Nyu-Yorkda
kitab təqdimatıNyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilibABŞ-nin Nyu-York şəhərində professor Fəridə Səfiyevanın müəllifi olduğu “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tarixi sənədlər, ailə arxivləri və nadir fotoşəkillər əsasında hazırlanmış bu nəşr İrəvanın tarixi keçmişinin öyrənilməsi, şəhərdə yaşamış azərbaycanlı ailələrin irsinin araşdırılması və onların görkəmli nümayəndələrinin fəaliyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyır.
Tədbirin açılışını “My Way” mərkəzinin rəhbəri Alyona Bədəlova edib.
Əməkdar artist, Amerika-Azərbaycan İctimai Birliklər Alyansının prezidenti, professor Nərgiz Əliyarova kitab haqqında qısa məlumat verərək müəllifin elmi yaradıcılığına və çoxşaxəli fəaliyyətinə diqqət çəkib. O bildirib ki, 13 kitabın və 90-dan çox elmi məqalənin müəllifi olan Fəridə Səfiyevanın bu əsəri müəllifin həmin istiqamətdə qələmə aldığı üçüncü kitabıdır və əvvəlki nəşrlərdən əsasən arxiv materiallarına söykənməsi ilə fərqlənir.
Daha sonra professor Fəridə Səfiyeva çıxış edərək kitabın yaranma tarixindən, tədqiqatın elmi məqsədlərindən və İrəvan mövzusunun onun həyatında tutduğu xüsusi yerdən danışıb. Əsas elmi fəaliyyəti filologiya ilə bağlı olan müəllif üçün İrəvanın tarixi yalnız elmi araşdırma mövzusu deyil, həm də ailə yaddaşı və mənəvi bağlılıqla əlaqəli məsələdir. O qeyd edib ki, anası, Əməkdar jurnalist Sifran Nəcəfova İrəvanda doğulub. Anasının və nənəsinin dilindən eşitdiyi ağrılı xatirələr onun bu mövzuya marağının formalaşmasında mühüm rol oynayıb. Hazırda Qərbi Azərbaycan İcmasının İrəvan Şəhər İcmasının sədri olan professor Fəridə Səfiyeva tarixi irsin araşdırılmasını, sənədlərin elmi dövriyyəyə daxil edilməsini və milli yaddaşın gələcək nəsillərə ötürülməsini fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

Müəllif bildirib ki, İrəvana həsr etdiyi ilk iki kitabda şəhərin tarixi, İrəvan xanlığının yaranması, memarlıq irsi və burada yetişmiş 70 ziyalının həyat və fəaliyyəti araşdırılıb. Yeni nəşr isə mənbələri və tədqiqat üsulu baxımından fərqlənir. Kitabda İrəvanla bağlı on tanınmış ailənin - Əliyevlərin, Topçubaşovların, Seyidzadələrin, Hüseynovların, Nəcəfovların, Əhmədovların, iki ayrı Qazıyev nəslinin, Mirbabayevlərin və Mirbağırovların tarixi təqdim olunur. Ailə şəcərələri, arxiv sənədləri, şəxsi yazışmalar və fotoalbomlarda qorunmuş nadir şəkillər vasitəsilə bu ailələrin İrəvandakı həyatı, şəhərlə bağlılığı və sonrakı taleləri izlənilir. Nəşrdə ailələrin İrəvanda yaşadıqları evlərə dair sənədlərin də yer alması onun elmi mənbə kimi əhəmiyyətini artırır.
Fəridə Səfiyeva təqdimat zamanı hər bir ailə haqqında ayrıca məlumat verərək onların görkəmli nümayəndələrinin həyat və fəaliyyətindən bəhs edib.
Müəllif vurğulayıb ki, tədqiqatın əsas məqsədi İrəvanın Azərbaycan tarixindəki yerini, şəhərdə yaşamış ailələrin irsini və buradan çıxmış görkəmli şəxsiyyətlərin xidmətlərini sənədlər əsasında araşdırmaq, tarixi faktları elmi təhlillə təqdim etməkdir. Fəridə Səfiyeva ümidvar olduğunu bildirib ki, kitab digər İrəvan ailələrini də öz arxivlərində qorunan sənədləri, fotoşəkilləri və xatirələri toplamağa, sistemləşdirməyə və araşdırmağa təşviq edəcək.
Tədbirdə rəssam Nübar Əzimova çıxışında tarixi yaddaşın və milli-mədəni irsin qorunmasında sənətin roluna diqqət çəkib. Əhmədovlar ailəsinin nümayəndəsi Ülkər Turabova isə ailəsinin göstərdiyi diqqətə və müəllifə verilən dəyərə görə minnətdarlığını bildirərək kitabın nəşrini və təqdimatını əlamətdar hadisə kimi qiymətləndirib.
Tədbirdə iştirak edən Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin müavini Elvin Əşrəfzadə professor Fəridə Səfiyevanı kitabın nəşri münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, əsərin ingilis dilində nəşrini və beynəlxalq auditoriyaya təqdim edilməsini böyük uğur kimi dəyərləndirib.