Azadlıq Mübarizəsinin Şəhidləri və DavamçılarıII hissə
Qəni Mirzə Ağabala oğlu İbrahimiƏvvəli linkdəhttps://butov.az/guneyin_sesi/56691-azadlq-mubarizsinin-hidlri-v-davamclar.html
Qəni İbrahimi – dövrünün tanınmış ziyalıları və sadə insanları arasında böyük nüfuz sahibi olmuş Mirzə Ağabalanın ailəsində anadan olmuşdur. Qəni, böyük tacirlərdən olan atası ilə, hələ gənc yaşlarından ticarət işləri ilə əlaqədar Qafqazın bir çox şəhərlərində, o cümlədən Bakıda dəfələrlə olmuş, bu şəhərlərin əksəriyyətində bir çox tacirlər və cəmiyyətin nüfuzlu adamları ilə etibarlı əlaqələr qurmuşdu. O Azərbaycan türkcəsindən başqa, fars, ərəb, rus, fransız dillərində sərbəst danışa, yazıb-oxuya bilirdi. Fars, ərəb dillərini hələ uşaq ikən mədrəsədə öyrənməyə başlasa, rus, fransız dillərini ticarət əlaqələri zamanı şifahi olaraq öyrənsə də, dərin mütaliə və zəka sahibi olması səbəbindən bu dillərdə yazıb-oxumağı müstəqil öyrənmişdi. Yaşadığı Astara şəhərində ən savadlı adamlardan biri və müstəqil fikir sahibi kimi böyük nüfuza malik idi. Qəni İbrahimi Bakıda Sosial-Demokrat partiyasının üzvləri, inqilabçı və mübariz insanlarla əlaqələrini, tanışlığını möhkəmlədərək onların ictimai-siyasi dünyagörüşlərini bəyənib, onlara qoşulur və yaşadığı Astara şəhəri və onun ətrafında bu ideyaları təbliğ etməklə, əhalini maarifləndirməyə səy göstərir. İranda “Ədalət” partiyası təşkil olunanda bu partiyaya üzvü və bu partiyanın fəal üzvləri sırasında olur.
1920-ci ilin iyun ayında Ənzəli şəhərində keçirilən “Ədalət” partiyasnın I qurultayında bu partiyanın “Kommunist” partiyası adlandırılması haqqında qərar qəbul edilir. 1925-ci ildə ingilislərin köməyilə hərbi çevriliş etməklə Qacar hakimiyyətini devirib, hakimiyyəti ələ alaraq, ölkədə müdhiş istibdad rejimi yaratdıqdan sonra, milli azadlıq prosesinin fəallarına, müasir düşüncəli aydınlara qarşı tətbiq edilən terror və kütləvi həbslər Qəni İbrahimidən də yan keçmir. O da, həbsə alınaraq, uzun müddət zindanda ağır işgəncələrə məruz qoyulduqdan sonra, zindandan buraxılaraq Nəhavənd şəhərinə ömürlük sürgün edilir.
Firidun Qəni oğlu İbrahimiFiridun İbrahimi 21.11.1918-ci ildə Güney Azərbaycanın Astara şəhərində. Milli azadlıq hərəkatının fəal üzvlərindən olub, özünün kamil zəkası ilə çoxlarından fərqlənən Qəni Mirzə Ağabala oğlu İbrahiminin ailəsində anadan olub. O, ibtidai təhsilini Astara şəhərində almış, atasının Nəhavəndə sürğün edilməsinə baxmayaraq, atasının himayəsi sayəsində elə Astarada 9-cu sinfi bitirdikdən sonra Ənzəliyə gedərək 10-cu sinfi orada bitirmişdir. Daha sonra Təbrizə gedib 11-12-ci sinifləri Firdovsi məktəbində oxuyaraq orta təhsilini tamamlamışdır.
