Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
22-12-2022, 18:05
Mədəniyyət naziri vəzifədən azad olundu


Mədəniyyət naziri vəzifədən azad olundu

Mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
5-12-2022, 16:22
“Altın Kelebek” de parlayan ulduzlarımız


“Altın Kelebek” de parlayan ulduzlarımız

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimində ölkəmizi təmsil edən sənətçilər də mükafat alıblar. Tədbirdə Azərbaycanın parlayan ulduzları qismində çıxış edən gənc müğənni Ayaz Babayev, Nəzrin Vəlizadə (Nazryn) və aparıcı Turanə Hüseynli mükafata layiq görülüb. “Altın Kelebey”i onlara iki dəfə bu mükafata layiq görülən Xalq artisti Röya Ayxan təqdim edib.
23-11-2022, 15:57
“Eurovision”da səsvermə qaydaları dəyişdi


“Eurovision”da səsvermə qaydaları dəyişdi

Avropa Yayım Birliyi “Eurovision 2023” mahnı yarışmasında səsvermə qaydalarını dəyişib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. “2022-ci il müsabiqəsində aşkar edilmiş səsvermə pozuntularına görə, səsvermənin şəffaflığının qorunması yollarını nəzərdən keçirmək üçün AYB üzvlərindən ibarət işçi qrup yaradılıb”, - deyə müsabiqənin təşkilatçıları bildiriblər. Qeyd olunub ki, indi hansı ölkələrin finala yüksələcəyini yalnız müsabiqənin tamaşaçıları müəyyənləşdirəcək. Belə ki, onların səsləri ölkənin səslərinə bərabər olacaq: “Eurovision” müsabiqəsinin münsiflər heyətinə yalnız müsabiqənin final mərhələsində seçim haqqı veriləcək". Rəsmi açıqlamada vurğulanıb ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, müsabiqəyə baxan hər kəs sevdiyi mahnılara səs verə biləcək. Qeyd edək ki, “Eurovision 2023” Liverpul şəhərində keçiriləcək.
23-11-2022, 02:58
SƏNİ  AXTARIRIQ...


Sevimli Xalq artisti Yaşar Nurinin vəfatından 10 il keçdi.10 il əvvəl qələmə aldığım düşüncələrimi saytın izləyicilərilə bölüşürəm.

SƏNİ AXTARIRIQ...

Onunla müsahibəni yubileylərinin birində yazmalı idim. Təəsüf ki, dünyasını dəyişəndən sonra qələmə aldım. Əbədi ayrılıq nə qədər ağır olsa da, ömrü yaratdıqlarında yaşayıb davam edir...
...Teatra daxil olanda səsi ətrafa yayılırdı:
Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz
Bu dünyadan, bu dünyadan.

Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar.
Hünər göstər, bir ad qazan
Bu dünyada, bu dünyada.

Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı.
Bir gün çəkər qəm karvanın
Bu dünyadan, bu dünyadan.

Yanıqlı səsi və ən çox sevdiyim bu nəğmə başqa bir ağrılı ovqat yaratdı qəlbimdə. İlk şəxsi tanışlığımız... Akademik Milli Dram Teatrında respublikanın əməkdar artisti İmamverdi Bağırov haqqında yazacağım kitabla əlaqədar Yaşar Nurinin də xatirələrini lentə almışdım...
Sənətçini alqış sədaları altında son mənzilə yola saldıq (Bu sözləri yazmaq nə asanmış!..). Dünya sanki bomboş idi. Yəqin ki, bütün Yaşarsevərlərin ovqatı mənim kimi idi. Yaşarsız dünya hamıya boş görünürdü. Təəssüf dolu kövrək baxışlarla hamı bir-birinə başsağlığı verirdi.
Evə gəldim. İlk tanışlığımızdan yaddaşımda yaşatdıqlarımı çözələdim:
- Oğuldan-uşaqdan nəyin var?
- Bir oğlum var. Özü də toyumuzdan düz 15 il sonra dünyaya gəlib.
- Yəqin toyunun tamadasını indidən danışmış olarsan.
- Əlbəttə, əlbəttə, Surxayzadənin behini də vermişəm.
Hər ikimiz güldük. Demə, elə buna işarə edirmiş...
İmamverdi Bağırovu necə böyük məhəbbətlə andı, necə unudulmaz xatirələrlə yad etdi... Həmin lent yazısını axtarıb tapdım. Lent fırlanır. 2003-cü ilin əvvəlidir. İndi həmin söhbətimiz mənə daha anlaşıqlı, daha təsirli görünür. Bu gün onun özü barədə yazı yazsaydım, suallarımı yəqin ki, belə cavablandırardı. Uzaqda qalan uşaqlıq illərini fəxarətlə xatırlayır:
- 1960-cı illərin əvvəlində teatra gedəndə uşaqdım hələ. Uşaq müşahidəsi də güclü olur. Mən bütün gördük-lərimi müşahidə edib yaddaşıma yazırdım. İmamverdi əmini (sənət aləmində hamı ona “əmi” deyirdi) ilk dəfə Ordubadi teatrında görmüşəm. Zalda oturmuşdum. Hər gördüyümə heyrətlə baxırdım. İbrahim Hüseynov - Şünasi atama yaxınlaşdı ki, Vücud (teatr aləmində aktyor Məmmədsadıq Nuriyevə belə müraciət edirdilər), tamaşadakı uşaq xəstələnib, sənin oğlun çox maraqla baxır, bəlkə çıxsın onun yerinə... Söhbətin bu yerində gördüm ki, İmamverdi əmi də ağayana yerişiylə gəlir. Zəhmindən qorxub yerimdə durmuşdum. “Toy kimindir?” musiqili komediyası gedirdi...

