Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 1-10-2022, 08:53
“Professor rütbəsinə malik İran “alimi”nin yalan və iftiraları”
Vidadi Mustafayev:


“Professor rütbəsinə malik İran “alimi”nin yalan və iftiraları”

İran saytlarından birində Tehran universitetinin qadın professoru ilə Zəngəzur dəhlizinin İran üçün təhlükələri haqqında iri həcmli müsahibə dərc edilmişdir. Qadın alim yalan və iftiralardan yola çıxaraq sübut etməyə çalışır ki, İran var gücü ilə Zəngəzur dəhlizinin açılmasına mane olmalı və həmin dəhlizin İranın milli təhlükəsizliyi üçün heç bir təhdid yaratmadığı haqqında danışan iranlı alimlərin sözlərinə əhəmiyyət verməməlidir.
Onun yalan və iftiralarına qısa nəzər salmaq olar.
Professor deyir ki, dəhliz məsələsi “ Britaniya-sionist birliyinin qədim planının bir hissəsidir”. Maraqlıdır ki, bu “alim” Britaniya-sionist planının tarixini nə vaxtdan hesablayır. Onun məntiqini davam etdirsək, yəqin ki, həmin plan İsrail dövləti yaranandan (1948 ) əvvəl cızılıbmış, yoxsa onu qədim adlandırmazdı.
Bu xanım, alim yox, ən bəsit etik qaydalara belə məhəl qoymadan həyasızlıq edərək dünyada öz müstəqil xarici siyasəti ilə seçilən Bakı və Ankaranı başqaları tərəfindən müəyyən edilmiş türk birliyi ideyasının memarlarının planlarını icra edən oyuncaq adlandırır.
O yazır :”Bakı və Ankara dünyanın türkdilli adlanan əhalisini birləşdirməyi hədəfləyən layihənin əsas marionetləri və icraçılarıdır”.
Bu alim Rəhbərin heç nəyə əsaslanmayan məlum fikrindən çıxış edərək hazırkı İran-Ermənistan sərhədi zonasının işğal edilməsi və bağlanmasının yolverilməz olduğunu vurğulayır. Məlum olduğu kimi, Rəhbər İranda Suriyada tənzimlənmə ilə bağlı üçtərəfli (İran, Rusiya, Türkiyə) zirvə görüşündə (28 tir 1401/19 iyul 2022) iştirak edən Türkiyə prezidenti R.T.Ərdoğanla görüşündə demişdir:”… Əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”.
İran- Ermənstan münasibətlərinin neçə min il davam etməsi haqqında Rəhbərə hansısa alimin məruzəsi olmuş və ya Rəhbərin özünün belə bir fikir söylədiyini deyə bilmərik. Təkcə onu deyə bilərik ki, son min ildə ermənilərin, 900 ildə farsların dövləti olmayıb ki, onların arasında hansısa dövlətlərarası əlaqədən və həmin əlaqədə vacib rol oynayan məntəqədən danışmaq mümkün olsun.
Son min ildə farslar və ermənilər ərəblərin, türklərin. monqoların və yenə türklərin/azərbaycanlıların təsis etdikləri dövlətlərin tərkibində yaşamışlar, ona görə eyni dövlətlərin tərkibində yaşayan etnik qrupların iki dövlət səviyyəsində əlaqələrindən danışmaq gülüncdür.
“Alim” Zəngəzur dəhlizi haqqında mövqeyini əsaslandırmaq üçün Rəhbərin fikrini təkrar edərək ondan çıxış etdiyini vurğulayır. Deməli, Rəhbərin dilindən çıxan istənilən doğru və yanlış fikir qeyd-şərtsiz istinad mənbəyinə çevrilməlidir.
Alimin yalan və iftiralarını saymaqla bitmir.
O, iftiradan çəkinmədən yazır ki, Azərbaycan ərazilərini İranın da qardaşcasına kömək etdiyi Ermənistan yox, Dağlıq Qarabağ separatçıları işğal etmişdilər.
Müəllif İranda və Turanda Zəngəzur dəhlizinin İran üçün heç bir təhlükə yaratmadığı, əksinə İrana böyük fayda gətirəcəyini deyənlərin fikirlərini böyük səhv hesab edərək yazır: “Turan dəhlizi İranın qonşuluğunda yerləşən Sünik vilayətini Ermənistandan ayırmaqla bu ölkəni İran yolundan, tarixi nəfəs keçidindən məhrum edir”.
