Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 13-04-2015, 14:23
Söz ömrünə ucalıqda çatan şair


Bədirxan Əhmədov,
filologiya üzrə elmlər doktoru, professor

Şair ömrü hər ömürə bənzəmir; onun yaşam şərtləri ayrı olduğu kimi, yaşam zamanı və məkanı da fərqlidir. Şair ömrü fiziki ömrün deyil, sözün ömrü qədərdir, onun da ki, ömrünü ayla, illə hesablamaq nəinki mümkün deyil, heç lazım da deyil..."Ucalıqda söz çağına çatmışam" kitabının müəllifi Rəşid Təhməzoğlu özünə, məhz belə bir ömür qazanıb: yeni strukturlu şeirləri, bədii təsvir və ifadə vasitələri, bənzərsiz poetik düşüncələri, lirik komponentləri, epik təsvirləri ilə . Şairin oxucularla bu görüşündə məhz onun lirik və epik seçmələri toplanmışdır. Nə qədər qəribə də olsa (bu həm də bir şairin üstünlüyü, özünəməxsusluğudur!), Rəşid Təhməzoğlu hər yazara nəsib olmayan lirik təfəkkürlə epik təfəkkürü bir arada sığışdıra, ayrı-ayrılıqda minillik Azərbaycan şeirinin bu iki qolunu yüksək sənət nümunəsi kimi yaşada bilir. Rəşid Təhməzoğlunu ədəbi prosesdə tanıdan, onun şair mənini təsdiqləyən də elə budur; çox şairə nəsib olmayan bu poetik tandem onun poeziya sənətinin yaşamını şərtlənirən amillərdəndir.
Söz ömrünə ucalıqda çatan şair

Rəşid Təhməzoğlunun bu kitabına lirik şeirləri və poemaları ("Qaraqapı", "Qorxu", "Acılıq") toplanıb. Şair hər görüşündə olduğu kimi, bu dəfə də oxucularını yeni poetik nümunələrlə sevindirib. Bu nümunələr içərisində "Mən də ilk sevgimi oddan almışam", "Könlüm məni bir darlığa çəkibdir", "Gözümdə ağ idi sarı çiçəklər", "Səndən də dözümlü özüm olaram", "Sən keçirdin, sən keçirdin ürəyimdən", "Sevgidən sevgi umarsan", "Odumla, közümlə oynama, gözəl", "Mən işıq sevgimdən yaşam umanam" və s. poetik şeirlərində oxucu "lirik mən"in orijinal düşüncələr seli ilə qarşılaşır. Bu düşüncələr axarı hər gün mətbuat səhifələrində rast gəldiyimiz stereotip sevgi şeirlərindən yalnız məzmununa görə yox, poetik ifadə imkanlarının zənginliyinə, saflığına və təmizliyinə görə də seçilir:
Sevgimin doğulan günü yadımda,
Çiçəyi açılmaz bir ağac oldu.
Körpətək inqəsi, ünü yadımda,
İçi bomboş qalan bir saxlanc oldu.

İllərin axarı saldı axına,
Sevgisiz düzəndə gölməçələndi.
Ağrısı sevincdən düşdü yaxına,
Quru bir budaqda düyməçələndi.

Yaşıl düyməçənin açmadı gözü,
Açılmaz dibindən qoparacağam!
Dilimdən qopacaq o gizli sözü
Varlıqdan köçəndə aparacağam!...

Rəşid Təhməzoğlunun lirikası saf, təmiz olduğu kimi, təbiidir, bulağın gözündən axan dumduru göz yaşları kimidir. Sevgi münasibətləri sanki başqa bir dünyanın adamlarının münasibətidir; dövrün, zamanın orada izini, ruhunu görmək olmur, bu da onu göstərir ki, şairin sevənləri başqa bir dünyanın adamlarıdır, onlar saf sevgi duyğuları ilə yaşayır, nəfəs alırlar. Ən əsası isə onun lirik şeirlərində klassik poeziyadan bu günə işlənilməyən təşbehlər, metaforalar göz oxşayır, şairin lirik qəhrəmanlarının qeyri-adi sevgilərini, hiss və duyğularını elə qeyri-adi poetik detallarla da təsvir edir:
Bir quşam sevginin uca dağında,
Endirsən, ölərəm, endirmə məni!
Mən közəm ürəyin gur ocağında,
Söndürsən, ölərəm, söndürmə məni!

Qarlı qış çağının yaşıl yazıyam,
Alnına, alnıma düşən yazıyam.
Ayrılıq çağının sınıq sazıyam,
Dindirsən, ölərəm, dindirmə məni!