Ötən əsrin altmışıncı illərində “Bakı teatrlarında” adlı məcmuə buraxılırmış. Məcmuənin 1961-ci il tarixli dördüncü sayında Musiqili Komediya Teatrında A.Məşədibəyovun “Toy kimindir?” musiqili komediyasının elanı da gedib. Elanlarla yanaşı ifaçıların adları da verilib. Maraqlı aktyor ansamblı var. Yaşar Nuri də onların sırasındadır:
Mehman – R.Qədirov, Ə.Muradov
Mirvari – Ş. Qasımova
Professor – İ.Bağırov
Qoşun – L.Abdullayev
Uzun – B.Səfəroğlu, S.Aslanov
Məsmə - N.Zeynalova
Ümid – M.Nuriyev
Göyüş – Ə. Qasımov, D.Kazımov
Xanış – A.Hacıbababəyov, Ə.Bəşirov
Tapdıq – Y.Nuriyev

Diktafonun lent dolağı fırlanır. Qayıtmışam 2003-cu ilin əvvəlinə. Yaşar Nurinin sənət, sənətçi haqqında xiffətli sözləri ürəyimi göynədir:
- “Ulduz” tamaşasında əminin Məleykə Şahmərdanova – Ağazadəylə rəqsi tamaşanın canıydı. Camaat ən çox onların “Tanqo”suna baxmağa gələrdi. Heç bilmirdim o zaman əminin neçə yaşı var. Yaş parportda, yaş sənədində bilinmir. Yaş sənətə, səhnəyə məhəbbətdə bilinir. Möhsünü elə qrim edər, onun donqar burnunu elə yaradardı, düşünərdik səhnədəki aktyor deyil, anadangəlmə Möhsündür.
Hər bir aktyor qrim edə-edə obrazı içində iki dəfə yaşayır. Üçüncü dəfə səhnədə yaşayır. Səhnə müqəddəs yerdir. Çünki səhnədə pərdə var. Pərdə ailədə də var, yoldaşlıqda da. Səhnəyə laqeyd çıxmaq olmaz. Ondansa səhnəni tərk etməlisən. Səhnə heç zaman aktyoru tərk etmir. Aktyor səhnəni tərk edir.
Aktyor həyatı möcüzədir. Başqalarının ömrünü yaşayırsan. Kimisə sevməlisən. Kimsə səni sevməlidir. Kimisə arzusuna çatdırırsan. Kiminsə ürəyində nisgil qoyub gedirsən. Çex dramaturqu Karl Çapekinin çox məşhur bir deyimi var: “Sizlərdən biri oktyor olmaq istəyirsə, ilk növbədə əsəblərinin gərginliyini yoxlasın, görsün ki, iki tərəfdən gələn küləyə, kağız qırıntılarından nahar etməyə, taxtabiti iyi verən lakı dəfələrlə üzünə çəkməyə və s. hazırdırsa, gəlsin. Onda səhnə onu gözləyir”.
* * *
İmamverdi Bağırov haqqında kitabım çapdan çıxanda ailə üzvlərindən sonra ilk görüşdüyüm şəxs Yaşar Nuri oldu. Əlində vərəqlədi. Tərtibatını təriflədi. Oxuyub fikirlərini bildirəcəyini söylədi. Bir qədər sonra zəngləşdik.
- Ay xanım, əmini həyatda görmədən onun ağrı-acılarını, sənət sevinclərini nə gözəl qələmə almısan! – dedi.
- Sizlərə, onun xatirəsini yaşadanlara minnətdaram, - dedim:
- Deyim ki, heç SSRİ xalq artistləri haqqında belə ləzzətli kitab yazılmayıb. Qalın-qalın kitablar yazılır. Amma 2-3 vərəqdən artıq oxumaq olmur. İndi bir yerə səyahət edəndə yalnız bu kitabı aparıram. Unudulmaz sənətçiyə sözdən əbədi həyat bəxş etdiyinə görə bundan sonra sənə “İmamverdi əminin Sevdası” deyəcəyəm.
Mənim üçün bundan böyük qiymət, bundan böyük mükafat ola bilməzdi.
* * *
