Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                       
Bu gün, 19:31
İtaliya və Azərbaycan arasında ədəbi körpü


İtaliya və Azərbaycan

arasında ədəbi körpü



7 oktyabr 2026-cı ildə İtaliyada Azərbaycanın görkəmli maarifçisi Şəfiqə Əfəndizadəyə həsr olunmuş yeni kitabın təqdimat mərasimi keçirilib. “Kölgələrdən səslər və baxışlar: Lina Pietravalle – Şəfiqə Əfəndizadə – Gözlənilməz yaxınlıqlar” adlı əsərin müəllifləri biri italyan, biri isə azərbaycanlı olan iki qadın ziyalıdır. Bu ilin əvvəlində Romanın “Bastogi Libri” nəşriyyatında işıq üzü görən, Roberta Manualinin rəhbərliyi, Maria Stella Rossi və Məleykə Hüseynovanın (Melaike Hüseyin) həmmüəllifliyi ilə ərsəyə gələn bu cild həftə ərzində Molize bölgəsinin mədəni gündəminin mərkəzində olub.
Tədbir Lina Pietravallenin doğulduğu Molize bölgəsində yerləşən və tarixi turizm məkanı olan “La Piana dei Mulini” iqamətgahında baş tutub. Bu görüş, sözügedən məkan tərəfindən təşkil edilən “Stagioni d’Autore” tədbirlər silsiləsi çərçivəsində keçirilib. Bölgənin füsunkar mənzərələrini və mətbəxini nümayiş etdirməklə yanaşı, bu festival sosioloq, müəllim və jazz ifaçısı Culiya Mazellinin (Giulia Maselli) bədii rəhbərliyi altında ədəbiyyat, musiqi, kino, ekologiya və cəmiyyətin görkəmli simalarına ehtiram bəsləyən daimi bir mədəniyyət platforması rolunu oynayır.
Şəfiqə Əfəndizadə kimi Lina Pietravalle də dövrünün aparıcı ziyalılarından biri olub, ədəbiyyat və jurnalistika sahələrinə mühüm töhfələr verib. Lakin azərbaycanlı həmkarı kimi, onun da buraxdığı dərin iz zamanla kölgədə qalıb və cəmiyyət qadın hüquqları uğrunda mübarizədə müstəsna rol oynamış bu fədakar şəxsiyyətin irsinə karşı bir müddət laqeydlik nümayiş etdirib.
Lina Pietravalle (1887–1956) Neapol xəstəxanalarında Səhiyyə Xidmətlərinin Baş Direktoru vəzifəsində çalışmış, tanınmış həkim Mikele Qaetano Pietravallenin (1858–1923) qızı idi. Ali Səhiyyə Şurasının üzvü olan Mikele vərəm kimi xəstəliklərin yayılmasına qarşı mübarizədə mühüm milli təşəbbüslərin müəllifi olub. O, həmçinin İtaliya Krallığı dövründə görkəmli radikal və solçu siyasətçi kimi tanınıb, 23-cü çağırışdan 27-ci çağırışa qədər ardıcıl olaraq parlament üzvü kimi fəaliyyət göstərib. Onun siyasi nüfuzu Deputatlar Palatasının vitse-prezidenti seçilməsi ile zirvəyə çatıb. 28 iyun 1923-cü ildə Mikele Pietravalle Neapoldakı Piazza Oberdan meydanında vəhşicəsinə pusquya salınaraq qarnından bıçaqlanıb və beş gün sonra – 2 iyulda vəfat edib. Təntənəli dövlət dəfn mərasiminə baxmayaraq, onun qətlinin üstü rəsmi olaraq açılmayıb. Tarixçilər bu hadisəni Matteotti böhranından əvvəl baş verən, faşizm ideyalarından qaynaqlanan ilk siyasi sui-qəsdlərdən biri hesab edirlər.
Bu qəbildən planlaşdırılan ikinci tədbir olmasına baxmayaraq, təqdimat mərasimi yerli hakimiyyət orqanlarının və bölgə ziyalılarının böyük marağı sayəsində böyük izdihamla keçib. Fəxri qonaqlar arasında Molizenin müxtəlif bələdiyyələrinin rəhbərləri də var idi: Çiauçi (Chiauçi) meri Antonio Sferra və şəhər şurasının üzvü Sara Di Lonardo, Makkiadoğena (Macchiagodena) meri Feliçe Çikkone (Felice Ciccone) və mədəniyyət müşaviri Korrado Del Buono (Corrado Del Buono), həmçinin Skapoli (Scapoli) meri Emilio Riççi (Emilio Ricci) və Salçito (Salcito) meri Covanni Çelli (Giovanni Celli). Bundan əlavə, Kaprakotta (Capracotta) meri Kandido Palione (Candido Paglione) da Anyone (Agnone) meri Daniele Saia ilə birlikdə tədbirə xüsusi dəstək mesajları ünvanlayıblar.
