“İşığım”, deyə
xitab etmək
istəyirəm sənə!..Əməkdar İncəsənət xadimi Şəfəq Sultan Əlixanlıya açıqca əvəzi!Radionun bizim doğma Azərbaycan radiosunun 100 yaşı ilə bağlı yazmaq istədiyimdə bir neçə mövzu məni özünə çəksə də mən bu yazını dinləcinin mini-milyonu kimi mənim də sehrinə düşdüyüm bir Səsin cazibəsindən və onun müəllifinə həsr eləmək, ondan bəhs etmək istədim. Bu şirin Səs adicə bir Səs deyil, çünki: qaranlıqları özü də təkcə səni xofa salacaq, küçələri, yolları qaranlıq xəfə, otaqları deyil, həyatın zülmətini qovacaq, aydınlaşdıracaq gücdə bir musiqi, işıq, nəğmə idi sanki... Radio efirindən evlərə, ailələrə bu xoş avaz ilə dolar, orada həmən müsbət aura yaradırdı. Səsinin vurğunları çoxdu, biri də mən idim. Bu səs bal idi, bal, xalis bal, şipşirin.... Sözü-söhbəti də su olub axır, reportajların, ədəbi-bədii çıxışlarının məzmununu daha da çəkici edir, yazdığı, yaratdığı publisistik verilişlərə, müsahibələrə şeir ahəngi verirdi.
Sonralar tanışlığımıızdakı Şəfəq Sultan Əlixanlını gözəl nitq mədəniyyətinə malik olmaqla, ləyaqətli davranışı, kubarlıgı ilə seçildiyini, həmişə ən mükəmməl ləyaqət nümunəsinin meyarı kimi sevilməkdə olduğunu gördüm. Gördüm ki, səlis, aydın nitqi, mükəmməl, ruh oxşayan ecazkar səs tembri onun daxili, istərsə də zahiri gözəlliyini tamamlayır. Əlbəttə, Şəfəq Əlixanlı ilə tanışlığım, çox əvvəldən, radiodan gələn səsi ilə başlamışdı... Sonra mənim Radio verilişlərindəki ara-sıra iştirakım, ştatdankənar müxbir kimi fəaliyyətim başladı... Şəfəq xanımı daha yaxından görmək, tanımaq imkanı yarandı. Onun öz həmkarları ilə mehriban, səmimi münasibətinin şahidi oldum. O xoş təbəssüm səsi kimi gözəl, cana yaxın bir dərman idi sanki... Yaxına gəldikcə, artıq bu Səs mənə bir dost qayğıkeşliyi, səmimiyyətinə böyük etibar vəd edirdi. Bu, onun çevrəsindəki böyükdən-kiçiyə kim var idisə, hamıya qarşılıqsız töhfəsi, hədiyyəsiydi. Həqiqətən, intellektual dünyagörüşü, savadı, mədəniyyəti ilə Az.TVR-nin hazırda canlı siması və rəmzlərindən biri sayılan Şəfəq Sultan özü bütövlükdə bir İnsanlıq, Xanımlıq mücəssəməsidir... Ömür-gün yoldaşı, söz-sənət, insan xiridarı olan Vaqif Əlixanlı da onu təsadüfən seçib, həyatına yar etməmişdi... Yazıçı Vaqif Əlixanlı ilə qəhrəmanının taleyi də, radio ilə bağlıdır, ulduzları da elə radioda barışıb. Vaqif Əlixanlı gənc Şəfəqimizin könlündə əzəl başdan gözəl qələmi, qeyrətli Vətən oğlu olması, həssas və nəcib qəlbi ilə taxt qurub... 50 illik birgə tale yolu, möhkəm ailə nümunəsi – bu iki sənətkar Xalqının qəlbində də isti bir yer, yurd-yuva qurub. Qızlarına yüksək zövqlə qoyduqları Aynur, Aytac, Ayna, Zərif... adları da o ailənin işığını, hərarətini əks etməkdədirlər. Nə gözəl ki, cəmiyyət üçün faydalı insan kimi yetişdirdikləri övladları da elmin-sənətin yolunu tutublar... Bir neçə gün qabaq 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi günlərində təqdimat tədbiri keçirilən ilk baxışdan övladlarına həsr olunduğunu güman etdiyimiz “Qızım mənim” kitabını oxuduqca gəncliyimizə ünvanlanan, bütövlükdə sabahın övladlarına xitab etməsi, onların gələcək illərinə, taleyinə qayğıkeşlik hissilə yazılan, “məktub-məktub”, söz-söz çözülən ana ürəyinin, bir ömrün səhifələrindən süzülən hikmtin daha geniş, daha dərin təsir miqyasına malik olduğunun şahidi olursan. Oxucu bunu hər yazıda hiss edir: “Minnətdar olmağı bacarmaq təkcə edilən yaxşılığa cavab vermək deyil... Bu həyatın özünə təşəkkür etməkdir... Hər gün zülmətin bağrından doğan günəşə, açılan sabaha, aldığımız nəfəsə, udduğumuz havaya, ətrafımızda var olan insanlara, bizi biz edən ağrı-acılara, sevincin şirinliyini daddıran, yaşadan nə varsa, hər birinə görə şükran hissini unutmayanların da mükafatı var, əlbəttə” Bu, kitabdan örnək olaraq verdiuyimiz kiçik parça insana layiq olduğu məqamı göstərən, onun ən yüksək mənəvi gözəlliyə gedən yola işıq tutan bir nəsihətamiz misaldır. Təbii ki, bu arzu olunan mənəvi sifət təkcə öz övladlarına deyil, yazıçı narahatlığı ilə bütün insanlığa yönələn bir nida, bir xitabdır.
...Bakının ziyalı ailəsində anadan olan Şəfəq Sultan qədim təhsil ocağı olan 132 saylı orta məktəbi bitirib ali təhsilini BDU-nun Filologiya fakültəsində alır. Elə universitet illərindən ədəbiyyata olan sevgisi onu kütləvi informasiya ocağı olan radioya tələbə ikən gətirir; radioda ilk çıxışlarına başlayır. Çox populyar olan “Sabahınız xeyir” verilişində “nəğməli qonaqlar”ı qarşılayır. Şəfəq xanımın tale yolunu tanınmış Azərbaycan yazıçısı, dramaturq və tərcüməçi Vaqif Əlixanlı ilə birləşdirməsi bu yolun səbatlı və uzunömürlü olmasına öz təsirini göstərir. Şəfəq Əlixanlı ürəkdən bağlandığı bu işdə birlikdə ailənin də qayğılarına sinə gərə-gərə uğurgətirən verilişlərə imza atırdı. Müəllifi olduğu, çox dinlənən ”Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Xatun”,”Bizdən sonra” və s. verilişlərin həm də aparıcısı olmaqla dinləyicilərin böyük rəğbətini qazanır. Radio-teatr janrında yazdığı, səhnələşdirdiyi əsərlərlə yeni tarix yazırdı...

Radio və televiziyanın tanınmış simalarından biri kimi Şəfəq Əlixanlının sənət sferası, peşəkar fəaliyyətinin sahələri çox böyükdür. Az.TV- nin çox sevilən və özünün də bir vaxtlar qonaq kimi iştirak etdiyi ” Ovqat” verilişinin müəllifi və həm də öz məxmər səsi ilə aparıcısı olması yaddaqalan xatirələr oyadır. Nə yaxşı, bu məlahətli səs Radiomuzun “Qızıl fond”unda saxlanılmaqla, onun Dünya ədəbiyyatından tərcümələri, səhnələşdirdiyi əsərləri, habelə müəllifi oldugu yüksək peşəkarlıqla yaradılmış əlliyə yaxın Radio-tamaşası da bizimlə efirdən “yol getməkdə”, dinliyəcilərin
Yaradıcı insanda həyat və əmək yolu bir-birindən ayrılmazdır, əlbəttə... Əmək kitabçasına yazılan Az.TVR-də fəaliyyəti də yarım əsrə yaxın çəkdi, ailə səadəti də... 2023-cü ildə Radiodan təqaüdə ayrıldı, 2024-cü ildə dəyərli ömür-gün yoldaşı V.Əlixanlını itirdi. Çalışdığı, bütün gücünü, bacarığını sərf etdiyi işdən ayrılsa da, yaradıcı fəaliyyəti bununla bitmədi. O, ölkənin müxtəlif ali məktəblərində nitq mədəniyyətindən, radio işinin sirlərindən sənət dərsləri verirdi... Bu hərtərəfli zəhmət, əməksevər fəaliyyət onu ölkəmizin mətbuat-informasiya, eləcə də Sənət aləmində tanınmış ziyalı xanımlardan biri kimi sevdirir. olmasına gətirib çıxarır. Artıq onun sənət yolu ayrıca bir məktəb deməkdir! Şəfəq xanım Əlixanlı Respublika Mətbuat Fondunun “Dan ulduzu”, “Zərdabi” mükafatları ilə təltif olunur. Müstəqil Azərbaycanda Respublika Qadınlarıının l və ll qurultayının nümayəndəsi seçilmiş, dəfələrlə ”İlin jurnalisti” adını qazanmış Ş.Əlixanlı 1996 -cı ildə isə Ulu Öndər Heydər Əliyevin 4 noyabr tarixli fərmanı ilə Azərbaycan Mədəniyyətinin, İncəsənətinin və dövlətçiliyinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar İncəsənət Xadimi” adına layiq görülür.
İndi Əməkdar İncəsənət xadimi Şəfəq Sultan MİMTA-da (Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu) 2012-ci ildən nəşr olunan “İşıq” dərgisində çalışır. Necə deyərlər, o Şəfəq adlı sehirli səs sahibi indi öz şəfəqli ziyasını yolumuzu işıldadan “İşıq”la birləşdirmişdir. Jurnalın redaktoru olan yazıçı-publisist Şəfəq Sultan Əlixanlı ölkəmizin intellektual həyatında mühüm mövqe qazanmış; Azərbaycan qadınlarının fəaliyyətini, işini, hüququnu, habelə cəmiyyətdə uşaq tərbiyəsi məsələlərini işıqlandıran, mədəni yaddaşın bərpasına aparan aktual səviyyəli mövzuları canlandıran “İşıq” dərgisində də öz peşəsinə, Sözə, onun aliliyinə, ucalığına vurğunluğunu göstərməkdədir.
Yazımı Kəlbəcərli şair-həkim, mərhum Cabir Umudun 2010-cu ildə işıq üzü görən Şerlər kitabından götürdüyün Ş.Əlixanlıya həsr etdiyi şerdən bir parça ilə süsləmək istədim:
TANRI ƏRMAĞANI Saflıq mücəssəməsi olan, gözəl ana,
gözəl ədəbiyyatçı, gözəl aparıcı
Şəfəq Sultan ƏlixanlıyaBu səsdə bir sehr, bir əlamət var,
Bu səs səmalardan ələnib gəlir.
Bu səsdə rayihə duyum başqadı
Bu səs bir paklığa bələnib gəlir.
Bu səsdə – çəmənlər çiçək dənizi,
Bu səsdə – bulaqlar zəm-zəm suyudu.
Bu səsdə – min çalar, min bərəkət var
Bu səsdə – hər nəfəs Qorqud boyudu.
Tanrı yerə bir ərmağan göndərib,
Səsindən, üzündən şəfəq saçılır
Bu ərməğan Șəfəq xanım özüdü;
Günü nuru səhərlərə saçılır...
Cabir Umud
20.12.2009Yazımın “İşığım, deyə xitab etmək istəyirəm sənə...” adını Şəfəq Sultan xanımın yenicə çapdan çıxan, “Qızım mənim” kitabından götürdüm... Bir ananın içdən gələn, qəlbi titrədən ürək sözlərini, ana ilə övlad arasındakı misilsiz sevgi bağını, bitməz duyğuları, qayğını, məsuliyyəti incə bir dillə çatdıran doğma, məhrəm ruhlu bu kitab da müəllifin “İşığ”ın səhifələrində yer alan eyni adlı, isti yazılarının məcmuudur.
Sonda demək istəyirəm ki, yazıçı-publisist Şəfəq Sultanın günəş şəfəqlərinə bənzər qələmi, işıqlı üslubu var, illər boyu qulağımıza, oradan ürəyimizə yol tapmış o nəcib Səsi, sözü, qələmi ilə, fərqi yoxdur, bu söz gülüstanını da onsuz təsəvvür etmək mümkün deyil. Bədii yazılarındakı enerji, insanı həyata bağlayan mənzərələr eynən efirlərdən gələn Səsi kimi hər kəslə doğma bir ruhla danışır. Sənət şəfəqləri bu qələmdə yaradıcılığının poetik fəsillərində rəngli, əlvan duyğular yaradaraq insanı dostluğa, həyatda dürüstlüyə, sədaqətə, ülviyyətə səsləyir. Sənətdə bir epoxa təşkil edən böyük və mənalı həyat, eyni zamanda yaradıcılıq yolu keçmiş söz ustadına cansağlığı və tazə bahar günlərinin səfasını, İşığını dolu-dolu yaşamağı arzulayıram.
Minaxanım TəkləliFilologiya elmləri doktoru, professor