Ölməz şairimiz Səməd Vurğun xalqın yaddaşında təkcə ilhamlı şair, görkəmli ədəbiyyat adamı deyil, həm də böyük ürək sahibi, xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi əbədiləşib. Tarixi faktdır ki, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Səməd Vurğunun müstəsna xidmətləri olub. Səməd Vurğun on illər boyu ədəbiyyatı öz təsiri altında saxlayaraq özündən sonra zəngin bir ədəbi irs və məktəb qoyub. Səməd Vurğun bütün bu yaradıcı və şəxsi məziyyətləri ilə bütöv bir şəxsiyyət olaraq əsl qələm adamının adını uca bir zirvəyə qaldırıb.
Səməd Vurğunun Azərbaycan ədəbiyyatının bir parçası olan Kəlbəcər ədəbi mühitinin inkişafında da xüsusi təsiri olub. Ölməz şairin ötən əsrin 50-ci illərində Kəlbəcərə-İstisuya məşhur səfəri və buranın saz-söz adamları ilə unudulmaz görüşləri bölgənin ədəbi mühitində sanki qaranlıq gecədə çaxan bir ildırım təsiri bağışlayıb. Az bir zaman çərçivəsində bu səfər dildən-dilə düşərək sonralar az qala əfsanəyə çevrilib.
O zaman Kəlbəcərdə raykom katibi işləyən, özü də incə ruhlu şeirlər yazan mərhum Səfər Verdiyev böyük şairi isti qonaqpərvərliklə qarşılayaraq, onu rayonun görməli yerləri və tanınmış saz-söz adamları ilə yaxından tanış edib. Kəlbəcərdə olduğu az bir zaman çərçivəsində bölgə insanına yaxından qaynayıb-qarışan Səməd Vurğun Kəlbəcərdə və onun adamlarının xatirəsində heç zaman silinməyəcək əbədi bir iz qoyub. Kəlbəcərin təkrarsız təbiət gözəlliklərindən vəcdə gələn Səməd Vurğun elə ilk günlərdən onu da hiss edir ki, bölgədə qaynar bir ədəbi mühit də mövcuddur.
Səfər Verdiyev Kəlbəcərin cənnətmisal bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində şairin Aşıq Şəmşirlə görüşünü də təşkil edir. Sonralar şirin bir xatirəyə çevrilən bu tarixi görüş on illərlə yerli yazarlara ilham verərək, onların yaradıcılığına böyük təsir göstərir. İlk dəfə Səməd Vurğunla üzbəüz görüşən Aşıq Şəmşir kəlbəcərlilərin timsalında böyük şairə şeirlə xoş gəldin eləyir:
Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!
Aşıq Şəmşirin bunca isti və səmimi müraciəti şairi bərk duyğulandırıb və sonralar onların dillər əzbəri olan deyişmələri də elə bu ilk görüşün təsiri altında yaranıb. Bu görüşəcən Aşıq Şəmşirin haqqında çox eşitsə də onunla yaxın tanışlığı olmayan Səməd Vurğun qarşısında ustad bir sənətkarın, ilhamlı şairin dayandığını hiss edərək «Kazbek» qutusunun üzərinə yazıb ona ünvanladığı şeirlə dünyagörmüş aşığı həm də bir növ sənət imtahanına çəkir:
Aşıq Şəmşir Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni.
Xatırladaq ki, Səməd Vurğunla görüşənəcən Aşıq Şəmşirin böyük həyat və sənət yolu keçməsinə baxmayaraq Azərbaycan xalqının belə bir istedad sahibindən qədərincə xəbəri olmayıb. Məhz Səməd Vurğunun qayğısı və təşəbbüsü ilə Aşıq Şəmşirin şeirləri çap olunmaq üçün nəşriyyatın planına salınıb, sonralar böyük şairin ölümündən sonra aşığın ilk şeirlər kitabı işıq üzü görüb.
