20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
13-10-2026, 19:16
İstiqlal şairinin həyatı

ƏHMƏD CAVAD

İstiqlal şairinin həyatı

Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların ömür yolu bir xalqın keçdiyi tarixi mərhələlərin aynasına çevrilir. Əhməd Cavad məhz belə ziyalılardandır. Onun həyatına nəzər salanda XX əsrin əvvəllərində Azərbaycanın milli oyanışını, Osmanlı imperiyasının yaşadığı sarsıntıları, Birinci Dünya müharibəsinin Qafqazda yaratdığı faciələri, İstiqlal mübarizəsini, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını və 1937-ci ilin kütləvi repressiyalarını görmək mümkündür. Şair həmin proseslərin bəzilərində bilavasitə iştirak etmiş, bəzilərini qəzet səhifələrinə daşımış, bəzilərini isə şeirlərində əbədiləşdirmişdi. O, milli düşüncənin, ictimai rəyin formalaşdığı mətbuat mühitində yetişmiş, müəllimlik etmiş, müharibədən zərər çəkmiş insanlara yardım göstərmiş, türk dünyasının mədəni əlaqələri ilə maraqlanmış, şeir, poema, hekayə ( Şükriyyə xanım onun yazdığı romanın məhv edildiyini bildirib), məqalə və tərcümələr yazmışdı. Həyatının son çağında isə bir zamanlar eyni ədəbi mühitdə çalışdığı bəzi qələm adamlarının siyasi ittihamları ilə üzləşmişdi.
1892-ci il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində dünyaya gələn Cavad Məhəmmədəli oğlu Axundzadə ilk təhsilini ailə mühitində almış, daha sonra Gəncə Ruhani Seminariyasında oxumuşdu (1906–1912) Abdulla Sur, Mirzə Abbas Abbaszadə və Hüseyn Cavid kimi müəllimlər ona dərs demişdir. Məhz Hüseyn Cavidlə yaranacaq yaxınlığın başlanğıcı bu mühitdən başlamışdı. Gəncə o illərdə milli maarifçiliyin mühüm mərkəzlərindən idi. Azərbaycan dilinin tədrisi, milli mətbuatın inkişafı, klassik ədəbiyyatın öyrənilməsi və yeni ictimai düşüncənin formalaşması ziyalıların fəaliyyətində əsas yer tuturdu. Əhməd Cavadın ədəbi dünyagörüşü də məhz belə bir mühitdə yaranmışdı. Onun ilk mətbu əsərləri arasında Lev Tolstoydan etdiyi tərcümə 1911-ci ildə çap edilib.1912-ci ildə müəllimi Abdulla Sur haqqında yazısının “İqbal” qəzetində dərc edilməsi isə gənc şairin ədəbi mühitlə əlaqələrinin artıq formalaşdığını göstərirdi. Əhməd Cavadın erkən dövr yaradıcılığında ana dili məsələsi xüsusi əhəmiyyət daşıyırdı. 1913-cü ildə yazdığı “Dilimiz” şeiri həmin dövrün milli maarifçilik düşüncəsi ilə vəhdət daşıyırdı. Ana dilini xalqın mənəvi varlığının əsaslarından biri kimi görən şair sonralar da sadə, anlaşıqlı və xalq poeziyasına yaxın ifadə tərzinə üstünlük verəcəkdi. Onun ilk şeirlər kitabının “Qoşma” adlandırılması təsadüfi deyildi. 1916-cı ildə nəşr edilən bu kitab şairin xalq poeziyası ilə əlaqəsini nümayiş etdirirdi. Qoşma, bayatı, gəraylı aşıq şeirinə xas ritm və təkrarlar onun yaradıcılığında yalnız forma elementi deyildi. Əhməd Cavad həmin ənənələr vasitəsilə müasir dövrün siyasi və mənəvi hadisələrini xalqın öz dilində sadə ifadə etməyə çalışırdı.“Qoşma” və 1919-cu ildə nəşr olunan “Dalğa” kitablarında xalq ədəbiyyatının poetik təsirini mütləq vurğulamaq lazımdır.
Əhməd Cavadın yaradıcılığını Türk dünyasından ayrı təsəvvür etmək mümkün deyil. Lakin bunu yalnız məşhur “Çırpınırdın, Qara dəniz” şeiri ilə məhdudlaşdırmaq da doğru olmaz. Şairin Osmanlı dünyasına bağlılığı onun gənclik illərindən, türk ədəbiyyatından təsirlənməsində, müharibə dövründəki xeyriyyəçilik fəaliyyətində və s. öz əksini tapmışdı. Balkan müharibələri illərində Əhməd Cavad Osmanlıya səfər edir və mürəkkəb zamanda Qafqaz könüllüləri ilə bir fəaliyyət göstərib. Bəzi mənbələrdə hətta Əhməd Cavadın İstanbulda Ziya Gökalp və Mehmet Emin Yurdakul kimi ziyalılarla görüşməsi haqqında məlumatlar da var. Əhməd Cavad Türkiyədəki Milli Ədəbiyyat hərəkatından təsirlənib.1911-ci ildə Selanikdə “Genç Kalemler” jurnalı ətrafında inkişaf edən bu hərəkat türk ədəbi dilinin sadələşdirilməsini, xalq ədəbiyyatının imkanlarından istifadəni və milli mövzulara üstünlük verilməsini müdafiə edirdi. Hərəkatın əsas simaları arasında Ziya Gökalp, Ömər Seyfəddin və Əli Canip Yöntəm vardı. Mehmet Emin Yurdakulun milli ruhlu poeziyası da həmin dövrün ədəbi düşüncəsinə ciddi təsir göstərirdi. Şairin milli düşüncəsi Azərbaycanın öz ictimai şəraitində formalaşmışdı. Onun üçün türk xalqları arasındakı mədəni bağlılıq Azərbaycan dilinin və milli kimliyinin qorunmasına zidd deyildi. Əksinə, bu iki istiqamət onun poeziyasında vəhdət daşıyırdı. 1914-cü ildə yazdığı “Çırpınırdın, Qara dəniz” şeiri bu düşüncənin ən məşhur ifadəsinə çevrildi:
“Çırpınırdın, Qara dəniz, Baxıb Türkün bayrağına!” şeirin ilk misrasındakı müraciət adi təbiət təsvirindən daha geniş fəlsəfi məna daşıyır. Qara dəniz canlı varlıq kimi tərənnüm edilir, tarixin şahidinə, xalqlar arasındakı mənəvi bağlılığın rəmzinə çevrilir. Dənizin çırpınması həm təbiətin hərəkətini, həm də dövrün siyasi mürəkkəbliyini, narahatlığını xatırladır. Türk bayrağı isə şeirdə dövlət rəmzi olmaqla yanaşı, ortaq tarixə və mədəni yaddaşa bağlılıq ifadəsidir. Əsərin təsir gücü onun sadəliyindədir. Oxucu şairin duyğusunu uzun izahlar olmadan anlayır. Əlavə olaraq şeir sonradan türk xalqlarının ortaq musiqisinə çevrildi. Dahi Üzeyir Hacıbəyov Əhməd Cavadın bu şeirinə musiqi bəstələmişdir. Mahnını ilk dəfə Türkiyədə Zeynəb Xanlarova ifa etmişdir (1969) Əhməd Cavadın Türkiyə ilə əlaqələrinin istiqamətlərindən biri Birinci Dünya müharibəsi illərindəki humanitar fəaliyyətidir. O, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti çərçivəsində Qafqaz və Anadolu bölgələrində müharibədən zərər çəkmiş əhaliyə yardım işlərində iştirak etmişdi. Türkiyəli alim Afina Barmanbayın 2024-cü ildə dərc olunmuş araşdırmasında Əhməd Cavadın Batumi, Artvin, Rizə, Trabzon, Ərdahan, Qars və Ərzurumla bağlı fəaliyyəti, həmin bölgələr haqqında qəzet yazıları və müharibənin sosial nəticələrinə münasibəti araşdırılıb. Bu məqam Əhməd Cavadın türk dünyasına bağlılığının praktik tərəfini göstərir. O, müharibə haqqında yalnız şeirlər yazmırdı. Qaçqınların, zərər çəkmiş ailələrin və yerli əhalinin problemlərini öyrənir, yardım işlərində iştirak edir və gördüklərini mətbuata çatdırırdı. Şairin “Kars heyətinin gördüyü işlərdən”, “Acara məktubları”, “Rizə və Trabzon fəlakətzədələri”, “Gürcü mətbuatı və Acara”, “Batumda müsəlman mitinqi”, “Yuxarı Acarada Cami-Şərifin açılışı” kimi yazıları həmin fəaliyyətin publisistik izləridir. Onun Türkiyə ilə əlaqəsinin sonrakı dövr üçün də maraqlı göstəricilərindən biri 1928-ci ildə İstanbulda “İstiqlal uğrunda şeirlər” kitabının nəşr edilməsidir. Bu nəşr Azərbaycan istiqlal poeziyasının Türkiyə oxucusuna çatması baxımından əhəmiyyətlidir. Əhməd Cavadın yazılarının dərc edildiyi nəşrlər arasında “İqbal”, “Yeni İqbal”, “İstiqlal”,“Açıq söz”, “Azərbaycan” qəzetləri, “Məktəb” və “Şəlalə” jurnalları həmçinin “Qurtuluş” nəşrinin də adı çəkilir. Əhməd Cavadın erkən mətbuat fəaliyyətinin nümunələri arasında “Məktəb” jurnalında 1912-ci ildə çap edilmiş “Ququriqu!”, “İqbal” qəzetində həmin il dərc olunmuş Abdulla Sur haqqında yazısı, 1913-cü ildə “Şəlalə”də işıq üzü görmüş “Müdhiş düşüncələrim” və “İqbal”da çap edilmiş “Yaralı quş” kimi əsərlər göstərmək olar. Bu nümunələr şairin hələ Cümhuriyyətdən əvvəl həm poeziya, həm də publisistika ilə məşğul olduğundan xəbər verir. Onun mətbuat fəaliyyətində ən mühüm mərhələlərdən biri “Açıq söz” qəzeti ilə bağlıdır. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə 1915-ci ilin oktyabrında nəşrə başlayan qəzet milli kimlik, siyasi hüquqlar, maarifçilik, müharibə və Qafqazın ictimai problemləri ətrafında müzakirələr aparırdı. Əhməd Cavadın bu qəzetdə dərc etdirdiyi “Acara məktubları” silsiləsi onun jurnalist kimi fəaliyyətini xüsusilə aydın göstərir. Şair Acarıstanın kəndləri, yerli əhalinin həyatı, dil və təhsil problemləri, müharibənin nəticələri haqqında yazırdı. Bu yazılarda həm müşahidə, həm də ictimai mövqe vardı. 1917-ci ildə “Açıq söz”də dərc olunmuş “Gürcü mətbuatı və Acara”, “Batumda müsəlman mitinqi”, “Batumdan”, “Rizə və Trabzon fəlakətzədələri”, “Yuxarı Acarada Cami-Şərifin açılışı” və “Batum Müsəlman Birlik Cəmiyyətindən” kimi məqalələr bölgənin ictimai-siyasi tarixini araşdırmaq üçün əhəmiyyətlidir. Əhməd Cavadın publisistikasında diqqətçəkən xüsusiyyət hadisələrin insani tərəfinə maraqdır. O, müharibənin yalnız cəbhədəki nəticələrini deyil, əhalinin gündəlik həyatına təsirini də görürdü. Yardıma ehtiyacı olan ailələr, təhsil imkanları, dil məsələləri və ictimai təşkilatlanma onun yazılarında mühüm yer tuturdu.