Görüşün məqsədlərindən danışan Culiya Mazelli mədəni baxışlarını və regionun tədbirlər şəbəkəsini zənginləşdirmək üçün həyata keçirdiyi layihələri bölüşüb. Daha sonra Molize bölgəsinin mədəniyyət və turizm üzrə nümayəndəsi, hüquqşünas Fabio Kofeliçe (Fabio Cofelice) çıxış edib. O, qlobal və regional siyasi çağırışlara qarşı mübarizədə möhkəm mədəni təmələ sahib olmağın, universal dəyərləri müdafiə edən tarixi şəxsiyyətlərin nümunəsindən güc almağın vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Maria Stella Rossi Məleykə Hüseynova ilə dostluğunun tarixindən söz açıb. O qeyd edib ki, bu dostluq Molizenin mədəni irsinin, yazıçı Lina Pietravallenin əsərlərinin, eləcə də qadınların cəmiyyətdəki rolunun təşviqi kimi ortaq bir vizyona söykənən əməkdaşlıq sayəsində yaranıb.
Melaike Hüseyin moderator Culiya Mazelliyə minnətdarlığını bildirib, Azərbaycanın qadın hüquqları sahəsində qabaqcıl bir ölkə kimi tarixi əhəmiyyətindən danışıb və əsərin coğrafi, həmçinin mədəniyyətlərarası əhatə dairəsini vurğulayıb. O, kitabın Pietravalle və Əfəndizadə kimi güclü şəxsiyyətlərin nümunəsində oxuculara qadın hüquqlarının tarixi inkişafına unikal bir baxış bucağı təqdim etdiyini diqqətə çatdırıb. Kitabda müəllif, xüsusilə ölkədə müstəqil mətbuatın roluna və görkəmli şəxsiyyətlərin atdığı ilk addımlara diqqət yetirərək, Rusiya İmperiyası dövründə Azərbaycanın tarixi və iqtisadi kontekstini işıqlandırır. O dövrdə Azərbaycan qadınlarının sosial vəziyyətini təhlil edən müəllif, İslam dəyərlərinə dərindən bağlı olmaqla yanaşı, qızlarını savadlı və cəmiyyətin fəal üzvləri kimi böyüdən, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan millətinin transformasiyasına böyük töhfə verən ataların maarifçi mövqeyini xüsusi vurğulayır.
Şəfiqə Əfəndizadəyə həsr olunmuş fəsildə onun tərcümeyi-halı mühüm tarixi dəyişikliklər fonunda yenidən nəzərdən keçirilir və güclü şəxsiyyəti ön plana çıxarılır: ailə itkilərinə baxmayaraq, Şəfiqə xanım özünü qətiyyətlə jurnalistika və ədəbiyyata həsr edib. Onun Azərbaycan cəmiyyətindəki fəaliyyəti oxucuya 1917–1918-ci illərin qarışıq dövrlərində Azərbaycan qadınlarının siyasi təmsilçilik uğrunda mübarizəsinə nəzər salmaq imkanı yaradır. Bundan əlavə, bu əsər İtaliya ictimaiyyətinə Şəfiqə xanımın gərgin jurnalist fəaliyyəti ilə yadda qalan və Azərbaycan qadınlarının səsvermə hüququ qazandığı tarixi dövrü birbaşa anlamaq fürsəti verir.
Təqdimat mərasimi Françeska Zivolo (Francesca Zivolo) və Eucenio Auçiellonun (Eugenio Auciello) ifasında kitabdan parçaların oxunması ilə davam edib.
Tədbirin növbəti hissəsində Molize bölgəsinin yerli dadlarını Şərq mətbəxinin ləzzətləri ilə birləşdirən xüsusi “Ədəbi Dequstasiya” təşkil olunub. Pietravalle və Əfəndizadə arasındakı “gözlənilməz yaxınlıq” zövqlə bəzədilmiş süfrə ətrafında simvolik olaraq təcəssüm etdirilib və görüş zərif çay mərasimi ilə başa çatıb. Gecəyə ənənəvi Molize geyimində qatılaraq xüsusi rəng qatan “Voci e Tradizioni Molise” assosiasiyasının üzvləri Emiliya Petrollini (Emilia Petrollini) və Mariya Antoniotta Kolellaya (Maria Antonietta Colella) xüsusi təşəkkür ifad olunub.
Beynəlxalq səviyyədə tanınmış bəstəkar və ifaçı, Maestro Piero Riççi (Piero Ricci) italyanların ənənəvi musiqi aləti olan və xromatik diapazonunu genişləndirmək üçün texniki cəhətdən təkmilləşdirərək böyük klassik orkestrlərin ifasına uyğunlaşdırdığı tuluq zurnasında (zampogna) öz əsərlərini səsləndirməklə tədbiri daha da zənginləşdirib.
