Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                       
Bu gün, 14:39
Sədaqətli dost,   dəyərli qələm sahibi


Sədaqətli dost,

dəyərli qələm sahibi


Zaman axıb gedir, aylar ayları, illər illəri əvəz edir. Lakin elə dostluqlar, elə insan münasibətləri var ki, illərin sınağından keçərək daha da möhkəmlənir, saflaşır və nəsillərə örnək olacaq bir mənəvi dəyərə çevrilir. Bu gün haqqında böyük qürur və ehtiramla söz açmaq istədiyim insan – ömrünün müdriklik çağını, 65 illik yubileyini qeyd edən əziz tələbə yoldaşım, dəyərli publisist və sadiq dostum Hüseyn Məmmədovdur (Hüseyn İsaoğlu). Bizim Hüseynlə ilk tanışlığımız ötən əsrin unudulmaz illərinə – hər ikimizin gənclik xəyalları ilə yaşayıb, ali təhsil almaq amalı ilə sənədlərimizi o zamankı Azərbaycan Pedaqoji İnstitutuna (APİ) təqdim etdiyimiz günə təsadüf edir. Mən Əzimzadə adına rəssamlıq texnikumunu bitirmişdim, Qubanın Afurca kəndində rəsm-rəsmxət müəllimi işləyirdim. Yaşca Hüseyndən 6-7 yaş böyük olsam da, içimdəki elm, təhsil eşqi məni paytaxta gətirmişdi. Sənəd növbəsində dayandığımız zaman gələcək dostumla həmsöhbət olduq. O, Gədəbəydən olduğunu, Bakıda zavodda fəhlə işlədiyini bildirdi.
Hüseyn bir neçə il idi ki, imtahan versə də, xarici dil səddini keçə bilmədiyi üçün qəbul ola bilmirdi. Mənim orta məktəbdə xarici dil keçmədiyimi öyrənəndə, mənə bu statusda olanların həmin imtahandan azad olduğunu bildirdi. Bu məlumat mənim üçün böyük bir sevinc və ümid oldu.İmtahan günləri həm həyəcanlı, həm də unudulmaz idi. Hüseynlə imtahanlara birgə gedir, auditoriyadan çıxanda bir-birimizi intizarla gözləyir, uğurlarımızı, sevinclərimizi uşaq səmimiyyəti ilə bölüşürdük. Nəhayət, hər ikimiz istədiyimizə nail olduq: APİ-nin filologiya fakültəsinə qəbul olunduq.
Beş illik tələbəlik həyatımız eyni qrupda, çiyin-çiyinə keçdi.Hüseynin qələmə, söz sənətinə olan bağlılığı elə tələbəlik illərindən özünü büruzə verirdi. O, hələ gənc yaşlarından fəal yaradıcılıqla məşğul olurdu. Onun imzası tez-tez "Azərbaycan gəncləri", "Bakı" və institutumuzun "Gənc müəllim" qəzetlərinin səhifələrində görünürdü. Yazdığı hər bir məqalədə gələcəyin böyük publisistinin ayaq səsləri duyulurdu. İnstitutu bitirdikdən sonra hərəmiz bir tərəfə dağılışsaq da, qəlblərimiz ayrılmadı, dostluğumuz eyni bağla davam etdi.Sonrakı illərdə mən Hüseyn müəllimin mətbuatda işıq üzü görən hər bir yazısını böyük həvəs və maraqla izləyirdim. Məktəbdə, müəllimlər otağında boş vaxt tapan kimi qəzetləri vərəqləyir, onun məqalələrini iş yoldaşlarıma fəxrlə göstərərək: "Bu dərin məzmunlu yazının müəllifi mənim tələbə yoldaşımdır!" – deyirdim. Bu, sadəcə bir dostun uğuruna sevinmək deyil, həm də onun istedadına olan sonsuz ehtiramın ifadəsi idi.
Bizim dostluğumuz təkcə rəsmi münasibətlərlə məhdudlaşmadı, ailəvi yaxınlığa çevrildi. Hüseyn İsaoğlu hər il yay aylarında ailəsi ilə birlikdə bizim kəndə gələr, qonağımız olardı. Kəndimizin təmiz havasında, doğma ocağımızda keçən o günlər unudulmazdır. Rəhmətlik atam Şamil kişi Hüseynin insanlığına, mənəviyyatına o qədər bələd olmuşdu ki, həmişə deyərdi: "Mən Hüseyn müəllimi öz oğlanlarımdan ayırmıram. O, çox yaxşı, nəcib insandır. Sizin bu təmənnasız dostluğunuza əhsən deyirəm!"
Zaman keçdi, övladlarımız böyüdü və taleyin xoş bir təsadüfü, bəlkə də dostluğumuzun müqəddəsliyi sayəsində bu bağlar daha da dərinləşdi. Biz dostluqdan qohumluğa – qudalığa addım atdıq. Hüseyn müəllimin gözəl, tərbiyəli qızını oğlum üçün gəlin gətirdim. Beləliklə, gənclik illərində təməli qoyulan dostluq körpüsü böyük bir ailə birliyinə çevrildi, daha da möhkəmləndi.
Mən Hüseyn İsaoğlunun yaradıcılığına çox yaxından bələd olan bir insanam. Deyə bilərəm ki, onun qələmindən çıxan kitabların, publisistik məqalələrin ilk oxucularından biri mən olmuşam. Onun əsərləri bugünkü həyatın reallıqlarını, cəmiyyətin nəbzini tutan, insanı düşünməyə və doğruya səsləyən qiymətli sənət nümunələridir. Hüseyn yazılarında heç vaxt həqiqətdən qaçmır, cəmiyyəti düşündürən ağrılı və aktual mövzuları özünəməxsus ustalıqla işıqlandırır.
Bu gün bütöv bir ömrün salnaməsi olan 65 illik yubiley ərəfəsindəyik. Yarım əsrə yaxın bir dövrü əhatə edən sadiq tələbə yoldaşım, dəyərli qudam, sözün əsl mənasında böyük İnsan və ziyalı olan Hüseyn müəllimi bu şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edirəm!
Sənə uca Tanrıdan uzun ömür, möhkəm cansağlığı və yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayıram, əziz dostum! Qələmin həmişə iti, sözün kəsərli olsun! 65 illik yubileyin mübarək!

