq -başqalarını rahatsız etməyəcək... yalnız sən və söz duracaq üz-üzə... qalacaq baş-başa... Bax elə həmin anda da qələm vərəqə tərəf boylanacaq... dil dodaqları tərpədəcək...
Hər kəsin həyatında özünə məxsus olan özəllik var... Bu özəllik bir sirr ömrü yaşayır... O zaman ki, sirr sözə hopur, sözə çevrilir və söz yazıda və yaxud səsdə doğulur, işıqlı dünyaya gəlir! Deməli, oxucunun, dinləyicinin önünə çıxır... Və görünür, duyulur... Eyni zamanda auditoriya qazanır... Bir az obrazlı desəm həyata vəsiqə əldə edir...
Tələbəlik illərim uzaq bir xatirədi... Bu uzaq, həm də məni haldan hala salan xatirələrin hər yarpağı da öz novbəsində bir tumurcuqdu - söz tumurcuğu! Açıldıqca ətri xəyallandırır adamı. Xüsusən də duyğusal ruh adamını. Axı bu adamlar özlərini ifadə etdikləri həmin o Tumurcuq Sözdə tapıblar... Ona tapınıblar... Mən də tapındığım Sözün dünyasında aydınları, dəyərliləri, doğma olanları, anlayışlıları və dəyər verənləri daha çox yada salıram... Təzələyirəm və təzələnirəm...
Qələmin vərəqlə anlaşdığı bu ana bir xatirə qonaq edib məni... O xatirənin şah damarı, indi də həsəd apardığım SEVGİ idi! İnanın ki, Dövlət Universitetinin filologiya fakültəsində oxuyan tanış tələbə yoldaşlarımla hər söhbətimdə bir-biri üçün doğulmuş bu iki insanın İlahi tamlığına heyranlığımı mütləq söyləyirdim...Və mən birmənalı olaraq inanmışdım ki, Allah onları bir -biriləri üçün yaradıb. Yanaşı addımlayanda da, bir-biriləri ilə asta söhbət edəndə də, hətta baxışları ilə nəyisə öz aralarında çözəndə də mən bu tamlığa sadəcə Allahın qələminin qüdrətinin işi kimi yanaşırdım. Digər tərəfdən onların öz tələbələri ilə münasibətlərində də görüb izlədiyim, şahidi olduğum nüansların özündə də bir özəllik var idi. Bu gün də mən o sirrin ip ucunu tapa bilmirəm. Ola bilsin ki, bu da elə onların halal tamlığının bir işartısı, bir çaları idi. Çünki yazımın bu nöqtəsində adlarını çəkəcəyim həmin müəllimlər universitet həyatında özlərini tələbəyə sevdirə bilmişdilər. Onların adı da, davranışı da, dərsə münasibəti də həm fərqli, həm də sevgi dolu idi.
Yəqin ki, 80-ci illərin tələbələri, daha çox da filologiya fakültəsində oxuyanlar Çərkəz müəllimi, Sona xanımı yaxşı xatırlayırlar. Şəxsən mən o illərin tələbələri ilə görüşlərimdə öz müəllimlərimizdən söhbət açır və mütləq Çərkəz müəllimi xatırlayırıq. Onun tələbəyə diqqətini, yanaşmasını, xeyirxahlığını xüsusi vurğulayırıq. Burda bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Tələbəlik illərimizdə bizim müəllimlərimizə, müəllimlərin də biz tələbələrə münasibəti tamam fərqli idi. Görünür elə bu fərqin yaranmasında məhz Çərkəz müəllim kimi pedaqoqların, ziyalıların xidmətləri var imiş. Mən bunu övladlarımın, nəvələrimin təhsil aldığı illərdə daha yaxşı gördüm, hiss etdim. Və...
Bu gün həyatın rəngi də, mənası da, yaratdığı aura da tamam fərqlidir. Nə qədər də qaynayıb qarışmaq və yaxud çəkilib bir kənarda dayanmaq istəyirsən alınmır. Sanki həyatın özünün mayası çirklənib. Ona görə də halallıq da, sevgi də, sayqı da adama yapışmır, adamı özünə çəkmir. Amma yazının əvvəlində vurğuladığım kimi, güvənəcəyimiz, həmsöhbət ola biləcəyimiz, sirdaşımız yalnız sözdü. Söz qalıb bizə. Mən də həmin o sözün işığında qayıtdığım xatirələr dünyasında bir paralel gördüm. Bu paralel sözlə bağlıdı. Dəyərli oxucu yəqin ki, məlumatlıdır. Azərbaycan ədəbiyyatında Mikayıl Müşfiqin Dilbəri, Cəfər Cabbarlının Sonası... Çərkəzin Sonası öz həyat yoldaşları, öz könül sirdaşları, öz sevgiləri ilə ikinci dəfə qarşılaşıb bir-birlərini yenidən seviblər. Çünki onlar sözə söykəniblər. Dilbər Müşfiqdən yazıb, Sona Cəfərdən yazıb, Sona Çərkəzdən yazıb. Həmin yazılar işıq üzü gördükcə o sevgi yenidən başlayıb. O xatirələr ilk görüşdən üzü son ana qədər yol gəlib. Deməli, sevginin ikinci ömrü həyata vəsiqə alıb. Bu mənim nəyisə kəşf etməyim deyil. Bu sadəcə olaraq həmin xanımların öz çevrələrinə, öz oxucularına sevgilərini və sevdiklərini gördükləri kimi, duyduqları kimi, yaşadıqları kimi təqdim etməkdir. Burda mənə görə Çərkəz müəllimi təqdim edən Sona xanım daha şanslıdı. Çünki o, Sona Çərkəz olub. Çərkəzdə yaşayan Sona, Sonada yaşayan Çərkəz yenidən bütövləşib. Bu bütövlüyü də Sona Çərkəzə ərmağan edən Allah və İlahi sözdür. Çünki Çərkəz müəllimin sağlığında Sona xanım sözə könül verməmişdi. Onun vaxtsız vəfatından sirrini sözə verdi, onun sirdaşı söz oldu.

Mən Sona Çərkəzin qələmindən çıxan yazıların, demək olar ki, hamısını oxumuşam. Şeirlərini də, məqalələrini də, xatirələrini də. Üstəlik özüm də həmsöhbət olmuşam Sona xanımla. Bu söhbətlərdə, oxuduğum kitablarında Sona xanımla Çərkəz müəllimi bir yerdə görmüşəm. Hətta inanmışam ki, üz-üzə oturub söhbət etdiyim Sona xanımın sol tərəfində Çərkəz müəllim dayanıb bizi dinləyir, xanımının nə dediyini, necə dediyini, bir növü o duruşla təsdiqləyir. Bunu bir sevgi anatomiyasının görüntüsü də hesab etmişəm. Çünki Sona xanım nədən, kimdən danışır, söhbət edir-etsin, mövzunun hər iki sözündən biri Çərkəz müəllimlə bağlı olur. Gəzdikləri, gördükləri, etdikləri, əl tutduqları, yaşadıqları hər an bu gün də onun üçün dipdiridi. Ona görə də Sona Çərkəz imzası onların cütlüyünü hər mənada təsdiq edir. Ayrılmadıqlarını bir sübut kimi göstərir. Sevənlərinə, xatırlayanlarına.
Bəli, həyat insan üçün gəlimli-gedimlidi. Heç kim bu həyatın bir varlıq olaraq əbədi yaşam haqqını qazanmayıb. Təbii ki, söhbət cismən yaşamaqdan gedir. Amma elə şəxslər var ki, onlar yaşadıqları həyatda özlərinin sözü ilə, izi ilə, işi ilə, sevgisi ilə bitməz bir ömür qazanırlar. Bu bitməyən ömür ailənin, nəslin, doğmaların, el-obanın, dostların, itirdiklərinin, bir sözlə, təmasda olduğun hər kəsin yaddaşında bir işartı deməkdir. O işartı da həmişə közərir. Çünki onun mayasında sevgi var. Mənim inancıma görə həyatda ölümsüzlük yalnız sevgiyə məxsusdur. Əgər sevgi yaşayırsa, deməli, sevən də yaşayır. Bu mənada Çərkəz müəllimlə Sona xanımın birgə həyatlarının davamı həm övladlarının, nəvələrinin, həm də Sona Çərkəz imzasının halal sözündə ifadə olunur, yəni yaşayır. Düşünürəm ki, 1980-ci ildən tanıdığım və bu günə qədər də yaddaşımda xoş xatirəsi qalan Çərkəz müəllimin ruhu şaddır. Çünki o, yaşayır. Öz sevgisində, öz Sona Çərkəzində, sözə sığınan, sözlə sirdaş olan şair, publisist Sona Çərkəz sözündə.
P.S. İyunun 3-ü Çərkəz müəllimin dünyadan vaxtsız köç etdiyi gündür.
Mən də xatirələrin işığında və bir də Sona Çərkəzin stolumun üstündəki son kitablarından olan “Sözdür mənim sirdaşım...”ın səhifələrində onların sevgisinin əbədiliyinə bir daha inandım. Həmin inanc da məni bu kiçik yazını qələmə almağa sövq etdi.
P.P.S. Söhbətlərimizin birində Sona xanım vurğuladı ki, mən evimdəki Çərkəzlə nəfəs alıram, onun üçün yaşayıram. Dövlət televiziyasında çalışan Çərkəz Quliyevi ekranda görəndə hansı hallar yaşadığımı bir Allah, bir də Çərkəzin ruhu bilir. Babasının adını yaşadan Çərkəzimə Allah ömür versin! Amin.
MÜƏLLİFDƏN
Mən yazıma nöqtə qoyanda hiss etdim ki, nə vaxtdan bəri ürəyimdə gəzdirdiyim və SONA ÇƏRKƏZ SEVGİsinə ünvanladığım şeiri bu düşüncələrimə EPİLOQ etməyin məqamıdı:

Bir SEVGİnin söz şəkili önümdə ,
Dolu ürək, göz şəkili önümdə!..
Allah, mələk öz şəkili önündə -
Səcdə elə Məhəbbətə- söyləyir!

Bütöv tutub paralanmış tam ömrü,
Zaman - zaman şölə saçan şam ömrü!..
Bəxt qoymadı kam almağa, kam, ömrü -
Səcdə elə Məhəbbətə - söyləyir!..

Hər kəlmədə vurğu düşür bir ada,
Sevgi dərya, o, dəryada bir ada!
Sevgisində yer qoymadı irada-
Səcdə eləMəhəbbətə- söyləyir!..


Əbülfət Mədətoğlu
26-05-2023, 07:26
Cənubi Azərbaycanda 14 yazarımızın kitabı çap olundu


Cənubi Azərbaycanda 14 yazarımızın kitabı çap olundu-FOTOLAR

Xəbər verdiyimiz kimi İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.
Tərcüməçi Azərbaycanda yaşayan 40 nəfər şair və yazıçının əsərlərini İranda çap etmək və tanıtdırmaq niyyətində olduğunu bildirib. İndiyə kimi 12 şairin şeirlər toplusunu İranda çap etdirib.
Qırx rəqəminin isə onun üçün müqəddəs rəqəm olduğunu deyib. Çünki Cənubi Azərbaycanda qırx milyon azərbaycanlı yaşadığı üçün o, bu cür simvolik rəqəm seçib.
Əli Aslani indiyə kimi Xalq şairi Nəriman Həsənzadənin “Təbriz”, Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq”, Nigar Rəfibəylinin “Bir gün səni görməyəndə”, Əli Tudənin “Mən nə gətirdim”, Afaq Məsudun “Sərçələr”, Əhməd Cavadın “Sevgi candan ayrılmaz, Abbas Səhhətin seçilmiş şeirləri, Səddam Laçının “Xəncər kirpikli qız”, Fərqanə Səfərlinin “Mənim ümidlərim”, Nigar Arifin “Xatirələr otağı”, Ülviyyə Qəhrəmanın “Bir qadın şeir yazır”, Nuranə Rafaelqızının “Mənə bir az nağıl danış”, Zaur Ustacın “Yulğun çiçəyi”, “Leyla Mətinin “Ömrə sığmayan arzular”, kitablarını çap edib.












26-05-2023, 06:58
SÖZÜNÜN BAŞINA DOLANAN ŞAİRƏ


SÖZÜNÜN BAŞINA DOLANAN ŞAİRƏ

Əzizə Ağahüseynqızı ilə ilk tanışlığımız 2015-ci ilin baharında ədəbi məclislərin birinə təsadüf etdi. Diqqətimi cəlb edən onun əsl Azərbaycan xanımına xas ədəb-ərkanla oturub-durması, şirin, mehriban və səmimi söhbətləri, ali ziyalı keyfiyyətləri oldu. Söylədiyi şeirlərin səmimiliyi, axıcılığı, koloriti ilə özünün sadaladığım müsbət keyfiyyətlərinin bir-birini tamamladığının şahidi oldum.
Beyləqan rayonunun Dünyamalılar kəndində sadə, zəhmətkeş bir kolxozçu ailəsində dünyaya göz açan Əzizə xanım hələ orta məktəbdə oxuyarkən Tanrının ona verdiyi istedadın, ilhamın müjdəsi olan şeirlərini yazıb. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini bitirib. 1975-ci ildən yazdığı şeirləri "Azərbaycan", "Ulduz", "Körpü", "Literatura Azerbaycana" jurnallarında və müxtəlif qəzetlərdə dərc olunur.
"Aşıq Pəri", "Məhsəti", "Dirili Qurbani" və s. məclislərin üzvüdür. Müxtəlif almanaxlarda və Türkiyədə çap olunan Türkiyə antolojisində şeirləri və nəsr əsərləri dərc olunub. "Ürəyim qəm adasıdır" adlı ilk şeirlər kitabı 2005-ci ildə çap olunub. Növbəti "Payız yağışı" adlı şeirlər kitabı isə 2015-ci ildə işıq üzü görüb. Aradakı on il müddətində Əzizə xanım onun üçün müqəddəs olan ailə qayğıları, övladlarına olan sonsuz sevgi-məhəbbəti yaradıcılığına daha da müsbət təsir göstərmiş, gözəl şeirlər, hekayələr, bir çox elmi monoqrafiyalar yazıb.
Ədəbi məclislərin çoxsaylı diplom və mükafatlarına layiq görülüb."Qızıl qələm" media mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvüdür. Lakin bu müddətdə yazdıqlarını toplum şəklində kitab çap etdirmək imkanı məhdud olmuşdur. Şükürlər olsun ki bu gün Əzizə xanımın "Payız yağışı" adlı şeirlər kitabı qarşımızdadır. Şeirlərinin mayası onun ilhamından yoğrulub. "Mən şeir yazanda xoşbəxt oluram" şeirində yazır:

Duyğular könlümün həmdəmi olur,
Mən şeir yazanda xoşbəxt oluram.
Payız buludu tək ürəyim dolur,
Mən şeir yazanda xoşbəxt oluram.

Bilmirəm sevgidən ya nədən gəlir,
Elə müqəddəsdir səmadan gəlir,
Tanrı dərgahından xanadan gəlir,
Mən şeir yazanda xoşbəxt oluram.

Və yaxud "İlahi şeir"də hecalarla, misralarla qanadlanan şairə yazır:
Bu gecə səmada uçurdum elə,
Göylərə qalxmağım inadım idi.
Bir özgə məkana səfər edirdim,
Hecalar, misralar qanadım idi.

