"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Dünən, 21:33
Mustafa Kamal Atatürkü ehtiramla yad edirik.


Sadiq Qurbanov
Komitə sədri


Dəyərli dostlar!

Mustafa Kamal Atatürkü

ehtiramla yad edirik.


10 Noyabr – Bu gün Türk dünyasının böyük oğlu, müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik.
Atatürk tarixə böyük sərkərdə və dövlət qurucusu kimi daxil olub. O, ağır tarixi şəraitdə bir millətin öz taleyinə sahib çıxmaq iradəsini dövlətçilik fəlsəfəsinə çevirən böyük siyasi şəxsiyyətdir. Onun həyatında hərbi zəfər, siyasi uzaqgörənlik, milli iradə və müasir dövlət düşüncəsi vəhdət təşkil edirdi.
Atatürkün siyasi dünyagörüşündə türkçülük xüsusi yer tuturdu. Milli kimlik, dil, tarix və dövlətçilik onun düşüncəsinin əsas dayaqları sırasında idi. Türk millətinin özünəinamının möhkəmlənməsi və müasir dünyada layiqli mövqeyə yüksəlməsi onun siyasi fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Bu fikir mühitinin formalaşmasında Azərbaycan ziyalılarının da böyük izi var. Əli bəy Hüseynzadə türkçülük, islamçılıq və müasirləşmə ideyalarını bir düşüncə xəttində birləşdirərək XX əsrin əvvəllərində Türk dünyasının fikir həyatına güclü təsir göstərmişdi. Əhməd bəy Ağaoğlu isə bu ideyaların ictimai-siyasi müstəvidə inkişafında mühüm rol oynadı və Türkiyənin yeni dövlət quruculuğu prosesində Atatürklə eyni siyasi mühitdə fəaliyyət göstərdi.
Atatürk, Hüseynzadə və Ağaoğlu arasındakı fikir və siyasi bağlar Azərbaycan ilə Türkiyənin ortaq intellektual tarixinin mühüm səhifələrindəndir. Bu tarix Azərbaycan və Türkiyə münasibətlərinin dərinliyini, bu münasibətlərin arxasında dayanan böyük mənəvi və siyasi irsi göstərir. Bu gündə həmin irsin davamını Azərbaycan–Türkiyə münasibətlərində görürük. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” fəlsəfəsi Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan və Türkiyənin birliyi artıq iki qardaş dövlətin münasibətlərindən daha geniş anlam daşıyır. Bu birlik Türk dünyasının siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni əlaqələrinin möhkəmlənməsinə ciddi təkan verir. Türk Dövlətləri Təşkilatının artan nüfuzu da bu prosesin mühüm göstəricisidir.
Şübhəsiz ki, müasir şəraitdə Türk dünyasının qarşısında yeni imkanlar açılır. Azərbaycan və Türkiyənin qardaşlığı, Türk Dövlətləri Təşkilatının güclənməsi və türk dövlətləri arasında artan həmrəylik qarşıdakı dövrdə də böyük siyasi və iqtisadi imkanlar yaradacaq. Ortaq tariximizi ortaq gələcəyə bağlamaq, dövlətlərimizin gücünü və imkanlarını bir araya gətirmək hər birimizin üzərinə böyük məsuliyyət qoyur.
Atatürkün əziz xatirəsini bir daha ehtiramla yad edirik.
Azərbaycan–Türkiyə qardaşlığı əbədidir. Tanrı TÜRKÜ qorusun!
Dünən, 18:10
Səfərxan Qəhrəmani; despotizmə qarşı 32 illik müqavimətin rəmzi


Səfərxan Qəhrəmani;

despotizmə qarşı

32 illik

müqavimətin rəmzi



Azərbaycanın milli və ədalət uğrunda mübarizə hərəkatının fəal iştirakçısı Səfər Qəhrəmaninin vəfatının ildönümü münasibətilə
Noyabrın 9-u (18 Aban) Azərbaycanın milli-azadlıq hərəkatının görkəmli mübarizlərindən, monarxist despotizmə qarşı müqavimətin yaddaşlarda yaşayan simalarından biri olan Səfər Qəhrəmaninin vəfatı günüdür. Ömrünün 32 ildən çoxunu Pəhləvi rejiminin zindanlarında keçirən Səfər Qəhrəmani azadlıq, sosial ədalət, zəhmətkeşlərin hüquqları və Azərbaycan Milli Hökumətinin nailiyyətlərinin müdafiəsi uğrunda mübarizə aparan bir nəslin dönməzliyinin rəmzinə çevrilmişdir.
Səfər Qəhrəmaninin həyatı zəhmətkeş xalqın içərisindən çıxmış bir insanın mübarizə və dönməzlik tarixidir. Nə zindanlar və işgəncələr, nə edam hədələri, nə də ailəsindən uzun illər ayrı qalmaq onu öz ideallarından döndərə bildi. Onun adı Azərbaycan xalqının mübarizə tarixində cəsarət, səmimiyyət, dözüm və azadlıq, sosial ədalət ideallarına sədaqətlə bağlıdır.
Şişvan kəndindən mübarizə sıralarına
Səfər Qəhrəmani 1921-ci ildə Əcəbşirin Şişvan kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri kənd həyatının ağır şəraitində, yoxsulluq, məhrumiyyət və mülkədar-ağalıq münasibətlərinin hökm sürdüyü bir mühitdə keçmişdir. O, kəndlilərin əzablarını, iri torpaq sahiblərinin zülmünü və cəmiyyətdəki sosial bərabərsizliyi yaxından görmüş, zəhmətkeş insanların həyatının yalnız zülm və istismara qarşı mübarizə yolu ilə dəyişə biləcəyini erkən yaşlarından dərk etmişdir. Kənd mühitində qazandığı həyat təcrübəsi və cəmiyyətdə hökm sürən ədalətsizliklərlə üzləşməsi onun mübariz şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Səfər Qəhrəmani gənc yaşlarından haqsızlığa və mülkədar özbaşınalığına qarşı mübarizəyə qoşulmuş, sonralar Azərbaycan Milli Hərəkatına qatılaraq ictimai mübarizəsini siyasi və sosial dəyişikliklər uğrunda təşkilatlanmış hərəkat çərçivəsində davam etdirmişdir.
Azərbaycan Milli Hökuməti – Səfər Qəhrəmaninin həyatında həlledici mərhələ
1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsinin yaradılması və Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökumətinin qurulması Səfər Qəhrəmaninin siyasi həyatında yeni bir mərhələnin başlanğıcı oldu.
O, milli hərəkata qoşularaq Milli Hökumətin və onun nailiyyətlərinin müdafiəsində iştirak etdi. Milli Hökumətin silahlı qüvvələrində xidmət edən Səfər Qəhrəmani kapitan rütbəsinədək yüksəldi.
Azərbaycan Milli Hökuməti qısa müddətli fəaliyyəti ərzində ana dilində təhsilin təşkili, ümumi təhsilin genişləndirilməsi, torpaq islahatları, kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və sosial hüquqların genişləndirilməsi istiqamətində mühüm addımlar atdı. Bu tədbirlər Azərbaycan xalqının azadlıq, sosial ədalət və İranın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmək uğrunda uzun illərdən bəri irəli sürdüyü tələblərin ifadəsi idi.
Səfər Qəhrəmani və minlərlə başqa mübariz üçün Milli Hökumət sadəcə siyasi təcrübə deyildi. O, zəhmətkeş insanların köhnə və geridə qalmış ictimai münasibətlərdən xilas olmaq, daha azad və ədalətli həyata qovuşmaq ümidlərinin təcəssümü idi.
