Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 23-02-2016, 11:31
ZƏNCİRLƏRİ QIRMIŞ ŞAHİNİMİZ

Araz Əhmədoğlu


ZƏNCİRLƏRİ QIRMIŞ ŞAHİNİMİZ

“Oğul sən çox yüksək bal gətiribsən. Ona görə fizika, kimya, riyaziyyat, mühəndislik, həkimlik kimi kurslarda oxuya bilərsən. Niyə israr edirsən ədəbiyyat oxuyasan?” Bu sözləri Bakı Dövlət Universitetinin professoru tələbə qəbulu sınağında yüksək bal gətirən Məhəmməd Tağı Zehtabiyə deyib belə cavab alır:
“Hörmətli müəllim, mən bu uzaqlıqda yolu bunca çətinlikləri dözüb buraya gəlib çatmağımın nədəni ana dilimi akademik öyrənib öyrətməkdir. Bizdə alim, həkim, mühəndis, çoxdur, amma öz dilimizi akademik bilən yoxdur.”
O bu sözləri 1333-cü ildə professoruna deməmişdən öncə 1325-ci ildə Azərbaycan Demokrat Firqəsinin tikdiyi Təbriz universitetinin ədəbiyyat fakültəsinə qəbul olan ilk tələbələrdən idi. Nə yazıq Təbriz universiteti faşist Pəhləvi rejimi qarşısında sarsılır, amma bizim Şahin sarsılmayıb daha da artıq istəklərinə çatmağa dirənir. O qaçaq yol ilə o vaxt İrandan SSR-iyə (Şurəviyə) keçir. Amma oradakı kommunist rejimi gerçək üzünü ona göstərərək bizim Şahini iki il Sibirdə zindana salıb sonra da Düşənbə şəhərinə sürgün edir. Bu çaşdırıcı olaylar Pr. Zehtabi kimi bir insanı öz gerçək varlığına aparıb çatdıran nədənlərdən ən önəmliləri sayıla bilər. Xronoloji baxımdan bu illərin yaradıcılığı onun düz yolda sarsılmaz irəliləməsini aydın göstərir.
Azərbaycanın çağdaş ədəbiyyatında xalqın çox böyük sevgisini qazana bilən ədəbi örnəklər çox olub, örnəyin, ən başda gedənlərdən biri ustad Şəhriyarın Heydər baba poemasıdır. Professor Zehtabinin Şahin Zəncirdə toplusu ilk dəfə olaraq 1378-də Əxtər yayın evi işbirliyi ilə Təbrizdə 5000 tirajla yayılıb. Bu kitab içindəki qoşular yazılan vaxtda yayılsaydı, ustad Şəhriyarın Heydər babası ilə çağdaş olardı, amma bizim kütlənin ana dildə təhsili olmamasına görə Heydər baba poemasıca toplumsevər ola bilməzdi. Heydər baba özü də daha çox ustad Şəhriyarın öz səsi ilə yazdırdığı lentlər ilə xalq arasında yayılıb bəyənildi. O vaxt ağız ədəbiyyatı yazınsal ədəbiyyatdan daha çox yayğın idi, bəlkə demək olar indi də belədir və şairlərin bir sırası bu durumdan yaxşı barına biliblər. Heydər baba ilə ona bənzər qoşuların geniş yayılmasının ikinci nədəni bu biçim qoşqularda seçilib işlənən materialların özəlliyidir. Ustad Şəhriyar xalqın ən azı yüz illər ilə yaşadığı, tanıdığı, mənimsədiyi materiallardır. Şahin Zəncirdə və ona bənzər qoşuların materialları isə kütləyə yad olan, hətta kütlənin qorxub çəkindiyi materiallardır. O üzdən belə qoşular sevilsə də gizlicə sevilir, yəni qoşunu sevən kimsə sevdiyini öz ürəyində saxlayıb ört-basır etməyə çalışır. Bu nədənlə belə ədəbiyyatın etkisi uzaqlardan gələn sel kimi daha çox güclü olur.
ZƏNCİRLƏRİ QIRMIŞ ŞAHİNİMİZ