Qalxıb kəhkəşanlar diyarına mən,
Parlaq ulduzlardan qururdum kümə.
Səhrada susayan yolçu kimiydim,
Buludlar göz yaşın tökdü üstümə.

Əzizə xanım özü sözünün başına, sözü özünün başına pərvanə kimi dolanan şairədir. Sözü özünə hamıdan doğma, hamıdan yaxın bilən, sözü sinəsində közərən, bişən şairədir. Sözün sevincini canında, qanında hiss edən, məsuliyyətini dərk edən şairədir."Söz" şeirində yazır:
Başıma dolanıb pərvanə kimi,
Ağlımı başımdan alırsan ay söz.
Sinəmdə çırpınan odlu qəlbimi,
Alıb əllərində çalırsan ay söz.

Sinəmə çırpılan dalğasan, nəsən?
Qeybdən ruhuma qonan nəğməsən.
Bəlkə söyləyəsən hardan gəlmisən?
Bəlkə biyabanda bir tütək səsi,
Bəlkə də çiynimə qonan mələksən?!

Sözü balası qədər sevən, balası qədər sözünün qulluğunda duran, sözü özünün sevgisi, məhəbbəti bilən şairə "Biri məhəbbətdir, biri sevgidir" şeirində sözü duyğusundan, hissindən doğulan balası kimi səciyyələndirir:
Başıma ələnən qarımdan iraq,
Yolumda pusquda sarımdan iraq,
Bir ömür sevdiyim yarımdan iraq,
Duyğumdan, hissimdən doğan balam var,
Biri məhəbbətdir, biri sevgidir...

Şair olmağın çətinliyindən, şairlərin keçdiyi yolların keşməkeşli olduğundan anasının duyuq düşəcəyindən ehtiyat edən Əzizə xanım "Anama deməyin şeir yazıram",-deyir:
Düyünlü alnının qırışı artar,
Bu ani xəbərdən narahat yatar,
Hər gecə səksənib yuxusun qatar,
Anama deməyin şeir yazıram.

Bu həyat belədir, gor ağacı var,
Edam kötüyü var, dor ağacı var,
Şairi gözləyən dar ağacı var,
Anama deməyin şeir yazıram...

Bütün şairlər kimi dünya ilə çək-çeviri olan, torpaqlarımızın yağı tapdağında qalmasından, qaçqınların, köçkünlərin, didərginlərin dərdini-qəmini sinəsində gəzdirdiyi üçün, ömrünün gənclik illərinin sanki bir göz qırpımında əlindən getdiyi üçün bu dünyadan gileylənən Əzizə xanım "A dünya" şeirində yazır:
Vaxtsız rüzgar əsib, solub çəmən də,
Dərd məni ovlayıb saldı kəməndə.
Neçə didərginin dərdi sinəmdə,
Səndən gileyliyəm, səndən, a dünya.

Əzizə Ağahüseynqızının yaradıcılığının əsasını vətənpərvərlik mövzusunda ürək yanğısı ilə qələmə aldığı şeirləri təşkil edir. O, gah buluda çevrilib susuzluğundan sinəsi cadar-cadar olan Vətən torpağına yağmaq istəyir. Gah da qəhrəman bir əsgərə çevrilərək, qılınc kimi qınından sıyrılıb düşmənlə döyüşərək Alp Ər Tonqa övladı qəhrəman bir əsgər kimi torpaqlarımızı yağı düşmənlərdən azad etmək istəyir.
"Dərdin məni yandırır" şeirində yazır:
Əzizəyəm, Vətənin nisgili, dərdi məndə,
Düşmənə qalib gələn oğulun mərdi məndə,
Çağır, Vətən, əsgərəm, qisas vaxtı gələndə,
Sıyrılaraq qınımdan düşmənimlə vuruşum,
Alp Ər Tonqa qızıyam, düşmənlə çoxdu işim,
Dərdin məni yandırır, qaçqın bacım, qardaşım!

"Xocalım", "Şəhidlər", "Bir əsgər gedirdi çiyinlər üstə" və s. şeirlərində xalqının, millətinin dərdini, qəmini özünün şəxsi dərdi kimi hiss edib ana kimi, bacı kimi göynəyə-göynəyə ağı deyib ağlayır. O, həm də Vətənini, xalqını canından artıq sevən vətənpərvər bir şairə kimi başına gələn bu müsibətləri şeirlərinin dili ilə dünyaya car çəkir. "Bayrağım", "Vətən", "Vətən oğlu", "Heydər gəlir qucağına", "Rahat uyu şəhid qardaş" və s. şeirlərində Vətənə ölməz sevgisi, torpağa sonsuz məhəbbəti, torpaqlarımızın işğal altında qalması yanğısı, şəhidlərin hələ alınmamış qisası duyulur. "Şəhidlər" şeirində yazır:
Vaxtsız külək vurub budaqdan düşüb,
Xalqımın yas günü nahaqdan düşüb,
Göylərin qoynunda buluddan düşüb,
Torpağa yağış tək hopdu şəhidlər...

Əzizə xanımın hərbi xidmətini döyüş bölgəsində keçirən əsgər oğluna xitabən yazdığı, gənclərimizə vətənpərvərlik hissləri aşılayan silsilə şeirləri var. "Qələbə xəbərin gətir gəl, oğlum" şeirində deyir:
Yaxınsan, uzaqsan, necə deyim mən,
Sənin qeyrət qanın qaynar qanımda.
Döyüş libasında sən Vətəninsən,
Əsgər paltarında yoxsan yanımda.

Həsrətin çəksəm də səndən aralı,
Xəyalım üz tutur sənədir yolum.
Vətənə xidmət et bir əsgər kimi,
Qələbə xəbərin gətir gəl, oğlum.

"Bu xalçanı mənim anam toxuyub" şeirində maraqlı fikirlərlə rastlaşırıq. Anası, toxuduğu xalçanın ilməsinə, "Sarı bülbül"ü, "Qarabağın şikəstəsi"ni oxuyub. Sarı, yaşıl, abı rəngi seçərək ilmələri əzizləyə-əzizləyə gözlərinin qarası ilə toxuyub- deyən şairə sözlərlə, səslərlə rənglərin ecazkar formada bir-birini tamamlayan zəngin çalarını vermişdir. O, "Bu xalçanı mənim anam toxuyub" şeirində yazır:
Naxışında min illərin yaddaşı,
Bu xalılar ocaq daşı, yurd daşı,
Qiymətini bilə-bilməz hər naşı,
Toxuduqca qəlbi nəğmə oxuyub,
Bu xalçanı mənim anam toxuyub...

O yatmayıb şirin candan keçərək,
Sarı, yaşıl, abı rəngi seçərək,
İlmələrı əzizləyib öpərək,
Gözlərinin qarasıyla toxuyub,
Bu xalçanı mənim anam toxuyub...

Əzizə Ağahüseynqızının şeirlərinin təbiiliyi, səmimiliyi, duruluğu oxucuların diqqətini cəlb edən əsas amillərdən biridir. "Payız yağışı" şeirini nəzərdən keçirək:

Necə də durudu, pakdı,
Ağdı bu payız yağışı.
Qəlbimin quraq yerinə
Yağdı bu payız yağışı.


İnci, mirvari, darıdı,
Göyün yerə ilqarıdı,
Tanrının göz yaşlarıdı,
"Ah"dı bu payız yağışı...

Onun yazdığı şeirlərdən torpağın ətri, bulaqların zümzüməsi, çayların şırıltısı, ildırımların şaqqıltısı, yağışın həzin pıçıltısı duyulur. Yurd-yuvalarından didərgin düşmüş insanlarımızın nisgili, əsir və itgin düşmüş insanların ah-naləsi, şəhidlərimizin qanı, ürəkləri qisas yanğısı ilə döyünən igid əsgərlərimizin düşmənlərimizə atdığı güllələrin gurultusu eşidilir, duyulur, hiss olunur.
O, dünyaya, təbiətə, sevgi-məhəbbətə, hətta məişət məsələlərinə özünün düşüncələrinin gözü ilə baxır, poetikləşdirir. Yaratdığı bənzətmələr maraqlı və düşündürücüdür. "Gecə düşüncələri" şeirində yazır:
Buluda hamilə payız gecəsi,
Yatmayır, qorxur ki, dölü boğacaq.
Gecə keşik çəkir bulud anaya,
Göyün yağış adlı oğlu olacaq...

Və yaxud "Məni" şeirində yazır:
Bu nəğmə möcüzə, sehirli gəvə,
Karvanı zınqırov sədalı dəvə,
Tellər hana olsun, əllərin həvə,
Xallara, güllərə toxu, sən məni...

"Gecəm gözlərimdən asılı qalıb" şeirində əvvəldən axıra kimi şairlərə məxsus yuxusuz bir gecənin poetik mənzərəsini görürük:
Hanadı, arğacı qəmdi, kədərdi,
Toxuya bilmirəm vaxtım hədərdi,
Qəlbimin qüssəsi dünya qədərdi,
Gecəm gözlərimdən asılı qalıb.

Əzizə xanımın valideynlərinə həsr etdiyi şeirləri oxuduqda ana müqəddəsliyi, ata böyüklüyü duyulur. Onlara qarşı ilahi bir sevgi, məhəbbət hiss olunur."Anamın" şeirində yazır:
Mən illərin uyğusuna daş atdım,
Yaraların qaysağını qanatdım,
Laylasıyla ildən-ilə boy atdım,
Ürəyimdə nəğməsi var anamın.
"Ata" şeirində atasının borcundan çıxa bilmədiyinə görə özünü qınayaraq, təəssüflənərək yazır:
Boyun bərabəri qaldırıb göyə,
Məni gəzdirərdin yolların üstə.
Guya ki, borcundan çıxıram deyə,
Səni qaldırıram qollarım üstə...


Əzizə Ağahüseynqızının "Payız yağışı" adlı şeirlər kitabına ön söz yazan xalqımızın sevimli şairi Musa Yaqub yazırdı:
"...Əzizə qədim torpağımız Beyləqandandır. Beyləqanın da, onun insanlarının da xoş xarakteri, özəllikləri və gözəllikləri var. Səbr, sakitlik, mehribanlıq, Hərami düzü kimi ürəyi genişlik, sədaqət, inam, torpaqsevərlik, yurdsevərlik və s.
Hələ İslamdan qabaq ömrü boyu təkallahlıq uğrunda mübarizə aparan, bütün məhrumiyyətlərə dözən Cərciz peyğəmbərin qəbri də, üstündəki məbədgah da bu torpaqdadır. Mücirəddin Beyləqaninin klassik nümunələri də, Gileyli Bəylərin el-obanın ürəyindən qopan deyimləri də, Səmədxan Fətişoğlunun tarixi yazıları da burada yaranıb. Hərami düzünün çör-çöpündən, yulğunundan qalanıb yanan təndirlərin qovzanan alovlu tüstüsü də, doğma ocaqların istisi də, Beyləqan buğdasından hasil olan məşhur çörəyin ətri də bu torpaqla bağlıdır.
Bütünlükdə bu dediklərimdən yaranan hiss və həyəcanlar, özəl duyğular Əzizənin misralarına da hopub. Bunlar o kökdən gələn torpağa, el-obaya bağlılıq qaynaqlarının həyəcanlarıdır, sədaqətidir, torpağa sitayişidir. Şeirlərdəki istilik doğma ocaqların və təndirin istiliyidir. Mən istərdim ki, onun yazılarında həmişə özəl hisslər, gözəl duyğular olsun. Mən bu yolda ona qələm uğurları diləyirəm".
Mən də onun yaradıcılığı haqqında yazdığım bu yazımda son olaraq həmkarıma, qələm dostuma möhkəm can sağlığı, ailə səadəti və bol-bol yaradıcılıq uğurları arzulayıram.

Qəzənfər MƏSİMOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair.

"Bütöv Azərbaycan" qəzeti
26 may 2023
25-05-2023, 21:59
Söz-söz ucalan şair


Söz-söz ucalan şair

Sumqayıt şəhər Poeziya Evində şair Təvəkkül Goruslunun “Ömrüm, çiçəyim” və “Kağıza şeirimin qanı tökülür” şeir kitablarının təqdimatı və imza günü keçirildi. Tədbirin aparıcısı şair Qəşəm Nəcəfzadə tədbiri giriş sözü ilə açaraq müəllifin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi.

Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Təvəkkül Goruslunun yaradıcılığından, onun şeirlərinin oxucu ruhuna təsiredici məziyyətlərindən söz açdı, şeirlərindən nümunə gətirdi.
“Azad qələm” jurnalının baş redaktoru, şairin 3 kitabının redaktoru olmuş Nəcibə İlkin Təvəkkül Göruslu yaradıcılığının çoxşaxəli janrlarından söhbət açdı. Qeyd etdi ki, Təvəkkül Goruslu ilk tanıdığım müddətdən bu günə kimi yaradıcılıq sahəsində uğurlu inkişaf mərhələsi keçib. Onun yaradıcılığı millətimizin dərdləri, ağrı-acısı ilə yoğrulub. Ona görə də onun yazdığı şeirləri ürək yanğısı keçirtmədən, göz yaşı axıtmadan oxumaq olmur.

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Təvəkkül Goruslunu şəxsən tanımadığını bildirdi. Qeyd etdi ki, bu görüşə məni Təvəkkülün yaradıcılıq ruhu gətirib. Onun “Bayraq” şeirini oxuduqca Təvəkkül Goruslunun özü də gözlərimdə söz-söz, misra-misra sevgilə tərənnüm etdiyi al bayrağımız kimi ucaldı. Azərbaycan bayrağının eşqinə Goruslunun əlini sıxmağa gəlmişəm.
Xalçaçı rəssam Fazil Abasquluzadə müəllifin fotosu əks olunmuş xalçanı müəllifə hədiyyə edərək ürək sözlərini dilə gətirdi. Rəssam sənətinin xarakterinə uyğun olaraq tədbirə xüsusi rəng də qatdı. Beləki Təvəkkül Goruslunun tədbirdə iştirak edən müəllimlərini tribunaya dəvət edərək, onları yetirmələrinin yubileyi və kitablarının işıq üzü görməsi münasibətilə təbrik etdi. Müəllimləri öz sevimli şagirdlərini öpdülər, onun haqqında şirin xatirələr danışdılar, qürur duyduqlarını ifadə etdilər. Xeyli duyğulu anlar yaşandı.

Şairlərdən: Nazlı Hacılı, Əzizə Ağahüseynqızı, Qalib Arif Nuri, Qəzənfər Məsimoğlu, Vahid Çəmənli, Polad Məmmədov, Miraslan Rasim, Elçin Bağırov, Yunis Qaraxanoğlu, Vüsal Ağa, Şəfəq Üfüq, Lilpar Cəmşidqızı çıxış edərək müəllifin yeni çap olunmuş kitabları haqqında öz fikirlərini bölüşdülər.
Oxucu Günel Balakişiyeva, həkim Rəna Rzayeva, müəllifin sinif yoldaşları və ailə üzvləri, Gülzar müəllimə, Eldar müəllim, Pənah müəllim, Nəzakət xanım, Raya xanım da tədbir iştirakçıları sırasında yer almışdılar.
Sonda şair Təvəkkül Goruslu tədbir iştirakçılarına təşəkkür etdi, müəllimlərinə, zəhmət çəkib onun görüşünə gəldiklərinə görə, minnətdarlığını bildirdi. Tədbir iştirakçıları üçün kitablarını imzaladı.
İmza mərasimi bitdikdən sonra fotoqraf Şakir Rəhman xatirə şəkilləri çəkdi.