Qeyd edək ki, tədbir “Banca Mediolanum – Bojano” filialı, “Sartoria Mario Iannetta” və “Dolceamaro-Papa” şirkətlərinin rəsmi sponsorluğu və dəstəyi ilə təşkil edilib.
Sonda vurğulanıb ki, bu təşəbbüs kitab səhifələrinin yaddaş və mədəniyyət işığında İtaliya ilə Azərbaycanı birləşdirən dərin dostluq və əməkdaşlıq bağlarını yeniləməyə, həmçinin gücləndirməyə qadir olan möhtəşəm bir mədəniyyət körpüsünə çevrilə biləcəyini növbəti dəfə sübut etdi.
Bu gün, 19:24
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır


Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatında iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin, ticarət və investisiya əlaqələrinin inkişafının, eləcə də birgə layihələrin həyata keçirilməsinin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.
Prezident qeyd edib ki, Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Bununla yanaşı, dövlət başçısı ikitərəfli təmasların intensivləşdirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.
İlham Əliyev iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanların mövcud olduğunu vurğulayaraq, ticarət və investisiya sahələrində praktiki məsələlərlə məşğul olacaq birgə işçi qrupunun yaradıldığını bildirib. Onun sözlərinə görə, coğrafi məsafə müasir dövrdə əməkdaşlığın inkişafı üçün ciddi maneə deyil. Əsas məsələlərdən biri qarşılıqlı məlumatlılığın artırılması və ölkələrin iqtisadi potensialı barədə məlumat çatışmazlığının aradan qaldırılmasıdır.
Dövlət başçısı Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumunun bu baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd edib. Forumun sahibkarların bir-birini daha yaxından tanımasına, iqtisadi və investisiya prioritetlərinin müəyyənləşdirilməsinə, eləcə də yeni əməkdaşlıq imkanlarının üzə çıxarılmasına xidmət edəcəyini bildirib.
Prezident İlham Əliyev ölkələr arasında mövcud ticarət dövriyyəsinin hələlik aşağı səviyyədə olduğunu, lakin Kambocanın Baş nazirinin rəsmi səfərindən sonra bu sahədə əhəmiyyətli canlanmanın baş verəcəyinə əminliyini ifadə edib. O, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinin də müzakirə olunduğunu diqqətə çatdırıb.
Təhsil əlaqələrinə toxunan dövlət başçısı Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladıb. Bu ənənənin bərpa edilməsinin, hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılmasının xalqlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Nəqliyyat və rəqəmsal transformasiyanın da əməkdaşlığın prioritet istiqamətləri sırasında olduğunu bildirib.
Bəyanatda Azərbaycanın uğurlu dövlət xidmətləri modelinə çevrilmiş “ASAN xidmət” sisteminə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev sistemin səmərəliliyinin sübut olunduğunu və Azərbaycan cəmiyyətində təxminən 100 faizlik müsbət qiymətləndirmə qazandığını qeyd edib. Onun sözlərinə görə, “ASAN xidmət” modelinin Kambocada da maraq doğurması ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün imkanlar yaradır.
Parlamentlərarası əlaqələrdən danışan dövlət başçısı hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsini mühüm hadisə kimi qiymətləndirən Prezident bunun Azərbaycanın xarici siyasətində Asiya və Cənub-Şərqi Asiya regionunun əhəmiyyətini bir daha nümayiş etdirdiyini vurğulayıb.
İlham Əliyev iki ölkənin üzləşdiyi ümumi problemlərdən biri olan mina təhlükəsi məsələsinə də toxunub. Dövlət başçısı həm Azərbaycanın, həm də Kambocanın minalardan əziyyət çəkdiyini, bu sahədə təcrübə və bilik mübadiləsinin, praktiki bacarıqların paylaşılmasının və birgə təlimlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb.
Prezident sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb. Azərbaycanın 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bildirən dövlət başçısı hazırda ölkə ərazisinin hər qarışının Azərbaycan dövlətinin və xalqının nəzarətində olduğunu qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, “Böyük Qayıdış” Proqramının icra olunduğunu diqqətə çatdıran İlham Əliyev həmin ərazilərdə artıq 100 minə yaxın insanın yaşadığını və çalışdığını bildirib. Bu prosesin davam etdiyini vurğulayan Prezident beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqliyin Azərbaycanla Kambocanı birləşdirən mühüm amillərdən olduğunu qeyd edib.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Kamboca münasibətlərinin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, investisiya, təhsil, turizm, rəqəmsal transformasiya və mina təhlükəsi ilə mübarizə kimi istiqamətləri də əhatə edir. Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və yeni praktiki mexanizmlərin yaradılması iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm zəmin formalaşdırır.

