Hərbiçilərlə bağlı əsasnaməyə dəyişiklik təsdiqləndi
Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Cinayət və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılıb. Bundan başqa, bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər edilir.
Daha bir qrup hərbi qulluqçunun evlə təmin olunması qərarı təsdiqləndi
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Bu barədə Maliyyə Nazirliyindən (MN) bildirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur. Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəratinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Ötən müddət ərzində Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunub. Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında hazırda mənzil növbəsində olan 478 nəfər hərbi qulluqçunun Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunması barədə qərarlar qəbul edilib. Qeyd olunub ki, onlardan 20 nəfəri şəhid olmuş hərbi qulluqçuların ailələridir. Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının həyata keçirilməsi sayəsində bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 min 686 nəfər hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillərlə təmin olunub. İclasda, həmçinin, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və beləliklə, mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2 min 302 nəfərə çatıb.
Müdafiə naziri Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib. Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. Nazir döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulayıb. Z.Həsənov tərəfindən xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.
Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər. Cənab H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük. General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı!
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Birgə təlim iki ölkə Silahlı Qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır. Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb. Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra T-72 və T-90 tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb. Təlimin növbəti hissəsində yaralılar helikopterlə təxliyyə olunub, eyni zamanda panton körpülərlə çaydan keçmə əməliyyatı icra edilib, artilleriya batareyalarının köçürülməsi həyata keçirilib. Bütün bu proses Hərbi Hava Qüvvələri elementlərinin hava dəstəyi ilə reallaşdırılıb. "Qardaş yumruğu" təlimi planda nəzərdə tutulan hədəflərin tutulması ilə uğurla başa çatıb.
Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclər artırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 11 milyon 117 min 500 manat artırılaraq, 5 milyard 331 milyon 211 min 93 manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 5 milyard 320 milyon 93 min 593 manat təşkil edirdi. Qanun layihəsinin yeni redaksiyasına əsasən, artırılan vəsait bu bölmə üzrə milli təhlükəsizlik xərclərinə yönəldiləcək. Beləliklə, dövlət büdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 375 milyon 354 min 411 manat olacaq. Əvvəl bu, 364 milyon 236 min 911 manat təşkil edirdi.
Qardaş ölkələrin keçirdiyi hərbi təlimdən görüntülər
Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 2022-ci il üçün təsdiq olunan birgə tədbirlər planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçularının, eləcə də komitənin bir qrup nümayəndəsinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib. Görüşlərdə "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması", "Gənclərin tərbiyəsində islam dininin rolu", eləcə də "Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri" mövzularında geniş söhbətlər aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
Noyabrın 30-da Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Ə.Burxanov dövlətlər arasında müsbət əlaqələrin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin inkişafına töhfə verəcəyini xüsusi qeyd edilib. Görüşdə Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonda nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gələrək burada görülən işlərlə tanış olub.