Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                       
Bu gün, 10:39
Kəlbəcərdə tarixi qayıdış və böyük quruculuq mərhələsi


Kəlbəcərdə tarixi qayıdış və

böyük quruculuq mərhələsi


2020-ci il noyabrın 25-də, Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Kəlbəcər rayonu Azərbaycana qaytarıldı və bununla da xalqımızın 27 ildən artıq davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm mərhələ başlandı.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. “Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etdiyi bildirilir. Ərazidə 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirlər, qədim türk əlifbası nümunələri və çoxsaylı tarixi abidələr aşkarlanıb. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər zəngin meşələri, mineral su ehtiyatları və möhtəşəm dağ mənzərələri ilə də seçilir. Rayonun ərazisi 3054 kv.kilometrdir.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğaldan əvvəl rayonda 53 min 478 nəfər yaşayırdı. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayon əhalisi doğma yurdlarından didərgin salındı. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin tarixi-mədəni irsinə, sosial və iqtisadi infrastrukturuna ciddi ziyan vuruldu, məktəblər, xəstəxanalar, kitabxanalar, yaşayış evləri və digər obyektlər dağıdıldı, rayonun sərvətləri talan edildi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, bu qərar uzun illər icra edilmədi. Üstəlik, 1999-cu ildən etibarən rayonda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş 2020-ci ildə baş verdi. Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi strategiya və 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medalla təltif olundu.
İşğaldan azad edildikdən sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. 2024-cü il mayın 1-də Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və sosial obyektlər inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır.
Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi salınır. Kompleksdə çoxmənzilli binalar və fərdi yaşayış evləri ilə yanaşı, parklar, uşaq oyun və idman meydançaları, sosial-məişət obyektləri yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı yeni mənzillərə köçən 20 ailəyə açarları təqdim edib. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb.
Yanşaq, Zallar və Zar kəndlərində də genişmiqyaslı yenidənqurma işləri planlaşdırılıb. Bu yaşayış məntəqələrində yüzlərlə ailənin məskunlaşdırılması, fərdi evlərin, məktəblərin və uşaq bağçalarının inşası nəzərdə tutulur.
Bölgənin nəqliyyat infrastrukturunun qurulmasında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan yol üzərində beş tunel inşa edilir. Onlardan biri olan 11,7 kilometrlik Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Layihənin reallaşması Kəlbəcərin digər bölgələrlə əlaqəsini asanlaşdırmaqla yanaşı, turizmin və iqtisadi fəaliyyətin inkişafına da mühüm töhfə verəcək.

Kəlbəcərin zəngin su ehtiyatlarından səmərəli istifadə məqsədilə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeniləri tikilib. “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” stansiyaları bölgənin enerji təminatında mühüm rol oynayır.
Rayonun iqtisadi potensialının bərpasında “İstisu” layihələri də xüsusi yer tutur. 2024-cü ildə “İstisu” mineral su zavodunun tikintisi başa çatdırılıb. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. Bununla yanaşı, 80 min kvadratmetr ərazidə yaradılması nəzərdə tutulan “İstisu” Müalicə-İstirahət Kompleksində hotel, kotteclər və müalicə mərkəzinin tikintisi aparılır. Kompleksin istifadəyə verilməsi Kəlbəcərin sağlamlıq və turizm mərkəzinə çevrilməsi baxımından mühüm perspektivlər yaradır.
Prezident İlham Əliyevin 2021-ci ildən etibarən Kəlbəcərə mütəmadi səfərləri bölgədə aparılan quruculuq işlərinin sürətlənməsində mühüm rol oynayıb. Bu səfərlər zamanı yaşayış komplekslərinin, kəndlərin, yolların, elektrik stansiyalarının, məktəblərin və digər infrastruktur obyektlərinin təməli qoyulub, bir sıra layihələr istifadəyə verilib.
Bu gün Kəlbəcər özünün yeni inkişaf mərhələsini yaşayır. Vaxtilə işğal nəticəsində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Həyata keçirilən layihələr Kəlbəcərin gələcəkdə mühüm turizm, sənaye, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının tarixi ədalətinin bərpasını, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni və Böyük Qayıdışın başlanmasını təcəssüm etdirir. Bu tarix həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin fədakarlığının və xalqımızın sarsılmaz iradəsinin ifadəsidir. Kəlbəcər artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsidir.

Nizami Zalov
Şəhid atası, Saray qəsəbə bələdiyyəsinin sədri
23-11-2026, 20:44
“İrəvanın Kəlağayı Yaddaşı”


“İrəvanın Kəlağayı Yaddaşı”

Qərbi Azərbaycana qayıdış ruhunda möhtəşəm konsert

Noyabrın 22-də milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın və doğma yurda bağlılığımızın təcəssümü olan “İrəvanın Kəlağayı Yaddaşı” adlı möhtəşəm konsert proqramı keçirildi.

