Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                       
Tarix : 1-08-2026, 08:40
DİLİMİZ – MİLLİ KİMLİYİMİZ, VARLIĞIMIZ  VƏ QÜRUR MƏNBƏYİMİZ


DİLİMİZ – MİLLİ KİMLİYİMİZ,

VARLIĞIMIZ VƏ QÜRUR MƏNBƏYİMİZ


Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin saflığını qorumağın, onu yaşatmağın və gələcək nəsillərə olduğu kimi ötürməyin nə qədər mühüm olduğunu bir daha xatırladır.
Azərbaycan dili anamızın laylasıdır, xalqımızın ruhudur, milli kimliyimizin ən müqəddəs rəmzlərindən biridir. Dilimizin saflığını, zənginliyini və gözəlliyini qorumaq hər bir azərbaycanlının mənəvi borcudur. Başqa dilləri öyrənmək böyük üstünlükdür, lakin öz ana dilini, ədəbiyyatını və milli kökünü bilməyən insan heç bir dili kamil şəkildə mənimsəyə bilməz.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir.
Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.

Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!


Mən Gürcüstanın Rustavi şəhərində doğulmuş, orada böyümüş, təhsil almış və uzun illər Rustavi şəhər mətbəəsində çalışmışam. Təxminən 200 nəfərin işlədiyi kollektivdə cəmi dörd azərbaycanlı idik. İş yerində rus və gürcü dillərində danışsaq da, öz aramızda həmişə Azərbaycan dilində ünsiyyət qururduq. Məhz doğma dilimiz bizi hər kəsə azərbaycanlı kimi tanıdırdı.
Rəhmətlik atamın bir sözü bu gün də qulağımdadır: "Ailənin içində başqa dildə danışmayın. Başqa dilləri öyrənin, amma ana dilinizi heç vaxt unutmayın." Bu nəsihət bizim həyat amalımıza çevrildi. Harada yaşamağımızdan asılı olmayaraq, millətimizin nümayəndələri ilə həmişə öz ana dilimizdə danışdıq və bununla fəxr etdik.
Rustavi Mədəniyyət Mərkəzinin təsisçilərindən biri, eləcə də Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərdiyim illərdə təşkil etdiyimiz bütün tədbirlərdə Azərbaycan dilində çıxış edirdik. Digər millətlərin nümayəndələri üçün isə çıxışlar tərcümə olunurdu. Gürcüstan dövlətinin dəstəyi ilə Rustavi Mədəniyyət Evində Novruz bayramının rəsmi şəkildə qeyd olunması da dilimizin, milli-mənəvi dəyərlərimizin yaşadılması və Azərbaycan xalqının tanıdılması baxımından böyük əhəmiyyət daşıyırdı.
1921-ci ildən Tiflisdə nəşr olunan "Sovet Gürcüstanı", sonralar isə "Gürcüstan" adı ilə fəaliyyətini davam etdirən qəzet mənim və minlərlə soydaşımızın həyatında xüsusi yer tuturdu. Yazılarımız bu qəzetdə dərc olunur, mədəniyyət, incəsənət, idman, poeziya və ədəbiyyat aləmində baş verən yenilikləri məhz bu qəzet vasitəsilə izləyirdik. Bu qəzet bizə Azərbaycan sözünün gücünü, milli mətbuatın əhəmiyyətini öyrədirdi.
Valideynlərim məni Rustavidə fəaliyyət göstərən 7 nömrəli məktəbin Azərbaycan bölməsində oxutmaqla həyatımın ən doğru qərarını vermiş oldular. Həmin məktəbdə biz təkcə təhsil almadıq, həm də milli ruhda böyüdük. Gürcüstanda yaşayan şair və yazıçılarla görüşlər keçirdik, redaksiyalara getdik, ədəbi mühitlə yaxından tanış olduq. "Sovet Gürcüstanı" qəzetinin redaktoru Süleyman Süleymanov, müavini Həmid Vəliyev, Mahmud Hacixəlilov, Qasım Əhmədov, Elman Kələyev, Arif Mustafazadə, İslam Əliyev kimi ziyalılarla görüşlər mənim dünyagörüşümün formalaşmasında mühüm rol oynadı. Onlar mənim düşünən beynimə, danışan dilimə çevrildilər.
Ədəbiyyat müəllimim, rəhmətlik Mustafa Məmmədov hərdən dərsdə deyərdi:
"Ay Güllü, gəl Aşıq Ələsgərdən, Səməd Vurğundan, Mirvarid Dilbazidən bir şeir söylə, dincəlim."
Mən də böyük həvəslə şeirlər söyləyərdim. Bəlkə də həmin günlərdən xəbərsiz şəkildə ədəbiyyat aşiqinə çevrilmişdim.
Bu gün həmin illəri minnətdarlıqla xatırlayıram. Çünki məni bu günə gətirən yolun başlanğıcında ana dilim, Azərbaycan ədəbiyyatı və milli mətbuat dayanır.
Ulu Öndər Heydər Əliyev deyirdi:
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir."
Bu fikirlər bu gün də öz aktuallığını qoruyur. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, qorunması və zənginləşdirilməsi məhz Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.
Bu gün məktəblərdə ədəbi məclislərin, poeziya günlərinin, yazıçı və şairlərlə görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərin nitq mədəniyyətini inkişaf etdirir, onların ana dilində sərbəst və gözəl danışmasına, fikirlərini düzgün ifadə etməsinə, milli-mənəvi dəyərlərə bağlı böyüməsinə xidmət edir.
Ana dili xalqın keçmişi, bu günü və gələcəyidir. Gəlin bu böyük mənəvi sərvəti qoruyaq, sevək və gələcək nəsillərə olduğu kimi çatdıraq.
Ana dilimiz necə xalqımızın mənəvi yaddaşıdırsa, kəlağayı da milli kimliyimizin, adət-ənənələrimizin və mədəni irsimizin canlı rəmzidir. Dilimiz sözümüzü yaşadır, kəlağayımız isə tariximizi, mənəviyyatımızı və milli dəyərlərimizi nəsildən-nəslə ötürür. Hər ikisi Azərbaycan xalqını dünyaya tanıdan ən qiymətli sərvətlərimizdəndir. Ana dilimizi qorumaq necə müqəddəs borcumuzdursa, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayı sənətini yaşatmaq və təbliğ etmək də hər birimizin milli məsuliyyətidir. Dilimiz də, kəlağayımız da Azərbaycan ruhunun, milli varlığımızın və əbədi yaşarlığımızın ayrılmaz hissəsidir.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər bir soydaşımızı ürəkdən təbrik edir, ana dilimizin daim yaşamasını, zənginləşməsini və dünyada daha geniş tanınmasını arzulayıram.

Güllü Eldar TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri,
Kəlağayı Ev Muzeyinin direktoru, AYB- min üzvü


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!