“Alim” Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistanı qəti məğlubiyyətdən xilas edərək hadisələrin istiqamətinin dəyişməsində məlum və ermənilər tərəfindən vurğulanan rolu haqqında fikri təkrarlayır. Ermənilər deyirdi ki, həmin illərdə Ermənistan çox tez boğulardı, yəni məğlub olardı, əgər İran ona “nəfəs” verməsəydi.
“Alim”i davakar siyasətçilər və şovinist ideoloqlar kimi narahat edən məsələlər sırasında Türkiyə ilə Azərbaycanın həmsərhəd və Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasıdır.
Alim iki il düşündükdən sonra bu qənatə gəlir ki, demə, 2020-ci il ikinci Qarabağ müharibəsini Azərbaycan ermənilər tərəfindən işğal altında olan Qarabağı azad etmək üçün deyil, Zəngəzər dəhlizi yaratmaq üçün aparıb.
Ermənipərəstliyini nümayiş etdirmək üçün onların yalanlarını şüurlu şəkildə təkrar edərək son hadisələrlə bağlı deyir: “Azərbaycan Respublikasının Ermənistan ərazisinə daha çox irəliləməsi” İranı ciddi şəkidə narahat edir.
“Alim” hadisələrin obyektiv təsviri və təhlilini vermək əvəzinə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması prosesinə mane olmağa çalışaraq, normal münasibətləri Ermənistan üçün təhlükə adlandırır. O yazır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətləri erməni kimliyi üçün böyük təhlükədir. Münasibətlərin normalaşması nəticəsində “Cənubi Qafqazda erməni mədəniyyəti və kimliyi yox olacaq”.
Çox riyakar bir yanaşmadır. Çünki son yüz ildə qeyri-fars xalqlara qarşı rəsmi səviyyədə etnosid və linqvosid, yəni bir xalq kimi məhvetmə siyasəti yeridən bir ölkənin “alim” nümayəndəsi müstəqil dövlətin milli kimliyinin müdafiəçisi donunda görünməyə çalışır. Məgər Ermənistan həmin dövlətlərin tərkibindəmi olacaq ki, öz milli kimliyini özü təyin edə bilməsin.
İranın Azərbaycan-Ermənistan münasibətlərinin normalaşmasına qarşı çıxmasınn bir səbəbini alim gələcəkdə, nə vaxtsa, bəlkə….. Azərbaycanın NATO-ya üzv ola biləcəyi təhlükəsi ilə əlaqələndirməyə çalışır.
Başabəla alim İran İslam Respubliasının yarandığı gündən NATO-nun ən güclü ölkəsi olan qonşusu Türkiyə Respublikası ilə geniş, hərtərəfli, o cümlədən sıx iqtisadi əlaqələrə malik olmasını təhlükə hesab etmir, amma Azərbaycanın NATO-ya nə vaxtsa üzv ola biləcəyi ehtimalını indidən İran üçün təhlükə hesab edir.
“Alim” Zəngəzur dəhlizi məsələsini, artıq qeyd edildiyi kim, ingilis-sionist (yəhudi) layihəsi və pantürk arzusu adlandıraraq, bir davakar və populist siyasətçi kimi qəti şəkildə elan edir ki, İran həmin layihənin “həyata keçməsinə imkan verməyəcək”. Əlavə edir: “Turan dəhlizinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı Bakının və onun tərəfdarlarının heç bir əsaslandırması qəbul edilməməlidir”.
Bu alim Zəngəzur dəhlizinin İrana mənfi təsirinə diqqəti cəlb etmək üçün onun əhatə dairəsini az qala sonsuza qədər genişləndirir. O yazır ki, Zəngəzur dəhlizi adi tranzit marşrutunun bir həlqəsi deyil, tranzit və iqtisadi yoldan daha artıqdır, çünki” ölkəmizin geosiyasi, təhlükəsizlik, daha da önəmlisi şiə və iranlı kimliyini hədəf alır”.
