12-05-2023, 16:56
9-cu sinif şagirdlərinin imtahan nəticələri elan olunduÜmumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 48 049 nəfərdən 329 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 17 may saat 10:00-dan 19 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
12-05-2023, 16:44
Missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik - Ermənistan"Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası öz mandatını tam şəkildə yerinə yetirir". Bunu jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib. "Missiyanın vəzifəsi mütəmadi olaraq sərhədin bütün hissələrinə baş çəkmək və Brüssel üçün hesabat hazırlamaq və müntəzəm olaraq sərhədin bütün hissələrinə baş çəkməkdir. Onların mövcudluğu vəziyyətin yaxşılaşdırılması baxımından töhfədir. Bu, psixoloji cəhətdən daha təhlükəsiz atmosfer yaradır. Və bu mənada missiya öz mandatını tam yerinə yetirir”, - Hovhannisyan bildirib. "Hazırda biz missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik”, - deyə nazir müavini əlavə edib.
12-05-2023, 16:18
"Kızılay" təşkilatının rəhbəri Kerem Kınık istefa verdiTürkiyənin "Kızılay" təşkilatının rəhbəri Kerem Kınık istefa verib. O, zəlzələ zamanı təşkilatın çadır satması ilə bağlı tənqid olunurdu. Lakin Kerem Kınık hansı səbəbdən istefa verdiyini açıqlamayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də dünən müsahibəsi zamanı bu mövzuya toxunmuşdu: "Bu məsələ məni kədərləndirdi".
12-05-2023, 15:49
Əsir düşən hərbiçilərimizin anaları Ceyhun Bayramova üz tutduErmənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərinin valideynləri Xarici İşlər Nazirliyinə (XİN) gediblər. Əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovun anaları XİN rəsmiləri tərəfindən qəbul olunub, onlara övladlarının azad olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Hüseyn Axundovun anası Şəlalə Axundova deyib ki, nazir Ceyhun Bayramovla görüşmək istəsələr də, onları səlahiyyətli şəxs qəbul edib: "Bu gün biz Xarici İşlər Nazirliyinə getdik, Ceyhun Bayramovla görüşə bilmədik. Lakin nazirliyin səlahiyyətli şəxsləri bizi qəbul edərək, övladlarımızın geri qaytarılması istiqamətində səylə çalışdıqlarını bildirdilər. Nazir Ceyhun Bayramovun əsirlərin azad olunması üçün xarici ölkələrdə çıxışlar etdiyi barədə məlumat verdilər. Biz əsir hərbçilərin valideynləri olaraq, övladımızın səsini eşitmək, onlarla videoformatda danışmaq istədiyimizi bildirdik və bizə köməklik göstərilməsini xahiş etdik". "Dərdimizi danışdıq, onlar da bizi dinlədilər. Xahiş etdik ki, övladlarımızın sağlıq durumu barədə bizə ətraflı məlumat versinlər. Görüntülü, səsli danışmaq imkanı yaratsınlar, ya da heç olmasa, şəkillərini bizə göndərsinlər. İstəyimiz odur ki, bizə kömək etsinlər", - əsir anası vurğulayıb. Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
12-05-2023, 15:26
Belarus prezidenti Quterreşə təşəkkür etdiBelarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşə təşəkkür edib. Bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Belarus prezidenti davamlı inkişaf məqsədləri üzrə sammitə dəvətə görə baş katibə minnətdarlığını bildirib və Belarusun bu sammitdə iştirak edəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, Belarusda keçirilmiş sonuncu prezident seçkilərindən sonra əksər Qərb ölkələri və beynəlxalq təşkilatlar Lukaşenko hakimiyyətini tanımır və digər namizəd Svetlana Tixanovskayanı legitim prezident hesab edir.
12-05-2023, 14:19
İmran Xan azadlığa çıxdı Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. İslamabad Ali Məhkəməsi İmran Xanı girov qarşılığında zaminə buraxıb. Qeyd edək ki, ötən günlərdə Pakistanın sabiq baş naziri İmran Xan İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. İnsident nəticəsində yüzlərlə şəxsin həbs edildiyi bildirilib. Məlumata görə, gecə saatlarından başlayan toqquşmalarda bir nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb. Pakistanın Ali Məhkəməsi ölkədə davam edən kütləvi etirazlardan sonra keçmiş Baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib. Bu gün isə yenidən məhkəmədə onun zaminə buraxılması məsələsinə baxılıb və azadlığa buraxılıb.
12-05-2023, 14:06
Rusiya öz maraqlarını qoruyacaq - Peskov"Rusiya öz maraqlarını qoruyacaq". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bir sıra aktual mövzular barədə sualları cavablandırıb. "Kremldə hələlik taxıl müqaviləsinin uzadılmasının mümkünlüyü barədə məlumat yoxdur, bu məsələ ilə bağlı təmaslar davam edəcək. Taxıl müqaviləsinin uzadılması üçün Putinlə Ərdoğan arasında söhbət yox, müqavilənin Rusiya Federasiyasına aid hissəsinin yerinə yetirilməsi lazımdır. Kreml həbsdə olan ABŞ vətəndaşlarının azadlığa buraxılması ilə bağlı sanksiyaların yumşaldılması mövzusunu şərh etmir. “Storm Shadow” raketlərinin Kiyevə çatdırılmasına gəlincə, Rusiya Qərbin Ukraynaya silah nəqlini davam etdirməsinə hazırdır. Xaricdə Rusiyanın əmlakına müdaxilə yolverilməzdir. Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur. Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdırlar. Putinlə Ərdoğan arasında telefon danışığı hələ qrafikdə deyil, lazım gələrsə, təşkil edilə bilər. Rusiya Federasiyası digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır. Sanksiyaların səmərəsizliyi ilə bağlı Qərb mediası nəşrlərinə gəlincə, Qərbdə insanlar bilməlidirlər ki, onlar öz liderlərinin səhvlərinin əvəzini ödəyirlər. Kremldə Vatikanın Ukraynadakı “sülh missiyası” barədə hələ də məlumat yoxdur. Putinin Çinin xüsusi nümayəndəsi Li Hui ilə onun qrafiki üzrə görüşü hələ yoxdur", - Peskov bildirib. "Mayın 12-də Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - Peskov əlavə edib.
12-05-2023, 12:35
Sabahın hava proqnozuMayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
12-05-2023, 12:28
Britaniya ilə bağlı saziş təsdiqləndiMilli Məclis Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair sazişi ratifikasiya edib. “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq, birinci oxunuşda qəbul edilib.
12-05-2023, 12:14
Taxıl sazişi 60 gün uzadıla bilərMüddəti mayın 18-də bitəcək taxıl sazişi daha 60 gün uzadıla bilər. TASS agentliyi bu barədə danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirəcəyi gözlənilir. “Taxıl sazişi 60 gün uzadıla bilər. Rusiya ola bilsin ki, buna sonuncu dəfə razılıq verir. Müqavilənin uzadılmasını ənənəvi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə telefon danışığından sonra səsləndirəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb.