Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
Tarix : Bu gün, 18:52
Mirzə Bala Məmmədzadə və onun Azərbaycanda mətbuat fəaliyyəti


Mirzə Bala Məmmədzadə

və onun Azərbaycanda

mətbuat fəaliyyəti


Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən biri, ictimai-siyasi xadim, publisist və mütəfəkkir Mirzə Bala Məmmədzadə milli istiqlal düşüncəsinin, türkçülük ideyalarının, maarifçiliyin və azadlıq məfkurəsinin müdafiəçilərindən idi. Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı və məsləkdaşı kimi o, qələmini yalnız ictimai-siyasi hadisələrin işıqlandırılmasına deyil, həm də xalqın milli şüurunun oyanmasına, milli birliyin möhkəmlənməsinə və müstəqil dövlətçiliyin yaşadılmasına həsr etmişdir. Cümhuriyyətin süqutundan sonra da ictimai-siyasi fəaliyyətini və istiqlal mübarizəsini əzmlə davam etdirmişdir. Doğma torpağından ayrılmaq məcburiyyətində qalsa belə mühacirət dövründə də yorulmadan, böyük səylə öz mübarizəsinə davam edib. Mirzə Bala cismani olaraq vətəndən ayrı olsa da, onun qəlbi və ruhu daim xalqının yanında idi. Bəlkə də ömrünün son anına qədər dayanmadan çalışmasının səbəbi vətənə olan sevgisi və doğma torpağına bağlılığı idi. Mirzə Bala Məmmədzadənin mübarizəsinin əsas silahlarından biri mətbuat idi. Onun mətbuata gəlişi, bir publisist kimi formalaşması, öz imzasını yaratması uzun və zəhmətli bir inkişaf yolu keçmişdir.
Mirzə Bala Məmmədzadə (13.08.1898, Bakı – 08.03.1959, İstanbul) publisistik fəaliyyətə orta məktəb illərində, məktəb yoldaşları ilə birlikdə hazırladığı əlyazma şəklində olan “Arzu” adlı şəkilli məcmuədə başlamışdır. 1915-ci ilin oktyabr ayından Məhəmməd Əmin Rəsulzadənin baş redaktorluğu ilə dərc edilən, özündən əvvəlki qəzetlərdən fərqli proqramla, “Türkləşmək, islamlaşmaq və müasirləşmək” şüarı ilə meydana gələn siyasi, ictimai və ədəbi gündəlik türk qəzeti olan “Açıq söz”də ilk yazılarını dərc etdirir. Bu qəzet onun bir publisist kimi yetişməsində, düşüncələrinin təkmilləşməsində mühüm rol oynayır. O, milli özünüdərk, milli oyanış, ana dili, maarifçilik kimi mövzularda qəzetdə çıxış edirdi. Əfqan Vəliyev qeyd edir: “1915-ci ildə Rəsulzadənin təşviqi ilə “Açıq söz” qəzetinin “Açıq sütunlar”ına yazı yazmağa başlayan Mirzə Balanın ilk yazıları üslub və təhlil qabiliyyəti ilə oxucuların diqqətini cəlb edir.” [Ə. Vəliyev. M. B. Məmmədzadə və Azərbaycan siyasi düşüncə tarixi. Bakı, “MİMTA Yayımları”, 2023, səh. 36. ]
1917-ci ildə rus inqilabının baş verməsi və çar rejiminin dağılması ilə siyasi partiyalar, ictimai təşkilatlar sərbəst fəaliyyətə başladı. Beləliklə, onların açıq şəkildə qəzet, jurnal nəşr etmələrinə fürsət yarandı. Oktyabr inqilabından sonra bolşeviklərin hakimiyyəti ələ alması ilə Azərbaycanda da siyasi qüvvələr arasındakı vəziyyət gərginləşdi. Belə bir dövrdə partiyalara yeni üzvlər qoşulur, mətbuatda müxtəlif mövzulara (muxtariyyət hüquqları, din, dövlət quruculuğu, yerli özünüidarəetmə, maarifçilik, əsasən siyasi mövzular və s.) toxunulurdu. İctimai-siyasi mühitdə olan Mirzə Bala digərləri kimi gənclər və tələbə təşkilatlarına qoşulur, aparıcı üzvlərdən biri olur. 1917-ci ildə “İttifaqi-mütəəllimin” təşkilatının nəşr etdiyi eyniadlı həftəlik qəzetdə məqalələri ilə fəal iştirak edir. Bu qəzetin ömrü uzun olmur və onu Qafqaz Tələbələrinin Mərkəzi Komitəsinin yarısı rusca, yarısı türkcə olan “Gənclər sədası” qəzeti əvəz edir. Qəzetin türkcə hissəsinə Əbdülvahab Yurdsevər, rusca hissəsinə Həmid Ataman başçılıq edirdi. Baş redaktor isə Mirzə Bala idi. Mirzə Bala Məmmədzadə “Azərbaycan türk mətbuatı” əsərində qeyd edir: “”Gənclər sədası”yarırusca-yarıtürkcə olaraq Bakıda nəşr olunuyordu. Bütün Qafqasiyadan ora türk mütəəllimlərinin vəziyyəti, türk məktəblilərinin halı haqqında məlumatlar göndəriliyordu.” [ M.Məhəmmədzadə. Azərbaycan Türk mətbuatı. “Çapar” yayınları, 2022, səh. 82.]
Həmin il Mirzə Bala Müsavat Partiyasına da qoşulur və fəallığı ilə seçilir. Müsavatın rəsmi mətbu orqanı olan “Açıq söz” qəzetində Mirzə Bala artıq daimi müəlliflərdən birinə çevrilir və geniş fəaliyyətə başlayaraq maarifçilik, türkçülük, millətçilik, istiqlaliyyət və s. mövzularda məqalələr yazırdı. Eyni zamanda Mirzə Bala Seyid Hüseyn Sadiqin redaktorluğu ilə dərc edilən ədəbi, ictimai, fənni, iqtisadi “Qurtuluş” və Əli Yusif Əliyev tərəfindən nəşr edilən “Doğru söz” qəzetlərində də milli oyanışdan, xalqın və cəmiyyətin problemlərindən bəhs edən məqalələrlə çıxış edirdi.
Həmçinin o, milli birlik və maarifçilik ideyalarının yayılmasına xidmət edən, müsəlman əhalisi arasında sünni-şiə məzhəb ayrılığı məsələsinə toxunan, 1914-cü ildən Hacı İbrahim Qasımov tərəfindən nəşr edilən “Bəsirət” qəzetinin bir müddət baş redaktoru və daimi müəlliflərindən biri olmuşdur. Bu qəzetdə Məhəmməd Əmin Rəsulzadə, Əliabbas Müznib, Cəfər Cabbarlı, Abbas Səhhət və başqaları da öz yazıları ilə çıxış etmişdir. Beləliklə, bu illər ərzində Mirzə Bala müxtəlif qəzet və jurnallarda çıxış edərək mətbuat sahəsində təcrübə qazanmış və güclü bir publisist kimi formalaşmışdır. Onun mətbuat və ictimai-siyasi mühitin nümayəndələri ilə yaxınlığı, tanışlığı da yaradıcıllığına təsirsiz ötüşmür. O, cəmiyyətdə baş verən hadisələrə münasibət bildirir, xalqın əsas problemləri, tarix, ədəbiyyat, siyasət, maarifçilik, din və digər mövzularda maraqlı məqalələr yazırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə: “Açıq söz” və digər mətbu nəşrlərdə püxtələşən Mirzə Bala qəzet işini, mövzu istiqamətlərini müəyyənləşdirməyi və nəşrini öyrənir. 1918-ci il mayın 28-də şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qurulması mətbuata da təsirsiz ötüşmür. Müxtəlif mətbu nəşrlər meydana gəlir. Bu dövr Mirzə Balanın publisistik fəaliyyətində mühüm yer tutur.
