Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                       
4-10-2023, 08:33
"Narkotikə Yox de!"


"Narkotikə YOX de!"

3 oktyabr 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük akt zalında 205 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilmişdir. Tədbiri layihənin rəhbəri Kənan Qubadzadə açaraq bildirib ki, “Layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir.
Film 4 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacaq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”.
Tədbirdə iştirak edən Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyev, Azərbaycan Milli Məclisinin deputatları Müşfiq Cəfərov, Vüqar İsgəndərov, İlham Məmmədov, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Kamran Mayılov və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.
Tədbir ərəfəsində “Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektor Orxan Naqdiyev və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edildi.
14-09-2023, 16:14
QHT məktəbliləri sevindirib


QHT məktəbliləri sevindirib

QHT məktəbliləri sevindiribUşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşma xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, müstəqil dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biri, onların ölkəmizdə sağlam və savadlı insan kapitalının formalaşmasına münasibətinin bariz göstəricisidir.
Bu gün ətrafımızda valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar, aztəminatlı şəhid və qazı ailələrinin övladları az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi sosial həssas qrupdan olan ailələrə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edən qeyri-hökumət təşkilatlarının fəaliyyətində xüsusi yer tutur.

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi də bu sahədə öz ənənələrinə sadiq qalaraq, yeni tədris ilinin başlanması ilə bağlı paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailənin övladlarına məktəb çantası və dərs ləvazimatlarının alınmasıba maliyyə yardımı göstərib.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva bildirib ki, maliyyə yardımları QHT könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahiblərinə – “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə minnətdarlığını bildirir və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa ümid bəsləyir.
12-09-2023, 17:06
İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olur

İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olur

Sədri olduğum Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Vedibasar mahalının Hortun, Göyçə mahalının Mollalı kəndindən, Bərdə rayonunun İmirli kəndində deportasiya edilmiş şəxslərlə bağlı araşdırmalar zamanı maraqlı və əlamətdar fakt ortaya çıxdı. Bərdə rayonunun İmirli (Əmirli) kənd orta məktəbinin 1953-cü ildə təşkil olunması ilə bağlı maraqlı fakta rast gəldim. Məktəbin yaradıcısı böyük əmim İsa Vəkilovun 2001-ci ildə qeydə aldığı şəxsi xatirələrində İmirli kəndinə köçmələri, ilk ibtidai orta məktəbin təşkil olunması ilə bağlı dəqiq tarix qeyd edilib. İsa Vəkilov İmirli kəndindəki dörd illik ilk ibtidai məktəbi 1953-cü ildə təşkil etdiyini, məktəbin kəndin Məscidində yerləşdiyini qeyd edib.
Beləliklə mənim də təhsil aldığım İmirli kənd orta məktəbinin bu il yaradılmasının 70 ili tamam olur. İmirli kənd orta məktəbinin yaradıcısı pedaqoq İsa Vəkilovu yaxından tanıyaq.
Vəkilov İsa Əhməd oğlu 1925-ci ildə Şərur-Dərələyəz qəzasının Civə kəndində anadan olub. Atası Əhməd bəy Vəkilov Qazax-İrəvan-Şərur-Dərələyəz qəzasında məskunlaşmış Şərur-Dərələyəz qəzasının naibi olmuş Hüseynalı Sultan Vəkilovun oğlu Həsənalı Sultanın ailəsindəndir. Həsənalı Sultan Vəkilov Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı olub (ifadə araşdırıcı Ənvər Cingizoğluya məxsusdur, Soy jurnalı, № 5(49) 2011-ci il Bakı). Anası Danzikli Həsən bəy Vəkilovun qızı Şəhrəbanu xanımdır. Əhməd bəy Vəkilovun Sidiqə, Leyla, Səltənət adlı qızları, İsa, Musa, Mustafa, Məhəmməd, Əhəd adlı oğlanları olub. İsa Vəkilov ilk ibtidai orta təhsilini Çivə kəndində alıb. Bir neçə il Çivə kəndidə daxil olmaqla Dərələyəzin bir neçə kəndində müəllimlik edib. Sonra Yerevan Pedeqoji Texnikumunu bitirib.
1951-ci ildə Bərdə rayonunun İmirli kəndinə deportasiya ediliblər. 1953-cü ildə İmirli kəndində ilk orta məktəbi (sonra isə kənddə ilk mağazanı da o açıb) təşkil edib. Həmin məktəbdə ilk təhsil alan şəxslərdən biri də İmirli kənd orta məktəbin tam orta məktəbə çevrilməsini təşkil etmiş Əhməd Məmmədovun həyat yoldaşı Fətəliyeva Şölə Həsən qızı (20 fevral 1944-cü ildə Göyçə mahalının Mollalı-Alçalı kəndində doğulub) hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır. Şübhəsiz ki, bu təhsil ocağında oxuyan hər bir şəxsin məktəbin yaradıcısı İsa Vəkilovu, məktəbimizi tam orta məktəbə çevirmiş Əhməd Məmmədovun parlaq xatirəsini yad etmək vəfa borcu hesab olunmalıdır. Hər iki parlaq ziyalımızı rəhmətlə anırıq!

Məktəbimizin fəaliyyətinə toxunarkən Azərbaycan torpaqları uğrunda şəhid olmuş məzunlarımızdan başlamaq yerinə düşərdi. Qarabağ savaşında onlarla İmirli kənd orta məktəbinin məzunu iştirak edib. İmirli kənd orta məktəbinin məzunu olmuş 4 nəfər isə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub:
1) Rəhman Abbasov (kəndin ilk şəhidi, məktəb hazırda şəhidimizin adını daşıyır),
2) Əsgər Məmmədov (Xocalı polisi tərkibində vuruşub),
3) İlqar Calalov (baş leytenant atəşkəs dövründə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub),
4) Murad Musayev (44 günlük Zəfər müharibəsi zamanı şəhid olub).
Qeyd etməliyik ki, İmirli kənd orta məktəbi həm də bir çox alimlər yetişdirib. Gəlin alimlərimizlə tanış olaq:
Akademik Əliquliyev Rasim Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.
Əliquliyev Ramiz Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü.
Professor Süleymanov Qəzənfər Salman oğlu hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment» kafedrasının professorudur.
Dosent, tarix üzrə fəlsəfə doktoru Məmmədov Vurğun Rəhim oğlu ( XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanın yazıçı və maarifçilərinin əsərlərində xalq məişətinin əksi-(Ü.Hacıbəyov və Ə.Haqverdiyev)).
Tarix üzrə fəlsəfə doktoru Calalova Leyla Qədir qızı ( XVIII əsrin son rübündə Azərbaycan-Rusiya ticarət əlaqələri).
Fəlsəfə üzrə fəlsəfə doktoru Eyvazova Şirinxanım Qulam qızı. (ХХ əsr Azərbaycan ədəbi-bədii və fəlsəfi fikrində inam və idrakın dialektikası)
Şübhəsiz 70 yaşlı bir təhsil ocağının yetişdirdiyi faydalı insanlar içərisində Azərbaycanda və ölkəmizdən kənarda tanınan şəxslər az deyil.

Səməd Vəkilov

22-08-2023, 18:37
Qayıdış Könüllülərinin bacarıqları artırılır

Qayıdış Könüllülərinin bacarıqları artırılır
(Qarabağın davamlı inkişafı üçün Qayıdış Könüllülərinin bacarıqları artırılır)

8-12 avqust tarixlərində UNICEF-in Azərbaycan nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə əməkdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsi çərçivəsində Qayıdış Könüllülərinə təlimlər keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dəstək olaraq işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsində, bərpa-quruculuq işlərində iştirak edən könüllü gənclərin zəruri bilik və bacarıqlarını artırmaq, həmçinin inkişafı istiqamətində fəaliyyətləri həyata keçirmək, onların yeni icmalara təhlükəsiz və rəvan şəkildə inteqrasiyasına kömək olmaqdır.


Layihənin ilkin mərhələsində bir qrup Qayıdış Könüllüsü peşəkar təlimçilərin iştirakı ilə “Komanda işinin qurulması və inkişafı”, “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) və “Əsas həyat bacarıqları” modulları üzrə 5 günlük təlimlərə cəlb edilib. Proqram çərçivəsində fəaliyyət göstərən “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qruplarından ibarət 20 nəfər gənc təlimlərdə iştirak edib.
Birinci modul üzrə keçirilən təlimlərdə könüllülərin komanda ilə işləmək bacarığının formalaşdırılması məqsədilə iştirakçılara “komanda işi ilə simulyasiya”, “stuativ komanda idarəedilməsi”, “vəzifələrin effektiv idarəsi üçün metodlar” mövzularında faydalı məlumatlar verilib, həmçinin öyrədilən biliklərin möhkəmləndirilməsi üçün qrup işləri və öyrədici oyunlar təşkil olunub.
İkinci modul üzrə keçirilən təlimlərdə könüllülər mina və müharibənin partlamamış qalıqları (MPQ) haqqında ümumi məlumatlar əldə edib, minalanmış ərazilərin əlamətləri, xəbərdaredici işarələr və təhlükəli ərazilərdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar. Eləcə də, iştirakçılara işğaldan azad edilmiş ərazilərdə hərəkət edərəkən mina və müharibənin partlayıcı qalıqlarına rast gəldikdə təhlükəsiz hərəkət tərzləri ətraflı izah olunub.
Təlimlərin son sessiyasında könüllülər “Əsas həyat bacarıqları” modulu üzrə stresin idarə edilməsi, müsbət düşünmə, dinləmə bacarıqları, şəxslərarası effektivlik, münasibətlərin idarə edilməsi, qərar qəbuletmə, kreativ düşünmə və icraetmə bacarıqları mövzularında zəruri biliklərə yiyələniblər. Həmçinin təlim zamanı müxtəlif praktiki tapşırıqlar, enercayzerlər və rollu oyunlar təşkil olunub.
Qeyd edək ki, layihə çərçivəsində tərəfdaş qurumlarla birlikdə Qayıdış Könüllülərindən ibarət növbəti qruplar üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulur.




15-06-2023, 21:29
Milli həmrəylikdən milli qurtuluşa

Milli həmrəylikdən milli qurtuluşa

Milli həmrəylikdən milli qurtuluşaMüasir Azərbaycan tarixinin ən ziddiyyətli və gərgin dövrlərindən biri olan 1993-cü ilin iyun hadisələrinə təkcə lokal olaraq Gəncədə baş vermiş hadisə kimi deyil, regional siyasi kontekstdə baxmaq lazımdır.
Müstəqilliyin əldə olunması ilə siyasi idarəetmə yeni yanaşma tələb etməyə başlamış, amma hakimiyyətdə olanlar bunu edə bilmədiyi üçün ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən "köhnələr" - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan "cəbhəçilər" bu böhranın daha da dərinləşməsi üçün öz "töhfələrini" verməkdə idilər.

Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci ilin mayında "cəbhəçi bəylər" hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdiyi barədə geniş yazmağa ehtiyac yoxdur. Amma onu qeyd etmək lazımdır ki, "bəylər" vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altına düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Gəncə hadisələri şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan AXC-Müsavat iqtidarının xəyanəti idi.

Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, ümidini böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevə bağladı. Mövcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan "bəylər" də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalıb üzlərini Naxçıvana tutdular. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.
Zaman keçdikcə Heydər Əliyev fenomeni tarixi gerçəkliklər fonunda daha da qabarıq şəkildə üzə çıxır. İyun hadisələri Azərbaycan tarixinin həm dönüş nöqtəsi, həm də milli qurtuluşa gedən yoldur. Bu hadisələr zamanı əsas missiyanı həyata keçirən Heydər Əliyevin ən gərgin emosional durumda soyuqqanlılıqla ən vacib tarixi qərarlar qəbul etməsi, xalqın bütövlüyünü təmin etməsi hər siyasi liderə xas olmayan səciyyəvi cəhətdir.

Gəlin həmin tarixi şəraitə bir daha nəzər salaq. Heydər Əliyev fenomeni ilə üzləşmək istəməyən rəqibləri onu siyasi səhnədən uzaqlaşdırmağa çalışırdılar. Bu çirkin ənənə SSRİ rəhbəri M.Qorbaçov tərəfindən həyata keçirilməyə başlamışdı və ümid edirdi ki, o, bu təcridetmə siyasəti ilə böyük dövlət adamını siyasi meydandan uzaqlaşdırmağa nail olacaq. M.Qorbaçova yaxın olan erməni lobbisi Heydər Əliyevin sovetlər birliyinin rəhbərliyindən getməsi ilə Azərbaycana qarşı iddialarını həyata keçirmək istəyirdi. Belə də oldu. Heydər Əliyevin Siyasi Bürodan istefasından 20 gün sonra akademik Aqanbekyan Fransada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ilk fikrini geniş ictimaiyyətə bildirdi.

O hadisələri Heydər Əliyev ürək ağrısı ilə izləyirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ə.Vəzirov isə Azərbaycanda "Əliyevşina" adı ilə Heydər Əliyevə qarşı kampaniya aparırdı. Müti qul kimi SSRİ rəhbərliyinin tapşırıqlarını həyata keçirən Azərbaycan rəhbərliyi milli azadlıq hərəkatına qarşı çıxır, xalqın azadlıq istəyini hərbi yolla boğmağa çalışan SSRİ rəhbərliyini müdafiə edirdi. Nəticədə 20 Yanvar hadisələri kimi faciə yaşandı. Bu faciə Heydər Əliyevi siyasi səhnəyə qayıtmağa məcbur etdi. O, Moskvada Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında həyatını riskə ataraq 20 Yanvar faciəsinə görə SSRİ rəhbərliyini ittiham etdi.

Bundan sonra Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəldi. Lakin Heydər Əliyevin Azərbaycana gələrək siyasi həyata qoşulması Ayaz Mütəllibovu narahat edirdi. O, bütün cidd-cəhdlə Heydər Əliyevin Azərbaycana gəlməsinin qarşısını almağa çalışırdı. Hətta bu niyyətini gerçəkləşdirmək üçün terror etməkdən belə çəkinmədi. Heydər Əliyevin Azərbaycana gəlməsi üçün çalışan dəyərli ziyalı Əjdər Xanbabayevin terrora məruz qalması Heydər Əliyevin gəlişinin qarşısını almağa hesablanmışdı. Bu da mümkün olmadıqda A.Mütəllibov Heydər Əliyevin Bakıdan uzaqlaşdırılması məsələsini özü üçün taktiki manevr kimi qiymətləndirərək Ulu Öndərin paytaxtda qalmasına mane oldu. Ancaq xırda hisslərlə yaşayan bu adamlar böyük şəxsiyyətlərin böyüklüyünü anlayacaq idraka malik deyildilər. A.Mütəllibov Heydər Əliyevi siyasi səhnədən tamamilə uzaqlaşdrımaq məqsədilə 26 iyun 1991-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında qanun qəbul etdirdi. Qanun sırf Heydər Əliyevin prezident seçkisinə qatılmasının qarşısını almağa hesablanmışdı. Qanunun 1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun".

Təəssüf ki, demokratik şüarla siyasi həyata qatılan hərəkat iştirakçıları A.Mütəllibovun bu çirkin oyunundan öz xeyirlərinə yararlanmağa çalışdılar. Beləliklə, Heydər Əliyevə qarşı yönəlmiş təcridetmə siyasəti "uğurlu" taktiki manevr kimi bir-birinə zidd olan bütün siyasi qüvvələrin yeganə istinadgahına çevrildi. Onu da qeyd etməliyik ki, adıçəkilən hər iki şəxs - Ə.Vəzirov və A.Mütəllibov gənc yaşlarında Heydər Əliyev tərəfindən vəzifə pillələrində irəli çəkilmiş şəxslər idi. Onlar Heydər Əliyevin onların həyatında oynadığı həlledici rolu şükranlıq hissi ilə qiymətləndirmək əvəzinə keçici vəzifəpərəstliklərinin qurbanı oldular. Siyasi karyeralarının gələcəyini M.Qorbaçovun, Heydər Əliyevin təbirincə desək, ikiüzlü siyasətində tapdılar. Nəticədə antimilli ünsürə çevrildilər. Azərbaycan xalqı tərəfindən etimadlarını itirdilər.

Lakin siyasi dialektik qanunauyğunluq Heydər Əliyev fenomenini bu cür ucuz manevrlərlə gizlətməyin mümkün olmadığını sübut etdi. Dahi Səməd Vurğunun təbiri ilə desək,

"Günəşi örtsə də qara buludlar,
Yenə Günəş adlı bir qüdrəti var!"