Rəşid Təhməzoğlunun lirik qəhrəmanları həyatın və mühitin gündəlik problemlərindən uzaqdadırlar, bəlkə, ona görə ki, onlar bundan daha da ucadadırlar. Bu ucalıq onların sevgiyə münasibətində, təbiətlərindədir, heç zaman bu saflıq, təmizlik, ülvilik onları tərk etmir, sevgi yolundan döndərmir. Onun qəhrəmanları daim bir-birilə ünsiyyətdədir, dialoqları dramatikliklə yox, lirikliklə yoğrulub. Bu dialoqlarda şair sözün çoxmənalılığından istifadə edərək sevgi çalarlarını təsvir etməyə nail olur:
Sən dedin:-Ayrılıq ağrı dağımdır,
Mən dedim:-Sevgimi ağrı dağıdır!..
Sən dedin:-Köksümü ağrı dağıdır,
Mən dedim:-Qovuşmaz dağ, dağa axı!
Yaxud:

Sən dedin:-Usandım, göz-göz eyləmə,
Mən dedim:-Köksümü göz-göz eyləmə!
Sən dedin:-İşıq al Dan işığından,
Mən dedim:-Əsirgər dan işığı Dan!


Bəzən isə şair daşa dəymiş lirik sevgisini epik təsvirlə yada salır; "Eh, sənsiz yuxu da görməyə dəyməz", "Yalnız dəli sevgim özündə deyil", "Sən demə düşüncə mənim deyilmiş", "Sevginlə yol gedəsiydim", "Ürək yanılmağı bağışlayardı", "Biz sevdik gizlicə, yandıq gizlicə"- hər şey artıq arxada qalmış, sevənlər bir-birinə ürəyini aça bilməmiş, gəncliyində baş tutmamış bir sevgi və həyat hekayəsi uzun zamandan sonra yaşanmış hissləri ilə baş-başa qalan lirik qəhrəmanın lirik-epik dililə çatdırılır:
Yazıb göndərmədin, sorğu gözləyim,
Yazıb göndərmədim, sorğu alasan.
Ürək açmadım mən, sözü izləyim.
Ürək açmadın sən, yanğı salasan.
İndi necə danım, necə gizləyim?!
Mən səni, sən məni andıq gizlicə,
Biz sevdik gizlicə, yandıq gizlicə!

Rəşid Təhməzoğlunun şeirlərinin böyük bir qismi həyatının ahıl və müdrik çağlarının yaşantılarıdır; yaşın bu çağının yaşantıları poeziyamızda öz əksini, nədənsə, çox az tapıb. Rəşid Təhməzoğlunun isə yaşlaşan çağının yaşantılarının poeziyaya gətirməsi adi hal olsa da (poeziyamızda bu cür nümunələr çoxdur!), bu yaşantıların orijinal deyimi və ifadə imkanlarının zənginliyi ilə diqqəti cəlb edir. Onun "Mənimlə bir yerdə yaşlaşır çağım", "Yaşamaq, deyəsən, oyuncaq imiş", "Düşmə kəsərindən iti düşüncəm", "Mən dözə bilmirəm bunlara bütün!...", "Yaman qaralayıb çağ, deyən, məni...", "Öz sözümün işığında", "Ucalıqda söz çağına çatmışam" və s. şeirlərində yaşın yaşantıları poetik detallarla təsvir edilir. "Ağrılar əlində qalmışıq gücsüz, Yaddaş illərini yaşayırıq biz" şairin bu silsilədən olan şeirlərinin epiqrafı kimi səslənir. "İllər ötür, özüm sağam, düşüncəm ayıq, Yaddaşımın dənizində çırpınır qayıq" misralarında isə yaşın və yaddaşın poetik çalarları ifadə olunur. Lakin bu yaşda da şairin düşüncələrində torpaq, vətən anlayışı itmir, onunla yaşyır, nəfəs alır, bu çağı son hesab etmir, əksinə, rəmzi məna verərək bütövlüklə bağlayır, bölünməz birliyin təcəssümü bilir:
Çağın yetişməsi gecikir yaman,
Torpaqdan gəlməyir addım səsləri.
Yolları çulğayıb ağrıdan duman,
Yurdum bölüm-bölüm olandan bəri.

O çağın gəlişi bütövlük demək,
Ağrılar əlindən qurtarır bizi.
Arazın özü də sudan körpütək
Qoymaz bölünməyə birliyimizi!..