Müəllif bir tranzit dəhlizinin guya ölkə əhalisinin siyasi/ərazi (iranlı) və din i(şiə) kimliyi üçün nə kimi təhlükə yarada biləcəyini açıqlamır. Amma güman etmək olar ki, “alim” gələcəkdə İranda millətçi, şovinist farsların və onların maraqlarına xidmət edən şiə məzhəbinin hakim mövqeyini itirəcəyindən narahatlığını ifadə etmək istəyir. Alimin qorxduğu təhlükə, əlbəttə dəhlizin açılması ilə deyil, İran hakim rejiminin antibəşəri, antixəlqi və ən əsası, anti tarixi və antitərəqqi mahyyəti ilə bağlıdır və tarix ona zorla qəbul etdirilmiş ədalətsiz və tərəqqiyə zidd olan qaydaları gec-tez dəyişir və cəmiyyət tarixin inkişafınn magistral yoluna qayıtmalı olur. İranda mövcud olan, bütün cəhətlərdən insanlığa zidd olan rejimin ömrünü yeni bir xarici düşmən obrazı icad etməklə uzatmaq cəhdi regionda müəyyən fəsadlara gətirsə də, şovinistlərin arzu etdikləri nəticə verə bilməz.
Qeyd etmək lazımdır ki, müsahibə aparan jurnalist alimdən daha sağlam düşəncəyə malik olduğunu göstərirdi. O, alimə belə bir sual verir ki, Ermənistanın neçə ildir ki, Qərb və xüsusən ABŞ-la yaxınlaşmaq siyasəti yeritdiyi bir zamanda hansısa məhdud maraqlar baxımından Ermənistanı dəstəkləmək perspektivdə İran üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərmi?
Alim bildirir ki, ABŞ-a görə Ermənstan Azərbaycanın Qafan bölgəsinə təcavüzünün(?) qarşısını almaq üçün İrana rəsmən müraciət edə bilmədi.
Alim qoyulan suala birbaşa cavabdan qaçaraq, son vaxtlar səsləndirilən qırmızı xətt, geosiyasi dəyişikliyə imkan verməmək, region məsələlərinin 3+3 formatında həllinə tərəfdarlıq kimi qırıq-kəsik cümlələrlə kifaytlənməli olur.
Müsahibədə İran İslam Respublikasının hazırkı hakimiyyətinin - hakimiyyətin bütün qolları üzərində inhisara sahib olan, mühafizəkar adlandırılan cinahın Cənubi Qafqaz siyasəti regionda itirilmiş mövqelərini Ermənistanı dəstəkləmək və Azərbaycanla düşmənçilik yolu ilə bərpa etməyə hesablandığı elmi (?) cəhətdən əsaslandırılır.
İranın Ermənistanı dəstəkləməsi sözdə müttəfiqlik əlaqələri qurmaqda olduğu, hazırda Ukraynaya təcavüz edərək müharibə girdabına qərq olan və zəifləyən Rusiyanı Cənubi Qafqazda əvəz etmək kimi qeyri-real hədəfi ilə izah edilə bilər.
İranda qatı şovinist, panfarsist millətçi və dini qüvvələrin Azərbaycanla düşmənçiliyi genişləndirilməyə cəhd etməsi bir tərəfdən güclü, müstəqil və qalib Azərbaycanın 100 ildən çox müddətdə milli ayrı-sekiliyə, etnik və dil baxımdan hərtərəfli təzyiqə məruz qalan, bir xalq kimi yox edilməsinə çalışılan Cənubi azərbaycanlılara mənəvi təsirini azaltmağa, digər tərəfdən özünün ən əsas rəqibi saydığı Türkiyə və digər türk dövlətləri, həmçinin onların birləşdiyi Türk Dövlətləri Təşkilatının aparıcı və əsas birləşdirici həlqəsi olan Azərbaycanın müstəqilliyi və inkişafı yolunda maneələr yaratmaqla həmin təşkilatın güclənməsinə mane olmağa, region və qlobal məsələlərə təsir gücünü aradan qaldırmağa yönəlib.
İranın şovinist fars hakimiyyəti daxildə azərbaycanlılara qarşı düşmənçilik siyasətini xaricdə türk dövlətlərinə qarş düşmənçilik formasında davam etdirməyə çalışır ki, bu da son dərəcə perspektivsiz bir siyasətdir.
Bütün qalan iftira və böhtanlar, Ermənistan sevgisi və s. əsas məqsədi pərdələməyə xidmət edir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!