1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi, bir il ərzində səriştəsizliklərini sübut etdikdən sonra ölkədə yaranmış xaos və vətəndaş qarşıdurmasının qarşısının alınması üçün yeganə yolun Heydər Əliyevdən keçdiyini anladı. "Azərbaycan xalqının 95 faizi bizim əleyhimizə getsə belə biz öz siyasətimizi davam etdirəcəyik" söyləyən siyasi uğursuzlar çıxılmaz duruma düşdülər. Bu həmin dövr idi ki, Azərbaycan xalqı və o cümlədən milli vətənpərvər gənclik müstəqilliyimizin qorunmasının yalnız böyük Heydər Əliyevdən keçdiyini gün kimi anlayırdı.

Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında bu hadisələri belə xarakterizə etmişdir: "1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin Sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin Sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib bu vəziyyətdən çıxmaq olar".

Heydər Əliyevin bu tarixi çıxışı tarixçilər tərəfindən ciddi tədqiq edilməlidir. Məsələlərə təkcə siyasi-hüquqi kontekstdən deyil, həmçinin tarixə baxış bucağından baxmaq lazımdır. Yaxın keçmişimizdə baş verən bu hadisələri, təəssüflə qeyd etməliyəm ki, başqa cür yozaraq Heydər Əliyevin fəaliyyətinə kölgə salmaq və həqiqəti təhrif etmək istəyən konyunkturaya meyilli qüvvələr su bulandırmaqla məşğul idilər. Heydər Əliyev bu çıxışında xalqın müxtəlif təbəqələrindən ona olan müraciətləri qeyd etməklə bərabər, Azərbaycan prezidenti başda olmaqla, bütün rəhbərliyin onunla danışıqlar apararaq, təkidli xahişi ilə Bakıya dəvət etdiklərini onların üzünə deyir. Sonradan "Heydər Əliyev hakimiyyətə can atırdı" ifadələrinin müəlliflərinin heç biri Heydər Əliyevin fikirlərinə qarşı söz deməyə cürət etmədilər.

Heydər Əliyev Azərbaycan siyasi həyatında ən parlaq siyasi nümunələrin müəllifidir, bu, onun nitqində öz əksini bariz şəkildə tapmışdır. Ulu Öndər bütün çıxışlarında sistematik olaraq Azərbaycan xalqını tarixi varisliyə, Azərbaycanın istiqlalına və müstəqilliyinə, ərazi bütövlüyünün bərpa edilməsinə, milli birliyə, həmrəyliyə və demokratik dəyərlərə və qanunun aliliyinə ehtiramla yanaşmağa çağırmışdır.
1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisdə dövlətçiliyimizin gələcəyini təmin edən daha bir tarixi çıxış edir. Bu çıxış onun həmin auditoriyada olan əvvəlki çıxışlarının məntiqi davamı idi.

7 mart 1991-ci il tarixdə Heydər Əliyevin Ali Sovetdə çıxışı zamanı milli birlik və həmrəyliklə bağlı fikirlərinə diqqət edək. O deyir: "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".

Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını əsas vəzifəsi hesab etdiyini vurğulayır. Ulu Öndər vəziyyətin gərgin, emosional olmasına baxmayaraq, 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında soyuqqanlı və müdrikcəsinə ən mühüm zəruri məsələlərə toxunmağı vacib hesab edir. Heydər Əliyev tarixi məsuliyyət məsələsinə toxunaraq bildirir: "Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm".

Tarixi varislik kontekstində müstəqilliyə münasibət

Heydər Əliyevin tarixi varislik və dövlət müstəqilliyi ilə bağlı bu fikirləri müdriklik və cəsarət nümunəsidir: "Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm. Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır".

Göründüyü kimi, Heydər Əliyev dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasını Azərbaycanın əsas strateji hədəfi kimi göstərir. Heydər Əliyevin başqa bir fikrinə diqqət yetirək: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir.

Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Heydər Əliyev bu tarixi çıxışında da əvvəlki nitqlərindəki konsepsiyaya sadiq qalaraq Azərbaycanın dövlət müstəqilliyini xalqımız üçün bir nömrəli məsələ hesab edir. Siyasi plüralizm, qanunun aliliyi, demokratik dəyərlərə hörmət, insan haqlarının təmin olunmasının önəmini vurğulayır.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi

İyun hadisələrinin gərginliyi fonunda Heydər Əliyevin ali kürsüdən çıxış edərək Azərbaycanın yaxın və uzaq tarixi üçün çox mühüm istiqamətləri müəyyən etməsinə heyrət etməyə bilmirsən. Xarici siyasət kursunu müəyyən edərkən Heydər Əliyev müstəqillik kursunun qorunmasını çox vacib sayaraq vurğulayır: "Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır".

