Səməd Vurğun yaradıcılığında
Vətən sevgisi və milli şüur XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri Səməd Vurğundur. Onun yaradıcılığında Vətən mövzusu mərkəzi yer tutur. O, Vətənə sevgi, milli qürur, qəhrəmanlıq və xalqın mübarizə əzmini öz şeirlərində və poemalarında (məsələn, “Vətən”, “Azərbaycan elləri”, “Fərhad və Şirin” ) dərin emosiyalarla və yüksək poetik dillə tərənnüm edir, milli şüurun gücünü vurğulayır, vətənin gözəlliyini, torpağa bağlılığı, vətəndaş məsuliyyətini əsas ideyalar kimi təbliğ edir.
Bir şair, dramaturq kimi şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın körpüsü sayılan Səməd Vurğun xalqımızın dünya görkəmli şəxsiyyətlərindən biridir. O, əlli illik ömrünün otuz ilini ədəbi mədəniyyətinə bəxş etdiyi yaradıcılığa həsr etmiş, Azərbaycan klassik poeziyasında öz dəst-xətti ilə seçilmiş, dilinin sadəliyi, şirinliyi, rəvanlığı, axıcılığı ilə qəlbləri fəth etmişdir. Azərbaycanda çox az sayda adam tapmaq olar ki, şairin “Azərbaycan” şeirini əzbər bilməsin. Bu şeir mən deyərdim ki, hər bir azərbaycanlının mənəvi vətəndaşlıq pasportu hesab edilə bilər. Şair dillər əzbəri olan mənalı poeziya nümunələri ilə doğma ana dilinin – Azərbaycan dilinin nə qədər gözəl və zəngin olduğunu göstərməklə yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyətini zirvələrə ucaldan biri-birindən gözəl əsərlər yaratmışdır.Xalq yazıçısı Mir Cəlal Paşayev bu məqamı dəyərləndirərək yazır: “Səməd Vurğun bir çoxları kimi əlinə qələm aldığı gündən “əsil şair kimi kağız korlamamışdır”. Səməd Vurğunun yaradıcılığını geniş tədqiq edən Bəxtiyar Vahabzadə isə qeyd edir ki, “onun ürəklərə yol açan poeziyası, məzmunlu dram əsərləri xalqın ruhundan, qəlbindən xəbər verdiyinə görə bu gün də öz təbiətini saxlamaqdadır.” Şairin 1935-ci ildə yazdığı “Azərbaycan” şeirində dövrü üçün qorxmadan, çəkinmədən “Azərbaycan mənim tarixi vətənimdir” kəlməsini irəli sürərək vətəndaş mövqeyini, xalqın dünəni,bu günü və gələcəyini yaşatmaq hüququnu
“ El bilir ki, sən mənimsən
Yurdum, yuvam, məskənimsən
Anam doğma Vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan. misralarında əbədiləşdirmişdir.(1,s.176). Səməd Vurğun yaradıcılığında vətənpərvərlik fəlsəfəsi konkret vətəndaşlıq duyğuları ilə yoğrulmuşdur.
“Azərbaycan” şeirində Vətənin hər qarışından, elindən-obasından, dağından-düzündən, şəhər və kəndlərindən söz açaraq böyük bir ustalıqla vətənpərvərlik duyğularını vəsf etmişdir. Bu şeirdə Azərbaycan təbiəti sanki göz önündə canlanaraq rəngarəng rəsmə çevrilibdir. Səməd Vurğun bu şeirində qədim Qarabağımızın füsunkar gözəlliklərini əks etdirərək, bu torpaqda yaşayan, onun mədəni mühitində yetişən görkəmli şəxsiyyətləri – Xan Şuşinski təxəllüslü görkəmli xanəndə İsfəndiyar Cavanşirovu da unutmurdu.