Dərin hörmət və sevgilərlə,Tələbə
yoldaşın və qudan
Abid Şamiloğlu (Abidov)


Bu gün, 13:58
Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək
Zəngilan Azərbaycanın

ən gözəl güşələrindən

birinə çevriləcək


Hər il oktyabrın 20-də Zəngilan şəhəri günü qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri təsis edilib və Zəngilan üçün bu gün 2020-ci il oktyabrın 20-si seçilib. Məhz həmin gün Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini düşmən tapdağından azad edib.
Zəngilan Azərbaycanın cənub-qərbində, dağətəyi zonada yerləşir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən keçir. Torpağı da zəngindir: tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı yataqları var. Tarixi irsi də az deyil. İmam Hüseyn məscidi, Şərifan abidələri, orta əsr sərdabələri, Bartaz Qız qalası, Tağlı körpüsü və onlarla ziyarətgah bu diyarın qədim keçmişindən xəbər verir. Təəssüf ki, işğal illərində bu abidələrin xeyli hissəsi dağıdılıb.
1993-cü ilin payızında Füzuli və Cəbrayıl işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirədə vuruşdular. Oktyabrın 25-29-da rayon əhalisi 235 nəfər şəhid və itkin verərək Araz çayını keçdi, İran ərazisi ilə Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Qaçqınlıq illəri uzun sürdü, amma insanlar doğma yurdu heç vaxt unutmadılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl istiqamətində qazanılan qələbələr Silahlı Qüvvələrimizin Zəngilanın inzibati sərhədlərinə çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi əməliyyatı başladı, iki gün sonra isə Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, həmçinin Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Döyüşlər nəticəsində şəhər, 4 qəsəbə və 49 kənd işğaldan azad edildi. Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa olundu. Döyüşlərdə şəxsi igidlik göstərmiş 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Mən inanıram ki, bu qələbə təkcə torpaqların geri qaytarılması deyil, həm də xalqımızın iradəsinin, birliyinin və ədalət duyğusunun təntənəsidir. Azad olunan hər kənd, hər qarış torpaq şəhidlərimizin qanı bahasına əldə edilib.
Bu gün Zəngilan “Böyük Qayıdış” proqramının ən gözəl nümunələrindən biridir. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, şəhərdə 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində 179 ailə artıq doğma yurda qayıdıb. Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biri sayılır. Orada enerji Həkəri çayı üzərindəki Arximed tipli su elektrik stansiyasından və günəş panellərindən alınır, evlər istiliyi saxlayan termobloklarla tikilib, sürətli internet, tele-səhiyyə və e-təhsil xidmətləri var. Kənddə məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” mərkəzləri fəaliyyət göstərir. İlk sakinlər 2022-ci ilin may ayında köçüb.
Şəhərin özü də yenidən qurulur. 2023-cü ildə Nazirlər Kabineti Zəngilanın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edib. 2026-cı il mayın 10-da şəhərdə 104 mənzilli ilk yaşayış kompleksi istifadəyə verilib. İşğal dövründə tövlə kimi istifadə olunmuş tarixi məscid Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib, yanında isə iki minarəli yeni məscid tikilib.
Zəngilan həm də mühüm nəqliyyat qovşağına çevrilir. Beynəlxalq Hava Limanı ağır yük təyyarələrini də qəbul edir, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun birinci mərhələsinin böyük hissəsi tamamlanıb, 126,3 kilometrlik avtomobil yolunun isə 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Turizm və kənd təsərrüfatı sahəsində də işlər gedir: Ağalı hoteli fəaliyyətdədir, “Zangilan City Park Hotel”in təməli qoyulub, Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” isə tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək.
Əminik ki, bir neçə ildən sonra Zəngilan Azərbaycanın ən abad və gözəl guşələrindən birinə çevriləcək.
Prezident İlham Əliyevin 2020-ci ildən bəri Zəngilana çoxsaylı səfərləri bu bölgənin bərpasının dövlət siyasətinin prioriteti olduğunu göstərir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, sakinlər doğma yurda qayıdır. 20 oktyabr Zəngilan şəhəri günü həm tarixi xatirəni yaşadır, həm də bu torpaqda başlanmış yeni inkişaf mərhələsini simvolizə edir.

Rasif Dünyamalıyev
Şəhid Abduləzimli Emilin atası, Abşeron rayon sakini
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!