İLMƏDƏN DOĞAN DUYĞULARHər ilmədə ürək döyüntüləri, könül duyğuları, vüsal dadı, həsrət-hicran yanğısı, yarım qalmış sevdalar, uzaqdan sevib dolanan niskilli ürəklər və dilə gətirilə bilməyən daxili çırpıntılar var... Əhdə sədaqət, dosta məhəbbət, küskünlüklər, qırıqlıqlar, dərd ortaqlığı, xəyallar, ümidlər, ilmələrlə iynədən keçib naxışa çevrilən gizli göz yaşları...
Bir sözlə, Tamamın dünyasını tamamlamağa yetən tikmələrim!
Sevirəm sizi. Özüm kimi, sözüm kimi, əhdim-muradım kimi sevirəm. Atam-anam, doğmam-yadım, sevgim-həsrətim, vüsalım, göz yaşlarım kimi doğmadır onlar mənə. Orta barmağımın ucundakı neçə qat iynə deşiklərini, baş və şəhadət barmağımda iynə ucunun qoyduğu izləri, o ağrıları və qat-qat soyulan dərimin qabıqlarını da sevirəm... Sözə çevrilib, bəzən də çevrilə bilməyən gizlinlərim, yolu gözlənən gəlməzlərimin həsrəti, məhəbbətindən alışan ürəyim, ağıllı sayılıb dəli olan özüm kimi sevirəm tikmələrimi. Onları sevilənlərim, sevilməzlərim, sevgidən qovulanlar kimi sevirəm. Bir sözlə; dünyam kimi, ümidlərim, yarı yolda qalanlarım, varım-yoxum, dəli duyğularım, ölüb-dirilən arzularım, qəbullanıb tikmələrimdə gizlədiyim bədbəxtliyim kimi sevirəm onları.
Dostlarım, qısqanclarım, diri ölülərim, gözümün nuru, yolumun enişi-yoxuşu, qarşıma çıxan bəduğurlar, sevənlərimin alqışı, kimlərinsə qarğışı kimi sevirəm tikmələrimi... Doğmalarımın məzarı, xəyallarımın cənnəti-cəhənnəmi kimi sevirəm. İynəmi, o söküntülərdən tikməyə çevrilən saplarımı sevirəm, sevirəm, sevirəm...Dünyanın yaxşı-yaman nəyi varsa- hər şeyi sevdiyim kimi, tikmələrimi də eləcə sevirəm...
*******
Şeiri tikməyə mən gətirdim. Duyğularımı, sevgimi, gizlimi-aşkarımı tikdim, əsərlər yaratdım. Şeirlərimi tikmələrə köçürdüm...
Lap gənclikdə anamın tikiş maşınının qapağına uyğun formada bəzəkli bir örtük tikmişdim – gənclik duyğusu, gizli sevgi ilə... Örtüyün bir üzünə Xaqaninin ilk şeir yazan vaxtı əmisinə oxuduğu bir bəndi həkk eləmişdim:
Gül şamı nurlatdı bağçanı, bağı,
Lalə işıqlatdı səhranı, dağı.
Bir günəş üzlünün şəfəqindən də
Nura boyanmışdır böyük çırağı.Digər üzünə isə ömrümdə aldığım bir məktubdakı şeir bəndini və ona yazdığım cavabı tikmişdim. Məktubda yazılmışdı: "Tələbəlik xatirələrindən yadımda qalan bu şeiri sənə yazıram və deyirəm: sən sehrli qızsan, ömrümdə beləsini görmədim. Həm cəsur, həm sehrli, həm də bənzərsiz bir sevgiyə layiqsən. Əfsuslar olsun ki, sənə olan sevgimi etiraf edə bilmirəm və bilməyəcəm də. Sadəcə, bu bir bənd şeiri sənə çatdırmaq üçün özümü çox məcbur etdim və nəhayət, yaza bildim. Amma gözünə görünməyə cəsarətim çatmır..."