1946-cı ilin dekabrında Pəhləvi rejiminin ordusunun Azərbaycana hücumu və Milli Hökumətin süqutundan sonra qanlı repressiyalar dövrü başlandı. Azərbaycan Demokrat Firqəsinin bir çox fəalı, mübarizlər və Milli Hökumətin tərəfdarları edam edildi, həbs olundu və ya mühacirətə getməyə məcbur edildi. Səfər Qəhrəmani də repressiya qüvvələrinə təslim olmaq istəmədiyindən bir müddət gizli yaşamağa başladı, daha sonra İraqa getdi. Orada həbs edilərək zindana salındı. Lakin bir müddət sonra həbsdən qaçaraq yenidən İrana qayıtdı.
İrana qayıtdıqdan sonra, nəhayət, 1949-cu il martın 9-da Urmiyada həbs edildi. Bu həbs onun İranın müasir tarixində ən uzunmüddətli siyasi məhbusluq dövrlərindən birinə çevrilən həyatının başlanğıcı oldu.
32 illik zindan həyatı – bir mübarizin sarsılmaz iradəsi
Pəhləvi rejiminin hərbi məhkəməsi 1950-ci ilin dekabrında Səfər Qəhrəmanini rejimə qarşı silahlı üsyanda ittiham edərək ölüm cəzasına məhkum etdi. Uzun illər qeyri-müəyyən vəziyyətdə saxlanıldıqdan sonra, 1954-cü ildə bu hökm ömürlük həbs cəzası ilə əvəz edildi. Beləliklə, onun gəncliyi və ömrünün böyük bir hissəsi şah rejiminin zindanlarında keçdi.
Səfər Qəhrəmani Qəsr, Bərazcan, Evin və Pəhləvi rejiminin digər həbsxana və təhlükəsizlik təcridxanalarında uzun illər saxlanıldı. Ağır şəraiti, yandırıcı istisi və ciddi məhrumiyyətləri ilə seçilən Bərazcan zindanı onun həbs həyatının ən çətin mərhələlərindən biri idi. O, bu illərdə Qəni Buluriyan, Əziz Yusifi və Cəlil Qadanı kimi bir sıra siyasi mübarizlər və məhbuslarla birlikdə saxlanılmışdı. Səfər Qəhrəmaninin insani münasibəti, möhkəm iradəsi, cəsarəti və yumor hissi məhbuslar arasında dillər əzbəri idi. Hətta zindanın ən ağır şəraitində belə, o, ruh yüksəkliyini və ümidini qoruyaraq həbsxana nəzarətçilərinin təzyiqlərinə müqavimət göstərməyə çalışırdı.
Səfər Qəhrəmanini unudulmaz şəxsiyyətə çevirən yalnız uzun illər həbsdə qalması deyildi. Onu fərqləndirən, uğrunda mübarizə apardığı əqidə və ideallara sədaqətini qoruyub saxlaması idi. Şah rejiminin repressiya aparatı işgəncə, hədə-qorxu və ömürlük həbs vasitəsilə onun və Azərbaycanın digər mübarizlərinin iradəsini qırmaq istəyirdi. Lakin bu məqsədinə nail ola bilmədi.
Mübarizənin ağır bədəli – ailədən ayrı keçən illər
Zindan və işgəncələrlə yanaşı, ailə həyatından məhrum olmaq da Səfər Qəhrəmaninin həyatının ən ağrılı tərəflərindən biri idi. O, uzun illər həyat yoldaşından və övladından ayrı yaşadı, qızı atasız böyüdü. İllərlə gözlədikdən sonra baş tutan məhdud görüşlər bütün bu ayrılıq illərinin ağrısını aradan qaldıra bilməzdi.
1967-ci ildə, təxminən iyirmi illik həbsdən sonra qızı ilk dəfə onun görüşünə gəldi. Bu görüş siyasi məhbus həyatının sarsıdıcı mənzərələrindən biri idi: illərlə övladını görməkdən məhrum qalmış bir ata indi zindanın soyuq və məhdud şəraitində öz duyğularını və həsrətini cilovlamağa çalışırdı.
Səfər Qəhrəmaninin ailəsinin taleyi də siyasi mübarizlərin ailələrinin despotizm dövründə ödəməli olduqları ağır bədəlın bir hissəsidir. Repressiv rejimlərin rəsmi tarixində bu ailə faciələrinə çox vaxt lazımi yer verilmir.
İnqilab ərəfəsində azadlıq – xalqın qoynuna qayıdan mübariz İran xalqının Pəhləvi rejiminə qarşı inqilabi mübarizəsinin yüksəlişi ilə əlaqədar, nəhayət, 1978-ci il oktyabrın 26-da Səfər Qəhrəmani 32 ildən artıq davam edən əsirlikdən azad edildi.
