Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 20-11-2013, 17:12
Şəmşir ocağının işığı


Onda dünyamızın düz vaxtlarıydı. Ana vətən sakit, qayğısız illərini yaşayırdı. Kəlbəcərin də çal-çağırlı, bəxtəvər günləriydi. Söz vaxtına çəkər deyib ulularımız. Elə payızın bu ayında, bu günlərində Kəlbəcərdən bir dəstə gənc vətənin müdafiəsinə (söhbət o zamankı vətənimiz SSRİ-dən gedir)-hərbi xidmətə yollanırdıq. Orduya gedən gənclərlə rayon mərkəzinin aşağı qurtaracağında Böyük Vətən Müharibəsində həlak olan kəlbəcərlilərin xatirəsinə ucaldılmış abidənin önündə yola salma mərasimi keçirilirdi. O zaman əsgər gedən uşaqları hər yerdə xüsusi bir ehtiramla, təntənəli görüşlərlə, musiqi sədaları altında yola salırdılar. Mərasimlərdə rayonun tanınmış ağsaqqalları, müharibə iştirakçıları, valideynlər və rayon rəhbərliyi çıxış edər, gənclərə öz tövsiyyələrini verərdilər. Bizim də yola salma mərasimimiz belə bir təntənə ilə qeyd olunurdu. Bir neçə çıxışdan sonra Kəlbəcər rayon İcraiyyə Komitəsinin sədri Qənbər Qurbanov rayon rəhbərliyi adından çıxış edərək bizlərə - sabahın əsgərlərinə yaxşı yol dilədi, öz tövsiyyələrini verdi. Qənbər müəllimlə ilk üzbəüz görüşümüz də elə həmin mərasimdə oldu. Onun çıxışındakı o zaman üçün xarakterik olmayan bir məqam uzun illər yaddaşımda ilişib qaldı və zamanı gələndə bu sözlərin mahiyyətini daha dərindən anladım.
“Əzizlərim, çar hökumətinin vaxtında azərbaycanlıları, müsəlmanları hərbi xidmətə çağırmırdılar. O zaman çar hökuməti bizim xalqın hərbi işi öyrənməsindən çox qorxduğundan gənclərimizi orduya aparmırdı. Çox məhdud dairədə hərbi qulluğa cəlb edilmiş azərbaycanlıların xidmət etdiyi yeganə hərbi hissəni də ruslar həqarətlə “dikiy diviziya” adlandırırdılar. Rusların “dikiy diviziya” adlandırdığı bu hərbi hissə isə döyüşlərdə çox böyük qəhrəmanlıqlar göstərmişdi. Lakin o zamanlar da xalqımızın arasından çıxmış çox sayda hərbi sərkərdəmiz Rusiyanın özündə də böyük şöhrət qazanmışdılar. İndi dünya dəyişib, azərbaycanlılar Sovet Ordusu sıralarında uğurla xidmət edirlər. Mənim də sizə tövsiyyəm budur ki, xidmət müddətinizdə hərbi biliklərə, hərbi texnikanın sirlərinin öyrənilməsinə ciddi fikir verəsiniz”.

Şəmşir ocağının işığı

Çıxışın qeyri-adiliyi onda idi ki, o zaman partiya-dövlət işində çalışan rəhbər işçilərin nitqlərində bu cür “senzuradan kənar” ifadələr yolverilməz sayılırdı. Onda “böyük qardaşımız” olan rusları dolayısı yolla da olsun millətçilikdə, şovinizmdə ittiham etmək olduqca təhlükəli məqamıydı. Əvəzində məktəbdə, ictimai həyatda müxtəlif yollarla daim beynimizə yeridilirdi ki, ruslar torpaqlarımıza bizim xoşbəxtliyimiz üçün, həm də yalnız xalqımızın israrlı çağırışlarından sonra, özü də xilaskarlıq missiyası ilə qədəm qoyublar. O günkü çıxışda isə Kəlbəcər rayonunun rəhbər şəxslərindən birinin çıxışında rus şovinizmi çar hökumətinin timsalında birbaşa ifşa olunurdu.
Sonralar Qənbər müəllimi başqa tədbirlərdə bir neçə dəfə görsəm də onunla bağlı ilk təəssüratım həmin mərasimdəki çıxışı oldu və həmin çıxış yaddaşıma həmişəlik həkk oldu.
Bu görüşə qədər də rayon rəhbərlərindən biri olaraq Qənbər müəllimin adını çox eşitsəm də xalq onu rayonda məsul vəzifə sahibi olan bir şəxsdən daha çox bu gün Azərbaycan aşıq sənətində silinməz möhrünü vurmuş Dədə Şəmşirin oğlu kimi tanıyırdı. Bu da təbii idi. Çünki o zamanlar Aşıq Şəmşirin adı xalq arasında o qədər məşhur idi ki, bunu hər hansı bir vəzifə ilə müqayisə etmək də heç kəsin ağlına gəlmirdi. Ölməz şairimiz Səməd Vurğunla tarixi görüşündən sonra isə bu el sənətkarının adı canlı bir əfsanəyə çevrilərək Kəlbəcər hüdudlarını da sürətlə aşmışdı. Rayonda elə bir toy-nişan, el şənliyi olmazdı ki, ölməz şairin “Aşıq Şəmşir Dəlidağdan keçəndə, Kəklikli daşlardan xəbər al məni” misraları ilə başlayan və aşığın da ona cavab olaraq yazdığı məşhur deyişmə sifariş verilməsin və bəzən aşıqlar bir məclisdə bu şeiri bir neçə dəfə ifa etməyə məcbur olmasın.
Aşıq Şəmşirin həyat və yaradıcılığı ilə daha yaxından tanış olandan sonra anladım ki, bu el sənətkarının şöhrətin zirvəsinə gedən yolu heç də hamar olmayıb. Onun şöhrətini qısqananlar, haqqını tapdalayanlar, yoluna kötük yumalayanlar da az olmayıb.
Nə yaxşı ki, Ulu Yaradan təbiətdə və cəmiyyətdə hər şeyi ədalətlə tənzimləyir. Dədə Şəmşiri yaxından tanıyanların danışdıqlarından və haqqında yazılmış onlarla xatirələrdən aydın olur ki, bu böyük sənətkar olduqca mülayim, təvazökar və utancaq təbiətli bir insan olmuşdur. Hətta şöhrətin zirvəsində olanda belə o, bu utancaq xasiyyətindən yaxa qurtara bilməmişdir.
Böyük ustadın bu özünəməxsus xarakterik cizgilərini təsadüfən xatırlatmadım. Səməd Vurğunla məşhur görüşdən sonra ölməz şair Aşıq Şəmşirin şeirlər kitabının çap olunması üçün özünün böyük ictimai nüfuzundan istifadə edərək müvafiq şəxslərə xüsusi tapşırıqlar verir. Lakin tale belə gətirir ki, az sonra Səməd Vurğun dünyasını dəyişir və Dədə Şəmşirin kitabını çap etməyi boyunlarına götürən məmurların da üzləri dönür. Aşıq bununla bağlı Bakıya etdiyi səfərlərdə dəfələrlə boz sifətlərlə, soyuq baxışlarla, qanqaraldıcı səhnələrlə qarşılaşır. Təbii ki, bu cür münasibətlərə öyrəşməmiş, daim eldən-obadan böyük sevgi, isti münasibət görən aşıq bu xoşagəlməz görüşlərdən duyğulanıb, sarsılır. Məhz el sənətkarının belə kövrək, duyğulu anlarında ona ilk sahib çıxıb, arxa duran da elə öz ciyərparası Qənbər müəllim olur.
Aşığın böyük oğlu Qənbər Qurbanov hələ gənc yaşlarından açıq fikirli, ötkəm xasiyyətli, hər yetənin sözünü götürməyən, yerini bilməyənlərə yerini qandıran bir cavan kimi böyüyür. Elə gəncliyin qaynar dövründə atasını Bakı səfərlərində müşayiət edəndə də bayaq qeyd etdiyimiz insanlıq hisslərindən uzaq köntöy məmurlarla qarşılaşanda öncə onları sözlə, sözlə başa düşməyənləri isə öz dillərində başa salmağı bacarır. Beləcə Qənbər Qurbanov bir növ Dədə Şəmşirin “qoruyucu mələy”i missiyasını boynuna götürür və bu missiyanı ustad aşıq dünyasını dəyişənə qədər ləyaqətlə davam etdirir.
Kəlbəcərlilər bu gün də yaxşı xatırlayırlar ki Səməd Vurğunun məşhur Kəlbəcər səfəri və bu səfərdə Aşıq Şəmşiri kəşfindən sonra rayonun adı respublikada sürətlə məşhurlaşdı və buraya, xüsusilə də Dədə Şəmşir ocağını ziyarətə gələn ədəbi-elmi ictimaiyyət nümayəndələrinin səfərləri xeyli artdı. Şairlər, yazıçılar, müxtəlif sənət sahibləri bu müdrik el sənətkarını görmək üçün Kəlbəcərə gəlir, günlərlə Dədə Şəmşirin qonağı olurdular. O zaman Dədə Şəmşir ocağına, eləcə də Kəlbəcərə gələn çoxsaylı qonaqları adlarına layiq qarşılayıb yola salmağın da əsas yükü məhz Qənbər müəllimin çiyinlərinə düşürdü.
Bu gün Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xüsusi yeri olan elə sənət ocaqları var ki, bəzən burada bir ocaqdan bir deyil, bir neçə tanınmış söz adamı çıxıb. Bu sırada Ağdabanlı Qurban – Dədə Şəmşir ocağı da xüsusi diqqət çəkir. Şah babamız Şeyx oğlu Şah İsmayılın yaxın müridlərindən olan Misgin Abdaldan üzübəri bu sənət ağacı əsrlərdir ki, söz gülşənimizə neçə-neçə şirin ləhcəli bülbül bəxş edib. Qənbər Qurbanov da bu saz-söz ocağında dünyaya gəldiyindən sənətə, sözə olan dərin sevgi onda qandan və gendən gəlmə bir ilahi bağlılıq olub. Qənbər müəllim hələ gənc yaşlarında yazdığı bir bağlamanın möhürbəndində hansı tarixi köklər üzərində pərvəriş etdiyini də aydınca xatırladıb:
Pədərim Şəmşirdi, madərim Güllü,
Babam şair Qurban, bir adı bəlli.
Miskinli Qənbərəm, Ağdaban elli,
Bələd olsun hər kim bizi bilmədi.
Nə xoş ki, kökdən və qandan gələn bu sənət xətti bu gün də davam edir və Ağdabanlı Qurban – Dədə Şəmşir ocağının hələ neçə-neçə davamçısı bundan sonra da möhtərəm sözlə ülfət bağlayacaq.
Qənbər Qurbanov Dədə Şəmşirin sazının və sözünün işığında böyüyə-böyüyə özü də saz-söz vurğununa çevrilib. Bəlkə də o, sonradan dövlət qulluğuna getməsəydi həyatının və fəaliyyətinin əsas hissəsini də elə möhtərəm sözə həsr edərdi. Ancaq bu heç də o demək deyil ki, Qənbər Qurbanov hansısa günü sözdən uzaq düşüb. Elə son illər onun ard-arda işıq üzü görmüş kitabları da Qənbər müəllimin ömrünün söz dünyasında keçdiyindən xəbər verir. Yeri gəlmişkən: sözümə söykək olacaq bir hadisəni xatırladım. Neçə illərdir ki, Kəlbəcər ədəbi mühitini araşdırdığım üçün bəlkə bu da taleyin bir qismətidir ki, əlimə bu mühitlə və onu yaradanlarla bağlı çox nadir sənədlər, əlyazmalar düşür. Belə nadir əlyazmalardan biri də Qənbər Qurbanovun hələ gənclik illərində qələmə aldığı və öz dəsti-xətti ilə yazdığı şeir dəftəri idi. Onun gəncliyin sevdalı günlərində yazdığı bu şeirlər gələcəyin istedadlı bir söz adamının yetişməkdə olduğundan xəbər verirdi. Ötən il ad günündə mən bu dəftəri ona təqdim edəndə Qənbər müəllimin nə qədər duyğulandığı da məclisdəkilərin diqqətindən yayınmadı.
Son illər Qənbər Qurbanovun ədəbi fəaliyyətini və bu istiqamətdə işıq üzü görmüş kitablarını bir neçə kateqoriyaya bölmək olar. Təbii ki, onun ədəbi fəaliyyətinin əsas bir hissəsini Ağdabanlı Qurban və Dədə Şəmşir irsinin toplanaraq nəşr olunması təşkil edir. Bundan başqa son illərdə Qənbər müəllimin özünün də bir neçə bədii əsəri işıq üzü görüb. Qeyd edim ki, onun yaradıcılığında poeziya ilə bədii-publisistik xətt paralel davam edir.
Qənbər Qurbanovun ədəbi yaradıcılığında diqqət çəkən əsas maraqlı məqamlardan biri də uzun illərdən bəri gündəlik həyatda və fəal iş prosesində görüb şahidi olduğu hadisələri öz gündəliyində qeyd etməsi və üstündən illər keçəndən sonra artıq tarix olan xatirələrə bu günün prizmasından güzgü tutmaq istəyidir. Onun istər Kəlbəcərdə işlədiyi dövrün, istərsə də Gədəbəydəki fəaliyyətinin xatirələri yalnız bir insanın yaşadığı keçmiş günlərin nostalji ovqatı deyil, həm də o illərdə respublikamızın həyatında baş verən ictimai-siyasi proseslərin bu günün gözüylə dəyərləndirilməsi baxımından maraqlı mənbədir. Bu sırada “Kəlbəcər: ömrüm, həyatım”, “Gədəbəy xatirələri” kitabları bu günkü memuar ədəbiyyatının ən maraqlı nümunələrindəndir.
Mən bu yazıda Qənbər Qurbanovun ədəbi-bədii yaradıcılığını təhlil etmək fikrində olmadığımdan sadəcə ona məxsus portret cizgilərdən bəzi məqamlara güzgü tutmağa çalışdım. Yəqin ki, nə vaxtsa Qənbər müəllimin ədəbi-bədii yaradıcılığı ilə bağlı ayrıca məqalə də yazacağam. Bir məqamı xüsusi olaraq vurğulamaq istərdim ki, Qənbər Qurbanov bu gün həyatının və ədəbi-bədii yaradıcılığının müdriklik zirvəsindədir. Həm də bu günlərdə ədəbi ictimaiyyət Qənbər Qurbanovun 80 illik yubileyini qeyd edir. Mən də bu fürsətdən istifadə edərək dəyərli ziyalımız, müdrik ağsaqqal, tanınmış qələm sahibi Qənbər Şəmşir oğlu Qurbanovu anadan olmasının 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, bundan sonrakı ədəbi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayıram. Ulu Yaradandan diləyim budur ki, Qənbər müəllimə bundan sonrakı ad günlərini doğma Kəlbəcərdə - Dədə Şəmşir ocağında keçirməyi nəsib etsin.
Dərin hörmətlə:
İlham Məmmədli


Paylaş



Bölmə: Mədəniyyət / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!