Bu gün Azərbaycan ədəbiyyatında poema janrına az müraciət edilsə də, Rəşid Təhməzoğlu yaradıcılığında bunun əksini görürük. Bu kitabda verilmiş "Qaraqapı", "Acılıq" və "Qorxu" poemaları da bunu deməyə əsas verir. Özü də R.Təhməzoğlunun poemaları klassik poema janrına üslub, forma və struktur baxımından bir yenilik gətirmiş olur. Şairin bu janra tez-tez müraciət etməsinin başlıca səbəbi, fikrimizcə, onun yaddaşında olan hadisələrin epik təsviri, tarixi düşüncənin çağdaş həyatla bağlanması və keçmiş yaddaşı epik düşüncədə yaşatmasıdır. Poemada Qarabağla Naxçıvan arasında yerləşən Qaraqapı (Zəngəzur) adlı qədim oğuz yurdunun keçmişi və bugünü təsvir edilir. Şairin göz açdığı kəndi-Aratağda keçən günləri, buradakı yer-yurda adlarının qədimliyi, saflığı, təbiəti haqqında düşüncələrini verir. Bütün bunlar Qaraqapıya müraciətlə verilir və şair poema içərisində bir neçə şeir formasından istifadə etməklə hadisələrə uyğun olaraq ritm və intonasiyanı dəyişir; burada nağıl da var, xatirələr də, deyiləsi mümkün olmayan ən sərt həqiqətlər də...Bu həqiqətlər Qaraqapını itirməyimiz, düşmən tapdağı altında qoymağımızla bağlıdır. Bu sətirlər kafir əlində qalan torpağın, yurdun harayı, bəzən də ittihamı kimi səslənir. Şair bu acə ittihamları ağı şəklində verir və hər bir ağıda tarixin gedişi, zamanın hökmünün poetik mənzərəsini yaradır:
Təzədənmi hökm verildi ölümünə,
Qaraqapı!
Ölüm hökmü qaynaqlandı bölümünə,
Qaraqapı!
Yetmiş illik təhqirlərin üzə çıxdı,
Pas açıldı, zəncirlərin üzə çıxdı.
Üzə çıxdı sındırılan daş qanadın,
Üzə çıxdı batırılan qədim adın,
Qaraqapı!


Torpağına neçə-neçə "gəlmə" gəldi,
Hər "gəlmə" də sənə hədə, gəlmə gəldi.
Heç duydunmu yad sifətin qəsdini sən,
Tanıdınmı düşmənini, dostunu sən,
Qaraqapı!

Əvvəldə qeyd etdiyimiz kimi, Rəşid Təhməzoğlu çağdaş poema yaradıcılığının görkəmli nümayəndələrindən biridir. Dədəm Qorquta müraciətlə yazılmış "Dədəm Qorqut" epos-poemasında "Buğac", "Bayrək", "Qasğan xan", Uröz", "Qanturallu", "Yeynək", "Basat", "Bəkil bəy", "Səkrək", "Toğan" boylarının yazılış forması, məzmunu, qafiyə sistemi, ifadə vasitələri milli olduğu qədər də orijinal və yenidir. Poemanın semantikasındakı yenilik həm də dövrün ruhunu epik-poetik şəkildə çatdırmasındadır. Bütövlükdə şair Dədə Qorqut dünyasına XX yüzildən baxaraq yeni bir əsər yazmağa müvəffəq olmuşdur. Onun "Dədəm Qorqut", "Yağmur", "Soyuq dəmir", "Acılıq" poemaları həm forma, həm də məzmun, süjet, obraz və hadisələrin epik-lirik təsviri baxımından Azərbaycan poema yaradıcılığını zənginləşdirmişdir. Bu cəhətdən "Qorxu" poeması həm strukturu, həm də hadisələrin poetik təsvir orijinallığına görə yenidir. Bəşəriyyətin keçib gəldiyi yolda Torpaqoğlunun Odu alıb qoruması və insanlığın tarixi, eləcə də onun yaratdığı Qorxu instiktinin müxtəliff çalarlarının tarixi-fəlsəfi təsviri poemanın əsasını təşkil edir. Poemanın yüksək sənət əsəri kimi dəyərləndirən filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov yazır: "Təbiətin yaratdığı Odun dəhşətləri içərisində böyüyən və çox uzun bir yol keçən İnsan, nəhayət özünün yaratdığı Odun-şəhərləri, insanları külə döndərən nüvə silahının qorxusu ilə üzbəüz qalır. Bu, insanlığın taleyinə yazılmış, lakin onun öz əli ilə yaradılmış qorxunun dəhşətli təzahürüdür.
...Rəşid Təhməzoğlu bəşərin inkişaf yolunu düzgün təsəvvür edir, ona görə də, poeziyanın şirin dili ilə qələmə aldığı hadisələr oxucuya təbii təsir bağışlayır".
Bütövlükdə götürdükdə Rəşid Təhməzoğlunun bu kitabında toplanan poetik nümunələr çağdaş Azərbaycan poeziyasının yaddaqalan səhifələrini təşkil edir. İnanırıq ki, şairin oxucularla yeni görüşü, hər dəfə olduğu kimi, poetik inkişafının yeni mərhələsi olaraq onu sənət və mənəvi ucalıq yolunda bir az da qaldıracaq. Ömrünün bu müdrik çağında görkəmli şairə məhsuldar yaradıcılığında uğurlar arzulayırıq!


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!