Bu məqalənin hədəfi bu məsələni araşdırmaq deyil, amma ədəbi baxımdan cəsarətlə demək olar Şahin Zəncirdə toplusu çoxlu açılardan çağdaş əsərlərin çoxundan üstündür və yazınsal ədəbiyyat yayıldıqca onun etkisi çağdaş soyumuzun düşüncə formalaşmasında çox böyük rol oynaya biləcək. Bu məqalənin hədəfi Professor Zehtabinin qoşusal (poetik) dili, estetikası, fəlsəfəsi, dünya görüşü, və özəlliklə bu əsərlərin biz ilə araya qoyub paylaşdığı bilgin birisinin yaşadığı təcrübələridir. O üzdən əslində bəri başdan qoşqu nədir? sorğusuna gənəl bir cavab olaraq məqaləyə varmalıyıq.
Qoşqu dünyasal bir dildir. İlkin çağlardan yəni tarixdən öncə eradan mağaralarda yaşayan ata-babalardan bəri insan qoşqunu hər durumunda işlədib. Siyasətçilərdən tutmuş, əsgərlər, əkinçilər, işçilər, din qulluqçuları, məmə yeyəndən pəpə yeyənə hər bir insan qoşqu ilə öz yaşamında barınmışdır. Nədən? Birinci olaraq qoşqu insana ləzzət verir. İnsanlar qoşqudan xoşlandıqları üçün deyib, oxuyub, döşdən söyləyiblər.Ondan daha önəmli nədəni hər insanın varlığı mərkəzi olduğuna görə qoşquya özəl ruhsal bir dəyər kimi baxılıb. Qoşqunu belə də açıqlamaq olar: gündəlik dildən daha yığıcam amma daha çox mənali deyilən bir dil. Bu açıqlamanı başa düşmək üçün öncə başa düşməliyik qoşqu nə “deyir”. Dilin özəl işləri var. Birinci olaraq dil bilgi verir. Örnəyin, qar yağır, bitki sərgisində yeni bitiklər sərgilənmişdi, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Demokrat respublikasının ilk prezidenti idi deməklə biz dili bilgi verməkdə yararlanırıq. Bu da bizə gündəlik yaşayışımızda yardım edir.
Amma romanlar, öykülər, dramaturgiya, və qoşqular yalnız bilgi vermək üçün yazılmayıb. Bunlar bizə yaşayışı anlayıb başa düşməklə birlikdə bizim dünya görüşümüzü genişlədib itilətmək üçündür. Bizim hamımıza daha ayıq-sayıq daha mənalı və dərin yaşamaq üçün başqaların təcrübələrindən yararlanmaq içdən gərəkdir. Şair isə öz duyduğu, gördüyü, ya təsəvvür etdiyi təcrübələri anbarından seçib, qarışdırıb, düzənləyir. O çox qabarıq yeni təcrübələr yaradır və oxucu bu təcrübələrə ortaq olaraq öz dünya görüşünü və düşüncəsini artırır. Bu üzdən demək olar ədəbiyyat yaşam üçün yalnız bir yardım yox bəlkə bir yaşam aracıdır. Əlbəttə dilin üçüncü önəmli işi də imrəndirmək ya inandırmaqdır. Dilin bu funksiyasından siyasətçilər ilə toplumsal danışmanlar daha artıq barınır. Ədəbiyyat siyasi bir hədəfi olsa da qandırmaq ilə yox yalnız danışıq yolu ilə etkili olur.
ZƏNCİRLƏRİ QIRMIŞ ŞAHİNİMİZ

Hər ədəbi əsərin təməl işi oxucu ilə danışıb ilişki qurmaq və qabarıq düzənli təcrübələri çatdırmaqdır. O üzdən hər qoşquya yanaşdıqda iki yanaşmadan saqınmalıyıq. Birinci, qoşquya bir etika dərsi ya bir öyüd gözü ilə baxmaqdır. İkincisi isə həmişə qoşqudan gözəllik gözləməkdir. Vaxt olur qoşqu hətta çirkin də ola bilər. Çirkin bir təcrübəni şair necə gözəlləşdirib gül-çiçək içinə tuta bilər? Tuta bilsə də təcrübənin etkisi azalacaqdır. Qoşqu bütün yaşayışı öz mülkiyyətinə alır. Onun birinci qayğısı gözəllik ya estetika, fəlsəfi gerçək, ya qandırmaq yox, təcrübələri çatdırmaqdır. Gözəllik ilə fəlsəfi gerçək təcrübənin görkəmləridir, ancaq bir təcrübə hər çeşitdə ola bilər – gözəl də çirkin də, əcaib də adi də, nəcabətli də zatıqırıq da, gerçək də uydurma da. Hər halda qoşqu ədəbiyyatın ən yığıcam ən qatılı, və ən az söz ilə ən çox deyən formasıdır.
Professor Zehtabi o vaxt SSR-iyə necə qaça bildiyi, orada necə və kimlərin xəyanəti ilə zindana düşməsi, Sibirdə görüb çəkdikləri, Düşənbə şəhərində sürgünlüyü üzərində yazsaydı cildlər ilə bitki yaza bilərdi. Amma bəlkə də o bitiklərin etkisi Şahin Zəncirdə toplusu kimi ola bilməzdi. Ədəbiyyatımızın şah əsərlərindən biri sayılan bu toplunu düzgün başa düşə bilmək üçün biz bu topludan örnək olaraq Şahin Zəncirdə qoşqusunu seçib öncə qoşqunun əlifbasına qısaca baxmalıyıq. Hər ədəbi əsər sayıla bilən bir qoşquda bu ayrıntılar olmalıdır: anlatma, bədii dil və poetika, anlam ilə biçim , ana duyğu və ton, ifadə aracları, musiqili şəkildə söz biçimləri, ritm ilə ölçü ya vəzn, və janr. Bunlardan başqa hər epik qoşquda bir toqquşma olmalıdır. Xeyir ilə şərin, gecə ilə gündüzün, pis ilə yaxşının, aşıq ilə məşuqun, şair ilə özlüyü, və başqaları. Qoşqunu başa düşə bilmək üçün bu toqquşma hansı xarakterlərin arasında olduğunu seçib ayırd etmək qoşqunun anlamını və nəyi danışdığını başa düşə bilməsində çox böyük yardım edəcək.
ZƏNCİRLƏRİ QIRMIŞ ŞAHİNİMİZ

