Qafil Əliyev-75Könüllərdə taxt
quran kişiBu bir dost görüşümü, yoxsa yubiley tədbirimi, deyə bilmirəm. Mənə elə gəldi ki, bu bir insana olan sevginin, sayğının, hörmətin, ehtiramın, inamın, etibarın harmoniyası-dostluğa sədaqət simfoniyası idi. Təəssüf ki, bir qədər gecikmişdim. Amma məclis əhli mənə nə utanmağa imkan verdi, nə də üzrxahlıq eləməyə. Elə hərarətlə qarşıladılar ki, yubandığımı da, içəri necə daxil olduğumu da unutdum. Belə hərarətli qarşılama münasibəti yalnız Qafil müəllimin qonağına göstərilərdi ki, o da mənim qismətimə düşdü. Mən də məmnuniyyətlə və minnətdarlıq hissi ilə bildirirəm ki, belə isti münasibət Qafil müəllimə olan sevginin ifadəsi, hörmətin təzahürüdür.
Qeyd edim ki, o arada Qafan Rayon İcmasının rəhbəri, professor Eldar Abasov, ortaq dostlarımız-fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev, kimya üzrə fəlsəfə doktoru Hüsü İbrahimov, “Şəhərlərə sığmayan Şəhərcik” və digər kitabların müəllifi, şair Əliş Əhmədoğlu, Nazim Əsədov, İlya həkim Rzayev, şair Seyfulla Abbasov, Nizami Tağıyev Qafil müəllimi 75 illik yubileyi münasibəti ilə təbrik edib, uşaqlıq, gəclik illərinin xatirələrindən danışıb, xoş arzularını bildirmişdilər.
Qafil müəllimi məclisdəkilərin hamısı yaxşı tanısa da “Bütöv Azərbaycan”ın oxucularının tanımasında da fayda var.Əliyev Qafil Atakişi oğlu 19 oktyabr 1951-ci ildə Qafan rayonunun Şəhərcik qəsəbəsində anadan olub. 1958-1968-ci illərdə doğma qəsəbədə orta təhsil alıb. Orta məktəbi bitirən ili AZNKİ mühəndis-iqtisadiyyat fakültəsinə qəbul olub. 1973-cü ildə ali məktəbi bitirdikdən sonra ixtisasına əlavə olaraq riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı daha 6 ay təhsilini davam etdirib. 1974-cü ildə Sənaye Tikinti Nazirliyinin 1 saylı Trestində əmək fəaliyyətinə başlayıb. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. Beləki 1978-ci ilə qədər həm də Sumqayıt Şəhər 44 saylı Texniki-Peşə məktəbində iqtisadiyyat fənnini tədris edib. 1978-ci ildən trest daxilində fəzifə yükü artdığına görə pedaqoji fəliyyəti dayandırmağa məcbur olub. 1981-ci ilə qədər iqtisadiyyat şəbəsinin rəisi vəzifəsində işləyib. Sonra elə həmin nazirliyin 2 saylı trestində maliyyə şöbəsinin müdiri, baş iqtisadçı, 1987-ci ildən isə iqtisadi məsələlər üzrə müdir müavini vəzifələrində çalışıb. Sonra Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin kommersiya və iqtisadi əlaqələr üzrə müdir müavini vəzifəsində fəaliyyətini davam etdirib.
1996-cı ildən fəaliyyət sferasını dəyişən Qafil Əliyev Böyük Britaniyanın Severn Trent Water Şirkətində “Abşeronsu” ASC-nin kadrların təlimi üzrə menecer işləyib. 2003-cü ildən 2010-cu ilə kimi Azərsu ASC kadrlar şöbəsinin rəisi, 2010-cu ildən Suölçmə Cihazlarının İstismarı Təsərrüfatının və Su Satışı Müəssisəsinin rəisi, Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətin sədr müavini vəzifələrində işləyib. Ailəlidir, iki övladı 3 nəvəsi var. Böyük oğlu Elnur fəlsəfə doktorudur, Aviasiya Akademiyasını bitirən oğlu Anar tikinti sektorunda çalışır. Babasını yubileyinə gələn nəvəsi isə Qafil müəllimin öz adını daşıyır.

Onu tanıyanlar bilir ki, Qafil müəlim harda işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq heç vaxt xarakterini, tutduğu düz yolu, haqqın, haqlının tərəfində olmaq mövqeyini dəyişməyib. Bütün nəcib işləri, xeyirxahlığı, səmimiyyəti, humanistliyi və alicənablığı ilə könüllərdə taxt qurub. Bunu təkcə bu yazının müəllifi, Qafil müəllimin dostları, doğmaları demir. Onu tanıyanların hamısı dönə-dönə təkrarlayır.
Onun dostları arasında yaş məhdudiyyəti deyilən bir sədd yoxdur. Özündən kiçiklərə nəvaziş, qayğı, sevgi göstərə-göstərə sevilir. Böyüklərə ehtiram, diqqət göstərə- göstərə böyüyür. Bunu cavan dostları Cəbrayıl Nuriyevlə Mövəcət Həbibovun dilindən eşitmək daha xoş oldu.
Məclisin aparıcısı, Gığı Kənd İcmasının kordinatoru Bəhruz Piriyev öz şirin zarafatları, şeir, lətifə qarışıq söhbətlərinin hamısının məhvərində Qafil müəllimi saxlamağa cəhd etsə də, yubilyar o qədər təvazökardır ki, özü haqqında yox ətrafındakılar haqqında danışaraq fikri, diqqəti özündən yayındırmağa çalışırdı. Elə ona görə də hər kəs haqqında danışdığı ürəkdolusu xoş sözlərin, əxlaqi dəyərlərin, insani keyfiyətlərin hamısı öz simasında əks olunurdu. Bu məqamda Hacı İbrahim Xuduyev məclisə dəvət aldıqlarına görə məmnun olduğunu bildirdi. Öz adından, qardaşı İzzətin adından, ailələri və Qafil müəllimi yaxşı tanıyan nəsilləri adından təbrik elədi. Bu iki nəslin mənəvi bağları barədə, örnək olası, xeyli xatirələr bölüşdü.
Uzun illər Qafil müllimlə birgə işləmiş, iş yoldaşlığını dostluğa çevirməyi bacarmış Mətləb Heydərov və “Şəfa” klinikasının baş həkimi Həsən Məmmədov da yubilyarı təbrikə gələnlər arasında idi. Qafil müəllim Mətləb Heydərovun etibarından, dostluğa sədaqətindən, həkimin peşəkarlığından, mərhəmətindən, şəfqətindən ürəkdolusu danışdı.
Dayılarının qazandığı hörmətdən, cəmiyyət içindəki nüfuzundan qürur duyan bacısı oğlanları Ənvər və Əfqan Hüseynov qardaşları Qafil müəllimə bir daha sağlam uzun ömür arzuladılar. Dayılarına sevgi, sayğı göstərən hər kəsə minnətdarlıqlarını bildirdilər.
Onu da qeyd edək ki, Qafil müəllim ictimai-siyasi həyatda da çox aktivdir. O, uzun müddət od-ocağından didərgin salınmış həmvətənlərini bir araya toplamaq, ehtiyacı olana yardım eləmək, bir-birinin dərdinə dərman aramaq amacı ilə xeyli çaba göstərib. Qərbi Azərbaycan İcmasının formalaşmasından xeyli əvvəl Qafil müəllim Zəngəzur camaatının, xüsusilə qafanlıların icma şəklində birliyinin təmin olunması üçün az qala dəridən, qabıqdan çıxır, əldən düşüncəyə qədər çalışırdı. Bu məqsədlə rayonun tanınmış adamlarını, ziyalılarını dönə-dönə bir yerə yığıb. Fədakarlıq göstərib, bəzən xərcə düşüb, amma bu nəcib, səbr, təmkin tələb edən işindən əl çəkməyib.

Xatırlatmaq yerinə düşər ki, birlik, yurda qayıdış sevdalısı 2019-cu ilin oktyabrında mahalımızın ziyalılarının təntənəli görüşünü təşkil etmək üçün dəvətnamələr çap elətdirmişdir. Tədbirin keçirilməsi üçün yer behləmişdi. Amma kimlər tərəfindənsə, qeyri- müəyyən, gözlə görünməyən maneələr göstərildi. Beləliklə Qafan Rayon İcmasının formalaşması 2023-cü ilə qədər əngəlləndi. Nəhayət ki, rayon və kənd icmaları təşəkkül tapıb. Qafil müəlim icmanın yaradıcılarından və ən fəal, təəssübkeş üzvlərindən biri kimi hər zaman öndə gedənlərdəndir.
Əziz oxucular, bu qeydlər sadəcə bugünkü görüşün qısa təəssüratlari idi. O dostların, doğmaların, iş yoldaşlarının ellilərinin danışdıqları, bildikləri nə varsa, yaza bilsək Əliyev Qafil Atakişi oğlu haqqında cild-cild tərənnüm kitabları yaranar.
Hörmətli Qafil müəllim, bütün sadalanan ali keyfiyyətlərinizə görə, sizə sayğı və sevgimiz sonsuzdur. Sizi “Bütöv Azərbaycan Media Qrupu” adından təbrik edir, sağlam- uzun ömür arzulayırıq.
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU,Media qrupunun rəhbəri24 oktyabr 2026-cı il