Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
10-06-2023, 07:15
İctimai Şuranın üzvləri Şəkidə

DMX yanında İctimai Şuranın üzvləri Şəki şəhərinə səfər ediblər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Xidmətin müxtəlif struktur bölmələri tərəfindən miqrasiya proseslərinin həyata keçirilməsi vəziyyəti ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq görüşlər təşkil edir.

Növbəti tədbir çərçivəsində İctimai Şura üzvləri Şəki şəhərinə səfər ediblər.

Burada Şura üzvləri Şəki Regional Miqrasiya idarəsində olublar. İdarədə onlara regional idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən səyyar xidmətlər, keçirilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Eyni zamanda səfər çərçivəsində Şura üzvləri Şəki “ASAN Həyat” kompleksində ümumi işin təşkili, miqrasiya və digər əlaqəli pəncərələrin fəaliyyəti ilə də tanış olublar.
30-04-2023, 18:39
İctimai Şuranın üzvləri Xaçmaz və Qubada görüşlər keçiriblər

İctimai Şuranın üzvləri Xaçmaz və Qubada görüşlər keçiriblər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Xidmətin müxtəlif struktur bölmələri tərəfindən miqrasiya proseslərinin həyata keçirilməsi vəziyyəti ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq görüşlər təşkil edir.


Növbəti tədbir çərçivəsində İctimai Şura üzvləri Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində əcnəbilərlə görüşüblər. Tədbirdə miqrasiya məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlər, edilən müraciətlər müvafiq qaydada qeydiyyata alınıb.

Sonra Şura üzvləri Xaçmaz Regional Miqrasiya idarəsində olublar. Burada onlara regional idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən səyyar xidmətlər, keçirilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Eyni zamanda səfər çərçivəsində Şura üzvləri Quba “ASAN Xidmət” mərkəzində ümumi işin təşkili, miqrasiya və digər əlaqəli pəncərələrin fəaliyyəti ilə də tanış olublar.
24-04-2023, 19:11
QHT-dən “Ramazan” hədiyyəsi


QHT-dən “Ramazan” hədiyyəsi

Uşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşma xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, müstəqil dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biri, onların ölkəmizdə sağlam və savadlı insan kapitalının formalaşmasına münasibətinin bariz göstəricisidir.
Bu gün ətrafımızda valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar, aztəminatlı şəhid və qazı ailələrinin övladları az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi sosial həssas qrupdan olan ailələrə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edən qeyri-hökumət təşkilatlarının fəaliyyətində xüsusi yer tutur.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi də bu sahədə öz ənənələrinə sadiq qalaraq, müqəddəs Ramazan bayramında paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailənin övladlarını təzə geyim dəstləri və maliyyə yardımı ilə sevindirib.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva bildirib ki, hədiyyələr və maliyyə yardımları QHT könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahiblərinə – “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə minnətdarlığını bildirir və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa ümid bəsləyir.
14-04-2023, 20:28
TƏBİB uşaq sağlamlığının qorunmasına dair müşavirə keçirib


TƏBİB uşaq sağlamlığının qorunmasına dair müşavirə keçirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Yeni Klinikada uşaq sağlamlığının qorunmasına dair geniş müşavirə keçirilib. Müşavirədə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin direktorları, TƏBİB-in struktur bölmə rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov açıb.


Daha sonra çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ana və uşaq sağlamlığının qorunması sahəsinə dövlət səviyyəsində xüsusi önəm verildiyini vurğulayaraq tabeli tibb müəssisələrində bu istiqamətdə görülən işlərdən və çatışmazlıqlardan danışıb.
İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev çıxışında neonatal və pediatrik xidmətin təşkili məsələlərinə toxunaraq ötən illərdə ana və uşaq sağlamlığı ilə bağlı həyata keçirilən layihələrdən söz açıb, 2023-cü il üçün görüləcək işlər haqqında məlumat verib.

Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva uşaqların icbari dispanserizasiyadan keçirilməsi sahəsində görülən işlər barədə məlumat verərək onlar arasında rutin immunizasiyanın önəmini qeyd edib. O, valideyn himayəsindən məhrum olan uşaqların da hər il dövlət proqramı çərçivəsində dispanserizasiya müayinələrinə cəlb edildiyini, TƏBİB-in tabeliyindəki poliklinikalarda dispanserizasiyadan keçirildiyini vurğulayıb. Ş.Şahgəldiyeva tibbi reabilitasiyanın təşkili, patronaj xidmətinin yeni modelinin tətbiqi, “Körpə Dostu Klinikası” layihəsi haqqında ətraflı bəhs edib:
“Xəstə və xəstələnmə riski olan uşaqların bərpa müalicəsinin təşkili məqsədilə 2021-ci il ərzində Uşaq Bərpa Mərkəzinə 20 990 müraciət daxil olub. 2 528 xəstəyə 23 526 fizioterapevtik prosedur, 1 482 xəstəyə 18 081 müalicəvi bədən tərbiyəsi prosedurları aparılıb”.
Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Hicran Kazımova çıxışında 2022-ci il ərzində regionlarda neonatal köçürülmələrə və kuratorların fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda yenidoğulmuşları qəbul edən əsas perinatal mərkəzlər olaraq Sumqayıt Perinatal Mərkəzi, Respublika Perinatal Mərkəzi, Şəki Regional Perinatal Mərkəzi (RPM), Quba RPM, Lənkəran RPM, Gəncə RPM və Elmi-Tədqiqat Pediatriya İnstitutu göstərilib:
“Köçürülmə, əsasən, vaxtından əvvəl doğulmuş körpələrə reanimasiyon qulluq və ya cərrahi müdaxilələr tələb olunan hallarda baş verib. Doğuşayardım xidməti üzrə 37 rayonda I səviyyəli, 9 rayonda II səviyyəli, 5 rayonda III səviyyəli tibb müəssisəsi fəaliyyət göstərir”.
H.Kazımova bildirib ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin həkim-neonatoloqlarının yerində nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması məqsədilə kuratorlar Bərdə, Gəncə, Göyçay, Lənkəran rayonlarına uzunmüddətli ezam olunublar. Eyni zamanda işin düzgün təşkili istiqamətində müəssisə rəhbərlərinə müvafiq təkliflər veriblər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemioloji məsələlər üzrə müavini Afaq Əliyeva çıxışında respublika üzrə peyvəndləmə işlərinin təşkili və nəticələrindən bəhs edib. O, 2018-2022-ci illər üzrə profilaktik peyvəndlərin yerinə yetirilməsi statistikasını bölüşüb:
“COVID-19 pandemiyası dönəmində peyvəndləmə üzrə göstəricilər aşağı düşsə də, 2022-ci ildə yenidən peyvənd statistikasında dinamika müşahidə olunur. Peyvənd təqviminə əsasən doğulduqdan sonrakı ilk 12 saat ərzində, 2, 3, 4, 6, 12, 18 aylıqlarda, 6 yaşında vurulmalı olan peyvəndlər var. Peyvəndlə idarə olunan xəstəliklərə isə qızılca, məxmərək, epidemik parotit, difteriya, göyöskürək, tetanus, poliomielit xəstəliklərini misal göstərə bilərəm”.

TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin aparıcı məsləhətçisi Romella Osmanova bildirib ki, dünyada vərəm xəstəliyinin rastgəlmə tezliyinə görə 25-44 yaşlar arasında vərəmə yoluxma riski daha yüksəkdir:
“15 yaşdan kiçik uşaqlar və gənc yeniyetmələr isə qlobal miqyasda vərəmli insanların təxminən 11%-ni təşkil edir. Bu, hər il dünyada 15 yaşa qədər 1,1 milyon uşaq və yeniyetmənin vərəmə yoluxması, onlardan 225 000-dən çoxunun həyatını itirməsi deməkdir”.
R.Osmanova vərəmlə mübarizə sahəsində əsas məsələnin diaqnozun erkən qoyulması olduğunu da bildirib. Bu səbəbdən R.Osmanova risk qrupunda olan şəxslərin daim nəzarətdə olmasını və vaxtaşırı müayinə olunmalarının zəruriyyətini dilə gətirib.
Tədbirin sonunda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yekun nitqlə çıxış edərək bundan sonra da ana və uşaq sağlamlığının, immunizasiya və vaksinasiya proseslərinin daim nəzarətdə saxlanılmasına və təkmilləşdirilməsinə dair tabeli tibb müəssisələri rəhbərlərinə tapşırıqlarını verib. O, müəssisə rəhbərləri qarşısında mövcud nöqsanların qısa zamanda aradan qaldırılmasını tələb kimi qoyub.
12-04-2023, 19:47
"Erkən nikah – yarımçıq qalan arzular”


"Erkən nikah – yarımçıq qalan arzular”

QHT erkən nikahla bağlı maarifləndirici tədbir keçirib - Fotolar“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində 11 aprel 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə şagirdlər arasında maarifləndirici tədbirini keçirib.
Öncə layihənin rəhbəri Könül Quliyeva layihə mövzusu ilə bağlı qısa məlumat verib. Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirlərinin son illər ictimai diqqət çəkən mövzulardan olduğunu qeyd edən K.Quliyeva orta məktəblərdə maarifləndirmə işlərinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, erkən nikah demoqrafiyaya böyük zərbədir. K.Quliyevanın fikrincə, ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar: "Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır. Qızlarımız öncə mükəmməl təhsil almalıdırlar, cəmiyyətimiz, dövlətimizə savadlı, dünyagörüşlü, bilikli kadrlar lazımdır".
Daha sonra layihənin ekspertləri Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov və Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri, "Atilla" jurnalınını baş redaktoru, Prezident mükafatçısı Gülşən Behbud çıxış ediblər.

Hər iki ekspert qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Məktəbin direktoru Rəhilə Baxşiyeva da sonda layihə mövzusu ilə bağlı öz fikirlərini bildirib. O, da azyaşlı qızların kabusu – erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri barədə şagirdlərə bilgilər verib.
12-04-2023, 19:22
"Hər inkişafın təməlində təhsil dayanır"


"Hər inkişafın təməlində təhsil dayanır"

"Hər inkişafın təməlində təhsil dayanır"İctimai fəallıq cəmiyyətimiz üçün ən önəmli prinsiplərdən, fəaliyyətdən biridir. Çünki fəallıq həm daxili, həm xarici inkişafın təməl daşlarından biridir. Belə ki, ictimai fəallığın yüksək olduğu bir cəmiyyətdə sözün əsl mənasında "həyat" vardır. Əgər bir cəmiyyətin ictimai fəallığı aşağı olarsa cəmiyyətdə işıqlar sönər ki, bu da tarixdə Sovet hakimiyyətinin Azərbaycan torpağında yürütdüyü amansız siyasətlərdən biridir.
İctimai fəallığın mərkəzində isə gənclərimiz dayanır. O gənclər ki, azad torpağın övladları, o gənclər ki, babaları azad kəlmə söyləmək, bayraq açmaq üçün can alıb, can verib. O, gənclər ki, baba torpağı Qarabağda, Naxçıvanda, Zaqatalada, Lənkəranda addım səsləri qorxu və səksəkə deyil, fəxr və şərəflə gəlir Onlara miras verilən bu ata yurduna xidmət etmək, həm regional, həm beynəlxalq arenada onların borcudur.
İctimai fəallığı artırmanın ən başlıca yolu təhsil səviyyəsini artırmaqdır. Hər inkişafın təməlində təhsil dayanır. Cəmiyyətdə təhsil səviyyəsinin artırılması, ixtisasından asılı olmayaraq fərdlərin hüquqları ilə tanış olması onların cəmiyyətdəki fəaliyyətinin yüksəlməsi və passivliyin aradan götürülməsi ilə nəticələnəcəkdir. Mənsə, bunun üçün orta məktəb səviyyəsindən etibarən dilimiz, riyaziyyat kimi mötəbər fənnlərlə bərabər ədalətin təməli olan Konstitusiyanın da dərs proqramına salınması fikrini irəli sürərdim. Hüqqularından bixəbər bir fərd nəinki, fəallıq göstərə bilər, hətta belə deyərdim ki, passiv həyat tərzinə məhkumdur.
Bir başqa yol isə böyük şəxsiyyətlərin cəmiyyətin təməli olan gənclərlə görüşməsi, onlara öz amallarını ən gözəl şəkildə aşılamasıdır. Bu şərəfli yolda gənclərə işıq tutmalı, öz zəngin təcrübəsindən tövsiyələr verməlidir.
İctimai fəallığın artırılması cəmiyyətdə gələcək mükəmməl kadrın yetişməsi ilə nəticələnəcəkdir. Yüksək vəzifəli fərdlərin artıq vəzifədən uzaqlaşdığı bir mövqeydə cəmiyyət böyüklərini, fikir atalarını şamla axtarmayacaq. Çünki onların tərbiyəsi ilə böyümüş, onların yolunu özünə işıq tutan gənclər bu torpağa lazımı şəkildə sahib çıxacaq.
Dövlətin yaratdığı geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi – gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.Azərbaycanda ölkə əhalisinin əksəriyyəti gənclərdir. Məhz buna görə də gənclərin problemləri, dövlət prioritetlərindən biridir.