Tədbirin əsas qayəsi Qərbi Azərbaycan həqiqətlərini yaşatmaq, tarixi yaddaşımızı gələcək nəsillərə ötürmək və Qərbi Azərbaycana qayıdış ideyasını sənət və musiqi vasitəsilə bir daha səsləndirmək idi.

“Aşıq Pəri Məclisi”nin rəhbəri, Pərvanə Zəngəzurlunun təşkilatçılığı ilə baş tutan tədbirdə musiqisevərlər, milli mənəvi dəyərlərimizi gənc nəslin ruhuna ötürmək istəyən ziyalılar, media və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Pərvanə xanımın pəriləri kəlağayımızı vəsf edən şeirlər oxudular. Aşıq ifaları ilə zənginləşən konsert milli musiqimizin, folklorumuzun və kəlağayı mədəniyyətimizin vəhdətində doğma torpaqlara olan sevgi və həsrəti ifadə etdi.

“İrəvanın Kəlağayı Yaddaşı” bir sənət gecəsi olmaqla yanaşı, həm də tarixi köklərimizə, milli kimliyimizə və Qərbi Azərbaycan yaddaşına sədaqətin ifadəsi kimi yadda qaldı.




23-11-2026, 20:13
Vidadi müəllim,   təbrik edirik!


Vidadi müəllim,

təbrik edirik!


Qədim Naxçıvan diyarının Şahbuz rayonunun Kükü kəndində dünyaya göz açmış, bütün ruhu və içi ilə şeir adlı məbədgahın adlı-sanlı şairlərindən sayılan Vidadi Loğmanoğlunun 74 yaşı tamam oldu. Onu təkcə dostları, doğmaları, qan qohumları deyil, həm də yeni məskunlaşdığı Mehiabad qəsəbəsindəki təzə oxucuları, məhəllə qonşuları Vaqif müəllim, Elman həkim və Günel xanım da təbrik ediblər. Qonşular bu münasibətlə şairin başına yığışıb, ona gül dəstəsi bağışlayıb, şərəfinə şam yandırıblar. Elman həkim isə şairin oxucuların qəlbini oxşayan, cəmiyyətimizin sosial və əxlaqi problemlərinə işıq salan şeirlərindən nümunələr təqdim edib:

Polısdən, milisonerdən,
Ya hər cür hərbçidən
Deyrəm kənar olum,
Heç olmasın bir dənə
Qayda-qanunu pozan,
Heç olmasın bir dənə
Sərhədləri qoruyan.
Dünya sərhədsiz olsun,
Dünyanın hər güşəsi
Mənə bir Vətən olsun,
Ötüşmək olurmusa...!

Yox... başqa yol yoxdusa,
Ürəyimdən çox keçir,
Çox amansız inadkar,
Qorxmaz bir əsgər olum,
Ya da ki, əsgərləri,
Yaddaqalan döyüşə
Aparan baş leytenant,
Ya da kapitan olum.


Bayırda vaxtsız qar yağır!

Bayırda vaxtsız qar yağır!
Kiminin başına
Kiminin papağına
Kiminsə bayaqdan
Boyadımış kababına,
Kiminin qazanına, aşına...

Bayırda vaxtsız qar yağır..
Kiminin onsuz da
Yoxluqdan, kövrəklikdən
Üşüyən dözümünə,
Üşüyən içinə...

Bayırda vaxtsız qar yağır...
Kiminsə hələ
Alaram deyə
Daşınıb-düşündüyü
İntəhasız fikirinə,
Ümidsiz ümidinə...

Bayırda vaxtsız qar yağır...
Mənimsə çoxdan
Ayrılıqlardan və tənhalıqdan
Buz bağlayan ruhuma,
İzimə, cığırıma.

Yazıqlaşan bu dilim.
Bakıda həmvətənlərim özgə dildə danışarkən.


Bəlkə ana laylasın,
Dinləməyib gənc nəsil.
Zamanın günahımı,
Yoxsa mənim günahım.
Heç əcnəbi dilində
Layla demək olurmu?
Oxşayıb körpəsini
Ovutmaq, dilə tutmaq.
Uyuyub birgə yatmaq,
Olmasa heç olurmu?
Nə var mənim başımda?!
Bəlkə də bilmirlər heç
Bayatı nə, ağı nə,
Dərdimi söyləməyə,
Bir şıkayət deməyə,
Ötən qəmli günümü
Dünənimnən gətirib,
Bu günümə verəndi.
Köklənib cəngi üstə,
Hər döyüş meydanında
Bir gəraylı deyəndi,
Düşmənə hərb öyrədən,
Hər döyüşdən bir zəfər
Alıb geri dönəndi,
Bir qoşma söyləyəndi
Yazıqlaşan bu dilim.
Mənim nəğməkar dilim.