Onun azadlığa çıxması xəbəri xalq və siyasi fəallar tərəfindən böyük rəğbətlə qarşılandı. İllər boyu onun adını və müqavimət tarixini eşitmiş insanlar indi şah rejiminin iradəsini qıra bilmədiyi bir mübarizin azadlığa qayıdışının şahidi olurdular.
Səfər Qəhrəmani azadlığa çıxdıqdan sonra çıxışlarının birində İran xalqının mübarizəsi ilə həmrəyliyini vurğulayaraq demişdi:
«Xalq məni çox utandırır. Mən iranlıyam. Hamı kimi ölkəmin müstəqilliyini istəyirəm. Hamı kimi zülmə qarşı mübarizə aparıram. Tələbələrə, fəhlələrə və xalqa deyin ki, öz böyük oyanışlarının əzəmətini dərk etsinlər».
Bu sözlər onilliklər boyu zindanlarda saxlanılmasına baxmayaraq, özünü xalqın, fəhlələrin, tələbələrin və digər azadlıqsevər qüvvələrin yanında görən bir mübarizin milli və azadlıqsevər dünyagörüşünü ifadə edirdi.
Səfər Qəhrəmaninin mübarizə və zindan illəri ilə bağlı xatirələri sonralar Əliəşrəf Dərvişiyanın söhbətləri və tərtibatı əsasında «Səfərxanın xatirələri: Şah zindanlarında 32 illik müqavimət» kitabında nəşr olundu. Bu əsər yalnız bir mübarizin həyat tarixçəsini deyil, həm də Pəhləvi dövründə siyasi repressiyaların və siyasi məhbusların müqavimətinin tarixi sənədini özündə əks etdirir.
9 noyabr – Səfər Qəhrəmaninin vəfatının ildönümü
Səfər Qəhrəmani 2002-ci il noyabrın 9-da, bir müddət xəstəlikdən əziyyət çəkdikdən sonra vəfat etdi və Kərəcdəki İmamzadə Tahir qəbiristanlığında dəfn olundu. Onun vəfatı ilə Azərbaycanın azadlıq və sosial ədalət uğrunda mübarizə hərəkatı tanınmış və dönməz simalarından birini itirdi. Lakin onun adı və xatirəsi mübarizlərin və zəhmətkeş xalqın tarixi yaddaşında yaşamaqda davam etdi.
Səfər Qəhrəmaninin həyatını Azərbaycan xalqının despotizmdən, ayrı-seçkilikdən və geridə qalmış ictimai münasibətlərdən xilas olmaq uğrunda apardığı mübarizə tarixinin kontekstində dəyərləndirmək lazımdır. O, zəhmətkeş xalqın övladı idi; kəndlilərin arasından çıxmış, Azərbaycan Milli Hərəkatına qoşulmuş, Milli Hökumətin və onun sosial nailiyyətlərinin müdafiəsində dayanmışdı.
32 illik həbs və işgəncələr onu öz ideallarından ayıra bilmədi. Bu müqavimət yalnız cəsur bir insanın fərdi keyfiyyəti deyil, repressiya və despotizm qarşısında baş əyməyən bütöv bir mübariz nəslin iradəsinin təzahürü idi.
Azərbaycan Demokrat Firqəsinin mövqeyindən Səfər Qəhrəmaninin xatirəsini yad etmək azadlıq, sosial ədalət, milli hüquqlar, ana dili və mədəniyyət hüququ uğrunda mübarizə aparmış xalqımızın mübarizə tarixinə ehtiram göstərmək deməkdir. Onun həyat təcrübəsi bir daha xatırladır ki, repressiya və qorxu yaratmaqda nə qədər güclü olursa-olsun, heç bir hakimiyyət xalqın azadlıq və ədalət istəyini əbədi olaraq susdura bilməz.
Bu dönməz mübarizin vəfatının ildönümündə onun həyat və mübarizə yolunu xatırlamaq, öz insani və ictimai idealları uğrunda zindan, sürgün, işgəncə və məhrumiyyətlərə qatlaşmış bütün insanlara ehtiramın ifadəsidir.
Azərbaycan Milli Hərəkatının mübarizi, şah despotizminin zindanlarında 32 illik müqavimət rəmzi Səfər Qəhrəmaninin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Onun azadlıq, sosial ədalət və xalqımızın hüquqları uğrunda mübarizə yolu yaşasın!
Dünən, 00:18
Eldar müəllimin bədii-publisistik dünyası

