Azadlıq Mübarizəsinin
Şəhidləri və DavamçılarıIII hissə
Əvvəli linkdəhttps://butov.az/guneyin_sesi/56699-qni-mirz-aabala-olu-brahimi.html
Ənuşirəvan
Qəni oğlu İbrahimiƏnuşirəvan İbrahimi 12 may 1926-cı ildə Güney Azərbaycanın Astara şəhərində milli azadlıq hərəkatının tanınmış şəxsiyyətlərindən olan Qəni Ağabala oğlu İbrahiminin ailəsində anadan olmuşdur. O ibtidai təhsil almağa Astarada başlasa da, atasının Nəhavədə sürgün edildiyinə görə ibtidai təhsilini orada davam etdirməli olur. 12.12.1945-ci ildə Güney Azərbaycanda Milli Hökumət qurulduqdan sonra Ənuşirəvan atasının məsləhəti ilə Təbrizə gələrək, orada yeni təsis edilmiş polis məktəbinə daxil olur. SSRİ və İngiltərə danışıqlarında Sovet qoşunlarının Güney Azərbaycandan çıxarılacağından xəbər tutan Firidun və Ənuşirəvan qardaşları vətənin azadlığını qorumaq məqsədilə gənc könüllülərdən ibarət “Babək” adlandırdıqları gənc fədailər dəstəsi təşkil edirlər. Lakin Sovet qoşunları Güney Azərbaycandan çıxarılmasından əlavə SSRİ xüsusi xidmət orqanlaına bağlı olan səhra komandirlərinin vasitəsilə fədai dəstələrinin əsas hissələrini SSRİ ərazisinə keçirərək, orada tərksilah edilməsindən sonra, son dərəcə canlı hərbi qüvvə, hərbi texnika, silah-sursat baxımından zəifləmiş milli hərbi qüvvələr ingilislərin ağır hərbi texnika, o dövrün müasir silah, sursatla təmin etdiyi Rza Palani hərbi dəstələrinin hücumuna tab gətirə bilməyərək, çoxlu itkilər verməklə öz mövqelərindən geri çəkilməkdə idi. Bu zaman ölkənin Baş Prokuroru olan, böyük qardaşı Firidun İbarhimi Ənuşirəvanı yanına çağıraraq, təcili Astaraya gedərək bacılarının SSRİ ərazisinə keçməsinin qarşısını almaq tapşırığı verir. Bu zaman Palani rejiminin xüsusi hərbi qüvvələri Güney Azərbaycanda bir neçə istiqamətdən daxil olaraq, qonşu ölkələrlə, xüsusilə SSRİ ilə sərhədd xətlərini nəzarət altına alıb və bir-birinə yaxın məsafələrdə sərhədd postları qurmuşdular. 20 yaşlı gənc Ənuşirəvan qışın qarlı, şaxtalı, ara-sıra yollarda hərbçiləri, döyüş texnikası, sursatı və digər yük daşıyan yük avtomobillərdən başqa nəqliyyatın olmadığı bir vaxtda qardaşı Firidunun ona verdiyi tapşırığı yerinə yetirmək üçün Təbrizdən Astaraya yola düşür. Güney Azərbaycanın yaşayış mətəqələrinin Palani rejimi hərbiçilərinin qətlə yetirdiyi bəzi yerlərdə, xüsusilə Ərdəbildə, qalaq-qalaq yığılmış insan meyitlərinin arasından keçərək güclü qar yağması və çovğunun nəticəsindhə bağlanmış, mənim dünyaya gəldiyim Heyran gədiyində irəli gedə bilməyən maşınların texniki heyəti və sərnişinləri məcburən dayanmalı olur. Ənuşirəvan Heyran gədiyindən Astaraya qədər olan yolu piyada getməyi qərara alaraq yola çıxır. Bir müddətdən sonra hündürlüyü dizinə çatan qarlı yol şaxta və aclıq onu taqətdən saldığından yolun kənarında olan bir qəhvəxanaya girib nəsə yemək, bir qədər özünə gəlmək istəyir. Orada uşaqlıqdan tanıdığı bir nəfər tanıdığı adama rast gəlib, onunla söhbət zamanı Astaraya getdiyini və məqsədini ona danışır. Qısa bir istirahətdən sonra yola çıxan Ənuşirəvan bir qədər getdikdən sonra təsadüfən geriyə nəzər saldıqda həmin adamın, başqa birisi ilə onu təqib etdiyini görüb məsələnin nə yerdə, özünün isə hansı təhlükə ilə üzbəüz olduğunu başa düşür. Təqibdən yaxa qurtarıb, çaykənarı cığırla Astaraya gedib çatmaq məqsədilə özünü Astara çayı boyunca uzanan sıldırımdan qarlı dərəyə atır. Qarlı sıldırımdan sürüşüb çayın kənarına düşən kimi qarşısında iki nəfər silahlı Sovet sərhəd keşikçisini görür. Məqsədini onlara dedikdə, sərhədçilər ona öz qohumlarını Sovet İttifaqına pənah gətirənlərin arasında axtarmağı məsləhət görürlər. Ona bildirirlər ki, sərhədd hələ bağlanmayıb, sonra o geriyə qayıda bilər, gediş-gəliş azaddır. Sərhədd məntəqəsinə gətirilən Ənuşirəvanı qısa sorğu-sualdan sonra bir həftə sərhəd həbsxanasında saxlayırlar. Heyran gədiyindən piyada getdiyi yolda, qarlı sıldırıma özünü atanda şaxtalı havada, sonra da soyuq həbsxanada o xəstlənir, xəstəxanaya aparılır. Sağaldıqdan sonra onu bacıları və digər qohumlarının yanına gətirirlər.
Ənuşirəvan onlara Firidunun tapşırığını çatdırdıqda, onlar hamısı geriyə Güney Azərbaycan Astarasındakı evlərinə qayıtmaq qərarına gəlib, sərhəd məntəqəsinə çatdıqda onlara bildirirlər ki, artıq sərhəddin açıq qalma müddəti bitib və onları sərhəddən o taya buraxa bilməzlər. Bununla da bu ailə ikiyə bölünmüş olur.
Güneydən Quzey Azərbaycana mühacirət edən milli azadlıq hərəkatı iştirakçılarına dörd illik fəlakət saçan ağır müharibədən çıxmış ölkəyə məxsus çətin şəraitin verdiyi imkanlar daxilində mühacirlər Quzey Azərbaycanın müxtəlif regionlarında yerləşdirilib, işlə təmin edilmiş, təhsil almaları üçün müəyyən güzəştli kvotalar müəyyən edilmişdir.Bakının Mərdəkan kəndində məskunlaşdırılan İbrahimilər təhsil almaq üçün Bakıya köçürlər. Ənuşirəvan İbrahimi Bakı Dövlət Universitetində tarix üzrə ali təhsil alır və sonra Moskvada “İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə reaksiyaya qarşı mübarizəsinin Məclisdə və hökumətin tərkibində fəaliyyəti timsalında” adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də alır. Qeyd edim ki, Ənuşirəvan İbrahimi bu dissertasiyada İran Xalq Partiyası (Tudə) rəhbərlərinin Güney Azərbaycan Demokrat Firqəsinə, ümumiyyətlə türklərə, türk milli hüquqlarına şovinist fars mövqeyi sərgiləməsi faktlarını göstərməklə bərabər, onların yeritdiyi siyasətin eybəcərliyini konkret faktlarla, obyektiv tənqid etdiyinə görə həddən artıq çox maneələrlə üzləşsə də, o mövqeyindən geri çəkilməmiş və komissiya onun göstərdiyi, danılması mümkün olmayan faktların obyektiv, məntiqi təhlili qarşısında təslim olmaqdan başqa çarələri olmadığından, onunla razılaşmalı olaraq, ona, tarix elmləri namizədi, alimlik dərəcəsi vermişlər. Lakin Moskva bu dissertasiyanın çap edilməsini qadağan edərək, dissertasiya işinin üstündə “xidməti istifadə üçün” yazaraq, bu günə qədər məxfi saxlanılmasına baxmayaraq, bir müddət öncə Güney Azərbaycan mucahidlərinin sonrakı nəslinin nümayəndələri Ənuşirəvan İbrahiminin bu namizədlik dissertasiyasının surətini əldə edib, Azərbaycan türkcəsinə tərcümə etmiş və sonradan bir çox dillərə də tərcümə edəcəklər.
Ənuşirəvan İbrahimi Bakıda ingilis dili üzrə də ali təhsil alır və bu zaman Rəfiqə xanım Axundova ilə tanış olub, ünsiyyət bağlayaraq evlənirlər. Bu evlilikdən onun Firidun, Fuad, Fəraməz adlı oğulları dünyaya gəlir. Əmisinin adını daşıyan Firidun əmisi kimi hüquqşünas, Fuad tibbi təhsil alaraq cərrah, Fəraməz isə iqtisadçı olur.
Ənuşirəvan İbrahimi siyasi fəaliyyətinə ADF-nin cavanlar təşkilatında başlayaraq, qısa bir zamanda ADF-nin Mərkəzi Komitəsinin üzvü, daha sonra ADF-nin I sədr müavini olmaqla firqənin ən fəal və nüfuzlu rəhbərinə çevrilir.
1960-cı ildə Kremlin göstərişi ilə “Vəhdət konfransı” keçirilirməkdə məqsədi SSRİ-nin baş ideoloqu, Sov.İKP MK Siyasi Bürosunun üzvü, M.Suslovun 11.01.1957-ci il tarixli “məsləhəti” ilə avqust ayının 1-2-ndə ADF və İXP MK üzvlərinin iştirakı ilə bu iki siyasi təşkilatın “fəhlə sinfinin vahid təşkilatı” adı ilə, bütövlükdə Qacar yurdunu öz əsarətinə alıb rus imperiyasının tərikbinə qatmaq, ən azından isə, orada öz mürtəce quruluşu kimi bir quruluş yaratmaqla, dövlətin başına bir şovinist ələ baxan fars qoymaqla, Qacar türklərini fars şovinizminin əsarətində saxlayaraq, türkləri birləşmə imkanından məhrum etmək idi. ADF-nin bu prosesdə yeganə nailiyyəti, ADF-nin öz adını, MK-sını saxlamaq şərti ilə İXP-nın Azərbaycan Əyalət Komitəsi kimi muxtariyyət statusu əldə edə bilməsi oldu. Bununla da uzun müddətdə ADF-nin müstəqil partiya olaraq fəaliyyətinə yekun vurulmuş oldu. ADF-nin nümayəndələrindən biri olaraq bu konfransda iştirak etmiş Ənuşirəvan İbrahimi öz xatirələrində təsdiq edir ki, “həqiqət ondan ibarətdir ki, bu konfransın qərarı ilə
ADF ZORLA Tudənin içərisinə yerləşdirildi”.
1978-1979-cu ildə İranda inqilab baş verənə qədər, bir müddət öncə Ənuşirəvan İbrahimi Berlinə göndərilərək İXP İcraiyyə Heyətinin üzvü olaraq bu partiyanın İranla qonşu olan Türkiyə, Hindistan və bu kimi bir neçə ölkədə olan təşkilatlarının işlərinə rəhbərlik edir. Şahlıq rejimi çökdükdən sonra, Ənuşirəvan İbrahimi də İXP rəhbərləri sırasında Şərqi Almaniyadan İrana gəlir. İXP-nin şəhər, vilaət, əyalət təşkilatları bütün ölkə üzrə fəaliyyətini bərpa edərək işə başlayır. Ənuşirəvan İbrahimi də Təbrizdə Azərbaycan Demokrat Fİrqəsinin katibi olaraq fəaliyyətə başlayır. Ənuşirəvan anası Fatimə xanımın yanına 32 il ayrılıqdan sonra görüşə gedərkən, ailə üzvləri ilə birgə orada olan böyük bacısı İqlimə xanım dörd oğlunu ona təqdim edərək, – “Bunlar sənin fədailərindir” – deyir. Bu sözləri İranda islam inqilabının bütün cəmiyyətə mütləq hakim olduğu, bütün ölkə fanatik molla gözü və qulaqlarının nəzarəti şəraitində, ancaq qanında İbrahimilər nəslinin geninidaşıyıb, Qəni İbrahiminin milli azadlıq ideyasının mütləq hakim olduğu mühitdə tərbiyə almış dişi aslanı deyə bilərdi.
Ənuşirəvan İbrahimi sonra Nəhavəndə gedib atasının məzarını ziyarət edəndən sonra, Təbrizdə qardaşı Firidun İbrahiminin məzarı önündə, qardaşına müraciət edərək deyir: “Əziz qardaşım! Böyük ustadım! Mən çox istədim ki, son ana qədər sənin yanında olum. Amma sənin tapşırığına əməl etmək, məni səndən ayırdı. Mən bütün illər boyu səninlə birgə yaşamışam və mənə öyrətdiyini hər şeyə əməl etmişəm. Sənə qovuşmaq üçün də yolunu davam etdirirəm”.
32 il fasilədən sonra ADF Ənuşirəvan İbrahiminin rəhbərliyi ilə özünün leqal fəaliyyətini bərpa edir, “Azərbaycan” qəzeti anadilində çap edilir, bu qəzet vasitəsilə onun ətrafında mühacirətdə MK-nın üzvləri olan Seyidağa Onullahi, Məhəmmədhüseyn Xoşginabi, Tağı Musəvi, Mirvahab Əfxəmi, Məhəmməd Əli Fərid, Məhəmmədəli Müciri, Fəqih, İranduxt İbrahimi, Firidun Kazimi, Abdul Əmir Haşimi (Cavanşir) və başqaları birləşir, Azərbaycan xalqının milli-demokratik və mədəni hüquqlarının əldə edilməsi uğrunda birlikdə, çiyin-çiyinə mübarizəni davam etdirirlər. Ənuşirəvan da qardaşı Firidun kimi özü məqalələr yazaraq dərc etməklə bərabər, qəzetin hər sayında gedən məqalələri redaktə edir. O Güney Azərbaycanın şəhər və qəsəbələrində ADF-nin şöbələrinin yaradılmasının, onlara məsul şəxslərin təyin edilməsinə ehtiyatlı, diqqətli və həssaslıqla yanaşır. O işlərin təşkilində tələbkar olduğu qədər, insanlara münasibətində çox sadə və təvazökar idi. Ona görə də qısa bir müddətdə cəmiyyətdə böyük nüfuz sahibi olmaqla yanaşı, firqənin statusunu da çox yüksəkliyə qaldırmış oldu. Ənuşirəvan İbrahiminin rəhbərliyi və yuxarıda adıçəkilən ADF məsullarının və ADF təəssübkeşlərinin dəstəyi ilə “Yoldaş” və “Dədə Qorqud” jurnalları işıq üzü gördü, 300-dən artıq üzvü olan Azərbaycan Şair və Yazıçılar Cəmiyyəti yaradıldı. Tudənin rəhbərliyindən olan farsların əksər hissəsi, o cümlədən Tudənin rəhbəri Kiyanuri, Güney Azərbaycanda görülüb, türk milli-mədəni prosesləri canlandıran bu işləri dəstəkləməməklə özlərinin şovinist fars xislətini daim biruzə verirdilər. Fars şovinizmi bu gün də türklərə qarşı daha çox azğınlıq nümayiş etdirir.
Ənuşirəvan İbrahimi Tudə partiyasının namizədi kimi İran İslam Respublikasının ilk parlament seçkilərinə də qatılır və Tudənin digər namizədi Cövdət ilə birlikdə dəfələrlə seçki öncəsi televiziya debatlarında iştirak edir. Bu debatlarda ADF və Tudənin mövqeləri ilə müxalif olanlarla eyni mövqedə dayanan vermiş aparıcıları özləri ADF-nin tarixini saxtalaşdırmağa cəhd göstərəndə belə, 21 Azər hadisələrinin, Azərbaycan Milli Hökumətinin bir illik fəaliyyəti dövründə Firqənin fəaliyyətinin canlı şahidi olmuş Ənuşirəvan İbrahimi aydın, səlis məntiqi, inkaredilməz faktlarla onların bütün suallarına və yalan, böhtanlarına əsaslı cavablar verirdi. Onun bu cavabları və əsaslandığı faktlar az bir müddətdə cəmiyyətin bütün təbəqələrindən olan əhali arasında ADF-nin keçmişinə və fəaliyyətinin məzmununa böyük rəğbət və marağı artırdığına görə yeni yaradılmış islam dövləti bu debatları və verilişləri dərhal dayandıraraq qadağan etdi. Ənuşirəvan İbrahiminin sərgilədiyi mövqei nəinki islam dövləti hətta şovinist fars Tudə rəhbərləri tərəfindən dəstəklənmir. 1981-ci ilin may ayında Tudə partiyasının Tehranda keçirilən son plenumu Kiyanuri üçün ADF-yə zərbə vurmaq üçün bir fürsət olur. Tudənin 9 (doqquz) nəfərdən ibarət ali orqanı olan idarə heyyətinə Ənuşirəvan İbrahiminin seçilməsinə mane ola bilməsə də, başqa heç bir türk seçilmir.