21-11-2026, 04:20
Azadlığının 6-cı ilində Ağdam böyük dirçəlişə şahidlik edir

Azadlığının 6-cı ilində Ağdam

böyük dirçəlişə şahidlik edir


20 Noyabr – Ağdam şəhəri günü Azərbaycanın tarixində mühüm hadisələrdən biri, tarixi ədalətin bərpasının, milli iradənin və doğma torpaqlara qayıdışın rəmzidir. Uzun illər işğalın ağır nəticələri ilə üzləşən, xarabalığa çevrilən Ağdam bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və sakinlərinin doğma yurda qayıdışı ilə yenidən həyat qazanır.
Qarabağın qədim yaşayış məskənlərindən biri olan Ağdam zəngin tarixi, mədəni irsi və strateji əhəmiyyəti ilə seçilib. “Ağdam” adının qədim türk dilində “kiçik qala” mənasını daşıdığı bildirilir. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan burada ağ daşdan imarət tikdirmiş, həmin tikili uzun müddət ətraf kəndlərin sakinləri üçün oriyentir olmuşdur. Ağdamın tarixi yalnız xanlıq dövrü ilə deyil, minilliklərə söykənən yaşayış və mədəniyyət izləri ilə də zəngindir. Arxeoloji tədqiqatlar ərazidə insanların 6–8 min il əvvəl yaşadığını, qədim əkinçilik və maldarlıq mədəniyyətinin formalaşdığını ortaya qoyub. Üzərriktəpədə aşkar edilən maddi-mədəniyyət nümunələri Ağdamın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam ağır dağıntılara və humanitar faciəyə məruz qaldı. Rayonun ərazisinin 73 faizi, o cümlədən rayon mərkəzi və 90 kənd işğal altına düşdü, 128 min sakin doğma yurdundan didərgin salındı. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun yaşayış infrastrukturu, məktəbləri, mədəniyyət müəssisələri, sənaye obyektləri və tarixi abidələri dağıdıldı, maddi sərvətləri talan edildi. Bir vaxtlar həyatın, zəhmətin və mədəniyyətin hökm sürdüyü şəhər xarabalığa çevrilərək erməni vandalizminin ən ağır nümunələrindən biri kimi yadda qaldı.
Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara baxmayaraq, Ağdam uzun illər işğal altında qaldı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin bu qərarların icra olunmaması minlərlə insanın doğma torpaqlarından ayrı yaşamasına səbəb oldu.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Ağdamın taleyində yeni mərhələnin başlanğıcını qoydu. Üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də şəhərin işğal altında olan əraziləri Azərbaycana təhvil verildi. Bununla da Ağdamın işğalına son qoyuldu və şəhərin bərpası, sakinlərin doğma yurda qayıdışı istiqamətində genişmiqyaslı işlərə start verildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi təsis edildi.
İşğaldan azad olunandan sonra Ağdamda yeni inkişaf mərhələsinin əsası qoyulub. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plan əsasında yaşayış məhəllələri, yollar, məktəblər, sosial obyektlər, parklar və müasir infrastruktur salınır. Ağdamın gələcəkdə 100 min nəfər əhalisi olan müasir şəhərə çevrilməsi nəzərdə tutulur. Şəhərdə beş yaşayış məhəlləsinin salınması planlaşdırılıb, artıq bir sıra məhəllələrdə açılış və təməlqoyma mərasimləri keçirilib. Rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində də ilk mərhələ üzrə məskunlaşma həyata keçirilib, digər kəndlərdə tikinti və bərpa işləri davam etdirilir.
Ağdamın iqtisadi dirçəlişində sənaye potensialının inkişafı mühüm yer tutur. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında yeni istehsal müəssisələri yaradılır, investisiyalar yatırılır, iş yerləri açılır. Parkda fəaliyyət göstərən və tikintisi davam edən müəssisələr rayonun iqtisadi imkanlarının genişləndirilməsinə, yerli istehsalın inkişafına və əhalinin məşğulluğunun artırılmasına xidmət edir. Ağdamın nəqliyyat infrastrukturu da yenidən qurulur. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətləri, eləcə də 2025-ci ildə istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin ölkənin digər bölgələri ilə əlaqələrini gücləndirərək onun regional nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradır.
Şəhərin tarixi-mədəni irsinin bərpası da diqqət mərkəzindədir. Ağdam Cümə məscidi, İmarət Kompleksi, Qiyaslı məscidi və digər tarixi məkanlarda bərpa işləri aparılıb. 2025-ci ildə açılışı olan Ağdam Muğam Mərkəzi şəhərin mədəni həyatının canlanmasına, milli musiqi irsinin qorunmasına və muğam sənətinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Yeni hotellərin, turizm və xidmət obyektlərinin yaradılması isə Ağdamın turizm potensialının inkişafı üçün imkanlar formalaşdırır.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdama sakinlərin köçü davam edir. 2026-cı ilin noyabrına olan məlumata görə, Ağdam şəhəri və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Doğma yurda qayıdan sakinlərin sayı artdıqca şəhərdə sosial həyat canlanır, yeni yaşayış mühiti formalaşır, ailələr öz doğma torpaqlarında gələcək qurmağa başlayırlar.
Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik” vədi bu gün həyata keçirilən layihələrdə öz əksini tapır. Ağdamın yenidən qurulması yalnız şəhərin fiziki bərpası deyil, həm də illərlə doğma yurdlarından ayrı düşmüş insanların həyatının yenidən qurulması, tarixi irsin qorunması və bölgənin iqtisadi potensialının reallaşdırılması deməkdir.
20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan xalqının qələbəsini, əzmini və öz torpağına bağlılığını nümayiş etdirən əlamətdar tarixdir. Bu gün Ağdam keçmişin ağrılı izlərini geridə qoyaraq müasir, inkişaf edən və sakinlərini doğma yurdda birləşdirən şəhərə çevrilir. Xarabalıqlar üzərində yüksələn yeni Ağdam Azərbaycanın Zəfər tarixinin və quruculuq iradəsinin canlı təcəssümüdür.

