Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
Tarix : 7-12-2017, 07:59
Vəfalı dost, nəğməkar şair


Bu günlərdə Xırdalan şəhərində idim. Facebook dostum olan Cavanşir Əsgərə telefon açdım. Telefonda bildirdim ki, mən Xırdalan şəhərində Heydər Əliyev adına parkdayam. Olarmı sizinlə çay süfrəsi arxasında daha yaxından tanış olaq. Dəvətimi qəbul etdi. Dedi ki, elə orada gözləyin, beş dəqiqəyə mən oradayam. Bəli, dediyi vaxt gəlib çıxdı. Görüşüb hal-əhval tutandan sonra söhbət edə-edə parkın yuxarı hissəsində olan çay evinə gəldik. Çay içə-içə lap yaxından tanış olduq.

Cavanşir müəllim əsili-kökü Qərbi Azərbaycanın Vedibasar bölgəsindən olduğunu bildirdi. 1952-ci ildə ata-babası məcburi şəkildə öz isti ata-baba ocaqlarından Azərbaycanın Neftçala rayonuna köçürülüblər. Atası Neftçala rayonunun Qırmızıkənd kəndində yurd-yuva qurub məskunlaşmışdılar.
Cavanşir Əsgər 22 noyabr 1961-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. 1969-cu ildə Qırmızıkənd kənd orta məktəbinə daxil olub, 1979-cu ildə orta məktəbi bitirib. Həmin il sənədlərini Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Neft-Kimya Akademiyasının) Kimya-texnologiya fakültəsinə verib və ora daxil olur. 1984-cü ildə 399-cu qrupunu bitirib, təyinatla Neftçala rayonunda yerləşən yod-brom zavoduna gənc mütəxəssis kimi işə göndərilir. Bir müddət Neftçala yod-brom zavodunda işləyəndən sonra Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən Bakı yod zavoduna dəvət edilir. Uzun müddət Bakı yod zavodunda çalışır. Son bir neçə ildir ki, Xırdalan şəhər bələdiyyəsində işləyir.

Cavanşir Əsgər eyni zamanda gözəl şairdir. Onun şeirləri 1982-ci ildən dövrü mətbuatda - “Azərbaycan”, “Ulduz” jurnallarında və bir neçə şeiri almanaxlarda dərc olunub. 2017-ci ildə isə bir neçə şeiri özbək dilinə tərcümə edilib, özbək qəzet və jurnalında dərc olunub. Cavanşir müəllimin şeirlərinə gözəl musiqi bəstələnib. Ancaq indiyə qədər kitabı nəşr olunmayıb.

Cavanşir Əsgərin bir neçə şeirini Cavanşirsevərlərə və qəzetimizin oxucularına təqdim edirəm.

Görüşdük


Bu gecə görüşdü, görükdük qəfil,
Zamanın durduğu yerdə görüşdük.
İllərin cismimi, həsrətin canı
Oynadıb, yorduğu yerdə görüşdük.

Sel yudu toz-torpaq örtən yazını,
Kül altda közərib, itən yazını…
Quruyan ağacın bir şaqqasını
Küləklər qırdığı yerdə görüşdük.

Danışan gözlərin harayı kimi,
Gedirik, bilmirik haraya kimi?!
Keçirsən içimdən dağ çayı kimi,
Burulğan burduğu yerdə görüşdük.

Aldığım nəfəsdi, verim Allaha,
Almaq ucuz imiş, qaytarmaq baha…
Deyirdim, ruhumuz görüşər, daha,
Dünya çox kiçikmiş, Yerdə görüşdük.

***

Açılan qapısı bacası yoxdu,
İçində alışıb boğulur ürək,
Ayağım altında sürünən işıq,
İçimdə yoxdusa nəyimə gərək.

Soyuqdan büzüşüb bu gecə yarı,
Kölgələr yığışıb qar işığına.
Yığım ürəyimə ay işığını,
Oturum bu gecə yar işığına.

Sevmədim heç soyuq parıltıları,
Sayrışan işıqlar isitməz məni,
Həsrətəm bir kiçik şam işığına,
Mənimçün səyriyən şam işığına,
Mənimçün əriyən şam işığına.

Çinar yarpağı

Ağacdan küsmüsən, ya budağından?
Atdın ucalığı, tutdun torpağı.
Ovcunda bir damcı yaş gilələnib,
Niyə ağlamasın çinar yarpağı?!

Bəlkə bir dərdi var, səni göndərib,
Ağacın torpağa yarpaq sözüsən.
Dünyanın nə qədər sərt üzləri var,
Sən də bu dünyanın yarpaq üzüsən.

Sarısı üstündə ötən günlərin,
Canında tərtəmiz xəzəl qoxusu.
Ovcunda cizgilər taleyin, bəxtin,
Açmısan küləyə, külək oxusun.

Necə boyasa var beş barmağının,
Xınalı, həyalı payız gülüsən.
Yanından laqeyd ötüb keçdilər,
Ünvana çatmayan məktub kimisən.

Ayağım altında xəzəl səsidi,
Səsdən iti uçan bir oxuq, heyif.
Mən vardım, sən vardın, bir də o vardı,
Mən varam, sən varsan, biz yoxuq… Heyif.

Olmasın

Gözümü sıxdım içimə,
Ağladım, görən olmasın.
Dərdlərimə vətən oldum,
Qorudum, bölən olmasın.

Öz-özünü satan nə çox,
İtən nə çox, batan nə çox.
Arxamca daş atan nə çox,
Arxamca gülən olmasın…

Canım uçuq daxmam olsun,
Bir əlim, bir yaxam olsun…
Gözlərimdə qalxan olsun,
İçimdə ölən olmasın…

Tərəzi

Bir gözündə boşluq, bir gözündə Yer,
Necə düz çəkəcək haqqı tərəzi?!
Bu necə oyuqdu düşmüşük, Allah,
Aldanan biz olduq, haqlı tərəzi…

Nizamı, mizanı ikicə qaldı,
Yükləndi, çəkildi, boşaldı, doldu,
Əgər görə bilsən hər tərəf yoldu,
Dilinlə çəkəcək ağlı tərəzi.

Neçə dona düşdük arxada, üzdə,
Boğulduq küləklər çırpınan düzdə,
İpinin bir ucu boğazımızda,
Bir ucu göylərə bağlı tərəzi.

Bizi


Haralara dağılmışdıq,
Haraya yığdılar bizi?!
Ruhumuz da azad deyil,
Köləmi doğdular bizi?!

Coşub daşdıq bənd qoyuldu,
Göyə, Yerə sədd qoyuldu,
Hər yerə sərhəd qoyuldu,
Bələkdən boğdular bizi…

Nisgil qaldı, həsrət qaldı,
Bir az həya, ismət qaldı,
Qismət verdi, qismət aldı,
Bir küncə sıxdılar bizi.

Görən gözləri oydular,
Duyan ürəyə qıydılar,
Soyub torpağa qoydular,
Axır ki, yıxdılar bizi…

Yazdım

Nə qədər səs yazdım can dəftərimə,
Nə qədər səs yazdım, sözsüz səslərə,
Yazdım, xəzəllərin xışıltısını,
Yazdım körpələrin mışıltısını.
İnilti səsini küləyə yazdım,
Həsrətin səsini ürəyə yazdım.

Yazdım göy üzündən asılan səsi,
Dəryalar üstünə yazılan səsi,
Səssiz buludların səssiz nazının
Şimşəyə intizar səsini yazdım,
Səslər yuva saldı can dəftərimdə,
Asılıb titrədi könül bağımdan…
Səslərin intihar səsini yazdım.

Nə qədər səs yazdım can dəftərimə,
Nə qədər səs yazdım, sözsüz səslərə.
Qırılan budağın səsini yazdım,
Sızlayan ocağın səsini yazdım,
Yazdım baxışların kövrək səsini…
Əlim ürəyimin üstündə qaldı,
Yazdım barmaqlara ürək səsini…

Nə qədər səs yazdım can dəftərimə,
Nə qədər səs yazdım, səssiz səsləri.
Ana gözlərinin fəryad səsini…
Şəhid məzarının ayaq ucunda
Göyərən bir otun səsini yazdım,
Əsir olan yurdun səsini yazdım.
Gördüm dağlar kimi sakit dayanıb,
İçini dağlayır sükutun səsi,
Bağıran sükutun səsini yazdım,
Elə hər döyüşü son döyüş olan
Yaralı bir qurdun səsini yazdım…
Yaralı bir Yurdun səsini yazdım.

Hüseyn Məmmədov
"Bütöv Azərbaycan" qəzeti


Vəfalı dost, nəğməkar şair


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!