Şahin Zəncirdə
Qoşqusal dil və anlatma
Hər şair sözlərin bir-bir nə qədər dəyər daşımasını öz bilgisi ilə yaddaşını əsaslanaraq ölçüb biçib seçir və o üzdən onların yalnızleksik anlamını yox başqa hansı anlamları da nəzərdə alaraq düşüncələrini və yaşadığı təcrübəni sözlər ilə düzənə salıb qoşqusunu rəngarəng ifadə aracları ilə yaradır. Professor Zehtabi gənc yaşlardan belə dünya görmüş qocaman ağsaqqallar təcrübəsi qazanan bir yaşam sürməsindən başqa dilçi alim, ədəbiyyatçı, tarixçı və pedaqoqdur. O üzdən onun qoşqusal dili ya poetikası adi bir şairə heç vaxt bənzəməz. Onun Şahin Zəncirdə poemasındaaşağıda gələn sözlər təməl rol oynayaraq təməl dəyərlər daşımaqdadır. Onlardan “şahin”, “zəncir”, “Qaf dağı”, “şimşək”, “Mişov”, “Xəzər”, “qürbət”, “həsrət”, “zülmət”, “Al Pərdə”, “od”, və “İlan” hərəsi öz əsil leksikasından başqa oxucuya çoxlu dərin anlamlar danışır.
Bu əzəmətli poema “Şimşək” sözü ilə başlayır, “Şimşək kimi illər boyu sonsuzluğu yarmış” şər güclərin simgəsi olan qaranlıq gecəni dayima yarmaqda olan şairin çabalarını göz önünə gətirib özünü bir həqiqət aşiqi kimi bəri başdan tanıtdırır. Şimşək işığa və eyni halda cəld olmağa, yatmışları diksindirmək, gözləri işıqlandırmağa istiarədir.
Qoşquda dediyi kimi “şahin” ya “qartal” göylərdə süzüb ovun üzərinə şimşək kimi şıdırğı cuman bir quşdan başqa daha geniş anlamlar yetirir. Şahin ya qartal bütün dünya ədəbiyyatında güc, sərbəstlik, və itigörənlik simgəsidir. Şair özünü bu poemada bir şahin şəklində göstərirsə haqlıdır. Yalnız “nəzərindən heç nə qaça bilməyən” bir şahin Şəbistər – şairin ana yurdu – yaxınlığında olan Mişov dağından qalxıb, uçub gedib Xəzəri öpmək istəyə bilər:
“Bir anda Mişovdan uçaraq, aşdı Səhəndi;
Təbrizdən ötüb keçdi Mərəndi;
Şimşək kimi bir şaxdı dumanda,
Qıy vurdu gəlin tək Savalanda ...
Görcək Xəzəri, istədi öpsün yanağından,
Aşcaq qanadın, saxladı lakin
Zəncir ayağından.”

O bu bölümdə vətən xəritəsini oxucu önündə ustalıqla sərir və eyni halda vətəni dolanmaq duyğusuilə özünü elə özgür hiss edir ki ona ilişən qandalı belə haradan gəlib ona ilişdiyini təsəvvür edə bilmir:
“Göylərdə boy atmış qoca qartal
Hardan biləcəkdi nədi zəncir,
Nədi qandal?!”