Qeyd edək ki, Kəlbəcər Azərbaycanın ən dilbər guşələrindən olsa da Sovet hakimiyyəti zamanı uzun illər gözdən, diqqətdən uzaqda qalıb. Etiraf etmək lazımdır ki, Səməd Vurğunun səfərindən sonra təkcə ədəbi ictimaiyyətin deyil, dövlət və hökumət orqanlarının da bölgəyə diqqəti xeyli artıb.
Düzdür, Kəlbəcərin təkrarsız gözəlliyini və özəlliyini ədəbiyyatımızda ilk dəfə böyük Aşıq Ələsgər qələmə alsa da, ancaq bu gözəl vətən parçası məhz Səməd Vurğunun səfərindən, onun bu ulu yurda həsr etdiyi şeirlərdən sonra bədii obraz səviyyəsinə yüksəlib.
O da faktdır ki, Səməd Vurğunun bu məşhur səfərindən sonra yaradıcı adamlar arasında da Kəlbəcərə çox dərin maraq yaranıb və böyük bir yazarlar ordusu Kəlbəcərə ayaq açıb. Sonralar tanınmış şair və yazıçılardan Osman Sarıvəlli, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Hüseyn Kürdoğlu, Məmməd Araz, Məmməd İsmayıl, Zəlimxan Yaqub və başqaları Kəlbəcərə, İstisuya, Dəlidağa, Ceyran bulağına silsilə şeirlər, hekayələr, povestlər həsr ediblər.
Yeri gəlmişkən, Səməd Vurğunun Kəlbəcərin taleyilə bağlı göstərdiyi tarixi bir fədakarlığı və faktı burada xatırlamamaq insafsızlıq olar. Yuxarı Qarabağda qurama muxtariyyət yaradıb bu ad altında gələcəkdə həmin ərazini Azərbaycandan qoparmağı qarşılarına məqsəd qoyan mənfur ermənilər imkan düşdükcə digər ərazilərimizə də əl atıblar. Onlar bu mürtəce siyasətlə bir neçə dəfə Laçın və Kəlbəcər rayonlarından da xeyli torpaq qoparmağa müvəffəq olublar. Hələ Sovet hökumətinin «əmin-amanlıq» çağlarında Kəlbəcərin Söyüdlü adlanan qızılla zəngin olan yüzlərlə hektar ərazisi Moskvanın əmri ilə əlimizdən alınaraq ermənilərə peşkəş edilib. Bundan başqa rayonun bir neçə kəndi də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Mardakert (indiki Ağdərə) rayonuna qatılaraq Kəlbəcərdən alınıb. Mənfur daşnaklar daha da şirnikərək çox uzaqlara gedərək sonralar Kəlbəcər rayonunun bütün ərazisini ələ keçirmək üçün daha bir məkrli plana əl atıblar.
Ötən əsrin 50-ci illərində Azərbaycan KP MK-da böyük vəzifə və nüfuz sahib olan ermənilər Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırovu «inandırıblar» ki, guya Kəlbəcərin iqtisadi rayon kimi mövcudluğu çox əlverişsizdir və bu rayon Azərbaycan Respublikasının boynunda ağır yükdür. Onlar Mir Cəfərə bu «ağır vəziyyət»dən «asan» çıxış yolu da göstəriblər. Ermənilərin planlarına əsasən Kəlbəcər əhalisini bütünlüklə Azərbaycanın Aran rayonlarına, əsasən də pambıqçılıq rayonlarına köçürüb, Kəlbəcər ərazisini heyvandarlıq üçün otlaq sahəsinə çevirmək respublikaya böyük iqtisadi mənfəət gətirər. Ermənilərin bu məkrli planlarının kökündə əsas niyyətləri bir tərəfdən Azərbaycanın ərazi cəhətcə ən böyük rayonlarından olan Kəlbəcəri azərbaycanlılar yaşamayan boş əraziyə çevirmək, digər yandan isə Dağlıq Qarabağdan Ermənistana birbaşa çıxış əldə etməkdən ibarət olub. Bununla ermənilər həm də əsrin əvvəllərində Laçın və Kəlbəcərdə aldıqları tarixi məğlubiyyətlərinin əvəzini çıxmaq istəyiblər. Moskvanın xeyir-duası ilə reallaşmalı olan bu xəyanətin qarşısını o zaman son anda, ancaq rayon camaatının dəyanəti və ölməz şairimiz Səməd Vurğunun partiya qurultayındakı cəsarətli çıxışı alıb.