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə şairin publisistikası və yaradıcıllığında milli dövlətçilik məsələləri daha qabarıq görünməyə başladı. “Azərbaycan” qəzetindəki yazıları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 1919-cu ildə çap olunmuş “Gəncədə istiqlal günü” məqaləsi Cümhuriyyətin birinci ildönümünün ictimai əks-sədasını, “Denikin və Gəncə” isə həmin dövrdə Azərbaycan üçün mövcud olan hərbi-siyasi təhlükələrə münasibəti əks etdirirdi. Onun 1919-cu ilin oktyabrında “Azərbaycan” qəzetində dərc olunmuş “Rövşən Əşrəf bəy” yazısı da maraq doğurur. Rövşən Əşrəf Ünaydın Türkiyənin tanınmış yazıçı və jurnalistlərindən idi. Bu yazının mövcudluğu Əhməd Cavadın Türkiyə ziyalılarının fəaliyyətini diqqətlə izlədiyini göstərir. Beləliklə, Əhməd Cavadın mətbuat fəaliyyəti üç əsas mərhələdə görünür: erkən illərdə ədəbi-maarifçi yazılar, Birinci Dünya müharibəsi zamanı humanitar və bölgə xəbərləri, Cümhuriyyət dövründə isə milli dövlətçilik və ictimai-siyasi publisistika. Rəsulzadənin rəhbərlik etdiyi “Açıq söz” qəzetində Əhməd Cavadın yazılarının çap olunması onların eyni mətbuat mühitində fəaliyyət göstərib. Qəzetin səhifələrində milli kimlik, ana dili, türk xalqlarının taleyi və siyasi hüquqlar kimi məsələlər müzakirə edilirdi. Əhməd Cavadın həmin mühitdə çıxış etməsi onun milli hərəkatın ideya dünyasına yaxınlığını göstərir. Rəsulzadə milli dövlətçilik düşüncəsini daha çox siyasi publisistika və təşkilati fəaliyyət vasitəsilə ifadə edirdi. Əhməd Cavad isə həmin idealların emosional və bədii tərəfini yaradırdı.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması bu yaxınlığı daha aydın göstərdi. Rəsulzadə Cümhuriyyətin siyasi qurucularından biri kimi tanınırdı. Əhməd Cavad isə yeni dövlətin bayrağını, müstəqillik sevincini və azadlıq düşüncəsini poeziyasında əks etdirirdi. Onların dünyagörüşündəki yaxınlıq xüsusilə milli bayrağa münasibətdə görünür. Rəsulzadənin siyasi düşüncəsində bayraq dövlət müstəqilliyinin rəmzi idi. Əhməd Cavadın “Azərbaycan bayrağına” şeirində isə həmin rəmz poetik obraz səviyyəsinə yüksəlirdi. Əhməd Cavad və Məhəmməd Əmin Rəsulzadə eyni milli istiqlal düşüncəsinin ədəbi və siyasi mühitində fəaliyyət göstərmişdilər. Əhməd Cavadın Cümhuriyyətlə bağlı yaradıcılığı 1920-ci ildən sonra ona qarşı siyasi ittihamların əsas mövzularından birinə çevrildi. 1937-ci ilin mətbuatında onun “müsavatçı” kimi təqdim edilməsi də həmin keçmişin sovet ideologiyası çərçivəsində düşmənçilik əlaməti kimi yozulduğunu göstərirdi. Əhməd Cavadın Hüseyn Cavidlə münasibətinin başlanğıcı gənclik illərinə təsadüf edir. Hüseyn Cavidlə Əhməd Cavadın yaxınlığı barədə məlumatlardan biri Şükriyyə xanımın xatirələrində qorunub. “Cavidnən çox möhkəm dost idi Cavad.”O, onların maddi çətinliklər zamanı bir-birinə kömək etdiklərini, məclislərdə yanaşı əyləşdiklərini də xatırlayırdı. Bu ifadələr dostluğun yalnız ədəbi tədbirlər çərçivəsində qalmadığını, şəxsi və ailə münasibətlərinə də keçdiyini göstərir. Hüseyn Cavidlə Əhməd Cavadın yaradıcılığında ortaq cəhətləri az deyildi. Hər iki sənətkar milli-mədəni kimlik, türk dünyasının tarixi, mənəvi azadlıq və insan taleyi məsələlərinə maraq göstərirdi. Lakin onların bədii üslubları fərqli idi. Hüseyn Cavidin yaradıcılığında fəlsəfi-romantik düşüncə, tarixi hadisələrin mənəvi mənası və insanın daxili qarşıdurmaları daha geniş yer tuturdu. Əhməd Cavad isə xalq poeziyasının ifadə imkanlarından istifadə edərək milli duyğuları daha birbaşa, lirik və emosional şəkildə çatdırırdı.1937-ci il repressiyaları hər iki şairin həyatını dəyişdi. Əhməd Cavad güllələndi, Hüseyn Cavid isə həbs edilərək sürgünə göndərildi və 1941-ci ildə vəfat etdi. Bir vaxtlar eyni təhsil və ədəbi mühitdə yolları kəsişən iki sənətkarın taleyi sovet repressiyaları tarixində də yanaşı xatırlanır. Əhməd Cavad Mikayıl Müşfiqlə də dost olub və onların arasında on altı yaş fərq vardı. Əhməd Cavadın yaradıcılığı Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl formalaşmışdı. Müşfiq isə ədəbiyyata sovet hakimiyyəti illərində gələn gənc nəslin nümayəndəsi idi. Bu fərqə baxmayaraq, onların arasında yaxın münasibət yaranmışdı. Şükriyyə xanımın xatirələrində Əhməd Cavadın Müşfiqlə olan dostluğu xatırladır. Şükriyyə xanım MirCəfər Bağırovun əvvəllər ailələrinin evinə gəldiyini, ona süfrə açdığını və Cavadla eyni məktəbdə işlədiyini xatırlayırdı. Bağırovun sonralar Azərbaycan SSR rəhbərliyində tutduğu mövqe Əhməd Cavadın repressiya taleyi ilə bağlı araşdırmalarda onun adının tez-tez çəkilməsinə səbəb olmuşdur. Şükriyyə xanım 1985-ci il müsahibəsində ərinin həbsxanada zorakılığa məruz qalması barədə başqa bir məhbus qadından eşitdiyini danışırdı. O, həmin qadının söylədiklərindən sonra zorakılığın Bağırovla bağlı olduğu qənaətinə gəldiyini bildirirdi. Şükriyyə xanımın xatirələrində Bağırovun məhkəməsi də yer tutur. O, həmin məhkəməyə şahid kimi çağırıldığını, ərinə qarşı münasibətlə bağlı bildiklərini danışdığını söyləyirdi. Bu, onun repressiyadan sonrakı illərdə də Əhməd Cavadın taleyi ilə bağlı həqiqətləri öyrənməyə və bildiklərini ifadə etməyə çalışdığını göstərir. Əhməd Cavadın həbsi daha geniş siyasi repressiya sisteminin tərkib hissəsi idi. 1930-cu illərdə Azərbaycan ziyalılarının milli keçmişi, əvvəlki siyasi əlaqələri və ədəbi yaradıcılığı təhlükəsizlik orqanlarının ittihamlarında istifadə olunurdu. Şairin Cümhuriyyət dövründəki fəaliyyəti də həmin siyasi ittihamların əsas mövzularından birinə çevrilmişdi. Əhməd Cavadın həyatının son aylarını araşdırarkən diqqətdən qaçırılmamalı məqamlardan biri onun yalnız təhlükəsizlik orqanlarının deyil, sovet ədəbi mühitində aparılan siyasi ittiham kampaniyasının da hədəfinə çevrilməsidir. 1937-ci ildə Azərbaycan Sovet Yazıçıları İttifaqının iclaslarında və dövrün qəzetlərində bir sıra yazıçılar siyasi baxımdan etibarsız şəxslər kimi təqdim edilirdi. Əhməd Cavadın Cümhuriyyət dövründə yazdığı əsərlər, milli mövqeyi və əvvəlki ədəbi əlaqələri ona qarşı ittihamların əsas mövzularından idi. Bu hadisələri araşdırmaq üçün xüsusilə qiymətli mənbə 1937-ci ilin qəzet materiallarıdır.1937-ci il martın 12-də “Kommunist” qəzetində Seyfulla Şamilovun “Ədəbiyyatda bolşevizm ideyalılığı uğrunda” adlı məqaləsi dərc edilmişdi. Müəllif Əhməd Cavadın Cümhuriyyət dövründəki yaradıcılığını kəskin siyasi ifadələrlə tənqid edir, onun milli bayrağa həsr etdiyi şeiri sovet ideologiyası baxımından düşmənçilik nümunəsi kimi təqdim edirdi. Məqalədə Əhməd Cavadın redaktorluq fəaliyyəti də ittiham obyektinə çevrilmişdi. Seyfulla Şamilov şairin Məhəmməd Hadinin şeirlərinin nəşrində dini terminə verdiyi izahı onun siyasi baxımdan etibarsızlığının göstəricisi kimi təqdim edirdi. Bu yazı həmin dövrün ideoloji yanaşmasını açıq göstərir: ədəbi əsərin məzmunu və redaktorun izahı siyasi ittiham üçün istifadə edilirdi. Mart ayında Azərbaycan Sovet Yazıçıları İttifaqının III plenumu da keçirildi. “Kommunist” qəzetinin 28 mart 1937-ci il tarixli məlumatına görə, plenumda çoxsaylı yazıçı çıxış etmişdi. Əhməd Cavadın adı həmin müzakirələrdə siyasi tənqidlərin hədəflərindən biri idi. Bu plenumun materiallarında Süleyman Rüstəmin və başqa yazıçıların adları da yer alır. 1937-ci il iyunun 4-də Əhməd Cavad həbs edildi. Ona əksinqilabi millətçi fəaliyyətdə iştirak ittihamı irəli sürüldü. Həmin ilin sonrakı aylarında ittihamlar genişləndirildi və şairin ədəbi fəaliyyəti də siyasi cinayət kimi qiymətləndirildi. 1937-ci il oktyabrın 12-də Əhməd Cavad barəsində ölüm hökmü çıxarıldı. Ertəsi gün yəni oktyabrın 13-də hökm icra edildi. Şair cəmi 45 yaşında idi (bəzi mənbələrdə özünün işgəncələr dözməyərək gecə öldüyü bildirilir.) Onun həbsi ilə ailənin faciəsi bitmədi. Şükriyyə xanım da siyasi təqiblərə məruz qaldı. O, 1985-ci il müsahibəsində ərindən boşanmaq təklifini qəbul etmədiyini (“Boşanma Cavada ölümdən də ağır olar”deyirdi), Qazaxıstanın Akmola bölgəsinə sürgün edildiyini və uzun müddət övladlarından ayrı yaşadığını danışırdı. Şükriyyə xanımın sözlərinə görə, sürgün həyatı 1938-ci ilin fevralında başlamış, 1945-ci ilin oktyabrında azadlığa çıxması ilə başa çatmışdı. Övladlar müxtəlif yerlərə göndərilmiş, ailənin maddi və mənəvi həyatı ağır zərbə almışdı. Şükriyyə xanım ərinin ölümünə uzun müddət inanmadığını, onun taleyi haqqında müxtəlif dövlət idarələrinə müraciətlər etdiyini bildirirdi. Yalnız 1955-ci ildə Əhməd Cavadın güllələnməsi haqqında yazılı məlumat aldığını söyləyirdi. Şükriyyə xanımın xatirələri Stalin dövrünün repressiyalarının yalnız həbs edilən şəxslərə deyil, onların həyat yoldaşlarına və övladlarına da necə təsir göstərdiyini anlamağa imkan verir. Onun danışdıqları ailə yaddaşı baxımından mühüm mənbədir.
Əhməd Cavadın həyatına nəzər salanda onun taleyinin təkcə bir şairin faciəsi olmadığı görünür. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının şahidi olmuş, müstəqillik və istiqlal sevincini yaşamış, ömrünün sonuna qədər şərəfli ömür sürmüş, çəkinmədən türk dünyasına rəğbət bəsləmiş qəhrəman idi. Bu gün Əhməd Cavadın həyat və yaradıcıllığı XX əsrin ictima-siyasi, ədəbi həyatının öyrənilməsi üçün önəmli və etibarlı mənbədir.

