“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 22-10-2017, 23:20
ŞEİRLƏRİNİ SEVGİYLƏ YAZAN ŞAİR


Əli Nəcəfxanlının yenicə çapdan çıxmış kitabına Xalq şairi Sabir Rüstəmxanlının yazdığı ön sözü oxucularımıza təqdim edirik:

ŞEİRLƏRİNİ SEVGİYLƏ YAZAN ŞAİR

Əli Nəcəfxanlını çoxdan – hələ Azərbaycan dövlət televiziyasında işlədiyi vaxtlardan – tanıyıram. Onun bir peşəkar jurnalist kimi hazırladığı reportajlar, verilişlər canlı və səmimi olmağıyla yanaşı, həm də fərqliliyi ilə seçilirdi və bu fərqlilik onların poetikliyindəydi. Bəli, Əli Nəcəfxanlı televiziyaya xas quru xəbərçiliyə şeir ovqatı əlavə edir, hazırladığı xəbərləri də, verilişləri də qəbul olunmuş televiziya ənənələrindən kənara çıxarırdı. Yəni Əli çərçivəyə sığmayan bir jurnalist kimi yaddaşımda qalıb. Elə bu gün “Xalq qəzeti”ndə çap olunan yazıları da ruhən azad və poetikdir. Təbii ki, bu azadlıq və poetiklik Əli Nəcəfxanlının şair ruhundan irəli gəlir.
Altmış yaşı arxada qoyan Əli Nəcəfxanlı “Söz yerə düşməsin” kitabının əlyazmasını mənə verəndə, açığı, ilk olaraq vaxtın azlığını fikirləşirdim, amma axşamların birində bir-neçə saata kitaba toplanan şeirlərin hamısını oxudum. Çünki elə ilk şeirindən Əlinin sözünün sehrini duydum.

ŞEİRLƏRİNİ SEVGİYLƏ YAZAN ŞAİR


“Tanış olaq, bu da mənəm,
Qəhət deyil söz başıma.
Bacarırsan, könlümə gir,
Fikir vermə göz-qaşıma.”
Əli “Mənim şeirlərim” adlı poetik duyğularında:
“Şəkil istəmişdin, şəklə əvəzdi,
Sənə göndərirəm bu şeirləri.
Təbərrik yerinə yanında gəzdir,
Gözünün yaşında yu şeirləri,
...Tənha çağlarında götür, varaqla,
Misralar bəzənib amanla, ahla,
Demirəm əzbərlə, yadında saxla,
Oxu aradabir, duy şeirləri”, –

deyərək, həm oxucuya hesabat verir, həm də öz şeir estetikasını, şeirlə getmək istədiyi yolu, çatmaq istədiyi məqsədi göstərir. Bəri başdan şeirlərinin ağrılı, yüklü olduğunu etiraf edir.

Şeirin nə qədər ilahi bir təsvir vasitəsi olduğunu yaxşı bilirik. Şair şeir yazarkən öz ruhunu, canını əridib sözə verir, bəzən hisslər, duyğular adamın nəfəsini kəsir və bu nəfəs çox vaxt sonuncu nöqtə qoyulandan sonra da açılmır. Şeiri bilən, sözün ağırlığından xəbərdar olan şairin nəfəsi sözə nəfəs verə biləndə açılır. Məncə, Əli Nəcəfxanlı dərindən nəfəs almağa çətinlik çəkməyən şairlərdəndir. Özü-özünə hesabat verən, yazdığı hər misraya, altında qoyduğu imzaya görə məsuliyyət daşıyan qələm adamıdır. Onun vətəndaş mövqeyini, hirsini, acığını, sevgisini, çəkdiyi əzabları, keçirdiyi hissləri hər şeirində duymaq olur. “Hesab dərsi” adlı kiçik, lakin mənası ilə, acı həqiqəti ilə ürək ağrıdan şeir də bu fikirlərin ifadəsidir.

“Olsa da vətənin sərhədi bəlli,
Yaddadı torpağın yarısı, yadda...
Qəliz məsələdi – üç-dörd əməlli:
Vurursan, bölürsən, üstə gəlirsən –
Yarısı yazılır, yarısı yadda...”,

deməklə, Vətən tarixini vərəqləyir, Vətən xəritəsini göz önündə canlandırır. Əli bu kiçik şeirlə böyük bir mətləbi açır, acı gerçəkliyi təsvir edir. Bu şeirdə zaman-zaman itirdiyimiz Zəngəzur ağrısı, Borçalı harayı, Dərbənd yanğısı, Təbriz həsrəti var. Bu şeirdə yarası qaysaq tutmayan Qarabağ həqiqəti var və müəllif fikrini uzun-uzadı təşbehlərlə ifadə etməkdən qaçaraq, lakonik ifadə formasına üstünlük verir. Başqa bir şeirində türklüyü bayraq kimi başa qaldıran Əli, –

“Beşikdən məzara əhdi pozmayan,
Zəfər nəğmələri oxuyandı türk!
Nağıl uydurmayan, yalan yazmayan,
Hər gün günəş kimi şaxıyandı türk!”,

– deyir və fikrinin konkret ifadə formasını tapmağa çətinlik çəkmir. Çünki Əli Nəcəfxanlının bütün şeirləri sevigiylə yazılıb. Müraciət etdiyi bütün mövzular poetik ruhun süzgəcindən keçərək, min illik yazılı tarixi olan Azərbaycan söz sənətinin ənənələrinə yeni baxışın, yeni yanaşmanın təzahürü kimi təqdim olunur. Yuxarıda dediyim kimi, Əli ağrıları da, dərdi də, həsrəti də sevərək yazır. Onun şeirləri üçün əsas mövzu – sevgidir. Sevgidən söz düşmüşkən, Əlinin kitabın “Segi varsa...” bölümünə daxil etdiyi şeirlər sadəcə, sevgi şeirləri deyil, onlar minlərlə, milyonlarla insanın keçirdiyi duyğuların təzahürü, yaşadığı hisslərin ifadə forması, həsrətin, ayrılığın əzabından yaranan könül qırıqlığının bədii təsviridir.

“Bir dənəm, bir mənəm, bir də xəyalın,
Həsrətin cəhənnəm əzabı imiş.
Səni sevə-sevə tərk eləmişəm,
Bu zülüm Allahın qəzəbi imiş.”,

ya da,

“Sanki oğurluqda yaxalanmışam,
Gözümdə gözünün izi tapılıb.
Yanlış ünvan kimi döyüb hər axşam
Sevgi məktublarım sizin qapını.”,

ya da elə,

“Heyif, bizimki də bura qədərmiş,
Min yol köks ötürək, təəssüf edək.
Yanıb külə döndü eşq sarayımız,
Bir-iki xatirə götürüb gedək.”

kimi nümunələr bu misraların müəllifinin sözü, fikri usta kimi çatdıra bilmək, və hər kəsə tanış olan, hər kəsin yaşadığı eşq adlı duyğunu oyada bilmək bacarığını təsdiq edir. Əlinin həm ictimai məzmun kəsb edən, həm də lirik ovqata köklənən şeirləri haradasa müəllifin də bədii təsvirini yaradır. Əli fikirlərini özününküləşdirib yazan şairləndəndir. Oxucuya nüfuz edə bilir, amma bunun arxasında otur məni oxu yalvarışı yox, otur məni oxu diktəsi var. Əli nə yazdığını gözəl bilən, auditoriyası bəlli şairdir. Təəssüf ki, Əli də dövrünün bir çox qələmdaşları kimi diqqətdən kənarda qalan, qiymətini almayan imza sahiblərindəndir. Əli Nəcəfxanlı ədəbiyyatdan heç bir iddia güdmədiyini deyir və mənə elə gəlir ki, bu qədər səmimi, bu qədər həssas şeirlər yaza bilən bir şairin ən böyük iddiası elə səmimi və gözəl şeirlər yaza bilməyidir. Əlinin şeirlərindən çox misal gətirmək olar, amma əlinizdəki kitabı vərəqlədikcə, onun poetik dünyasına bələd olduqca siz də gözəl bir şairin ruhunun süzgəcindən keçən fikirlərlə baş-başa qaldığınızı duyacaq, buna əmin olacaqsız.

Əli Nəcəfxanlının kitabına yazdığım ön sözü sevə-sevə oxuduğum “Şair təbim bu dağlarda kef eylər” şeiri ilə bitirmək istəyirəm. Əli şeirə epiqraf kimi “Yardımlı – Ərdəbil ləhcəsində” yazıb. Adı çəkilən şeiri oxuduqca gözlərim önündə uşaqlğım, yeniyetməliyim canlandı, arxada qoyduğum illərdə qarşılaşdığım bulaq suyu kimi saf, uşaq kimi sadəlövh adamları xatırladım. Sözü də, əməli də bir olan kişilər düşdü yadıma, ismətindən dağlara yaşmaq tutduran qızlar, gəlinlər, analar gəlib keçdi xatirimdən.

“Şirin-şəkər dədə-baba ləhcəsi,
Bu yerlərin qayim-qədim türkcəsi!
Dinlədikcə duyğuların incəsi
Pərdə-pərdə qəlbə dolay, qardaşım.
Dağ sevgisi dağlıları div eylər,
Sevəndə də ölümünə seveylər,
Şair təbim bu dağlarda kef eylər,
Yarı canım burda qalay, qardaşım.”

Nəsə... Bu da belə bir axşam... Şeirlə ötən, sevgiylə başlayan axşam və bu axşamın sahibi (bəlkə də müəllifi) Əli Nəcəfxanlı.
Bir neçə saat ərzində Əli Nəcəfxanlıyla yoldaşlıq elədim, onun dünyasında yaşadım və yorulmadım. Əminəm ki, siz də yorulmayacaqsız!
Və sonda: 60 yaşını bu yaxınlarda qeyd edən şairə yeni onilliklər, yeni kitablar, yeni-yeni gözəl şeirlər arzulayıram.

Sabir RÜSTƏMXANLI
Xalq şairi



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!