Ülviyyə Kərimova
Abşeron rayon Masazır kənd 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
21-11-2026, 04:04
Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş "Kəlağayı Bayramı"

Azərbaycan Kəlağayısı Gününə

həsr olunmuş "Kəlağayı Bayramı"


Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə 24 noyabr 2026-cı il, saat 11:00-da Bakı Gənclər Mərkəzində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş "Kəlağayı Bayramı" keçiriləcək.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan "Kəlağayı Bayramı" milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısının təbliği məqsədi daşıyır.
Tədbirdən əvvəl foyedə qədim və müasir kəlağayılardan, eləcə də kəlağayı mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil ediləcək.
Sizi bu əlamətdar bayram tədbirində görməkdən böyük məmnunluq duyarıq!
21-11-2026, 03:57
Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə”

Fəridə Səfiyevanın

“İrəvan tarixi sənədlərin dili ilə”


Noyabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) universitetin kafedra müdiri, professor Fəridə Səfiyevanın ingilis dilində nəşr olunmuş “Irevan through the Language of Historical Documents” (“İrəvan tarixi sənədlərin dili ilə”) kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən verilən məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan kitab İrəvanın tarixi və mədəni irsinin sənədlər əsasında araşdırılmasına həsr olunub.
Kitabda İrəvanın tarixində mühüm iz qoymuş on azərbaycanlı ailənin nəsil şəcərəsi, ictimai fəaliyyəti, elm, mədəniyyət və digər sahələrdəki xidmətləri araşdırılır. Nəşrdə həmin ailələrin tarixini əks etdirən müxtəlif tarixi sənədlərlə yanaşı, ailə sənədlərinə də yer verilib. Ayrı-ayrı ailələrin taleyi və fəaliyyəti fonunda bütöv bir dövrün sosial-mədəni mənzərəsini əks etdirən əsər İrəvanın Azərbaycanla bağlı tarixi irsinin öyrənilməsi, sənədləşdirilməsi və beynəlxalq elmi ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbiri universitetin prorektoru, dosent Sədaqət Əliyeva açaraq iştirakçıları və qonaqları salamlayıb, nəşrin elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. Daha sonra sözü kitabın müəllifi, professor Fəridə Səfiyevaya verib.

Müəllif çıxışında kitabın ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində keçirilmiş ilk təqdimat mərasimləri barədə ətraflı məlumat verib. Həmin tədbirlərə aid fotoşəkil və slaydları nümayiş etdirən professor nəşrin beynəlxalq auditoriyaya təqdimatı, görüşlər zamanı səsləndirilən fikirlər və kitaba göstərilən maraqdan bəhs edib.
Fəridə Səfiyeva, həmçinin kitabın dünyanın ən böyük kitabxanalarından biri olan ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilməsini xüsusi vurğulayıb. O, bu hadisənin yalnız müəllifin elmi fəaliyyətinin mühüm uğuru deyil, eyni zamanda Azərbaycan tarixinin və milli-mədəni irsinin beynəlxalq miqyasda tanıdılması baxımından əlamətdar hadisə olduğunu bildirib.
Tədbirdə alim-tədqiqatçı, dosent Nazir Əhmədli və tədqiqatçı-hüquqşünas Səməd Vəkilov da çıxış ediblər. Natiqlər kitabın elmi-tarixi əhəmiyyətini yüksək qiymətləndirərək Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılmasının, bu istiqamətdə ərsəyə gələn elmi əsərlərin geniş ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd ediblər. Belə nəşrlərin tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıblar.