1918-ci ilin iyul ayında Mirzə Bala Tiflisə gələrək buradakı gənclərlə əlaqə yaradır. Tiflisdə yaşadığı müddətdə o, siyasi fəaliyyətlə yanaşı, müxtəlif jurnal və qəzetlər üçün də məqalələr yazır. Həmçinin yeni bir jurnal açmaq təşəbbüsünü irəli sürür. Bununla da ədəbi, fənni, ictimai jurnal olan “Gənclər yurdu” 1918-ci il iyulun 23-də Tiflisdə nəşrə başlayır. Jurnalın baş redaktorları Mirzə Bala və Firidun Tofiq Hacızadə (əsasən, jurnalın texniki hazırlanmasına nəzarət edirdi) idi. Mirzə Bala Məmmədzadə “Azərbaycan türk mətbuatı” əsərində jurnalın əvvəl həftədə bir dəfə, sonra on beş gündə bir nəşr edildiyini qeyd edir. Həmçinin o, yazır: “Gənclər yurdunda şəkillər buraxılırdı, türk dünyasında baş vaqe olan hadisələr təqib ediliyordu. Daimi mühərrirləri Əli Səbri, Firidun Tofiq Hacızadə, Kamal Sübhan Quliyev, Ələkbər və qeyriləri idilər.” [ M.Məhəmmədzadə. Azərbaycan Türk mətbuatı. “Çapar” yayınları, 2022, səh. 84.] Bu da onu sübut edir ki, jurnal yalnız ədəbi jurnal deyildi və ətrafında bir çox mühüm şəxsiyyətləri cəmləşdirmişdir. Burada türk xalqları arasındakı ortaq bağa, onların mədəni birliyinə və digər müxtəlif ictimai-siyasi mövzulara da toxunulurdu. Jurnalın dili sadə, anlaşıqlı türkcə idi və digər müəlliflərdən yazılarını bu cür yazmaları tələb olunurdu. Bunun əsas səbəbi jurnaldakı materialların hamının rahat oxuması üçün idi. Mirzə Balanın bu jurnalda “Azərbaycan Cümhuriyyəti”, “Əksinqilabçılar”, “Abbas Səhhət”, “Din və mədəniyyətə bir baxış”, “Dilimizdə işlədilən özgə sözlər” və s. məqalələri dərc olunmuşdur.
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan parlamentində Mirzə Bala uşaqlıq dostu Cəfər Cabbarlı ilə birlikdə stenoqraf olaraq çalışmağa başlayır. Onlar parlament müzakirələrini, oradakı siyasi çıxışları qeydə alırlar. Dilqəm Əhməd “Mühacirlərin dönüşü” kitabında qeyd edir: “ Parlament qurulduqdan sonra Mirzəbala Cəfər Cabbarlı ilə birlikdə orada türkcə stenoqrafçı olur . 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında onun “Bakı uğrunda mübarizə” pyesinin ilk tamaşası göstərilir. 1919-cu ilin oktyabrında isə o, Müsavatın Bakı komitəsinin üzvü seçilir. ” [ Dilqəm Əhməd “MÜHACİRLƏRİN DÖNÜŞÜ (Yeni fotolar və sənədlər) I cild Bakı, TEAS Press Nəşriyyat evi, 2017, səh. 102. ]
Eyni zamanda Mirzə Bala həmin ilin sentyabrından Bakıda nəşr edilən gündəlik, ictimai, ədəbi, iqtisadi qəzet olan “Azərbaycan” qəzetində müxbir, müəllif (bəzi mənbələrdə redaktor olduğu da qeyd edilib) olaraq fəaliyyətə başlayır. Qəzet Cümhuriyyətin qərarlarına, parlamentdəki vacib müzakirələrə, Azərbaycanın daxilində və xaricində baş verən ictimai-siyasi hadisələrə aid yazılar dərc edirdi. O, hər iki sahədə işini uğurla yerinə yetirir. Azərbaycan Cümhuriyyəti və parlamenti ilə bağlı günümüzə qədər çatan yazıların çoxu Mirzə Bala Məmmədzadənin iti qələmi ilə qeydə alınıb. Mirzə Bala yeni ədiblərin yetişməsində mühüm rol oynayan “Yaşıl qələmlər” ədəbi cəmiyyətinin də üzvü idi. Bütün bunlar onun həyatında və yaradıcılığında mühüm rol oynamışdır.
