"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 28-12-2025, 21:12
“Zəngəzur”da bayram-bayrama qarışıb


“Zəngəzur”da bayram

-bayrama qarışıb


Zəngəzur mahalının Kurud- Kirs icmasının və “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin birgə təşkilatçlığı ilə “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə həmyerlilərin görüşü keçirilib. İcma rəhbəri Səxavət Hacıyev icmanın bütün üzvlərini və ümumilikdə xalqımızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdikdən sonra 20 dekabrda Qərbi Azərbaycan İcmasında və dekabrın 26-da Qafan Rayon İcma rəhbərlərinin hesabat yığıncaqlarında qarşıya qoyulan məsələlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Hərbi jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi” günü münasibəti ilə təltif olunan Birinci Qarabağ Müharibəsinin qazisi Xanəli Bayram oğlu Qocayevi və 44 günlük Vətən Müharibəsi qazisi Xıdırlı İsmayıl Nəsrəddin oğlunun Fəxri diplomlarını təqdim etmək üçün icmanın fəallarından Sucəddin Məmişovu və Xanlar Qocayevi dəvət edib. Hər ikisi mükafatları sahiblərinə təqdim edərək onlara sağlamlıq, dinclik, əmin-amanlıq və mülki həyatda da müvəffəqiyyətlər arzulayıblar.
Qazi Hafiz Tahirov keçdikləri ağır və şərəfli döyüş yolundan, 90-cı illərin ac-yalavac günlərində Azərbaycan könüllülərinin silah-sursatsız, az qala əliyalın, necə cəsarətlə, ruh yüksəkliyi ilə döyüşdüklərindən danışıb.

Fürsətdən istifadə edən icma rəhbərliyi Xanlar Qocayevi doğum günü, bu günlərdə 60 illiyi olacaq Sucəddin Məmişovu isə yubileyi münasibəti ilə təbrik edib, hər ikisinə xoş arzularını bildirib. Sucəddin Məmişov yubileyini təbrik edən ellilərinə minnətdarlığını bildirib, həm də ömrünün 60 ilini aparan illərin etibarına həsr elədiyi "Bilmədim" şeirini səsləndirib.

Bilmədim

Altmış ili yola saldım, ötürdüm,
Bu dünyada haqq, ədalət görmədim.
İllər sanki quşa dönüb, uçdular,
Altmış yaşa necə çatdım, bilmədim.

Bir də gördüm ağarıbdı saçlarım,
Gücdən düşüb əlim, qolum, qıçlarım,
Uşaqlığım, gözəl gənclik çağlarım,
Necə gəldi, necə getdi bilmədim.

Xəyal uçur ötüb, keçən illərə,
Yada düşür doğma ellər, dağ, dərə,
Düşünürdüm vaxt var, cavanam hələ,
İllər necə ötüb, getdi bilmədim.

Yaddan çıxmır çubuqdan at mindiyim,
Qar üstündə, qışda xizək sürdüyüm,
Sanki dünən idi, ilk qız sevdiyim,
Bu altmış il necə keçdi, bilmədim,

Əvvəlki tək yoxdur taqətim, heyim,
Əynimə yaraşmır geydiyim, geyim,
Qocalıq təbilin çalır taleyim,
Qocalığa necə çatdım, bilmədim.

Yaxşı haldır qocalmağın, özü də,
Zaman yetdi yaxaladı, bizi də,
Zəiflətdi vuran qəlbi, gözü də,
Bütün bunlar nə vaxt oldu, bilmədim.

Sucəddinəm doğma eldən ayrıldim,
Qərib eldə qaçqın, köçkün sayıldım,
Elə bil ki, yuxudaydım, ayıldım,
Altmış yaşa necə çatdım, bilmədim.


Görüşün rəsmi hissəsindən sonra Xanlar Qocayev Qazilərin şərəfinə bayram süfrəsi açıb. Süfrə arxasında xatirələr çözələnib. Ellilər Zəngəzur dağlarında keçən uşaqlıq çağlarından, Çimənyurdda, Musayurdunda, Meşəbaşında qurulan binələrdən, Kirs, Kurud kəndlərinin gözəl günlərindən, pozulan növrağımızdan danışıblar. Amma heç kim o yerlərə qayıdacağımıza inamını itirməyib.

Qafan Rayon İcmasının mətbuat xidməti


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!