Fövqəladə Hallar Nazirliyinə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.
İyunun 28-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarda iyunun 27-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Zəngilan rayonunun Ağalı kəndində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyd olunub. Bu münasibətlə Ağalı kəndinin sakinləri, hərbçilər, bu bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları və şəhid ailələrinin üzvlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Dövlət Sərhəd Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin tarixi qələbələri minnətdarlıq hissi ilə vurğulanıb, şanlı Ordumuzun şərəfinə şeirlər və musiqilər səsləndirilib. Daha sonra tədbir Azərbaycan Respublikasının tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə konsert proqramı davam edib. Tədbirin sonunda hərbçilərə xatirə hədiyyələri və bayram sovqatları təqdim olunub.
Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb. Bundan əlavə, ona polkovnik rütbəsi verilib. Qeyd edək ki, Anar Eyvazovdan öncə nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı olub. O, 2021-ci ilin sentyabr ayında vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edilib. İndiyədək Mətbuat xidmətinin rəis müavini Anar Eyvazov idarə rəisi vəzifəsini icra edirdi.
Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib. O, bu barədə twitter hesabında yazıb. "Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun", - təbrikdə deyilir.
Kür çayına növbəti dəfə balıq körpələri buraxılıb. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Neftçala rayonunda yerləşən "Xıllı balıq" MMC-də yetişdirilən 600 000 ədəd nərəcinsli balıq körpəsi, o cümlədən adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı"na daxil edilən 10 000 ədəd kələmo balığı Kür çayına buraxılıb. Xidmət rəsmisi balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.
Azərbaycanda iyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı ehtimal edilir.
Ceyhun Bayramov iranlı həmkarıyla telefon danışığı apardı
25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib. İkitərəfli və regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların və qarşılıqlı təmasların vacibliyi qeyd olunub. Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb. Telefon danışığı zamanı həmçinin bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gəncədə yaşayan şəhid ailələri Şuşaya səfər etdilər
26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Gəncədə yaşayan şəhid ailələrinin Azərbaycanın mədəniyyət paytaxtına səfəri reallaşdırılıb. Səfərdə 95 şəhid ailəsi üzvü iştirak edib. Şuşada şəhid olan hərbçilərin valideynləri də iştirakçılar arasında olub. Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib. Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.
SOCAR Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağında iştirak payını satıb. Bu barədə SOCAR-dan bildirib. Məlumata görə, bu il martın 31-də SOCAR yataqdakı 14,35%-lik payını CQD Upstream MMC-yə satıb. Həmin tarixdə Qrup, CQBK və CQBK Hold Co-da 14.35 faizlik iştirak payını CQD Midstream MMC-yə ötürüb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!