"Bütöv Azərbaycan" qəzetinin
26 may tarixli sayında çap olunur
24-05-2023, 06:41
İNSAFLI OVÇU PİRİM


Aydın ƏŞRƏFOĞLU
“MƏNİM HEKAYƏM” kitabından


İNSAFLI OVÇU PİRİM

Payızın axırları idi. Artıq qızıl payız öz hökmranlığını, Qışa təhvil verirdi. Günəş gah çıxır, gah da batırdı. Ağaclar yarı çılpaq halda idi. Ağacların budaqlarında qalan yarpaq dənələri sap-sarı görkəm alıb cansız halda dayanmışdı. Sanki o da qışın gəlişini duyub, onun da vaxtının sona çatmasını bilirdi. Möhkəm əsən küləklər vıyıltı ilə hər tərəfə dönür və yerdən torpağı və çör-çöpləri ağuşuna alıb göyə sovururdu. Küləklər bir neçə gün beləcə əsdi. Bir gün axşam çağı külək ara vermişdi. Ətrafa sakit qoxulu sükut çökmüşdü. Bu sükutu ara bir yağış halında yağan qar dənələri pozurdu. Bununla yanaşı yavaş-yavaş hava qaralırdı. Hava qaraldıqca qar dənələri göydən enərkən bərkiyir və sanki yerə doğru ürəklə irililəyirdi. Ovçu Pirim bu mənzərəni seyr edə-edə içəri daxil oldu. O, divardan asılmış tüfənginə tərəf gedib, divardan tüfəngini ehmalca götürüb ora-burasına baxıb yenə də öz yerindən asdı. Yenidən öz yataq otağına qayıdıb çarpayısına uzandı.
Ovçu Pirim həmişə olduğu kimi bu gecə də rahat yatmışdı. Səhər açılanda yerindən qalxıb həyətə boylandı. Həyət-baca qar örtüyü ilə ağ libasını geymişdi. Ovçu Pirim həmişə əl-üzünü evdə yumazdı. Evlərinin yaxınlığındakı bulaqda yuyardı. Ovçu Pirim bu dəfə də əl-üzünü bu bulaqda yumalı oldu. Əvvəlcə o sabun, dəsmal götürüb bayıra çıxdı. Göz gəzdirib uzunboğaz çəkmələrini tapdı. Çəkmələrini geyəndən sonra bulağa yollandı. Qar qalın olduğundan cığırlar tam örtülmüşdü. Ancaq ovçu Pirim yollara bələd olduğundan qar örtmüş cığırla elə gedirdi ki, sanki cığırı canlı görürdü. Ovçu Pirim getdikcə ayağının altında qar xışıldayır və sakitliyə yeni bir can verirdi. Ağacların koğuşunda qardan gizlənmiş quşlar pırıltı ilə uçub qar əymiş budaqlara qonurdu. Şələquyruq tülkü isə yüngül addımlarla qarı yararaq dərəyə doğru irəliləyirdi. Ancaq bunlara ovçu Pirim məhəl qoymurdu. Çünki bunlar ovçu Pirimdən ötrü adi bir mənzərə idi.
Ovçu Pirim bulağa çatdı. Bulaq görünmürdü. Qar bulağın üstünü örtmüşdü. Bu bulağın yanında ara-sıra dələ və çöl heyvanlarının izləri aydınca görünürdü. Ovçu Pirim əllərini çarpazlayıb heç də soyuqdan çəkinmədən bulağın üstünü örtmüş qarı kənara çəkib bulağın üstünü açdı. Ovçu Pirimin əli qarı kürüdükcə qar əriyir və ovçu Pirimin əlindən buğ qalxırdı. Bulaqdan çağlayan su par-par parıldayırdı. Ovçu Pirim əyilib əl-üzünü yudu. Dəridən tikilmiş papağını başında nizamlayıb əllərini uzun qara bığlarına aparıb bir neçə dəfə eşdi və evlərinə səhər yeməyinə döndü. Şay-çörək yedikdən sonra tüfəngini və patron qatarını götürüb üzü meşəyə doğru yollandı.
Hava çox mülayim idi. Göyün üzündə müəyyən bulud görünsə də, sanki dənizi xatırladırdı. Bu yağan qalın qardan sonra təmiz hava hökm sürürdü. Ovçu Pirim bir-iki saat yol getdikdən sonra dayandı. Ancaq yolun belə uzaq olması heç də Ovçu Pirimi yormamışdı. Çünki ovçu Pirim bu yolları cavanlıqdan ta indiyə qədər çox gəzib, çox hərlənmişdi. Nəhayət ovçu Pirim dayandığı yerdən sol tərəfə dönüb ovların keçdiyi bərəyə yaxınlaşdı. Həmin bu keçiddən bir çox çöl heyvanları keçdiyindən, izlər bir-birinin üstündən keçmişdir. Ovçu Pirim əyilib izlərə diqqətlə baxdı. İzlərin hansı heyvanların izləri olmasını asanlıqla tanıya bildi.
Elə bu vaxt hardansa güllə səsi eşidildi. Ovçu Pirim geriyə dönüb bir xeyli ətrafa göz gəzdirdi. Atılan tüfəng səsi çox uzaqdan gəlmirdi. Çox keçmədi ki, yenə də dalbadal həmin yerdən güllə səsləri gəldi. Tüfəng səsindən bir neçə dəqiqə sonra bir cüyürün ona tərəf qaçdığını gördü. Ovçu Pirim çox həvəssiz halda qeyri-ixtiyari olaraq tüfəngi qaldırıb cüyürə tuşladı. Sanki ovçu Pirim tüfənglə neçə nişan almağı yoxlayırdı. Ovçu Pirimə tərəf qaçan cüyür yaralı idi. Yaralı cüyür heç də ovçu Pirimdən çəkinmədən gəlib onun yanından keçdi. Cüyürün ləpirlərində qan müşahidə edilirdi. Deyəsən cüyür özünü itirmişdi. Ancaq ovçu Pirim o ovçulardan deyildi. Cüyürün dalınca baxıb dedi. Hansısa naşı ovçunun gülləsinə tuş gəlib. Ancaq yaralı heyvana güllə atmaram - deyib geriyə evlərinə dönməli oldu. Çünki atılmış bu boşa çıxan güllə səsləri ovları hürküdüb qaçırtmışdı.
Ovçu Pirim kefini pozmadan evlərinə tərəf addımlayırdı. Hava çox soyuq olduğundan bığları və qaşları sır bağlamışdı. Ovçu Pirim belə hallarda özünü sanki təbiətin əsil oğlu hesab edirdi. O, meşənin qurtaracağına çatarkən kənarda qarın üstündə bir qaraltı gördü. Qaraltıya doğru getməyə başladı. Həmin qaraltı qaratoyuq idi. Quş üşüdüyündən yerində donub qalmışdı. Yerindən tərpənə bilmirdi. Ovçu Pirim quşa yaxınlaşdı. Quş bir neçə dəfə uçmağa cəhd etdisə də, bacarmırdı. Qara batıb hərəkətsiz dayandı. Ovçü Pirin qaratoyuğu əlinə götürüb yoluna davam etdi.
Ovçu Pirim evə gələndə artıq axşama yaxınlaşmışdı. Ovçu Pirim evə daxil oldu və əvvəlcə quşu döşəməyə buraxdı. Sonra tüfəngini və patronlarını yerbəyer edəndən sonra həyətdəki qəfəsə yaxınlaşdı. Qəfəsdə cürbəcür quşlar var idi. Quşları nəzərdən keçirəndən sonra evə qayıtdı. Lakin evdə quşu görməyib dedi. Deməli qaratoyuğun donmuş bədəni açılmışdır. Quş otaqdakı yatacağın altında gizlənmişdi. Ovçu Pirim əyilib quşu yatacaq divanın altından çıxardıb həyətdəki qəfəsə salıb qabağına dən tökdü. Bugünkü ov etməyindən razı qalmışdı. Çünki həmişə olduğu kimi bu gün də bir canlının həyatını xilas etmişdir.
22-05-2023, 21:39
BƏZƏN BİR ANLIQ O GÜNLƏRƏ QAYIDIRAM