Beləliklə o əslində özünü bir xalqın nümayəndəsi olaraq özü kimi özgür yaşamış bir xalqın da zəncirlərə düşməsini göstərib haradan gəlməsini bu fəlsəfi sorğu ilə soruşaraq ardıca belə cavablayır:
“Yox, yox; bu fəlakətdə fəqət məndədi təqsir.”
Şair bu fəlsəfi cavabdan öncə qoşqunun səviyyəsini ana təbiətin gözəlliklərindən bir klassik tablo yaradaraq getdikcə qaldırmadan öncə oxucunun ruhunu epik bir poemanın qalxa biləcək səmasına qaldırmaq istəyir. Oxucu istər-istəməz özünü bu səviyyəyə qaldırmalıdır, yoxsa anlam dolayılarında itib qalmalı olacaq.Şairin baxımından Qaf Dağlarına gedib qandallara düşməsi bəri başdan oxucuya aydın danışır o nə istəyirdi və nəyə gəlib çatır. Gəncəli Nizaminin İskəndərnamə poemasına özü sonra işarə edib Qaf Dağını SSR-i olduğunu göstərir. Amma Qaf Dağları klassik ədəbiyyatımızda dünyanın sonu, İskəndərin işıq və əbədi həyat axtararaq gəlib Qaf dağlarında zülmətə batması hamıya bəllidir. Professor Zehtabi o vaxt faşist Pəhləvilər rejiminin yaratdığı zülmət dünyasından qaçaraq gedib ondan daha dəhşətli bir qaranlıq ilə zülm dünyasına tuş gəlir. O Təbriz universitetində ədəbiyyat fakültəsinə qəbul olan ilk tələbələrdən idi, amma hayıflar olsun bu bir ildən çox çəkmir və öz kursunda oxumaq üçün o vaxtdakı SSR-iyə qaçır. Onun ora çatdığı vaxtlar Stalin diktatorluğunun sıxma-boğmasının zirvəsi idi. Bu ağır durum Azərbaycan Şairlərinin çoxunun qoşqularında çoxlu yer tutub. Onlardan ən qabarıq birisini “Davam Edir 37”, rəhmətlik Professor Xəlil Rıza Ulutürkün şah əsərini saymaq olar. Ədəbiyyat aşiqi olan gənc universitetə getmək yerinə Sibirdə iki il Zindana sonra da Düşənbə şəhərinə sürgünə gedir. Bunca sıxıntıya düşməsində o kimsəni yox yalnız özünü günahlı sanır. Bu baxımdan o bir praqmatik fəlsəfəyə inandığını göstərib eqzistansiyalçı çıxış edir. Eyni halda bu onun oxucusu olan Azərbaycan millətinə də səslənib demək istəyir Azərbaycan milləti hər hansı durumda olur olsun öz işidir, istər müsbət olsun istər mənfi.
Poema oxucu ilə danışaraq onu belə bir ağır fəlsəfi çaxnaşmaya çatdırır. Bu çətin durumu açıqlamaq üçün o başqa şəkillər və anlatmalar yararlanmalıdır. Sonrakı bölümdə o atası ilə özünün danışıq səhnəsini yaradır. Burdakı ata bilgin bir atadır. O “Şərqin ulu İlyası” Nizamini və əlbəttə başqa klassikləri oxumuş birisidir, o üzdən onun danışığını başa düşmək üçün klassik ədəbiyyat ilə tanış olan birisi onu daha rahat başa düşə bilər.
Bu poemada daha önəmli rol oynayan “gürzə ilan”dır. İlan klassik ədəbiyyatda Həvvanı tovlayıb Adəmi yoldan çıxardan iblisdir. İlanın tovlaması üzündən Adəm ilə Həvva cənnətdən qovulur. Şairin cənnəti poemada hara olduğu oxucuya açıq-aydındır, şairin ana vətəni. İlan isə onu bu cənnətdən uzaqlaşdırmaq istəyir. O bütün dünyanı şairə vətən kimi göstərməsi ilə Marksistlər ilə Kommunistlərin internasional vətən fəlsəfəsini çox dəcəlliklə önə sürüb belədeyir:
“Millətçi bir Abdal!!
Həqqindi, bu zəncirdə sən qal!
Millət nədir? Aləm vətənindir,
Azər də sənin, Kürd də sənin, Rus da sənindir.
Millət nə deməkdir? Bunu bir qan!
Hamı bəşər övladı deyilmi?
Qanuni-təbiət onun ustadı deyilmi?
Fikr eylə, yadan sal:
Söylənməmiş əfradına hər millətin insan?
İnsandı bəli, dünyada hər yan.
Hər yerdə olursan bəşərin qayəsi birdir:
Doğma bu təbiətdəki qanunları açsın və ucalsın.
Biz də bu yolun yolçusuyuq, bil.
Beynindən o millətçiliyin zir-zibilin sil;
Baş əy və əyil
Öp budağından,
Ta zənciri düşsün ayağından,
Sonra tutaraq bir ağacın bir budağından
Kef çək, yeyib iç, gəz, dolan azad;
İncə pəri qoynunda dad al, dad!!
Dünya vətənindir;
Sev dünyanı, dünya sevənindir.
Sən dünyanın övladı və dünya da sənindir.
Millət nə deməkdir?
Asudə bəşər karvanı çəkməkdədir aram,
“Hən” söylə, başın sal aşağı, çək kefin ey xam!
Sevdalı, təbəssümlü pərilərdən alıb cam,
İç, sonra da al kam.
Axır hədəfə çatdıracaq karvanı əyyam.
Fikr etmə dərindən.
Ətrafıvı qapsarsa da zillət,
Daim sənə amadəsə ləzzət,
Fikr eyləmə əlbət.
Cəmiyyət özü yaxşı bilir hər zadı səndən.”