Bakıdan rayon rəhbərliyinə göstəriş verilir ki, yerlərdə əhali ilə görüşüb Aran rayonlarına köçürülməyin üstünlüyü barədə təbliğat aparsınlar. Bakıdan da rayona xüsusi təbliğatçılar qrupu göndərilir. Baş verən xəyanətin ağırlığını yaxşı dərk edən, əslən kəlbəcərli olan raykom katibi mərhum Səfər Verdiyev gizli şəkildə Bakıya gələrək bu hadisəni ölməz şairimiz Səməd Vurğuna danışaraq ondan kömək istəyir. Şair ona möhkəm daynmağı, əl altından rayon əhalisinin bu işə ciddi etirazını təşkil etməyi və qurultaya gələcək yerli nümayəndələri hərtərəfli hazırlamağı tapşırır.
Bir az sonra Azərbaycan KP-nin XX qurultayı işə başlayır. Məsələ Kəlbəcərin köçürülməsi planının müzakirəsinə gələrkən heç kəsin gözləmədiyi anda xalq şairi Səməd Vurğun söz alaraq tribunaya qalxır, öz alovlu çıxışında Kəlbəcər kimi cənnətmisal bir ərazini boşaltmağı xəyanət adlandırır və oranı köçürmək yox, əvəzində dağ rayonuna kömək etmək lazım olduğunu cəsarətlə respublika rəhbərliyinin nəzərinə çatdırır. Səməd Vurğunun vətənpərvər çıxışı və rayondan seçilmiş partiya qurultayı nümayəndələrinin də ciddi arqumentləri sonda Mir Cəfər Bağırovu inandıra bilir və bununla da Kəlbəcərin o zaman boşaldılması planı təxirə salınır. Xoşbəxtlikdən bütün qurultay iştirakçıları da böyük şairin mövqeyinə tərəfdar çıxırlar. O zaman ermənilərin növbəti bir xəyanətinin qarşısı alınmaqla yanaşı, həm də elə o qurultaydaca dağlıq rayonlarının iqtisadi inkişafını yüksəltmək üçün xüsusi dövlət proqramı da qəbul edilir.
Səməd Vurğun xalqın tarixinə, folkloruna da olduqca böyük diqqətlə, hörmətlə yanaşan bir insan olub. Şair Kəlbəcərdə olarkən olduqca əzəmətli görünüşü və başından daim qar, çiskin əskik olmayan dağın adının niyə Keyti olduğunu Səfər Verdiyevdən soruşur. Səfər müəllim Kəlbəcərin Zar və Zəylik kəndlərinin ərazisində-Göyçə ilə Kəlbəcər arasında yerləşən məşhur Keyti dağı ilə bağlı yaşlı kəlbəcərlilərdən eşitdiyi kövrək bir əfsanəni (əslində faktlar bunun tarixi həqiqət olduğunu göstərir) şairə danışır.