“Çinarın şikayəti” şeirində şair qoca bir çinarın dilində şikayətlərini səbirlə qələmə alaraq insanların yaşayışı üçün bu qədər dəyərli bir çinarın Vətən torpağı üzərində əzəmətini, vüqarını vəsf etmişdir. Səməd Vurğun yaradıcılığında vətən anlayışı müqəddəs bir dəyər kimi təqdim olunur.Onun şeirlərində Azərbaycan torpağı, təbiəti, insanları və tarixi böyük sevgi və fəxrlə təsvir edilir. Şair üçün Vətən yalnız coğrafi məkan deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin və tarixi yaddaşın daşıyıcısıdır.Onun “Azərbaycan” şeirində vətənə olan dərin məhəbbət və bağlılıq yüksək emosional çalarlarla ifadə olunur. Səməd Vurğunun poeziyası yalnız ədəbi irs deyil, həm də milli-mənəvi dəyərlərin təbliği baxımından əvəzsiz bir xəzinədir. Onun əsərləri oxucuda vətənpərvərlik ruhunu gücləndirir, insanlara sevgi,mərhəmət, ədalət kimi ali keyfiyyətləri aşılayır.Bu baxımdan şairin irsi yalnız ədəbi nümunə deyil,həm də mənəvi məktəb kimi qiymətləndirilə bilər.
Səməd Vurğun poeziyasında vətənin gözəlliyi insanın xoşbəxtliyi ilə,vətənin gücü isə xalqın birliyi ilə əlaqələndirilir.
Səməd Vurğun yaradıcılığında vətən və insan sevgisi yalnız əsas mövzu deyil, həm də bütöv bir ideya sistemidir.Bu sistem milli ruhun, mənəvi dəyərlərin və humanist prinsiplərin vəhdətini özündə birləşdirir.(2)
Səməd Vurğun, Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biri olaraq, milli şüurun zənginləşməsində mühüm rol oynamışdır. O, Azərbaycan xalqının ruhunu, milli dəyərlərini və arzularını ən gözəl şəkildə ifadə edən şair deyil, milli şüurun formalaşmasında, vətənpərvərlik ruhunun güclənməsində əvəzsiz xidmətləri olan bir şəxsiyyətdir.
Şairin yaradıcılığı zaman keçdikcə öz aktuallığını itıirmir, əksinə, hər yeni nəsil üçün yenidən kəşf olunan mənəvi sərvət kimi öz dəyərini qoruyub saxlayır.Şairin məhz “Azərbaycan” şeiri – vətən sevgisinin ən böyük zirvəsidir, desək yanılmarıq.
Səməd Vurğunun 120 illiyi ilə əlaqədar məyyən materiallar nəşr edilsə də, AzərTac bir töhfə olaraq Xalq şairinin həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılar çap etdirməkdə davam edir. Layihə rəhbəri Şəmsi Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli bir insan kimi görməyə imkan verir.
Ölməz şairin yaradıcılığının ən məhsuldar dövrü 1930-1940-cı lləri əhatə edir.1935-ci ildə 7 poema və 100-dək şeir yazıb. Ən məşhur şeirləri: “Azərbycan”, “Ceyran”,, “Dağlar”, “Şair, nə tez qocaldın sən?”,”Mən tələsmirəm”,”Xavərm” şeirlərinə mahnılar da bəstələnib.Məşhur poemaları “Komsomol poeması”, “Talıstan”, “Muğan”, “Aygün” də bu illərin məhsullarıdır. Hətta məşhur dram əsərləri: “Vaqif”, “Fərhad və Şirin”, “İnsan”ı da məhz bu illərdə yaratmışdır.Məşhur ürək həkimi Cavad Heyətin bir xatirəsini də qeyd etmək yerinə düşərdi. O,yazırdı ki, “ Vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? Bir az düşündü və dedi , Səməd Vurğunu”.
Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biri kimi, milli şeirimizin inkişafında və zənginləşməsində mühüm rol oynamış Səməd Vurğun, Azərbaycan ədəbiyyatının parlaq ulduzu olaraq hər zaman seviləcək və işıq saçacaqdır.
Məlahət Xəlil qızı,Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı