Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 26-07-2026, 15:58
Elmanın öz dünyası

Elman Rüstəmov-60
Təbrik edirik!

Elmanın öz dünyası

Bəzən insan gün ərzində beş, on, yüz, bəlkə də min adamın yanından keçir. Elə dövrə gəlmişik ki, adam qayğıların, fikir-zikrin əlindən, bəziləri də görmədiyi günə çatdığından, pullandığından heç bir məhəllədə, eyni küçədə yaşadığı adamı ya görə bilmir, ya da görməzdən gəlir. Belələri təkəbbürdən o qədər şişirlər ki, beyin öz funksiyasını itirir, baş gicəllənməsi əmələ gəlir və hər şeyi baş ayaq görməyə başlayırlar. Bax onda onlara elə gəlir ki, özlərindən çox-çox yüksəkdə olanlar çox aşağıdadırlar. Elə ictimai mizan da onda, hər kəs özünü olduğu kimi tanımayanda pozulur. Bu qənaətə paytaxt mühitində yaşadığım 50 il müddətində gördüyüm, şahidi olduğum hadisələri dəyərləndirərək gəlmişəm. Bir də o qənaətə gəlmişəm ki, tanıdıqlarımın bəziləri insanlığın fövqündədir. Onların öz dünyası, öz təbiəti, fövqəlbəşər daxili zənginlikləri olur. Ətrafdakıların bir qismi belə insanların xeyirxahlığını, humanizmini, malik olduqları dəyərləri qismən dəyərləndirib qeyd etsələr də, əksəriyyət belələrini dərk etməkdə çətinlik çəkir.
Özünəməxsus ali xarakterə malik fövqəlinsanlardan biri də Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmovdur. Elman Rüstəmovla eyni rayonda doğulsaq da, 40 ilə yaxın eyni məkanda, qonşu küçələrdə yaşasaq da tanışlığımız “Bütöv Azərbaycan” qəzeti təsis olunandan sonra yarandı. İstəyirəm onu əvvəlcə oxucularımızla tanış edəm, sonra necə tanıdığımı ərz edərəm...
Rüstəmov Elman Süleyman oğlu 1966-cı ildə, iyulun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Aşağı Girətağ kəndində anadan olub. 8 illik məktəbi doğma kənddə bitirib. İlk yaradıcılığa da elə orda başlayıb.

Kəndlərindəki Daş karxanasının erməni rəisinin əməllərindən bəhs edən “Rüşvətxor rəis” birpərdəli komediyasını 12 yaşında yazıb. O, 12 yaşında həm də atasını itirib. Ana himayəsində böyüyən Elman 9-10-cu sinifləri Abşeron rayonunun Mehdiabad qəsəbəsində oxuyub. Amma yaradıcılıq qabiliyyəti uşaqkən büruzə versə də, peşə seçimində tamam başqa istiqamətə üz tutub. Ali məktəbə qəbul olması da yaradıcılığı kimi maraqlıdır. Sinif yoldaşlarının, tay-tuşlarının danışdığına görə Elman çalışqan və məsuliyyətli şagird olub. Həm də o qədər həssas olub ki, atasızlığının yükünü çəkən anasına Azərbaycan Tibb İnstitutuna (İndiki Tibb Universiteti) qəbul olması xəbərini çatdıranda özü sevincdən və yorğunluqdan bayılıb.

