"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : Bu gün, 14:43
Ömür hekayətlər fəlsəfəsidi


Eldar Eyvazov – 70

Ömür hekayətlər fəlsəfəsidi

(I məqalə)


Dünyanın ən gözəl yolu könüldən başlayan yoldu. Üzü nəhayətsizliyə gedən bu yol ilahi bir işığın işindən keçir. Ona görə bu yolun göylərində əsən yellər qanad salır. Bu yolu qüdrətin hökmü ilə göygözlü göylərin “Divani”ləşən səsi, çəmənlərin çiçək nəfəsi, bulaqların duruluq nəğməsi, dağların əzəməti, Yerlərin Göylərə sədaqəti. ... uğurlayır. Əsən mehin, çiçəklərin ləçəklərində gülümsəyən şehin, yaz yağışından sonra göy üzünə sərilən qövsi-qüzehin xeyir-duasını qəlbitəmizlər duyur. Eldar Soltan oğlu duyurdu ki, könlündən keçib nəhayətsizliyə gedən bu işıqlı yol uğur yoludu, uğurlar yoludu...
Eldar Soltan oğlu Eyvazov 1956-cı ilin avqustunda Zəngilanda anadan olub, Zəngilan şəhər 1 saylı orta məktəbi bitirib, 1976-1978-ci illərdə hərbi xidmətdə olub.
Tərxis edildikdən sonra Zəngilana qayıdıb. Arzuladığı məkanda – Zəngilan Rayon Partiya Komitəsində təsərrüfat müdiri, kitabxanaçı, Muradxan Cabbarovun təşəbbüsü ilə 1984-cü ildə təşkilat-partiya işi şöbəsinin təlimatçısı, Tofiq Mehdiyevin təşəbbüsü ilə 1989-cu ildə ümumi şöbənin müdiri vəzifəsinə təyin olunub. Arzuladığı yolun işığı aydınlığıyla görünürdü...
1984-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdi. İşlədiyi bu binanı arzularının, niyyətinin məbədi bilirdi. Ona elə gəlirdi ki, xalqa, dövlətə, dövlətçiliyə sədaqət burda sınanır, burda pərvəriş tapır. Bu işıq könüləyatımlı işıq idi və Zəngilanın hüdudlarında hər yerdən görünürdü; könüldən başlayan yol könüllərdən keçirdi. Bu yol bəyənilirdi...
1990-cı ildə təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin olundu, az sonra Rayon Xalq Deputatları Soveti sədrinin müavini, sonra sədri vəzifəsinə...
Dədə Qorquddan üzü bu yana ömürə hekayətlər fəlsəfəsi deyilib. Həm də xalq üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılan ömürə. Bu hekayətlərin fəlsəfəsinə bir ömürün şükranlığı deyərdim. Qəlbitəmizlər, ruhu rəvanlar fikrimi qəribliyə salmayacaq – bəyənəcək...
Birinci hekayət:
Rayon Sovetinin sədri Eldar Soltan oğlu Eyvazov da Zəngilanı tanıya-tanıya sevmişdi, sevə-sevə tanımışdı. Ermənilər Zəngilana hücumlar edəndə onun da ürəyi burxulurdu, hücumun qarşısı alınanda onun da ruhu ovxarlı qılınc qurşayırdı. Yüksək vəzifədə işləsə də müharibə onu da əsgərlərşdirmişdi. Zəngilanın müdafiəsi gündüzlər düşüncələrindəydi, gecələr yuxularında. “Müharibədə söz, səlahiyyət yiyələri də əsgərləşməlidi...”, – belə düşünürdü, toplantılarda, müşavirələrdə, müxtəlif təyinatlı yığıncaqlarda belə deyirdi. Dedikləri səmimiyyətlə eşidilirdi...
Rayon İcra hakimiyyətinin başçısı Tofiq Mehdiyev rayon Müdafiə Şurasının sədri, Eldar Eyvazov Şuranın sədr müavini idi. Rayon rəhbərliyinin tapşırıqları, göstərişləri, məsləhətləri əsasında müdafiənin təşkil ilə bilavasitə Eldar Eyvazov məşğul olurdu.
Ağkənd Kafan istiqamətində sonuncu səngər-kənd, döyüş əzminin, qələbə ruhunun boy göstərdiyi, düşmənin atdığı güllələrin qarşısını güllələrlə kəsən ilk kənd idi. Eldar Eyvazov rayon Xalq Deputatları Sovetinin sədri kimi bu kənddə döyüşçülərlə çox söhbətləşmişdi, zabitləri də tanıyırdı, əsgərləri də. Baş leytenant Mahir Məmmədov ona bildirmişdi ki, kənddə hərbçilərin ciddi problemi var – hamam. Eldar müəllim baş leytenanta gerçək ümid vermişdi.
Səhərisi gün mütəxəssislərlə şəhərdəki hər iki hamama baxış keçirildi. Nisbətən geniş olan hamam – Seyid Rəfiqənin hamamı bəyənildi. 15-20 tonluq çən lazım olmuşdu. İlk baxışda asan görünən bu problem Eldar müəllimin şəxsi nüfuzu hesabına Cəbrayıl yol-tikinti idarəsinin rəisi Şərifovun vasitəsilə həll olundu. Hamam vardı, çən vardı, bəs yanacaq? Aqropromun sədri Eldar Eyvazovun göstərişi ilə hər təsərrüfatın bir ton dizel yardım etməsini təmin etdi; müharibə xalqın müharibəsi idi və Rayon Xalq Deputatları Sovetinin sədri Eldar Eyvazov bu tezisi Zəngilanın müdafiə şüarı eləmişdi. Bəs su? Su hamama da lazım idi, çörək zavoduna da. Şənbə-bazar günləri su hamama da, çörək zavoduna da daha çox lazım olacaqdı. Həll olunmuş problem əlavə problem yaratmasın deyə Eldar müəllimin təşəbbüsü ilə çö¬rək zavoduna ayrıca su xətti çəkilməsi qərara alındı, həm də Çeşmə Gözü adlı bulağın suyu!
Hamam döyüşçülərə xidmət etməyə başladı...
İkinci hekayət:
Rayon Partiya Komitəsinin birinci katibi Əli Quliyev Eldar Eyvazova sərhəd qoşunlarının ehtiyatda olan polkovnikini zastavalara müşayiət etməyi tapşırmışdı. Eldar Eyvazov Zəngilanın müdafiə sistemi ilə bağlı olan bu tapşırığı həm də vətəndaş məsuliyyəti ilə yerinə yetirdi. Öyrənmişdilər ki, mərmilər zastavanın inzibati binasında yerləşdirilib. Binanın varlığı düşmənin buralara atacağı bircə mərmidən asılıdı. Zastavada mərmilərin saxlanılması üçün yeni anbar tikilməlidi. Həm də kərpicdən deyil, beton plitələrdən.
Səhərisi gün Eldar Eyvazov yol-tikinti iradəsinin rəisi Ərşad Fərəcovla Vejnəlidəydi. Ərazi nəzərdən keçirildi. Binanın arxasındakı yamac diqqətlərini çəkdi; yamac təbiətin belə bir tikili üçün yaratdığı gözəl mövqe idi. Hesabladılar ki, tikinti üçün 50 ədəd plitə lazımdı. “Bu tikinti sıradan bir tikinti deyil, bu tikinti müdafiə tikintisidi, onun tamamlanmasını ruhən bütün zəngilanlılar arzulayar...”, – Eldar müəllimin düşüncələrində yaranan tərpəniş vəzifə borcunu üstələyən Vətən sevgisi idi.
Plitələri hardan tapmalı? – bu suala rayonun sosial şəbəkəsinə bələdlik, səlahiyyət səriştəsi, bunların fövqündə dayanan nüfuz cavab verəcəkdi. Bilirdi ki, Koroğlu daşı ərazisində 47 saylı yol-təmir-tikinti idarəsinin plitələri var. Eldar müəllim Rayon Sovetinin məsul işçisi Şəmsi Ağayevə tapşırıq verdi: axşam həmin yerə bir qaldırıcı kran və yük maşını göndər. Göstəriş yerinə yetirildi. Kran və yük maşını Koroğlu daşına çatanda Eldar müəllim ordaydı...
Səhərə yaxın 50 plitə 45 kilometrlik məsafəyə –Vejnəli zastavasına çatdırıldı. İki gündən sonra mərmilər zastavanın yeni, daha etibarlı anbarındaydı...
Zəngilanın müdafiəsi təyinatlı bu fövqəladə tapşırığın yerinə yetirilməsində iştirak etmiş Şəmsi Ağayev xatırlayır:
–Eldar müəllim plitələrin Vejnəliyə gətirilməsini ciddi bir döyüş tapşırığı bilirdi. Tikinti başa çatanda Eldar müəllimin də, zastavanın rəisinin də baxışlarında oxşar şükranlıq vardı...
Eldar müəllim eyni sevinci Kollu kəndindəki zastavanın problemləri həll olunanda da yaşamışdı. Kollu Zəngilan zastavalarının təminat mərkəzi idi. Eldar müəllimin göstərişi ilə Yenikənd kənd mağazasının iri tutumlu soyuducusu bu zastavaya verildi, zastavaya içməli su da çəkildi...
Üçüncü hekayət:
İşığı Zəngilanın Ağbənd, Bartaz kəndlərinə düşən Nüvədi də bir vaxtlar Zəngilanın ərazisindəydi, 1929-cu ildə Ermənistana verilmişdi.
1990-cı ildə Nüvədi camaatının təklifinə əsasən Tofiq Mehdiyevin rəhbərliyi ilə Rayon Xalq Deputatladı Soveti Nüvədinin Zəngilanın ərazi vahidi kimi tanınması haqqında qərar qəbul etdi. Çox təəssüf ki, Ali Sovet bu qərarı təsdiq etmədi, araşdırıcı komissiya yaratmaqla kifayətləndi. Sərhədin o üzündə qalsa da Nüvədi könüldən iraq deyildi. Özü Zəngilanın, camaatı zəngilanlıların doğması idi. Eldar Eyvazov Tofiq Mehdiyevin təşəbbüsü ilə Nüvədililərin sosial qayğılarını müntəzəm olaraq diqqətdə saxlayırdı, həftədə neçə dəfə Nüvədiyə gedirdi.
Ermənilik quduzlaşanda Nüvədinin də dörd yanını təhlükələr bürümüşdü. Yuxarıların xeyir-duası ilə tərpənən bu təhlükələr qeyrətlə, mərdliklə, təpərlə qınına çəkiləsi təhlükələr deyildi. Nüvədilik bunun öhdəsindən təkbaşına gələ bilməyəcəkdi. Rayon Partiya Komitəsinin Qonaq Evində Polyanişkonun iştirakı ilə keçirilən, altı saat çəkən görüş-məşvərətdə Nüvədililərin xahişinə əməl edilmədi – sərhəd qoşunlarının hərbi qulluqçuları Nüvədinin mühafizəsindən götürüldü...
Çətin vaxtlarında Zəngilandan Nüvədiyə yanacaq da göndərilirdi, digər gərəklilər də. Nüvədililər Eldar Eyvazovu tanıyırdı, sevirdi. Nüvədidən köçməyə məcbur olan çarəsizlər Eldar Eyvazovun mənəvi işığını arzulamışdılar. Bakıdan Bartaz stansiyasına Nüvədililər üçün göndərilmiş vaqonların Vejnəliyə daşınması ləngidiləndə Nüvədililərin xahişi ilə rayonun rəhbərliyi bu prosesi Eldar Eyvazova tapşırmışdı. Şəmsi Ağayev Eldar Eyvazovun tapşırığı ilə bir qaldırıcı kran Bartaz stansiyasına (vaqonları qatardan boşaltmaq üçün), birini də Vejnəliyə (vaqonları maşınlardan boşaltmaq üçün), KamAZlar (vaqonları daşımaq üçün) səfərbər etmişdi. Tapşırıq (həm də mənəvi borc) qısa müddətdə yerinə yetirilmişdi. Bəs işıq? – Eldar müəllim Nüvədililərin işıq probleminin həlli üçün Bakıya getdi, bu problemin həllinə kömək göstərməsi, ayrıca transformator verilməsi üçün Azərenerji ASC-nin sədri Müslüm İmanovla görüşdü. Nüvədililərə laboratoriyada olan 600 kilovat¬lıq ehtiyat transformator verildi. İşıqlı insanlar həmişə işığın cəfakeşi olub...