Universitetin Ədəbiyyat və dillər kafedrasının dosenti Fatimat Məmmədova çıxışında kitabın elmi və ictimai dəyərindən bəhs edib, müəllifin araşdırmalarını yüksək qiymətləndirib və ona gələcək elmi-yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.
Təqdimat mərasimi iştirakçıların müəlliflə xatirə şəkli çəkdirməsi ilə başa çatıb.
21-11-2026, 03:43
Ermənistan öhdəlikləri  pozur

Ermənistan öhdəlikləri pozur

Xalqımızın zəngin mədəni irsinin böyük bir hissəsi qədim yurd yerimiz olan Qərbi Azərbaycanda qalmaqdadır. Əsrlərlə yaşadığımız əzəli torpaqlarmızda tarixin müxtəlif mərhələlərində yaratdığımız mədəni irsimiz qeyri-maddi, maddi, təbii irs nümunələri olmaqla üç kateqoriyaya ayrılır. Hər üç kateqoriyadan olan mədəni irs nümunələrimizin tədqiqi və mühafizəsi ilə bağlı ciddi fəaliyyət həyata keçirilməsi tarixi zərurətdir. Azərbaycan xalqının tarixi mədəni irsi olan İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi heç bir məntiqə sığmır.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı, UNESCO klubunun sədri dosent Könül Həsənova söyləyib. O vurğulayıb ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilib və Azərbaycan memarlığının səciyyəvi xüsusiyyətlərini əks etdirir. Abidə “Göy məscid”, “Göy cami” və “Hüseynəli xan məscidi” adları ilə tanınıb. Azərbaycan xalqının maddi mədəniyyət nümunələri sırasına daxil olan “Göy məscid” beynəlxalq konvensiya ilə qorunur. Bu mədəni irs nümunəsinin qorunması 1972-ci il noyabrın 16-da Parisdə qəbul edilmiş UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasına əsasən həyata keçirilir. 1993-cü il sentyabrın 5-də Ermənistan, dekabrın 6-da Azərbaycan həmin konvensiyaya qoşulmaqla dünya mədəni irsinin qorunması ilə bağlı beynəlxalq birlik qarşısında öhdəlik götürüb. Lakin göründüyü kimi, bütün məsələlərdə olduğu kimi ermənilər bu məsələdə də öhdəliklərini kobud surətdə pozurlar.
ADPU-nun dekanı qeyd edib ki, konvensiyanın 1-ci maddəsinə əsasən “mədəni irs” dedikdə: “Abidələr: memarlıq, monumental heykəltaraşlıq və boyakarlıq əsərləri, arxeoloji xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları” nəzərdə tutulur. Sənədin 6-cı maddəsində qeyd olunub ki, bu konvensiyanın hər bir tərəf-dövlətləri ərazisində yerləşən, 1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsi olan dövlətlərin suverenliyinə tam hörmət etməklə və milli qanunvericiliklə həmin irs barəsində nəzərdə tutulan hüquqlara xələl gətirməklə, onun bütün beynəlxalq birliyin mühafizə etməyə borclu olduğu ümumi irs olduğunu etiraf edirlər.
Bu konvensiyanın hər bir tərəf-dövləti bu konvensiyanın digər tərəf-dövlətinin ərazisindəki 1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsə birbaşa, yaxud dolayısı ilə xələl gətirə bilən hansısa qərəzli hərəkət etməməyi öhdəsinə götürür.
“Lakin Ermənistan tərəfi tarixi abidələri saxtalaşdırmaqla UNESCO qarşısında götürdüyü öhdəlikləri kobud surətdə pozur. Tarixi saxtalaşdırmağa cəhd edən Ermənistan tərəfini məsuliyyətli olmağa beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, - deyə dosent Könül Həsənova fikrini yekunlaşdırıb.
16-11-2026, 18:39
Dublin Bəyannaməsi ilə Azərbaycan-Britaniya əlaqələrində tarixi dönüş başlayır

