Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
14-08-2026, 17:05
Bir ziyalı ömrünün salnaməsi


Ömrün əbədi işığında:

Bir ziyalı ömrünün salnaməsi

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Nəcəf Nəcəfov
Hər bir insanın xarakteri, mənəvi dünyası və həyat yolu onun köklərindən, doğulub boya-başa çatdığı torpaqdan və ailə ocağından qida alır. Tanınmış təhsil təşkilatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim, "Qızıl Qələm" mükafatı laureatı Nəcəf Həsən oğlu Nəcəfovun da ömür salnaməsi Qərbi Azərbaycanın qədim və zəngin maarifçilik ənənələrinə malik Ağbaba-Şörəyel mahalının, Amasiya rayonunun uca dağlar qoynunda yerləşən Oxçoğlu kəndindən başlayır.
Sınaqlardan keçən şərəfli irsi
Oxçoğlu kəndinin sayılan-seçilən, el arasında böyük hörmət və nüfuz sahibi olan sakinləri — Həsən Nəcəfovun ocağı hər zaman mərdlik və xeyirxahlıq mücəssəməsi olmuşdu. Lakin 1937-ci ilin dəhşətli repressiya dalğası bu ocaqdan da yan keçmədi. Həsən kişi stalinizm repressiyasının qurbanı olaraq Qazaxıstanın sərt çöllərinə sürgün edildi. Sürgün əzablarına sinə gərən Həsən kişi illər sonra doğma kəndinə qayıtsa da, aldığı ağır xəstəlik səbəbindən yalnızca əzizləri ilə vidalaşaraq dünyasını dəyişdi.
Atasını cəmi 14 yaşında itirən Nəcəf Nəcəfov gənc yaşlarından həyatın bütün ağırlığı ilə üz-üzə qaldı. O illərdə İrəvan Müəllimlər Seminariyasının və İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbələrinin qapadılması gənclər üçün əsl mənəvi deportasiya idi. Bu manelərə baxmayaraq, Nəcəf müəllim elmdən və təhsildən çəkinmədi; o, təhsilini Xanlar Pedaqoji Texnikumunda, daha sonra isə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində əla qiymətlərlə başa vurdu.

Nəcəf Nəcəfov gənclik illərində
Yenicə qurduğu gənc ailəsini, anasını və yoldaşını itirmiş bacısını da özü ilə birgə Şamaxının Sündü və Nərimankənd kəndlərinə apararaq burada pedaqoji fəaliyyətə başladı. Nəcəf müəllim qısa zamanda həm şagirdlərin, həm həmkarlarının,həm də kənd sakinlərin böyük sevgisini, hörmətini qazandı.
Paytaxt illəri və təhsil təşkilatçılığı
Nəcəf müəllimin Şamaxıdakı səmərəli fəaliyyəti tezliklə respublika miqyasında diqqəti cəlb etdi. Paytaxtdan gələn sanballı dilçi alimlərin, o cümlədən Əziz Əfəndizadənin diqqətini çəkən gənc müəllim Bakıya — Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutuna dəvət olundu. Burada metodist və kabinet müdiri kimi çalışan Nəcəf müəllim, öz təşkilatçılıq bacarığı, prinsipiallığı və dərin biliyi ilə sürətlə pillələri ucaya doğru addımladı.

Nəcəf müəllim təhsil sahəsindəki fəaliyyəti zamanı


SSRİ müəllimlərinin III Ümumittifaq qurultayında, Moskva Kreml: qurultayın mandat komissiyasının sədri

1976–1988-ci illərdə Maarif Nazirliyinin Kadrlar idarəsinin rəisi, daha sonra Baş inspeksiya müavini, Elmi-Metodik Mərkəzin direktoru və Təhsil Nazirliyində dərslik və nəşriyyat şöbəsinin müdiri kimi ən məsuliyyətli vəzifələrdə şərəflə çalışdı.
Elmi fəaliyyət və ADPU pedaqoji mühiti
O, yalnız təşkilatçı deyil, həm də dərin elmi təfəkkürlü alim idi. Sevimli elmi rəhbəri akademik Əziz Mirəhmədovun rəhbərliyi ilə 1937-ci il repressiya qurbanı olan Salman Mümtazın elmi və ədəbi fəaliyyətinə həsr olunmuş dissertasiyanı böyük müvəffəqiyyətlə müdafiə etmişdi. Nəcəf müəllim Salman Mümtazın yandırılmış irsini, onun gizli "Şeyx Şeypur" imzası ilə çap olunan qiymətli əsərlərini üzə çıxararaq Azərbaycan ədəbiyyatşünaslığına yeni bir nəfəs gətirdi.

Nəcəf Nəcəfov elmi konfransda həmkarları və ziyalılar arasında
Nazirlik sistemindən təqaüdə çıxdıqdan sonra fəaliyyətini bitirməyən Nəcəf müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində dosent kimi dərs demiş, auditoriyalarda gənc nəslə elmin sirlərini öyrətmişdir.
"Azərbaycan Məktəbi" və unudulmaz xatirəsi
2006–2018-ci illərdə respublikanın ən köklü və nüfuzlu mətbuat orqanlarından olan "Azərbaycan məktəbi" jurnalının baş redaktoru vəzifəsində çalışan Nəcəf müəllim pedaqoji mətbuatın inkişafına əvəzsiz töhfələr verdi. 15 dərslik və kitabın, 100-dən çox elmi-metodik məqalənin müəllifi olan, "Qabaqcıl maarif xadimi", "Əməkdar müəllim" kimi ali adlara layiq görülən Nəcəf Nəcəfov həm də xeyirxah bir ailə başçısı, övladlarına ali təhsil bəxş edən işıqlı bir ata olmuşdur.

Nəcəf Nəcəfov “Azərbaycan məktəbi “ jurnalının redaktorları arasında
Yaşasaydı, bu avqustun 15-də onun 91 yaşı tamam olacaqdı... Çox təəssüf ki, gözəl insani keyfiyyətləri, səmimiyyəti və alim təvazökarlığı ilə ətrafına nur saçan bu unudulmaz insan bu gün fiziki olaraq aramızda yoxdur. Lakin onun işıqlı xatirəsi hər zaman onu tanıyanların, tələbələrinin və həmkarlarının qəlbində yaşayacaqdır.

“Azərbaycan məktəbi” jurnalının Respublika Təhsil Nazirliyi səviyyəsində keçirilən yubiley tədbirindən
Ölümündən sonra onun zəngin əsərlərini, dostlarının və həmkarlarının onun haqqındakı kövrək xatirələrini, elmi-ədəbi fəaliyyətini əks etdirən xüsusi kitabı işıq üzünə çıxararaq atamın əziz xatirəsinə ithaf etmişəm. Bu nəşr atama olan sonsuz övlad sevgisinin və mənəvi ehtiramın ən gözəl rəmzidir.
Böyük zəhmətlə, ləyaqətlə keçən bu şərəfli ömür yolu hər zaman qəlbimizdə əbədi bir işıq saçmağa davam edəcəkdir. Allah rəhmət eləsin, ruhu şad olsun!


14-08-2026, 16:46
Prezident İlham Əliyevin   Naxçıvan səfərindən   mühüm mesajlar

Prezident İlham Əliyevin

Naxçıvan səfərindən

mühüm mesajlar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı mühüm məsələlərə toxunub.
Dövlət başçısı bildirib ki, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. O, son illərdə muxtar respublikada bir sıra mühüm layihələrin həyata keçirildiyini və bundan sonra da Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini qeyd edib.
Müdafiə məsələlərinə toxunan Prezident Naxçıvanın təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Əlahiddə Ordunun yaradılması, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu deyən dövlət başçısı Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bildirib.
Müsahibədə Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da xüsusi qeyd olunub. Prezident bildirib ki, parkın yaradılması yeni sənaye müəssisələrinin və iş yerlərinin açılmasına mühüm imkan yaradacaq. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu stansiyanın həm Naxçıvanın dayanıqlı enerji təminatına, həm də gələcəkdə elektrik enerjisinin ixracına xidmət edəcəyi bildirilib. Qeyd edib ki, muxtar respublikada qazlaşma 100 faizdir, Günəş və su elektrik stansiyaları fəaliyyət göstərir. Naxçıvanda Günəş enerjisinin istehsalı üçün 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə yeni stansiyaların yaradılması planlaşdırılır. Prezident yalnız Günəş enerjisi hesabına Naxçıvanda ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavatadək elektrik enerjisi istehsalının mümkün olduğunu bildirib.
Dövlət başçısı Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasının da mühüm istiqamət olduğunu qeyd edib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi abidələrin konservasiyası və qorunması ilə bağlı işlərin davam etdiriləcəyi bildirilib. Prezident Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulayaraq, milli kimliyin, tarix və mədəniyyətin qorunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Müsahibənin əsas mövzularından biri də Zəngəzur dəhlizi olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, dəmir yolunun tikintisinin isə davam etdiyini qeyd edən dövlət başçısı Naxçıvan ərazisində dəmir yolunun bərpası istiqamətində işlərə başlanıldığını açıqlayıb.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan dəmir yolunun uzunluğunun 194 kilometr olacağı və gələcəkdə onun yükdaşıma qabiliyyətinin ildə ən azı 15 milyon tona çatdırılmasının planlaşdırıldığı bildirilib. Prezident Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilə biləcəyini vurğulayıb.
Dövlət başçısı Zəngəzur dəhlizinin yalnız avtomobil və dəmir yolundan ibarət olmayacağını da qeyd edib. Gələcəkdə bu istiqamətdə elektrik xətlərinin, fiber-optik kabellərin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının yaradılmasının mümkün olduğu bildirilib.
Prezident şəhərlərarası və rayonlararası sərnişindaşmanın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınacağını, həmçinin muxtar respublikada 420 kilometr uzunluğunda yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulduğunu açıqlayıb.
Naxçıvanın turizm potensialından da danışan İlham Əliyev muxtar respublikanın zəngin tarixi abidələrə, gözəl təbiətə və əlverişli iqlimə malik olduğunu bildirib. Turizmin inkişafı üçün müasir mehmanxana infrastrukturunun yaradılmasının vacibliyini qeyd edən Prezident Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğunu və onun təxminən 2028-ci ildə istifadəyə veriləcəyini bildirib.
Prezident Naxçıvanın kənd təsərrüfatı, suvarma və yol infrastrukturunun inkişafının da diqqətdə saxlanıldığını qeyd edib. Yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı üçün istifadə olunan torpaqların genişləndirilməsi nəzərdə tutulur.
İlham Əliyev Naxçıvan şəhərinin Baş Planının hazırlanmasının vacib addım olduğunu bildirib. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı Naxçıvanda idarəetmə sisteminin də təkmilləşdiriləcəyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlüklərinin nəzərə alınacağını qeyd edən Prezident Naxçıvan Muxtar Respublikasının muxtar statusunun qorunacağını xüsusi vurğulayıb və Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət tərəfindən bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.
Firdovsi Calalov,
Masazır bələdiyyəsinin sədri
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!