Diktafonun lent dolağını geri döndərib yanğıyla dediyi sözləri dəfə-dəfə dinləyirəm:
-Mən dərs aldığım sənətkarlar qarşısında baş əyirəm. Təəssüflənirəm ki, əmi layiq olduğu təltifləri, adı ala bilmədi. Ad mənim üçün meyar deyil. Meyar – sənətə, səhnəyə məhəbbətdir. Meyar tamaşaçı məhəbbəti, tamaşaçı alqışlarıdır. Əminin səhnəyə, sənətə məhəbbətinin də şahidiyəm, tamaşaçı alqışlarının da. İmamverdi Bağırovdan danışarkən Zeynal Cabbarzadənin sözlərinə yazılmış məşhur “Kimlər gəldi, kimlər getdi” mahnısı düşür yadıma. Hər ömrə oxunmur bu mahnı. Bu mahnını əminin ruhuna ərməğan edirəm.
Böyük şövq və məhəbbətlə mahnını oxudu.
Mahnı bitir, lent dolağı fırlanır. Daha heç birimizin səsi gəlmir.
Bəli, ən doğru tapıntı və ən dəqiq ifadə - hər ömrə oxunmur bu mahnı!
Söhbətimiz bu mahnıyla bitmişdi.
Ömrünün sonuncu “tamaşa”sında da bu mahnıyla tərk etdi səhnəni.
Nakam getmirdi sənətdən. Az qala, sənət sevincləri elə yaşadığı ömrün illərinə bərabərdi.
Bu yazını yazdığım anlarda televiziyanın “Mədəniyyət” kanalından ölməz sənətkar Lütfəli Abdullayev haqqında veriliş gedir. Yaşar Nuri danışır:
- Sənətkar iki ömür yaşayır. Bir Allahın verdiyi ömrü, bir də sənət ömrünü. Əsl ömür sənət ömrüdür.
* * *
Son illər Opera Teatrında Soltan bəyi oynayırdı. Musiqili Komediya Teatrında “Ər və arvad”da, Kukla Teatrında Məşədi İbad. Daimi iş yeri olan Akademik Milli Dram Teatrı da öz yerində. Bunlarla bərabər hər cümə axşamı “Space” kanalında veriliş aparırdı. Sənətdən ayrı düşüb unudulmuşları yada salıb verilişə çağırırdı. Günlərin birində zəng vurdum, zamanının qüdrətli xanəndələrindən olan Əlyar Əmirov haqqında da veriliş hazırlamasını xahiş etdim.
- Görüşüb, ətraflı danışarıq, - dedi. Görək haqqında nə var - val, disk, qəzet-jurnal yazıları və s.
Ertəsi günə vədələşdik. “Məşədi İbad”a baxmağa dəvət etdi məni.
Tamaşaya çatmadım. Kukla Teatrının qabağında görüşdük. Əlyar Əmirov haqqında olan materialları verdim.
Respublikanın dörd teatrında işlədiyinə və telekanalda veriliş aparmasına işarə edərək:
- Yaman bərk gedirsiniz, - dedim:
- Mən həmişə bərk getmişəm, - dedi.
Və fəxarətlə söylədi ki, Mirzağa Əliyevdən sonra yeganə aktyoram ki, Uzeyir bəyin üç əsərində - “Arşın mal alan”, “Məşədi İbad”, “Ər və arvad” tamaşalarında oynayıram.
* * *
Dünyasını dəyişən günün sabahı xalq artisti Afaq Bəşirqızı xatirələrini söyləyərkən yana-yana qeyd etdi ki, “Ər və arvad”da oynadıq. Təəssüf ki, çəkiliş olmadı. Heç bir lent qalmadı.
* * *
60 illiyinə yazı yazmağı planlaşdırmışdıq. Amma həmin ərəfədə nə Yaşar Nuri Bakıdaydı, nə də mən yazı ovqatında. Sevimli qardaşım Yusif 43 yaşında bizləri əbədi tərk etmişdi. Oktyabr ayında Yaşar Nurinin yubileyi planlaşdırıldı. Zəng vurub təbrik etdim. Gələ bilməyəcəyimin səbəbini söylədim. 70-də iştirak edəcəyimə söz verdim. Dərdimə şərik olub təsəlli verdi. Təəssüf hissinə yumoru da qatıldı:
- Ay xanım, mənim yetmişimə sənin sağ qalmaq ümidin varmı? Mütləq gəl, gözləyəcəyəm. Teatra çatanda zəng vur, qarşılayım. Telefon söhbətimiz zarafat kökü üstdə bitdi.
İndi yoldaşımla sevinirik ki, nə yaxşı getdik. Canlı Yaşarı həyatda son dəfə son yubileyində gördük.
* * *
Musahibə alacağım adamlarla görüşə gedəndə çox nadir hallarda verəcəyim sualları yazıram. Amma Yaşar Nuriyə verəcəyim sualları qabaqcadan yazıb hazırlamışdım. Mənim cavabsız suallarımı telekanalların təkrar verilən lent yazılarında cavablandırır. Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin müəllifi olduğu “Sərbəst söhbət” verilişində Azərbaycan kinosuna orijinallıq gətirən rejissor Vaqif Mustafayevin filmlərindən söhbət açır.
- Hansı havaya köklənirsiniz?
- Hər havaya oynayan oğlan deyiləm. İstər həyatda, istər evdə, istər sənətdə. “Qaragilə”ni, “Qarabağın maralı”nı zümzümə edirəm. “Hopstop”, “Qoçəli”yə qol götürüb süzürəm.
- Nəyə kövrəlirsiniz?
- “Segah” muğamına. Oxuyan səsin altında gərək ürək dayana. Səs ki, düşündürməyə vadar etdi, odur sənət. Səsi eşidəndə gərək ürəyində şəklini çəkəsən.
- Toylara tamada kimi dəvətlər alırsınızmı?
- Toy mənim yaralı yerimdir. Gəlin, bu barədə danışmayaq (Anar “Evləri köndələn yar”). Sənə bir toy tutaram, zurnanın səsi Çinarlıdan gələr.
- 100-ə yaxın tamaşada oynamısınız, 50-yə yaxın filmə çəkilmisiniz. Heç düşünürsünüzmü, hə noolsun?
Cavab yadımda deyil.
Yadımda qalan cavablardan:
- Hər məşhur olan istedadlı deyil, hər istedadlı məşhur. Heç bir ali məktəb istedad vermir. Aktyor doğulur. Aktyor olmasaydım, bu sənətdə olanlara qibtə edərdim.
- Ürəyinizdə nəyinsə nisgili varmı? Sənət baxımından deyirəm...
- Son illər dəniz sahilində tək oturmağı sevirəm. Düşünürəm, nə düşündüyümü özüm də bilmirəm. Evimdə bir dirijor fiquru var. Gənc rejissor Samir bağışlayıb mənə. Bir dirijor, bir aktyor ömrü, bir də tənha adamın həyatını oynamaq istəyirəm...
-Xanımınıza xəyanət etmisinizmi?
- Kişi deyilik?!
Yalandan, riyadan, pafosdan uzaq əsl kişi cavabı!
Elə ki, ömrümün bitər xoş günü,
Dərdim, əzabımın ağır yükünü
Yalnız çəkər biri, götürər biri.
(Məmməd Araz)
Səcdəsinə yüz gözəl gəlsə də, qəlbinin əbədi sevdası, bircəsi Rəhimə xanım oldu.
* * *
Ötən əsrin 80-ci illərinin əvvəlində Azərbaycan Televiziyasında Aslan Qəhrəmanovun “Səni axtarıram” teletamaşası çox populyarlıq qazandı. O tamaşada hamı Elçini sevirdi, Elçin isə Gülnarı.
Tamaşada qovuşa bilmədiyi gözüyaşlı qoyduğu Gülnar – Firəngiz Mütəllimova həmin ayrılıq günündə - noyabrın 22-də Elçinə - Yaşar Nuriyə ağı dedi.
Sevgisi ürəklərdən silinməyəcək həmişə Yaşar! Təkcə Gülnarın yox, hamımız səni axtarırıq...

Sevdiyi Gülnara qovuşa bilmədiyi kimi nəvə Gülnarın sevincini yaşamaq da nəsib olmadı Yaşar Nuriyə. Balaca Gülnarın xəyallarında yaratdığı babası onun üçün dünyanın ən ülvi babalarındandır...

Sevda Əlibəyli
22-11-2022, 13:41
Şuşadakı məscidlərin bəziləri muzey olacaq


Şuşadakı məscidlərin bəziləri muzey olacaq

"Şuşada olan məscidlər əsasən aidiyyəti üzrə fəaliyyət göstərəcək. Çünki məscidin məscid funksiyası var". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, elə məscidlər var ki, onlardan muzey kimi də istifadə etmək olar: "Bu da Şuşanın simasına əlavə gözəllik və yaraşıq gətirəcək". S.Salahlı qeyd edib ki, azad edilmiş ərazilərdə dağıdılan tarixi-dini abidələrin hamısını mümkün qədər bərpa ediləcək: "Məsələ orasındadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından çəkindiklərindən misal olaraq, Gövhərağa, Ağdam və digər məscidləri dağıda bilməyiblər. Dağıdıb bərbad günə salsalar da, yerlə-yeksan edə bilməyiblər. Elə məscidlər də olub ki, təməlinə qədər dağıdıblar. Həmin məscidləri yenidən bərpa etmək lazımdır. Dini ocaqları bərpa edəcəyik ki, yurd-yuvalarına qayıdan soydaşlarımız dini ibadətləri rahat edə bilsinlər". Şuşadakı Qazançı və rus kilsəsinin aqibətinə də aydınlıq gətirən sədrin birinci müavini əlavə edib ki, hər iki yerdə bərpa işləri davam edir: "Həmin yerlərdə də aidiyyəti üzrə tədbirlər keçiriləcək. Bütün Allah evlərinə hörmətlə yanaşırıq və oranı da məhz Allahın evi hesab edirik. Ermənilərdən bizim fərqimiz ondan ibarətdir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar qarşısına çıxan hər şeyi dağıdıblar, kökündən silib aparıblar ki Azərbaycanın orada izi qalmasın. Lakin unudublar ki, tarix var və biz orada yaşamışıq".
22-11-2022, 13:34
Kukla Teatrında yoxlamalar başladı


Kukla Teatrında yoxlamalar başladı

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır. Nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb. Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir. Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib. Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.
22-11-2022, 10:48
Professor: «525»də redaktə işinə ehtiyac qalmır

Professor: «525»də redaktə işinə ehtiyac qalmır

Bu yaxınlarda Azərbaycan mətbuatında bir məktəb rolunu oynayan "525-ci qəzet"in 30 illik yubileyi qeyd olundu. Bu münasibətlə tanınmış qələm zahidləri, tanınmış jurnalistika nümayəndələri "525-ci qəzet"in ünvanına öz xoş arzularını çatdırdılar. Əlbəttə, belə diqqət təsadüfi deyil. Bu, adıçəkilən qəzetin indiyədək gəldiyi şərəfli yolla əlaqədardır.
"525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları-Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri- Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar-Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər- İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri- Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları -Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Onların, ustad qələm sahiblərinin məhz bu qəzeti seçmələri, sözsüz ki, "525"in məktəb statusu ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən - "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı.