Nüvədililərin ağsaqqalları Eldar müəllimi belə adlandırırdı, belə tanıyırdı, belə tanıdırdı, belə sevirdi: İçıqlı kişi. Bu işıqlı kişi Nüvədililərə dağdan gələn içməli su da çəkdirdi...
Dördüncü hekayət:
Müharibə genişlənmişdi...
Müharibə qanunlarına əməl etməyən Ermənistan Zəngilanın səərhəd kəndlərinə də mərmilər atırdı – Yuxarı Yeməzli kəndinə atılmış mərmilər bir-neçə evi ciddi dağıtmışdı, zədələmişdi. Zəngilan Rayon Xalq Deptatları Sovetinin sədri Eldar Eyvazov sığorta idarəsinin rəisi Akif Həsənovla birlikdə evlərə dəymiş zərəri müəyyənləşdirirdi. Sakinlər qanun, məsuliyyət, mərhəmət məqamlarına nəfəs dərmədən baxırdı. Bunu Eldar müəllim ürəyinin gözü ilə görürdü. Ermənilər kəndə yenə mərmilər atmağa başladı. Yuxarı Yeməzli döyüş səngəri idi, camaat kimi Eldar Eyvazov da, Akif Həsənov da, sürücü də döyüşçü. Hüseyn kişinin həyat yoldaşı Zöhrəni qəlpələr yaralamışdı. Onu atəşin işindən Eldar müəllim çıxartdı, təcili rayon xəstəxanasına çatdırdı. Ermənilər Şayıflıya da mərmilər atırmış. Yaralı əməliyyat otağına aparıldıqdan sonra baş həkimin müavini İsgəndər İsgəndərov qəhərlə dərd anlayan kimi tanıdığı Eldar müəllimə bildirdi ki, Məhəmməd Qasımov ağır yaralanıb, oğlunun həlak olduğunu bilmir. Onu təcili Kərimbəyli hospitalına aparmaq lazımdır. Dar macalda Məhəmməd kişi Eldar müəllimdən oğlu Baloğlanı soruşdu. Eldar müəllim qəhərini gizlədərək ona ümid verdi.
Eldar müəllim dediyi müqəddəs yalanı ürəyinə sıxdığı anlarda Məhəmməd Qasımov hospitala çatmamış qanaxmadan keçinmişdi...
Beşinci hekayət:
Dərə Gilətağ kəndinin camaatı elektrik dəyirmanının tikintisi üçün müraciət etmişdi. Dəyirman digər tikintilərdən fərqlənir – divarları tikilir, avadanlıqları quraşdırılır, damı sonda qoyulur. Eldar Eyvazov avadanlıqlar üçün Nazirlər Sovetinin tikinti şöbəsinin müdiri Xudaverdi Hənifəyevə müraciət eləmişdi, səmimi xahişin yerinə yeritiləcəyi bildirilmişdi. Avadanlıq üçün 16 min manat ayırılmışdı...
Böyük inamla Bakıya gedirdi. Xəyalən ailələrin sevincinin rəngini görürdü, bəm-bəyaz sevinc ürəyini telləndirirdi.
Şirvan şəhərinə çatanda maşınları xarab oldu. Düzəldilməsi xeyli vaxt apardı. Bakıya çatanda iş günü bitmişdi. Avadanlıqla səhər məşğul olacaqdı.
Qohumlarıgildə bildirdilər ki, rayondan zəng etmişdilər, anan rəhmətə gedib...
Bakıdan bir ürək dolusu sevinclə, şükranlıqla qayıdacaqdı, bir ömürlük qəhərlə qayıdırdı...
Onu evlərində ... anası qarşıladı. Quruyub qaldı. İndiyə kimi bu biçim sevinc yaşamamışdı, bu biçim bədxahlıq görməmişdi. Bu yalan səhər çağırılan növbədənkənar sessiyaya görə – Eldar Eyvazovun məhz həmin gün Zəngilana qayıtması, sessiyada mütləq iştirak etməsi üçün deyilibmiş. Rayonun əksər idarə və müəssisələrinin rəhbərinin imzası ilə Bakıya müraciət göndərilibmiş: Eldar Eyvazov işləyə bilmir, işində böyük (?) nöqsanlar var (hansı nöqsanların olduğu bildirilmirdi). Binanın hərbi texnikalarla (Zəngilanı müdafiə etməli olan texnikalarla) əhatələnməsi, zalda əli avtomatlı əsgərlərin olması sessiyanın fövqəladəliyinin göstəricisi idi. Ali Sovetin Zəngilan rayonu üzrə kuratoru Rəhim Abbasovun da istirak etdiyi qərəzli, bədxahlıq günyəli sessiyada heç kim Eldar Eyvazovun cavab istəmədiyi suallarına cavab verə bilmədi; sessiyda iştirak edən deputatlardan heç kim Eldar müəllimin ünvanına tənqidi fikir demədi.
Sessiyadan sonra Eldar Eyvazov sessiyanın steneoqramının hər səhifəsini əvvəldə və sonda imzalamışdı. Sonra məlum oldu ki, bu steneoqram götürülüb, yerinə saxtası qoyulub. Sessiyada Eldar Eyvazovun idarə və müəssisələrin rəhbərlərinə ünvanaldığı suallar da çıxadılmışdı. Bu sualların mahiyyəti nə vaxtsa imzalanmanın mexanizmini açacaqdı...
Altıncı hekayət:
Həmin vaxtlarda Azərbaycan Ordusunun hissələri Kafan istiqamətində ermənilər yaşayan 5-6 kəndə gedən yolu bağlamışdı, ermənilər həmin kəndlərlə əlaqə saxlaya bilmirdi. Rayon İcra hakimiyyətinin başçısı Eldar müəllimə bildirir ki, Kafanla sərhəd olan Gümaqışlaq kəndinə, ermənilərlə görüşməyə getməlidirlər. Eldar müəllim niyəsini soruşub. Məlum olub ki, bu görüş həmin yolun açılmasına xidmət edir. Eldar müəllim bu təklifi qətiyyətlə pisləyib, getməyib. İcra hakimiyyətinin şöbə müdiri Nüsrət Mustafayevi müəllimi başçının yanına göndərib ki, fikrindən daşındırsın. Başçı qərarından dönməyib...
Yol acılıb. Dekabrın 9-dan 10-na keçən gecə ermənilər həmin əraziləri işğal edib. Eldar müəllim bu təhlükəni duyduğu üçün o görüşə etira edirdi......
Bu hadisə – danışıqlara getməmə Eldar müəllimin həyatında izsiz ötüşməyib; icra başçısı onun vəzifədən azad edilməsinin təşəbbüskarı olub. O təşəbbüsə kimi hamama gətirilmiş çənin oğurluq olduğu iddiası ilə, bir də çörək zavoduna suyun qanunsuz (və maliyyə fırıldağı) ilə çəkildiyi iddiası ilə Eldar Eyvazova qarşı cinayər işi qaldırılmışdı. Hər iki iş Zəngilan üçün edilmişdi. “Quru palçıq divara yapışmaz!” deyimi var və bu deyim o vaxtlarda Zəngilanda da tədiqləndi. Həm vəzifə borcu kimi, həm də mənəvi borc kimi yerinə yetirilmiş bu iki gözəl hadisəyə görə cinayət içi açılması bağışlanmaz günah idi. Onda yenə qəlbitəmizlik qəlbipaxırlığı üstələdi: Cəbrayıl rayon yol-yikinti idarəsinin rəisi Cəmil Şərifov rəsmi arayış verdi ki, həmin çən onun balansında olub və Zəngilan rayonuna burdan göndərilib. Çən böhtanı “daşa toxundu”. Qaz çəkiliş idarəsi də eyni mövqedə dayandı, onun verdiyi arayış da işin qanunla həll olunduğunu təsdiqləyirdi. ..
Rayon yaeni İcra başçısının təklifi ilə ermənilərlə görüşə getməkdən imtina etmişdi, İcra hakimiyyətinin şöb müdiri nüsrət Mustafayev onun xahişi ilə başçını bu fikrindən daşındırmağa çalışmışdı. Lakin əsi, onun dən
Bu hekayətlər dürüst bir ömür haqqında fəlsəfi gerçəklik kimi oxunacaq...

Rəşid FAXRALI,
Əməkdar jurnalist


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!