Fəxrəddin Orucov
Abşeron RİH başçısının Güzdək qəsəbə İƏD üzrə nümayəndəsi
Bu gün, 19:16
İstiqlal şairinin həyatı

ƏHMƏD CAVAD

İstiqlal şairinin həyatı

Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların ömür yolu bir xalqın keçdiyi tarixi mərhələlərin aynasına çevrilir. Əhməd Cavad məhz belə ziyalılardandır. Onun həyatına nəzər salanda XX əsrin əvvəllərində Azərbaycanın milli oyanışını, Osmanlı imperiyasının yaşadığı sarsıntıları, Birinci Dünya müharibəsinin Qafqazda yaratdığı faciələri, İstiqlal mübarizəsini, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını və 1937-ci ilin kütləvi repressiyalarını görmək mümkündür. Şair həmin proseslərin bəzilərində bilavasitə iştirak etmiş, bəzilərini qəzet səhifələrinə daşımış, bəzilərini isə şeirlərində əbədiləşdirmişdi. O, milli düşüncənin, ictimai rəyin formalaşdığı mətbuat mühitində yetişmiş, müəllimlik etmiş, müharibədən zərər çəkmiş insanlara yardım göstərmiş, türk dünyasının mədəni əlaqələri ilə maraqlanmış, şeir, poema, hekayə ( Şükriyyə xanım onun yazdığı romanın məhv edildiyini bildirib), məqalə və tərcümələr yazmışdı. Həyatının son çağında isə bir zamanlar eyni ədəbi mühitdə çalışdığı bəzi qələm adamlarının siyasi ittihamları ilə üzləşmişdi.
1892-ci il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində dünyaya gələn Cavad Məhəmmədəli oğlu Axundzadə ilk təhsilini ailə mühitində almış, daha sonra Gəncə Ruhani Seminariyasında oxumuşdu (1906–1912) Abdulla Sur, Mirzə Abbas Abbaszadə və Hüseyn Cavid kimi müəllimlər ona dərs demişdir. Məhz Hüseyn Cavidlə yaranacaq yaxınlığın başlanğıcı bu mühitdən başlamışdı. Gəncə o illərdə milli maarifçiliyin mühüm mərkəzlərindən idi. Azərbaycan dilinin tədrisi, milli mətbuatın inkişafı, klassik ədəbiyyatın öyrənilməsi və yeni ictimai düşüncənin formalaşması ziyalıların fəaliyyətində əsas yer tuturdu. Əhməd Cavadın ədəbi dünyagörüşü də məhz belə bir mühitdə yaranmışdı. Onun ilk mətbu əsərləri arasında Lev Tolstoydan etdiyi tərcümə 1911-ci ildə çap edilib.1912-ci ildə müəllimi Abdulla Sur haqqında yazısının “İqbal” qəzetində dərc edilməsi isə gənc şairin ədəbi mühitlə əlaqələrinin artıq formalaşdığını göstərirdi. Əhməd Cavadın erkən dövr yaradıcılığında ana dili məsələsi xüsusi əhəmiyyət daşıyırdı. 1913-cü ildə yazdığı “Dilimiz” şeiri həmin dövrün milli maarifçilik düşüncəsi ilə vəhdət daşıyırdı. Ana dilini xalqın mənəvi varlığının əsaslarından biri kimi görən şair sonralar da sadə, anlaşıqlı və xalq poeziyasına yaxın ifadə tərzinə üstünlük verəcəkdi. Onun ilk şeirlər kitabının “Qoşma” adlandırılması təsadüfi deyildi. 1916-cı ildə nəşr edilən bu kitab şairin xalq poeziyası ilə əlaqəsini nümayiş etdirirdi. Qoşma, bayatı, gəraylı aşıq şeirinə xas ritm və təkrarlar onun yaradıcılığında yalnız forma elementi deyildi. Əhməd Cavad həmin ənənələr vasitəsilə müasir dövrün siyasi və mənəvi hadisələrini xalqın öz dilində sadə ifadə etməyə çalışırdı.“Qoşma” və 1919-cu ildə nəşr olunan “Dalğa” kitablarında xalq ədəbiyyatının poetik təsirini mütləq vurğulamaq lazımdır.
