Hüseyn İsaoğlu, yazıçı-publisist, AYB və AJB üzvüVaqonda (Sənədli hekayə)Bakı metrosunun "28 May" stansiyasından hərəkət edən qatarda yenə də sıxlıq idi. İynə atsaydın yerə düşməzdi. Relslərin ritmik səsi vaqondakı uğultuya qarışır, hərəni bir tərəfə aparan yollar burada kəsişirdi. Oturacaqların birində əllərində bazarlıq torbaları olan üç yaşlı qadın əyləşmişdi. Onlar yorğun gözlərlə vaqondakı sərnişinləri süzür, arabir öz aralarında nə barədəsə pıçıldaşırdılar. Bir az irəlidə, qapının girəcəyinə yaxın iyirmi- iyirmi bir yaşlarında bir oğlanla qız əyləşmişdi. Oğlanın qulağında qulaqcıq var idi, qız isə diqqətlə telefonun ekranına baxıb nəsə oxuyur və gülümsəyirdi. Onların yanında qucağında körpəsi olan gənc bir ana və əlində ağır çanta tutmuş yaşlı bir kişi ayaq üstə dayanmışdı. Gənclər isə sanki ətrafda baş verənlərdən tamamilə xəbərsiz idilər. Bu mənzərə oturan qadınların diqqətindən qaçmadı. Nənə yaşındakı Xalidə xala çantasını dizinin üstündə düzəldib, yanındakı rəfiqəsinin qoluna toxundu. Gəncləri göstərərək dərindən ah çəkdi: - A bacı, biz cavan olanda böyük-kiçik yerini bilirdik. Yaşlı insanlar, körpə uşaqlara yer verirdik. Avtobusa, metroya bir ağsaqqal minəndə utancımızdan ayağa durmağa yer tapmırdıq. İndiki bu uşaqlar nə böyük sayır, nə də ki kiçik. Hərəsi bir telefonu alıb əlinə oynayırlar. Dünyadan xəbərləri yoxdur.Onun sözlərini başı ilə təsdiqləyən Tamilla xala eynəyini burnunun üstündə düzəldib söhbətə qoşuldu. Səsində həm qəzəb, həm də giley var idi: - Eh ay bacı, elə bu gənclərin, uşaqların evini yıxan telefondur. Vallah bu əl telefonları çıxandan abır-həyaımız da gedib. Texnologiya dedilər, tərəqqi dedilər, amma mənəviyyatımızı əlimizdən aldılar. Günü-gündən ailələrin dağılmasına da elə bu səbəb olur. Hamı bir evdə oturur, amma hərə bir ekrana baxır. Virtual dünya real canı-ciyərlərimizi bizdən ayırdı. Üçüncü rəfiqə, Solmaz xala gənclərə tərəf baxıb acıqla dilləndi:-Düz deyirsən, a bacı, düz deyirsən.
Onlar başlarını yelləyib dərindən köks ötürdülər. Yaşlı qadınların bu giley-güzarı, səs tonlarının bir az yüksək olması yaxınlıqdakı bəzi sərnişinlərin də diqqətini çəkdi. Həmin an vaqon kəskin şəkildə uğuldadı - qatar qəfil tormoz verdi. Ayaq üstə dayanan yaşlı kişinin əlindəki ağır çanta sürüşüb yerə düşdü, içindəki meyvələr, sənədlər vaqonun döşəməsinə dağıldı. Qucağında körpəsi olan ana isə müvazinətini itirib yıxılmaq təhlükəsi yaşadı.
Məhz bu saniyədə qadınların "tərbiyəsiz" adlandırdığı həmin gənclər ildırım sürətilə hərəkətə keçdilər. Qulaqcıqlı oğlan çevik hərəkətlə körpəli ananın qolundan tutub onu yıxılmaqdan qorudu. Sonra isə öz yerini ona təklif etdi: "Buyurun, bacı, əyləşin, uşaqla çətindir." Telefonuna baxan gənc qız isə saniyə itirmədən yerə çökdü. O, yaşlı kişinin səpələnmiş sənədlərini, almalarını bir-bir yığıb çantasına qoymağa başladı. Kişinin qoluna girib ona kömək etdi və özünün oturduğu boş yeri ona göstərdi:
"Ata, buyur əyləş, buralar çox sıxlıqdır, yorularsan". Yaşlı kişi gənc qızın saçını sığallayıb "Çox sağ ol, qızım, mürvətiniz bol olsun" dedi. Körpəli ana da gənc oğlana təşəkkür etdi. Bütün bunları kənardan sakitcə izləyən üç yaşlı qadın bir-birinin üzünə baxdı. Bir neçə dəqiqə əvvəl etdikləri sərt tənqidlərdən sonra vaqona ağır bir sükut çökdü. Onlar başa düşdülər ki, əlində telefon tutmaq və ya qulaqcıq taxmaq hələ insanın daxilindəki mərhəməti, tərbiyəni və böyüyə hörməti yox etmir. Zaman dəyişsə də, gənclərin xarici görünüşü fərqli olsa da, xalqın genindən gələn o gözəl adətlər hələ də yaşayırdı.
Xalidə xala utandığından torbasının ipini bərk-bərk sıxdı və yavaş səslə pıçıldadı: "Günahlarını aldıq... Maşallah, qanacaqlı uşaqlardır." Tamilla xala və Solmaz xala da sakitcə başlarını aşağı salıb, gənclərin bu davranışına ürəkdən sevindilər. Qatar isə növbəti stansiyaya doğru sürətlə irəliləyirdi.