Nəcəf Nəcəfov,
BSU Jurnalistika ixtisası
11-10-2026, 09:25
Həkim ömrünün 75 ili


Həkim ömrünün 75 ili

(Elmə, sənətə və insanlara həsr olunan yol)

Oktyabrın doqquzunda Referans Mərdəkan Hospitalın həkimi, tibb elmləri namizədi, ali dərəcəli cərrah, otorinolarinqoloq Hüseyn Ağayevin 75 yaşı tamam olur.
75 il... Bu, sadəcə yaş deyil, elmə, həkimlik sənətinə və insanlara həsr olunmuş zəngin bir ömür yoludur.
1951-ci ildə Qarabağın Füzuli rayonunun Qarğabazar kəndində dünyaya gələn Hüseyn Ağayev həyat yoluna böyük arzularla başlayıb. Məktəb illərindən elmə marağı, biliyi və müxtəlif fənn olimpiadalarında qazandığı uğurlar onu tibbə aparıb. O vaxtdan ötən illər ərzində isə həkimlik onun həyatının əsas istiqamətinə çevrilib.
Otorinolarinqologiya sahəsində uzun illər çalışan Hüseyn Ağayev həm klinik, həm də elmi fəaliyyəti ilə seçilib. Bakı şəhəri, Xəzər rayonunda LOR şöbəsinin yaradılmasından elmi araşdırmalara, yeni tibbi alətin hazırlanmasından müəlliflik şəhadətnaməsinə, beynəlxalq konqreslərdə iştirakdan “Otorinolarinqologiya” dərsliyinin müəllifliyinə qədər uzanan bu yol zəngin peşəkar təcrübənin göstəricisidir. Lakin Hüseyn Ağayevin dünyası yalnız tibb və elmdən ibarət deyil. O, həm də sözə və poeziyaya bağlılığı ilə seçilir. Həkimlikdə dəqiqlik və məsuliyyət, yaradıcılıqda isə duyğu və söz onun həyatında bir araya gəlir.
75 illik yubileyini qeyd edən Hüseyn Ağayevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq ruhunun daim yaşamasını və xəstələrinə daim şəfa arzulayırıq.
75 illik yubileyiniz mübarək, Hüseyn həkim!

6-10-2026, 20:52
“Azərbaycan hərb tarixi” dərsliyi çapdan çıxıb


“Azərbaycan hərb tarixi”

dərsliyi çapdan çıxıb


Azərbaycanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları üçün nəzərdə tutulan kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Kitab ən qədim dövrlərdən XX əsrə qədər mərhələni əhatə edir.
Dərsliyin müəllifləri Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru, professor Nurulla Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosenti Səbuhi Əhmədov və tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyovadır.
Kitabda qədim dövrdən XX əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamüllü kompleks şəkildə öyrənilib. Həmçinin Azərbaycanda hərb işinin yaranması və inkişafı məsələləri işıqlandırılıb.

