Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Bu gün, 09:12
Abşeronda abadlıq-quruculuq   işləri davam etdirilir


Abşeronda abadlıq-quruculuq

işləri davam etdirilir


Abşeron rayonunda yol infrastrukturunun yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və yaşayış məntəqələrinin estetik görünüşünün yüksəldilməsi istiqamətində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı–Quba avtomobil yolunun 12-39-cu km-liyində, Abşeron rayonu ərazisinə düşən hissədə son iki həftə ərzində aparılan abadlıq işlərinə gündəlik olaraq 300 nəfərədək işçi qüvvəsi və 70-ə yaxın texnika cəlb olunub.
Abadlıq işləri yolun Xırdalan şəhəri, Masazır, Ceyranbatan, Saray və Şəfəq yaşayış məntəqələrindən keçən hissələrini əhatə edir. Bu çərçivədə yolun hər iki tərəfində yerləşən tikililərin ümumi memarlıq üslubuna uyğunlaşdırılması, fərdi yaşayış evlərinin fasadlarının və hasarların bərpası, eləcə də ətraf ərazilərin abadlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Belə ki, fərdi yaşayış evlərinin fasadları, həmçinin ümumilikdə 2.150 m² hasar bərpa edilərək suvanıb və rənglənib. Yolboyu hasarlarda xüsusi dekorativ naxışlar yaradılıb, ümumi görünüşə xələl gətirən sənədsiz yarımtikililər və 950 m² hasar sökülərək ərazi təmizlənib və abadlaşdırılıb.
Uçmuş, yarımçıq qalmış və avtomobil qəzaları nəticəsində zədələnmiş hasarların bərpası məqsədilə ümumilikdə 850 m² sahədə hörgü işləri aparılıb. Bundan əlavə, yolboyu 10.950 m² hasara suvaq vurularaq rənglənib, 4.000 m² sahədə isə hasarlara dekorativ taxta elementlər quraşdırılıb.
Ərazidə piyadaların hərəkətinin rahatlığının təmin edilməsi məqsədilə səkilər təmir olunub, ümumilikdə 27.000 m² sahəyə asfalt örtüyü çəkilib.
Rayonun yaşıllıq potensialının artırılması və yolətrafı ərazilərin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində də genişmiqyaslı işlər görülüb. Yolun hər iki tərəfində müxtəlif növ palmalar, bonsaylar, Eldar şamı, kiparis, leyland şamı, xan çinarı və zeytun ağacları olmaqla, ümumilikdə 23.000 ağac əkilib. Eyni zamanda, 40 növdə 117.200 dekorativ ağac və kol, eləcə də 23.300 gül əkilərək ərazilərin yaşıllaşdırılması təmin olunub. Bundan əlavə, 19.800 m² sahədə qazon salınıb.

Yaşıllıqların qorunması və inkişafının təmin edilməsi məqsədilə bitkilərə aqrotexniki qaydalara uyğun qulluq göstərilir, əlavə texnikalardan istifadə edilməklə onların gündəlik suvarılması həyata keçirilir.
Yolun estetik görünüşünün və landşaft ahənginin təmin edilməsi məqsədilə dekorativ landşaft-relyef kompozisiyaları və yaşıl landşaft terrasları yaradılıb. Ağacların dayanıqlığının artırılması üçün 14.000 metr uzunluğunda kabel-troslu anker dayaq sistemi quraşdırılıb, yaşıllıqların küləyin təsirindən qorunması məqsədilə 9.450 ədəd taxta dirək basdırılıb.
Bununla yanaşı, yolkənarı ərazilərin abadlaşdırılması çərçivəsində 35.400 p\m uzunluğunda bordür düzülüb. Ərazilərdə genişmiqyaslı təmizlik işləri aparılıb, məişət tullantıları və tikinti qalıqları təmizlənib. Yolboyu ot və alaq bitkiləri xüsusi texnikaların və işçi qüvvəsinin köməyi ilə biçilərək ərazidən daşınıb.

Abşeron rayonunda həyata keçirilən abadlıq-quruculuq tədbirləri yol infrastrukturunun yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və yaşayış məntəqələrinin daha səliqəli, estetik görkəm almasına xidmət edir. Bu istiqamətdə işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Seymur Qasımbəyli
Bu gün, 08:49
Siyasət daha   mürəkkəb oyundur