Telli Zeynalova
BDU, BMİ, Politologiya 1-ci kurs tələbəsi


Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb
21-03-2023, 19:09
“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir


“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları haqqında məlumatlılığını təmin etmək, böyük qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, habelə dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir.
Layihə çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər üçün məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur. Sessiya müddətində iştirakçılar “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti və ölkəmizdə tədbiq olunan “Ağıllı kənd” konsepsiyası ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə edəcəklər.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. “Ağıllı Qarabağı tanıyaq” layihəsində iştirak etmək istəyən 16-29 yaş aralığında, məsuliyyətli və təşəbbüskar gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/smartkarabakh
18-02-2023, 00:04
Nə yaxşı ağsaqqal , ziyalı  qonşum var

Nə yaxşı ağsaqqal , ziyalı qonşum var

Bəri başdan deyim ki, müəllim ailəsində böyüsəm də, ali təhsilli mütəxəssis olsam da, ömrümdə bircə dəfə də olsa kiminsə haqqında məqalə yazmamışam.Lakin işimlə bağlı akt, protokol, ərizə və bu kimi digər rəsmi sənədləri çox hazırlamışam. Bu girişi ona görə etdim ki, ağsaqqal ziyalı,82 yaşında qonşum Məmmədağa müəllim (mən ona “dayı” deyə müraciət edirəm) haqqında yazmaq istədiyim məqalə zəif alınsa məni qınamasınlar.
Qırx ildən artıq respublika səviyyəli ictimai təşkilatlarda və dövlət orqanlarında ləyaqətlə işləyəndən sonra bir il olar ki, Məmmədağa Əhmədkərim oğlu Sərdarov təqaüdə çıxmışdır. Mən onun əmək fəaliyyəti dövründə aldığı mükafatlardan,xarici səfərlərindən, müəllifi olduğu kitablardan heç nə yazmayacağam, çünki o təbiətən təvazökar insandır və ünvanına kimsə tərif söyləyəndə xoşlamır.
Qeyd edim ki, uzun illər Bakı şəhərində yaşamış Məmmədağa müəllim övladlarının mənzil şəraitini yaxşılaşdırmaq, onlara müəyyən qədər sərbəstlik vermək məqsədilə özünə iki otaqlı mənzil almış və Xırdalan şəhərinə köçmüşdür. Belə vəziyyət bir yaradıcı şəxsiyyət kimi ona elmi və publisist məqalələr yazıb dərc etdirməyə də imkan verir.
İş elə gətirdi ki, bu ağsaqqal ziyalı ilə biz iki ailə eyni binada, eyni mərtəbədə yaşamalı olduq. Çox keçmədi ki, bizim tanışlığımız ata-oğul münasibətlərinə çevrildi. Hələ üstəlik xəbər tutdum ki, Məmmədağa müəllim əslən Qusar rayonundandlr. O da bildi ki, mənin valideynlərim Quba rayonundandır, sonradan Xaçmaz rayonuna köçüblər.Eyni zonadan olmağımız bizi daha da yaxınlaşdırdı, bayramları, ad günülərini bir yerdə qeyd edirik.