Geniş mənbə və ədəbiyyat əsasında hazırlanan dərlikdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətin inkişafın xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi əməliyyatlarda istifadə üsulları və döyüş taktikasına təsiri məsələləri mühüm yer tutub.
Dərslikdə xronoloji ardıcıllıqla dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin yuxarıda göstərilən xüsusiyyətləri əks olunub. Kitab tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib.

6-10-2026, 20:44
Prezident əsas prioritetləri açıqladı

Prezident əsas

prioritetləri açıqladı


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edərək ölkənin son illərdə əldə etdiyi nailiyyətlər, qarşıda duran strateji vəzifələrdən danışıb.
İlham Əliyev qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin edib. Prezident şəhidlərin xatirəsinin daim uca tutulduğunu vurğulayıb, 8 Noyabr və 20 Sentyabr tarixlərinin Azərbaycan tarixində xüsusi yerə malik olduğunu bildirib.
Dövlət başçısı çıxışında Azərbaycanın bu nəticəyə uzunmüddətli və ardıcıl siyasət nəticəsində nail olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkənin hərbi, iqtisadi və siyasi gücünün artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi Zəfərə aparan əsas istiqamətlərdən olub.
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin siyasi irsinin dayandığını qeyd edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının 1992-ci ildə təsis olunması ölkədə ictimai-siyasi sabitliyə və milli dövlətçilik ideyalarının möhkəmlənməsinə ehtiyacın ifadəsi idi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra isə Azərbaycanın dövlət müstəqilliyinin qorunması, iqtisadiyyatın inkişafı və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
İlham Əliyev vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də davam etdirilir. Müstəqillik, dövlətçilik, iqtisadi dayanıqlılıq və güclü hərbi potensial həmin siyasətin əsas istiqamətlərini təşkil edir.
Prezident Azərbaycanın bu gün beynəlxalq müstəvidə nüfuzlu və etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. O qeyd edib ki, ölkə müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir, çoxşaxəli əlaqələr qurur və öz milli maraqlarını qorumaqla müstəqil xarici siyasət yürüdür.
Dövlət başçısı Azərbaycanın Çin və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətləri qurmasını ölkənin beynəlxalq mövqeyinin göstəricilərindən biri kimi dəyərləndirib. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişləndiyini, D-8 təşkilatına üzv qəbul edildiyini və İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində fəal rol oynadığını qeyd edib.
İlham Əliyev qarşıdakı dövrdə Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin əsas prioritetlərdən biri olaraq qalacağını açıqlayıb. Prezident bildirib ki, dünyada münaqişələrin və qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan istənilən təxribata qarşı hazır olmalı, hərbi gücünü daim artırmalıdır.
Dövlət başçısı həmçinin ideoloji təhlükəsizliyin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, müasir dövrdə informasiya məkanında yayılan saxta məlumatlar, təxribat xarakterli materiallar və müxtəlif ideoloji təsirlər milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Bu baxımdan təhsilin, savadlılığın və vətənpərvərlik ruhunun gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.
İqtisadi məsələlərə toxunan Prezident gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlayıb. O bildirib ki, sosial siyasətin davam etdirilməsi üçün əsas şərtlərdən biri iqtisadi sabitliyin qorunmasıdır.
İlham Əliyev Azərbaycanın maliyyə imkanlarının möhkəmləndiyini qeyd edib. Bildirib ki, ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti 5,6 faiz təşkil edir, valyuta ehtiyatları isə 90 milyard dollara çatıb. Prezident iqtisadi dayanıqlığın investisiyaların cəlb edilməsi və yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Enerji sektorunun Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətinin artmasında mühüm rol oynadığını deyən dövlət başçısı ölkənin neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə ixrac edən aparıcı dövlətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, dünyada enerji təhlükəsizliyi məsələlərinin aktuallığının artması Azərbaycanın rolunu daha da gücləndirir.
Prezident nəqliyyat sahəsində də ölkənin imkanlarının genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin orta müddətdə 30 milyon tona çatdırılması qarşıya məqsəd kimi qoyulub. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.
Çıxışda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə də geniş yer verilib. İlham Əliyev bildirib ki, bu ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdığı qeyd olunub.
Dövlət başçısı “Böyük Qayıdış” proqramının qarşıdakı illərdə daha da sürətlə həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri ilə yanaşı, yaşayış məntəqələrinin qurulması, sosial obyektlərin yaradılması və insanların doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində işlər davam etdiriləcək.
Prezident İlham Əliyev çıxışının sonunda Yeni Azərbaycan Partiyasının üzvlərinin qarşıda duran strateji vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə edib və partiyaya yeni qələbələr arzulayıb.

Məhərrəm İbadov
YAP-ın VIII Qurultayının iştirakçısı, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası
6-10-2026, 20:39
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb


YAP-ın VIII Qurultayında

Azərbaycanın əsas hədəfləri açıqlanıb


Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ölkənin ictimai-siyasi və geosiyasi vəziyyəti, Qarabağ münaqişəsinin nəticələri, təhlükəsizlik, iqtisadi inkişaf, sosial siyasət və qarşıda duran əsas vəzifələr barədə mühüm mesajlar verib.
Dövlət başçısı bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Onun sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə və 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror əməliyyatı ilə separatizmə və işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.
Prezident qeyd edib ki, Azərbaycan xalqının vahid mövqeyi, dövlətin qətiyyətli siyasəti və həyata keçirilən ardıcıl addımlar ölkəyə qarşı yönəlmiş təzyiqlərin və müxtəlif kampaniyaların qarşısını alıb. İlham Əliyev 8 Noyabr və 20 Sentyabr tarixlərinin Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət başçısı çıxışında Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın sonrakı uğurlarında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı ölkənin gələcək inkişafı və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm mərhələ olub.
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycanın dövlətçiliyinin qorunmasında və ölkənin parçalanma təhlükəsindən xilas edilməsində həlledici rol oynadığını qeyd edib. Prezident bildirib ki, Heydər Əliyevin siyasi xətti bu gün də Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir.
Dövlət başçısının sözlərinə görə, müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial Azərbaycanın strateji inkişafının əsas dayaqları olaraq qalır. O qeyd edib ki, son illərdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu və etibarlı tərəfdaşa çevrilib.
İlham Əliyev qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücün daha da artırılması olduğunu bildirib. Prezident qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında münaqişə və müharibə yoxdur, sərhədlərdə sakitlik hökm sürür, sülh müqaviləsi paraflanıb və tərəflər arasında təmaslar davam edir. Bununla belə, dünyada və regionda baş verən proseslərin təhlükəsizlik məsələlərinə daim diqqət yetirilməsini tələb etdiyini vurğulayıb.
Prezident Azərbaycanın istənilən hərbi təxribata cavab verməyə hazır olmalı olduğunu və ölkənin hərbi və təhlükəsizlik sahələrinə təqribən 9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulduğunu bildirib.
Dövlət başçısı Azərbaycanın bu gün sabitlik və təhlükəsizlik şəraitində yaşadığını diqqətə çatdırıb. Eyni zamanda, ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik qədər vacib olduğunu qeyd edən İlham Əliyev internet, kiberhücumlar və süni intellekt dövründə informasiya və ideoloji təxribatlara qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə təhsilin, savadlılığın və vətənpərvərliyin əsas amillər olduğunu bildirib.
Xarici siyasət məsələlərinə toxunan Prezident Azərbaycanın müstəqil siyasət yürütməyə davam edəcəyini deyib. İlham Əliyev Azərbaycanın müxtəlif ölkələrlə geniş və çoxşaxəli əlaqələr qurduğunu, beynəlxalq təşkilatlarda rolunun artdığını qeyd edib.
Prezident İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın birləşdirici rolunu da vurğulayıb. O bildirib ki, Azərbaycan D-8 təşkilatına üzv olub və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr saxlayır.
İlham Əliyev çıxışında Azərbaycanın Çin və ABŞ-la strateji tərəfdaşlıq münasibətləri qurduğunu da diqqətə çatdırıb. Prezident Azərbaycanın heç bir düşərgəyə qoşulmadan milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini bildirib.
İqtisadi və sosial məsələlərə toxunan dövlət başçısı gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlayıb. O bildirib ki, bu siyasət Azərbaycan əhalisinin rifahının ildən-ilə yaxşılaşdırılmasına xidmət edir.
Enerji məsələlərindən danışan İlham Əliyev Azərbaycanın dünya miqyasında müxtəlif enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu bildirib. O, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm tərkib hissəsi olduğunu və Azərbaycanın bu sahədə rolunun daha da artacağını qeyd edib.
Dövlət başçısı nəqliyyat sektorunun da ölkənin geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin orta müddətdə 30 milyon tona çatdırılması qarşıya məqsəd qoyulub. Bu istiqamətdə Orta Dəhliz və Şimal-Cənub Dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib. Prezident qeyd edib ki, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdığını bildirən dövlət başçısı qarşıdakı illərdə “Böyük Qayıdış” prosesinin daha da sürətləndiriləcəyini deyib.
Prezident çıxışının sonunda Yeni Azərbaycan Partiyasının üzvlərinin qarşıda duran tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə edib və partiyaya yeni qələbələr arzulayıb.

Sevil Əliyeva
Abşeron rayonu, Güzdək qəsəbə tam orta məktəbinin direktoru
6-10-2026, 06:51
Məktəbin qarşısından   keçəndə

Məktəbin qarşısından

keçəndə


Universitetdən çıxıb evə gedirdim. Güclü yağış yağırdı. Bir əlimdə çətir, o biri əlimdə çanta, addımlarımı evə doğru sürətləndirmişdim.Yaşadığım mənzildən təxminən beş dəqiqəlik məsafədə, yaşı altmışı çoxdan keçmiş dördmərtəbəli bir bina vardı. Sonra bir anda qəlbimə qəribə bir istilik yayıldı. Hələ binaya çatmamış göy çəpərləri, taxta pəncərələri, yolun necə burulduğunu tanımışdım. İnsan bəzi yerləri yaddaşı ilə görür. Mən də həmin an anladım ki, qarşımdakı sadəcə köhnə bir bina deyil. Bura ömrümün on bir ilini keçirdiyim məktəb idi.
Axşam düşmüşdü. Siniflərin yalnız bir-iki pəncərəsindən zəif işıq görünürdü. Dayandım. Daha doğrusu, yeriyə bilmədim. Sanki illərlə getdiyim yol birdən-birə məni tutub saxlamışdı. Bir vaxtlar rahatlıqla daxil olduğum qapının qarşısında indi yad kimi dayanmışdım Bu qapıdan vaxtilə dərsə gecikməmək üçün qaça-qaça keçmişdim. İçəri girəndə ağlımda min cür fikir dolanardı: “Görəsən, müəllim bu gün məndən dərs soruşacaq?”, “Gündəliyimə neçə ‘5’ yazılacaq?”, “Bu gün hansı dərsə cavab verəcəyəm?” O vaxt dünyanın ən böyük qayğıları mənə elə bunlar kimi görünürdü. İndi isə həmin qapının qarşısında bir tələbə dayanmışdı. Bəlkə insan böyüdüyünü ad günlərində, ömür ağacından daha bir yarpaq düşəndə deyil, məhz belə anlarda anlayır. Bir zamanlar sənə adi görünən qapının qarşısında dayanıb görürsən ki, qapı dəyişməyib. Əslində dəyişən sənsən. Amma qəribədir: insan məktəbdən məzun olur, məktəb isə insandan heç vaxt ayrılmır. Çünki məktəb yalnız dərs keçilən yer deyil. Əsl məktəb insan yaddaşında davam edən bir uzun dövrdür.
Mənim üçün müəllim heç vaxt yalnız dərs deyən insan olmayıb. Onlar bəzən valideynimin, bəzən nənəmin-babamın yerinə qoyduğum, qarşısında özümü məsul hiss etdiyim insanlardır. Bütün fənləri eyni dərəcədə sevmirdim. Amma müəllimə hörmətsizlik olmasın deyə sevmədiyim dərsə belə hazırlıqlı getməyə çalışırdım. Heç vaxt “onsuz da bu fənni sevmirəm” deyib onu tamamilə kənara qoymaq istəmirdim. Bu, bütün fənləri eyni dərəcədə yaxşı oxuduğum demək deyildi. Sadəcə mənə elə gəlirdi ki, müəllimin zəhmətinə hörmət etməyin yollarından biri də onun öyrətmək istədiyini öyrənməkdir. Ən çox sevdiyim fənlər ədəbiyyat, həndəsə, tarix, coğrafiya, biologiya idi. Bu gün geriyə baxanda anlayıram ki, dünyagörüşümün formalaşmasında məktəbdə keçirilən bütün dərslərin payı olub. Çünki məktəbdə verilən hər bilik dünyaya açılan ayrı bir pəncərədir.
Ədəbiyyat insanın daxili aləminə, ruhuna; Tarix keçmişinə; Coğrafiya yaşadığımız dünyaya; Biologiya həyatın özünə açılır. Riyaziyyat isə bəlkə də bütün bunların içində gizlənmiş nizamı, sirləri görməyi öyrədir. Yekunda məktəbin məqsədi yalnız məlumatlı insan yetişdirmək deyil. İnsanı insan etməkdir. Məktəb mənim üçün də belə olub. Bu gün qarşısında dayananda özümü hələ də oraya aid hiss edirdim. Amma eyni zamanda qəribə bir həqiqətlə üz-üzə idim: artıq oranın içində mənə aid olan heç nə yox idi. Vaxtilə mənim əyləşdiyim stullarda başqaları otururdu, mənim baxdığım lövhəyə başqa gözlər baxırdı, mənim səsimin eşidildiyi dəhlizlərdən başqaları keçirdi. Siniflərdə başqalarının işıqları yanırdı. Zaman bizdən icazə almadan yerimizi başqalarına vermişdi. Bəlkə zamanın da ən qəribə xüsusiyyəti budur: Məkan qalır insan dəyişir amma məkanın görünüşü də dəyişir. Qalan solmayan xatirələrdir. Mənə ən ağır olanı isə vaxtilə səsini həmin işıqlı sinif otaqlarından eşitdiyim müəllimlərin çoxunun artıq orada olmaması idi. Bəziləri yaşlarına görə məktəbdən ayrılıb. Bir neçə müəllimimiz isə dünyadan köçüb. Məkanları cənnət olsun. İllər ötdükcə anlayırıq ki, bəzi insanlar həyatımızdan çıxanda yalnız onları itirmirik. Onlarla birlikdə müəyyən dövrümüzü də itiririk. Bəlkə müəllimlər buna görə yaddaşımızda başqa cür yaşayırlar. Bir düsturu unuda, tarixi qarışdıra bilərik. Amma bir müəllimin bizə baxışını, vaxtilə dediyi bir cümləni, ən ümidsiz olduğumuz anda söylədiyi “bacararsan”ı, yaxud sadəcə bir “afərin” i illərlə unutmuruq. Çünki insan bəzən fənni sevdiyi üçün oxuyub. Bəzən isə müəllimi sevdiyi üçün. Məndə hər ikisi olub. Hətta sevmədiyim fənni də müəllimini sevdiyim üçün öyrənməyə çalışmışam.
İnsanın yolunun və müvəffəqiyyətlərinin başlanğıcında üç böyük qüvvə dayanır: Ana, müəllim və özü. Ana insanın ilk müəllimidir. Mənə “Vətən” deməyi anam öyrədib. Həyatı, insanlığı, tərbiyəni, ədəbi, ərkanı, ailəyə bağlılığı, insanı sevməyi, günəşə, aya, dilimə, dinimə, mədəniyyətimə, adət-ənənəmə münasibətimi ilk dəfə o formalaşdırıb. Birinci sinifdə xəttim çox pis idi. Anam hər dəfə buna görə məni danlayırdı. Mən də yazımı düzəltmək üçün eyni sözləri təkrar-təkrar yazırdım. Sonra müəllimim xəttimi yoxlayanda özü də təəccüblənirdi: necə olmuşdu ki, bir vaxtlar oxunması çətin olan yazı getdikcə düzəlmişdi? Bu gün də xəttim, etiraf edim, elə də yaxşı deyil. Bəlkə fikirlərim əlimdən daha sürətli qaçır. Beynimdə yaranan cümləni kağıza köçürənədək növbəti fikir artıq qapını döyür. Kompüter bu baxımdan mənə qarşı bir qədər mərhəmətlidir. Amma anamın mənə verdiyi ən böyük dərslərin heç biri dəftərdə yazılmayıb. O, mənim ilk müəllimim olub. Sonra insanın qarşısına ikinci müəllimlər çıxır - onu biliklə böyüdən, düşünməyə sövq edən, dünyaya baxışını genişləndirən insanlar. Müəllimlik peşəsinin ən böyük möcüzəsi elə budur: müəllim özü hər peşənin sahibi olmur, amma hər peşənin sahibinin həyatından keçir. Hakimin, həkimin, mühəndisin, əsgərin, jurnalistin, rəssamın, alimin. Bir gün onların hamısı sinif otağından çıxıb öz yollarına gedirlər. Amma o yolların başlanğıcında bir parta, bir lövhə dayanır. İnsan məktəbdə bilikdən savayı vətənpərvərliyi, qayğı göstərməyi, ədalətli olmağı, məsuliyyət daşımağı, başqasına hörmət etməyi də öyrənir.
Bəzən dərslikdə olmayan ən vacib dərslər məhz məktəbin siniflərində verilir. Mən də həmin siniflərdə böyümüşəm. Bu gün məktəbin qarşısında dayananda özümü yenidən orada gördüm. Zaldakı çıxışlarda, məktəbin həyətində uşaqlarla oynadığım günlərdə, əlimdə mikrofonla himn oxuduğum anlarda. Hələ səkkiz-doqquz yaşımda müəllimlərimin əlindən tutub Şəhidlər xiyabanına getdiyim günlərdə. Xocalını, 20 Yanvarı, Qarabağ müharibəsini anlayacaq qədər böyüdükcə içimdə yaranan o ağrıda, Qarabağın azad olunan hər bölgəsini həyəcanla izlədiyim günlərdə. Vətənpərvərlik mövzusunda yazdığım esselərdə. Şuşa ili münasibətilə keçirilən yarışmada birinci olduğum günün sevincində. Coğrafiya, tarix, biologiya, ədəbiyyat, rəsm və başqa fənlərdə müəllimin verdiyi ilə kifayətlənməyib əlavə öyrəndiyim, sonra da dəqiqələrlə danışdığım günlərdə...
İndi anlayıram ki, məktəb mənə Vətən haqqında yalnız məlumat verməyib. Məni Vətənimlə bütövləşdirib. Bütün bunlar mənim yaddaşımdakı məktəbin kiçik parçalarıdır. Amma həmin axşam ağlıma başqa bir sual gəldi. Mən müəllimlərimi necə xatırladığımı bilirəm. Bəs müəllimlərim məni necə xatırlayırlar? Bəlkə hansısa müəllim üçün çox sual verən şagirdəm, başqası üçün dərsə hazırlıqlı gələn, bir başqası üçün tədbirdə mikrofonla danışan. Kiminsə yaddaşında isə sadəcə bir dəfə dediyi sözə görə dəyişən bir uşaq…
İnsan bəzən özü də bilmədən başqasının yaddaşında yaşamağa başlayır. Bəlkə böyüməyin ən səssiz tərəflərindən biri də budur: bir gün anlayırsan ki, sən artıq yalnız xatırlayan deyilsən. Sən də kiminsə xatirəsisən.
Yağış isə hələ də yağırdı. Çətirin əlimdən nə vaxt düşdüyünü hiss etməmişdim. Paltarlarım islanmışdı. Mən bunu hiss etmirdim. Çünki xatirələr içində idim…
Deyirlər, məktəb hər şagirdin yaddaşında xoş qalmır. Bəlkə də belədir. Amma məncə insan illər sonra həmişə məktəbi axtarmır. Bəzən o məktəbdə qoyub gəldiyi özünü axtarır. Ən dəcəl şagird də, dərsdə ən çox şıltaqlıq edən də, qiymətlərindən narazı qalan da illər sonra bəlkə dərslər üçün darıxmır. O illərdəki özü üçün darıxır. Mən isə etiraf edirəm: qayıtmaq istəyirəm. Bir dəfə də olsun həmin partada əyləşmək, eyni müəllimlərin mənə dərs deməsini dinləmək, cavab verib yenidən “5” almaq, onlarla debat etmək, dərsdən sonra dəhlizdə dayanıb söhbətləşmək…
Bir günlüyə də olsa, gələcəyin hələ qarşıda olduğu, tez böyümək istədiyim o illərə qayıtmaq istəyirəm. Amma bilirəm ki, bu, gerçəkləşməyəcək bir arzudur. Çünki bəzi qapılar kilidlənmir. Sadəcə zaman onları bir daha bizim üzümüzə açmır. Məktəbin ən böyük kədəri də bəlkə budur: bir gün qayıdırsan və görürsən ki, bina hələ yerindədir, dəhlizlər hələ ordadır, pəncərələr hələ eyni tərəfə baxır...Amma zaman əvvəlki adamların heç birini sənə qaytarmır. Direktorumuz dəyişib. Onun yerinə yenə mehriban, işini bilən bir müəllim gəlib. Bir neçə müəllimimiz isə artıq bu dünyada yoxdur. Bunları düşünəndə insanın içində qəribə bir nisgil yaranır. Amma bütün bu kədərin içində bir şeyə görə sevinirəm. Mən tələbə oldum və böyüdüm. Ən əsası, müəllimlərimin mənə olan etimadını boşa çıxarmadım. Onların məktəbdə olduğum vaxt mənim üçün arzuladıqları insan olmağa çalışdım. Universitetdə də, adi həyatda da onların mənə aşıladığı dəyərləri özümlə daşıdım. Bəlkə müəllimin şagirdinə verə biləcəyi ən böyük hədiyyə onun gələcəkdə bilikli olması deyil. Özündən sonra yaxşı bir insan qoyub getməkdir.
Hava artıq tam qaralmışdı. Yenidən yoluma davam etdim. Arxada işıqları sönmüş sinif otaqları qaldı. Önümdə isə başqa bir həyat vardı. Amma həmin axşam anladım ki, insanın məktəbi heç vaxt tam arxada qalmır. Biz məktəbin qapısından çıxanda məktəb də bizimlə birlikdə çıxır. Müəllimlərin səsləri, anaların nəsihətləri, yazdığımız ilk imlalar, aldığımız ilk “5” lər, etdiyimiz səhvlər hamısı insanın daxilində görünməyən bir məktəb yaradır. İnsan ömrünün sonuna qədər həmin məktəbin şagirdi olaraq qalır. İllər keçib. Amma içimdə hələ də o uşaq var. Hələ də bir müəllimin qarşısında dayanıb cavab vermək istəyir. Hələ də “5” almaq üçün həyəcanlanır. Hələ də müəlliminin üzündəki razılığı öz uğurundan daha böyük mükafat hesab edir. Bəlkə böyümək heç vaxt həmin uşağın yox olması deyil. Böyümək onun əlindən tutub həyat adlanan daha böyük məktəbə aparmaqdır. Məni ilk dəfə o məktəbə anam və nənəm apardı. Sonra yolumu müəllimlərim göstərdi. İndi isə yoluma özüm davam edirəm və bu gün geriyə baxanda anlayıram ki, Mənim qazandığım ən böyük uğur müəllimlərimin mənim haqqımda ürəklərində saxladıqları ümidlər imiş. Əgər bu gün o ümidlərin heç olmasa bir qismini yerinə yetirə bilmişəmsə deməli, mənim məktəb illərim hələ bitməyib. Sadəcə dərs otağım dəyişib.
On bir ilin dərsinin son zəngi vurulsa da, bəzi dərslər var ki insan onları ömrünün bitiş zənginə qədər unutmur… Anam və bütün müəllimlərim - 5 Oktyabr peşə gününüz mübarək. Siz mənə yalnız dərs demədiniz. Mənə insan olmağın dərsini verdiniz.
Nəcəf Nəcəfov,
BSU jurnalistika fakültəsinin tələbəsi
5-10-2026, 19:00
Onlar məndən,   mən onlardan öyrəndim…

