Sahibini gözləyən daş sütun (Burada Azərbaycan xalqının böyük mütəfəkkiri Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır...)
Mən Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi kimi artıq dörd ildir ki, hər gün üzərində bu sözlər yazılmış daş sütunun qarşısından keçib dərsə gedirəm. Və hər dəfə eyni diqqətlə bu daş sütunun üstünə kiril əlifbası ilə həkk olunmuş sözlərə birdən nəsə diqqətimdən yayınar deyə nəzər yetirirəm. Nəzərə alsaq ki, kiril əlifbasından latın əlifbasına keçid etməyimizdən artıq on illər ötüb, onda bu qənaətə gələrik ki, bu sütun Bakı Dövlət Universitetinin yaşlı ağacları, daşdan və dəmirdən hasarları kimi illərdir ki, hər gün universitetin müəllim və tələbə heyətini səssiz-səssiz qarşılayır...
1918-ci ilin 28 Mayında ilk respublikamız müstəqilliyini – Azərbaycan Xalq Cümhuriyyətinin yaranışını elan edib. Düz 100 ildən çox sürən çar əsarətindən sonra Azərbaycan xalqı üçün bu cümhuriyyətin qurulması yeni bir azadlıq işartısı oldu. Dahi publisist Üzeyir Hacıbəylinin də “Bir yaş”da qeyd elədiyi kimi: “Novzad dövlətimizin təvəllüdü, ana bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən, balasını doğarkən, özünü qurban verəcək dərəcəsinə gəlmişdi... Azərbaycan torpağı bir xərabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri mehribanının nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anası bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xaş etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvətə haiz idi ki, zəif cismi, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”.
Bu yazıları ilə mütəfəkkir istiqlalımıza kəm baxan qaraguruhçuların naxələf əməllərinə baxmayaraq çətinliklə cümhuriyyətin yaranmasından iftixarlanırdı. Elə Azərbaycan Xalq Cümhuriyyəti hələ bir yaşında ikən gənc nəsli maarifləndirmək, ona təhsil vermək, Azərbaycan millətini inkişaf etmiş xalqlar cərgəsində görmək kredosu ilə Azərbaycanın ən görkəmli, tarixi və ilk ali təhsil müəssisəsini – Bakı Dövlət Universitetini qurdu. Hələ o zamanlardan çar senzurasının qılıncının arxasının da, qabağının da kəskin olan vaxtlarından xalqımızın böyük ziyalıları bilirdi ki, bu ümməti bu əsarətdən, gerilikdən, cəhalət buxovlarından yalnız elm və təhsil işıqlı səhərə çıxara bilər.
Elə cümhuriyyəti də bu məsləkdə olmuş təhsilli ziyalılar qurmadımı? Azərbaycan millətinə istiqlal və hürriyyətin şirinliyini daddırmadımı? Yalnız elm və təhsilin Azərbaycan millətini işıqlı, nurlu sabahlara çıxara biləcəyini göstərmədimi? Buna görə də cümhuriyyət qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Azərbaycanda ilk ali təhsil ocağını yaratdılar.
Məhəmməd Əmin Rəsulzadə heç bir Avropa təhsili almadan yüksək erudisiya sahibi olmuş, Azərbaycan xalqının cəhalət buxovları ilə zəncirlənmiş vaxtlarında onu azadlığa aparan hərəkatın öndə gedənlərindən birinə çevrilmiş, bu amalda qələmi ilə mübarizə aparmış və nəhayətində öz məslək yoldaşları ilə birgə niyyətlərinə çatmışlar. Məhəmməd Əmin Rəsulzadə fəaliyyətinin tədqiqatçıları göstərirlər ki, Rəsulzadə özü Bakı Dövlət Universitetinin ilk müəllimlərindən olub. O, Bakı Dövlət Universitetinin auditoriyalarında Osmanlı tarixindən dərs deyirmiş. Biz tələbələr M.Ə.Rəsulzadənin publisistik yaradıcılığına baxanda onun azad mətbuat, azad cəmiyyət, millətin istiqlal savaşı və bu yolda apardığı mübarizələr, habelə bu qəbildən olan ictimai əhəmiyyətli məsələlərdəki düşüncələri, siyasi görüşləri bizi valeh edir. O zamanlar Avropa təhsili olmadan, dövrün, zamanın çətinliklərlə dolu olduğu bir vaxtda bir şəxsin bu qədər bilgə, bu qədər dünyagörmüş olması və bütün bunları qələmə alaraq gələcək nəsli düşünməsi, bu görüşləri gələcək Azərbaycan nəslinə ötürməsi, doğrudan da, Üzeyir Hacıbəylinin “Təəssürat” silsilə məqaləsində Rəsulzadə haqqında qələmə aldığı gözəl bir ifadə kimi — bir vətən övladı olduğunu, onun simasında vətən, millət sevərliyini, həqiqi ziyalılığı, istiqlal aşiqliyini ehtiva edir. M.Ə. Rəsulzadənin qurduğu cümhuriyyətin ömrü 23 ay sürsə də, ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin ömrü uzun oldu. Bu günlərə qədər daha da böyüyərək, təkmilləşərək qapılarını hələ də bu xalqın gənclərinə açmaqdadır. Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq sahəsində gördüyü ən böyük iş elə Bakı Dövlət Universiteti oldu. O, bu xalqın ilk milli ali təhsil məktəbi olmaqla Azərbaycanın gələcəyi üçün parlaq zəkalı, vətənpərvər, milli ruhda və tərbiyədə vətəndaşlar yetişdirdi və yetişdirməkdədir. Bu universitet bizə ilk istiqlaliyyət dövrümüzdən bir millət üçün ən şirin nemət olan azadlığın daddırıldığı bir dönəmdən xatirə qaldı...
İndi yazının ilk abzasında verilmiş bir söz var!
“Burada Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır”. Kaş bu daş sütunda söz verildiyi kimi adı gedən o Vətən övladının son nəfəsinə qədər Azərbaycan xalqının istiqlal və istiqbalı üçün yad diyarlarda çarpışaraq mübarizə aparmış mütəfəkkirin də bu universitetə bir xatirəsi qoyulaydı... Bizim xalqımızın hər bir fərdinə verilmiş sözləri tutmaq yaraşır. Bəs, görəsən, bu vədin həyata keçirilməsi bu qədər qeyri-realdırmı ki, bu neçə illərdə nə xatirə büstü qoyulub, nə də daş sütun götürülüb...
Bu yerdə Məhəmməd Əmin Rəsulzadənin “Milli əxlaq” məqaləsində gənclərə edilən nəsihətlərdən birini xatırladım: “ Verilən sözlərə və edilən sərbəst anlaşmalara mütləq riayət...” Mən də bir vətəndaş və ən asası bu universitetin tələbəsi olaraq arzu edirəm ki, universitetimizdə o daş sütunun yerinə xatirə büstü qoyulsun. Və verilmiş vəd reallığa qovuşsun...
Lalə TURAN