Biz iki qardaş və iki bacı evdə elə tərbiyə görmüşük ki, həmişə böyüklərə hörmət etməyə , onlardan öyrənməyə çalışmışıq. İndi də yaşım qırxı keçsə də özümdən yaşlı insanlardan yaxşı nə varsa onu götürməyə çalışıram.Düz deyirlər ki, əsl məktəb həyatdır. Qaldı ağsaqqal alim , jurnalist qonşum Məmmədağa müəllimə , ondan öyrənməli şeylər çoxdur.Bizim hər söhbətimiz düzlük, zəhmətsevərlilik, ədalətlilik, mənəvi saflıq və digər əxlaqi dəyərlərdən gedir.Əksər hallarda da mövqelərimiz, baxışlarımız üst-üstə düşür. Bunun nəticəsidir ki, biz bir-birimizə inanırıq və etibar edirik.Bu xoş münasibətlər ailələrimiz,övladlarımızın da arasında belə saf münasibətlərin yaranmasına gətirib çıxarır.Mənə belə gəlir ki, insanlar arasında münasibətlər məhs bu cür meyarlar əsasında qurulmalıdır.
Fikirlərimi bir neçə misal ilə təsdiq etmək istəyirəm.Xırdalan şəhər mərkəzi kitabxanasının direktoru Məlahət Yusifqızının təşəbbüsü ilə Məmmədağa Sərdarovla görüş keçirilirdi.Görüşdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli və digər alimlər iştirak edirdilər. Həmin görüşdə kitabxananın fəal oxucuları ilə yanaşı Məmmədağa müəllimin dəvəti ilə mən də iştirak etdim və ürək sözlərimi dedim. Görüşdə edilən çıxışlardan , ağsaqqal yazıçı, alimin ünvanına deyilən xoş sözlərdən mən onun insani keyiyyətləri və dövlət qarşısındakı xidmətləri barədə daha geniş məlumat aldım.
Digər bir misal. Xırdalanda Heydər Əliyev parkında Mədəniyyət Nazirliyi tərəfindən kitab sərgi-satışı təşkil edilmişdi. Mən də ağsaqqal qonşumla ora getdik və özümüzə kitab seçib aldıq.Bizi uzaqdan görən sərginin təşkilatçılarından biri olan Məlahət xanım salamlaşandan sonra bizi bir stendə baxmağa dəvət etdi. Həmin stend Ulu öndər haqqında yazılmış kitablardan ibarət idi. Onların arasında Məmmədağa müəllimin “Mahir siyasətçi, müdrik rəhbər” kitabı da vardı.Üçümüz bir yerdə stendin önündə şəkil də çəkdirdik, sonradan həmin şəkil respublika qəzetlərinin birində əksini tapmışdır.Kitabdan söz düşmüşkən qeyd edim ki, onun mənzilindəki kiçik bir otaqda təşkil etdiyi şəxsi kitabxanasından dostları və qonşuları da istifadə edirlər.
Məmmədağa müəllimin insani keyfiyyətlərini göstərən daha iki faktın da üzərində dayanmaq istəyirəm.Birincisi budur ki, o Xaçmazda Şollar qəsəbəsində yaşayan qohumunun evinə hüzr yerinə gəlməli idi. Mən də Bakıdan sərnişin daşıyan kürəkənimiz Azərdən xahiş etdim ki, ağsaqqal qonşuma qayğı göstərib onu Xırdalandakı evindən maşınına mindirib rayona gətirsin, sonra hara lazım olsa özüm apararam. İstirahətdə olan adamam, çox sevinərəm ki, onunla burada görüşəm. Bu iş nəzərdə tutduğum kimi baş tutdu. Məmmədağa müəllimi öz maşınımda Şollardakı qohumunun evinə aparıb sonra da geri qaytardım. Gecəni keçirmək üçün onun özünün təkidi ilə Xaçmaz şəhərindəki qohumu Şakirgilə apardım.Söhbət əsnasında ona dedim ki, ertəsi gün ata-anamın qəbirlərini ziyarət etmək istəyirəm.O bilirdi ki, valideyinlərim eyni vaxtda faciəvi surətdə həyatdan köçmüşlər. Bu geniş ürəkli, qayğıkeş insan mütləq mənə qoşulub qəbirləri ziyarət edəcəyini bildirdi. Qəbiristanlıqda mənimlə bərabər mollaya hörmət etməyi də unutmadı.Allah bütün vəfat edənlərə, o cümlədən Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər və zabitlərimizə rəhmət eləsin!