Rəvayətə görə yaxın kənddə Keyti və Mehdi adlı iki gənc qardaş yaşayırmış. Ətraf kəndlərdə də böyük hörmət sahibi olan qardaşlar həm də yaxşı ovçu kimi tanınırmışlar. Həmişə birlikdə ov etməyi xoşlayan qardaşlar bir yaz günü yenə də yaxınlıqdakı dağa ova gedirlər. Qərara alırlar ki, bu dəfə dağın ayrı-ayrı sahələrində ov axtarsınlar. Dağın hündür bir yerində Keyti iri bir maral ovlayır. Maralın dərisini soyub əyninə bürünür və qarşıdakı bərədə maralsayağı yatır. Məqsədi də bu olur ki, uzaqdan marallar onu görüb maral bilərək yaxın gəlsinlər və o da onları ovlasın. Qəzavü-qədərdən Keytini yuxu tutur və bərədə yatır. Mehdi də dağın o biri üzündən ov axtara-axtara gəlib həmin yerə çıxır. Uzaqdan baxıb görür ki, qarşı bərədə bir maral yatıb. Yatan maralın qardaşı olduğunu ağlına da gətirməyən Mehdi «qismətinə çıxan» ovu nişan alıb oxla vurur. Yaxına gələndə vurduğu «maralın» doğma qardaşı Keyti olduğunu görən Mehdi bu qanlı səhnədən dəhşətə gəlir. Əli hər yerdən üzülən Mehdi qardaş faciəsinin ağırlığına davam gətirməyərək özünü də oxlayır. Maral ovuna çıxmış hər iki qardaş dağın döşündə dünyalarını dəyişirlər. Bu faciədən xəbər tutan kənd əhli hər iki qardaşı həmişə birgə ov etməyi çox sevdikləri dağın başında dəfn edirlər. Sonralar yerli camaat nakam qardaşlardan birinin xatirəsinə dağı Keyti dağı adlandırır (sonralar bu ağrılı mövzuda xeyli şeir və dastanlar yaranır).
Eşitdiyi əfsanə şairə o qədər təsir edir ki, Səfər müəllimdən onu dağın zirvəsindəki qardaş qəbirlərinin ziyarətinə aparmağı xahiş edir. Dağ çox hündür olduğundan katib at təşkil edir və sabahı günü şairlə birlikdə dağın zirvəsinə qalxırlar. Qoşa qardaş qəbrini ziyarət edən şair söz verir ki, ömür vəfa etsə bu əfsanəni nəzmə çəkəcək. Həm də arzulayır ki, bu vəfalı qardaşların qəbirləri üstündə bir abidə ucaltmaq çox yaxşı bir iş olar. Lakin amansız ölüm şairin bu arzusunu gözündə qoyur.
O məqamı da qeyd edək ki, Səməd Vurğunun Kəlbəcər səfərinə qədər burada yazıb-yaradan qələm sahiblərinə Bakıda əyalət yazarları kimi yanlış bir yanaşma da vardı. Rayon mədəniyyət evində onunla rayon ziyalıları arasında keçirilən görüş, burada yerli şairlərin oxuduqları şeirlər və sonrakı günlərdə aldığı təəssüratlar Səməd Vurğuna bərk təsir edir. Kəlbəcərdən ayrılanda «burada hər daşın altında bir şair uyuyur, hər sinədə bir şair ürəyi döyünür»-deyərək Kəlbəcər ədəbi mühitinə böyük qiymət verir.
Kəlbəcərin işğalına qədər rayonda elə bir toy, şənlik olmazdı ki, Səməd Vurğun-Aşıq Şəmşir deyişməsi məclisin ən şirin, ən maraqlı hissəsi kimi aşıqlar tərəfindən həvəslə danışılıb, oxunmamış olsun. Böyük şair bu gün də kəlbəcərlilərin ürəyində kövrək və xoş xatirələrlə yaşayır. Onun Kəlbəcər ədəbi mühitinə göstərdiyi təsir və bu mühitdə qazandığı yer isə əlçatmaz bir zirvədir. Mərhum şair Ənvər Rza Səməd Vurğun şəxsiyyətinin qəlblərdə tutduğu bu yeri olduqca təbii və dürüst göstərib:
O elə dağdır ki, zirvəsi qırov;
Bir adı Qoşqardır, bir adı Murov,
Mənimçün ecazkar şair-filosof,
Körpə oğlum üçün nağıldı Vurğun.
İnanırıq ki, bu gün Kəlbəcərin və digər vətən torpaqlarının yağı tapdağında qalması böyük şairin ruhunu da incidir. Onun müqəddəs ruhu isə yalnız düşməndən intiqam alıb, torpaqlarımızı azad edəcəyimiz gün dinclik tapacaq.
İlham MƏmmƏdli “ Bütöv Azərbaycan” 28.10.2008. № 3