Bu kommunist fəlsəfəsini belə məharətlə danışan KGB siyasətçisi ya məmuru adi kütləni qandıra bilərdi, amma bizim həqiqətin göylərində uçan şahinimizə kar sala bilməzdi. Şair onun cavabını çox məntiq ilə verir və bu tartışma bu poemanın təməlanlamıdır.
“Al Pərdə” deyiminin leksik anlamı qırmızı pərdədir. Qırmızı pərdə özü keçmiş SSR-inin bayrağı olmaqla kommunist dünyasının göstərgəsi idi, və Qızıl Ordu isə bu dünyanın qəddar gücü. “Al” sözü bizim dilimizdə başqa bir anlama da işarə edir: aldatmaq. Şair bu poemada kommunist fəlsəfəsi ilə kommunist dünyasının nə qədər aldadıcı olduğunu ustalıqla doğruldub oxucunun gözü önündə açıqlayır.
“Qəlbimdə ümid, arzu təmənna və diləklər,
Açdıqca çiçəklər,
Etdikdə təbəssüm mənə istək,
Olduqda bütün varlığım azadlığa vurğun,
Etdikdə həqiqət pərisi qəlbimi məcnun,
Bir nəğmə bu dağlardan eşitdim;
Bir parça məlahət.
Hökm etmədədir, zənn elədim, burda ədalət.
Atdım dəli tək sevgini, yarı ...
Səslər və işıqlar hamısı rəng imiş amma.
Al Pərdənin altında nə varmış?!
Sözlə əməlin bir bu qədər fərqi olarmış?!
Bilməm bu riyadan dolanır hansı dəyirman?!
.....
Hakim kəsilibmiş buraya sanki əzəldən
Zülmətlə sükunət.”

“Qürbət” sözü isə bu danışıqlardan sonra şairin fəlsəfəsində nə anlam daşıması oxucuya açıqlanır. Professor Zehtabi SSR-i, Sibir, Düşənbə şəhəri, və başqa yerləri qürbət saysa da onu daha çox sıxıb darıxdıran düşüncə və mənəviyyat qürbətidir. SSR-idə hakim olan bolşeviklərin bütün varlığı bir vətənsevər Azərbaycan ziyalısına cəhənnəmdən də pis ola bilərdi. Bu durum onun öz vətənində də yarana bilərdi. Vətən övladı vətəni sevmək yerinə manqurtlaşıb yadelliyə qulluq edib öz qardaşını əzirsə, artıq vətən də bir vətənsevərə cəhənnəmdən daha pis ola bilər. Amma o heç vaxt hətta belə durumlarda belə vətəni atmır, vətən sevgisi ona hər nədən üstündür. Və bu durumda şair uzun ömür boyu istədiyi ideal bir vətənin həsrəti ilə yaşayıb yaradır. Bu ədəbiyyat özünə xas olan janr yaradıb “Həsrət Ədəbiyyatı” adlanır. Bu janrın gözəl örnəklərindən Almas İldırımın yaradıcılığınaişarə etmək yerinə düşərdi.
“Od” sözü isə bizim folklor, inam, tarix, incəsənət, və ədəbiyyatımızda özəl yeri, özəl anlamları var. Bu özəlliklərdən danışmaq ən azı başqa bir sanballı məqalənin sözü ola bilər, yalnız burda biz mifik çağlarımızdakı inamlarda odun qutsal yerinə, ocaqlardakı roluna, və Azərbaycanın odlar yurdu olduğuna işarə edərsək yetər. Şair zəngin tarixi savadına arxalanaraq “od” sözünü bu poemasında öz kökü kimi istifadə edib odun axtarışına çıxmış bir arif kimi mistik ədəbiyyatımızın yeni variantını ustalıqla yaradır.
“Coşqun ləpələr, canlı həyat aşiqi tək mən,
Göydən görərək bunca büsatı,
Atdım o həyatı,
Yurdu, eli, yarı,
Ta od aparım xəlqimə dərman.”


