"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : Bu gün, 18:10
Səfərxan Qəhrəmani; despotizmə qarşı 32 illik müqavimətin rəmzi


Səfərxan Qəhrəmani;

despotizmə qarşı

32 illik

müqavimətin rəmzi



Azərbaycanın milli və ədalət uğrunda mübarizə hərəkatının fəal iştirakçısı Səfər Qəhrəmaninin vəfatının ildönümü münasibətilə
Noyabrın 9-u (18 Aban) Azərbaycanın milli-azadlıq hərəkatının görkəmli mübarizlərindən, monarxist despotizmə qarşı müqavimətin yaddaşlarda yaşayan simalarından biri olan Səfər Qəhrəmaninin vəfatı günüdür. Ömrünün 32 ildən çoxunu Pəhləvi rejiminin zindanlarında keçirən Səfər Qəhrəmani azadlıq, sosial ədalət, zəhmətkeşlərin hüquqları və Azərbaycan Milli Hökumətinin nailiyyətlərinin müdafiəsi uğrunda mübarizə aparan bir nəslin dönməzliyinin rəmzinə çevrilmişdir.
Səfər Qəhrəmaninin həyatı zəhmətkeş xalqın içərisindən çıxmış bir insanın mübarizə və dönməzlik tarixidir. Nə zindanlar və işgəncələr, nə edam hədələri, nə də ailəsindən uzun illər ayrı qalmaq onu öz ideallarından döndərə bildi. Onun adı Azərbaycan xalqının mübarizə tarixində cəsarət, səmimiyyət, dözüm və azadlıq, sosial ədalət ideallarına sədaqətlə bağlıdır.
Şişvan kəndindən mübarizə sıralarına
Səfər Qəhrəmani 1921-ci ildə Əcəbşirin Şişvan kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri kənd həyatının ağır şəraitində, yoxsulluq, məhrumiyyət və mülkədar-ağalıq münasibətlərinin hökm sürdüyü bir mühitdə keçmişdir. O, kəndlilərin əzablarını, iri torpaq sahiblərinin zülmünü və cəmiyyətdəki sosial bərabərsizliyi yaxından görmüş, zəhmətkeş insanların həyatının yalnız zülm və istismara qarşı mübarizə yolu ilə dəyişə biləcəyini erkən yaşlarından dərk etmişdir. Kənd mühitində qazandığı həyat təcrübəsi və cəmiyyətdə hökm sürən ədalətsizliklərlə üzləşməsi onun mübariz şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Səfər Qəhrəmani gənc yaşlarından haqsızlığa və mülkədar özbaşınalığına qarşı mübarizəyə qoşulmuş, sonralar Azərbaycan Milli Hərəkatına qatılaraq ictimai mübarizəsini siyasi və sosial dəyişikliklər uğrunda təşkilatlanmış hərəkat çərçivəsində davam etdirmişdir.
Azərbaycan Milli Hökuməti – Səfər Qəhrəmaninin həyatında həlledici mərhələ
1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsinin yaradılması və Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökumətinin qurulması Səfər Qəhrəmaninin siyasi həyatında yeni bir mərhələnin başlanğıcı oldu.
O, milli hərəkata qoşularaq Milli Hökumətin və onun nailiyyətlərinin müdafiəsində iştirak etdi. Milli Hökumətin silahlı qüvvələrində xidmət edən Səfər Qəhrəmani kapitan rütbəsinədək yüksəldi.
Azərbaycan Milli Hökuməti qısa müddətli fəaliyyəti ərzində ana dilində təhsilin təşkili, ümumi təhsilin genişləndirilməsi, torpaq islahatları, kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və sosial hüquqların genişləndirilməsi istiqamətində mühüm addımlar atdı. Bu tədbirlər Azərbaycan xalqının azadlıq, sosial ədalət və İranın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmək uğrunda uzun illərdən bəri irəli sürdüyü tələblərin ifadəsi idi.
Səfər Qəhrəmani və minlərlə başqa mübariz üçün Milli Hökumət sadəcə siyasi təcrübə deyildi. O, zəhmətkeş insanların köhnə və geridə qalmış ictimai münasibətlərdən xilas olmaq, daha azad və ədalətli həyata qovuşmaq ümidlərinin təcəssümü idi.
1946-cı ilin dekabrında Pəhləvi rejiminin ordusunun Azərbaycana hücumu və Milli Hökumətin süqutundan sonra qanlı repressiyalar dövrü başlandı. Azərbaycan Demokrat Firqəsinin bir çox fəalı, mübarizlər və Milli Hökumətin tərəfdarları edam edildi, həbs olundu və ya mühacirətə getməyə məcbur edildi. Səfər Qəhrəmani də repressiya qüvvələrinə təslim olmaq istəmədiyindən bir müddət gizli yaşamağa başladı, daha sonra İraqa getdi. Orada həbs edilərək zindana salındı. Lakin bir müddət sonra həbsdən qaçaraq yenidən İrana qayıtdı.
İrana qayıtdıqdan sonra, nəhayət, 1949-cu il martın 9-da Urmiyada həbs edildi. Bu həbs onun İranın müasir tarixində ən uzunmüddətli siyasi məhbusluq dövrlərindən birinə çevrilən həyatının başlanğıcı oldu.
32 illik zindan həyatı – bir mübarizin sarsılmaz iradəsi
Pəhləvi rejiminin hərbi məhkəməsi 1950-ci ilin dekabrında Səfər Qəhrəmanini rejimə qarşı silahlı üsyanda ittiham edərək ölüm cəzasına məhkum etdi. Uzun illər qeyri-müəyyən vəziyyətdə saxlanıldıqdan sonra, 1954-cü ildə bu hökm ömürlük həbs cəzası ilə əvəz edildi. Beləliklə, onun gəncliyi və ömrünün böyük bir hissəsi şah rejiminin zindanlarında keçdi.
Səfər Qəhrəmani Qəsr, Bərazcan, Evin və Pəhləvi rejiminin digər həbsxana və təhlükəsizlik təcridxanalarında uzun illər saxlanıldı. Ağır şəraiti, yandırıcı istisi və ciddi məhrumiyyətləri ilə seçilən Bərazcan zindanı onun həbs həyatının ən çətin mərhələlərindən biri idi. O, bu illərdə Qəni Buluriyan, Əziz Yusifi və Cəlil Qadanı kimi bir sıra siyasi mübarizlər və məhbuslarla birlikdə saxlanılmışdı. Səfər Qəhrəmaninin insani münasibəti, möhkəm iradəsi, cəsarəti və yumor hissi məhbuslar arasında dillər əzbəri idi. Hətta zindanın ən ağır şəraitində belə, o, ruh yüksəkliyini və ümidini qoruyaraq həbsxana nəzarətçilərinin təzyiqlərinə müqavimət göstərməyə çalışırdı.
Səfər Qəhrəmanini unudulmaz şəxsiyyətə çevirən yalnız uzun illər həbsdə qalması deyildi. Onu fərqləndirən, uğrunda mübarizə apardığı əqidə və ideallara sədaqətini qoruyub saxlaması idi. Şah rejiminin repressiya aparatı işgəncə, hədə-qorxu və ömürlük həbs vasitəsilə onun və Azərbaycanın digər mübarizlərinin iradəsini qırmaq istəyirdi. Lakin bu məqsədinə nail ola bilmədi.
Mübarizənin ağır bədəli – ailədən ayrı keçən illər
Zindan və işgəncələrlə yanaşı, ailə həyatından məhrum olmaq da Səfər Qəhrəmaninin həyatının ən ağrılı tərəflərindən biri idi. O, uzun illər həyat yoldaşından və övladından ayrı yaşadı, qızı atasız böyüdü. İllərlə gözlədikdən sonra baş tutan məhdud görüşlər bütün bu ayrılıq illərinin ağrısını aradan qaldıra bilməzdi.
1967-ci ildə, təxminən iyirmi illik həbsdən sonra qızı ilk dəfə onun görüşünə gəldi. Bu görüş siyasi məhbus həyatının sarsıdıcı mənzərələrindən biri idi: illərlə övladını görməkdən məhrum qalmış bir ata indi zindanın soyuq və məhdud şəraitində öz duyğularını və həsrətini cilovlamağa çalışırdı.
Səfər Qəhrəmaninin ailəsinin taleyi də siyasi mübarizlərin ailələrinin despotizm dövründə ödəməli olduqları ağır bədəlın bir hissəsidir. Repressiv rejimlərin rəsmi tarixində bu ailə faciələrinə çox vaxt lazımi yer verilmir.
İnqilab ərəfəsində azadlıq – xalqın qoynuna qayıdan mübariz İran xalqının Pəhləvi rejiminə qarşı inqilabi mübarizəsinin yüksəlişi ilə əlaqədar, nəhayət, 1978-ci il oktyabrın 26-da Səfər Qəhrəmani 32 ildən artıq davam edən əsirlikdən azad edildi.
Onun azadlığa çıxması xəbəri xalq və siyasi fəallar tərəfindən böyük rəğbətlə qarşılandı. İllər boyu onun adını və müqavimət tarixini eşitmiş insanlar indi şah rejiminin iradəsini qıra bilmədiyi bir mübarizin azadlığa qayıdışının şahidi olurdular.
Səfər Qəhrəmani azadlığa çıxdıqdan sonra çıxışlarının birində İran xalqının mübarizəsi ilə həmrəyliyini vurğulayaraq demişdi:
«Xalq məni çox utandırır. Mən iranlıyam. Hamı kimi ölkəmin müstəqilliyini istəyirəm. Hamı kimi zülmə qarşı mübarizə aparıram. Tələbələrə, fəhlələrə və xalqa deyin ki, öz böyük oyanışlarının əzəmətini dərk etsinlər».
Bu sözlər onilliklər boyu zindanlarda saxlanılmasına baxmayaraq, özünü xalqın, fəhlələrin, tələbələrin və digər azadlıqsevər qüvvələrin yanında görən bir mübarizin milli və azadlıqsevər dünyagörüşünü ifadə edirdi.
Səfər Qəhrəmaninin mübarizə və zindan illəri ilə bağlı xatirələri sonralar Əliəşrəf Dərvişiyanın söhbətləri və tərtibatı əsasında «Səfərxanın xatirələri: Şah zindanlarında 32 illik müqavimət» kitabında nəşr olundu. Bu əsər yalnız bir mübarizin həyat tarixçəsini deyil, həm də Pəhləvi dövründə siyasi repressiyaların və siyasi məhbusların müqavimətinin tarixi sənədini özündə əks etdirir.
9 noyabr – Səfər Qəhrəmaninin vəfatının ildönümü
Səfər Qəhrəmani 2002-ci il noyabrın 9-da, bir müddət xəstəlikdən əziyyət çəkdikdən sonra vəfat etdi və Kərəcdəki İmamzadə Tahir qəbiristanlığında dəfn olundu. Onun vəfatı ilə Azərbaycanın azadlıq və sosial ədalət uğrunda mübarizə hərəkatı tanınmış və dönməz simalarından birini itirdi. Lakin onun adı və xatirəsi mübarizlərin və zəhmətkeş xalqın tarixi yaddaşında yaşamaqda davam etdi.
Səfər Qəhrəmaninin həyatını Azərbaycan xalqının despotizmdən, ayrı-seçkilikdən və geridə qalmış ictimai münasibətlərdən xilas olmaq uğrunda apardığı mübarizə tarixinin kontekstində dəyərləndirmək lazımdır. O, zəhmətkeş xalqın övladı idi; kəndlilərin arasından çıxmış, Azərbaycan Milli Hərəkatına qoşulmuş, Milli Hökumətin və onun sosial nailiyyətlərinin müdafiəsində dayanmışdı.
32 illik həbs və işgəncələr onu öz ideallarından ayıra bilmədi. Bu müqavimət yalnız cəsur bir insanın fərdi keyfiyyəti deyil, repressiya və despotizm qarşısında baş əyməyən bütöv bir mübariz nəslin iradəsinin təzahürü idi.
Azərbaycan Demokrat Firqəsinin mövqeyindən Səfər Qəhrəmaninin xatirəsini yad etmək azadlıq, sosial ədalət, milli hüquqlar, ana dili və mədəniyyət hüququ uğrunda mübarizə aparmış xalqımızın mübarizə tarixinə ehtiram göstərmək deməkdir. Onun həyat təcrübəsi bir daha xatırladır ki, repressiya və qorxu yaratmaqda nə qədər güclü olursa-olsun, heç bir hakimiyyət xalqın azadlıq və ədalət istəyini əbədi olaraq susdura bilməz.
Bu dönməz mübarizin vəfatının ildönümündə onun həyat və mübarizə yolunu xatırlamaq, öz insani və ictimai idealları uğrunda zindan, sürgün, işgəncə və məhrumiyyətlərə qatlaşmış bütün insanlara ehtiramın ifadəsidir.
Azərbaycan Milli Hərəkatının mübarizi, şah despotizminin zindanlarında 32 illik müqavimət rəmzi Səfər Qəhrəmaninin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Onun azadlıq, sosial ədalət və xalqımızın hüquqları uğrunda mübarizə yolu yaşasın!


Paylaş



Bölmə: Güneyin sesi / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!