"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Bu gün, 08:05
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ


BÖYÜK ÇÖLÜN

SÖZ SALNAMƏSİ


Professor Nizami Məmmədov Tağısoyun dördcildlik “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası üzərində düşüncələr
Hər bir xalqın gerçək tarixi təkcə onun sərhədlərinin cızıldığı coğrafi xəritələrdə, soyuq daş kitabələrdə və ya salnaməçilərin quru xronikalarında deyil, ən əvvəl o xalqın yaratdığı söz sənətinin yaddaşında yaşayır. Eyni kökdən boy atan, eyni dil ailəsinə və ortaq mifoloji təfəkkürə mənsub olan xalqların bir-birini dərindən tanıması, ruhən yaxınlaşması isə məhz ədəbiyyatın açdığı mənəvi qapılardan keçir. Çağdaş Azərbaycan ədəbiyyatşünaslıq elmində bu qapıları böyük fədakarlıqla açan alimlərimizin ön sırasında filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Nizami Məmmədov Tağısoy dayanır.
Tarix bəzən xalqların taleyinə qəribə sınaqlar yazır. Eyni ocaqdan köz götürüb fərqli coğrafiyalara səpələnən qardaşlar əsrlər keçdikcə bir-birinin nəfəsini qədim dastanların, ağız ədəbiyyatının və ulu ozanların nəğmələrində axtarırlar. Asan Kayğının müdrik kəlamları ilə Dədə Qorqudun öyüdləri, Buxar jıraunun üsyankar səsi ilə aşıq poeziyamızın ruhu əslində eyni mənəvi qaynaqdan su içir. Lakin bu ortaq qaynağın elmi xəritəsini çəkmək, qazax ədəbiyyatını qədim mifoloji təsəvvürlərdən müasir roman düşüncəsinə qədər vahid bir sistem halında tədqiq etmək humanitar elmimizdə uzun illər öz həllini gözləyən boşluq idi.

Professor Nizami Məmmədov Tağısoyun qırx illik gərgin, ardıcıl və sistemli elmi axtarışlarının məntiqi yekunu kimi ərsəyə gələn, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə işıq üzü görən dördcildlik “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası bu boşluğu doldurmaqla yanaşı, türkoloji düşüncə tariximizdə yeni bir səhifə açdı. 2026-cı ilin oktyabrında XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ictimaiyyətə təqdim olunan bu fundamental nəşr həm də Azərbaycan və qazax xalqları arasında əsrlər boyu formalaşmış mənəvi körpülərin elmi təsdiqi oldu.
Nizami Tağısoyun tədqiqatçı kimi fərqi ondadır ki, ədəbiyyatşünas alim qazax söz sənətinə sadəcə xronoloji ardıcıllıqla baxmır, onu fəlsəfi kökləri, etnoqrafik qatları və bədii təkamül qanunauyğunluqları ilə birlikdə araşdırır. Dördcildlik nəşr böyük çöl mədəniyyətinin ruhunu yaşadan şifahi xalq yaradıcılığından çağdaş ədəbi prosesə qədərki zəngin bir dövrü əhatə edir. Tədqiqat işində qədim dövr və epik yaddaş müqayisəli şəkildə ətraflı araşdırılır. Tədqiqatın ilk mərhələsində qazax folklorunun janr sistemi, akın və jırau poeziyası, Asan Kayğı, Kaztuğan və Buxar jırau kimi qüdrətli söz ustadlarının irsi, eləcə də ortaq türk abidəsi olan “Qorqud” nəğmələri və qəhrəmanlıq dastanları oğuz-qıpçaq ədəbi-mədəni əlaqələri müstəvisində təhlil olunur. Müəllif maarifçilik ənənələrini klassik oyanış süzgəcindən keçirərək qazax yazılı ədəbiyyatının təşəkkülü, XIX əsr maarifçilik hərəkatı və Abay Kunanbayev, Çokan Vəlixanov, İbray Altınsarin kimi böyük mütəfəkkirlərin yaradıcılığını ümumtürk kontekstində dəyərləndirir.
Professor N. Məmmədov Abayın Nizami və Füzuli irsindən bəhrələnmə məqamlarını müqayisəli təhlil müstəvisində incəliklə üzə çıxarır. Tədqiqat işində Cədidçilik hərəkatı, “Alaş” ziyalılarının (Əhməd Baytursunov, Mağjan Jumabayev) taleyi, repressiya dövrünün ağrıları və Muxtar Auezov, Abdicəmil Nurpeisov, Oljas Süleymenov kimi nəhəng simaların epik və poetik irsi dərin nəzəri süzgəcdən keçirilir, müasir qazax nəsri və poeziyasının yeni estetik meyilləri, eyni zamanda Azərbaycan-qazax ədəbi əlaqələrinin tarixi dinamikası sistemləşdirilir.
Kitabı vərəqlədikcə qədim jırauların dombra tellərindən süzülən hikmətli nəğmələrdən müasir roman düşüncəsinə doğru maraqlı bir səyahətə çıxırsan. Abay Kunanbayevin müdrikliyi, Muxtar Auezovun epik nəfəsi, Oljas Süleymenovun üsyankar ruhu və Abdicəmil Nurpeisovun dərin psixologizmi alimin qələmində ümumtürk mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi canlanır.
Qeyd edək ki, monoqrafiya nəşr olunan kimi həm Azərbaycanda, həm də türk dünyasında alimlərin diqqətini cəlb edərək böyük əks-səda doğurub. Əsərin elmi çəkisini və ümumtürk mədəniyyəti üçün daşıdığı dəyəri dövrümüzün görkəmli elm xadimləri yüksək qiymətləndirirlər. Kitaba yazdığı ön sözdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu tədqiqatı “Ədəbiyyat tarixçiliyi sahəsində müsbət təcrübə” adlandıraraq yazır: “Türk dünyasını təmsil edən xalqların ədəbiyyat tarixlərinə həsr edilmiş sistemli və ümumiləşdirilmiş kitabların hazırlanıb ayrı-ayrı türk dillərində nəşr edilməsinə ciddi ehtiyac vardır. Nizami Məmmədov Tağısoyun ‘Qazax ədəbiyyatı tarixi’ kitabı qardaş ölkənin ədəbiyyat tarixinin tam halda araşdırılıb sistemli şəkildə təqdim olunmasının Azərbaycan nümunəsidir. Bu, müstəqillik dövründə Azərbaycanda qardaş qazax xalqının çoxəsrlik ədəbiyyat tarixinin öyrənilib elmi şəkildə təqdim edilməsi sahəsində ilk təcrübədir. Əsər qardaş xalqın ədəbiyyatının inkişaf yolu və əsas yaradıcıları haqqında tam və ümumiləşdirilmiş elmi təsəvvür yarada bilir.”
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da əsərin təqdimatında bu dördcildliyin müəllifin 40 illik gərgin elmi əməyinin bəhrəsi olduğunu və ortaq türk irsinin qorunması baxımından müstəsna əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Tanınmış türkoloq, akademik Nizami Cəfərov və digər alimlərimizin çıxışlarında da bu nəşr müqayisəli ədəbiyyatşünaslıq elminin mühüm nailiyyəti kimi dəyərləndirilib.
Süni intellekt əsrində müasir humanitar elmin qarşısında duran ən ümdə vəzifə mətnin sadəcə zahiri qatını deyil, onun genetik yaddaşını, etno-psixoloji kökünü və zamanlararası dialoq imkanlarını üzə çıxarmaq, milli yaddaş kodunu sonrakı nəsillərə ötürməkdir. Professor Nizami Tağısoy son illərdəki tədqiqatlarında da bu elmi prinsipə sadiq qalır. Alimin 2025–2026-cı illərdə dərc etdirdiyi məqalələr onun qazax ədəbiyyatı və türkoloji inteqrasiya mövzusunu daha dərin nəzəri qatlarda davam etdirdiyini göstərir.