Dublin Bəyannaməsi ilə

Azərbaycan-Britaniya əlaqələrində

tarixi dönüş başlayır


12 noyabr 2026-cı ildə İrlandiyanın paytaxtı Dublin şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyət etibarilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənəd təkcə cari əməkdaşlıq istiqamətlərini təsbit etmir, həm də gələcək onilliklər üçün strateji yol xəritəsi funksiyasını yerinə yetirir. Onun 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanması münasibətlərin tarixi davamlılığını və institusional yaddaşını göstərir. Yəni, söhbət sıfırdan başlayan münasibətdən deyil, otuz ildən artıq davam edən tərəfdaşlığın strateji səviyyəyə yüksəldilməsindən gedir. Bəyannamənin giriş hissəsində tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqliyi xüsusi vurğulanır. Bu, sadəcə protokol xarakterli ifadə deyil.
Azərbaycan üçün ərazi bütövlüyü prinsipi xarici siyasətin təməl daşıdır və onun Böyük Britaniya kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən bir daha təsdiqlənməsi mühüm siyasi əhəmiyyət daşıyır. Eyni zamanda, sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan sonrakı sülh addımlarının alqışlanması regionda sülh gündəliyinin beynəlxalq dəstək qazandığını göstərir.
Böyük Britaniya burada ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan hər iki ölkənin səylərinə dəstəyini bir daha təsdiqləyir. Bəyannamənin birinci bölməsi müdafiə və təhlükəsizlik sahəsinə həsr olunub. Tərəflər regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində gücləndirilmiş əməkdaşlığı və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. Burada diqqət çəkən məqam əməkdaşlığın yalnız deklarativ xarakter daşımamasıdır. Yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsu, birgə təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığının inkişafı, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarının araşdırılması nəzərdə tutulur. Artan təhlükəsizlik çağırışlarına cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə və sərhəd idarəçiliyi sahəsində də məhkəmə və hüquqi əməkdaşlığın formalaşdırılması da bu bölmənin mühüm elementlərindəndir. Bu, Azərbaycanın təhlükəsizlik arxitekturasının Qərb standartları ilə uzlaşması, eyni zamanda Britaniyanın Cənubi Qafqazda sabitlik maraqlarının təmin olunması baxımından qarşılıqlı faydalıdır. İkinci bölmə - ticarət, investisiya və artım sahəsi Bəyannamənin iqtisadi nüvəsini təşkil edir.
Tərəflər ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şəxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər. Burada enerji məsələsi xüsusi yer tutur. Bərpa olunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqları, bilik mübadiləsi və şaxələndirilmiş fəaliyyət, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələrin təşviqi nəzərdə tutulur. Azərbaycan üçün bu, neft-qazdan asılılığın azaldılması və qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir. Böyük Britaniya üçün isə Cənubi Qafqaz və Xəzər regionunda etibarlı iqtisadi tərəfdaşla əməkdaşlığın dərinləşməsi deməkdir.
Bu bölmədə Orta Dəhlizin inkişafının dəstəklənməsi ayrıca vurğulanır. Tərəflər regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sahə boyu ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər. Bu, Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirir. Çin ilə Avropa arasında ən qısa və təhlükəsiz marşrut kimi Orta Dəhlizə Britaniya dəstəyi layihənin geosiyasi və iqtisadi çəkisini artırır. Eyni zamanda, iqlim dəyişikliyinə davamlılıq, dayanıqlılıq və sıfır hədəflərə doğru irəliləyiş, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpa olunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla, təmiz enerji keçidi üzrə əməkdaşlıq da nəzərdə tutulur. Bu, hər iki ölkənin yaşıl keçid öhdəliklərinə uyğundur və Azərbaycanın COP29-dan sonrakı yaşıl gündəliyinin davamı kimi oxuna bilər. Üçüncü bölmə təhsil və innovasiya sahəsinə həsr olunub və bəlkə də ən uzunmüddətli təsirə malik olan hissədir. Tərəflər təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər. Artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlıq dərinləşdiriləcək. Süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, universitetlər, tədqiqat institutları və sənayelər arasında əməkdaşlıq da təşviq ediləcək.
Nəhayət, iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələr və peşəkar şəbəkələr havalandırılacaq.
Beləliklə, Birgə Bəyannamə üç dayağa - təhlükəsizlik, iqtisadiyyat və insan kapitalına söykənən bütöv bir tərəfdaşlıq modelini təqdim edir. Bu, Azərbaycanın çoxşaxəli xarici siyasətində Qərb istiqamətinin gücləndirilməsi, Böyük Britaniya üçün isə Brexitdən sonrakı dövrdə qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi deməkdir. Sənədin əhəmiyyəti onun konkret layihələr üçün əsas platforma kimi istifadə olunacağında və investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas olmasındadır.
Əgər bu Bəyannamə kağız üzərində qalmayıb konkret yol xəritələri, birgə komissiyalar və layihələrlə dəstəklənsə, Azərbaycan-Britaniya münasibətləri Cənubi Qafqazda sabitliyin və Avrasiya bağlantısının mühüm dayaqlarından birinə çevrilə bilər.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
14-11-2026, 09:25
“Keçmişdən sabaha yol kəlağayı”


“Keçmişdən sabaha yol kəlağayı”

Brilyant Atəşin “Keçmişdən sabaha yol kəlağayı” kitabının təqdimatı keçirildi

13 noyabr 2026-cı il tarixində Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisi İB və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə şair Brilyant Atəşin “Keçmişdən sabaha yol kəlağayı” adlı kitabının təqdimatı keçirildi.
Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq qonaqları salamladı. O, bildirdi ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur. Güllü Eldar Tomarlı çıxışında vurğuladı ki, "Keçmısdən sabaha yol kəlağayı" kitabı müəllifin sayca 5- çi kitabıdır. O qeyd etdi ki, kəlağayının təbliği istiqamətində keçirilən silsilə tədbirlər milli irsimizin daha geniş tanıdılmasına xidmət edir.

Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir şair Lalə İsmayılın aparıcilığı ilə davam etdi. O, kəlagayı haqqında yazdıgı şeirləri səsləndirdi.
Tədbirdə kitabın redaktoru, tanınmış yazıçı Vaqif Osmanlı çıxış edərək Brilyant Atəşin yaradıcilığindan, kitabın ideyasından və kəlağayının xalqımızın tarixində tutduğu mühüm yerdən danışdı.

