Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
16-04-2026, 19:21

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Abşeronda yağışın

fəsadları aradan

qaldırılır


Mart və aprel ayında yağan intensiv yağıntılar nəticəsində Abşeron rayonunun bir sıra ərazilərində - Xırdalan, Masazır, Məmmədli, Hökməli və Aşağı Güzdək yaşayış məntəqələrində, göl ətrafı yaşayış məskənlərində, o cümlədən Saray kəndinin relyefcə çökək hissələrində yağış suyunun və qrunt sularının artması müşahidə edilmişdir. İlk günlərdən etibarən su kütləsinin təxirəsalınmadan idarə olunması, istiqamətləndirilməsi, kənarlaşdırılması və digər əhəmiyyətli tədbirlərin görülməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-nin və ADSEA-nın nümayəndələri ilə birgə qərargah yaradılmışdır. Görülən işlər çərçivəsində yüksək məhsuldarlıqlı nasos və suçəkmə qurğuları vasitəsilə ərazilərdən suyun fasiləsiz

kənarlaşdırılması işi aparılmış, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron RİH-nin yerli qurumlarının birgə səyləri ilə ərazilərə əlavə nasos və texniki vasitələr cəlb edilərək suçəkmə işləri gücləndirilmişdir.
Ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq mobil nasos stansiyaları və pompalar vasitəsilə çirkab və yağış sularının ötürülməsi həyata keçirilmişdir. Lilsoran və digər xüsusi texnikalar vasitəsilə kanalların, kollektorların və suötürücü xətlərin lil və tullantılardan təmizlənməsi həyata keçirilmişdir. Eyni zamanda su kütləsinin çoxluğu nəzərə alınaraq müvəqqəti suötürücü xətlər və alternativ axın istiqamətləri yaradılaraq suyun sürətli uzaqlaşdırılması təmin edilmişdir.

Bildiririk ki, normadan dəfələrlə artıq yağış suyunun düşməsi, hal-hazırda da ara-sıra yağışların yağması və bununla əlaqədar olaraq nasosxanaların gücləndirilmiş iş rejimində çalışdırılması səbəbindən bəzi nasosxanaların fəaliyyətində yaranmış müvəqqəti fasilələr səbəbindən rayonun bəzi hissələrində içməli suyun verilişində yaranmış məhdudiyyətlər operativ tədbirlər nəticəsində aradan qaldırılmış və içməli su təminatı qısa müddətdə əvvəlki rejimə qaytarılmışdır.

Hazırda relyef cəhətdən ən çökək ərazilərdə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması, göl ətrafı ərazilərdə təmizlik işlərinin görülməsi həyata keçirilir. O cümlədən müraciətlər əsasında fərdi sahibkarlar tərəfindən inşa edilmiş və idarəçiliyi özəl şirkətlərdə olan çoxmənzilli yaşayış binalarına da dəstək verilib, zirzəmilərə dolan su kütləsinin tez bir zamandan çəkilməsi üçün əlavə nasoslar cəlb edilib. Artıq bir çox zirzəmilər tamamilə qurudularaq sakinlərin istifadəsinə verilib.

Bununla yanaşı bildiririk ki, hazırda da bu istiqamətdə həyata keçirilən fəaliyyət davam etdirilir və bundan sonra da lazimi addımlar atılacaqdır.

16-04-2026, 15:24
Əliyev Türkiyəyə   işgüzar səfərə gedib

Əliyev Türkiyəyə

işgüzar səfərə gedib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib. Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
16-04-2026, 15:10


Daha 13 azərbaycanlının

əmlakı müsadirə olundu


Müharibə ilə bağlı daha 13 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib.
Bu barədə Həmədan Prokurorluğu məlumat yayıb. Onlar "düşməənlə əməkdaşlıq" və "milli maraqlara zidd fəaliyyətlər"də günahlandırılıblar.
Cəzalandırılan azərbaycanlıların kimliyi barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən həftə isə eyni ittihamlara görə 25 həmədanlının əmlakı müsadirə olunmuşdu.
P.S. Azərbaycanlıları müflisləşdirmək Fars rejiminin köhnə taktikasıdır. Adamları həbs edir. Mülk qarşılığında azadlığa buraxıb, olan-qalanın əlindən alır, qısa müddətdən sonra yenidən həbs edirlər.
16-04-2026, 10:42
İsrail kəşfiyyatının etirafı


İsrail kəşfiyyatının etirafı

Tehran ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra daha sərt mövqe tutub. Bu barədə “Voll Strit Jurnal” (VSJ) qəzetində yayımlanan məqalədə deyilir.
Bildirilib ki, amerikalılar üçün İran hakimiyyəti pisə doğru dəyişib:
“ABŞ İrana qarşı hərbi əməliyyata başlayaraq yüksək vəzifəli şəxslərinin öldürülməsinin rejim dəyişikliyi üçün şərait yaradacağına ümid edirdi.
Vaşinqton rəsmiləri Tehranda ABŞ-İsrail maraqlarına tabe olan bir liderin ortaya çıxacağına əmin idilər, lakin bu baş vermədi. Əksinə, yaranan siyasi boşluğu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kompromisə az maraq göstərən radikal yeni liderlər doldurur”.
İsrailin İran bölməsi üzrə hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Denni Sitrinoviç də qeyd edib ki, müharibə rejimi dəyişdirib, lakin müsbətə doğru yox:
”Biz iranlıların müharibədən əvvəl üzləşdiyindən daha pis bir reallıq yaratdıq".

16-04-2026, 09:12
Yusif Ağbulaqlıdan bir xatirə

Yusif Ağbulaqlıdan

bir xatirə


Nənəm Həlimə Orucəli qızı (1901-14 fevral 1975) Kərbəlayı Bayram babamın ilk həyat yoldaşıdır. Təəssüf ki, nənəmin övladı olmayıb. Amma bizə sonsuz məhəbbəti ilə yaddaşlarımızda qalıb. 1977- ci ildə nənəmin şəkildə göstərdiyim əşyalarını–səhəng, yun darağı, xəlbir, babamın 1929-cu ildə Kərbəladan gətirdiyi muncuqdan qalan hissə, nənəmə gətirdiyi mis yağ piyaləsi, təsbehi Bakıya köçəndə özümüzlə gətirmişik. Nə yaxşı ki, bu təskinliklərim məni 52 ildir ki, sakitləşdirir:
Həlimə nənəm
Bu gecə yuxuma Həlimə nənəm
Girmişdi, nə qədər sevindim, Allah.
Sən demə bir azdan tez gedəcəkmiş,
Gözümü açanda çəkəcəmmiş ah.

Keçdi buxarını, təndiri gəzdi,
Tiyanın altını bərk qalamışdı.
Başını tərpətdi asta-astaca-
Gözünün önündə səhəng durmuşdu.

Xanım yerişiylə gəzdi hər yanı,
Oraq, kərəntiyə, dəhrəyə baxdı.
Görüb gülümsədi yun darağını,
Asılı kirişə, cəhrəyə baxdı.

Xəlbirə, ələvəyə vurdu əlini,
Dedi: yağ küpəsi, nəhrə hardadı?
Kərbəladan gələn yağ piyaləsin
Soruşdu, ay nənə, dedim, burdadı.
Babamın kəhrəba nişanəsini
Tövlə qapısında görmədi gözü,
Dedim: nənə, vallah, itirməmişəm,
Bu yanda asmışam, bax, budur özü.

Həvəni, kirkiti, xananı gəzdi,
Dedim: sındırmışam vərəngələni,
Dinmədi, üzümə baxmadı da heç,
Bildim ki xoşuna gəlmədi yəni.

Dedim ki: ay nənə, təsbehin durur,
Mən ondan alıram sənin iysini.
Dedi: yaxşı qoru, ağıllı balam,
Yaxşı ki, tapırsan təskinliyini.

Qaçdım ki, təsbehi götürüb gələm—
Nənəm gəlişiylə sevinc vermişdi.
Geriyə döndüm ki, nə gəzir nənəm,
Nənəm sakitcənə çıxıb getmişdi.

Yuxu görürəmmiş, sərsəm ayıldım,
Göz açdım yataqda uzanıqlıyam.
Yandırdı nənəmin sakit gedişi,
Bilmədim hönkürüb necə ağlıyam.

Əşyalar nənəmdən yadigarımdır,
Mənə xatırladır keçən ayları.
Hayıf ki, şəkili qalmadı bircə,
Bütün saxlamışam bu qalanları.

Yusif Ağbulaqlı yaddan çıxarmaz,
O, bizə qeyrətdən bir qala qurdu.
Övladı olmadı nənəmin, əfsus,
Amma övladlıdan uca tutuldu.