Aydın ƏŞRƏFOĞLU
“MƏNİM HEKAYƏM” kitabından

BƏZƏN BİR ANLIQ O GÜNLƏRƏ QAYIDIRAM

Günlərin birində qonşuluqda oynadığımız nərdtaxtanın arxasından durub evə gəldim. Ancaq bu gün nədənsə çox fikirli idim. Bu fi kir heç də əvvəlki fikirlərə oxşamırdı. Həqiqətən çox sıxıntı içində idim. Başımda bir fi kir gəzinirdi. Artıq bir neçə ildir ki, Gədəbəy Rayon Azəritt ifaq sahəsində çalışdığım işdən çıxdığım vaxtdan xeyli vaxt ötür. Nə qədər nərd oynamaq olar. Bunları bir kənara qoyub işə düzəlmək lazımdır. Ancaq nə fayda işlə əlaqədar ryon rəhbərliyinə çox müraciət etmişəm. Ancaq məni işlə təmin etməyiblər. Həmişə bir bəhanəylə məni cəmiyətdən uzaqlaşdırıblar. Gah deyiblər Ali təhsilin yoxdur, gah deyirlər hələ gözlə, nə vaxt iş olarsa səni işlə təmin edərik. Belə-belə günlər keçib aylar, illər keçib, ancaq mənə hələ də iş yeri olmayıb. Nəhayət yenə Gədəbəy rayonuna üz tutdum. Bu dəfə icra hakimiyyətinə yox, Gədəbəy Rayon meşə idarəsinə üz tutdum. Orada baş meşəbəyi vəzifəsində çalışan İlqar müəllimlə görüşdüm. İlqar mənimlə bir neçə il idi ki, dostluq edirdi. Daha doğrusu yaxın dostum idi. İlqar müəllimlə bir az söhbət etdikdən sonra meşə idarəsinə işə düzəlmək fikrimi ona dedim. İlqar müəllim heç bir söz demədi. O, öz otağından çıxıb harasa getdi. Bir az sonra yenə İlqar müəllim geri qayıdıb kabinetə daxil oldu. Mən yenə də əvvəlki kimi oturduğum stolda sakitcə dayanmışdım. İlqar mənə dedi. Aydın müəllim gedək direktorun yanına, onunla danış. İlqar həmişə mənə “müəllim”- deyərək müraciət edərdi. Bu da onun alicənablığından, qüdrətliliyindn irəli gəlirdi və özünəməxsus bir dahilik idi. Biz hər ikimiz meşə direktoru Davudov Nəcməddin müəllimin yanına getdik. Mən Nəcməddin müəllimi heç vaxt görməmişdim. Birinci dəfə idi ki, bu nüfuz sahibini görürdüm. Biz otağa daxil olarkən Nəcməddin Davudov stolun arxasında oturub nə isə yazırdı. Stolun üstündə çoxlu kağız və qovluqlar var idi. Mən irəli yeriyib direktora salam verdim.
Direktor gözünü çəkmədən mənim üzümə baxmağa başladı. Sanki o mənim hansı davranışa malik olmadığımı və necə insan olmağımı üzümdən öyrənmək istəyirdi. Bu sükutu baş meşəbəyi İlqar müəllim pozdu. Yoldaş direktor işə düzəltmək istəyən oğlandır deyib məni göstərdi. Direktor mənə stol göstərib dedi: - «Əyləşin. Mən həmin stolda əyləşdim. Direktor İlqar müəllimə gedə bilərsiniz deyib geriyə tərəf stolun dayanacağına söykənib mənimlə bir neçə dəqiqə həmsöhbət oldu. Məndə onun sözlərini lazımi qədər cavablandırırdım. Nəhayət həmin günü mənim işlə təmin olunmağım haqda əmri alıb Gədəbəy rayonunun Şınıx meşəbəyinin 1 saylı meşə dolayısına meşəbəyi göndərildim. İşlərdə o gündən başladı. Bir-iki gündən sonra Gədəbəy meşə idarəsinin işçisi lesniş Nəsib dayının iştirakı ilə 1 saylı meşəni təhvil götürdüm. Ancaq bu işlər mənimçün çox söz-söhbətə səbəb oldu. Kəndimizdə bəzi insanlar deyirdi: - «Meşədə nə var, meşə qalıbmı ki, səndə meşəbəyilik edəsən». Bəziləri deyirdi: - «Səni aldadıblar, bəziləri deyirdi. Səni tutacaqlar və ya cərimə altından çıxa bilməyəcəksən». Sanki bu meşə gözətçiliyi bir cinayət işi qədər qorxulu olan iş kimi danışılırdı. Mənim yaxın qohumum olan aşıq Sənan da həmin meşədə əvvəllər meşəbəyi işləmişdir. O da mənimlə söhbət zamanı deyərdi: - «Ehtiyyatlı ol. Lesniş vəzifəsini icra edən Nəsif kişidən özünü gözlə». Nə isə artıq kənddə baş bilən də, bilməyən də məndən danışırdı. Həmişə bir söz xəyalımda canlanırdı. Nəsibdən özünü gözlə. Görəsən bu söz nə üçün deyilirdi. Mən nə üçün lesniş Nəsib dayıdan özümü qorumalıyam və yaxud mən ona heç bir pislik etməmişəm. O, mənə nə üçün pislik etməlidir. Odur ki, mən öz işimi çalışırdım ki, qanunu halda icra edəm. Lakin bunlar çətin də olsa ancaq mənə xüsusi həzz verirdi. Mənim həmişə gəzdiyim və nəzarət etdiyim bir saylı meşə çox füsunkar bir sahəni əhatə edirdi. Mənim yaşadığım Çayrəsulla kəndindən yeddi-səkkiz kilometr məsafədə yerləşən Tovuz rayonunun Qonaqlı kəndinin çox hissəsini təşkil edirdi. Həmin sahə Gədəbəy Rayon Meşə İdarəsinə məxsus olduğuna görə həmin meşə sahəsi də mənim öhdəliyimdə idi. Həmişə mən meşəyə gedəndə çox seyrinə daldığım bir mənzərə görürdüm. Hər tərəf qəlb oxşayan yaşıl meşə, dağ, dərə. Hər addım başı quşların pırıltı ilə uçaraq budaqdan-budağa qonması, səs-səsə verib nəğmə oxumaqları, bəzən çöl heyvanlarının gizləndiyi yerlərdən necə qalxıb getmələri sanki, mənə təbiətin sirlərini öyrədirdi. Ərazi çox böyük idi. Lakin mən həmişə bu qədər yolu və ərazini piyada gəzib dolanırdım. Sevdiyim yerlərdən biri də xüsusi gözəlliyə malik olan, Qurban talası adlanan və bu yer iki çayın bir-birinə qarışdığı yer olduğu üçün, Qurban talasına bəzən də Çayqarışan adlanan düzəngah bir sahə idi. Bu yerlər mənə daha xoş gəlirdi. Həmin Çayqarışanda gözəl bir bulaq çıxırdı. Həmin bulaq suyu qazlı olduğuna görə bu bulağa Turşsu deyilirdi. Bu Turşsuya dincəlmək üçün çox yerlərdən qonaqlar gəlirdi. O, cümlədən mən də yorunuq olan vaxt həmin yerə gedərdim və orada əylənirdim. Həmin bu yerdən gəlir üçün də istifadə olunurdu. Tovuz Rayonunun Qaradaş seyidləri adlanan kəndin sakini Oqtay adlı bir nəfərin orada kiçik bir kababxanası ətrafa xüsusi bir əhval-ruhiyyə bəxş edirdi. Həmişə kababın ətri dörd bir yana yayılar, əsasəndə acmış yolçuların diqqətini daha çox cəlb edərdi. Bura gəlişli-gedişli meşə ərazisi olduğuna görə də buraya diqqəti həmişə gücləndirirdim. Həmin sahədə nizam-intizam yaratmışdım. Buna görə də vətəndaşlar meşə qırıntısı etmirdi. Bəzən mən fikrimdən keçirirdim ki, buna görə mənə idarə tərəfi ndən xüsusi minnətdarlıq ediləcək. Ayda bir dəfə Gədəbəy Rayon Meşə İdarəsində iclas keçirilirdi. Buna görə də bütün meşəbəylər hər ayın beşində iclasda olmalıydıq. Mən hər iclasa gedəndə direktor həmişə məni qaldırıb deyərdi: - «Sənin ərazində yaxından yoxlama olacaq. İşində möhkəm ol. Məhz bu söz təxminən əlli-altmış nəfər meşəbəylər arasında mənə deyilirdi. Ancaq mən heç də bu tapşırıqdan incimirdi. Fikirləşirdim onsuz da mən yaxın vaxtlarda meşəni təhvil vermək istəyirəm. Bir gün yenə mən iclasa gəldim. Meşə idarəsinə çatanda idarənin həyətində ağac altında qoyulmuş stol arxasında bir neçə meşə işçisi əyləşmişdir.
Bunların arasında ümumi Şınıx zonasına lesniş təyin olunmuş Nəsib dayını demək olar ki, Gədəbəy camaatının hamısı tanıyırdı. Uşaqdan böyüyə qədər.