Əhməd Cavadın yaradıcılığını Türk dünyasından ayrı təsəvvür etmək mümkün deyil. Lakin bunu yalnız məşhur “Çırpınırdın, Qara dəniz” şeiri ilə məhdudlaşdırmaq da doğru olmaz. Şairin Osmanlı dünyasına bağlılığı onun gənclik illərindən, türk ədəbiyyatından təsirlənməsində, müharibə dövründəki xeyriyyəçilik fəaliyyətində və s. öz əksini tapmışdı. Balkan müharibələri illərində Əhməd Cavad Osmanlıya səfər edir və mürəkkəb zamanda Qafqaz könüllüləri ilə bir fəaliyyət göstərib. Bəzi mənbələrdə hətta Əhməd Cavadın İstanbulda Ziya Gökalp və Mehmet Emin Yurdakul kimi ziyalılarla görüşməsi haqqında məlumatlar da var. Əhməd Cavad Türkiyədəki Milli Ədəbiyyat hərəkatından təsirlənib.1911-ci ildə Selanikdə “Genç Kalemler” jurnalı ətrafında inkişaf edən bu hərəkat türk ədəbi dilinin sadələşdirilməsini, xalq ədəbiyyatının imkanlarından istifadəni və milli mövzulara üstünlük verilməsini müdafiə edirdi. Hərəkatın əsas simaları arasında Ziya Gökalp, Ömər Seyfəddin və Əli Canip Yöntəm vardı. Mehmet Emin Yurdakulun milli ruhlu poeziyası da həmin dövrün ədəbi düşüncəsinə ciddi təsir göstərirdi. Şairin milli düşüncəsi Azərbaycanın öz ictimai şəraitində formalaşmışdı. Onun üçün türk xalqları arasındakı mədəni bağlılıq Azərbaycan dilinin və milli kimliyinin qorunmasına zidd deyildi. Əksinə, bu iki istiqamət onun poeziyasında vəhdət daşıyırdı. 1914-cü ildə yazdığı “Çırpınırdın, Qara dəniz” şeiri bu düşüncənin ən məşhur ifadəsinə çevrildi:
“Çırpınırdın, Qara dəniz, Baxıb Türkün bayrağına!” şeirin ilk misrasındakı müraciət adi təbiət təsvirindən daha geniş fəlsəfi məna daşıyır. Qara dəniz canlı varlıq kimi tərənnüm edilir, tarixin şahidinə, xalqlar arasındakı mənəvi bağlılığın rəmzinə çevrilir. Dənizin çırpınması həm təbiətin hərəkətini, həm də dövrün siyasi mürəkkəbliyini, narahatlığını xatırladır. Türk bayrağı isə şeirdə dövlət rəmzi olmaqla yanaşı, ortaq tarixə və mədəni yaddaşa bağlılıq ifadəsidir. Əsərin təsir gücü onun sadəliyindədir. Oxucu şairin duyğusunu uzun izahlar olmadan anlayır. Əlavə olaraq şeir sonradan türk xalqlarının ortaq musiqisinə çevrildi. Dahi Üzeyir Hacıbəyov Əhməd Cavadın bu şeirinə musiqi bəstələmişdir. Mahnını ilk dəfə Türkiyədə Zeynəb Xanlarova ifa etmişdir (1969) Əhməd Cavadın Türkiyə ilə əlaqələrinin istiqamətlərindən biri Birinci Dünya müharibəsi illərindəki humanitar fəaliyyətidir. O, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti çərçivəsində Qafqaz və Anadolu bölgələrində müharibədən zərər çəkmiş əhaliyə yardım işlərində iştirak etmişdi. Türkiyəli alim Afina Barmanbayın 2024-cü ildə dərc olunmuş araşdırmasında Əhməd Cavadın Batumi, Artvin, Rizə, Trabzon, Ərdahan, Qars və Ərzurumla bağlı fəaliyyəti, həmin bölgələr haqqında qəzet yazıları və müharibənin sosial nəticələrinə münasibəti araşdırılıb. Bu məqam Əhməd Cavadın türk dünyasına bağlılığının praktik tərəfini göstərir. O, müharibə haqqında yalnız şeirlər yazmırdı. Qaçqınların, zərər çəkmiş ailələrin və yerli əhalinin problemlərini öyrənir, yardım işlərində iştirak edir və gördüklərini mətbuata çatdırırdı. Şairin “Kars heyətinin gördüyü işlərdən”, “Acara məktubları”, “Rizə və Trabzon fəlakətzədələri”, “Gürcü mətbuatı və Acara”, “Batumda müsəlman mitinqi”, “Yuxarı Acarada Cami-Şərifin açılışı” kimi yazıları həmin fəaliyyətin publisistik izləridir. Onun Türkiyə ilə əlaqəsinin sonrakı dövr üçün də maraqlı göstəricilərindən biri 1928-ci ildə İstanbulda “İstiqlal uğrunda şeirlər” kitabının nəşr edilməsidir. Bu nəşr Azərbaycan istiqlal poeziyasının Türkiyə oxucusuna çatması baxımından əhəmiyyətlidir. Əhməd Cavadın yazılarının dərc edildiyi nəşrlər arasında “İqbal”, “Yeni İqbal”, “İstiqlal”,“Açıq