Başqasının faciəsini də, xoşbəxt günlərini də özününkü hesab edirdi. Hər kəsin qeydinə qalırdı. Elinə-obasına bağlılığı ilə seçilirdi bizim Eldar Eyvazov!
Əslində bu keyfiyyətləri rəhmətlik ata-anasıdan görüb-götürmüşdü. Hər zaman evləri qonaqlı-qaralı olmuş, kənddən, şəhərdən gələn qohum-əqrəba onlarda düşərgə salmışdı. Atası da-anası da dərin hörmət və nüfuz sahibi idilər. Ruhları şad olsun. Evin tək övladı idi. Amma hamını qardaş-bacısı, yaxını-doğması hesab edirdi. Əmioğlu, əmiqızı.
Uzun illər birlikdə işləmişik. Rayon Partiya Komitəsində və Rayon İcra Hakimiyyətində. Uzun bir yol keçib E. Eyvazov! Rayon Partiya Komitəsində kitabxana müdiri, təlimatçı, şöbə müdiri, Rayon icraiyyə komitəsinin sədri, son 25 ildən çox Rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır.O qədər ehtiramlı, dost-yoldaş sevəndir ki, xeyir və şər işlərdə özünü fəda edir. Ev sahibləri ilə birlikdə qonaqları qəbul edir, yola salır, diqqət göstərir, qayğıkeşlik edir. Belə narahat və məsuliyyətli bir yoldaşdır. İşlədiyi vəzifələrdə də hər zaman belə olub. Bütün fəaliyyəti məsuliyyət və diqqətdən ibarət olub. Həmişə işini yüksək səviyyədə həyata keçirib. Dövlət və dövlətçiliyə sədaqətlə qulluq edib. Dövlət quruculuğu prinsiplərinə layiqli şəkildə əməl edib. Sadə və təvazökar olub. Hər peşədən olan çoxlu dostları olub. Zaman-zaman mücadilələr də edib. Həyatı heç də hamar olmayıb. Ziqzaq formasında həyat yolu kecib. Amma heç zaman ruhdan düşməyib, sınmayıb, əyilməyib, insanlardan qopmayıb. Belə bir çətin və şərəfli yol keçib E.Eyvazov! İndi dövlət qulluqçusu kimi təqaüd alır. Xalqdan qopmayıb, onlarla birlikdədir. Xeyirdə-şərdə görüşür, hal-əhval tuturuq. Ömūr-gün yoldaşı Sona müəllimə ilə birlikdə nəvələri ilə məşğul olur! Zəngilana qayıdış günlərini səbirsizliklə gözləyir. Ata yurdunda nəvə toyu etmək arzusundadır. Arzu və istəyi çin olsun deyirik!!!
Maya Mətin