Nəsib dayı hündürboy, saçları tam ağarmış və bədəncə böyük olan biri idi. Mən Nəsib dayını görəndə yenə bir söz yadıma düşdü. O, Nəsibdən özünü gözlə. Mən kollektivə yaxınlaşıb salam verdim və onların sırasında əyləşdim. Bunlardan birinin əlində dəftər, qələm var idi, nəsə bir siyahı yazırdı. Məni də dəftərə qeyd edib iclasın başlamasını elan etdi. Bir neçə dəqiqədən sonra iclas başladı. Biz artıq iclas otağında idik. Bu gün nədənsə direktor mənə heç bir söz demirdi. Ancaq mən ondan danışmaq icazəsi alıb, meşəbəylikdən çıxmaq fikirimi ona bildirdim. Bu əhvalatdan bir-iki ay sonra yenə meşəyə yoxlanış gəldi. Yoxlanış Nəsib dayı idi. Sanki məndə bir şübhə oyanmışdı. Nə üçün mən özümü Nəsib dayıdan gözləməliyəm. Nəsib dayı həmin günü mənimlə bizdə qaldı. Öz sahəmizdə söhbət etdik. Nərd tapıb bir neçə dəfə nərd oynadıq. Artıq mən işdən çıxmaq ərizəmi yazmışdım. Həmin ərizəni qəbul etmək üçün Nəsib dayıya uzatdım. Nəsib dayı onun məni işdən azad etmək üçün gəlməməsini desə də, mənim xahişimə görə ərizəmi alıb qovluğuna qoydu. Həmin vaxt mən çox diqqətlə onun mənə hansı münasibətdə olmasını izləyirdim. Ancaq Nəsib dayının üzündən bir nigarançılıq hissi oxuyurdum, yox o, mənə qarşı pis fi kirdə deyildi. Üzü çox ciddi, ancaq bu ciddilikdə bir qəribəlik, bir qəmqinlik var idi. Nəhayət mən onu kəndimiz Çayrəsulluda yerləşən bazarın yanından rayona yola saldım.
Bir neçə gün sonra yenidən Nəsib dayı və meşə idarəsində texnik vəzifəsində çalışan Əli adlı bir nəfər cavan oğlan meşəni məndən təhvil almağa gəldilər. Biz bir neçə gün meşə ərazisində gəzindik. Həmin vaxtda texnik Gədəbəyli kənd sakinləri tərəfi ndən oğurluq yolu ilə kəsilmiş və aparılmış ağac dingələrinə möhür vurub sayını dəftərə qeyd edirdi. Hər üçümüz piyada gəzirdik. Nəhayət dörd gündən sonra biz Qonaqlı adlanan kəndə çatdıq. Orada Nəsib dayının çox tanıdığı Müzənfər Məmməd oğlunun evində qonaq olduq və həmin günün gecəsini Müzənfərgildə qaldıq. Səhər durub çay-çörək süfrəsindən sonra yola düzəldik. Qonaqlı kəndindən başlayan yol üzü Seyidlər kəndinə tərəf uzanırdı. Yol hər yerdə meşənin içi ilə keçirdi. Biz də bu ucsuz-bucaqsız yolun yolçuları idik. O qədər gəldik ki, gəlib əvvəlcədən sizə məlumat verdiyim Qurban talasının qənşərində dayandıq. Heçdə mənim həmin yerdə dayanmaq fikrində deyildim. Ancaq nə etmək olar. Nəsib dayı əlli ildən artıq olardı ki, bu meşə zolaqlarını məndən yaxşı tanıyırdı. Nəsib dayı yolun qırağında bir daşın üstündə oturub nəsə dərindən bir ah çəkdi. Məndə bir anlaşılmazlıq yaranmışdı. Mən heç bir söz demədən onun yanında dayanıb Nəsib dayının üzünə baxdım. Nəsib dayının gözləri Qurban talasının yuxarısında yerləşən sıx meşəyə baxırdı. Mən bəlkə də birinci dəfə idi ki, Nəsib dayının gözlərindəki itiliyi və parıltının nə qədər saf və gözəlliyini görə bilirdim. Nəsib dayı gözünü meşədən çəkərək mənə dedi: - Orada ağac kəsən varmı? Mən dərhal cavab verdim: - Yox. Ancaq Nəsib dayı dedi: - Yox gedin orada əli ilə göstərdi bax o, ağaclıqda şüy ağac kəsiblər. Get onların neçə ədəd olduğunu say və aktlaşdır ver mənə. Mən baş üstə deyib Çayqarışana tərəf endim. Mən Nəsib dayı deyən yerə getdim. Həqiqətən orada cavan şüylərdən yeddi-səkkiz qədərində meşəyə ziyan vurmuşlar. Ancaq mən həqiqətən də bu ağacları kəsəni bilmirdim. Mən həmin dingələrin nömrələyib yola Nəsib dayının yanına tərəf yollandım. Ona çatar-çatmaz Nəsib dayı soruşdu: - Hə! Neçə ağac kəsiblər. Mən kəsilmiş ağacların səkkiz olmasını dedim. Nəsib dayı elə oradaca qovluqdan kağız, qələm çıxardıb mənə uzatdı və dedi: - Akt yaz və qol çək. Ancaq mən çaş-baş qalmışdım. Axı mən ağacların kim tərəfi ndən kəsilməsini bilmirdim. Mən bu ağacları kimə cərimə edə bilərəm. Bir xeyli fi krə getdim. Düşünürdüm ki, indi mən də nə edim. Nəsib dayı məni fi kirdən ayırdı. “Hə niyə yazmırsan?” - Mən cavab verdim: - Ağacları kəsənlər məlum deyil, necə yazım. Ancaq ağacı kəsəni Nəsib dayı öyrənibmiş. Kəsilmiş ağacları həmin yerdə əkin sahəsinə çəpər üçün kəsildiyi söylədi. Mən həqiqətən də həmin ölçüdə ağacları gedib həmin çəpərdə müəyyən edib, sonra Nəsib dayının yanına qayıdıb akt yazıb qol çəkdim. Aktı Nəsib dayı təsdiqləyib yenidən qovluğuna qoydu və yenidən yola düzəldik. Az gəldik, çox gəldik, dərə-təpə düz gəldik.
Nəhayət Qaradaş Seyidlər kəndinin girəcəyinə çatdıq. Ancaq havalar isti olduğundan və bir azda yornuq olduğumuzdan Nəsib dayı yolun qırağına çəkilib bir daşın üstündə oturdu. Görünür, Nəsib dayı bizdən daha çox yornuq idi. Ara bir tövşüyür və alnına gəlmiş təri silirdi. Nəsib dayı şalvarının balağını bir az yuxarı çəkib qıçasını ovxalamağa başladı. Nəsib dayının qıçında şişkinlik var idi. Mən çox narahat idim. Seyidlər kəndini keçib öz kəndimizə yəni Çayrəsullu kəndinə hələ xeyli yol qalmışdı. Bu narahatlıq sükutunu yenə də Nəsib dayı pozdu: - Aydın mən artıq qocalmışam, bir az ağrıyıram. Həm də ayaqlarımda ağrı olur. Bəlkə də bundan sonra işdən çıxacam. Daha hərlənə bilmirəm. Nəsib dayı yenə danışmağa ara verib bir xeyli nəsə düşündü və yenə sözə başladı: - Aydın bəlkə də mənim bu meşələri gəzməyim, yoxlanış aparmağım, kimdənsə təslim edib, kiməsə təhvil verməyimin axırıncı günləridi. Bəlkə də bu yerlərə bir daha qayıtmayacağam. Bu yerləri bir daha görməyəcəm. Nəhayət bu ürək sıxıcı sözlərdən sonra biz yenidən yolumuza davam etdik. Biz gəlib kəndə çatanda artıq axşam çağı idi. Bizimlə yaxın qonşu olan bir həkim var. Sənəddə adı Qulu olsa da el arasında onu Eldar kimi tanıyırdılar. Həmin axşam Nəsib dayının öz istəyi ilə onu Eldar əmigildə yerləşdirib özüm evə qayıtdım. Səhər bir az gec qalxmışdım. Bu da yorğun olduğumdan irəli gəlirdi. Bu vaxt bir nəfər gəlib məni çağırdı ki, səni Eldargildən çağırırlar. Mən dərhal yerimdən durub əl-üzümü yudum və Eldar əmigilə getdim. Ancaq artıq heç bir şey fikirləşmirdim. Öz-özümə deyirdim ki, onsuz da xeyli cəriməm olacaq. Buna görə də məni tutası deyillər ki. Cəriməm olarsa tapar cəriməmi ödəyərəm, məni rayona get-gələ salmazlar.
Bu fikirlərlə Eldar əmigilə çatdım. İçəri daxil oldum. Nəsib dayı yenə də stol arxasında nəsə yazıb-pozurdu. Mən Nəsib dayı ilə üz-üzə əyləşdim. Ev yiyəsi Eldar da Nəsib dayı ilə oturmuşdu. Ortaya çay gəldi. Çayın yanına şamla birgə doğranmış bal qoyuldu. Ancaq bal yemək qədərindən çox idi. Sanki balı bir sərgi etmək üçün tökmüşdülər. Nəsib dayı mənə baxıb dedi: - Ye. Mən ramka baldan bir-iki dilim kəsib çayla içdim. Ancaq işin necə qurtaracağını bilmirdim. Nəhayət bizim bu beş gündə yoxladığımız işlərin axır nəticəsi bəlli oldu. Nəsib dayı kağız üzərində yazdıqları təhfi l-təslim qrafikini mənə göstərib dedi: Bu gündən azadsan. Bu qədər ağacların kəsilməsində günahlandırılmırsan. Ona görə ki, əraziyə əsasən meşə qırıntısı az miqdarda hesaba alınır. Bu qırıntıya görə olunan cərimən bu axırıncı aylıq gəlirindən tutulacaq. Bununla da heç bir cərimən qalmır və heç bir meşə ödəyin yoxdur. Nəsib dayı bu sözləri dedikcə mənə elə gəlirdi ki, bu sözləri Nəsib dayı demir. Sadəcə öz xəyalımda canlanan bir hisdir. Lakin həqiqətən də bu sözləri Nəsib dayı canlı deyirdi.
O illərdən xeyli vaxt keçir. Ancaq Gədəbəy Rayon Meşə İdarəsinin həmişə fəal işçisi, qabaqçılı olan Lesnis vəzifəsini icra edən Nəsib dayını həmişə xoş xatirələrlə yad edirəm. Nəsib dayı hal-hazırda yaşamır. Rəhmətə getmiş olsa da onun o dönməz adı yaşayacaq. Allah rəhmət etsin.
01.02.2012

22-05-2023, 21:26
Aydın ƏŞRƏFOĞLU yazır: "GÜNLƏR"


Aydın ƏŞRƏFOĞLU
“MƏNİM HEKAYƏM” kitabından

GÜNLƏR
Budur bir təzə fəsil. Fərqi yoxdur, yaz, yay, payız yaxud qış. Günlər Yenə günlər. Günlər bir-birinin dalınca gəlib keçər. Günlər keçən günlər. Fərqi yoxdur, ya sevincli, ya kədərli. O, keçən günlərin birində sevincli bir gün. Qəm qüssədən uzaq bir yol ayrıcında dayanıb bir gözəl qızın gəlişini gözləyirəm. Həmin qız gəlir. Mən bir balaca və bir yerdə addımlayaraq. Vaxt necə keçdiyini bilmədən, saata baxmadan, tələsmədən. Günlər o, gözəl günlər. Artıq o, günlər arxada qalıb, lap arxada. Geriyə baxıb hey boylanıram, o günləri görməyə. Yenə də həmin yol ayrıcında, həmin mənim dayandığım yerdə yenə də bir oğlan dayanıb. Yenə də bir qıvrım saçlı və ya qıvrım olmayan bir mavi gözlü bir qızı gözləyir. Odur yenə də bir qız gəlir. Həmin oğlan ona yanaşır və yollarına davam edirlər.
Kədərli bir gün. Necə də bu gün mənim üçün çətindir. Günlər uzanır, uzanır. Tez-tez saata baxıram, vaxt da keçmir. Çünki univer sitetə qəbul ola bilməmişəm və yaxud arxasınca düşdüyüm işə nail ola bilməmişəm. Günlər məni sıxır. Harasa qaçmaq isdəyirəm, heç kimin məni görə bilməyəcək bir yerə. O, günlərdə arxada qalıb. Hey arxaya boylanıram, günlər ah günlər. Yenə də bir oğlan görürəm. O, oğlan da harasa tələsir, heç hara baxmadan, heç kimə söz demədən. Sanki o da harasa qaçır, nədənsə narahatdır. Yalnız mən bilirəm, mən yenə keçən günlərə qayıdıram. Lap balaca uşağam, həyət-bacada o tərəf, bu tərəfə qaçıb nəyisə tutmaq istəyirəm, nəyisə qovuram. Bu vaxt gözüm bir dağa sataşır. Dağ döşündə beli bükülmüş qoca bir çoban qoyun otarır. O günlərdə çox arxada qalıb.
Artıq böyümüşəm. Yenə də arxada qalan günlərə baxmaq istəyirəm. O günləri görmək istəyirəm. Ancaq hey boylansamda o günlər olmasa da, yenə də həmin dağ döşündə bir beli bükülmüş qoca çoban görürəm. Bu çobanda həmin uşaqlıq illərimdə gördüyüm çoban kimi dayanıb. Heç nə dəyişməyib. Bir o dəyişib ki, mən artıq o, çobana uşaq düşüncəli yox, böyük düşüncəylə baxıram.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!