Elman Rüstəmov yorğun illərinin bəhrəsi olaraq 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini Fərqlənmə diplomu ilə bitirib. Amma müqəddəs amallarla peşəsinə ləyaqətlə xidmət etmək arzusunda olan gənc həkim təyinat bölgüsü vaxtı sürprizlə qarşılaşıb. Beləki fakültənin dekanı Fərman Təhməzov onu yanına çağıraraq deyib, -Elman, get fikirləş, gör institutda qalmaq istəyirsən yoxsa yox. Əgər fakültədə qalmaq istəsən saxlaya bilərik. Dünyanın qaranlıqlarından, “xoşməramlılar”ın umacaqlarından xəbərsiz yetim sevincindən bütün gecəni fikirləşib və bu ilahi şansı qaçırmamaq qərarına gəlib. Ağlına başqa heç nə gəlməyib. Əslində ağıla gələsi heç nəyi yox idi. Çünki kasıblıqla uğraşa-uğraşa dərslərinə çalışaraq Fərqlənmə diplomu almışdı. Belə adamlar nə qədər fikirləşsə də qara fikirlər ağlından keçmir.
Beləcə Elman Rüstəmovun təyinatı fakültədən çox-çox uzaqlara verilib. O, işlədikdən, dünyadakı eybəcərlikləri, saxtakarlıqları, çoxsifətliləri gördükdən sonra başa düşüb ki, get fikirləş nə deməkdir.
E. Rüstəmov əmək fəaliyyətinə mülki həyatda başlasa da, müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin ordu quruculuğunda tibb kadrlarına ehtiyac olduğunu nəzərə alıb, taleyini Azərbaycan Ordusuna bağlayıb. 22 il Milli Orduda hərbi provizor kimi müxtəlif vəzifələrdə xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi yubiley medalları, Azərbaycan Silahlı Qüvvələrində 15 il Qüsursuz Xidmətə Görə medalı ilə təltif edilib. Azərbaycan torpaqlarının işğal altında olduğu ağır illərdə canı- könüldən Vətənə xidmət edən tibb xidməti polkovnik-leytenantı Elman Rüstəmov müharibə veteranıdır. 28 noyabr 1992-ci ildən 19 dekabr 2014-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrində tibb xidməti zabiti kimi qulluq edib. Vətəninə şərəflə xidmət edən dostumuz Azərbaycan Respublikası müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli 087/t saylı əmrinə əsasən “Qüsursuz Xidmətinə Görə” I dərəcəli medalla təltif olunub.
O, harda olmasından asılı olmayaraq həmişə xoşgörüyə, insani dəyərlərə üstünlük verib. Xeyirxahlıqdan zövq alıb. Müdafiə Nazirliyinin Bakıda yerləşən Baş Klinik Hospitalında xidmət elədiyi dövrdə görür ki, bir kişi neçə gündür hospitalın qəbul şöbəsinin qabağında oturur. Axırıncı dəfə işdən çıxanda kişini yenə orda oturan görüb niyə oturduğunu soruşur. Kişi cavab verir ki, əsgər atasıyam. Oğlum Naxçıvanda xidmət edirdi. Xəstələnib, neçə gündür Reanimasiya şöbəsində yatır. Nigarançılıqdan evə gedə bilmirəm. Gedim anasına nə deyim?!
Elman həkim əsgər atasını maşına mindirib evə aparır. Dəyişək paltarı verib hamama salır. Gecəni öz evində qonaq saxlayıb oğlunun tezliklə yaxşı olacağına dair təsəlli verir. Səhər yeməyindən sonra yenə maşınla aparıb evinə yola salır. Onun nigaran qalmaması üçün əlindən gələni edir. Sən get ki, anası da nigaran qalmasın,-deyir.
Hərbi həkim öz xeyirxah əməlləri barədə danışmağı xoşlamadığından neçə-neçə nəcib işlərinin nəticəsi Allahı ilə öz arasında gizli qalıb.
Dürüst, vicdanlı, ədalətli, vətənsevər və insanpərvər adamların əli əyrilərin, tamahkarların, saxtakarların arasında işləməsi bütün dövrlərdə çətin olub. İndi də elədir. Gözütox Elman Rüstəmov ömrünün qalan hissəsini könül xoşluğu, ruh rahatlığı ilə, intriqalardan uzaq yaşamaq üçün, cavan olmasına baxmayaraq, xidmət müddəti bitən kimi ərizə yazaraq 47 yaşda təqaüdə çıxıb. Bapbalaca bir aptek yeri icarəyə götürüb, həm öz başını qatır, həm də iki-üç ailənin güzəranının yaxşılaşmasına vəsilə olur. Həkimə getməyə pulu olmayanlara həkim məsləhəti verir, tanış həkimlərdən, dostlarından onlara təmənnasız yardım göstərməyi xahiş edir.
Qeyd etdiyim kimi Elman Rüstəmovla tanışlığımızın yaşı “Bütöv Azərbaycan” qəzetinin yaşı qədərdir. 2009-cu ilin oktyabrında qəzetin 3 nömrəsində ard-arda “Mən “Tupoy””, “Başkəsənlər” və “Səsli çeşmə” yazıları çap olundu. Beləcə yazıçının həm yaradıcılığı, həm də şəxsiyyəti ilə tanışlığımız başladı. Elə kitablarının nəşri də o vaxtdan sonraya düşdüyünə görə hamısını əldə edib oxumaq imkanım oldu.