Firidun ali təhsil almaq üçün Tehrana gedərək Tehran Universitetinin hüquq fakültəsinə daxil olur. O, Tehran Universitetinin hüquq fakültəsinin tələbəsi olduğu zaman, milli ruhlu azadlıq mübarizi kimi yetişərək formalaşır. İkinci dünya müharibəsi illərində İranda azadlıq hərəkatı canlanmağa başladığı dövrdə Fİridun İran Xalq Partiyasının fəal üzvlərindən biri olur. O demokratik qüvvələrə məxsus olan qəzetlərlə sıx əməkdaşlıq edir, “Rəhbər”, “Ajir”, “Mərdom” və bir sıra mötəbər qəzetlərdə ölkənin iqtisdai-ictimai, o cümlədən real siyasi durumunu dəqiqliklə əks etdirən məqalələrlə çıxış edir. Universitetdə təhsilini başa vurduqdan sonra, ona Tehranda və başqa şəhərlərdə ixtisası üzrə samballı vəzifələr verilməsi təkliflərini rədd edərək 1945-ci ildə Güney Azərbaycana, Təbrizə gəlir. O zaman onun İran Xalq Partiyasının mətbuat orqanı olan “Xavərno” (Yeni Şərq) qəzetində çap olunan məqalələri Rza Palani irtica rejiminin iç üzünün cəmiyyətə bir çox təfərrüatı ilə çatdırılmasında mühüm rol oynamışdır.
Firidun İbrahimi “Azərbaycan danışır” adlı tarixi keçmişimizi əks etdirən məqalələrini yazması səbəbini izah edərək, yazırdı ki, – “Öz həqiqi məqamını əldə etmək üçün bu gün üsyan edən Azərbaycan xalqını azad dünyaya tanıtmaq, bəşəriyyətin mədəniyyət tarixində Azərbaycanın nə kimi bir məqama malik olduğunu göstərmək istəyirəm”. Güney Azərbaycanda Azərbaycan Demokrat Firqəsi təşkil olunanda o, bu firqənin sıralarına daxil olur. S.C.Pişəvərinin başçılıq etdiyi “21 Azər” hərəkatında çox qısa bir müddətdə hərəkatın mətin, dönməz və önəmli şəxsiyyətlərindən birinə çevrilir.
Firidun İbrahimi 1946-cı ildə Parisdə təşkil olunmuş sülh konfransında Güney Azərbaycan mətbuatını təmsil edir. Təbrizə qayıtdıqdan sonra konfrans haqqında öz təəssüratını “Azərbaycan” qəzetində çap olunmuş məqalələrində ictimaiyyətə təqdim edir. “21 Azər” hərəkatı qalib gələrək Güney Azərbaycanda Milli Hökumət qurulanda 26 yaşlı gənc Firidun İbrahimi Güney Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin edilir və Millət Vəkili olaraq Milli Məclisin üzvü seçilir. O Milli Hökuməin mövcud olduğu bir il ərzində Güney Azərbaycanda keçirilən böyük və əsaslı iqtisadi-ictimai islahatların keçirilməsi, ümumiyyətlə ölkədə qanunvericilik bazasının yaradılması, Rza Palani rejiminin əsassız həbs və məhkum etdiyi insanların azadlığa buraxılması, icraatda olan cinayət və mülki işlərə ədalətli, obyektiv baxılmasını təşkil edərək, bir çox konkret proseslərə şəxsən nəzarət etmişdir. 1945-cı il tarixdə SSRİ və İngiltərənin mənafe anlaşması əsasında SSRİ qoşunları Güney Azərbaycandan çıxarılıb, S.C.Pişəvəri və M.Bağırzadə (Biriya) istisna olmaqla hökumət üzvlərinin və səhra komandirlərinin əksəriyyətinin tabeliyində olan hərbi qüvvələrlə birlikdə Sovet Azərbaycanına keçirilərək tərksilah olunduqdan sonra, çox zəifləmiş Milli Hərbi qüvvələr, İngilislərin ağır zirehli texnika və o dövrün müasir silahları ilə təmin etdiyi Rza Palaninin hərbi qüvvətlərinin hərbi təcavüzünün qarşısını ala bilmədiyindən 12.12.1946-cı ildə Milli Hökumət süqut edənə qədər ölkənin Baş Prokuroru olan Firidun İbrahimi də, Sovet Azərbaycanına çox asanlıqla mühacirət edə bilərdi. Lakin, qanında türk ərənlərinin genetik kodunu daşıyan Mirzə Ağabala nəslinin nümayəndəsi, Qəni İbrahiminin oğlu olub, daim milli azadlıq amalı ilə nəfəs alıb yaşayan ailədə tərbiyə almış Firidun İbrahimi bunu edə bilməzdi və etmədi də. O yaxın silahdaşlarını başına toplayaraq, Təbrizdə Azərbaycan Demokrat Firqəsinin binasında barrikada qurub, düşmənin gəlməsini gözlədi.