1982-ci ilin əvvəllərində Tudənin birinci katibi Kiyanuri və bir sıra rəhbərləri həbs edilir. 1983-cü ilin aprelində İran Xalq Partiyası qadağan edilir. Bütün bunlardan xəbərdar olub, sərhəddə yaxın olan Ənuşirəvan İbrahiminin mühacirət imkanları hamıdan daha çox olsa da, o İranı tərk etmir. Siyasi fəaliyyətin daha mümkün olmadığı belə bir ağır və son dərəcə həyat üçün təhlükəli olan şəraitdə israrla təkrarlayır, – “Mən öz məsləkdaşlarımdan 30 il artıq ömür sürmüşəm, o zaman da qardaşım kimi xalqımın yanında olmağı daha üstün tutdum. Amma şərait məni mühacirətə məhkum etdi. Mən qardaşımın vəsiyyətinə vəfadar qalacağam. Bu dəfə şüarım, “öldü var, döndü yoxdur”dur.
Ənuşirəvan İbrahimi özü real həbs və ölüm təhlükəsi ilə üz-üzə olduğu halda Güney Azərbaycanda, o cümlədən Təbrizdə firqənin kadrları və fəallarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirərək onların məxfi iş rejiminə keçirilməsini təşkil edir. Bu səbəbdən də inqilab keşikçilərinin basqınları zamanı heç biri ələ keçmir. O özü Tehrana, Ruhulla Homeyninin şovinist molla faşizminin yuvasına çevrilmiş Tehrana gedir və orada həbs edilir. Zindanlarda məhbuslara ağlasığmaz işgəncələr verilərək xarici ölkələrə casusluq etdiyini etiraf etmək tələb olunurdu, elə 1937-ci illərdə NKVD-nin zindanlarında günahsız insanlara verilən müdhiş işgəncələr kimi, Ənuşirəvan da həm türk, həm də xalqın sevimlisinə çevrilmiş türk rəhbəri olduğundan bu işgəncələrin ən qorxunclarına məruz qalsa da məsləkindən dönmür. O 1946-cı ildə ailə üzvləri iki yerə parçalandığı zaman Güney Azərbaycanda qalmış böyük bacısı İqlimə xanımla zindanda ona verilən son görüşdə ona vəsiyyət olaraq deyir ki, – “Bunlar məni edama məhkum etmişlər. Yəqin bilirəm ki, hamımızı öldürəcəklər. Əgər bacarsan, cənazəmi onlardan alıb Astaraya apar və anamın ayaqları altında dəfn et. Əgər verməsələr, digər mübarizə yoldaşlarımla birgə öldürsələr, mənim dəfn olduğum yeri yadında saxla. Əgər övladlarım bu istibdad rejimi devrildikdən sonra gəlib, məni tapmaq istəsələr, qoy çətinlik çəkməsindər. Əminəm ki, bu rejim devriləcəkdir. Mənim ölüm xəbərimi heç kimdən, hətta övladlarımdan belə gizlətmə. Dözümlü, səbirli ol, özünü qoru. Əgər bir gün nəvələrimi görmək üçün bir şərait yaransa, mənim əvəzimə onların üzündən öpərsən. Hamıya mənim salamımı yetir. Mənə görə narahat olma. Mən gərək qardaşım Firidun və Firqənin şəhidləri ilə birlikdə öləydim. Mən həmin gündən indiyə kimi artıq ömür sürmüşəm”. İbrahimilər nəslinin milli azadlıq mübarizəsinə rəhbərlik edən ikinci nümayəndəsi də, atası Qəni, qardaşı Firidun kimi şərəflə yaşayıb, son nəfəsinə qədər millətinin, vətəninin azadlığı uğrunda mübarizədə şərəflə şəhidlik zirvəsinə ucalıb.
Davamı var"Bütöv Azərbaycan" qəzeti,
Azərbaycan Demokrat Firqəsinin xüsusi buraxılışından
16 Oktyabr 2026Şapur Qasimi