Belə ki, tədqiqatçının 2026-cı ildə işıq üzü görən “Oljas Süleymenovun poetik sistemində səs təkrirləri” adlı araşdırmasında da böyük qazax şairinin misralarındakı fono-semantik düzümün təsadüfi musiqi effekti olmadığı, əksinə, qədim türk qam-şaman təfəkküründən gələn fəlsəfi yük daşıdığı elmi faktlarla sübuta yetirilir. “Səhəndin ‘Dədəmin kitabı’ dastan-mənzuməsi Amantay Şərifin tərcüməsində” məqaləsində isə Bulud Qaraçorlu Səhəndin ölməz əsərinin qazax dilinə çevrilməsi prosesi, orijinalın milli ruhunun və dastan təhkiyəsinin metatekstdə necə qorunub saxlanılması nəzəri müstəvidə təhlil edilir. “Birinci Türkoloji Qurultay: türk xalqları tarixinin şərəf səhifəsi” araşdırması isə müasir elmi-mədəni birliyimizin tarixi köklərinə işıq salır.
Nizami Tağısoyun qazax ədəbiyyatı tarixinə yanaşmasının təməlində mətnə xalqın etno-psixoloji yaddaşı və bədii təfəkkür təkamülü kimi baxmaq prinsipi dayanır. Alim qazax və Azərbaycan ədəbiyyatlarının köklərini vahid türk mənəvi məkanında birləşdirərək, şifahi xalq yaradıcılığının yazılı ədəbiyyata keçid mexanizmlərini ustalıqla üzə çıxarır.
Professor Nizami Məmmədov Tağısoyun dördcildlik “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası sübut edir ki, böyük ədəbiyyatşünaslıq yalnız mətnləri təsnif etmək deyil, həm də qardaş xalqların ruhunu bir-birinə doğmalaşdıran mənəvi körpülər salmaq sənətidir. Böyük çölün əsrlərdən süzülüb gələn söz salnaməsi bu gün Azərbaycan oxucusunun və elm adamının stolüstü kitabına çevrilməklə, ortaq türk yaddaşının əbədiyaşarlığına xidmət edir. Kitabın Birinci Türkoloji Qurultayın repressiya qurbanlarına həsr edilməsi onun bədii-mənəvi dəyərini artırır, gələcək nəsillər üçün yaddaş körpüsünə çevirir.
Xatırladaq ki, “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası ali məktəblərin filologiya fakültələri, türkoloqlar, ədəbiyyatşünaslar və ümumilikdə türk dünyasının mədəni irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün əvəzsiz elmi bələdçidir. Qırx illik zəhmətin yekunu olan bu əsər sübut edir ki, elmə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq birləşdikdə zamanın sınağından üzüağ çıxan ölməz elmi-bədii söz abidələri yaranır.

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!