Silahdaşları onun mühacirət etməməsinin səbəbini soruşduqda, cavab verir ki, – “Xalqı bu mübarizəyə biz cəlb etmişik. Düşmən qarşısında onları yalqız qoymağa haqqımız yoxdur. Onların yanında qalıb ölmək, qaçmaqdan və vətəni tərk etməkdən daha yaxşı və şərəflidir”. Düşmən yaxınlaşdıqda onların təslim olmaq tələbinə atəşlə cavab verən bu azsaylı dəstə düşməni ağır texnika və müasir silahlarla silahlandırılmış çoxsaylı hərbi qüvvəsi ilə 34 saat döyüşdükdən sonra, Firidun yaralanaraq əsir alınır. Təbrizin Tehranın zindanlarında verilən ağır ağlagəlməz işgəncələr, nə də düşmənə müti olacağı halda ona vəd edilən təntənəli həyat şəraiti, onu amalına xəyanət etməyə sövq edə bilmir və edə bilməzdi də. Edam edilən günün öncəsi anası ilə son görüşündə, anasından təzə kostyumunu, ağ köynəyini və qırmızı qalstukunu gətirməyi xahiş edir. Onunla birgə həbs edilmiş silahdaşlarından biri, – “Onsuz da sabah edam edəcəklər, bunlar nəyinə lazımdır ki?” – sualına Firidun, – “Bütün həyatımız boyunca düzlük və şərəf ilə yaşamışıq. Nədən, dar ağacı altında pozğun görünməliyik?” – cavabını verir. 22 may 1947-ci ildə Təbrizdə böyük canlanma var idi. Şəhərin Səttarxan xiyabanında əhali “Gülüstan” bağının qarşısında yığışmışdı, meydanda isə dar ağacı qurulmuşdu. Əhaliyə məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokuroru Firidun İbrahimini dar ağacından asacaqlar. “Gülüstan” bağı rejimin hərbi qüvvələri və jandarm ilə əhatə olunmuşdu. Gündüz saat 12-yə yaxın uca boylu, enli kürək, əynində miləmil pencək, ağ köynək, qırmızı qalstuk taxmış, şux geyimli Firidun İbrahimini jandarmların əhatəsində dar ağacının qabağına gətirdilər. Qəfildən əhali təlatümə gəldi və jandarmlara, hərbçilərə hücum etmək istədilər. Bu zaman Firidun İbrahimi əlini yuxarı qaldıraraq dedi, – “Mənim əzizlərim, həmvətənlərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma ana vətənimiz Azərbaycan!” Fars faşizmi mənən məğlub edə bilmədiyi Güney Azərbaycanın polad iradəli, əyə, sındıra bilmədiyi Baş Prokurorunu edam edib, cismən məhv etsə də, bir ölüb, min dirirlən bu millətin, o cümlədən İbrahimilər nəslinin nümayəndələri Güney Azərbaycan milli azadlıq müabrizəsini dayandırmadı.
Davamı var"Bütöv Azərbaycan" qəzeti,
Azərbaycan Demokrat Firqəsinin xüsusi buraxılışından
16 Oktyabr 2026Şapur Qasimi