28 aprel 1920-ci ildə XI Qızıl bolşevik ordusunun Bakıya daxil olması ilə iyirmi üç ay davam edən ilk müstəqil türk cümhuriyyəti-Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Bununla da ölkə ərazisində vəziyyət gərginləşdi. Aprelin 27-də axşam Əbdülvahab Yurdsevər, Cəfər Cabbarlı, Mirzə Bala və digərləri Məhəmməd Əmin Rəsulzadənin tövsiyəsi ilə Gizli Müqavimət Komitəsinin qurulmasına qərar verdilər. Cəfər Cabbarlının evində qurulan komitənin rəhbəri Mirzə Bala oldu. Azərbaycanın işğalından sonra yaranan vəziyyətlə bağlı o, bir çox ölkələrlə əlaqəyə girərək məlumat vermişdir.
Həmçinin Gizli Komitə xalq arasında bəyanatlar (vərəqələr) yayaraq onları işğala qarşı müqavimətə, bolşeviklərə qarşı mübarizəyə çağırırdı. Komitənin “İstiqlal” adlı gizli qəzeti də nəşrə başlamışdı. Qəzetin əsas yazılarını Mirzə Bala Məmmədzadənin özü yazırdı. Digər əməkdaşlar da qorxmadan böyük səy ilə qəzetdə fəaliyyət göstərirdi. Lakin qəzetdəki yazıların çoxu təhlükəsizlik səbəbindən adsız və imzasız yazılırdı. 1923-cü ilin oktyabrında ÇEKA qəzetin mətbəəsinə basqın etdi və qəzetin nüsxələri məhv, həmçinin əməkdaşlarının bir neçəsi həbs və sürgün edildi, bəziləri si qətlə yetirildi. ÇEKA-nı qəzetin neçə il gizli şəkildə çap edilməsi təəccübləndirmişdi. Mirzə Bala Məmmədzadə “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi (1923-1953)” məqaləsində qeyd edir ki, istiqlal dövründə fəaliyyətə başlamış qəzet və jurnallardan yeraltı həyata keçməklə, gizli mətbəələrdə çap olunmaqla yalnız “İstiqlal” qəzeti 1923-cü ilə qədər öz mövcudluğunu qoruya bilmişdir.
“İstiqlal” qəzetinin gizli mətbəəsi aşkar edilərək təşkilat üzvləri həbs olunsa da, Mirzə Bala həbsdən yayına bilmişdi. O, bir il sonra sovet hakimiyyətinin təqibləri səbəbindən İranın Ənzəli şəhərinə getmək məcburiyyətində qalır. Bununla da ömrünün sonuna qədər davam edən mühacirət həyatı başlayır. Mühacirətdə də istiqlal mübarizəsini əzmlə davam etdirən Mirzə Bala Azərbaycan siyasi mühacirətinin ən görkəmli nümayəndələrindən birinə çevrilir. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Müsavat Partiyasına və Azərbaycan Milli Mərkəzinə rəhbərlik edir. Onun üçün vətəndən ayrılıq ağır olsa da, son nəfəsinə qədər xalqının varlığı, istiqlalı naminə dayanmadan mübarizə aparır. İstiqlal mübarizəsinin və mühacirətin ən parlaq siması olan Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də Türkiyənin İstanbul şəhərində gözlərini əbədiyyən yumur.
Nəcəf Nəcəfov,
Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!