"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 15-09-2026, 10:13
YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

YADA DÜŞƏN

İŞIQLI XATİRƏLƏR


Zaman ötür, lakin ömrün elə anları olur ki, onlar yaddaşın ən işıqlı küncündə əbədi məskən salır. Biz o vaxt V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (APİ) filologiya fakültəsinin üçüncü kursunda oxuyurduq. Dörd qrup, iki axın (patoq) idik. Gəncliyin, tələbəliyin ən coşqun çağları idi. 1985-ci ilin yay semestri yenicə başlamışdı. Bir gün qrup nümayəndələri bizə gözlənilməz və möhtəşəm bir xəbər çatdırdılar: sabahdan etibarən "Qədim və antik ədəbiyyat" fənninin tədrisinə başlayırdıq və ən əsası – bizim axına bu fənni Xalq yazıçımız, ustad sənətkar İsmayıl Şıxlı keçəcəkdi. Bu xəbəri eşidəndə auditoriyada qopan sevinci, tələbələrin gözlərindəki o parıltını təsvir etmək çətindir. Sevincimizin həddi-hüdudu yox idi; axı biz "Dəli Kür"ün müəllifindən, canlı klassikdən dərs alacaqdıq!
Səhəri gün hamımız həyəcan və ehtiramla onun yolunu gözləyirdik. Qapı açıldı və İsmayıl Şıxlı özünəməxsus vüqarla, qoltuğunda dəri qovluğu (papkası) auditoriyaya daxil oldu. Onun gəlişi ilə otağa sanki müdrik bir nur çökdü. Bizimlə çox səmimi, doğma bir şəkildə salamlaşdı. Qrup nümayəndələrinə yaxınlaşıb öz tövsiyələrini, tapşırıqlarını verdi. Davamiyyətə diqqət etməyi tapşırıb: "Jurnalları vaxtı-vaxtında yazıb mənə məlumat verərsiniz", – dedi. Sözünü bitirdikdən sonra duruxdu, bir anlıq mehriban nəzərlərlə hamımızı süzdü və üzünü auditoriyaya tutub bir qədər də xəcalətli, təvazökar bir səslə dilləndi:
– Uşaqlar, sizə bir söz deməyi unutdum. Mən şəkər xəstəsiyəm, danışanda dilim-dodağım quruyur. Ona görə də özümlə balaca bir termosda su götürürəm. Hərdən bir qurtum su içməli oluram. Buna görə əvvəlcədən sizdən üzr istəyirəm, məni bağışlayın...
Böyük yazıçının gənc tələbələr qarşısında göstərdiyi bu nəzakət, bu böyüklük hər birimizin qəlbinə toxundu, ona olan hörmətimizi qat-qat artırdı. O, icazə alıb mühazirəsinə başladı. Artıq bir neçə gün idi ki, Qədim və antik ədəbiyyatın tilsimli dünyasına İsmayıl müəllimin o sehrli, məlahətli səsi ilə səyahət edirdik. Onun mühazirələri dərs yox, sanki bir mənəviyyat məktəbi idi. Günlərin bir günü İsmayıl müəllim dərsə gəlmədi. Dekanlıqda işləyən Məsmə xanım yanında başqa bir müəllimlə auditoriyaya daxil oldu. Hamımızın ürəyinə bir nigaranlıq düşmüşdü. Məsmə xanım sanki bu nigaranlığı hiss edib dedi: "Uşaqlar, İsmayıl müəllim bir az xəstələndiyi üçün bir neçə günlüyə dərsləri gələnə qədər onu BDU-nin müəllimi Məmmədbağır Həyatzadə əvəz edəcək". Bu sözləri deyib auditoriyanı tərk etdi.

BDU- nin tanınmış müəllimlərindən olan Məmmədbağır müəllim kürsüyə keçdi. Bizim gərginliyimizi azaltmaq üçün gülümsəyərək söhbətə başladı:
– Biz İsmayıl müəllimlə çox möhkəm, yaxın dostuq. Dünən axşam mənə zəng edib bildirdi ki, bəs bir-iki günlük APİ-də məni əvəz edəsən. Mən ona həmişə hörmətlə "mirzə" deyə müraciət edirəm. Dedim, baş üstə, mirzə, sən dincəl, gözün arxada qalmasın.
Məmmədbağır müəllim də sağ olsun, iki gün ərzində dərslərimizi boş qoymadı, maraqlı mühazirələr keçdi. Lakin hamımızın gözü qapıda idi, ustadın sağalıb qayıtmasını gözləyirdik. İki gündən sonra İsmayıl Şıxlı yenidən doğma auditoriyaya daxil oldu. Biz onu böyük sevinclə qarşıladıq. Müəllimimiz yenicə mühazirəsinə başlamışdı ki, qəfildən auditoriyanın qapısı ehtiyatla döyüldü.
İsmayıl müəllim danışığını kəsib: "Buyurun", – deyərək qapıya tərəf çevrildi.
Qapı açılanda hamımız təəccübləndik. Auditoriyaya ağ xalatlı bir neçə gənc qız daxil oldu. Onların filologiya fakültəsinə və bu dərsə aidiyyəti yox idi. İsmayıl müəllim təmkinlə dilləndi: Buyurun, qızlarım, eşidirik sizi. Qızlar bir az utancaq, bir az da həyəcanlı səslə müraciət etdilər:– İsmayıl müəllim, bizi bağışlayın, biz Tibb İnstitutunun tələbələriyik. Eşitmişik ki, burada mühazirə keçirsiniz. İcazə versəniz, bu iki saatı biz də arxa sıralarda oturub sizin mühazirənizi dinləyərik...
İsmayıl müəllimin simasına o atalara məxsus nurani təbəssüm qondu. Heç bir tərəddüd etmədən, böyük bir məmnuniyyətlə:
"Əlbəttə, buyurun, keçin, boş oturacaqlarda əyləşin", – dedi. Tibb tələbələri sevinə-sevinə boş yerlərdə əyləşdilər. O gün iki qoşa saat (dörd yarımqrup) ərzində tibb işçiləri də bizim qədər filoloq oldular. İsmayıl Şıxlının hər kəlməsini can-başla, böyük bir heyranlıqla dinlədilər. Dərs bitəndə onlar auditoriyadan böyük bir fərəh və coşqu ilə çıxırdılar. Dəhlizdə bir-birlərinə pıçıldadıqları o sözlər isə ömrüm boyu yaddaşımdan silinmədi:– Çox şükürlər olsun, bu həyatda bizə İsmayıl Şıxlını canlı-canlı dinləmək, onun o müdrik səsini eşitmək qismət oldu!
Bəli, İsmayıl Şıxlı təkcə filoloqların yox, bütün Azərbaycan gəncliyinin, bütöv bir xalqın qəlbinə yol tapan unudulmaz bir şəxsiyyət idi. Bu gün o illərdən çox uzun zaman keçsə də, onun dərslərinin istisi hələ də ruhumuzu isidir.

Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB və AJB üzvü.


Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!