"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 15-09-2026, 08:20
ÖMRÜN PAYIZ ÇAĞINDA YAZ DÜŞÜNCƏLƏRİ

ÖMRÜN PAYIZ

ÇAĞINDA

YAZ DÜŞÜNCƏLƏRİ


Naxçıvan ədəbi mühitinin istedadlı qələm sahiblərindən şair Ramiz Babayevin imzası ədəbiyyatsevərlərə çoxdan məlumdur. Xüsusilə yaradıcılığındakı Zəfər tərənnümü ilə diqqət mərkəzinə gələn şairin yaradıcılıq mövzuları olduqca müxtəlifdir: sevgi, el-oba, vətən məhəbbəti, ana dili, söz vurğunluğu, əxlaqi-mənəvi zənginlik və s. Şair yaradıcılığında xalqın ümumi kədəri və qayğılarına qoşulub Vətən torpağının işğalına qəmləndiyi kimi, bir gün qələbənin də əldə ediləcəyinə ümidlərini ifadə etmişdi. Artıq 2020-ci ildə qazanılan möhtəşəm qələbə ilə duyğular yeni coşqu ilə aşıb-daşdığı kimi, ədəbiyyatımız da, şair Ramiz Babayevin yaradıcılıq təbi də bu mövzuda böyük həvəslə yazıb-yaratmağa başladı. Xalqımızın Zəfər təntənəsini dilə gətirən sənətkarlarımızdan biri də məhz Ramiz Babayev idi. “Salam, Şuşa” adlı şeirlər kitabında şairin məhz zəfər duyğuları əks edilən şeirləri toplanmışdı. Şair artıq növbəti bir kitabını ərsəyə gətirmiş və çap etdirmişdir. Bu kitabda hər bir mövzu özünün layiqli yerini tapmışdır. Qarışıq mövzularda yazılmış şeirlərdən ibarət bu kitab sənətkarın ömrün “payız çağında” ərsəyə gəldiyi üçün də adı “Ömrün payız çağında” adlandırılmışdır. Nəşrin redaktoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Rövşən Hüseynovdur. Kitaba ön sözünü əməkdar jurnalist Muxtar Məmmədoğlu yazmışdır. Kitabın rəyçisi filologiya elmləri doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımovdur. Kitab Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilmişdir.
Şairin nostalji duyğularını poetik ifadə etmiş əsərləri bu kitabda məxsusi yer tutmuşdur. Məhəbbət, həsrət, niskil, ümid, inam, sevgi bu şeirlərin başlıca mövzusu, mətləbi, duyğularıdır. “Hara aparırsan bu gözəlliyi?”, “Kaş arzular qədər ömrüm olaydı”, “Nağıl imiş bu məhəbbət”, “Əgər məni sevməsən”, “Getmə”, “Qonaq gəl”, “Sənsiz”, “Sənsiz sevgim qocalıbdır”, “Sevgi günahı” və bu kimi şeirlər insanı insan edən, duyğulandıran, ona heysiyyət, hissiyyat, ağrı, sevinc, kədər, xoşbəxtik, bədbəxtlik kimi duyğular verən məhəbbət mövzusunda yazılmışdır. Əlbəttə, sevginin yaşı yoxdur deyiblər. Amma bu şeirlərdəki sevgi ömrün ahıl vaxtındakı xatirələr, nostaljilik kəsb edən sevgi duyğularıdır. Eşqin geri dönüşümü, yaddaşın, duyğuların oyanışı, insanlığın özünü təsdiqidir. Yəni bu şeirlərdəki məhəbbət gerçəklikdən daha çox müdriklik təzahürüdür. Necə ki şair misralarından birində deyirdi: “Axı mənim bu ürəyim Məhəbbətdən yorulubdur!”. Müdrikliyə qovuşmuş insanın özünü xatırlaması və özü ilə vida kədəridir: gəncliyinə vida edən ahıl insanın özünü qəbul etmək əzmidir. Ona görə də bu şeirlərdəki sevgidə saflıq, ülviyyət, müqəddəslik, günahsızlıq, məsumiyyət var. “Sənsiz sevgim qocalıbdır” şeirində ifadə edildiyi kimi:

Məni oda salan gözəl,
Ürəyim səndə qalıbdır.
Sən allahın, bir qayıt gəl,
Sənsiz sevgim qocalıbdır.

Düşür yarpaq-yarpaq ilim,
Lal olubdu sənsiz dilim.
Səni illərdir gözlədim,
Ürəyimi dərd alıbdır.