Şəhid Zaur İsmayılzadənin anası, qazi Sevil Hüseynova çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının şəhidlərimizin bizə əmanəti olduğunu vurğulayaraq, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verdiyini bildirdi.
Tədbirdə şairlər- Səringül Sadə, Qulu Xaləddinoğlu, Qəzənfər Məsimoğlu, Könül İbrahimsoy, Əzizə Ağahüseynqizı, Nargilə Yusifqızı, asıq Həqiqət Gədəbəyli, Nemət Turan,məclisin idarə heyyətinin üzvü Səyalı Dadaşova, Yeganə Cəfərova, İlhamə Orucova milli dəyərlərimiz, kəlağayının tarixi və mənəvi əhəmiyyəti haqqında çıxışlar etdilər, vətənə, milli irsə və Azərbaycan qadınına həsr olunmuş şeirlər səsləndirdilər.
Daha sonra söz kitabın müəllifi Brilyant Atəşə verildi.

Brilyant Atəş çıxışında bu təqdimat mərasiminin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq dedi:
"Bu gün mənim üçün böyük sevinc və qürur günüdür. Bu təqdimat təkcə kitabımın oxucularla görüşü deyil, həm də uzun illər birgə yol gəldiyim qələm dostlarımla, dəyərli ziyalılarımızla növbəti görüşdür. Mən uzun illərdir ki, Güllü Eldar Tomarlı ilə birlikdə Azərbaycanın milli sərvəti olan kəlağayının təbliği istiqamətində fəaliyyət göstərirəm. Bu illər ərzində Şuşada, Gəncədə, Sumqayıtda, Tovuzda, Naftalanda, Qazaxda, Gədəbəydə, Şamaxıda, Şəkidə, İsmayıllıda, Basqal qəsəbəsində, eləcə də ali təhsil müəssisələrində keçirilən kəlağayı festivallarında, sərgilərdə və müxtəlif maarifləndirici tədbirlərdə iştirak etmişəm.
"Keçmişdən sabaha yol kəlağayı' kitabım kəlağayıya həsr etdiyim şeirlərin toplusudur. Bu şeirlərdə xalqımızın milli ruhunu, ana nəsihətini, Azərbaycan qadınının ləyaqətini və kəlağayının mənəvi dəyərini tərənnüm etməyə çalışmışam. Arzum budur ki, gələcək nəsillər milli-mənəvi dəyərlərimizi dərindən tanısın, xüsusilə gənc qızlarımız kəlağayının tarixini, fəlsəfəsini və müqəddəsliyini öyrənsin, onu sevə-sevə yaşatsınlar. Çünki kəlağayı sadəcə bir baş örtüyü deyil – o, xalqımızın tarixidir, mədəniyyətidir, kimliyidir və nəsildən-nəslə ötürülən mənəvi irsidir. Bu irsi qorumaq və yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

Tədbir çərçivəsində Kəlağayı Ev Muzeyinin qədim və müasir kəlağayılarının sərgisi və birliyin təşəbbüsü ilə nəşr olunan kəlagayı haqqında 12 kitab nümayiş olundu. Sərgidə Azərbaycanın müxtəlif bölgələrinin kəlağayıçılıq ənənələrini əks etdirən nadir nümunələr təqdim edildi. Qeyd olundu ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş və xalqımızın mədəni irsinin dünyada tanınmasına mühüm töhfə vermişdir.

Sonda Lalə İsmayıl vurğuladı ki, təqdimat mərasimi 26 Noyabr – Azərbaycan Kəlağayı Bayramı münasibətilə keçirilən silsilə tədbirlərin növbəti mərhələsidir. Bildirildi ki, silsilə tədbirlər "Kəlagayı Bayramı" na qədər davam edəcək.
Yekun olaraq 26 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kəlağayı Bayramı” ilə başa çatacaq.
14-11-2026, 08:23
Ay mirvari şəhərim...


Ay mirvari şəhərim...