Məktub mənə çatdırılanda əslində kimin yazdığını bilmirdim, sonralar bildim... Amma ondan sonra da heç nə dəyişmədi.
Məktubdakı şeir belə idi:
AŞIQ:
Gözlərin neçə aşiqi salıb bəndə?
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Sənə axar sumu deyim? – suyu dayandırarsan!
Sənə atəşmi deyim? – alovu yandırarsan!
Mən də o zaman, təbii ki, birbaşa o şəxsə yox, sadəcə ağ parçanın üzərinə bu cavabı tikmişdim:
MƏŞUQ:
Qara gözlərim səni salıb bəndə?
Oğlan söylə, nəyin var məndə?
Nə axar suyam, nə yanar odam –
Ürəklər alovlandıran bir qızam mən...
T. Y.Cəfər Cabbarlının ən çox sevdiyim bu şeiri hər zaman mənim yoldaşım, könül duyğum idi. Çöldə, məhəllədə, suya gedəndə – hər yerdə onu oxuyurdum:
Mən bir solmaz yarpağam ki,
Çiçəkləri bəzərəm.
Mən bir sönməz duyğuyam ki,
Ürəkləri gəzərəm...Bu şeiri çox sevir, hər zaman zümzümə edirdim. Elə cavabı da onun ahənginə uyğun tikmişdim. Amma məktub sahibinin bundan bu gün də xəbəri yoxdur... O örtük isə hələ də evimizdə, tikiş maşınının üstündə durur...
"Ürəyə açılan cığır" – mənim tikmə əsərimdir. Amma bu, adi əsərlərdən deyil, bir məhəbbət dastanıdır. Bu tikmə həmin o böyük sevginin, əvəzsiz sevdanın; acılı-şirinli, enişli-yoxuşlu, sərt döngələrlə və sıldırımlarla dolu bir mühitdə boya-başa çatıb qalib gəlmiş, eyni zamanda elə böyüdüyü qədər də uduzmuş bir sevginin sanki klipidir...
"Ürəyə açılan cığır" – uca, zirvəli dağlardan mənbəyini götürən gur sulu, köpüklənə-köpüklənə axan, hər burulğanda ətrafa yayılıb kənara cığırlar aça-aça yenə də kükrəməkdən qalmayan bir çaya bənzəyir. O çay ki, köpüklənib axmağı azalmır, bulansa da, hər zaman öz-özünü təmizləyib durula bilir; gurluğu və qıjıltısı dərələrdən dağlara, düzlərə səs salır. Yollarda nə qədər dağılıb azalsa da, yenə gur, yenə qaynar, yenə ürəkcoşdurandır; heç vaxt köhnəlmir, həmişə təzə qalır. Ürək döyüntüləri isə heç vaxt səngimir...
Mən bu tikmədə bir sevdanın lap gəncliyindən başlayaraq hər dövrünə uyğun bir mənzərə yaratmışam – həm şəkil, həm də şeir kimi:
Birincisi, lap gənclik illərinin "Getmə, amandır!" dueti ilə sevgiyə bağlanmaq dövrüdür...
...sevgidən qorxan məsum, sadə bir qızın:
Sevgiyə, ürəyə etmirəm şübhə,
Sevməmək naminə demirəm tövbə.
Sənin olacağam, nə bilim, bəlkə...
Sevgidən qaçıram, səndən yox, oğlan!– deyən hürkək qaçışı və öz dünyasının olması... O dünyada da sevgidən qurtuluş olmadığını anlaması... İllər keçsə də, hərənin başına nələr gəlsə də, yenə dönüb-dolanıb rastlaşmaq... Yenə də qızın həm hürkək, həm də sevdalı qorxusu...
Əzizim, unut məni,
Axtarma, unut məni.
Qulaq as Yaralıya,
Bir yar tap, unut məni.– deməsi və qarşı tərəfin öz mövqeyindən, sevgisindən dönməməsi:
Gözəl, əsirgəmə o canı məndən!