Anlam və biçim
Şahin Zəncirdə poemasının təməl anlamı dünyagörmüş bir filosofun baxışından vətənsevərlik prinsipləridir. Şair bu prinsipləri açıqlamaq üçün özünü şahin, qarşı xarakter ya antaqonisti ilan, ağsaqqal ustadı ata və Nizami, alçaq insanları qarğa görüntüsündə, ayrı-ayrı bölümlərdə rol verərək çox bacarıqlı bir rejissor kimi səhnələri pərdə-pərdə ayırıb oxucuya dram bir tamaşa kimi göz önündə sərgiləyir.
Şair dramaturgiya sənəti ilə çox yaxın tanış olduğu elə qoşqunun adından və ilk sözü ilə ilk bəndindən aydındır.
“Şimşək kimi illər boyu sonsuzluğu yarmış,
Sübh çağları xəncər qanadın şehlə suvarmış,
Bir şahini Qaf dağlarının zirvələrində
Vurmuş qoca dünya yeni bəndə.”

Burada şair lap ilk səhnəni zülmət dünyasının dəhşətli üzünü açıqlamaq üçün şimşək işiğı ilə işıqlandırmalı idi. Tamaşaçı bu səhnədə diksinib yuxusundan ayılmalıdır. İlk bənddə işlənən “Ş” səsi isə alliterasiya yaradaraq bu işığı tez sönməyə qoymur. Siqnal işığı vurduqca səhnə işıqlanıb o qaranlıqlar içində boğulmuş dəhşətli səmada və Qaf dağının zirvələrindəki zənciri ilə savaşmaqda olan şahini tamaşaçıya ardıcıl göstərir. O bu səhnənin içində şahinin durumu ilə bu acınacaqlı duruma niyə düşdüyünü göstərir. Yalnız aydin düşüncəlibir eli belə praqmatik bir dərs verə bilər: “Bu fəlakətdə fəqət məndədir təqsir!” O bu sözü iki yerdə işlədib ardıca da bu təqsiri açıqlayır.
Sosioloqların söylədiklərinə görə bədəvi toplumların göstəricilərindən biri tarixsəl yaddaşın olmamasıdır. Tarixsəl yaddaşı olmayan toplumlar keçmiş yanlışları təkrar edir və bu da onları irəliyə yox keçmişə qaytarır. “Şərqin əbədi məşəli, dahi ulu İlyas” , Gəncəli Nizami özü dünya çapında tanınmış bir filosofdur. O deyəni əfsanə sanan hər kimsə çəkici boyalara aldanıb işıq ilə ulusallıq tapmaq yerinə İskəndər kimi gedib Qaf dağlarında qaranlığın toruna düşür. O dastanda qoca ariflər İskəndərə yol göstərib onu qurtarırlar, demək qaranlığa düşmüşlərin hamısı arif qocaların öyüdünə baxsalar qurtula bilərlər. Qurani-Kərimdə ulu Tanrı insandan soruşur: “”, “Niyə bu dünyanı gəzib dolanmırsız görəsiniz sizdən öncə haqqı dananların sonu necə oldu?”
O bu səhnədə kommunist dünyasının ideallarını nə qədər boş və yararsız olduğunu açıqlayıb riya olduğunu göstərərk onun dağılacağını hələ SSR-inin ən güclü vaxtlarında, yəni 1966-ci ilin Fevralında öngörənlik edib:
“Çoxdan bəri göylərdə sönüb məhv olan ulduz,
Nurun qalır ancaq;
Cansız bir işıq, sanki sönüb mənbəi çoxdan.
Şahiddi zaman, göy, qara torpaq;
Çoxdandı ki qəlbində sənin laxtalanıb qan.
Göydən görünürsən ulu bir dalğalı Ümman,
Əslində və lakin
Qəlbində həyat nəbzi dayanmış ulu bir buz.
Artıq mənə hər bir şey olub gün kimi aydın:
Vicdanı sönük keçmişivə sırdaşımışsan.”