Türkiyə ilə münasibətlərə böyük önəm verən Heydər Əliyev bildirir ki, Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Ulu Öndər deyir: "Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub".

Göründüyü kimi, Heydər Əliyev türkdilli xalqlarla münasibətlərə xüsusi önəm verir. Bu isə onun gələcəkdə Türk Dövlətləri Birliyinin qurulması ilə bağlı fəaliyyətinin təsadüfi olmadığını sübut edir.
Heydər Əliyev xarici siyasət prioritetlərini müəyyən edərək bildirir: "Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir".

Həmrəyliyə çağırış

Heydər Əliyev həmin gərgin dövrdə Azərbaycan xalqını birləşdirə biləcək yeganə şəxsiyyət idi. Məhz onun çağırışı ilə milli birlik yarana bilərdi. Heydər Əliyevin siyasi opponentləri belə artıq bunu dərk edirdi. Heydər Əliyevin həmin anda emosional və təsirli çıxışı Azərbaycan xalqına məlhəm kimi gəldi. Xalqın gözlədiyi müdrik ağsaqqal xalqı birliyə, bütövlüyə çağıraraq deyirdi: "Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq.

Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Surət Hüseynov mənim bu səsimi eşidəcək, özünü müdrik aparacaq və biz bu bəladan tamamilə qurtula biləcəyik. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm".

Xırda hisslərə qapılmayan böyük lider

Uzun müddət Heydər Əliyevə qarşı qarayaxma kanpaniyası aparmış şəxslər onun qayıdışından təlaş keçirdilər. Heydər Əliyev isə onlara böyük olmağı öyrədərək demişdir: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qisas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam- intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm".

Müstəqilliyimizi gözlənilən təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı: "2020-ci ilin 8 noyabrı tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".

Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla, orada Azərbaycan bayrağını qaldırmaqla müstəqilliyimizin sarsılmazlığını, ərazi bütövlüyümüzün bərpasının əbədiliyini dünyaya bəyan edən Prezident İlham Əliyev dövlət başçısı kimi xalqın etimadını doğruldur, varislik missiyasını ləyaqətlə davam etdirir.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
3-05-2023, 16:56
Tələbələr akademik Rasim Əliquliyevlə görüşüblər


Tələbələr akademik Rasim Əliquliyevlə görüşüblər

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin ölkənin tanınmış ziyalıları, elm və ictimai-siyasi xadimləri ilə görüşləri davam edir.
Bu dəfə Bakı Slavyan Universitetinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə birinci kurs tələbəsi Rəvan Məmmədli və Bakı Slavyan Universiteti Təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasının birinci kurs tələbəsi Xədicə Əmirova AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevlə görüşüblər.


29-04-2023, 06:53
“Qadın - Ana və Yaranışdır”

“Qadın - Ana və Yaranışdır”

Fəridə Mirişova: "Qadınlara qarşı zorakılıq, məişət müstəvisində hüquqlarının pozulması hələ də aktualdır”
Aprelin 26-da Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin “Qadın - Ana və Yaranışdır” adlı layihəsinin yekununa dair mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan layihə rəhbəri Fəridə Mirişova mətbuat nümayəndələrini salamlayaraq bildirib ki, istər regionlarda, istərsə də Bakı şəhərində layihə çərçivəsində keçirilən tədbirlər zamanı çox maraqlı nəticələr əldə edilib və mətbuat konfransının məqsədi bu təəssüratları geniş ictimaiyyətə çatdırmaqdır:
“İlk olaraq layihənin uğurla yekunlaşdığını bildirmək istəyirəm və qeyd edim ki, hazırda layihə çərçivəsində görülən işlər təhlil olunur və layihənin yekunlarına dair hesabatların hazırlığı ərəfəsindəyik”.

