Dublin Bəyannaməsi ilə
Azərbaycan-Britaniya əlaqələrində
tarixi dönüş başlayır12 noyabr 2026-cı ildə İrlandiyanın paytaxtı Dublin şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyət etibarilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sənəd təkcə cari əməkdaşlıq istiqamətlərini təsbit etmir, həm də gələcək onilliklər üçün strateji yol xəritəsi funksiyasını yerinə yetirir. Onun 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanması münasibətlərin tarixi davamlılığını və institusional yaddaşını göstərir. Yəni, söhbət sıfırdan başlayan münasibətdən deyil, otuz ildən artıq davam edən tərəfdaşlığın strateji səviyyəyə yüksəldilməsindən gedir. Bəyannamənin giriş hissəsində tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqliyi xüsusi vurğulanır. Bu, sadəcə protokol xarakterli ifadə deyil.
Azərbaycan üçün ərazi bütövlüyü prinsipi xarici siyasətin təməl daşıdır və onun Böyük Britaniya kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən bir daha təsdiqlənməsi mühüm siyasi əhəmiyyət daşıyır. Eyni zamanda, sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan sonrakı sülh addımlarının alqışlanması regionda sülh gündəliyinin beynəlxalq dəstək qazandığını göstərir.
Böyük Britaniya burada ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan hər iki ölkənin səylərinə dəstəyini bir daha təsdiqləyir. Bəyannamənin birinci bölməsi müdafiə və təhlükəsizlik sahəsinə həsr olunub. Tərəflər regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində gücləndirilmiş əməkdaşlığı və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. Burada diqqət çəkən məqam əməkdaşlığın yalnız deklarativ xarakter daşımamasıdır. Yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsu, birgə təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığının inkişafı, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarının araşdırılması nəzərdə tutulur. Artan təhlükəsizlik çağırışlarına cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə və sərhəd idarəçiliyi sahəsində də məhkəmə və hüquqi əməkdaşlığın formalaşdırılması da bu bölmənin mühüm elementlərindəndir. Bu, Azərbaycanın təhlükəsizlik arxitekturasının Qərb standartları ilə uzlaşması, eyni zamanda Britaniyanın Cənubi Qafqazda sabitlik maraqlarının təmin olunması baxımından qarşılıqlı faydalıdır. İkinci bölmə - ticarət, investisiya və artım sahəsi Bəyannamənin iqtisadi nüvəsini təşkil edir.
Tərəflər ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şəxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər. Burada enerji məsələsi xüsusi yer tutur. Bərpa olunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqları, bilik mübadiləsi və şaxələndirilmiş fəaliyyət, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələrin təşviqi nəzərdə tutulur. Azərbaycan üçün bu, neft-qazdan asılılığın azaldılması və qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir. Böyük Britaniya üçün isə Cənubi Qafqaz və Xəzər regionunda etibarlı iqtisadi tərəfdaşla əməkdaşlığın dərinləşməsi deməkdir.
Bu bölmədə Orta Dəhlizin inkişafının dəstəklənməsi ayrıca vurğulanır. Tərəflər regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sahə boyu ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər. Bu, Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirir. Çin ilə Avropa arasında ən qısa və təhlükəsiz marşrut kimi Orta Dəhlizə Britaniya dəstəyi layihənin geosiyasi və iqtisadi çəkisini artırır. Eyni zamanda, iqlim dəyişikliyinə davamlılıq, dayanıqlılıq və sıfır hədəflərə doğru irəliləyiş, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpa olunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla, təmiz enerji keçidi üzrə əməkdaşlıq da nəzərdə tutulur. Bu, hər iki ölkənin yaşıl keçid öhdəliklərinə uyğundur və Azərbaycanın COP29-dan sonrakı yaşıl gündəliyinin davamı kimi oxuna bilər. Üçüncü bölmə təhsil və innovasiya sahəsinə həsr olunub və bəlkə də ən uzunmüddətli təsirə malik olan hissədir. Tərəflər təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər. Artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlıq dərinləşdiriləcək. Süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, universitetlər, tədqiqat institutları və sənayelər arasında əməkdaşlıq da təşviq ediləcək.
Nəhayət, iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələr və peşəkar şəbəkələr havalandırılacaq.
Beləliklə, Birgə Bəyannamə üç dayağa - təhlükəsizlik, iqtisadiyyat və insan kapitalına söykənən bütöv bir tərəfdaşlıq modelini təqdim edir. Bu, Azərbaycanın çoxşaxəli xarici siyasətində Qərb istiqamətinin gücləndirilməsi, Böyük Britaniya üçün isə Brexitdən sonrakı dövrdə qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi deməkdir. Sənədin əhəmiyyəti onun konkret layihələr üçün əsas platforma kimi istifadə olunacağında və investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas olmasındadır.
Əgər bu Bəyannamə kağız üzərində qalmayıb konkret yol xəritələri, birgə komissiyalar və layihələrlə dəstəklənsə, Azərbaycan-Britaniya münasibətləri Cənubi Qafqazda sabitliyin və Avrasiya bağlantısının mühüm dayaqlarından birinə çevrilə bilər.
Şəhla Ağbulud“Abşeron” qəzetinin baş redaktoru