Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 25-10-2025, 11:51
Qubadlı – Qarabağın dirçələn incisi


Qubadlı – Qarabağın

dirçələn incisi


25 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının yaddaşına Qubadlının azad edildiyi, torpaqlarımızın bütövlüyünə bir addım da yaxınlaşdığımız gün kimi həkk olunub.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ümumi sahəsi 802 kvadrat kilometr olan bu ərazi təbiəti, coğrafiyası və torpaq ehtiyatları ilə zəngin diyardır. Rayon qərbdən Ermənistanla sərhəddə yerləşir, şimalda Laçın, şərqdə Cəbrayıl, cənubda isə Zəngilanla həmsərhəddir. Qubadlının kəndlərinin çoxu Həkəri və Bərgüşad çaylarının sərin vadilərində yerləşir, bu da bölgəni kənd təsərrüfatı üçün əlverişli edir.
İşğala qədər Qubadlı rayonunun 79 min hektardan artıq torpaq fondu mövcud idi. Bu torpaqların böyük hissəsi əkin, örüş, bağçılıq və meşə sahələrindən ibarət idi. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar düzənliklərdə taxıl, üzüm, tütün, bostan və tərəvəz məhsulları becərilirdi. Qubadlı həm də heyvandarlığın, arıçılığın, bağçılığın inkişaf etdiyi bir bölgə idi. Ərazidəki təbii sərvətlər – mərmərləşmiş əhəng daşı, əqiq, mişar daşı və digər yataqlar rayonun sənaye potensialını da artırırdı.
Lakin bu təbii gözəlliklər və zənginliklər 1993-cü ildə işğal nəticəsində məhv edildi. Ermənistanın 1988-ci ildən başlayan təcavüzü nəticəsində Qubadlı rayonu 31 avqust 1993-cü ildə tamamilə işğal olundu. Min illərlə azərbaycanlıların yaşadığı bu diyar xarabalığa çevrildi. 29997 nəfər Qubadlı sakini öz doğma torpaqlarından didərgin düşdü, 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 64 inzibati bina, yüzlərlə sosial və mədəniyyət obyekti dağıdıldı. Məscidlər yerlə yeksan edildi, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 4830 km elektrik xətləri və digər infrastruktur tamamilə məhv edildi. Rəsmi İrəvan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirərək, xaricdən gətirdiyi erməniləri yerləşdirməklə beynəlxalq hüququ kobud şəkildə pozdu.
Ancaq 2020-ci il payızında Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın birliyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu zülm dolu tarix sona çatdı. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlər xüsusi hərbi peşəkarlıq və fədakarlıq nümunəsi oldu. Şəhər ətrafında düşmən tərəfindən güclü istehkamlar qurulmuşdu, yüksəkliklərdə erməni silahlı birləşmələri yerləşdirilmişdi. Azərbaycan əsgəri bu sədləri bir-bir aşaraq, strateji yüksəklikləri ələ keçirdi, Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu. Nəhayət, 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri düşməndən təmizləndi. Bu, Vətən müharibəsinin taleyini dəyişən dönüş nöqtələrindən biri idi.
Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bu medalla 15 mindən çox Azərbaycan hərbi qulluqçusu təltif olundu.

Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edildi. Bu qərar Qubadlının azadlıq tarixinin, xalqın mübarizə ruhunun və əbədi Zəfərin simvoluna çevrildi.
İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri geniş miqyasda aparılır. 2021-ci ilin oktyabrında istifadəyə verilən 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası rayonun enerji təminatını tam bərpa etdi. 76 kilometr uzunluğunda çəkilmiş “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri təkcə enerji deyil, həm də yüksək sürətli internetlə Qubadlını ölkənin ümumi sisteminə bağladı.
Eyni zamanda Qubadlıda yeni yaşayış məntəqələrinin tikintisinə başlanıb. Mahruzlu və Zilanlı kəndlərinin layihələndirilməsi və tikintisi artıq davam edir. Bu kəndlərdə ilkin mərhələdə yüzlərlə ailənin məskunlaşdırılması planlaşdırılıb. Qubadlı rayonunun Baş planı təsdiqlənib və 2040-cı ilədək rayonun tam bərpası, 47 mindən artıq sakinin daimi yaşayışının təmin edilməsi nəzərdə tutulur.
Qubadlıda mühüm infrastruktur layihələri həyata keçirilir. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yollarının tikintisi bölgənin strateji əhəmiyyətini artırır, eyni zamanda iqtisadi canlanmanı təmin edir. Dövlət başçısının 2023-cü il sərəncamı ilə bu layihələr üçün 20 milyon manat vəsait ayrılıb.
2021 və 2022-ci illərdə enerji, yol və hərbi infrastrukturun təməlqoyma və açılış mərasimlərində iştirak edən dövlət başçısı 2023-cü ilin mayında Qubadlı şəhərinin, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etdi. Həmin gün Qubadlıda məktəb, xəstəxana və inzibati bina layihələrinin təməli qoyuldu.
Bu gün Qubadlıda yenidənqurma və inkişaf prosesi ardıcıl şəkildə davam edir. Yeni evlər, yollar, məktəblər, sosial obyektlər inşa edilir, kəndlərə həyat qayıdır. Qubadlı artıq dağıdılmış torpaq deyil – dirçələn, müasir və qüdrətli Azərbaycanın simvoluna çevrilib. 25 oktyabr – Qubadlı şəhəri günü isə bu dirçəlişin, qəhrəmanlığın və tarixi ədalətin təntənəsidir.

Nənəxanım Ağayeva,
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Vüqar Ağayevin anası


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!