16-04-2026, 08:24
Mükəmməl tədqiqat əsəri

Mükəmməl tədqiqat

əsəri


15 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında, İcmanın Nəzarət Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri, icma sədrləri, şura sədrləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatı açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, nəşr Qərbi Azərbaycanın təhsil tarixinin sistemli şəkildə araşdırılması baxımından mühüm elmi mənbədir. O qeyd edib ki, monoqrafiya İrəvanda Azərbaycan maarifçiliyinin zəngin ənənələrini üzə çıxararaq tarixi həqiqətlərin bərpasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili, professor Hikmət Babaoğlu vurğulayıb ki, əsər yalnız elmi deyil, həm də ictimai-siyasi baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, kitab Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi dövriyyəyə çıxarılması və milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi rol oynayır.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü, Milli Məclisin komitə sədri, millət vəkili Musa Urud,

İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafa,
Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov,
İcmanın Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Millət vəkili Rizvan Nəbiyev, AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə, İcmanın Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı və İcmanın Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə İcmasının sədri, professor

Zahid Cəfərov çıxış edərək əsərin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, əsər Azərbaycan tarixşünaslığı və pedaqoji fikir tarixində mühüm yer tutur və monoqrafiya Qərbi Azərbaycanın təhsil irsinin sistemli şəkildə araşdırılması ilə yanaşı, bu sahədə mövcud olan boşluqların doldurulmasına və tarixi həqiqətlərin elmi əsaslarla ortaya qoyulmasına ciddi töhfə verir.

Çıxışlarda o da vurğulanıb ki, bu fundamental tədqiqat Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixinin öyrənilməsi istiqamətində mühüm elmi hadisə olmaqla yanaşı, milli yaddaşın bərpasına xidmət edən dəyərli mənbədir.

Kitabın müəllifi, Qərbi Azərbaycan İcması Nəzarət Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev təqdimata qatılan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, bu əsərin əsas məqsədi Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixini elmi əsaslarla araşdıraraq gələcək nəsillərə çatdırmaq, eyni zamanda tarixi həqiqətləri obyektiv şəkildə ortaya qoymaqdır. Müəllif vurğulayıb ki, bu istiqamətdə araşdırmalar gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, 536 səhifəlik “İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyası qədim İrəvan mahalında təhsil sisteminin formalaşması və inkişaf mərhələlərini ilk dəfə sistemli şəkildə araşdırır. Müəllif bu əsərdə Ümumtürk mədəni sisteminin ayrılmaz hissəsi olan bölgədə məscid məktəbləri, mədrəsələr və rus-Azərbaycan məktəblərinin yaranması və inkişafını ilk dəfə olaraq sistemli şəkildə elmi dövriyyəyə daxil edib. Araşdırma arxiv sənədləri əsasında sübut edir ki, Qərbi Azərbaycanda təhsil sistemi əsrlər boyu xalq pedaqogikasına və islam mənəviyyatına söykənərək milli varlığın qorunmasında mühüm rol oynayıb.

Monoqrafiyada İrəvanın maarifçilik mühitində mühüm rol oynamış Mirzə Cabbar Məmmədzadə, Haşım bəy Vəzirov, İbrahim Səfi, Vahid Şadiyev kimi ziyalıların fəaliyyəti geniş təhlil olunur. Xüsusilə Mirzə Cabbar Məmmədzadənin pedaqoji və metodiki fəaliyyəti, “Azərbaycan dili” dərsliklərinin hazırlanmasındakı xidmətləri yüksək qiymətləndirilir.

Eyni zamanda əsərdə İrəvan Kişi Gimnaziyasının fəaliyyəti xüsusi yer tutur. Müəllif arxiv sənədləri əsasında göstərir ki, bu təhsil ocağı yalnız bilik verməklə kifayətlənməyib, həm də Azərbaycanın gələcək dövlət xadimlərinin, diplomatlarının yetişməsində mühüm rol oynayıb. Gimnaziyanın məzunları sırasında Teymur bəy Makinski və Əkbər ağa Şeyxülislamov kimi tarixi şəxsiyyətlərin adı çəkilir.

Monoqrafiyanın elmi redaktorları sırasında filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı və siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yer alır. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın məsləhətçiliyi ilə hazırlanmış əsər tanınmış alimlər tərəfindən yüksək dəyərləndirilib.
Kitaba filologiya elmləri doktoru Almaz Ülvi ön söz yazıb.






Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!