TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 15-09-2026, 10:30
Dostluq

Abid Şamiloğlu,
Müəllim,
Quba, Afurca kəndi


Dostluq

(Şəki Xan sarayı haqqında düşüncələrim)

Şəkinin sərin dağ havası üzümə toxunanda bu dünya gözümdə daha da gözəlləşdi. Addımlarım məni Yuxarı Baş Dövlət Tarix - Memarlıq Qoruğunun qədim qala divarları daxilinə, əsrlərin şahidi olan o möhtəşəm tikilinin - Şəki Xan Sarayının qarşısına gətirmişdi.
Başımı qaldırıb sarayın fasadına baxdım. Günəşin son şüaları minlərlə rəngli şüşənin - şəbəkənin üzərində bərq vurur, həyətdəki əzəmətli, qoca Xan çinarın yaşıl budaqları binanın divarlarına kölgə salırdı. O an beynimdə yalnız bir fikir fırlanırdı: insan əli bu qədər incəliyi və əzəməti necə yarada bilərdi?
Həyətdəki oturacaqda əyləşib gözlərimi o pəncərələrdən çəkə bilmədim. Heç bir mismar və ya yapışqan istifadə edilmədən sadəcə taxta və şüşənin bir-birinə geydirilməsi ilə yaranmışdı bu şəbəkələr. Mən sarayın qarşısında xəyala dalarkən, sanki XVIII əsrin sədaları qulağımda əks olundu. Bu divarların arxasında kim bilir hansı gizli fərmanlar verilib, hansı xanların amiranə səsi divarları titrədib.
"Zalım xan sarayı" deyirdilər bura. Gözəlliyin ortasında gizlənən bu amansızlıq mənə insan təbiətinin ziddiyyətini söyləyirdi: "Bir tərəfdə kainatı heyran qoyan sənət, digər tərəfdə isə hakimiyyət hərisliyi."
Yüngül bir meh əsdi. Xan çinarın yarpaqları xışıldadı. Elə bil qoca ağac mənə təsəlli verirdi: "Keçmiş əhvalatlar qan və göz yaşları ilə yazılsa da, geriyə qalan yalnız bu gözəllikdir. İnsanlar gəldi-gedərdi, amma sənət və ruh əbədidir."
Bu saray bütöv bir xalqın səbrinin, zövqünün və dözümünün vizual simfoniyasıdır.
Binaya daxil oldum. Divarlardakı döyüş və ov səhnələrinə, Nizaminin poemalarından süzülüb gələn o zərif divar rəsmlərinə diqqətlə baxdım. Otaqların birində olarkən bələdçi qadın bizə bir tarixi həqiqəti söylədi:
"Bu sarayı inşa edən Məhəmmədhüseyn xan "Müştaq" təxəllüsü ilə qəzəllər yazmış, dövrünün görkəmli şairi olmuşdur. Həmişə bu otağa şairləri toplayardı. Həmin dövrün görkəmli Azərbaycan şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi onun dostları idilər. Bu otaqda şeir məclisləri keçirərdilər."
Maraq məni bürüdü. Otağın hər bir künc-bucağına nəzər yetirdim. Bura mənə doğmalaşdı. Bu gözəl insanların burada qalan ayaq izlərini axtardım. Divarlara dəyərək, əks-səda verən danışıqları qulaqlarımda səsləndi. Şəki Xan sarayının qarşısından ayrılarkən mən artıq bir neçə dəqiqə əvvəlki insan deyildim. Ruhum rəngbərəng şəbəkə şüşələrdən süzülən işıqla yuyulmuş, tarixin həm qanlı, həm də möhtəşəm tərəfi ilə barışmışdı. Ürəyimin bir parçasını o rənglərin, o qədim çinarın yarpaqlarının xışıltısı arasında qoyaraq gedirdim.
Bu səfərdən aldığım təəssürat məni xəyallar aləminə apardı. Bələdçi qadının söylədikləri bir kino lenti kimi gözlərim qarşısından gəlib keçdi. Ən axırda bədii bir yazıya çevrildi.

Hekayə
Şəki xan sarayının şəbəkəli pəncərələrindən süzülən rəngbərəng günəş şüaları otağın naxışlı divarlarına xalça kimi səpələnmişdi. Havada təzə dəmlənmiş kəklikotu çayının və Şəki şirniyyatlarının ətri vardı. Xanlığın rəhbəri, eyni zamanda həzin qəzəllər müəllifi olan Məhəmmədhüseyn xan Müştaq baş tərəfdə əyləşmişdi. Onun sağında şair Molla Pənah Vaqif, solunda isə dərin, kədərli misraların ustadı Molla Vəli Vidadi əyləşib söhbət edirdilər.
Məhəmmədhüseyn xan Müştaq bir qurtum çay içərək dedi: "Xoş gəlmisiniz, mənim söz sərraflarım, könül dostlarım. Bu gün siyasəti, xanlığın ağır yüklərini bir kənara qoymuşam. Sarayımın pəncərələrindən baxanda Şəkinin bu gözəl təbiəti mənə ancaq yazıb-yaratmaq tövsiyə edir. Vaqif, de görüm, Qarabağdan bura hansı gözəl misraları töhfə gətirmisən?"
Molla Pənah Vaqif təvazökarlıqla baş əyib dedi: "Sağ olun, xan! Sizin bu möhtəşəm sarayınız, divarlardakı hər bir naxış özü bir sənət əsəridir. Bura ayaq basan şairin ilhamı coşmaya bilməz. Mən hər zaman gözəlliyi, yaşamaq sevincini tərənnüm etməyi sevirəm. Dünya fanidir, amma onun bəxş etdiyi gözəlliklərdən zövq almaq lazımdır."
Molla Vəli Vidadi ağsaqqal müdrikliyi ilə ah çəkib dedi: "Ah, Molla Pənah, sən yenə dünyanı bəzəməkdən, gözəllərdən danışırsan. Bu dünyanın vəfası yoxdur. Ona belə ürək bağlama. Xan sağ olsun, mənim könlüm bu gün yenə bir az qəmlidir. Dünya gəldi-gedərdir. Fələyin gərdişi məni daha çox düşündürür."
Məhəmmədhüseyn xan Müştaq Vidadinin çiynini sıxıb dedi: "Gözəl dostum Vidadi, sənin o həzin, qəmli şeirlərin olmasaydı, Azərbaycan şeirinin bu qədər dərinliyi olmazdı. Sənin kədərinin də fəlsəfi mənası var. Amma gəlin bu gün ruhumuzu təzələyək. Hamıdan bir təzə misra eşitmək istəyirəm. Vaqif, sən başla!"
Molla Pənah Vaqifin gözləri parıldadı, əlini sinəsinə qoyub "Pəri" qoşmasını söylədi:
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri.
Sən ha bir sonasan, cüda düşübsən,
Bir bölük yaşılbaş sonadan, Pəri!