“Xoşbəxt günlərimin açı göz yaşları” (Zaurun yuxuları) onun ilk çap olunan kitabıdır. Qısa müddətdə yazıçının “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Dürmək restoranı” və “Tanrı ürəklərdədir” kitabları çap olundu. 4 ilin içində 6 irihəcmli kitabın ərsəyə gəlməsi müəllifin nə qədər məhsuldar olduğunun göstəricisidir. “Novruzda açılan atəş” povesti Qarabağ müharibəsi mövzusundadır. “Kreml qülləsi” və “Morqda yeni il şənliyi” hekayələri rus dilinə tərcümə olunaraq Ukrayna mətbuatında dərc olunub.
Mən ədəbiyyatşünas- tənqidçi olmadığıma görə, Elman Rüstəmovun yaradıcılığı barədə diqqəti filologiya elmləri doktoru Şakir Albalıyevin “Düşüncə fədaisi olan yazıçı” məqaləsindən bir fraqmentə yönəltmək istəyirəm:
Elman Rüstəmov bir müəllif kimi yazdıqlarında nə dərəcədə millidirsə, o dərəcədə də vətənpərvər kimi, nə dərəcədə milli ruhlu vətənpərvərdirsə, o dərəcədə də bəşəri ideallara sadiq bir sənətkar kimi çıxış edir. Mən onun yazılarının ruhunda ziyalı – yazıçı kimi özünü fəda etdiyini görürəm: onu sözün həqiqi mənasında düşüncə fədaisi olan yazıçı kimi səciyyələndirirəm. Çünki o, eşidib-gördükləri həyat həqiqətlərini yazıçı təxəyyülündən və analitik yazıçı düşüncəsindən keçirməklə nəsr əsərinə çevirir. Onun yazı üslubu, yazıçı kimi özünü göstərə bilmək missiyası məhz bu mühüm amildən rişələnir. Onun hər əsərində düşüncə qatları müəyyən intervallarla özünü göstərir.
“Kreml qülləsi”, “Ağ vərəq”, “Mən”, “Tupoy”, “Baş kəsənlər”, “Ən qısa hekayəm”, “21 dekabr dünyanın sonu, yoxsa bir yəhudi oyunu”, “Şəkinin “Xan sarayı” və s. Bütün bu və bu kimi digər əsərlərində biz qatbaqat düşüncə layları ilə rastlaşırıq: düşünərək (müəyyən ədəbi-fəlsəfi kəşflər edərək) oxucularını da bu xüsusda düşündürür.
Elman Rüstəmov ehtiyata buraxıldıqdan sonra ölkəmizin ictimai həyatında daha səmərəli fəaliyyətə başlayıb. Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü kimi 2017-ci ildə “Hərə bir əsgər, hər ev bir səngər” layihəsi çərçivəsində Tovuz rayonunun Ağdam kəndinə, yerli əhalinin görüşünə gedib. Kitablarını kənd camaatına hədiyyə edərək, onları düşmənlə üz-üzə dayanaraq yurdu, doğma ocağı qoruduqlarına görə təqdir edib. Maraqlıdır ki, qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi də məhz həmin kənddə alovlanıb.