Onlar məndən,

mən onlardan

öyrəndim…


Bəzi yollar var, insan o yola çıxanda hara gedəcəyini bilir, amma yolun ona nələr öyrədəcəyini bilmir. Mənim müəllimlik yolum da belə başladı. Qarşıda məni nə qədər gözəl anın, neçə-neçə səmimi gülüşün, neçə fərqli uşağın və neçə unudulmaz xatirənin gözlədiyini bilmədən sinfin qapısından ilk dəfə müəllim kimi içəri girdim.
O gün əlimdə dərs planım, ürəyimdə isə böyük bir həyəcan vardı. Qarşımda oturan uşaqlara baxanda onların hər birinin ayrı bir dünya olduğunu hələ bilmirdim. Biri danışmağı ilə, biri susmağı ilə, biri gülüşü ilə, digəri isə musiqiyə olan sevgisi ilə özünü göstərirdi.
Zaman keçdikcə başa düşdüm ki, müəllim üçün sinif sadəcə partalar, lövhə və dərs saatlarından ibarət deyil. Sinif - hər birinin içində başqa bir hekayə daşıyan uşaqların kiçik dünyasıdır.
Mən bu dünyaya musiqi ilə daxil oldum. Onlara notları, ritmi, musiqini hiss etməyi öyrətmək istəyirdim. Amma heç gözləmədiyim halda, bir müddət sonra anladım ki, mən də onlardan çox şey öyrənirəm. Bir şagirdin musiqini necə hiss etdiyini görürdüm, başqa birinin səsində özünəməxsus bir rəng kəşf edirdim. Kimsə ritmi hamıdan fərqli duyurdu, kimsə səhnəyə çıxanda tamam başqa bir insana çevrilirdi. Bəzən ən sakit görünən şagirdin içindən elə bir istedad çıxırdı ki, insan heyran qalırdı. Və mən hər dəfə eyni şeyi düşünürdüm:
“Deməli, istedad həmişə səs-küylə gəlmir. Bəzən sakitcə bir uşağın içində böyüyür və onu görəcək bir baxış gözləyir.”
Bu bir ildə mən şagirdlərimə yalnız musiqi öyrətməyə çalışmadım. Onların özlərinə inanmasına, bacardıqlarını görməsinə, səslərini eşitdirməsinə, istedadlarından çəkinməməsinə çalışdım. Çünki bəzən bir uşağa “Sən bunu bacara bilərsən” demək ona verilən ən böyük dərs olur. Bəzən dərsin ortasında bir şagirdin üzündə yaranan təbəssümə baxıb bütün yorğunluğumu unudurdum. Bəzən “Müəllim, baxın, mən artıq bacarıram” deyə sevinclə yanıma gələn bir şagirdin gözlərində öz zəhmətimin ən gözəl qarşılığını görürdüm.
Mənim üçün müəllimlik məhz o anlarda mənasını dəyişdi. Anladım ki, müəllim hər zaman böyük işlər görməklə iz qoymur. Bəzən bir uşağın sözünü dinləməklə, onun istedadını görməklə, ona inanmaqla və “sən bacararsan” deməklə onun həyatında kiçik, amma çox qiymətli bir iz buraxır.
Bu bir il ərzində mənim də içimdə nələrsə dəyişdi. Mən daha diqqətlə dinləməyi, hər uşağın fərqli olduğunu qəbul etməyi, eyni dərsi fərqli ürəklərə çatdırmağı öyrəndim. Öyrəndim ki, hər şagird eyni cür parlamır. Biri səhnədə, biri musiqidə, biri rəsm çəkərkən, biri fikirlərini ifadə edərkən, digəri isə sadəcə bir dostuna kömək edərkən öz işığını göstərir. Müəllimin işi isə həmin işığı görməkdir.
Mən onlara nələrsə öyrətdim, onlar isə mənə müəllimliyin ən gözəl dərslərini verdilər. Onlardan öyrəndim ki, saf sevinc çox kiçik şeylərdə gizlənir. Öyrəndim ki, bir uşağın uğuruna sevinmək üçün onun böyük bir şey etməsinə ehtiyac yoxdur. Bəzən dünən edə bilmədiyini bu gün bacarması kifayətdir.
Onlardan öyrəndim ki, müəllim də hər gün yenidən şagird ola bilər.
Bəlkə də müəllimliyi bu qədər sevməyimin səbəbi də budur: bu peşədə öyrətməklə öyrənmək heç vaxt bir-birindən ayrılmır.
Bir il…
Cəmi bir il.
Amma bu bir ilin içində nə qədər xatirə sığdı. İlk dərslər, ilk “Müəllim!” səsləri, səmimi gülüşlər, kiçik məktublar, gözlənilməz sözlər, musiqi ilə dolu dərslər, bir-birinin ardınca kəşf olunan istedadlar…
İndi geriyə baxanda anlayıram ki, mən bu bir ildə sadəcə dərs keçməmişəm. Mən bir hekayənin içində olmuşam. Hər şagirdim bu hekayənin ayrı bir səhifəsidir. Bəzisinin səhifəsi rəngarəngdir, bəzisinin musiqisi var, bəzisinin cümlələri qısadır, amma hər birinin özünəməxsus gözəlliyi var.
Və mən bu hekayənin ən gözəl tərəfini bilirəm:
Bir gün onlar böyüyəcəklər. Bəlkə başqa məktəblərdə, başqa şəhərlərdə, başqa həyatların içində olacaqlar. Bəlkə illər keçəcək və bu günləri xatırlayacaqlar. Bəlkə də hansısa musiqini eşidəndə bir anlıq sinif otağımız, birlikdə keçirdiyimiz dərslər, gülüşlərimiz yadlarına düşəcək. Mən isə onları xatırlayanda yalnız bir şeyi düşünəcəyəm:
“Kaş ki, hər birinin içindəki o gözəl işığı görə bilmiş olum.”
Çünki müəllim üçün ən böyük uğur şagirdinin onun dediklərini əzbərləməsi deyil. Ən böyük uğur onun özünü tanımasına, bacarığına inanmasına və öz yolunu tapmasına bir səbəb ola bilməkdir.
Bu gün Müəllimlər Günündə öz müəllimlik yoluma baxanda anlayıram ki, mən hələ yolun başlanğıcındayam. Qarşıda məni daha çox şagird, daha çox istedad, daha çox musiqi, daha çox xatirə gözləyir.
Amma bu ilk il mənə ən qiymətli dərsi artıq verib:
Müəllimlik bir insanın həyatına toxunmaq, bəzən özündən xəbərsiz bir istedadı üzə çıxarmaq və bir uşağın “mən bacarıram” deməsinə səbəb olmaqdır.
Mən onlara musiqini öyrətdim.
Onlar mənə insanı öyrətdilər.
Mən onlara ritmi öyrətdim.
Onlar mənə həyatın hər kəsdə fərqli səsləndiyini göstərdilər.
Mən onlara öz səslərini tapmağa kömək etdim.
Onlar isə mənə müəllimlikdə ən gözəl səsin şagirdinin uğuruna sevinən ürəyin səsi olduğunu öyrətdilər.
Və bir gün yollarımız ayrılsa belə, mən inanıram ki, müəllimlə şagird arasındakı bəzi bağlar zamanla itmir. Çünki bəzi insanlar həyatımıza uzun müddət qalmaq üçün yox, qəlbimizdə iz buraxmaq üçün gəlirlər.
Mənim ilk müəllimlik ilim də məhz belə insanlarla -şagirdlərimlə yadda qalacaq. Bu gün onlara baxıb bir daha anlayıram:
Mən onların həyatında kiçik bir iz buraxmaq üçün müəllim oldum. Onlar isə mənim həyatımda böyük bir iz buraxdılar. Və əgər illər sonra onlardan biri öz arzularına çatıb, sevdiyi işlə məşğul olarkən bir anlıq keçmişə boylanıb “Mənim bir müəllimim vardı, mənə inanırdı” deyərsə…
Mənim üçün bütün müəllimlik yolunun ən gözəl mükafatı elə bu olacaq.
Çünki müəllimlik bəzən bir dərsin içində başlayır, amma bir insanın yaddaşında illərlə davam edir. Bu gün mən yalnız müəllim olduğum üçün deyil, müəllimliyi hiss etdiyim üçün xoşbəxtəm.
Qoy illər keçsin, onlar böyüsün, öz yollarını tapsınlar. Mən isə haradasa bir yerdə onların uğurunu eşidəndə içimdə səssizcə sevinim və düşünüm:
“Bir vaxtlar onlar mənim sinfimdə idilər… Mən onların həyatına bir az toxundum, onlar isə mənim ömrümə bir dünya qədər gözəl xatirə qoydular.”
Aysu ABBAS,

P.S. Bu yazını oxuduqca bir gənc müəllimin şagirdlərinə, öz peşəsinə olan sevgisini, onun ürək döyüntülərini sətirlərindən duyduq. Sevindik. Sevindik ki, müəllimlik peşəsinin gözdən salındığı, urvatdan düşdüyü bir vaxtda bu cameədə bir ulduz parladı. O ulduz bu yazının müəllifi, özünü şam kimi şagirlərinin uğrunda əridib onların yollarına nur saçmaq istəyən Xırdalan şəhər 3 nömrəli məktəb – liseyin musiqi müəllimi Aysu Abbasdır. Aysunun şəxsində peşəsinin vurğunu, şagirdlərinin sevimlisi olan müəllimləri təbrik edirik. Müəllimlərə sayğı və sevgi ilə Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan Media Qrupu”nun rəhbəri
5-10-2026, 18:06
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Azərbaycan 2030-cu ilə qədər

tranzit hədəfini açıqladı


Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edərək Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji və nəqliyyat potensialı, rəqəmsal transformasiya, insan kapitalının inkişafı və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem gələcək inkişaf üçün mühüm əsasdır. Onun sözlərinə görə, əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir.
Prezident qeyd edib ki, uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə olunmalıdır. Bu baxımdan bərpaolunan enerji, logistika, nəqliyyat və bağlantılar, mədənçilik, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı əsas istiqamətlər sırasında göstərilib.
İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda Günəş və külək elektrik stansiyalarının artıq fəaliyyət göstərdiyini deyən Prezident qarşıdakı beş il ərzində ölkənin bütün ərazisində bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın əlavə enerji potensialından süni intellekt və data mərkəzlərinin inkişafı, eləcə də elektrik enerjisinin ixracı üçün istifadə imkanlarına da toxunub. Onun sözlərinə görə, yeni elektrikötürücü xətlərin inşası və mövcud xətlərin genişləndirilməsi gələcək iqtisadi inkişafın mühüm tərkib hissələrindən biri olacaq.
Prezident Azərbaycanın logistika və nəqliyyat sahəsində də mühüm imkanlara malik olduğunu bildirib. Qeyd olunub ki, ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi tranzit imkanlarını artırır. Hazırda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artdığını deyən İlham Əliyev bu il göstəricinin 16 milyon tona çatacağını bildirib. Hədəfin isə 2030-cu ilədək daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaq olduğu qeyd edilib.
Prezident vurğulayıb ki, bu potensialın reallaşdırılması üçün dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırılıb. Azərbaycanın dəmir yollarının 60 faizinin elektrikləşdirildiyi və bu prosesin davam etdiyi bildirilib.
İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsinə də diqqət çəkib. Dövlət başçısı Azərbaycanın coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsinə çevrildiyini qeyd edib.
Dövlət başçısı Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşmasının investorlar üçün mühüm amil olduğunu deyib. Onun sözlərinə görə, 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinin dəyişdirilməməsi ölkənin tərəfdaşlıq və investisiya mühitinə yanaşmasının göstəricilərindən biridir.
Prezident enerji sektorunun yaxın perspektivdə də Azərbaycan iqtisadiyyatında mühüm rol oynayacağını bildirib. Onun sözlərinə görə, neft-qaz sahəsində yeni layihələr həyata keçirilir. Bu çərçivədə “Exxon” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə müqavilənin, həmçinin “Total” şirkəti ilə “Abşeron” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə müqavilənin imzalanacağı bildirilib.
İlham Əliyev elektrik enerjisinin ixracı və enerji bağlantılarının inkişafını da Azərbaycanın yeni iqtisadi imkanları sırasında göstərib. Azərbaycanın artıq 250 meqavatlıq ehtiyat gücünün olduğunu deyən Prezident bunun yalnız başlanğıc olduğunu vurğulayıb.
Azərbaycanın infrastruktur imkanlarından danışan Prezident ölkənin 96 faizinin qazlaşdırıldığını, elektrik enerjisi və genişzolaqlı internetlə tam əhatə olunduğunu bildirib. Azərbaycanda doqquz beynəlxalq hava limanının fəaliyyət göstərdiyi, dəniz limanının isə genişləndirildiyi qeyd olunub.
Dövlət başçısı rəqəmsal transformasiya və süni intellekt istiqamətində də geniş imkanların olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələlərdən biri peşəkar və ixtisaslı kadrların hazırlanmasıdır. Kibertəhlükəsizlik Mərkəzinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qeyd edilib.
İlham Əliyev insan kapitalının inkişafının uzunmüddətli iqtisadi artım üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2003-cü ildə gənclərin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul edilib və ötən dövrdə minlərlə azərbaycanlı gənc xaricdə təhsil alıb.
Prezident Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərə də toxunub. Qeyd edib ki, hazırda ÜDM-in 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Bununla yanaşı, ixracda neft və qazın payının hələ də 90 faizdən çox olduğu vurğulanıb və bu göstəricinin dəyişdirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğu bildirilib.
Çıxışının sonunda Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini vurğulayaraq investorların Azərbaycanın iqtisadi imkanlarını və yaradılmış şəraiti birbaşa yerində görməsinin mühüm olduğunu bildirib. Dövlət başçısı xarici investorları Azərbaycanı daha yaxından tanımağa, ölkədə yaradılmış imkanları qiymətləndirməyə və yeni inkişaf yolunda əməkdaşlıq etməyə çağırıb.
Forum çərçivəsində Azərbaycanın investisiya imkanları ilə bağlı bir sıra mühüm sənədlərdə imzalanıb.

Anar Abbasov
Xırdalan şəhər bələdiyyəsinin sədri
4-10-2026, 11:31
“70-in işığında”

“70-in işığında”

Vaqif Osmanlının “70-in işığında”
kitabının təqdimatı keçirilib


3 Oktyabr 2026- çı ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, "Ədəbi Ovqat" dərgisinin baş redaktoru, şair və publisist Vaqif Osmanlının Röyal Otelin konfrans zalında "70-in işığında" adlı kitabının təqdimat mərasimi keçirilib.
Kitabın redaktoru Rəfail Tagızadədi.
Kitab müəllifin sayca - 7- çi kitabıdı.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təqdimat mərasimini aparan Rəfail Tağızadə qonaqları salamlayaraq Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, publisistik və ictimai fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, müəllif ömrünün yetmiş illik həyat və yaradıcılıq yolunu özündə əks etdirən bu kitab həm xatirələr, həm düşüncələr, həm də mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, "70-in işığında" kitabı müəllifin keçdiyi ömür yoluna, həyat təcrübəsinə, yaradıcılıq axtarışlarına və milli-mənəvi dəyərlərə bağlılığını əks etdirən dəyərli nəşrdir. Kitab oxucunu müəllifin düşüncə dünyasına səyahət etdirir, müxtəlif dövrlərdə qələmə alınmış yazılar, xatirələr və həyat müşahidələri ilə zəngindir.

Tədbirdə çıxış edən ədəbiyyatçı alimlər Lütviyyə Əsgərzadə və Məti Osmanoğlu, yazıçı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı və şairlər Azad Qaradərəli, Ağacəfər Həsənli, Təranə Məmməd, Süleyman Abdulla, Mikayıl Bozal, Xeyrulla Ağayev, Bəhruz Məmmədov, Nicat Həşimzadə, Nemət Mətin, Miri Rəsulzadə, Azər Qismət, Zaur Ustac, Pərvanə Bayramqızı, Lalə İsmayıl, Əmək Qəhrəmanı Tərlan Musayeva, tanınmış aktyor Arif Həkimoğlu, yubilyarın gənclik dostu Xıdır Sadıqov və Azadə Quliyeva Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən və vətənpərvər mövqeyindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, Vaqif Osmanlı özünəməxsus dəst-xətti, milli düşüncəsi və mənəvi dəyərlərə bağlılığı ilə müasir Azərbaycan ədəbiyyatında seçilən söz adamlarından biridir. Bildirilib ki, "70-in işığında" kitabı müəllifin ömür yolunu, həyat fəlsəfəsini və yaradıcılıq axtarışlarını əks etdirən sanballı nəşr olmaqla yanaşı, oxucular üçün də dəyərli mənəvi qaynaqdır. Çıxış edənlər yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıblar.
Sonda Vaqif Osmanlı tədbirin təşkilatçılarına, çıxış edənlərə və oxucularına minnətdarlığını ifadə edib. Müəllif kitabın ərsəyə gəlməsi prosesindən danışaraq, bu nəşrin onun ömür yolunun, həyat fəlsəfəsinin və yaradıcılıq düşüncələrinin bir ifadəsi olduğunu bildirib.

Təqdimat mərasimi xatirə şəkillərinin çəkilməsi, müəllif tərəfindən kitabların imzalanması və oxucularla səmimi söhbətlə başa çatıb.

Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclis İB- nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru
3-10-2026, 17:50
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Cəbrayılın 4 oktyabr tarixindən

başlayan böyük qayıdış yolu


4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdəndir. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edilib. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm mərhələ olmaqla yanaşı, Cəbrayılın Böyük Qayıdış yolunun da başlanğıcını qoyub.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayonun ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd yerləşirdi, əhalisi isə 52 min nəfər təşkil edirdi. İşğal illərində yaşayış məntəqələri ilə yanaşı, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, eləcə də çoxsaylı tarixi abidələr dağıntılara məruz qalıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni səhifə açıb. İlk günlərdə Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri azad edilib. Oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçib.
Cəbrayılın azad olunması hərbi baxımdan da mühüm əhəmiyyət daşıyıb. Bu qələbədən sonra Azərbaycan Ordusunun Xocavəndin cənub kəndləri və Hadrut istiqamətində əməliyyatları davam etdirməsi üçün imkanlar genişlənib. Sonrakı mərhələdə Zəngilan, Qubadlı və digər ərazilərin azad edilməsi ilə nəticələnən hərbi əməliyyatlar həyata keçirilib.
Cəbrayılın azad edilməsinin simvollarından biri də rayon ərazisində yerləşən tarixi Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması olub. 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təsis edilib.
Azadlıqdan sonra Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərdə və kəndlərdə yaşayış məhəllələri, yollar, sosial obyektlər və enerji infrastrukturu yaradılır, iqtisadi layihələr həyata keçirilir. Rayonun iqtisadi inkişafında “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı xüsusi yer tutur. Eyni zamanda enerji və nəqliyyat infrastrukturu üzrə mühüm layihələr icra olunur.
Cəbrayıl şəhərinin inkişafı 2040-cı ilədək nəzərdə tutulan Baş plan əsasında həyata keçirilir. Plana əsasən, şəhərdə yaşayış binalarının, fərdi evlərin, sosial və ictimai obyektlərin inşası nəzərdə tutulub. Rayonun kəndlərində də yeni yaşayış məhəllələri yaradılır və sosial infrastruktur formalaşdırılır.
Böyük Qayıdış prosesinin nəticələri artıq Cəbrayılda real şəkildə müşahidə olunur. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə, Horovlu kəndində 321 ailə, Şükürbəyli kəndində isə 599 ailə olmaqla, ümumilikdə 1 600 ailə, 7 022 nəfər doğma yurda qayıdaraq burada məskunlaşıb.
Beləliklə, Cəbrayılın son illərdə keçdiyi yol işğaldan, azadlıqdan bərpa və Böyük Qayıdışa qədər uzanan tarixi mərhələni əks etdirir. Bu gün Cəbrayıl azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin və insanların doğma torpaqlarına qayıdışının mühüm ünvanlarından birinə çevrilib.

Vüqar Məmmədov
XTQ mənsubu, Vətən müharibəsi qazisi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!