Vaqif gülərək xana baxdı, dedi: "Amma bura gələndən, sizin bu məclisinizdəki şuxluğu görəndən sonra daha da nikbin şeirlər yazacağam."
Məhəmmədhüseyn xan Müştaq uca səslə güldü, sonra dedi:
"Yaşa, Vaqif! Sənin bu hazırcavablığın və incə yumorun qaranlıq otağı belə işıqlandırar. Bəs, sən nə deyirsən, Vidadi? Vaqifin bu şuxluğuna cavabın nədir?"
Molla Vəli Vidadi sakit səslə, süzgün baxışlarla misraları pıçıldadı:
Ey həmdəmim, sənə çoxdur sözlərim,
Məni ağlar qoyub hara gedirsən?
Həsrətindən yol üstədir gözlərim,
Məni qəmli qoyub hara gedirsən?"

Vidadi sonra Vaqifə baxdı, dedi: "Molla Pənah, dünya həmişə sənin gördüyün kimi toylu-büsatlı deyil. Həyatın acılı, kədərli günləri də çoxdur. Bu gün varıq, sabah yoxuq. Dostların ayrılığı var, hicranı var."
Molla Pənah Vaqif Vidadinin əlini tutub dedi: "Doğru deyirsən, ustad. Amma bu gün biz bir yerdəyik, bu gün Şəki xanının məclisində sözün, sənətin zirvəsindəyik. Gəl, bu anın qiymətini bilək. Şairin qəmi də gözəldir, sevinci də."
Məhəmmədhüseyn xan Müştaq ayağa qalxdı, hər iki şairə ehtiramla baxdı, dedi: "Dostlarım, sizin bu mübahisəniz, bu səmimi söhbətiniz elə poeziyanın özüdür. Biri bədbin, biri nikbin, amma hər ikisi bənzərsiz. Nə qədər ki, bu saray var, nə qədər ki mən bu taxtdayam, Şəki sizin kimi ustadların ocağı olacaq."
Üç dost xanın işarəsi ilə çay qədəhlərini qaldırdılar. Çay içdikdən sonra Məhəmmədhüseyn xan Müştaq özünün "Qurban olduğum" adlı şeirini oxudu:
Ağ üzdə xalları filfilə nisbət,
Can quşu bağında bülbülə nisbət,
Ləbləri çiy düşmüş bir gülə nisbət,
Əhrər yanağına qurban olduğum.

Həmin gecə Şəki xan sarayının o kiçik otağında bədii sənətkarlığın zirvəsi yaşandı. Vidadi fəğan dolu qəzəllərini oxudu, Vaqif ona şux və şən qoşmaları ilə cavab verdi. Müştaq isə öz bədii yaradıcılığı ilə bu məclisə xanlıq əzəməti qatdı. Üç fərqli tale, üç fərqli yaradıcılıq üslubu, amma tək bir sarsılmaz dostluq.
Səhər açılarkən onlar ayrıldılar. Amma otağın divarlarına, rəngli şəbəkələrinə və tarixin yaddaşına bu üç sənətkarın bədii nəfəsi, bir də heç vaxt unudulmayacaq dostluq hekayəsi əbədi olaraq həkk olundu.
Üç dostun taleyi
İllər keçdi. Sənətkarlarımız bu dünyadan köçüb haqq dünyasına qovuşdular.
1759-cu ildən 1780-ci ilə kimi Şəki xanı olmuş Məhəmmədhüseyn xan Müştaq avqust ayında törədilən saray çevrilişi nəticəsində qətlə yetirildi. Molla Vəli Vidadi onun ölümünə "Müsibətnamə" əsərini yazdı.
1797-ci ildə Qarabağ xanının baş vəziri olan Molla Pənah Vaqifi və onun oğlu Əli bəyi İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir qətlə yetirdi. Molla Vəli Vidadi onun faciəvi ölümünə "Ey həmdəmim can, getdin" rədifli mərsiyəsini yazdı.
Qazaxın II Şıxlı kəndində yaşayan Molla Vəli Vidadi Molla Pənah Vaqiflə həm dost, həm də quda olmuşlar. Vaqifin 2 qızını Vidadi 2 oğluna almışdı. Vidadi yüz il ömür sürmüş, 1809-cu ildə Şıxlıda vəfat etmişdir.
Sənətkarlarımız xalqımıza böyük ədəbi miras qoyub getdilər. Qədirbilən Azərbaycan xalqı onları heç vaxt unutmur. Əsərləri sevilə-sevilə oxunur.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!