Qusarda keçirilən ad günü məclisində
Söyləyəcəyim ikinci fakt xoş əhval –ruhiyyə yaradan bir tədbirlə bağlıdır.Ötən ilin iyul ayı idi, mən ailəmlə Qubaya toya getmişdim. Bakıdan mənə xəbər gəldi ki, Qusarda Məmmədağa müəllimin ad günü keçirilir. Bilirdim ki, pandemiya ilə əlaqədar onun 80 illik yubileyi keçirilməmişdir.Mən onunla tez əlaqə saxladım və mütləq gəlib iştirak edəcəyimi bildirdim.O bizi çox səmimi qarşıladı və öz yanında oturtdu. Məclis Qusar şəhərinin səfalı bir yerində təşkil edilmişdi, çox şən keçdi. Maraqlısı budur ki, məclisə nə Bakıdakı dostlarından , nə də rayonda məsul vəzifələrdə çalışan tanışlarından heç kəs dəvət olunmamışdı. İştirak edənlər əsasən Məmmədağa müəllimin doğulub boya-başa çatdığı Gədəzeyxur kəndində və rayon mərkəzində yaşayan qohumları və onların ailələri idi. Kənar adamlar yox idi, bircə mənim ailəmdən başqa. Musiqi çalınanda böyüklü-kiçikli hamı durub rəqs edirdi. Məclis çox xoşuma gəldi. Məmmədağa müəllimin qardaşı oğlu 70 yaşlı Telman müəllimin ( o həm də qudasıdır) gənclərlə bərabər məşhur “ Ləzginka “ rəqsini oynaması əyləşənlərə xüsusi ləzzət verdi. Həqiqətən əgər orada kənardan gəlmiş qonaqlar , vəzifəli şəxslər olsaydı , kənd adamları, xüsusilə ildən,aydan bir dəfə ev işlərindən uzaqlaşıb bəzənib-düzənib gəlmiş xanımlar özlərini sıxıntılı aparar, belə şənlənməzdilər. Bu da ağsaqqal qonşumun uzaqgörənliyi, məclisdə sadə, səmimi atmosfer yaratmaq arzusundan irəli gəlirdi.