Siyasət daha

mürəkkəb oyundur


Siyasət də şahmat oyunu kimidir: ağıl və səbir qələbəni təmin edən əsas şərtlərdir, emosiyalara qapılan tez uduzar! Şahmatda fiqur o vaxt qurban verilər ki, ya yeni yollar açılsın, ya da daha əlverişli mövqeyə keçilsin. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hicab məsələsinə görə Azərbaycan hakimiyyətini sərt tənqid edən baş müşaviri Oktay Saralı istefaya göndərməsi də zəiflik və geriçəkilmə deyil, rəsmi Ankaranı gərginləşən Türkiyə-Azərbaycan münasibətlərində yeni yollara götürən və daha üstün bir mövqeyə keçirə biləcək ikinci əhəmiyyətli siyasi gedişdir.
Prezident Ərdoğanın birinci addımı münasibətlərin gərginləşdiyi və hər iki tərəfdən qarşılıqlı ittihamların dərinləşdiyi vaxt prezident Əliyevə ilk zəng vurması və onu oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT zirvəsinə şəxsən dəvət etməsi idi. Deməli, ikinci addım – müşavirin istefaya göndərilməsi - birincinin davamıdır: Ərdoğan hər şey edir və edəcək ki, qəfil ortaya çıxmış “hicab əməliyyatı” və ardınca da “heç kəs burnunu bizim işlərimizə soxmasın” kimi olduqca sərt, itələyici ritorikayla başlamış Türkiyəylə məsafəli davranmaq siyasəti davam etməsin, münasibətlər pozularaq geridönməz xarakter almasın!
Çünki Ərdoğan təkcə Azərbaycan - Türkiyə münasibətlərində yox, həm də Rusiya - Azərbaycan, ABŞ - Azərbaycan, İsrail - Azərbaycan, İran - Azərbaycan, Ermənistan - Azərbaycan münasibətlərində hal-hazırda nəyin baş verdiyini, nələrin planlaşdırıldığını və Azərbaycanın da üzərində hansı ağır yükün, məsuliyyətin olduğunu elə çətin geopolitik seçim qarşısında qalmış Azərbaycan prezidenti İlham Əliyev qədər bilən çox informasiyalı və təcrübəli dövlət başçısıdır. Üstəlik, o dövlət başçısıdır ki, Azərbaycanın taleyinin ən həlledici anında bütün komandasıyla birgə yanımızda olub, 44 günlük Vətən Savaşında qələbə qazanmağımızda müstəsna dərəcədə rol oynayıb - hər hansı məbləğ, pul-para bu zəhmətin, xidmətin və qələbənin qarşılığı ola bilməz! 200 illik bir problemdən qurtuluşumuzun, azadlığımızın və son 50 ildə bir xristian ölkə üzərində qalib gələn ilk müsəlman dövlət olmağımızın qürurunu, sevincini və üstünlüyünü heç bir maddi sərvət əvəzləyə bilməz və bu, heç dilə də gətirilməməlidir!
Deməli, məsələ heç də, Azərbaycan mediasının iddia etdiyi kimi, pulda-parada deyil, gələcəyin birgə dizaynında ortaya çıxmış fundamental baxış fərqlərində, kəskin düşüncə ziddiyyətlərində, strateji yanaşmadadır!
Hazırda Türkiyə tərəfində ciddi narahatlıq var ki, Azərbaycan hakimiyyəti son 1 ay ərzində yaşananları bəhanə edərək, ondan daha da uzaqlaşma xətti seçə, TDT-nin 29 - 30 oktyabrdakı Ankara zirvəsi pozula və ya sönük keçə, Rusiya - Çin - İsrailə münasibətdə ortaq qərar ala bilməyən bu qurumun daxilinə çat düşə, beləcə, Türkiyənin TDT üzərindən planlaşdırılan xüsusən hərbi-siyasi layihələri puça çıxa bilər. Çünki yeni dünya düzəninin, daha dəqiqi, dünyanın yeni təsir zonalarına bölüşdürülməsinin təməllərinin atılması üçün noyabrın 18 - 19-da Çində keçirilməsi planlaşdırılan Tramp - Si - Putin görüşünə qədər Aralıq dənizi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca qurulan TDT-nin də hansı gücün yanında yer aldığını nümayiş etdirmək çox vacibdir.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə bu ilin 7 avqustunda “Məkkə”, 21 oktyabrında isə Qətər, Pakistan və İndoneziya ilə “Bədr” müdafiə sazişlərini imzalamaqla, faktiki olaraq, sünni müsəlman dünyasının lideri olduğunu ortaya qoyub, ciddi-cəhdlə şiə İranın da bu ittifaqlara cəlb edilməsinə çalışır və bununla da yeni nizamda bütün İslam coğrafiyasının əsas özək dövləti ola biləcəyini göstərir. Belə bir ərəfədə, əsas etibarilə müsəlman türklərdən ibarət TDT-ni (həm də MDB təmsilçilərini) öz yanına almağı bacarması onu ABŞ, Çin və Rusiya ilə gözlənilən sövdələşmədə daha da güclü edə bilər.
İndi baxaq, görək, Ankarada TDT zirvəsi necə keçəcək: bu qurum, həqiqətən, dildə, fikirdə, işdə birliyin olmasına çalışacaq, yoxsa “SSRİ şineli”ndə qalmağa üstünlük verəcək?!

Elxan Şükürlü

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!