“Hara aparırsan bu gözəlliyi” şeirində insana sevgi bəxş edən bir gözəlliyin talesiz gedişi, aqibəti sanki təcəssüm olunubdur. Allahın xoş günündə yaranmış gözəlliyə sahib, gözlərindən eşq, vurğunluq yağan bır qızın aqibəti, sonu bəlli olmayan taleyə doğru gedişi şairin nəzərincə misralara alınmşdır. Şair xalq dilindəki gözəlliyi təsvir vasitəsi olan “Aya deyir sən çıxma, mən çıxım, Günə deyir, sən çıxma, mən çıxım” ifadəsini öz ifadə tərzinə uyğunlaşdıraraq “Günəş də düşübdür sənin dalına, Yanında-yörəndə kölgəyə dönür” şəklində improvizə edərək işlətmişdir.
“Sənin məhəbbətindir” şeirində eşq, məhəbbət əsl mənasını taparaq mövzu edilmişdir. İnsanı insan edən, onda insaniliyi var edən eşq bu şeirdə əsl mətləbini, izahını taparaq obrazlaşdırılmışdır. Burada bəhs edilən eşq insanı var edən, mənən zənginləşdirən, ruhən insaniləşdirən, əsl və əsil canlıya, heysiyyətli varlığa çevirən bir vacib keyfiyyət kimi yer almışdır. Klassik fəlsəfi və bədii fikirdə yer alan idealist, romantik, fəlsəfi məhəbbət bu şeirin ədəbi cövhərini təşkil etmişdir. O eşq ki insanı kamilləşdirir, insanı bütün vacib keyfiyyətlərilə insan edərək zənginləşdirir, bütövləşdirir. O eşq ki Qeysi Məcnunlaşdırıb əfsanələrə döndərmişdi, o eşq ki Yusifi Tanrısına yetişdirmişdi, Züleyxanı dillərə salmışdı, o eşq ki Kərəmi yandırıb-yaxmışdı, Qəribi yollara salmışdı. Məhz bu ilahi, müqəddəs, ülvi eşq şairin “Sənin məhəbbətindir” şeirinin mövzusu olaraq lirik mənin mənəvi keyfiyyətlərini üzə çıxarmışdır.
Ramiz Babayevin yaradıcılığında ciddi ictimai məzmunlu lirikaya da rast gəlmək olur. Şair elliklə gələn dərd-bəladan, insanı acıdan xoşəgəlməz hallardan dərdi-gileyini ictimailəşdirərək ifadə edir. “Dərdim çoxdu, üstümü ört” şeirində ictimai eyib və eybəcərliklər, mənəvi çatışmazlıqlar, əxlaqi nöqsanlar poetik şəkildə yer alaraq tənqid edilmiş, rast gəlinən xoşagəlməz hallar haqda giley olunmuşdur:
Dərdim çoxdu, üstümü ört,
Dərd üstünə dərd tökülər.
Zaman belə gəlib, qağa,
Dövran sürür boz sərçələr.

Şairin “Dilənçi” başlıqlı şeirində də bir ictimai dərd, kədər, qəm yer alıbdır. Şair ictimai səbəblərlə bağlı olaraq kasıblığa düçar olub dilnəçilik edən insanın faciəsini və mənəvi acısını, kədərini əks etdirmişdir. Bu şeir konkret ünvanı göstərməsə də, konkret təbəqəni, nümayəndəni işarə etməsə də, ümimilikdə cəmiyyətdə yer alan ictimai hallardan biri kimi dilənçilərin taleyi haqda bəhs olunmuşdur. Özü üçün həyatda qalma, yaşama sənətinə çevirənlər istisna olunmaqla bəzi dilənçilik halları bir insanın faciəvi taleyi, kədərli aqibətidir, işsizliyin, mənəvi məsuliyyət olaraq çarəsizliyin atladılması yoludur. Buna görə də bu şeir bizə bir zamanlar müəllimlərin yoxsulluqdan dilənçiliyə məhkum edildikləri halların təsirli tənqidi ifadəsi olan professor və şair Famil Mehdinin “Dilən, professor, dilən” şeirini və buna oxşar digər əsərləri yada salır. Ümumiyyətlə, şair Ramiz Babayevin növbəti kitabındakı “Dərdim çoxdu, üstümü ört”, “Dilənçi”, “Deyirlər, dünyanın axırı çatıb”, “Tənhalaşmış ağacların qəfil sınmaq qorxusu var”, “Söz vermə naşıya”, “Paxıllar” və bu kimi şeirləri ictimai məzmunlu lirika örnəkləri kimi kitaba ciddi ictimai məzmun verir.