Dünyanın ləzzəti, dadı səndədir.
Doyunca kam alım odlu sinəndən,
Dünyanın ləzzəti, dadı səndədir.– deyərək alovlanan, sönməyən, əhdindən dönməyən bu sevda get-gedə daha böyük inamla möhkəmlənir, aliləşir, ululaşmaq üçün can atır. Nizami Gəncəvinin beyti ilə başlayan sevgi hər zaman dəyərli və dözümlü olur:
Mehrabı eşqdir uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?"Ürəyə açılan cığır" – bir tikmə əsərdir. Mən bu tikmədə "Getmə, amandır!", "Sevgili canan", "Gözəlim, səndədir", "Meydandayam", qarşılıqlı etiraflar və qoşa məzarı tərənnüm edən "Səni" duetlərini həkk etmişəm. Burada 4200-dən çox hərf, 125 sətirdən çox şeir və o duetləri canlandıran görüş şəkilləri var.
Bir-biri üçün yaranıb yaşayan və sonda qoşa məzarda olmağı arzu edən o kəslərin bənzərsiz sevgisinə illərimi verdim, gözümün nurunu tökdüm, əllərimin iynə deşikləri ilə bu əsəri qazandım. Yuxusuz gecələr, yollara dikilən gözlər, yolları çəkib gətirən dirənmiş baxışlar, yorğun duyğular, gizli-aşkar göz yaşları, "sevib-sevmədiyim" hisslər, görmək istədiyim gerçəklər və yaşanması mümkün olmayan xoşbəxtlik xəyalları... Bir sözlə, bu işə canımı verdim. Tikdikcə, o görüşləri tərənnüm etdikcə ürəyim böyüdü, sevgim canlandı, duyğularım ölümsüzləşdi. Göz yaşlarım isə yağışdan sonra durulan dağ çayları kimi duruldu...
Etiraf:Dünyanı dolaşıb, tarixi açsan,
Bu məhəbbəti tapammazsan.
Yazarlar toplayıb əsər yazdırsan,
Bizim məhəbbəti yazdırammazsan.
Bu elə bir məhəbbət əsəridir ki...
Dünya ilə bir yaranıb,
Sahibini tapmayıb.
Gəzib gizli-pünhanca,
Ürəyimizdə dayanıb...Burada bir haşiyə çıxım: bu tikmə mənə bir də ona görə özəldir ki, onu bitirib divardan asmışdım. Babamın (atamın) yatağı da o divarın önündə idi. Bir dəfə yatdığını zənn edib onu çağırmağa gəldim. Gördüm üzü divara çevrilib, elə bildim yuxudadır. Birdən gözüm sataşdı və gördüm ki, tikməni hərf-hərf sığallayaraq ağlayır... Səssizcə geri çəkildim.
Sonralar buna çox şahid oldum. Sanki batan iynələrin sayı qədər göz yaşı tökürdü; ora tökülən gözümün nurunu öpür, iynə batan əlimi tutub gözünün üstünə qoyur, mənim üçün etdiklərinə və edə bilməyib peşman olduqlarına ağlayırdı. İtən, yox olan, xəyala dönən xoşbəxtliyimi, söküntü saplarla naxışlanan, boyanan duyğularımı sığallayırdı... Bunu yalnız mən görür, mən duyurdum; amma o məndən gizlədirdi, mən də ondan...
"Ürəyə açılan cığır" adlı kitabımı:Ata və anamın qarşıdan gələn 75 illik yubileylərinə, onlarla bərabər həyatımda və bu günümdə məzəmmət dolu tövsiyələri ilə böyük haqqı olan, bu il 70 illiyini qeyd etdiyimiz atamın dostu, həkimim və əmim Arif Səmədovun yubileyinə, eləcə də özümün doğulduğumun 50 və minaya düşməyimin qarşıdan gələn 30 illiyinə həsr edirəm
Tamam Yaralı