Eldar müəllimin

bədii-publisistik

dünyası


Professor Eldar Məmmədbəylinin publisist və bədii əsərlər toplusunun əlyazmasını nəzərdən keçirərkən, diqqətimi azot haqqında maraqlı elmi fikirlər burada hər kəsin anlayacağı publisist bir üslubda öz əksini tapdığını müşahidə etdim.
Antuan Loran Lavuazye havanın tənəffüsə və yanmaya kömək etməyən hissəsini öyrənərkən bu hissəni azot adlandırmışdır. Lavuazyeyə görə “azot” “həyatsız” deməkdir və yunan dilindən “a” – inkar, “zoe” – həyat ifadələrindən alınmışdır.
Azotu ilk dəfə şotland kimyaçısı Daniel Rezerford 1772-ci ildə kəşf etmişdir. O, hesab etmişdir ki, havanın tənəffüsə və yanmaya kömək etməyən bu hissəsi doymuş flaqistondur. Lavuazye sübut etmişdir ki, D. Rezerford tərəfindn kəşf edilən qaz müstəqil element – azotdur”.
Əlkimyaçıların “Bütün başlanğıcların başlanğıcı və sonu” hesab etdiyi azotu araşdırarkən aydın olur ki, azot və həyat ayrılmaz bir anlayışdır. Bioloqlar, kimyaçılar, astrofiziklər həyatın “Başlanğıcının başlanğıcına” baş vurarkən mütləq azotla qarşılaşır”.
Eldar Məmmədbəyli bir müəllif kimi kimya (kimyəvi element) haqqında elm aləminə mövcud olan bilikləri hər kəsin anlayacağı publisistik üslubda çatdırmaqla həm də bir maarifləndiricilik missiyasını yerinə yetirir. Axı publisistikadakı məqsəd də ümumoxucu kütləsini anlaşıqlı bir üslubda öyrətməyə xidmət edir. Beləcə, bu yazısında Eldar müəllim həm kimyəvi element haqqında, həm onun təsərrüfatda istifadəsi haqqında maraqlı məlumatlar çatdırır ki, bundan da məqsəd əhalini kimyəvi elementlərin həyatımızdakı, məişətimizdəki rolu və əhəmiyyəti ilə bağlı təsəvvürlərə yiyələndirməkdir.
Məhz bu fikiri əbəs deyil ki, müəllif məqaləsinin başlığına “Bəşəriyyəti yaşadan 7 saylı element” şəklində çıxartmışdır. Əbəttə ki, bu fikrin doğruluğunu Eldar müəllim məqaləsinin davamında da populist bir dillə izah etmişdir. “Həyat çox şeydə azota borcludur” deyən müəllif göstərir ki, demək olar ki, biz oksigenlə zənginləşmiş azot atmosferi ilə nəfəs alırıq. Daha sonra alim qeyd edir ki, “azot bütün canlı orqanizmlərin – bitkilərin və heyvanların tərkibinə daxil olur… Azotsuz həyat yoxdur. Azotun atmosferdə sonsuz ehtiyatına baxmayaraq, nə heyvanlar, nə də bitkilərin əksəriyyəti onu atmosferdən mənimsəyə bilmir. O, az miqdarda nitratlar şəklində müxtəlif şoralar kimi (Çili, Hindistan, Norveç şorası) torpaqda olur”.
Qeyd olunduğu kimi, uzun müddət kənd təsərrüfatı bitkilərinin azota tələbatını torpağa Çili şorasının verilməsi yolu ilə ödəyirdilər. Lakin bu şoranın ehtiyatı məhdud olduğundan azot gübrələrinin digər sənaye üsulları ilə alınması məsələsi ortaya çıxdı.
Azotun atmosferdən fiksasiyasının, əsasən, üç yolla həyata keçirilməsi mümkün olmuşdur: elektrik qövsü, sianamid üsulu və ammonyakın sintezi. Ammonyak – spesifik xüsusiyyətə və çox böyük əhəmiyyətə malik azot tərkibli birləşmədir. Azot tərkibli birləşmələrin içərisində ammonium (NH₄) qrupu saxlayan birləşmələr də geniş yayılmışdır.
1909-cu ildə alman alimi Firs Haber və Karl Boş tərəfindən ammonyakın sənaye prosesi ilə alınmasının üsulu işlənib hazırlanmışdır.
Göründüyü kimi, alim elmi-texniki tərəqqinin inkişafından söz açır, azot gübrəsinin sənayedə tətbiqindən, kənd təsərrüfatında istifadəsindən danışmaqla azotla bağlı təsəvvürlərin elmi dövriyyədəki inkişafını açıb göstərir. Eldar Məmmədbəyli daha sonra Haber və Boşun sonralar atmosferdən ammonyakın alınması texnologiyasını hərtərəfli inkişaf etdirmələri amilini də diqqət mərkəzinə gətirir. Bütün bunların sonunda alim-publisist kimi özünün yekun qənaətlərini də tövsiyəedici fikir kimi ortaya qoyur: “Yüksək elmi təfəkkürə malik olan, elmdə əlçatmaz zirvələr fəth edən alimlər mənəvi məsuliyyət məsələsinə də fikir verməlidir. Alimin mənəvi məsuliyyəti çox maraqlı problemdir. Ernest Rezerfordun alimin “Eyni vaxtda həm elmə, həm də nəfsə xidmət etməsi” barədə dediyi kəlam dərin məna daşıyır. Haberin başına gələnlər bu fikrin əyani sübutudur. O, XX əsrin başlanğıcının ən görkəmli fiziki-kimyaçılarından biri idi. Yuxarıda göstərildiyi kimi, Haber atmosferdən azotun fiksasiyası üsulunu işləyib hazırlamışdır. Bu üsul bu günə qədər öz əhəmiyyətini itirməmişdir. Haberin kəşfi Çilidən asılılığı aradan götürərək Almaniyada şora istehsal etmək imkanı yaratdı.
Bu ifadələrlə professor, kimya elmləri doktoru Eldar Məmmədbəyli bütün bəşəriyyətə, dünya alimlərinə ibrətedici dərs götürməyi aşılayır. Alimin nəfsinə yox, elmə xidmət etmələrini, bəşəri dəyərlərə üstünlük vermələrini tövsiyə edir və yazısını belə yekunlaşdırır: “bəşəriyyətin aclıqdan xilas olunmasında misilsiz xidmətləri olan Haberin zəhərləyici ipriti kəşf etməsi “mamona” (tamah allahına) xidmətdən başqa bir şey deyildi və onun özünün faciəsinə çevrildi”.
Bu düşüncə həm də elə Eldar müəllimin öz iç dünyasının – mənəvi aləminin səsidir, vicdan duyğusunun təcəssümüdür. Başqa sözlə, Eldar Məmmədbəyli bir alim kimi də, bir publisist kimi də və bütün bunların qovşağında bir insan kimi də elmi ilə də, qələmi ilə də, amalı ilə də insana və insanlığa xidmət missiyası aşılayır. Bədii əsərlərin də - şeirlərin də müqəddəs missiyası məhz ali insani dəyərlərə xidmətlə ölçülür. Eldar müəllim kimyaçı kimi də, publisist kimi də, şair kimi də insanları (oxucularını) ali mənəvi dəyərlərlə yaşamağa çağırır. Gəlin biz də onun bədii-publisistik aynasından bizə göstərdiklərinə diqqət göstərək, oradan dünyamıza tamaşa edək!

Şakir Əlifoğlu,
filologiya elmləri doktoru
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!