Xırdalan Mərkəzi Kitabxanasında
Məclisdə yubiliyarın ünvanına çox xoş sözlər deyildi. Mən bir daha Məmmədağa müəllimin qohum-əqrəba arasında böyük hörmətinin şahidi oldum.Bu nüfuzu o, neçə illər ərzində öz şəxsi keyfiyyətləri ilə qazanmışdır. El arasında tanınmaq , layiqli hörmət qazanmaq hər adama nəsib olmur. Yeri gəlmişkən qeyd edim ki, tədbirdə oturmağa macal tapmayan onun kiçik oğlu Şahin yaxşı təşkilatçı olduğunu nümayiş etdirdi.
Tədbirin sonunda bu torpağın yetişdirməsi və mən deyərdim fəxri , filosof-alim və şair Məmmədağa Sərdarov iştirak edənlərə öz minnətdarlığını bildirdi və şeirlərindən bir neçəsini oxudu. Sevindirici haldır ki, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən Məmmədağa müəllimin sözlərinə bəstələnmiş “ Mən Qusara gələndə “mahnısının səsləndirilməsi şənlikdə iştirak edənlər tərəfindən böyük sevinclə qarşılandı.
Yazımı bitirərək həmişə “dayı” deyə müraciət etdiyim , xətrini şox istədiyim , sözün əsil mənasında müəllim kimi hər yerdə sayılıb seçilən bir insan olan , müdrik dövrünü yaşayan ağsaqqal qonşumuza cansağlığı və könül xoşluğu arzulayıram.

Azad Abidov,
Fövqəladə Hallar Orqanlarında xidmət edən zabit












7-02-2023, 20:10
Bakı şəhəri, Nizami rayonu, Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktor müavini,Şahsuvarlı Minarənin anası, Məmmədova Ülkər Məhəmməd qızı vəfat etmişdir. Həmin məktəbin müəllimləri:İsmayılova Qətibə, Əliyeva Radə, Məmmədova Qızqayıt, Aşurbəyova Gülxumarə, Dəmirova Fərqanə, Mirzəyeva Selvina,Tağıyeva Nahidə, Sarıyeva Leyla,Əliyeva Elnurə, Alıyeva Vəfa, Bədəlova Nərgiz, Zeynalova Ürfət, Bəndəliyeva Aygün, Allahverdiyeva Şəlalə, Hacıyeva Dilarə, Nəcəfova İlhamə, Məhişova Aybəniz, 7c sinif şagirdləri və onların valideyinləri bu xəbərdən kədərlənir Minarə müəllimə başsağlığı verirlər.
Allah rəhmət etsin!
6-02-2023, 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib“Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi” İctimai Birliyinin ofisində keçirilən tədbirdə 2023-cü ilin birinci yarısının fəaliyyət planı və bu fəaliyyətlərin icra olunmasında iştirakı təmin edilən işçi qrupların hazırkı vəziyyəti, gündəlik işləri və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də İctimai Şura öz işini onun nəzdində fəaliyyət göstərən işçi qrupların müəyyən etdikləri fəaliyyətlərə uyğun təşkil edəcək. Sədr qeyd edib ki, daxil olan müraciətlərin dəyərləndirilməsi, ehtiyacı olan miqrant qruplarına sosial, hüquqi və digər sahələrdə məsləhətlərin verilməsi və bu müstəvidə onlara zəruri dəstəyin göstərilməsi, həmçinin monitorinqlərin keçirilməsi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi və digər təşəbbüslər hazırkı dövrdə icra olunacaq fəaliyyət planının əsas komponentləridir. Bu baxımdan həmin istiqamətlərdə müsbət nəticələrin əldə olunması üçün bütün fəaliyyətlərin qruplar və maraqlı tərəflər arasında əlaqələndirilmiş şəkildə həyata keçirilməsi olduqca vacibdir.
Cari ilin birinci yarısında ictimai nəzarətin konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində və ictimai iştirakçılığın daha yüksək səviyyədə təmin olunmasında maraqlarını ifadə edən iclas iştirakçıları müzakirəyə çıxarılan məsələlərə dair fikir bildirib, hazırkı dövrdə aktuallığı ilə səciyyələnən mövzularla əlaqədar təkliflər irəli sürüblər.
İclasda iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şura tərəfindən fəaliyyət planına uyğun icrası nəzərdə tutulan tədbirləri müsbət dəyərləndirib. Xidmət rəsmisi bu fəaliyyətlərin müasir dövrün çağırışlarına cavab verdiyini və bu səbəbdən onların əhatəli şəkildə icra olunmasının vacibliyini qeyd edib.
Sonda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın 2023-cü ilin birinci yarısının fəaliyyət planı təsdiq edilib və bir sıra cari məsələlər müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!