"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-09-2026, 09:36
Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri


Bakıda Qədim Sazın və

Sözün Möhtəşəm Zəfəri


Borçalı Aşıq Mühiti Yenidən Paytaxt Səhnəsində

2026-cı il sentyabrın 14-də Bakı şəhərinin qədim və zəngin mədəniyyət ocaqlarından biri olan R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın mənəvi tarixini, saz və söz sənətini özündə yaşadan möhtəşəm bir tədbir baş tutdu. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üçün kiçik qrant müsabiqəsinin qalibi olmuş “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Borçalı aşıqlarının böyük konsert proqramı keçirildi. “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi tərəfindən böyük peşəkarlıqla ərsəyə gətirilən bu gecə, təkcə musiqi tədbiri deyil, həm də köklərə, tarixi yaddaşa və milli kimliyə qayıdış simvoluna çevrildi. Salonda əyləşən yüzlərlə tamaşaçı həm milli musiqimizin bənzərsiz nümunələrini dinləmək, həm də Borçalı saz-söz məktəbinin tarixi irsinə bir daha şahidlik etmək imkanı qazandı.

Respublikamızın görkəmli elm və sənət adamlarının, millət vəkillərinin, ictimai-siyasi xadimlərin də qatıldığı tədbiri giriş sözü ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu açdı. O, Borçalı aşıq mühitinin keçdiyi tarixi yola qısa ekskurs etdi, bu mühitin Azərbaycan aşıq sənətinə verdiyi böyük töhfələrdən danışdı. M.Nəbioğlu layihənin həyata keçirilməsində əsas məqsədin aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etmək olduğunu vurğuladı. Çıxışda Bakıda Borçalı aşıqlarının ayrıca konsertinin sonuncu dəfə ötən əsrin 80-ci illərinin əvvəllərində təşkil olunduğu xüsusi olaraq diqqətə çatdırıldı. Qeyd edildi ki, ötən uzun onilliklər ərzində bu səviyyədə toplu bir konsertin keçirilməməsi böyük bir boşluq idi və bugünkü tədbir həmin qırx illik mədəni həsrətə son qoyur. M.Nəbioğlu həmçinin mədəniyyətimizin çox mühüm qolu olan aşıq sənətinə ölkə rəhbərliyinin qayğı və diqqətinin son illərdə daha da artdığını xüsusi qeyd etdi.
Daha sonra çıxış edən millət vəkili Aydın Hüseynov “Ozan Dünyası” AYT İB-nin son illərdə həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edərək, “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı bir layihənin reallaşdırılmasının günümüzdə çox aktual olduğunu diqqətə çatdırdı. O, Borçalı aşıq mühiti və bütövlükdə Borçalıda yaşayan soydaşlarımızla bağlı belə mədəni layihələrin davamlı xarakter almasının vacibliyini bildirdi. Millət vəkili vurğuladı ki, Borçalı mahalı təkcə coğrafi məkan deyil, Azərbaycanın mənəvi sərhədlərini qoruyan, ana dilimizi və qədim ozan ənənələrimizi təmiz şəkildə saxlayan bütöv bir mədəniyyət qalasıdır.Milli Məclisin əməkdaşı, Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Ozan Dünyası” AYT İB-nin fəaliyyətini yaxından izlədiyini və təqdir etdiyini vurğulayaraq, təşkilatın rəhbəri Musa Nəbioğlunun eyni zamanda aşıq sənəti ilə bağlı bir çox dəyərli kitabların müəllifi olduğunu auditoriyanın diqqətinə çatdırdı. Ə.Qoşalı qeyd etdi ki, Musa müəllimin fədakar araşdırmaları sayəsində Borçalının unudulmaqda olan bir çox ustadlarının adları və yaradıcılığı yenidən elmi dövriyyəyə qaytarılmış, gələcək nəsillər üçün yazılı bir salnamə yaradılmışdır.
ADMİU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, ustad aşıq Altay Məmmədli Borçalı aşıq mühitinin havacatda və ifa tərzindəki özəlliklərindən, bu mühitin zaman-zaman sənətdə öz sözünü demiş ustad aşıqlarından ətraflı söhbət açdı. O, Borçalı saz məktəbinin texniki baxımdan özünəməxsus barmaq vuruşları, pərdə düzümü və sərt səs tembri ilə digər aşıq mühitlərindən fərqləndiyini, buradakı ustad-şagird münasibətlərinin bu gün də qədim qanunlarla qorunub saxlanıldığını elmi detallarla izah etdi.