Müharibədən sonra-2 noyabr 2022-ci ildə “Vətən sənə canım fəda” layihəsi çərçivəsində 44 günlük Vətən Müharibəsinin rəmzi olaraq, Şuşa uğrunda döyüşüb Şuşaya çatmadan Şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini təşkil etmişdik. Səfərin ən ağır xərclərindən birini-1000 manat nəqliyyat xərcini Elman Rüstəmov çəkdi. Mən həmin pulu almağa tərəddüd edəndə dedi,-müəllim, illərdi mən bu 1000 manatı əhd edərək ayırmışdım ki, torpaqlarımız işğaldan azad olunanda xərcləyəm. İndi o mübarək gün gəlib, nə xoş ki, Şuşamızın ziyarətinə Şəhid ailələri ilə birgə getmək nəsibim olub.
Artıq 17 ildir ki, Elmanla tanışıq və ürəklə deyə bilərəm ki, tanışlığımız müəyyən sınaq mərhələlərindən keçmiş dostluq səviyyəsindədir. O, mənə güvənirmi, deyə bilmərəm, amma mənim ona güvəncim tamdır. Xidmətdə qüsursuz olduğu kimi, dostluqda, vətəndaş mövqeyində də qüsursuzdur. Yaşlılara, xəstələrə şəfqəti, mərhəməti ilə, körpələrə məhəbbəti ilə seçilir. Ailəcanlı olduğu qədər də elcanlıdır. Bəzən onun hədsiz humanistliyindən, alicənablığından, üzü yumşaqlığından sui istifadə edənlər də olur. O, böyüklük edib görməzdən gəlir, nə olursa olsun özünü o yerə qoymur. Amma yaxşı bilir ki, elə qəribə tiplər var ki, qulluğunda durduqca adamı qul yerinə qoyur. Bax bu dözülməzdir...
Hərbi Jurnalistlər Birliyinin, demək olar ki, heç bir tədbiri Elman Rüstəmovsuz keçmir. Keçən il Laçın rayonunda Şəhid Camal Quliyevin tənha məzarını birlikdə ziyarət etdik. Avqustun 24-də isə əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçılar Bəylikdə məskunlaşmış kənd camaatı ilə görüşdü. Yerli əhali çatışmazlıqlardan, çətinliklərdən söhbət açanda yazıçı-publisist məskunlaşma zamanı müəyyən müddət çətinliklərin olacağını təbii sayaraq qeyd etdi ki, mən bir hərbçi və yazıçı olaraq Vətənimizin hansı çətinliklərdən keçdiyini yaxşı bilirəm. Dövlət müstəqilliyimiz elan olunan kimi dörd bir yandan düşmənlərimiz üstümüzə düşdü. Ordusuz, əliyalın könüllü dəstələr Vətənin müdafiəsinə qalxdı. Şükr etdiyimiz bu günə gəlincə 30 minə yaxın Şəhid verdik. O vaxtlar heç kim dövlətdən heç nə ummurdu. Hər əzaba qatlaşırdıq ki, təki dövlətimiz toparlanıb torpaqlarımızı azad edə bilsin. Hər kəs mən Vətənimin xilası üçün dövətə nə kömək edə bilərəm,- deyə düşünürdü. Gördüyünüz kimi güc birliyi, söz birliyi ilə torpaqlarımızı düşmən tapdağından azad elədik. Dar günün ömrü az olar. Müvəqqəti çətinliklər də keçib gedəcək. Mən bircə ona təəssüflənirəm ki, səsinin yanğısı ilə Laçını unutmağa qoymayan Məhəbbət Kazımov Qarabağın azadlığını, Laçınımızın yeni növrağını görə bilmədi...
Elman Rüstəmov 2014-cü ildə “Qafqaz-Media”İctimai Birliyinin “Nurlu qələm” mükafatına layiq görülüb. Hərbi Jurnalistlər Birliyi isə layihələrin həyata keçirilməsində göstərdiyi köməyə və mənəvi dəstəyə görə “Vətənoğlu” Fəxri Diplomu ilə təltif edib.

Onun şəxsi keyfiyyətləri, mənliyi, ləyaqəti, insanpərvərliyi, səmimiyyəti, xoşrəftarı, nə qədər nəzakətli və kübar bir insan olduğu barədə yazmaqla bitən deyil. Odur ki, əziz dostumu 60 illiyi münasibəti ilə “Bütöv Azərbaycan” Media qrupu adından, Hərbi Jurnalistlər Birliyi İdarə Heyəti adından səmimi qəlbdən təbrik edir, sağlam uzun ömür, ictimai fəaliyyətində və yaradıcılığında uğurlar arzulayırıq. Bir də arzu edirik ki, Zəngəzur dağlarındakı doğma kəndində, Qalanın başında şahmat oynamaq əhdi hasil olsun!
Sevgi və sayğılarla:
Tamxil Ziyəddinoğlu


Paylaş



Bölmə: Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!