Ötən 30 il ərzində ən mühüm hadisələrə diqqət çəkən, müasir Azərbaycan tarixinin şahidi və həmyaşıdı olan "525-ci qəzet" haqqında Bakı Dövlət Universitetinin professoru, nəzəriyyəçi Cahangir Məmmədli öz fikirlərini bölüşərkən bildirdi ki, bu ona ən doğma qəzetlərdəndir: "Jurnalistika fakültəsinin müəllimi olaraq, Azərbaycan mətbuatının hansı tonda olduğunu, eləcə də qəzetlərin tipologiyasını müəyyənləşdirmək medianı gündəlik olaraq izləmək mənim vəzifəmdir. Nəşrlərin içərisində bir qəzet var ki, onu "mənim qəzetim" adlandırmaq olar. Bu, "525-ci qəzet"dir. Qəzet ümumrespublika statusuna malikdir. Ola bilər, bu statusu rəsmiləşdirmiyiblər. Amma mənə elə gəlir ki, onun tematikasına, mövzu dairəsinə, əhatə kütləsinə görə "525-ci qəzet" ümumrespublika qəzeti adını, statusunu almağa layiqdir. Çünki biz burda ədəbiyyat problemlərini, milli-mənəvi dəyərlərimizi, milli və ictimai maraqlarımızı görürük. Bütün bunların hamısını "525-ci qəzet" öz səhifələrində əks etdirir. Ona görə də bu qəzet xalq arasında geniş yayılıb".
Professor qəzet və mətbuatın "öləziməsi" barədə fikirlərə də aydınlıq gətirib: "Düzdür, qəzetin baş redaktoru Rəşad Məcid bəzən deyir ki, artıq qəzet, mətbuat "ölmək" ərəfəsindədir. Amma mən bunu "525-ci qəzet" haqqında deyə bilmərəm. Çünki bu qəzet yaşayır və bu qəzetin oxucuları hələ də çoxdur. Hər sahədə müxtəlif dövrlərdə ləngimələr olur, illər əvvəl ədəbiyyatda olduğu kimi. Amma indi mətbuat və ədəbiyyat yenə öz inkişafından geri qalmır. Mətbuatın televiziya və internetdən geri qalmaması redaksiya kollektivinin peşakarlığından asılıdır. "525-ci qəzet"in əməkdaşları o peşəkarlığın nə olduğunu, oxucunu necə ələ almağı və Azərbaycan xalqına necə xidmət etməli olduqlarını bilirlər".
Cahangir Məmmədlinin fikrincə, "525-ci qəzet"i məktəb kimi səciyyələndirən amillər bunlardır:
"Onun əməkdaşlarının böyük bir qismi bizim jurnalistika fakültəsini bitiriblər. Ona görə də onlar peşəkarlığın nə olduğunu bilirlər. Onların yazılarında redaktə işinə ehtiyac qalmır. Bütün dil qaydalarına ciddi şəkildə diqqət olunan bu qəzetin ümumilikdə tipologiyası elə özü bir məktəbdir. Digər bir tərəfdən isə "525-ci qəzet"i Jurnalistika fakültəsi tələbələrinin yaradıcılıq laboratoriyası adlandırmaq olar. "525-ci qəzet"lə Jurnalistika fakültəsi tələbələrinin münasibətləri çoxdan, elə qəzet çapa başladığı dövrlərdən yaranıb. Niyə? Çünki, o qəzeti yaradanlar: Rəşad Məcid, Yusif Rzayev və digərləri- demək olar ki, bu qəzetin kollektivinin 90%-i BDU-nun jurnalistika fakültəsini bitirib. Buna görə də "525-ci qəzet" lə sözün əsl mənasında bir ailəyik. Rəşad Məcid uzun illər fakültəmizdə dərs deyib. Və tələbələrimiz ondan çox şey öyrənib.
Əlaqələrimizi gücləndirmək məsələsinə gəldikdə isə bu, fakültədə müəllimlərimizdən asılıdır. Hazırki dövrdə müasir jurnalistikanın inkişafı, sözsüz ki, qəzetlərə təsirsiz ötüşmür. Bu məsələ ilə bağlı Cahangir Məmmədli əlavə olaraq qeyd edib ki, Rusiyada "Komsomolskaya pravda" qəzeti çox əvvəldən, 30-cu illərdən çıxır: "Hətta bir çox qəzetlər, "Kommunist", "Pravda" və s. adlarını dəyişdi. Amma "Komsomolskaya pravda" öz adını dəyişmədi. Bu hərəkətlə qəzet dedi ki, istəyirsiniz oxuyun, istəmirsiniz oxumayın. Və, həqiqətən də, o qəzet diqqət çəkməyi bacarır. Saytlarında maraqlı məlumat olduqda, məlumatın geri qalanını qəzetdə dərc etməklə bir növ oxucunu bu qəzeti oxumağa sövq edir. Bizim "525"- in də çox maraqlı saytı var. Elə materiallar var ki, qəzetdə gedə bilər amma saytda yox və ya əksinə. Bu baxımdan sanki qəzetlə saytın bir dialoqu var və onlar bu vəhdəti çox yaxşı bacarır. Və bu qəzetin, saytı ilə özünün yeni formatlara ciddi münasibəti qəzetin yaranmasına, qorunmasına və ömrünün uzun olmasına xidmət edəcək".

Aysun İbrahimova,
BDU Jurnalistika fakültəsinin tələbəsi

16-11-2022, 19:22
Mədəniyyət Nazirliyinin səlahiyyəti artırıldı


Mədəniyyət Nazirliyinin səlahiyyəti artırıldı

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək həvalə edilib.
11-11-2022, 17:13
Şəki qoruğunda uşaq skeletləri tapıldı


Şəki qoruğunda uşaq skeletləri tapıldı

Şəki şəhər “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu ərazisində yerləşən, hazırda “şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi abidədə Dövlət Turizm Agentliyi tərəfindən aparılan bərpa-quruculuq işləri zamanı binanın daxilində beton döşəmə təmir edilərkən 80-120 sm dərinlikdə azyaşlı insanlara aid skeletlər aşkar edilib. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan verilən xəbərə görə, daxil olan məlumat əsasında institutun “Arxeoloji abidələrin toplusu” bölməsinin rəhbəri, dosent Mikayıl Mübariz oğlu Mustafayev 05–08 noyabr 2022 ci il tarixlərdə həmin bölgəyə ezam olunub. İlkin baxış zamanı ərazinin GPS koordinatları 411215N – 47 1146 E götürülüb. Sonra binanın ətrafında qazılmış yerlərə baxış keçirilib. Ətrafda heç bir maddi mədəniyyət nümunələrinə rast gəlinməyib. Bir iki yerdə saxsıdan hazırlanmış su tüngləri aşkarlanıb. Binanın şimal – qərb hissəsində, çöl tərəfdən divarın altından arka tipli çıxış qeydə alınıb. Buradan qərb tərəfdə yerləşən beton hovuza çıxış var. Hovuzun kənarında olan quyunun içərisi çirkab suları ilə dolu olub. Hovuzla bina daxilində olan arka tipli çıxış bir birilə əlaqəlidir. Döşəmədə hər tərəfdən iri dairəvi dəliklər vardır. Ehtimal olunur ki, burada meyitləri yuyarkən su hovuza axıdılıb. Döşəmə sökülərkən betonun alt hissəsində kül qatı və yanmış insan sümükləri aşkarlanıb. Qazıntı sahəsindən iki ədəd tibbi əlcək, iki ədəd daraq aşkarlanıb. İnsan qalıqları əsasən körpə uşağa aid sümüklərdən ibarətdir. Belə görünür ki, burada həmçinin kremasiya (ölüyandırma) işləri də aparılıb. Bu yerin yaxın zamanlaradək doğum evi olduğu söylənilir. Ehtimal olunur ki, doğuş vaxtı və ya bir müddət sonra xəstəlikdən, digər səbəblərdən tələf olan uşaqlar burada yuyulub dəfn olunublar. Dövlət Turizm Agentliyinin əməkdaşları ilə birlikdə yerli əhali ilə söhbət apararkən məlum oldu ki, bina uzun müddət – sovetlər dövründə “ölüxana” kimi fəaliyyət göstərib. Hal hazırda ərazidən aşkar edilən skeletlər kriminoloqlar tərəfindən tədqiq olunur.


30-10-2022, 15:01
Maqomayev Moskvada anıldı


Maqomayev Moskvada anıldı

Oktyabrın 29-da Moskva yaxınlığındakı “Crocus City Hall”da SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Butov.az xəbər verir ki, konsertdə Lev Leşenko, Qriqori Leps, Valeriya, Emin, Aleksandr Serov Maqomayevin sevilən mahnılarını ifa ediblər. Bundan əlavə, Vladimir Vinokur, Zara, “Zemlyane” qrupu, Aleksandr Panayotov, “A`Studio”, Denis Klyaver, Askar Abdrazakov və başqaları da tədbirdə çıxış ediblər. Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il, avqustun 12-də Bakıda anadan olub. O, 31 yaşında SSRİ-nin Xalq artisti adını alıb. Dahi sənətkar 2008-ci il oktyabrın 25-də 66 yaşında dünyasını dəyişib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!