Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
Tarix : Bu gün, 20:10
Etioloji mif probleminin fundamental tədqiqi


Şakir Albalıyev,
filologiya elmləri doktoru

Etioloji mif probleminin

fundamental tədqiqi


Mifologiyanı folklorun başlanğıcı hesab edirlər. Çünki miflər xalqın ibtidai dünyagörüşünü əks etdirir. Kosmoqonik miflər də dünyanın yaranışını mifoloji baxışla izah edən miflərdir. Kosmoqonik miflərin isə ayrı-ayrı komponentlərini etioloji miflər təşkil edir. Buna görə də ibtidai təsəvvürlərdə dünyanın necə qavranıldığını öyrənmək üçün folklorşünasların miflərə müraciət etməsi zəruri haldır. AMEA Folklor İnstitutunun mifologiya şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Ramiz qızı Babayevanın “Miflər və dünyanın idrakı” (“Elm və təhsil”, 2026) adlı monoqrafiyası da məhz belə bir aktual problemin öyrənilməsinə həsr olunmuşdur.
Professor Seyfəddin Rzasoyun elmi redaktorluğu, filologiya elmləri doktorları Qalib Sayılov və Şakir Əlifoğlunun rəyləri əsasında işıq üzü görən kitaba yazılan redaktor sözündə kitabın elmi baxımdan əhəmiyyətinə belə aydınlıq gətirilir: “Oxuculara təqdim olunan “Miflər və dünyanın idrakı” monoqrafiyası Azərbaycan folklorşünaslığının aktual və fundamental problemlərindən birinə – etioloji miflərin tədqiqinə həsr olunmuşdur. Monoqrafiyada qaldırılan mövzunun aktuallığı iki amillə müəyyənləşir: birincisi, mifologiyanın tədqiqinin folklorşünaslıq tədqiqatlarının aktual istiqamətini təşkil etməsi ilə; ikincisi, “etioloji mif” konseptinin bu günə qədər miflərin təsnifat sisteminin “düyün nöqtəsi”, “çıxılmaz problemi” olması ilə.
Hər bir milli mədəniyyətin, etnik-mədəni düşüncə sisteminin genetik bünövrəsini – mifologiyanı folklorşünaslıq tədqiqatlarında nəzərə almadan folklor mətninin poetik sistemini əsaslı şəkildə öyrənmək mümkün deyildir. Miflər bu cəhətdən folklor mətninin strukturunda mühüm bir məna səviyyəsini təşkil edir. Yuxarıda qeyd etdiyimiz birinci cəhət bununla müəyyənləşir. Mövzunun aktuallığının ikinci cəhətinə gəlincə, etioloji miflər problematika kimi qəliz və çətin mövzudur. Çünki bütün miflər etioloji funksiya daşıyır. Lakin sırf etioloji miflər mifoloji mətnlər sistemində digər tematik növlərdən ilkinliyi, primitivliyi ilə seçilir. Bu baxımdan etioloji miflər yaranışı sadəcə mexaniki şəkildə təsvir edir, lakin yaranışın mahiyyətinə, mənasına toxunmur. Bu cəhətdən, etioloji miflər mifoloji təfəkkürün ən ibtidai pilləsini təşkil edir. Etioloji miflər zamanla inkişaf etdiyi, məzmun və formaca mürəkkəbləşdiyi üçün onları digər miflərdən ayırmaq çətindir. Təqdim olunan monoqrafiyanın elmi aktuallığı və əhəmiyyəti onun ilk növbədə etioloji miflərin məna sərhədlərini müəyyənləşdirməsi ilə şərtlənir. Bu cəhət Nərmin Babayevanın təqdim etdiyi monoqrafiyanın mayasını, ruhunu təşkil edir” (səh. 3).
Gördüyümüz kimi, professor S.Rzasoy da burada qeyd edir ki, monoqrafiyanı elmi baxımdan şərtləndirən əsas əlamət mifoloji təfəkkürün ən ibtidai pilləsini təşkil edən etioloji miflərin məna sərhədlərinin müəyyənləşdirilməsidir.
Kitabın girişində müəllif də diqqətə çəkir ki, “Bütün miflər izahedici funksiyaya malik olduğu halda, onların ümumi kütləsindən vəzifəsi (funksiyası) sırf etiologiya, yəni izahetmə olan etioloji mifləri necə ayırmaq sualı folklorşünaslığın ən aktual problemlərindəndir”(səh.8). Məhz Nərmin xanım mifologiyanın ən əsas məsələlərindən biri kimi etioloji mifləri araşdırmağı qarşısına məqsəd qoymuş və məntiqi baxımdan çox doğru hərəkət edərək ilk fəsildəcə “Etioloji mif, onun miflərin təsnifat sistemindəki yeri və kosmoqonik mifə bağlılığı” adı altında qoyulan problemi araşdırmışdır. Ona görə də tədqiqatçı “Etioloji miflərin semantikasının tədqiqi ilk növbədə “etioloji mif” anlayışının aydınlaşdırılmasını tələb edir” şəklində məsələni qoyub yazır: “Çünki bunu araşdırmadan etioloji miflərin semantikasının öyrənilməsi nə nəzəri, nə də praktiki baxımdan mümkün deyildir. Etioloji miflər funksiyası sırf izahedicilikdən ibarət olan miflərdir. Ancaq bu prinsip, əlamət onların semantikasının öyrənilməsi üçün heç də kifayət qədər güclü arqument deyildir. Əksinə, zəif prinsipdir. Çünki digər miflər də dünyanı, varlıq aləmini izah edir. Yəni yalnız izahedicilik prinsipini əsas götürüb, etioloji mifləri digər mif növlərindən ayırmaq, fərqləndirmək mümkün deyildir. İzahedicilik ümumi bir prinsipdir və miflərin mövzu baxımından bütün növlərinə aiddir. Ona görə də ilk növbədə elmi-nəzəri ədəbiyyatlara müraciət edərək “Etioloji mif nədir?”, “Etioloji miflərin məna sərhədləri haradan başlayır və harada qurtarır?”, “Etioloji mifləri mifin digər növlərindən (tematik qruplarından) fərqləndirən əsas əlamət və prinsiplər hansılardır?” kimi suallara dəqiq şəkildə cavab tapmaq lazımdır. Məsələn, etioloji miflərlə kosmoqonik miflərin funksiyası eynidir. Ancaq bununla bərabər onların arasında incə məna fərqləri var. Məhz həmin fərqlər etioloji miflərin semantikasını təşkil edir. Ona görə də əvvəlcə etioloji mif anlayışını araşdırmaq lazımdır” (səh. 13).
Göründüyü kimi, müəllif məsələni konkret qoyur, mövzunun özünün nə demək olduğu sualını önə çəkir. “Mif zəngin bir dünyadır. Onlarda gerçək dünya “mifik obrazlar vasitəsilə əks olunmuşdur” deyən N.R.Babayeva haqlı olaraq dünya mifologiya elmindəki mövcud nəzəri yanaşmaları gözdən keçirir. E.B.Taylor, S.Q.Klyaştornı, Arif Acalov, Azad Nəbiyev, Ağayar Şükürov, Məhəmməd Məmmədli, Ramazan Qafarlı, Ramil Əliyev, Nail Qurbanov, S.A.Tokarev, V.V.İvanov, V.N.Toporov, Y.M.Meletinski, N.V.Braginskaya və başqa görkəmli alimlərin bu sahədəki fikirlərini və apardıqları mifoloji istiqamətli təsnifatları birər-birər diqqət önünə gətirən alim bunların hər birinin üstündə xüsusi dayanır, onlardan çıxan ümumi qənaətləri ortaya qoyur. Misal üçün, S.A.Tokarevin fikirlərində etioloji mifləri mifin digər növlərindən fərqləndirməyin əsas prinsipinin miflərdə mənşə və mahiyyəti bir-birlərindən fərqləndirməklə bağlı olduğunu göstərən Nərmin Babayeva yazır: “Etioloji miflər bir şeyin yalnız haradan və necə əmələ gəlməsini, yəni mənşəyini izah edir. Bu miflərin funksiyası bununla məhdudlaşır. Etioloji mifləri, bir növ, hər hansı obyektin mahiyyəti, nə olması, hansı funksiyaya xidmət etməsi yox, yalnız və yalnız nədən, yaxud haradan əmələ gəlməsi maraqlandırır. Etioloji miflər yalnız mənşəyi (kökü) izah edir.
Mifin digər növləri etioloji miflərdən fərqli olaraq mahiyyəti izah edir. Yəni bu miflərin də dünyanın mahiyyətini izah etməsi, əslində, etiologiyadır. Lakin bu miflərdə dünyanın, onun ayrı-ayrı ünsürlərinin necə yaranması arxa plandadır. Bunlarda mifik obrazın mənşəyindən daha çox onun mahiyyətcə nə olması, yəni nəyə xidmət etməsi izah olunur” (səh. 28).
“Etioloji miflər kosmoqonik miflərin tərkib hissəsi kimi” adı altında verdiyi paraqrafda müəllif S.M.Teleginin də fikirlərinə toxunaraq yazır:
“Etioloji miflərin digər mif qruplarından fərqləndirilməsinin əsas çətinliklərindən biri də onların funksiya baxımından kosmoqonik miflərlə, demək olar ki, tam şəkildə üst-üstə düşməsidir. Çünki etioloji və kosmoqonik miflərin hər ikisi yaradılışı izah edir. Lakin bununla bərabər onların arasında mühüm bir fərq vardır. S.M.Telegin yazır ki, “etioloji miflər kosmoqonik miflərə yaxındır. Ancaq onlar bütövlükdə kosmosun yaradılması haqqında deyil, onun ayrı-ayrı təzahürlərinin yaranmasından xəbər verir” [163, s. 10].
Müəllifin bu fikrini aydınlaşdırmağa çalışaq. Kosmoqonik miflər dünyanın yaranmasını, etioloji miflər isə onun müxtəlif elementlərinin necə yaranmasını izah edir. Yəni burada ilk baxışda ümumi və təklər məsələsi ortaya çıxır. Kosmoqonik miflər dünyaya bütöv şəkildə, etioloji miflər ayrı-ayrı elementlər səviyyəsində yanaşır. Bu, əlbəttə kosmoqonik miflərlə etioloji miflər arasında zahiri bir fərqdir. Ancaq bu fərqdə mahiyyət və mənşə fərqləri də ifadə olunur. Belə ki, kosmoqonik miflər dünyanın yaranmasını bütövlükdə izah etməklə onun təkcə mənşəyini yox, həm də mahiyyətini, yəni nə olmasını, necə olmasını, nəyə xidmət etməsini aydınlaşdırır. Bu aydınlaşdırma, bizcə, mifoloji idrakdan xəbər verir. Etioloji miflər isə yalnız müxtəlif elementlərin haradan gəldiyini, nədən yarandığını göstərir. Daha bu miflər mahiyyətə varmır: mahiyyəti izah etməyə heç bir cəhd göstərmir. Çünki ibtidai, ilkin düşüncəni əks etdirir. Onun üçün də mahiyyətə vara bilmir.
Deyilənlərdən aydın olur ki, kosmoqonik miflə etioloji mif çox vaxt birgə fəaliyyət göstərir. Kosmoqonik mifin dünyanı bütöv, etioloji mifin isə dünyanı onun ayrı-ayrı səviyyələrində izah etməsi bizə bu iki mif tipi arasındakı münasibətləri müəyyənləşdirməyə imkan verir. Aydın olur ki, etioloji miflər funksiya baxımından kosmoqonik miflərin tərkib hissəsi kimi çıxış edir” (səh. 39-40).

Bu fikirlərin davamında isə Nərmin xanım bir suala da tam dəqiqləşdirmə aparmaq üçün yazır: “etioloji miflər həmişə komoqonik miflərin tərkibində olur, yaxud onlar müstəqil mətnlər kimi fəaliyyət göstərə bilir?”. Bunun üçün o, mövcud mifoloji mətnlərdən misallar gətirir, müqayisələr aparır və suala da nümunələr gətirdiyi mif mətnlərinin mahiyyəti əsasında cavab verir: “Etioloji mifləri dünyanın hansı məqsədlə yaranması maraqlandırmır. Ona görə ki, etioloji miflər ibtidai düşüncənin ən ilkin çağlarına aiddir. Yəni bu miflərin əsasında son dərəcə primitiv düşüncə durur. Etioloji miflər dünyanın mənasına vara bilmir. Ancaq kosmoqonik miflərdə biz mifoloji düşüncənin inkişaf etməsinin şahidi oluruq. Əlbəttə, etioloji miflər də, kosmoqonik miflər də hər ikisi mifoloji düşüncədir. Onlarda varlıq aləmi rasional üsulla deyil, irrasional şəkildə izah olunur. Ancaq etioloji miflər mifoloji düşüncənin inkişafı baxımından ən aşağı, ən ilkin pillədə durur. Elə nəzərdən keçirdiyimiz kosmoqonik mifdən də aydın olur ki, burada mənşəyin yox, mahiyyətin izah olunması əsasdır. Yəni bu mifdə ilkin insanı təkcə Günəşin nə səbəbdən yaranması maraqlandırmır, o, həm də özünün malik olduğu mifoloji təfəkkürlə yaşadığı dünyanı anlamağa, başa düşməyə, onun hansı məqsədlə yarandığını dərk etməyə çalışır. Təbii ki, mifoloji təfəkkür ilkin insana təbiət cisimlərini indiki kimi başa düşməyə imkan vermir. Ancaq mifin mətnindən aydın olur ki, o, ən azı, dünyanın xaos halı ilə kosmos halı arasındakı fərqi, bu fərqin Günəşlə bağlı olduğunu dərk etməyə çalışır.
Nəzərdən keçirdiyimiz kosmoqonik mifin tədqiqatımız baxımından ən əhəmiyyətli cəhəti ondan ibarətdir ki, mətn ayrı-ayrı etioloji miflərdən təşkil olunmuşdur. Buradan iki məna hasil olur:
Birincisi, kosmoqonik mif quruluşca etioloji miflərdən təşkil olunur. Yəni etioloji miflər müstəqil şəkildə mövcud ola bildiyi kimi, kosmoqonik miflərin də tərkib hissəsi olurlar.
İkincisi, kosmoqonik mifdə dünyanın bütöv şəkildə yaranışının izahı onun tərkib hissələrini təşkil edən etioloji miflərdəki izahların hesabına baş verir: etioloji miflər kosmoqonik mifdəki dünyanın ayrı-ayrı hissələrini, elementlərini izah edir və nəticədə bu izahlar vahid mətndə birləşərək, bütöv dünyanın necə yaranmasının izahını verir” (səh. 59-60).
Beləcə, Azərbaycan mifolji mətnləri üzərində apardığı dərin təhlillər əsasında filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayeva etioloji miflərlə kosmoqonik miflər arasında məna bağlılıqlarını və sərhədlərini əyaniliyi ilə müəyyənləşdirməyə nail olur.
Tədqiqatın “Oğuz Kağan” dastanında kosmoqoniya və etiologiya” adlanan paraqrafında da müəllif bu problemi bir daha gözdən keçirmiş, bunun səbəbini isə “Etioloji miflə kosmoqonik mif arasındakı münasibətlərin bütün semantikasını “Oğuznamə” dastanının uyğur versiyasında müşahidə etməyin mümkünlüyü” ilə əsaslandırır. Qeyd edir ki, “çünki bu dastan ulu babalarımız olan oğuz türklərinin mifoloji görüşlərinin əsasında duran, mifik dünya modelinin quruluşu, məzmunu və mahiyyətini aydın şəkildə özündə qoruyan bir dastandır” (səh.63).
Tədqiqatda “Oğuznamə” eposu ilə bağlı tədqiqat aparan alimlərin – Xalıq Koroğlu, Tofiq Hacıyev, R.Qafarlı, Faruq Sümər, B.Ögəl, V.M.Jirmunski, F.Bayat, S.Rzasoy və başqalarının mövcud fikirlərinə əsaslanan Nərmin xanım göstərir ki, “Bir oğuznamədən başqa bütün oğuznamələr İslam ideologiyasını əks etdirir. Yalnız “Oğuznamə”nin uyğur versiyası olan “Oğuz kağan” dastanı İslam ideologiyası ilə deyil, oğuzların mifoloji görüşləri ilə bağlıdır. Bu da bizə ulu babalarımız olan oğuzların etioloji mifləri ilə kosmoqonik miflərinin münasibətlərini öyrənməyə imkan verir.
“Oğuz kağan” dastanı Oğuzun doğulmasının təsviri ilə başlayır. Maraqlı faktdır ki, Oğuz anası Ay kağanın gözündən doğulur. Dastanın Azərbaycan dilinə istər K.V.Nərimanoğlu və F.Uğurlu, istərsə də F.Bayat tərəfindən edilmiş tərcümələrində ananın gözündən doğulma epizodu aydın şəkildə görünür” (səh.65).
Beləcə, N.R.Babayeva ilk fəsildə tədqiq etdiyi mövzunun barəsində fundamental elmi nəzəri baza yaradır, dünya və Azərbaycan elmi fikrində etioloji miflərlə bağlı dəyərləndirmələrə də söykənməklə dolğun və əhatəli təsəvvürlər yaratmağa müvəffəq olur.
“Real-fiziki dünya obrazlarının yaranması haqqında etioloji miflər” və “Metafiziki dünya və zaman obrazlarının yaranması haqqında etioloji miflər” adlı 2-ci və 3-cü fəsillər üzərində də fikirlərini davam və inkişaf etdirən filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayeva çox uğurlu bir tədqiqata imza atmaqla folklorşünaslığımıza dəyərli töhfə vermişdir.
Uğurların davamlı olsun, Nərmin xanım!



Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!