söz”, “Azərbaycan” qəzetləri, “Məktəb” və “Şəlalə” jurnalları həmçinin “Qurtuluş” nəşrinin də adı çəkilir. Əhməd Cavadın erkən mətbuat fəaliyyətinin nümunələri arasında “Məktəb” jurnalında 1912-ci ildə çap edilmiş “Ququriqu!”, “İqbal” qəzetində həmin il dərc olunmuş Abdulla Sur haqqında yazısı, 1913-cü ildə “Şəlalə”də işıq üzü görmüş “Müdhiş düşüncələrim” və “İqbal”da çap edilmiş “Yaralı quş” kimi əsərlər göstərmək olar. Bu nümunələr şairin hələ Cümhuriyyətdən əvvəl həm poeziya, həm də publisistika ilə məşğul olduğundan xəbər verir. Onun mətbuat fəaliyyətində ən mühüm mərhələlərdən biri “Açıq söz” qəzeti ilə bağlıdır. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə 1915-ci ilin oktyabrında nəşrə başlayan qəzet milli kimlik, siyasi hüquqlar, maarifçilik, müharibə və Qafqazın ictimai problemləri ətrafında müzakirələr aparırdı. Əhməd Cavadın bu qəzetdə dərc etdirdiyi “Acara məktubları” silsiləsi onun jurnalist kimi fəaliyyətini xüsusilə aydın göstərir. Şair Acarıstanın kəndləri, yerli əhalinin həyatı, dil və təhsil problemləri, müharibənin nəticələri haqqında yazırdı. Bu yazılarda həm müşahidə, həm də ictimai mövqe vardı. 1917-ci ildə “Açıq söz”də dərc olunmuş “Gürcü mətbuatı və Acara”, “Batumda müsəlman mitinqi”, “Batumdan”, “Rizə və Trabzon fəlakətzədələri”, “Yuxarı Acarada Cami-Şərifin açılışı” və “Batum Müsəlman Birlik Cəmiyyətindən” kimi məqalələr bölgənin ictimai-siyasi tarixini araşdırmaq üçün əhəmiyyətlidir. Əhməd Cavadın publisistikasında diqqətçəkən xüsusiyyət hadisələrin insani tərəfinə maraqdır. O, müharibənin yalnız cəbhədəki nəticələrini deyil, əhalinin gündəlik həyatına təsirini də görürdü. Yardıma ehtiyacı olan ailələr, təhsil imkanları, dil məsələləri və ictimai təşkilatlanma onun yazılarında mühüm yer tuturdu.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə şairin publisistikası və yaradıcıllığında milli dövlətçilik məsələləri daha qabarıq görünməyə başladı. “Azərbaycan” qəzetindəki yazıları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 1919-cu ildə çap olunmuş “Gəncədə istiqlal günü” məqaləsi Cümhuriyyətin birinci ildönümünün ictimai əks-sədasını, “Denikin və Gəncə” isə həmin dövrdə Azərbaycan üçün mövcud olan hərbi-siyasi təhlükələrə münasibəti əks etdirirdi. Onun 1919-cu ilin oktyabrında “Azərbaycan” qəzetində dərc olunmuş “Rövşən Əşrəf bəy” yazısı da maraq doğurur. Rövşən Əşrəf Ünaydın Türkiyənin tanınmış yazıçı və jurnalistlərindən idi. Bu yazının mövcudluğu Əhməd Cavadın Türkiyə ziyalılarının fəaliyyətini diqqətlə izlədiyini göstərir. Beləliklə, Əhməd Cavadın mətbuat fəaliyyəti üç əsas mərhələdə görünür: erkən illərdə ədəbi-maarifçi yazılar, Birinci Dünya müharibəsi zamanı humanitar və bölgə xəbərləri, Cümhuriyyət dövründə isə milli dövlətçilik və ictimai-siyasi publisistika. Rəsulzadənin rəhbərlik etdiyi “Açıq söz” qəzetində Əhməd Cavadın yazılarının çap olunması onların eyni mətbuat mühitində fəaliyyət göstərib. Qəzetin səhifələrində milli kimlik, ana dili, türk xalqlarının taleyi və siyasi hüquqlar kimi məsələlər müzakirə edilirdi. Əhməd Cavadın həmin mühitdə çıxış etməsi onun milli hərəkatın ideya dünyasına yaxınlığını göstərir. Rəsulzadə milli dövlətçilik düşüncəsini daha çox siyasi publisistika və təşkilati fəaliyyət vasitəsilə ifadə edirdi. Əhməd Cavad isə həmin idealların emosional və bədii tərəfini yaradırdı.