Möhtəşəm Zəfərimizin 6-cı ildönümündə Xankəndidə olmaq, bu candan əziz bayramımızı arzularımızın şəhərində keçirməyin sevincini yəqin ki, heç vaxt unutmarıq. Xankəndidə uşaq vaxtı bircə dəfə olmuşdum. Oradan qayıdanda avtobusda anamla şirin-şirin danışıb güldüyümüz hələ də yadımdadı. Bundan sonra isə müharibə başladı və bizim üzümüz bir daha gülmədi...
Yadımdadır ki, Xankəndiyə gedən avtobuslar o vaxt bizim - Ağdamın Qiyaslı kəndinin içindən, məscidimizin yanındakı böyük asvalt yoldan keçirdi. Nə biləydik ki, maşınlar ara verəndə uşaq ağlı ilə çıxıb sevincək oynadığımız o yollara sonra illərlə həsrət qalacağıq...
Bu gün nə xoşbəxtik ki, 30 il ayrılıqdan sonra Xankəndi şəhərini özümüzə qaytardıq. İndi burada bircə nəfər də erməni yaşamır. Ən gözəl şəhərlərimizdə, kəndlərimizdə harınlayıb, bizə qənim kəsilən nankor qonşumuz Xankəndiyə elə sahiblənmişdi ki, öz xanımızın, bəyimizin yurd-yuvası, oymağı olan doğma şəhərimizi əvvəlcə bizə qısqandı. Sonra isə öz havadarları ilə onu zorla bizdən qoparmağa çalışsa da sonunda ilahi ədələt öz yerini aldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin güclü iradəsi, düşünülmüş siyasəti və qalib ordumuzun gücü, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına yenidən özümüzə qaytarıldı.
Xankəndini gəzdikcə, bu təbiət gözəlinin qoynunda dolandıqca düşündüm ki, nədən ona “Mirvari şəhər” deyirlər. Elə özüm də sualıma cavab tapdım. Xankəndi hər tərəfdən sıx meşəli dağlar, təpələr, gözəlliklərlə əhatə olunub. O sanki bir inci kimi sal qayaların, dağların əhatəsində yerləşib. Xankəndi sakinləri deyirlər ki, buranın havası yaşamaq üçün çox gözəl, həm də əlverişlidi. Xankəndinin küləyi də, yağışı, qarı da insanın ruhunu oxşayır. Yağış nə qədər yağsa da sanki bircə anda yerdən havaya sovrulur. Küçələri tərtəmiz, ancaq payızın sarı, qızılı yarpaqları ilə naxış-naxışdır.
Xankəndinin payızı da bir başqadı, yolboyu elə ağaclar var ki, onların göyqurşağı kimi rəngbərəng yarpaqlarından gözünü ayıra bilmirsən. Xankəndiyə payız necə yaraşır, üçrəngli bayrağımız da onun qoynunda sanki daha sevinclə, qürurla dalğalanır...
Qonağı olduğumuz evin eyvanından bir tərəfdən Şuşanın, digər yandan isə Xocalı dağlarının ən hündür yerləri görünür. Zəfər günü isə bu dağlara yağan ilk qarın sevincini yaşamaq bizə də nəsib olur. Zəfər günü yağış demək olar ki, ara vermədi. Bayraq günündə isə Xankəndiyə elə bir gün doğdu ki, insanın ruhunu oxşadı. Sanki günəş də Xankəndidə qürurla dalğalanan bayrağımızı salamlayırdı...
8 Noyabr Zəfər və 9 Noyabr Bayraq günləri kimi möhtəşəm bayramlarımızda ölkə başçımız müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndiyə səfəri də xalqımız tərəfindən böyük sevinc və qürurla qarşılandı.
Müzəffər sərkərdəmiz İlham Əliyev Xankəndiyə yağan o nurlu yağışda Zəfər parkında çıxış etdi. Dedi ki, biz haqlı olaraq qazandığımız qələbə və möhtəşəm Zəfərimizlə fəxr edirik. Azərbaycan xalqı buna layiqdir. Bu bayram günündə şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiramla yad edirik. “Əminəm ki, bu gün hər birimiz özümüzə söz veririk, elə güclü olmalıyıq ki, bundan sonra heç kəsin ağlına belə gəlməsin ki, Azərbaycana bir zərər verə bilər. Və mən əminəm ki, belə də olacaq! Azərbaycan bu gün güclü bir dövlətdir! Heç kimdən asılı olmyan bir dövlətdir! Özü müstəqil siyasət aparan, həm də ləyaqətli bir dövlətdir!
Azərbaycan xalqına eşq olsun!
Silahlı qüvvələrimizə eşq olsun!
Ordumuza, əsgər və zabitlərimizə eşq olsun!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!”
Xankəndidən sonra isə qardaş ölkənin prezidentləri doğma, azad Şuşaya səfər etdilər.
R.T.Ərdoğan Şuşada çıxışı zamanı türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin dilimizin əzbəri olan şeirindən bir nümunə ilə könlümüzü oxşadı və ruhumuza qanad taxdı:

Birdir bizim hər halımız,
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə!


Və bununla da Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dünyaya mesaj verərək, qəlbimizi dağa döndərdi.
...Yağışı da, günəşi də ruhumuzu oxşayan bu mirvari şəhərimizdən, onun gözəl payızından, nənələrimizin toxuduğu xalı kimi naxış-naxış küçələrindən ayrılarkən Xankəndi, onun azadlığının sevinci ilə yazılmış bu misralar qəlbimdə bir daha baş qaldırdı:

Sən qəlbimin sevinci,
Nurlu, aydın səhərim.
Şəhərlərin içində
Ay mirvari şəhərim!

Yadındamı uşaqkən
Biz qoynuna gəlmişdik.
Onda anam sağ idi,
Necə sevimli idik...

…Sonra anam vaqonda
Həsrətindən saraldı.
Dözmədi ayrılığa
Ömrümüzü qar aldı.

Səni heç unutmadım,
Nələr çəkdim, can yurdum!
Xəyalınla qəlbimə
Naxış saldım, gül vurdum…

İndi anam sevinir,
Ruhu şaddır, bilirəm.
Çünki Ağdamdan yenə
Xankəndiyə gedirəm!


Mina RƏŞİD


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!