Gənc tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bu günlərdə Milli Konservatoriyada yeni yaradılan “Aşıq sənəti” kafedrasının müdiri vəzifəsi etibar edilmiş Hafiz Kərimov isə çıxışında Borçalı aşıq mühitinin özünəməxsusluğuna dərin elmi baxış sərgilədi. H.Kərimov yeni yaradılan kafedranın bu cür fundamental regional məktəbləri akademik səviyyədə araşdıracağını və Borçalı havalarının nota köçürülərək tədris proqramlarına daxil edilməsinin aşıq elminin inkişafına böyük töhfə verəcəyini vurğuladı.

Konsertin bədii hissəsində Borçalı aşıq mühitinin istedadlı təmsilçiləri bir-birinin ardınca səhnəyə çıxaraq öz bənzərsiz ifaları ilə tamaşaçıların zövqünü oxşadılar. İfaçılar təkcə öz səsləri və barmaqlarının sehri ilə deyil, həm də geyindikləri ənənəvi aşıq libasları və səhnə mədəniyyətləri ilə qədim ozan məclislərinin ab-havasını teatra daşıdılar. Ustad aşıq Hüseyn Saraclının sonuncu səyirdi olan Murad Kövrəyin ifasında səslənən və məclisə ciddiyət gətirən “Baş divani” havası ilə açıldı, Cahangir Quliyevin təqdimatında incə qəlb çırpıntılarını əks etdirən “Zarıncı” havasını, Nargilə Mehdiyevanın şirin avazı və qadın aşıq ən-ənəsinin zərifliyi ilə yadda qalan “Mansırı” və Ramin Qarayevin ifa etdiyi gur səsli “Osmanlı divanisi” tamaşaçılarda böyük coşqu yaratdı. Ardınca Qabil Abdıyevin ifasında Borçalı dağlarının havasını gətirən “İncəgülü”, Əşrəf Qəriboğlunun (Təmirovun) təqdimatında qədim köklərə bağlayan “Göyçəgülü”, Fikrət Cəfərovun dastan dünyasından söz açan “Dastanı”, Ayişə Səyyadqızının məlahətli və ürəyəyatan səsi ilə ifa etdiyi “Aran gözəlləməsi”, Fatimə Məmmədovanın təqdimatında sazın zəngin imkanlarını nümayiş etdirən “Naxçıvanı” və Murad Həsənovun yüksək ifaçılıq texnikası və ustad ustalığı ilə təqdim etdiyi “Ruhani” aşıq havaları salonda əsl sənət fırtınası qopardı. Səlsənən hər bir hava, pərdələrin dili ilə danışan hər bir nəğmə Borçalı aşıq mühitinin bu günü ilə bağlı canlı, dinamik və zəngin bir mənzərəni gözlər önündə canlandırdı. Zalda əyləşən tamaşaçılar hər ifanın sonunda sənətkarları ayaq üstə alqışlayırdılar.