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması bu yaxınlığı daha aydın göstərdi. Rəsulzadə Cümhuriyyətin siyasi qurucularından biri kimi tanınırdı. Əhməd Cavad isə yeni dövlətin bayrağını, müstəqillik sevincini və azadlıq düşüncəsini poeziyasında əks etdirirdi. Onların dünyagörüşündəki yaxınlıq xüsusilə milli bayrağa münasibətdə görünür. Rəsulzadənin siyasi düşüncəsində bayraq dövlət müstəqilliyinin rəmzi idi. Əhməd Cavadın “Azərbaycan bayrağına” şeirində isə həmin rəmz poetik obraz səviyyəsinə yüksəlirdi. Əhməd Cavad və Məhəmməd Əmin Rəsulzadə eyni milli istiqlal düşüncəsinin ədəbi və siyasi mühitində fəaliyyət göstərmişdilər. Əhməd Cavadın Cümhuriyyətlə bağlı yaradıcılığı 1920-ci ildən sonra ona qarşı siyasi ittihamların əsas mövzularından birinə çevrildi. 1937-ci ilin mətbuatında onun “müsavatçı” kimi təqdim edilməsi də həmin keçmişin sovet ideologiyası çərçivəsində düşmənçilik əlaməti kimi yozulduğunu göstərirdi. Əhməd Cavadın Hüseyn Cavidlə münasibətinin başlanğıcı gənclik illərinə təsadüf edir. Hüseyn Cavidlə Əhməd Cavadın yaxınlığı barədə məlumatlardan biri Şükriyyə xanımın xatirələrində qorunub. “Cavidnən çox möhkəm dost idi Cavad.”O, onların maddi çətinliklər zamanı bir-birinə kömək etdiklərini, məclislərdə yanaşı əyləşdiklərini də xatırlayırdı. Bu ifadələr dostluğun yalnız ədəbi tədbirlər çərçivəsində qalmadığını, şəxsi və ailə münasibətlərinə də keçdiyini göstərir. Hüseyn Cavidlə Əhməd Cavadın yaradıcılığında ortaq cəhətləri az deyildi. Hər iki sənətkar milli-mədəni kimlik, türk dünyasının tarixi, mənəvi azadlıq və insan taleyi məsələlərinə maraq göstərirdi. Lakin onların bədii üslubları fərqli idi. Hüseyn Cavidin yaradıcılığında fəlsəfi-romantik düşüncə, tarixi hadisələrin mənəvi mənası və insanın daxili qarşıdurmaları daha geniş yer tuturdu. Əhməd Cavad isə xalq poeziyasının ifadə imkanlarından istifadə edərək milli duyğuları daha birbaşa, lirik və emosional şəkildə çatdırırdı.1937-ci il repressiyaları hər iki şairin həyatını dəyişdi. Əhməd Cavad güllələndi, Hüseyn Cavid isə həbs edilərək sürgünə göndərildi və 1941-ci ildə vəfat etdi. Bir vaxtlar eyni təhsil və ədəbi mühitdə yolları kəsişən iki sənətkarın taleyi sovet repressiyaları tarixində də yanaşı xatırlanır. Əhməd Cavad Mikayıl Müşfiqlə də dost olub və onların arasında on altı yaş fərq vardı. Əhməd Cavadın yaradıcılığı Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl formalaşmışdı. Müşfiq isə ədəbiyyata sovet hakimiyyəti illərində gələn gənc nəslin nümayəndəsi idi. Bu fərqə baxmayaraq, onların arasında yaxın münasibət yaranmışdı. Şükriyyə xanımın xatirələrində Əhməd Cavadın Müşfiqlə olan dostluğu xatırladır. Şükriyyə xanım MirCəfər Bağırovun əvvəllər ailələrinin evinə gəldiyini, ona süfrə açdığını və Cavadla eyni məktəbdə işlədiyini xatırlayırdı. Bağırovun sonralar Azərbaycan SSR rəhbərliyində tutduğu mövqe Əhməd Cavadın repressiya taleyi ilə bağlı araşdırmalarda onun adının tez-tez çəkilməsinə səbəb olmuşdur. Şükriyyə xanım 1985-ci il müsahibəsində ərinin həbsxanada zorakılığa məruz qalması barədə başqa bir məhbus qadından eşitdiyini danışırdı. O, həmin qadının söylədiklərindən sonra zorakılığın Bağırovla bağlı olduğu qənaətinə gəldiyini bildirirdi. Şükriyyə xanımın xatirələrində Bağırovun məhkəməsi də yer tutur. O, həmin məhkəməyə şahid kimi çağırıldığını, ərinə qarşı münasibətlə bağlı bildiklərini danışdığını söyləyirdi. Bu, onun repressiyadan sonrakı illərdə də Əhməd Cavadın taleyi ilə bağlı həqiqətləri öyrənməyə və bildiklərini ifadə etməyə çalışdığını göstərir. Əhməd Cavadın həbsi daha geniş siyasi repressiya sisteminin tərkib hissəsi idi. 1930-cu illərdə Azərbaycan ziyalılarının milli keçmişi, əvvəlki siyasi əlaqələri və ədəbi yaradıcılığı təhlükəsizlik orqanlarının ittihamlarında istifadə olunurdu. Şairin Cümhuriyyət dövründəki fəaliyyəti də həmin siyasi ittihamların əsas mövzularından birinə çevrilmişdi. Əhməd Cavadın həyatının son aylarını araşdırarkən diqqətdən qaçırılmamalı məqamlardan biri onun yalnız təhlükəsizlik orqanlarının deyil, sovet ədəbi mühitində aparılan siyasi ittiham kampaniyasının da hədəfinə çevrilməsidir. 1937-ci ildə Azərbaycan Sovet Yazıçıları İttifaqının iclaslarında və dövrün qəzetlərində bir sıra yazıçılar siyasi baxımdan etibarsız şəxslər kimi təqdim edilirdi. Əhməd Cavadın Cümhuriyyət dövründə yazdığı əsərlər, milli mövqeyi və əvvəlki ədəbi əlaqələri ona qarşı ittihamların əsas mövzularından idi. Bu hadisələri araşdırmaq üçün xüsusilə qiymətli mənbə 1937-ci ilin qəzet materiallarıdır.1937-ci il martın 12-də “Kommunist” qəzetində Seyfulla Şamilovun “Ədəbiyyatda bolşevizm ideyalılığı uğrunda” adlı məqaləsi dərc edilmişdi. Müəllif Əhməd Cavadın Cümhuriyyət dövründəki yaradıcılığını kəskin siyasi ifadələrlə tənqid edir, onun milli bayrağa həsr etdiyi şeiri sovet ideologiyası baxımından düşmənçilik nümunəsi kimi təqdim edirdi. Məqalədə Əhməd Cavadın redaktorluq fəaliyyəti də ittiham obyektinə çevrilmişdi. Seyfulla Şamilov şairin Məhəmməd Hadinin şeirlərinin nəşrində dini terminə verdiyi izahı onun siyasi baxımdan etibarsızlığının göstəricisi kimi təqdim edirdi. Bu yazı həmin dövrün ideoloji yanaşmasını açıq göstərir: ədəbi əsərin məzmunu və redaktorun izahı siyasi ittiham üçün istifadə edilirdi. Mart ayında Azərbaycan Sovet Yazıçıları İttifaqının III plenumu da keçirildi. “Kommunist” qəzetinin 28 mart 1937-ci il tarixli məlumatına görə, plenumda çoxsaylı yazıçı çıxış etmişdi. Əhməd Cavadın adı həmin müzakirələrdə siyasi tənqidlərin hədəflərindən biri idi. Bu plenumun materiallarında Süleyman Rüstəmin və başqa yazıçıların adları da yer alır. 1937-ci il iyunun 4-də Əhməd Cavad həbs edildi. Ona əksinqilabi millətçi fəaliyyətdə iştirak ittihamı irəli sürüldü. Həmin ilin sonrakı aylarında ittihamlar genişləndirildi və şairin ədəbi fəaliyyəti də siyasi cinayət kimi qiymətləndirildi. 1937-ci il oktyabrın 12-də Əhməd Cavad barəsində ölüm hökmü çıxarıldı. Ertəsi gün yəni oktyabrın 13-də hökm icra edildi. Şair cəmi 45 yaşında idi (bəzi mənbələrdə özünün işgəncələr dözməyərək gecə öldüyü bildirilir.) Onun həbsi ilə ailənin faciəsi bitmədi. Şükriyyə xanım da siyasi təqiblərə məruz qaldı. O, 1985-ci il müsahibəsində ərindən boşanmaq təklifini qəbul etmədiyini (“Boşanma Cavada ölümdən də ağır olar”deyirdi), Qazaxıstanın Akmola bölgəsinə sürgün edildiyini və uzun müddət övladlarından ayrı yaşadığını danışırdı. Şükriyyə xanımın sözlərinə görə, sürgün həyatı 1938-ci ilin fevralında başlamış, 1945-ci ilin oktyabrında azadlığa çıxması ilə başa çatmışdı. Övladlar müxtəlif yerlərə göndərilmiş, ailənin maddi və mənəvi həyatı ağır zərbə almışdı. Şükriyyə xanım ərinin ölümünə uzun müddət inanmadığını, onun taleyi haqqında müxtəlif dövlət idarələrinə müraciətlər etdiyini bildirirdi. Yalnız 1955-ci ildə Əhməd Cavadın güllələnməsi haqqında yazılı məlumat aldığını söyləyirdi. Şükriyyə xanımın xatirələri Stalin dövrünün repressiyalarının yalnız həbs edilən şəxslərə deyil, onların həyat yoldaşlarına və övladlarına da necə təsir göstərdiyini anlamağa imkan verir. Onun danışdıqları ailə yaddaşı baxımından mühüm mənbədir.
Əhməd Cavadın həyatına nəzər salanda onun taleyinin təkcə bir şairin faciəsi olmadığı görünür. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının şahidi olmuş, müstəqillik və istiqlal sevincini yaşamış, ömrünün sonuna qədər şərəfli ömür sürmüş, çəkinmədən türk dünyasına rəğbət bəsləmiş qəhrəman idi. Bu gün Əhməd Cavadın həyat və yaradıcıllığı XX əsrin ictima-siyasi, ədəbi həyatının öyrənilməsi üçün önəmli və etibarlı mənbədir.

Nəcəf Nəcəfov,
BSU Jurnalistika ixtisası
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!