Şair Ramiz Babayev ilhamla yazdığı əsərlər sirasında əziz dostlarını, sevdiklərini də unutmur, onlara olan sədaqətini, bağlılığını, onlar üçün duyğularını, sevincini, kədərini, təəssüfünü dilə gətirir, poetik ifadəli ədəbi nümunəyə çevirir. “Qayıt gəl”, “Nə tez qocalmısan, qardaş”, “Qəriblik” şeirləri məhz bu tipli əsərlərdəndir. “Qayıt gəl” şeirində yaxın dostun həyat yoldaşının itkisinə, “Nə tez qocalmısan, qardaş” şeiri isə dostu, şair və jurnalist Rövşən Hüseynova, “Qəriblik” şeiri Mürvət Qədimoğlu Həkəriyə həsr edilmişdir.
“Ana”, “Analı günlərim” şeirləri ana məhəbbətinə həsr olunan qiymətli əsərlərdir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında ana mövzusu həmişə əhəmiyyətli bir yerə sahib olub. Bütün zamanlarda ana sevgisi, bala məhəbbəti tərənnüm olunmaqla bərabər, irihəcmli əsərlərin başlıca mövzusuna çevrilib, qiymətli əsərlər ərsəyə gəlib. Qadına yüksək dəyər verən Azərbaycan cəmiyyətində qadın həmişə ucalıq nümunəsi olub: Qadın anadır, bacıdır, gəlindir, qızdır, övladdır, xoşbəxtliyin və sevginin rəmzidir. Buna görə də şair Ramiz Babayevin də yaradıcılığında ana mövzusu ayrıcalıq təşkil edib. Ana sevgisi, ana mehri, ana məhəbbəti “Analı günlərim” şeirində belə əks olunub:
Anamın laylası çıxmır başımdan,
Həyət-bacamızın mehri azalıb.
Onun gülüşündən, xoş baxışından,
Bizə göz yaşları xatirə qalıb.

Yatdığı çarpayı tənha-tək durub,
Elə bil əyilib qəddi onun da.
Analı günlərim yolda oturub,
Gözləyir qayıdam günün sonunda.


Şeir məzmun, ruh etibarilə Xalq şairi Məmməd Arazın yaradıcılığını, onun ana mövzusunda yazdığı əsərlərin ruhunu xatırladır. Əlbəttə, bu, Naxçıvan ədəbi mühitində möhkəmlənən Məmməd Araz məktəbinin təzahür formasıdır ki, diqqəti cəlb edir. Şair çox haqlı olaraq ana xatirəsini ananın əli dəyən, bədəni toxunan bütün əşyalarda qorunduğunu diqqətə çatdırır, hər əşyadan, hər şeydən ana mehrini hiss etdiyini ifadə edir. Bir zaman ananın istifadə əşyası olan şeylər indi onun yoxluğunda ananın əziz xatirəsini yaşadan və hiss etdirən vasitələr, əşyalar aləmi kimi təqdim edilir. Əlbəttə, ədəbiyyatda bu ifadə tərzi ana məhəbbətinin ən özəl, ən özünəməxsus ifadə imkanı olaraq müəyyənləşmişdir.
Ramiz Babayevin yaradıcılığında təbiət lirikası da özünəməxsusdur. “Batabata gəlmisən”, “Məmməd Araza”, “Əgər bu torpağın qədrini bilsən”, “Yağışın şəkilləri”, “Bahar” kimi şeirlərdə təbiətin əsrarəngizliyi, gözəlliyi, təbiət və insan münasibəti öz əksini tapıb. ədəbiyyatımızda əhəmiyyətli bir istiqamət təşkil edən təbiət lirikasının da bütün ədəbiyyat adamlarının yaradıclığında xüsusi yer tutduğunu qətiyyətlə söyləyə bilərik. Çünki insan həm də təbiətlə həmahəngdir. Təbiətin taleyi insanın taleyidir. Təbiət insanı bütün duyğu və düşüncələrilə ortaya çıxarmağa qabil bir varlıq mühitidir. Təbiət həm də gözəllikdir, gözəlliyin obyektiv simasıdır, anadangəlmə varoluşudur. Təbiətin gözəlliyini yağı. Hadisəsilə əks etdirmək özü də ədəbiyyatda bir ənənə təşkil etmişdir. Ən çox sevilən şeirlərdən biri kimi Müşfiqin “Yağış yağır” şeiri bir çox yeni əsərlərin meydana gəlməsinə vəsilə olmuşdur. Ramiz Babayevin də yağış mövzulu şeirlərində təbiətin sevgi halı öz əksini tapmış, yağışın yağması ilə insanın sevgi coşğunluğu arasında oxşarlıq hadisəsi olaraq təsvir olunmuşdur.
Beləliklə, öz imzası, öz sözü olan şair Ramiz Babayevin yeni kitabı özünün payız duyğularını ifadə tərzinə görə daha çox seviləcəyi və oxunacağına qətiliklə inanmaq olar.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya elmləri doktoru, dosent


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!