Aşıq Nargilə Mehtiyeva tamaşaçıların israrlı və gur alqışları, dinmək bilməyən xahişləri ilə yenidən səhnəyə dəvət olundu. Səhnəyə ayaq basdığı an zaldakı coşqu bir qədər də artdı. Ustad aşıq Kamandar Əfəndiyevin ruhunu səmada şad edən, sözləri və musiqisi ustadın özünə məxsus olan möhtəşəm bir əsər səslənməyə başladı: "Atatürküm, doğma qanım, bir də Azərbaycanım..."Aşığın telli sazından süzülən hər bir pərdə, hər bir kəlmə zaldakı yüzlərlə insanın qəlbinə birbaşa yol tapdı. Nəğmənin sədaları yüksəldikcə, zaldakı milli ruh və ehtiram hissi pik nöqtəyə çatdı. Tamaşaçılar bu təsirli ifanın qarşısında heyranlıqlarını gizlədə bilməyərək bir-bir ayağa qalxdılar. Bütün zal ayaq üstə, gözlərində qürur hissi ilə aşığı sürəkli alqışlara qərq etdi, musiqinin ecazkar gücü ilə bütövləşdi.

Konsert proqramının möhtəşəm və rəmzi finalı isə aşıq Ramin Qarayevin yenidən səhnəyə gəlişi ilə tamamlandı. Onun XIX əsrin sonlarında və XX əsrin ortalarında yaşamış, Borçalı saz məktəbinin ən böyük sütunlarından biri olan dahi ustad aşıq Ağacanın məşhur “Samovar” müxəmməsini bənzərsiz bir şövqlə, ustadın ruhuna layiq bir əzəmətlə səsləndirməsi konsertə unudulmaz bir nöqtə qoydu. Bu ifa sazın və sözün nəsillərarası körpüsünə çevrilərək salondakı coşqunu ən yüksək zirvəyə çatdırdı.

Tədbirin sonunda səhnəyə qalxan görkəmli dövlət xadimi, tarixçi alim Həsən Həsənov çıxış edərək layihənin aktuallığını və daşıdığı milli missiyanı xüsusi qeyd etdi. O, Borçalı aşıqlarının bir-birindən maraqlı ifalarının səsləndirilməsi ilə yanaşı, bu tədbirin həm də çox vacib olan maarifləndiricilik və tarixilik xarakteri daşıdığını vurğuladı. Həsən Həsənov bildirdi ki, bu cür tədbirlər sadəcə əyləncə deyil, xalqın öz soy-kökünə, tarixinə və coğrafiyasına sahib çıxması prosesidir. O, “Ozan Dünyası” AYT İB-nin sədri Musa Nəbioğlunun aşıq sənətinə verdiyi dəyəri, onun ömrünü bu yola həsr etməsini və sənətin təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi, tədbirin belə yüksək səviyyədə baş tutmasına görə təşkilatçılara və layihəyə dəstək verən qurumlara öz dərin minnətdarlığını bildirdi.

Gecənin ən qürurlu və həyəcanlı anı isə tədbirdə çıxış edən və Borçalı sazını Bakı səhnəsində layiqincə təmsil edən aşıqların “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Fəxri diplomu” ilə təltif edilməsi oldu. Saz və söz sənətimizi yaşadan, ustadların əmanətini çiynində daşıyan aşıqlara bu dəyərli diplomları görkəmli dövlət xadimi Həsən Həsənov, deputat Aydın Hüseynov və Elnur Məmmədov böyük ehtiramla təqdim etdilər. Təqdimat zamanı sənətkarların və ziyalıların üzündəki qürur hissi gecənin əsl mahiyyətini ortaya qoyurdu. Tədbir, gələcək nəsillərə böyük bir tarixi irs yadigarı, silinməz bir salnamə olaraq qalacaq və bütün iştirakçıların, ziyalıların və aşıqların səhnədə bir araya gəldiyi möhtəşəm xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşdı. Bu konsert sübut etdi ki, kökü minilliklərə dayanan Azərbaycan aşıq sənəti və onun Borçalı qolu bu gün də etibarlı əllərdədir və gələcəyə doğru inamla addımlayır.

Hüseyn İsaoğlu,
yazıçı - publisist,
AYB və AJB üzvü


Paylaş



Bölmə: Borçalı / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!