Fəridə Mirişova layihənin əsas prinsiplərinə aydınlıq gətirərək qeyd edib ki, məqsəd məişət zorakılığı və qadınlara qarşı ayrı-seçkiliyin səbəb və nəticələrini araşdırmaq, bu problemlərə milli -mənəvi dəyərlər əsasında çözüm yolu tapmaq və audiovizual vasitələrin köməyi ilə nümunəvi ailə modelini müəyyənləşdirməkdir. Layihə rəhbəri bildirib ki, məişət zorakılığının, qadınlarla bağlı diskriminasiyanın qarşısını almaq, bərabərhüquqlu cəmiyyət yaratmaq günün tələbidir:
"Təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq, məişət müstəvisində hüquqlarının pozulması hələ də aktualdır. Bu problemin aradan qaldırılması üçün layihə və tədbirlərin keçirilməsinə ehtiyac var. Bu problem xüsusən regionlarda daha geniş yayılıb. Ona görə, layihəmiz Salyan və Neftçala rayonlarında yaşayan qadınları, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunu əhatə edirdi”.

Fəridə Mirişovanın sözlərinə görə, QHT layihə çərçivəsində ailə anlayışı, milli -mənəvi dəyərlər sistemində ailə münasibətlərinin tənzimlənməsi əvvəlcədən keçirilmiş sorğulara uyğun olaraq hədəf qruplarını narahat edən problemlər üzərindən müzakirə edilib. Mövzulara uyğun ədəbi əsərlərin müzakirəsi, teatr tamaşalarına, bədii və sənədli filmlərə birgə baxış və təəssüratların paylaşması nəzərdə tutulmuşdu. Layihə üç ay müddətində icra edılib.
Layihənin təlimçi- psixoloqu Vüsalə Əmiraslanova Salyan -Neftçala və Bakıda yaşayan xanımlarla keçirilən təlimlər zamanı psixoloji testlərin və ümumi psixoloji söhbətlərin əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən hüquqşünas Sayad Cavadzadə, Azərbaycan Nyu-York Assosiyasının("ANA") yaradıcısı Zəminə Mirhadıyeva, əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət, “Yazarlar" jurnalının İctimaiyyətlə Əlaqələr üzrə meneceri, AJB-nin üzvü Nəzakət Eminqızı, jurnalist Xətayə Sahabbin, Milli Kino birliyinin əməkdaşı Kəmalə Musazadə, Güney Azərbaycandan olan tərcüməçi Məsumə Şükürzadeh, DAMM-nın l vitse prezidenti Ruhiyyə Poladova layihə ilə bağlı fikirlərini bölüşüblər.
Layihə rəhbəri və təlimçi psixoloq media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra xatirə şəkli çəkdirildi.
14-04-2023, 21:36
"Narkomaniya  ümumbəşəri bəladır"


Bakı şəhəri Yasamal rayonu 167 nömrəli tam orta məktəbdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib.

Şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə Yasamal rayon Polis İdarəsindən Polkovnik Orxan Mansurzadə, Polkovnik- leytenant Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim Əliyev, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin Sədri Vidadi Fətullayev, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak edib. Çıxış edənlər, dövlətimizin vətəndaşların və xüsusilə də gənc nəslin sağlam inkişafına göstərdiyi qayğı,Daxili İşlər Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının(NMDK) İşçi Qrupu tərəfindən həyata keçirilən mübarizə və profilaktik tədbirlər,qanunvericilikdə edilmiş yeni dəyişikliklər, narkomaniya və onun törətdiyi fəsadlar, həmçinin narkomaniya ilə mübarizə sahəsində 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı,102 və 802 qısa çağrı nömrələri barədə ətraflı məlumat verdilər.

Narkomaniya ilə mübarizədə təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin bütün üzvlərinin birlikdə iştirakının vacibliyinin qeyd edildiyi tədbirin sonunda maarifləndirici materiallar paylandı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.
8-04-2023, 10:03
Fidan İbrahimli yazır: "Ailə dəyərləri milli-mənəvi aspektdə"


Fidan İbrahimli yazır: "Ailə dəyərləri milli-mənəvi aspektdə"

Nikah ərəb sözüdür, farsca ona kəbin deyirlər. Kəbin və izdivac sözləri evlənmənin qanuni şəkilə salınmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18-dən çox olması müəyyən edilmişdir. Qadını nikaha məcbur edən zaman cinayət məsuliyyətinin müəyyən edilməsi müşahidə olunur. Erkən izdivac daha çox Asiya və Afrika ölkələrində geniş yayılsa da, Avropa ölkələrində də rast gəlmək mümkündür.
Erkən nikah mövzunun aktual problemə çevrilməsinin əsas səbəbləri nələrdir? Gəlin bunları araşdıraq.
Birincisi yazılmamış qanunlardır. El arasında "Tez ailə quran və tez yuxudan duran qazanar" bununla yanaşı ,”qarımış qız" kimi yanlış deyimlərin hələ də işlək olması aktual problemdir. Bəzi valideynlər qızlarını zorakılıqdan qorumaq məqsədi güdərək erkən nikaha vadar edir. Bu, ikinci səbəb kimi qiymətləndirilə bilər. Onlar düşünürlər ki, bu yolla övladlarını şiddətdən, zorakılıqdan qoruyurlar. Amma çox zaman əksinə olur. 18 yaşına çatmadan ailə quran qızlar daha çox şiddət qurbanı olurlar.
Üçüncü səbəb ailədə maddi-sosial vəziyyətin aşağı olmasıdır. Belə ailələr düşünürlər ki, evlilik övladlarına xoşbəxtlik gətirəcək. Bu şəkildə erkən evliliyə vadar edilən qızların seçimi olmur. Seçim haqqı və geniş perspektivlər ailənin əlində olur.
Bəs erkən nikahın fəsadları nələrdir?

Təəsüflər olsun ki, fiziki və psixoloji cəhətdən hazır olmadan nikahlarda ən çox rastlanan hal, erkən hamiləlikdir. Bu ölüm riskini artırır. Reproduktiv sağlamlıq və xroniki xəstəliklərin yaranmasına səbəb olur. Erkən nikaha daxil olan qızların təhsili çox hallarda yarımçıq qalır, cəmiyyətdən təcrid olunur və evdar qadın kimi formalaşır. Qərarı özlərinin deyil, ailələrin verdiyi evlilikdə, zaman keçdikcə tərəflər arasında olan anlaşmazlıq, çox zaman cütlüklərin arasında ciddi problemlər yaradır. Şiddət halı qaçılmaz olur. Zaman keçdikcə öz halından, həyatından şikayətlənən gənc qadın ailənin yükünü daşıya bilmədiyinə görə, həyat yoldaşından dəstək görmədiyi və ailəyə baxmadığı üçün çarəni boşanmaqda görür. Həyat yoldaşından fiziki, psixoloji şiddət görüb, boşana bilməyən qadınlar çox təəssüf ki, çarəni intiharda axtarırlar.
İntihar hallarının sayının artmasının bir səbəbi də bunlardı. Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirləri aparılsa da nəticə çox da ürək açan olmur. Evdəki mühit valideynlərdən asılı olduğu üçün, məktəblərdə və ya fərqli digər mühitlərdə aparılan maarifləndirmə istənilən nəticəni vermir. Erkən nikahlar nəinki qanun pozuntusu, həm də psixoloji şikəstliyə səbəb olur. Bütün bunları yaradan əsas amil savadsızlıq və cəhalətdir.
Fikrimcə, mental dəyərləri unutmamaq şərti ilə, ailə içində yaşından, cinsiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və bərabərlikləri nəzərə alınmalıdır. Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir. Öz haqqını bilməyən, müdafiə etməyən ana qızını yalnız mütiliyə öyrədə bilər. Unutmayaq ki, oğulu da, qızı da tərbiyə edən ailədir, bünövrə elə ailədə qoyulur.

Fidan İbrahimli,
BDU Jurnalistika fakültəsinin tələbəsi


8-03-2023, 10:09
Əziz müəllimim təbrik edirəm!


Əziz müəllimim təbrik edirəm!

Qadındır hər evin yanan çırağı,
Hər güclü kişinin arxa dayağı,
Qadınsız həyatın yoxdur marağı,
Qadınlar bayramınız mübarək olsun!

Əziz müəllimim Aynur Hüseynova, sizi 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə təbrik edirəm. Mən Avtandil çox şadam ki, sizin kimi savadlı, dürüst, mərhəmətli və cəfakeş bir müəllimin şagirdiyəm. Çox sağ olun!
Hər zaman şagirdlərinizə dəstək olduğunuz üçün minnətdarlığımı bildirirəm.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!