Bu bölümdə “qəlbində həyat nəbzi dayanmış ulu bir buz” istiarəsi ardıca gələn “aydınlıq günəşi” ilə çox maraqlı bir cinas yaradır. Şair SSR-i ilə Çar vaxtındakı Rusiya arasında olan bənzərliyi aydın bir həqiqət olaraq gün işığına çıxardır. O demək istəyir ayrı-ayrı fəlsəfi düşüncələr ya siyasi məktəblər Rusların ya hər hansı başqa yadellinin baxışını bir Azərbaycanlıya dəyişdirə bilməz. Dədə Qorqud buyurmuş: “Yad oğlunu saxlamaqla oğul olmaz, qarı düşməndən dost olmaz!”
Başqa bölümdə ya daha yaxşı desək pərdədə şair ilanı səhnəyə gətirib arxaik bir təsvir yaradaraq mifik adam aldadan İblis ilə şahinin tartışmasını çox üstün bacarıqla canlandırır. Bu danışıqlar fəlsəfə dili ya siyasi bir kitab və məqalədə yazılsaydı oxucusu barmaq sayını keçə bilməzdi. Ancaq burda o ədəbiyyatın zəngin varlığından barınaraq çox çəkici bir siyasi tartışmanı oxucuya yedizdirir. Burada ilan bir KGB müfəttişidir. Əlbəttə onun birinci görəvi Professor Zehtabi kimi birisini öz düşüncələrinə doğru yönəldib kommunist ideallarını ona qəbul etdirməkdir. Amma şair ona SSR-i ilə Pəhləvi rejimində olan durumu açıqlayaraq ədalətsizliyi və ədalətsiz hökümətlərin özəlliklərini belə açıqlayır:
“Bir yerdə əgər əsl ədalət ola sultan,
Qoymaz yarana orda Neronlar kimi məğrur,
Təqsirsizə zindan,
Haqsız əgər öldürsə birin, versə bəraət,
Kim söyləyəcəkdir belə qanuna ədalət?!
Acizlərə gər versə ölüm camı cinayət,
Qüvvətlilərə ad və şərafət,
Vardırmı o torpaqda ədalətdən əlamət?!
İnsanları məhrum eləsə kim yaşamaqdan,
Cani sayılır; doğru bu. Lakin
Vicdan pərisin məhv edən insan
Cani sayılırmı?
Aya belələr örtülü bir cani deyilmi?
Qanun belə heyvanlara sizlərdə də varmı?
Tarixi-əzəldən,
Həq pərdəsi altında gedən
Faciə divanı deyilmi?”

Kommunist fəlsəfəli müfəttiş şairi “gəzmək, yeyib içmək, bu həyatın dadın anmaq, şöhrət qanadı ilə havalanmaq ...” dəyərləri ilə almaq istəyirsə də belə cavab alır:
“Nuh tufanı gər qopsa da, həqqin şamı sönməz!
Gər halə çəkə lalə tək ətrafına qan da,
Həqq aşiqi baş əyməyəcək zülmə bir an da!!!
Get yerdə sürün, get yaşa zülmətdə, dumanda,
Olmaz yarasa nur ilə həmdəm.
Matəmdir işıqlıq sənə, matəm!”
Müfəttiş ona çoxlu öyüd verərək deyir:
“Aqil kişi tapmış palaz hər yerdə bürünmüş,
Xəlq ilə sürünmüş.
Bir yaxşı düşün gör nədir aləm?
Ləzzətdir onun mənası, ya qəm?
Sən ləzzətin al, özgələrə olsa da matəm!!”
Şair gülərək ona cavab verir:
“Aqil?!
Aqil nədir? İnsanlığa biganə bir ünsür?
Ta inki hədəfsiz sürünə bir qədər artıq?!
Hər rəngi qəbul etmyə hazır?!
Aqil deyil, insan deyil, o bir canavardır.
İnsanlığın öz qaydası, öz ölçüsü vardır.
Əsl insan olan misli çinardır;
Hər bir qocaman köklü çinar baş əyə bilməz,
Şiddətli küləklərdə sınar, lakin əyilməz.”

Sonra müfəttiş ona öz sərvətindən, evlərindən, evlərindəki gözəllərdən, badədən, qüdrətindən, və başqa maddi dəyərlərdən danışıb onu bu ötəri ləzzətlər ilə aldatmağa çalışır, amma şair ona əsil insanın nə olduğunu belə açıqlayır:
“İnsanları insan eləməz gövdə, sümük, qan;
İnsan eləməz insanı nə təntənə, sərvət,
Nə cah, nə zinət,
Nə badə, nə şəhvət
Və nə qüdrət,
Nə də fərman.
İnsanlıq edər insanı insan,
Və günəşdən arı vicdan.”
O ardıca əsil insanlığı açıqlayaraq dustağa düşməsinin nədənlərini belə açıqlayır:
“Çün mən qızıla əyməyirəm baş,
Çün yurdum əzizdir mənə candan,
Çün qəlbimə hakimdi məhəbbət
Və sədaqət;
İnsanları çün mən sayıram kəndimə taydaş,
Millətləri qardaş,
İnsanlığa layiq və yararlı;
Zatən sanıram çün bəşər övladını barlı,
Layiq ki, yaratsın özünə nur, səadət,
Şənlik və ədalət;
Çün istirəm insan çevirə hər qəmi, hər mehnəti,
Hər zilləti,
İnsanlığa,
Qardaşlığa,
Lütf ilə səfayə
Və vəfayə;
Çün istirəm etsin bəşər övladı gül işlər,
Əksin yerinə göz yaşının incə gülüşlər;
Çün istəyirəm mən
Düşmənliyin əhriməni bir dəfə boğulsun,
Ölsün qara nifrət,
Gülsün əbədi nazlı məhəbbət ...
Məskən o səbəbdən mənə olmuş quru sal daş!”

Bu düşüncələr ən çağdaş və ən modern demokratiya prinsiplərinin təməli sayılan düşüncələrdir. Hər bir vətəndaş demokratiya və bərabər haqlar uğrunda çalışırsa bu fəlsəfəni əsas tutmalı və bu normaları qavranmalıdır. Amma o bu sözləri KGB müfəttişinə yalnız öz şəxsi baxışı kimi yox, əslində bir millətin düşüncəsini, kültürünü, və istəklərini çatdırmaq istəyir.
ZƏNCİRLƏRİ QIRMIŞ ŞAHİNİMİZ

O hətta düşməninə belə dost kimi baxır. O əsil sevgi dünyasında elə cumur hətta ayağındakı qandalı belə “vəfalı oğul” kimi sanır. Nədəni aydındır:
“Cismim də əsir olsa əgər, qəlbim azaddır;
Fəryad edirəmsə, ürəyim həmməşə şaddır,
Çün çəkməyirəm vicdan əzabi.
Yurdsuz deyiləm, çünki gözəl bir vətənim var.
Çün mən sevirəm insanı, şəksiz sevənim var.
Daim məni sərməst eyləyir həqq şərabı,
Şəxsiyyətim alçalmağa mən vermirəm imkan.
Bəli! Bədənim bənddə isə, qəlbim azaddır
Mənim azad!!
Vicdan əzabım yoxdusa, hər zaddı bu, hər zad!!”

Şair bu dərin anlamlı dialoqu həqiqət aşiqi olan insanları “müqəddəs günəşə” bənzədib qutsallıqlarını gizli olduğu və aya işıq bağışladığına görə bilir. Bu təmsil burda ustad ilə şagird arasında olan ilişkini göstərir. Bu ilişki ən təmənnasız ilişki olduğuna görə qutsallaşır. Bu gün ustadımızın günəşi qaranlıqlarda gilidirsə, onun sönməz işığı bizim ürəklərimizə aydınlıq çiləməkdədir. Şahinimiz bu dialoqu darıxdırıcı olmasın deyə qısa bir hekayə ilə başqa bir pərdəyə keçid verir.
Şair bu bölümdə zəngin folklorumuza söykənib çox yayılmış qarğa ilə qartalın dialoqunu anladır. Qartal qarğadan niyə uzun yaşadığını soruşub belə cavab alır:
“Gər mən kimi ömrün uzun olmaq diləyirsən,
Mən tək əlivi birkərəlik üz uca göydən...
Yüksəkliyə meyl etməyib ALÇAQLIĞA meyl et.
Torpaqda sürün, uçma uca sadə ağacdan;
Hər bir yana seyr etsə sürü, sən də sürün get.”

Perrine Laurence, The Elemets of Literture, Southern Methodist University.
Fərzanə Məhəmmədəli, Bədii Ədəbi Terminlərinə Açıqlamalar,
S. 7,ZehtabiMəhəmməd Tağı, Şahin Zəncirdə, Əxtər yayın evi, Təbriz, 1378.
Həman, S. 9.
Həman, S. 39 – 41.
Həman, S. 14.
Həman, S. 15.
Həman, S. 7.
Həman, S. 11.
Ərəbcə əbədiyyət yerinə
Qurani-Kərim, surəsi, ayə .
ZehtabiMəhəmməd Tağı, Şahin Zəncirdə, Əxtər yayın evi, Təbriz, 1378, S. 17.
Həman, S. 19 – 20.
Həman, S. 21.
Həman, S. 22.
Həman, S. 23.
Həman.
Həman, S. 27.
Həman, S. 27 – 28.
Həman, S. 29.
Həman, S. 35.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!